Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib

Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün “Pervıy Kanal” televiziyasında yayımlanıb. AZƏRTAC müsahibəni təqdim edir. -Mənim adın Yevgenidir, “Pervıy kanal”ın müxbiriyəm. Çox sağ olun. Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun. -İlham Heydər oğlu, Siz dəfələrlə bəyan etmisiniz ki, budəfəki hücum əməliyyatının məqsədi Qarabağı geri qaytarmaqdır. “Qarabağ bizim torpağımızdır və biz oraya qayıdacağıq”, - bu, Sizin sözlərinizdir. Bu, tamamilə birmənalı mövqedir. Lakin qarşı tərəfin mövqeyi də bundan az birmənalı deyil – “Bir qarış belə torpağı verməyəcəyik”. Beləliklə, qeyri-müəyyənliyə gedən yol alınır. Sizin fikrinizcə, Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün nə baş verməlidir? -İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir. Bu qətnamələrdə təcavüzkara çox dəqiq siqnal göndərilir. Orada yazılıb ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. O vaxtdan 27 il keçib. Erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Buna görə ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən, Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər. Bu razılıq Qafqazda sülhü bərqərar edər. -Bir həftədən çoxdur döyüşlər gedir və istər bir tərəfin, istərsə də digər tərəfin yaydığı videolardan aydın görünür ki, döyüşlər intensiv, itkilər çox ağırdır. Siz Azərbaycan tərəfindən həmin rəqəmləri göstərə bilərsinizmi? -Ermənistan tərəfindən və Dağlıq Qarabağ tərəfindən artilleriya atəşləri nəticəsində bu gün səhərə olan məlumata görə, bizim tərəfdən 27 dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. Qarşıdurmanın budəfəki eskalasiyası sentyabrın 27-də başlanıb. O vaxt Azərbaycanın işğal edilmiş ərazilərindən bizim yaşayış məntəqələrinə, habelə döyüş mövqelərimizə artilleriya atəşləri başlanıb, nəticədə bu hücumun elə ilk dəqiqələrində dinc sakinlər və hərbi qulluqçular həlak olub. Biz adekvat tədbirlər görməyə məcbur olduq, operativ surətdə əks-hücuma keçdik. Bu əks-hücum nəticəsində düşmənin çox sayda atəş nöqtələrini, döyüş mövqelərini susdurduq, şimal və cənub istiqamətlərində işğal altında olan ərazilərin bir hissəsini azad etdik, bununla da Azərbaycanın bir sıra yaşayış məntəqələri, oradakı vətəndaşlar bu gün artıq normal şəraitdə yaşaya bilərlər, çünki ermənilərin artilleriya atəşləri artıq oraya çatmır. Lakin son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir, bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, cinayətdir, müharibə cinayətidir. Bu gün səhərdən münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin atəşə tutulması yenidən davam edir. Əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisi də atəşə tutulub. Mingəçevirdə bizim ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalır. Bu, erməni tərəfin köhnə taktikasıdır. Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumu dayandıra bilmirlər və bilməyəcəklər. -Hərbi itkilər barədə danışmaq olarmı? -Hərbi itkilər. Bu gün bununla bağlı informasiya məxfidir. Azərbaycan ictimaiyyətinə bu barədə döyüş əməliyyatlarının fəal fazası başa çatandan sonra məlumat veriləcək. -Siz Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyə çağırırsınız. Sizin fikrinizcə, bu iştirak hərbi, yoxsa siyasi səylər mənasında məhz nədən ibarət olmalıdır? - Mən bu barədə dünən bəyan edərkən onu nəzərdə tutmuşam ki, Ermənistanın təcavüzkar hərəkətləri davam edir, Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Mən müsahibələrimin birində belə siyasətin yolverilməz olduğunu demişəm. Münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır. Əslində, münaqişə hətta Ermənistan ərazisinə də çıxmır. Odur ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik, Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə çalışır. Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyə çalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk. Türkiyənin cəlb edilməsi barədə mənim bəyanatıma gəldikdə isə mən, təbii ki, yalnız siyasi nizamlanmanı, münaqişədən sonrakı dövrdə nizamlamanı nəzərdə tutmuşam. İndiki anda Türkiyə bununla bağlı heç bir faktla təsdiqlənməmiş müxtəlif şayiələrə və insunasiyalara baxmayaraq, əsla münaqişəyə cəlb edilmiş tərəf deyil. Məsələn, guya Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə xəbər həm Rusiya, həm də Avropa KİV-lərində yayılıb. Heç bir sübut yoxdur. Məlum olub ki, görünür, erməni pilot, sadəcə, peşəkar baxımdan o qədər də hazırlıqlı olmayıb və dağa çırpılıb. Bax, bu cür feyk xəbərlər yayılır. Bunun nə məqsədlə edildiyini bilmirəm. Güman edə bilərəm, lakin bu feyk xəbərlər üçün heç bir əsas yoxdur. Beləliklə, hərbi qarşıdurma fazası başa çatanda biz, təbii ki, danışıqlar masası arxasına qayıdacağıq. Yeri gəlmişkən, döyüş əməliyyatlarının lap əvvəlindən Azərbaycan deyirdi ki, biz danışıqlar prosesindən çıxmırıq, biz siyasi nizamlamaya ümid edirik, lakin bu, nizamlama olmalıdır. Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxt müvafiq təsir göstəriləcək. İndiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə, praqmatik yanaşmanı əsas götürməliyik - eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilk növbədə, Türkiyə və Rusiyadır. -Siz Avropa ölkələri barədə danışdınız. Fransa prezidentinə çox sərt cavab verdiniz. Onu guya Azərbaycan Ordusu tərəfindən vuruşan muzdlular barədə dediyi sözlərə görə üzr istəməyə çağırdınız. Bu gün Siz bir daha təsdiq edə bilərsinizmi ki, Dağlıq Qarabağ münaqişəsində muzdlular Azərbaycan tərəfində iştirak etmirlər? -Mən bütün bu günlər ərzində bu barədə deyirəm. Belə informasiya tullantılarına görə heyrətlənirəm və Fransa prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var. Bu gün Azərbaycan Ordusu bizim əraziləri azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Buna görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsinə yol verə bilmərik. Qoy, sübutlar təqdim etsinlər. Bu gün fəal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübut təqdim edilməyib. -Döyüş əməliyyatlarının başa çatdığını və Azərbaycanın öz qarşısına qoyduğu məqsədlərə nail olduğunu fərz etsək, Qarabağda yaşayan ermənilərin sayını nəzərə almaqla onları hansı gələcək gözləyir? Onların aqibəti necə olacaq? -Bu mövzuda əvvəl də, eskalasiyaya qədər də, eskalasiya dövründə də dəfələrlə danışmışam. Elə dünən Türkiyə telekanalına müsahibədə demişəm ki, biz Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxırıq. Hesab edirik ki, münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır. 1980-ci illərin sonunda münaqişə başlayanda Dağlıq Qarabağ ərazisində əhalinin 75 faizi erməni, 25 faizi isə azərbaycanlı idi. Onların cinayətkar rejiminin başçısının qondarma “inauqurasiyası”nı keçirdikləri və Azərbaycan xalqını təhqir etdikləri Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılar idi. Şuşa şəhərinin əsası azərbaycanlı Pənahəli xan tərəfindən qoyulub. Bu qədim Azərbaycan şəhərindən bütün azərbaycanlılar qovulub. Odur ki, münaqişə başa çatandan və dinc yolla nizamlamadan sonra, yeri gəlmişkən, bu məqam Madrid Prinsipləri adlanan baza prinsiplərində əks etdirilib, – azərbaycanlı əhali işğal olunmuş ərazilərə qayıtmalıdır. Orada dəqiq yazılıb ki, köçürülmüş bütün şəxslərin öz yaşayış yerlərinə qayıtmaq hüququ var. Beləliklə, sülh sazişi əldə ediləndən sonra, - bunun baş verəcəyinə ümid edirəm, - azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaq və orada əvvəl yaşadıqları kimi yaşayacaqlar. Mənim mövqeyim həmişə belə olub ki, biz 1980-ci illərin sonunda münaqişə başlayana qədər mövcud olmuş ab-havanı qaytarmalıyıq. Düşünürəm ki, bu, mümkündür. Erməni cəlladların Xocalıda törətdiklərindən, dinc əhalini məhv etmələrindən, bizim tarixi, dini abidələri dağıtmalarından, bu ərazilərdə azərbaycanlıların tarixi irsini yerlə-yeksan edəndən sonra bu, asan olmayacaq. Lakin hesab edirəm ki, biz buna çalışmalıyıq. Döyüş əməliyyatları günlərində mənim Ermənistan xalqına və hazırda Dağlıq Qarabağda yaşayanlara müraciətim dəfələrlə səslənib. Mən erməni xalqını öz hökumətinin başına ağıl qoymağa, erməni anaları öz uşaqlarını işğal edilmiş ərazilərə göndərməməyə çağırmışam. Ona görə ki, yəqin indi heç kəs üçün gizli deyil, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. “Dağlıq Qarabağ ordusu” deyilən ordunun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Mən bu cür çağırışlar etmişəm. Erməni tərəfindən bu günlərdə nifrətdən, təcavüzdən, hədə-qorxulardan və tamamilə qeyri-adekvat hərəkətlərdən başqa çağırışlar eşitməmişəm. Bizim mövqeyimiz belədir, biz münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıyıq. İnanıram ki, Ermənistan tərəfinin siyasi iradəsi olarsa, biz buna nail ola bilərik. -İlham Heydər oğlu, bütün müharibələr, hər bir müharibə gec-tez sülhlə başa çatır. Siz həmin anı necə təsəvvür edirsiniz? -Bilirsiniz, bu barədə danışmaq çətindir, ona görə ki, bizim xalqımız o qədər müsibətlər görüb, erməni işğalçılar bu xalqa o qədər əzab-əziyyət verib ki, indi həmin məqamı bir mənzərə şəklində təsəvvür etmək çox çətindir. 30 ildən çoxdur ki, bizdə sülh yoxdur. Son iyirmi ildən artıq müddətdə malik olduğumuz vəziyyət atəşkəs olub. Lakin hamı başa düşürdü ki, bu atəşkəs davamlı deyil, möhkəm deyil. Buna görə Rusiya, ABŞ və Fransa prezidentlərinin şəxsində Minsk qrupunun həmsədrləri bir neçə il bundan əvvəl bəyanatlarla çıxış ediblər, status-kvonun qəbuledilməzliyi, onun dəyişdirilməli olması barədə bir neçə bəyanat qəbul edilib. Onlar çox gözəl başa düşürdülər və başa düşürlər ki, bu atəşkəs çox amanabənddir, davamlı deyil. Bugünkü eskalasiya bunu bir daha təsdiq edir. Buna görə də sülh barədə danışmalı olsaq mən, ilk növbədə, onu genişəhatəli, uzunmüddətli, dünyanın aparıcı ölkələri tərəfindən, həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan ciddi zəmanətlər şərti ilə əbədi nizamlama kimi görürəm. Bu ölkələrin tərkibinin Minsk qrupunun və onun həmsədrlərinin bugünkü tərkibindən fərqli ola biləcəyini istisna etmirəm. Ona görə ki, Minsk qrupu 1992-ci ildə tamamilə başqa geosiyasi reallıq şəraitində yaradılmışdı. O dövrdə SSRİ yenicə dağılmışdı və səmimi desəm, bu qrupun hansı əsasla yaradılmasını o qədər də başa düşmürəm. Ona görə ki, bu və ya digər birliyin, yaxud müvəqqəti formatın yaradılması müəyyən prinsipə əsaslanmalıdır. Buna görə, sizinlə əvvəl danışdığımız mövzuya qayıdaraq düşünürəm ki, region dövlətləri bu məsələdə fəal iştirak etməli, beynəlxalq təşkilatlar zəmanət verməli və əlbəttə, azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlara qayıtmalıdırlar. -Daha bir dəqiqləşdirici sual. Sizin fikrinizcə, konfiqurasiya necə ola bilər? -Yəqin ki, bu barədə danışmaq hələ tezdir. Fikrimcə, bu barədə danışmaq hadisələri bir qədər qabaqlamaq deməkdir. Sadəcə istəyirəm ki, qonşularımız və tərəfdaşlarımız mənim mövqeyimi bilsinlər. Düşünürəm ki, regional əməkdaşlıq çox sahələrdə özünü kifayət qədər göstərib. Son illərə diqqət yetirsək görmək olar ki, Azərbaycan öz qonşuları ilə birlikdə əməkdaşlığın möhkəm regional formatının yaradılması üzərində çox fəal iş aparıb. Bu, siyasi, iqtisadi, nəqliyyat, energetika sahələrində və hər hansı başqa sahələrdə əməkdaşlığa aiddir. Uzun illərdən sonra, praktiki olaraq, müstəqillik dövrünün əvvəlindən başlayaraq beş Xəzəryanı ölkə arasında Xəzər dənizinin hüquqi statusunun nizamlanmasına dair Konvensiya imzalamaqla əldə etdiyimiz nailiyyətlərə baxmaq kifayətdir. Əvvəlcə həmin ölkələrin bəziləri ilə razılığa gələ bilmirdik, lakin sonra biz xoş məram göstərərək razılığa gəldik və bunun üstünlüklərini gördük. Bu gün böyük dövlət olan Rusiya ilə digər böyük dövlət, NATO-nun üzvü olan Türkiyə arasında əməkdaşlıq NATO ölkələri ilə Türkiyənin əməkdaşlığından qat-qat səmimi, möhkəm və səmərəlidir. Məsələn, NATO üzvü olan digər ölkə Türkiyəni daim nədəsə günahlandırır. Bunlar yeni geosiyasi reallıqlardır, 1992-ci ildə bunlar yox idi. Dünya dəyişib. Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik, filan ölkənin həll potensialına malik olması barədə hansısa ehkamları, fərziyyələri və ya sabitləşmiş fikirləri yox. Bu gün münaqişənin fəal fazaya keçdiyi və Ermənistanın baş nazirinin, - mən bunu görürəm, - öz telefon zəngləri ilə dünya liderlərini bezdirdiyi bir vaxtda kimin nizamlama potensialına malik olması aşkar görünür. Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar. -Müsahibəyə və ətraflı cavablara görə çox sağ olun.

