Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz. Şadam sizi görməyimə. Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır. Bu gün bir neçə kənd işğalçılardan azad edildi. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər. Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək. Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq. Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk. Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz. Seyid Abbas Əraqçi dedi: -Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

2020-10-29 00:00:00
3547 baxış

Digər xəbərlər

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

Azərbaycanın Rus İcması Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib. APA xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu! İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi. Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi. Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı. Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk. Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi. Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi. Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz. Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər. Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun. Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq. Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək. Yaşasın Ali Baş Komandan! Yaşasın çoxmillətli Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!” Bildirilib ki, müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

Hamısını oxu
”9 May – faşizm üzərində Qələbə Günüdür” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 8 may 2024-cü il tarixində Sabunçu  rayonunda tədbir keçiriblər. 9 May Qələbə Gününə həsr edilmiş tədbir Sabunçu rayonu 96 saylı tam orta  məktəbdə  baş tutub.  ”9 May – faşizm üzərində Qələbə Günüdür” adlı tədbirdə Sabunçu rayon Veteranlar Təşkilatının  sədri Sabir Allahverdiyev, Silahlı Qüvvələrin veteranı ehtiyatda olan polkovnik Şükür Qafarov, məktəbin direktoru Mehriban Hacıyeva, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri 96 saylı tam orta məktəbin direktoru Mehriban Hacıyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Dövlət Himni səslənib. Böyük Vətən Müharibəsində həlak olanların və torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla anılıb. Tədbir şagirdlərin çıxışı ilə başlayıb. Şagirdlərin ifasında “ Azərbaycan oğluyam”, “Vətən” mahnıları səsləndi.Daha sonra şagirdlər “Ana və poçtalyon”, “Ay nənə bir nağıl de” əsərlərindən parçalar səsləndiriblər. Çıxış üçün söz Adil Haqverdiyevə verilib. O, ilk öncə RVT-nın sədri Böyük Vətən Müharibəsi iştirakçısı Fatma xanım Səttarovanın və onun müavini polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev qeyd edib ki, Böyük Vətən Müharibəsi illərində Azərbaycandan 700 mindən çox şəxs müharibədə iştirak edib və yarısından çoxu qəhrəmancasına həlak olub. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib.130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşlar, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdənolub. Belə ki,1941-ci ildə Azərbaycan tarixində ən çox -23,5 milyon ton neft istehsal olunub. Bu isə SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft,22 milyon ton benzin və digər neft məhsulları veriblər”. Daha sonra Sabir Allahverdiyev çıxış edib. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Hamısını oxu
Dövlət Gömrük Komitəsinin nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 8 may 2023-cü il tarixində faşizm üzərində qələbənin 78-ci ildönümü münasibəti ilə Dövlət Gömrük Komitəsinin nümayəndəsi general Güloğlan Muradlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilatın sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşən Güloğlan Muradlı veteranlara Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 

Hamısını oxu
Qələbənin 80 İlliyi - II Dünya Müharibəsinin Yaddaşında

Bu gün biz böyük və əzəmətli bir hadisənin - II Dünya Müharibəsində qazanılan Böyük Qələbənin 80 illiyini qeyd edirik. Bu tariximizin ən mühüm dönəmlərindən biridir və hər birimizin yaddaşında silinməz izlər buraxmışdır. II Dünya Müharibəsi insanlıq tarixinin ən qorxulu, ən dağıdıcı dövrü oldu. On milyonlarla insanın həyatını itirməsi, şəhərlərin və ölkələrin viran qalması, minlərlə ailənin məhv olması və bəşəriyyətin dərin yara almasına səbəb oldu. Lakin bu dövrün qaranlıq günləri həm də qələbənin şanlı işıqları ilə yaddaşımıza həkk olunub. Bizlər bu qələbəni qazanan nəsillərin övladları olaraq, hər zaman müharibənin öyrətdiyi dərsləri xatırlamalı və onu gələcək nəsillərə ötürməliyik. Böyük Qələbə yalnız bir ölkənin deyil, bütün antifaşist birliyinin uğuru idi. Sovet İttifaqı, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və digər müttəfiq dövlətlər faşizmə qarşı mübarizədə bir araya gələrək insanlıq üçün qaranlıq olan bir dövrə son qoydular. Bu təkcə hərbi sahədə qazanılan qələbə deyil, həm də insanlığın azadlıq və bərabərlik uğrunda apardığı mübarizənin zəfəri idi. Azərbaycan xalqı da bu böyük qələbəyə öz töhfəsini verib. Müsəlman şərqinin ən böyük hərbi qüvvələrindən birini təşkil edən Azərbaycanlı döyüşçülər həm Sovet ordusunda, həm də digər müttəfiq ölkələrin ordularında qəhrəmanlıqlar göstərərək müharibənin gedişatında mühüm rol oynayıblar. Bu torpağın övladları döyüş meydanlarında canlarını fəda etmiş, əsl qəhrəmanlıq örnəyi göstərmişdir. 80 il sonra biz bu qələbəni yalnız müharibənin sona çatması kimi deyil, həm də onun gətirdiyi dəyərlər və prinsiplərin qorunması baxımından qiymətləndiririk. Bütün insanlıq üçün bərabərlik, azadlıq və ədalət dəyərlərinin qorunması bu qələbənin ən böyük irsidir. II Dünya Müharibə qəhrəmanlarının əziz xatirələrini yad edərək onların bizim üçün qoyduğu mirası dəyərləndirməliyik. Müharibənin acı təcrübəsi göstərir ki, biz hər zaman sülhü, həmrəyliyi və azadlığı müdafiə etməliyik. Hər birimizə məlumdur ki, Bakı müharibə zamanı çox önəmli bir yer tuturdu, çünki Sovet İttifaqının neft ehtiyatlarının böyük hissəsi burada yerləşirdi. Almanlar bu mühüm təbii sərvətə nəzarət etmək və Sovet İttifaqının hərbi imkanlarını zəiflətmək istəyirdilər. Buna görə də Bakıya mütəmadi olaraq hava hücumları təşkil edirdilər. Alman qüvvələri 1942-ci ildə Krım və Qafqazı ələ keçirdikdən sonra Bakı neft sahələrinə hücum etməyə başladılar. Onlar Bakı istiqamətində irəliləyərək Sovet İttifaqının neft ehtiyatlarını ələ keçirməyi planlaşdırırdılar. 1942-ci ilin avqustunda Almanların Bakı istiqamətində irəliləməsi məğlubiyyətlə nəticələndi. Çünki Sovet qoşunları onları Qafqazda dayandırmış və geri çəkilməyə məcbur etmişdi. Almanlar Bakı üzərinə təşkil etdiyi hava hücumları nəticəsində şəhərə böyük zərərlər dəymişdi. Həmçinin Bakı limanı neft emalı zavodları və digər strateji obyektlər Almaniyanın bombardmanlarına məruz qalaraq dağılmışdı. Bu hücumlara görə Bakı şəhərində yerləşən sənaye müəssisələrinin və istehsal sahələrinin qorunması məqsədilə əhalinin böyük bir hissəsi müharibə zamanı səfərbər edilmişdi. Müharibənin başlanması ilə xüsusilə 1941-ci ildən sonra Azərbaycanın müxtəlif bölgələrindən və digər Sovet respublikalarından çox sayda insan Bakıya köç etmişdi. Bu həm təhlükəsizlik məqsədilə, həm də müharibənin gətirdiyi iqtisadi və sosial çətinliklərdən qaçmaq üçün baş vermişdi.  