2020-10-06 00:00:00
3509 baxış

Digər xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb

Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar. Aparıcı: Cənab Prezident, sağ olun ki, bu müsahibəni verməyə razılaşmısınız. İndi birbaşa cəbhədə nələr baş verir, artıq aviasiyadan istifadə edilməsi barədə məlumat alınır. Prezident İlham Əliyev: Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır. Aparıcı: İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah edin. Ankara Prezidentin və Xarici İşlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə kömək edəcək. Prezident İlham Əliyev: Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Aparıcı: İlham Heydər oğlu, beləliklə, Siz belə bir informasiyanı təsdiq etmirsiniz, üstəlik onu təkzib edirsiniz ki, bir saat bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Söhbət F-16 və SU-25 təyyarələrindən gedir. Prezident İlham Əliyev: Bizim bu barədə məlumatımız yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki, informasiya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur. Aparıcı: İlham Heydər oğlu, Sizin ölkəniz Ermənistan tərəfindən bir neçə rayonun azad edilməsini nəzərdə tutan Kazan formuluna və ya hər hansı başqa formula tərəf meyil etməyə hazırdırmı? Prinsip etibarilə indi nə etmək olar? Otuz il ərzində Qarabağ münaqişəsinin gah alovlanması, gah da közərməsi şəraitində necə dönüş etməli? Nə etməli? Prezident İlham Əliyev: Bilirsiniz, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə mən dəfələrlə və başqa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik. Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. Axı, ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük. Aparıcı: Cənab Prezident, xahiş edirəm deyin, bazar günü nə baş verib, bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən nə olub? Prezident İlham Əliyev: Bilirsinizmi, bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir. Aparıcı: Sizin mövqeyiniz aydındır. Çox sağ olun. Mümkündürsə lap qısa cavab verin: hə, ya yox. İndi cəbhədə Suriyadan olan muzdlular varmı? Prezident İlham Əliyev: Yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin. Aparıcı: Çox sağ olun. İlham Əliyev bizimlə Bakıdan əlaqədə idi. Sizə cansağlığı arzulayırıq, görüşənədək. Çox sağ olun. Prezident İlham Əliyev: Sağ olun. Görüşənədək. Aparıcı: İndi biz Yerevanla əlaqəyə çıxırıq. Ermənistanın lideri, Ermənistanın baş naziri Nikol Paşinyan bizə qoşulur. Salam, Nikol Vovayeviç. İlk növbədə, biz istərdik ki, indi nələr baş verdiyini şərh edəsiniz. Çox həyəcanlı xəbərlər gəlir. Nikol Paşinyan: Bu gün səhər belə bir xəbər aldıq ki, Azərbaycan bilavasitə Ermənistan Respublikasının ərazisindəki kəndləri bombalayıb. Bundan əvvəl isə sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağa qarşı tammiqyaslı hərbi təcavüzə başlayıblar. Onlar artıq üç gündür ki, artilleriyadan və yaylım atəşi sistemlərindən istifadə etməklə Dağlıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar. Təəssüf ki, bizdə həm hərbçilər, həm də mülki əhali arasında həlak olanlar var. Çox mühüm məqam ondan ibarətdir ki, Türkiyə faktiki olaraq bu prosesə cəlb edilib. Bizdə olan mötəbər informasiyaya görə, hərbi təlimatçılar və yüksək vəzifəli hərbçilər indi Azərbaycanın komanda məntəqələrindədirlər və bəzi yerlərdə hətta hərbi əməliyyatlara rəhbərlik edirlər. Daha bir mühüm məqam. Artıq beynəlxalq mətbuatda çoxsaylı materiallar dərc edilib ki, Türkiyə Suriya ərazisindən muzdluları cəlb edir, onları Dağlıq Qarabağa və Ermənistan Respublikasına qarşı müharibədə iştirak etmək üçün Azərbaycana aparır. Yeri gəlmişkən, belə bir məlumat da var ki, Azərbaycanın yaşayış məntəqələrində bu muzdlularla yerli sakinlər arasında artıq bəzi toqquşmalar baş verib. Ona görə ki, bu muzdlular həmin kəndlərdə şəriət qanunları tətbiq etməyə çalışır, mağazalara girərək tələb edirlər ki, bu mağazalar alkoqollu məhsullar satışını dayandırsınlar və s. və ilaxır. Aparıcı: Cənab Paşinyan, indicə xəbər gəldi ki, Türkiyənin F-16 təyyarəsi Ermənistan silahlı qüvvələrinin Su-25 təyyarəsini vurub. Özü də bu xəbər Ermənistan Müdafiə Nazirliyinə istinadla gəlib ki, pilot həlak olub. Bu xəbər sizə məlumdurmu? Yəni, Ermənistan və Türkiyə təyyarələri artıq göydə toqquşur? Nikol Paşinyan: Bu, artıq faktdır və mənim dediyimi bir daha sübut edir. Bilirsinizmi aşkardır ki, həm Ermənistan, həm də Dağlıq Qarabağ erməniləri bilavasitə Türkiyənin təhdidi altındadırlar. Bizdə olan məlumata görə, Türkiyə bu münaqişəyə daha geniş qoşulmaq üçün bəhanə axtarır. Bizdə olan məlumata görə, onlar öz qoşunlarını Naxçıvana gətirmək üçün bəhanə axtarırlar. Bu, Azərbaycanın Türkiyə, Ermənistan və İranla həmsərhəd anklavıdır. Hərçənd bizdə məlumat var ki, Türkiyə Ordusunun bəzi bölmələri artıq oradadır. Ümumiyyətlə, burada heç bir sirr yoxdur. Ona görə ki, Türkiyə qoşunları artıq avqust ayından Azərbaycandadırlar. Onlar birgə hərbi təlimlərə başlayıblar və bu məsələ həmin hərbi təlimlərin davamı kimi başlanıb. Aparıcı: Nikol Vovayeviç, indi artıq bir çox ekspertlər Dağlıq Qarabağda hazırda baş verənlərin hamısını çox sərt şəkildə ifadə və izah edirlər. Müharibə sözü səslənir. Bu sözdən istifadə etmək nə dərəcədə korrektdir, nə dərəcədə yerinə düşür və indi qan tökülməsinə son qoymaq və atəşi dayandırmaq üçün nə isə etmək olarmı? Nikol Paşinyan: Əlbəttə, sualınız korrektdir. Ona görə ki, müharibə gedir. Çoxlu dağıntılar, insan tələfatı var və olduqca çox sayda hərbi qulluqçu cəlb edilib. Bu, bizim üçün çox mühüm məqamdır. Bildiyiniz kimi, XX əsrin əvvəlində XX əsrin ilk soyqırımı baş verib. Bu, Osmanlı imperiyasında baş verib və bu soyqırımının qurbanı erməni xalqı olub. Ona görə biz hamımız bunu xalqımız üçün ekzistensial təhdid kimi qəbul edirik. Faktiki olaraq biz bunu erməni xalqına elan edilmiş müharibə kimi qəbul edirik. İndi bizim xalqımız, sadəcə, özünümüdafiə hüququndan istifadə etməyə məcburdur. Nə etmək olar? Beynəlxalq birlik Azərbaycanın təcavüzkar hərəkətini və təcavüzünü qətiyyətlə pisləməlidir. Türkiyənin hərəkətləri pislənməlidir. Tələb etmək lazımdır ki, Türkiyə ümumiyyətlə bu regiondan çıxsın. Ona görə ki, Türkiyənin Cənubi Qafqazda hərbi iştirakı heç bir yaxşı şey vəd etmir. Bu, münaqişənin daha da genişlənməsinə və bu hərbi əməliyyatların, bu müharibənin miqyasının artmasına gətirib çıxara bilər. İndi beynəlxalq birlik Türkiyəni Cənubi Qafqazdan çıxmağa məcbur etmək və Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səy göstərməlidir. Aparıcı: Cənab baş nazir, sizi daha ləngitməyəcəyik. Bilirik ki, siz hərbçilərlə müşavirəyə tələsməlisiniz. Çox qısa bir sual. Hazırda danışıqların hansı formatları işləyə bilər? Yoxsa bütün əvvəlki razılaşmalar artıq keçmişdə qalıb? Şərti mənada desək, sizin bir neçə rayonu azad etməyinizi nəzərdə tutan Kazan formatı, bütün bu razılaşmalar silinib, yoxsa həmin formatlar üzrə hələ hərəkət etmək olar? Nikol Paşinyan: Bilirsinizmi, danışıqların formatı məsələsinə gəldikdə, biz belə təsəvvür edirik ki, danışıqlar prosesi harada başlanmışdısa elə orada davam etməlidir. Bu, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatıdır. Konkret danışıqlara gəldikdə isə, danışıqlar üçün müvafiq şərait olmalıdır. Konkret hərbi əməliyyatlar getdiyi vaxtda danışıqlar barədə, xüsusən onların məzmunu barədə danışmaq çox çətindir. İlk növbədə, zorakılığı dayandırmaq və Azərbaycan bu formulu qəbul etməlidir ki, Dağlıq Qarabağ probleminin hərbi həlli yoxdur. Axı, bu müharibə sıfırdan başlamayıb. Azərbaycan hökuməti uzun müddətdir ermənilərə qarşı nifrət ritorikasını inkişaf etdirir və beynəlxalq çağırışlara rəğmən uzun müddətdir hədə-qorxu gəlir ki, Dağlıq Qarabağ məsələsini hərbi yolla həll etməyə hazırlaşır. Ümidvaram, heç olmasa indiki hadisələr və indi yaranmış vəziyyət Azərbaycanı inandıracaq ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrini yerinə yetirə bilməyiblər. Mənə belə gəlir ki, hərbi-siyasi rəhbərlik hərbi mənada cəbhədə heç bir uğur qazana bilməyib. Yəni, onlar