Bakıda əhalinin sayı əhəmiyyətli dərəcədə artmış, bu da şəhərin sosial və infrastruktur vəziyyətini çətinləşdirmişdi. Buna baxmayaraq Bakıda əhalinin əzmkarlığı ilə bu müəssisələr müharibə dövründə fəaliyyət göstərməyə davam etmiş və Sovet İttifaqının müharibə ehtiyacları üçün vacib olan materiallar təmin edilmişdir. Azərbaycanlı qəhrəmanların göstərdikləri fədakarlıq və döyüş bacarığı yalnız Sovet İttifaqı üçün deyil, bütün dünya xalqları üçün bir nümunə oldu. Bu zəfər yalnız bir millətin yox bütün dünyanının gələcəyini müəyyən etdi. Bu zəfəri əldə etmək üçün canlarını fəda edənlərin xatirəsini anmaq, həyatlarını və göstərdikləri şücaəti xatırlamaq bizə müstəqil və azad vətənimizin əhəmiyyətini bir daha xatırladır. 1987-ci il sentyabrın 21-də Respublika Veteranlar Təşkilatının təsis olunması müharibə veteranlarının sosial və hüquqi məsələlərinin həllinə yönələn mühüm bir addım idi. Bu təşkilat veteranların ehtiyaclarını qarşılamaq, onların sosial müdafiəsini təmin etmək və dövlət səviyyəsində onlara olan diqqəti artırmaq məqsədini daşıyırdı. Təşkilatın yaradılması ilə müharibə veteranları cəmiyyətdə daha yüksək təmsilçilik əldə etmiş, onların hüquqları və sosial vəziyyəti ilə bağlı daha çox məsələ gündəmə gəlmişdir. Lakin 1980-ci illərin sonları və 1990-cı illərin əvvəlləri həm Azərbaycan, həm də SSRİ üçün böyük siyasi və sosial dəyişikliklərin yaşandığı bir dövr idi. Bu dövr həm də Azərbaycanda müstəqillik hərəkatının, Dağlıq Qarabağ münaqişəsinin və daxili gərginliklərin artması ilə müşayiət olunurdu. Sovet İttifaqının çökməsi və Azərbaycanın müstəqillik qazandığı dövr həm ölkə daxilində, həm də veteranlar hərəkatı üçün çətinliklərlə müşayiət olunurdu.  Cəmiyyətdəki ümumi qarışıqlıq müharibə veteranlarının hüquqlarının təmin olunmasında və onların sosial təminatlarının yaxşılaşdırılmasında ciddi əngəllər yaratmışdır. Müharibənin bayramı olan 9 May Qələbə günü kimi ənənəvi tarixlərin qeyd edilməsi məsələsi də cəmiyyətdə mübahisələrə səbəb olmuşdur. Buna baxmayaraq sabitliyin bərpa olunması ilə veteran hərəkatı və bu sahədəki fəaliyyət zamanla daha da önəmli hala gəlmişdir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda bir çox sahələrdə olduğu kimi veteranlar hərəkatı və veteranların sosial vəziyyəti ilə bağlı da ciddi islahatlar həyata keçirilmişdir. Veteranların hüquqlarının qorunması və onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə mühüm hüquqi addımlar atılmışdır. 1994-cü il iyunun 28-də “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Bu qanun müharibə veteranlarının xüsusilə Böyük Vətən Müharibəsi veteranlarının hüquqlarının bərpası, onların sosial təminatlarının yaxşılaşdırılması və dövlət tərəfindən onlara göstərilən qayğının rəsmi və qanunvericilik səviyyəsinə gətirilməsi üçün çox əhəmiyyətli olmuşdur. Bu qanunun əsas məqsədi veteranların sosial müdafiəsini gücləndirmək, onlara tibbi xidmət göstərmək, sosial xidmətlərə çıxışını təmin etmək idi. Eyni zamanda bu qanun müharibə veteranlarına pensiya və digər sosial müavinətlər haqqında hüquqi əsaslar yaratmışdır. Ümummilli Lider 9 May - Qələbə Günü kimi önəmli tarixlərin qeyd edilməsini müntəzəm olaraq vurğulamış, veteranları bu bayramlarda təntənəli şəkildə qəbul etmişdir. Bu islahatlar sayəsində veteranlar cəmiyyətdə daha yüksək bir statusa sahib olmuş və onların hüquqlarının qorunması təmin olunmuşdur. Ulu Öndər Heydər Əliyev veteranların problemlərinin daha effektiv şəkildə həll olunması üçün Respublika Veteranlar Təşkilatının fəaliyyətini bərpa etmiş və gücləndirmişdir. Bu təşkilat həmçinin ölkə daxilində veteranların sosial müdafiəsini təmin edən bir qurum kimi fəaliyyət göstərmiş, onların hüquqlarını qorumaq və müvafiq xidmətlər göstərmək üçün ardıcıl addımlar atmışdır. Eyni zamanda Ulu Öndər veteranların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial proqramlar və layihələr həyata keçirmişdir. Bu layihələr veteranların yalnız sosial təminatlarının artırılması deyil, həmçinin onların mədəniyyət, təhsil və digər sahələrdə iştirakını da nəzərdə tutmuşdur. Bu yanaşma həmçinin gələcəkdə də veteranların sosial təminatlarının gücləndirilməsi və onların cəmiyyətdə tam hüquqlu üzvlər kimi iştiraklarının təmin olunması üçün hüquqi baza yaratmışdır. 