öz məsələsini həll edə bilməyiblər. Ümidvaram, bu, Azərbaycanı inandıracaq ki, bu münaqişənin hərbi həlli yoxdur. Dağlıq Qarabağ münaqişəsi üçün yalnız dinc və danışıqlar yolu ilə həll var. İstənilən həll təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçün, Dağlıq Qarabağ üçün məqbul olmalıdır. Qeyd etmək istəyirəm ki, mən baş nazir olanda bu münaqişənin həlli üçün konkret formul təklif edirdim və yenə davam edirəm, istənilən həll Ermənistan üçün, Dağlıq Qarabağ üçün və Azərbaycan üçün məqbul olmalıdır. Ölkələrin adlarının çəkilməsi ardıcıllığının heç bir mənası yoxdur. Mən onu nəzərdə tuturam ki, bu qərar eyni dərəcədə məqbul olmalıdır və təəssüf ki, Azərbaycan Hökuməti, Azərbaycan Prezidenti yalnız Azərbaycan üçün məqbul olan həllə nail olmaq istəyir. Bu, mümkün deyil. Kompromis lazımdır və kompromis üçün şərait lazımdır. Bunun üçün Azərbaycan Dağlıq Qarabağa və Ermənistana qarşı təcavüzü dərhal dayandırmalıdır. Çünki bunu Azərbaycan başlayıb. Yeri gəlmişkən, bu, əvvəlcədən planlaşdırılmış əməliyyat idi. Əsla şübhə yoxdur ki, bu əməliyyat Türkiyə Silahlı Qüvvələri ilə birgə hərbi təlimlər zamanı planlaşdırılıb. Sağ olun. Aparıcı: Çox sağ olun. Gəlin bunu əsas götürək ki, həll variantı Ermənistan və əlbəttə ki, Azərbaycan üçün həqiqətən məqbul olmalıdır. Münaqişənin həlli üçün heç bir hərb variantı yoxdur. Yalnız siyasət və diplomatiya. Sağ olun. X X X Beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən indiyədək dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan bu dəfə də ənənəsini pozmadı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalan Ermənistanın baş naziri yenə də çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi. Sonra müzakirələrdə siyasi və hərbi ekspertlər iştirak etdilər. “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko: - Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır. video

Hamısını oxu
“Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən bu cür tur-aksiyanın keçirilməsini alqışlayıram”

“Onlar öz canlarını ərazi bütövlüyümüz, xalqımızın və dövlətimizin təhlükəsizliyi uğrunda qurban verib”   Ceyhun Məmmədov: “Hər bir fərd, hər bir qurum şəhid ailələri ilə bağlı məsələyə son dərəcə həssas yanaşmalıdır”   Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup şəhid ailəsi üçün Şəki şəhərinə istirahət məqsədli tur-aksiya təşkil edilib.   Bununla bağlı saytımıza açıqlama verən millət vəkili Ceyhun Məmmədov belə addımların mühüm əhəmiyyətə malik olduğunu bildirib:   “Azərbaycanda hər zaman şəhid ailələrinə yüksək diqqət və qayğı olub. Həm ölkə başçısı, həm də Mehriban xanım tərəfindən bu təbəqədən olan insanlara xüsusi həssaslıqla yanaşılıb. Ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri də şəhid ailələri ilə bağlı məsələləri daim diqqətdə saxlayıb. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən belə bir aksiyanın həyata keçirilməsi də vətəndaş institutlarının şəhid ailələrinə olan diqqətin nümunəsidir və təbii ki, təqdirəlayiqdir. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən bu cür tur-aksiyanın keçirilməsini alqışlayıram.   Şəhid ailələri ilə bağlı bu cür aksiyaların təşkil olunması məqsədəuyğundur. Bu kimi aksiyalar gələcəkdə də davam etdirilməlidir. Unutmaq olmaz ki, şəhidlərimiz öz canlarını ərazi bütövlüyümüz, xalqımızın və dövlətimizin təhlükəsizliyi uğrunda qurban verib. Buna görə də hər bir fərd, o cümlədən hər bir dövlət orqanı, özəl qurum şəhid ailələri ilə bağlı məsələyə son dərəcə həssas yanaşmalıdır.   Qeyd etdiyim ki, bu cür aksiyaların gələcəkdə də davam etdirilməsini vacib hesab edirəm. Şəhid ailələri dövlətimizin və vətəndaşlarımızın qayğısı ilə daim əhatə olunmalıdır. Şəhid ailələri hiss etməlidirlər ki, dövlətin də, cəmiyyətin də diqqəti daim onların üzərindədir”.   Seymur ƏLİYEV

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Nuriyev Nəbi Balı oğlu vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Nuriyev Nəbi Balı oğlu vəfat edib.  Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşərək 130-cu atıcı alayın tərkibində hərbi əməliyaytlara qatılıb. Bölmə komandiri vəzifəsinə qədər yüksələn Nəbu Nuriyev Yaponiyaya qarşı müharibədə də iştirak edib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında iştirak edərək böyük qəhrəmanlıqlar göstərib. Nəbi Nuriyev Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları ilə təltif edilib, II dərəcəli "Vətən müharibəsi veteranı" medalına və SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeninə layiq görülüb. Nəbi Nuriyevin faşizm üzərində qələbənin 55 illiyi ilə əlaqədar 2000-ci ildə ulu öndər Heydər Əliyev Sərəncamına əsasən "1941-1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Nəbi Nuriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu
Azərbaycan tarix yazır: yolumuz Qarabağadır

Bakı, 13 oktyabr, AZƏRTAC ... 30 il əvvəl Qarabağdan bələkdə gəlmiş körpə oğlanlar bu gün Qarabağa əldə silah, müzəffər Ordunun xilaskar əsgəri kimi qayıdır. ... Bir ana 30 ildir yanında gəzdirdiyi boğçasını açır, titrəyən barmaqları ilə oradan bir açar çıxarıb oğlanlarına uzadır: Qarabağdakı evimizin açarıdır. Gedin, qapımızı açın. ... Kişilər ağlamaz deyirlər. Mənim yaxından tanıdığım 70 yaşlı məcburi köçkün Adil müəllim ömründə iki dəfə ağlayıb: 27 il əvvəl Cəbrayıldakı evini qoyub gələndə və 27 il sonra doğma yurdunun azad edilməsi xəbərini eşidəndə. Biri kədərdən doğan göz yaşları idi, o biri sevincdən doğan göz yaşlarıdır. Aşağıdakı qeydlərim bu duyğusal həyat epizodlarının, Prezident İlham Əliyevin bir neçə gün əvvəl xalqa növbəti tarixi müraciətinin, “Əl-Cəzirə”, “Euronyus”, “CNN International”, “Sky Nyus”, “Əl-Ərəbiyə”, “TRT Haber”, “CNN Türk”, “Haber Qlobal”, “Rossiya–1”, Rusiyanın “Pervıy kanal” və digər telekanalların müxbirlərinin suallarına məntiqli, tutarlı arqumentlərə əsaslanan cavablarının və xalqın ürəyindən xəbər verən bəyanatlarının təsiri altında yazılıb. Yəqin, oxucu bəzən emosiyaya qapılmağımı da başa düşər və bunu bağışlayar. X X X Sentyabrın 27-dən, təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı və Ordumuzun sürətli əks-hücuma keçməsi barədə xəbərlərin gəldiyi ilk gündən əlim klaviaturaya uzanır, içimdə yığılıb qalmış fikir və düşüncələri, şahidi olduğum hadisələri paylaşmaq ehtiyacı duyuram. Qüdrətli ordumuzun bu günədək qazandığı uğurlara əsasən hadisələrin inkişafının ehtimal edilən ssenarilərini proqnozlaşdırmaq bizim peşənin xüsusiyyətindən irəli gəlir. Amma mən bunları bir kənara qoyub oxuculara, ilk növbədə, qəlbimdə aşıb-daşan sevinc və qürur hisslərini, emosiyalarımı çatdırmaq istərdim. Bütün həyatını jurnalist peşəsinə həsr etmiş bir insan kimi, bəlkə də ilk dəfədir qeyri-adi vəziyyətlə üzləşmişəm: kompüterin qabağına keçib baş verənlər barədə düşüncələrimi yazmağa başlayandan bir-iki saat sonra əl saxlamalı oluram. Hadisələr o qədər sürətlə dəyişir, cəbhədən o qədər qaynar xəbərlər alırıq, Teleqram kanallarının səsləri o qədər çox eşidilir ki, monitordakı sətirlər, bütöv abzaslar bir-iki saatdan sonra “köhnəlir” və hər şeyi təzədən başlamaq lazım gəlir. Bu, qırx beş illik jurnalist təcrübəmdə bəlkə də heç vaxt qarşılaşmadığım fenomendir. Qeyri-adi günlər yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi, rəşadətli Ordusunun iştirakı ilə şanlı tarix yazmaqdadır. Bu günlərin hər saatı, hər dəqiqəsi bir dastandır. Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev münaqişənin sülh yolu ilə həllindən başqa yol yoxdur deyənlərin cavabını verdi: Var başqa yol, - dedi və dediyini etdi. Uzun illərdir status-kvonun qəbuledilməzliyini deyənlərə, amma heç bir iş görməyib işğalçının başına sığal çəkənlərə göstərdi ki, məsələni necə həll etmək olar. Ali Baş Komandanın əmri ilə döyüşə atılan müzəffər Ordumuz 30 ilə yaxın davam edən status-kvonu 10 günün içərisində dəyişdi. İndi nə status-kvo var, nə də təmas xətti. Bunu xalqımızın iradəsi ilə Ali Baş Komandan, Azərbaycan Ordusu döyüş meydanında etdi. Əks-hücum əməliyyatlarının başladığı ilk