1994-cü ildən etibarən Azərbaycanda veteranlara göstərilən dövlət qayğısının əsası qoyulmuş və bu siyasət sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Veteranların hüquqlarının qorunması və onlara dövlət qayğısı daha da inkişaf etdirilmiş, bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Ulu Öndərin əsasını qoyduğu veteranlar siyasətini daha da gücləndirərək veteranların sosial təminatlarını artırmış, onların hüquqlarını genişləndirmiş və cəmiyyətin hər bir sahəsində iştiraklarını dəstəkləmişdir. Prezident cənab İlham Əliyevin dövründə veteranların vəziyyəti yüksək prioritetə çevrilmiş, dövlət tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması və sosial müdafiələrinin gücləndirilməsi üçün bir çox layihələr və addımlar atılmışdır. İkinci Dünya Müharibəsi veteranlarına Qələbə günü münasibətilə verilən birdəfəlik maddi yardımın və pensiyaların miqdarı ildən-ilə artırılmışdır.  Həmçinin mənzil təminatı və şəxsi avtomobillə təminat kimi sosial məsələlər də daim diqqət mərkəzində olmuşdur. 9 May Qələbə Günü və digər mühüm tarixlərdə veteranlar xüsusi təntənələrlə qarşılanmış, onların fədakarlığı və mübarizələri yüksək qiymətləndirilmişdir. Respublika Veteranlar Təşkilatına müasir standartlara cavab verən inzibati binanın ayrılması da Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin bir nümunəsidir. Bu yeni bina veteranların işləri ilə bağlı təkliflərinin qəbul edilməsi, müvafiq dövlət xidmətlərinin təqdim edilməsi və digər fəaliyyətlərin asanlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu gün Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva da veteranlara olan diqqət və qayğını daim diqqət mərkəzində saxlayır. Mehriban xanım Əliyeva veteranların sosial təminatlarının yaxşılaşdırılması, onların hüquqlarının qorunması və tədbirlərinin təşkili istiqamətində bir çox mühüm təşəbbüslər irəli sürmüş və bu sahədə çoxsaylı layihələri dəstəkləmişdir. Heydər Əliyev Fondunun müxtəlif xeyriyyə layihələri veteranların sosial təminatlarının yaxşılaşdırılması və onların ehtiyaclarının qarşılanması məqsədini daşıyır. Buna misal olaraq veteranların müalicə və rehabilitasiyalarının təşkil edilməsi sahəsindəki bir çox təşəbbüsləri göstərə bilərik. Veteranların cəmiyyətdəki yerini və rolunu nümayiş etdirmək məqsədilə mədəni tədbirlər təşkil edilmiş, müxtəlif film festivalları, müharibə mövzulu sərgilər və mədəniyyət proqramları ən ali səviyyədə dəstəklənmişdir. Bu diqqət Mehriban xanım Əliyevanın Azərbaycanın müharibə veteranlarına olan ehtiram və qayğısının təzahürüdür. Qələbənin 80 ili bizim üçün yalnız keçmişin xatirəsi deyil, həm də gələcək üçün bir dərsdir. Bu Zəfər bizim müstəqilliyimizi, azadlığımızı və milli kimliyimizi qorumağa olan əzmimizi möhkəmləndirdi. Bizim borcumuz, gələcək nəsillərə bu qəhrəmanların həyatını və mübarizəsini əks etdirən bir miras buraxmaqdır. Çünki yalnız onların mübarizəsi sayəsində biz bu gün azad və müstəqil bir ölkədə yaşayırıq. Bu gün Qələbənin 80-ci ildönümündə biz qəhrəman oğullarımızı bir daha yad edirik. Bizim vətənimiz, azadlığımız və müstəqilliyimiz onların canları bahasına qazanıldı.Gəlin hər zaman bu qəhrəmanlara hörmətlə yanaşaq, onların qəhrəmanlıq tarixlərini unutmadan gələcəyimizi quraraq müasir dövrün qəhrəmanları olmağa çalışaq. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov 

Hamısını oxu