gündən “atəşi dayandırın, danışıqlara başlayın” deyən supergüclərin, fövqəldövlətlərin aramsız təzyiqlərinə mərd-mərdanə sinə gərən Prezidentimiz nəyi necə və nə vaxt etmək lazım gəldiyini bilir. Bu, Qarabağ uğrunda döyüşlərin gedişində bir daha təsdiqləndi. Ali Baş Komandan İlham Əliyev təkbaşına bir ordunun işini gördü: həm savaş meydanında, həm diplomatiya və siyasi platformalarda. Bir vaxt “Qarabağ Ermənistandır” deyən, Şuşada ədəbazcasına rəqs edərək acıq verən, bizi təhqir edən paşinyanlara öz yerini göstərdi. Paşinyanı - bu riyakar, avantürist, siyasətdən uzaq küçə adamını rəzil duruma saldı. Onu yalvarmağa məcbur etdi: indi çıxıb desin, “Qarabağ Ermənistandır, görək necə deyir”. Sorosun pulları ilə hakimiyyətə yiyələnən Paşinyan erməni xalqını da özü kimi rəzil etdi, yerə vurdu, alçaltdı. İlham Heydər oğlu öz qətiyyəti, cəsarətli və müdrik qərarları ilə dünyanın gözündə bir daha yüksəldi, özü ilə bərabər xalqımızın şərəfini, ləyaqətini də göylərə qaldırdı. Milli maraqlarımızın müdafiəsində sonadək dayanan Prezidentimizin olması bizim böyük xoşbəxtliyimizdir, Qarabağın xilasının qarantıdır. Xalqımız öz Prezidentinə inanır. Bu inama arxalanan, nəyi necə və nə vaxt etmək lazım gəldiyini yaxşı bilən İlham Əliyev Ermənistana son şans verdi və sözünü dedi: Çıxın bizim torpaqlardan, çıxın, öhdəlik götürün, danışıqların formatına qayıdın. Biz nə desək o olacaq və onlara şans veririk ki, torpaqlarımızdan sülh yolu ilə çıxsınlar, rədd olub getsinlər. Biz nə yolla olursa-olsun, bu torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Son hadisələr düşmənə də, bütün dünyaya da göstərdi ki, bu şərəfli, namuslu xalqın heysiyyəti ilə oynamaq, onu təhqir etmək olmaz. Azərbaycanın Prezidenti, Azərbaycan xalqı bunu paşinyanlara bağışlaya bilməzdi və bağışlamadı. Bu gün öz Liderinin ətrafında yumruq kimi birləşən, misli görünməmiş həmrəylik nümayiş etdirən Azərbaycan xalqı doğma torpağı uğrunda ölüm-dirim savaşına qalxıb. Bu taleyüklü məqamda 10 milyon qəlb bir ürək kimi vurur. Bu, sözün əsl mənasında, Vətən müharibəsidir. Azərbaycan əsgəri öz canı-qanı bahasına düşməni Vətən torpaqlarından qovub çıxarır. Düşmən mərmisinin evini başına uçurduğu Ana, oğlu şəhid olmuş Ana başını dik tutaraq deyir: Təki Vətən yaşasın! Adi hallarda sağlam düşüncəli heç bir insan müharibə istəməzdi. Lakin sülhsevər Azərbaycan xalqı bu müharibəyə işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan rəhbərliyi, beynəlxalq daşnak ideoloji mərkəzləri tərəfindən zorla cəlb olunub, buna məcbur edilib. Bizi buna dünyanın biganəliyi, beynəlxalq təşkilatların, Minsk qrupu adlandırılan vasitəçilərin ötür-ötür oyunu vadar edib. Otuz ildir ki, təcavüzkarla təcavüzə məruz qalan eyni tutulur, dünya 30 ildir ki, bu ədalətsizliyi, yurdu yağmalanmış bir milyon azərbaycanlının ağrı-acısını soyuqqanlılıqla seyr edir. “Bəsdir, yetər” deyib ayağa qalxan xalqın bu savaşı tarixi ədalətin bərpasına yönəlmiş döyüşdür, beynəlxalq hüququn ona verdiyi haqdır. Prezidentimiz beynəlxalq kürsülərdən, BMT tribunasından dönə-dönə bəyan edirdi ki, işğala son qoymaq, təcavüzkarı buna məcbur etmək lazımdır. Münaqişənin nizamlanmasına vasitəçilik edən Minsk qrupu fəaliyyət göstərdiyi ötən 26 ildə bir addım atdımı? Atmadı. Yığışdılar, danışdılar və dağılışdılar. BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi dörd qətnamə bu gün də kağız üzərində qalır. Ermənistanın siyasi rəhbərliyinə küçədən gəlmiş birisi “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesinin üstündən xətt çəkdi. Qudurğan düşmənə “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə cavab verən Prezidentimiz dünyaya səsləndi: Siz qarışmayın, öz taleyimizi özümüz həll edərik. “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir” – görün bunu kim deyir: münaqişənin nizamlanması üçün vasitəçilik mandatı verilmiş Minsk qrupunun üç həmsədrindən biri olan Fransanın dövlət başçısı. Görünür, Makron ya tarixdən bixəbərdir, ya da Fransadakı erməni lobbisinin çaldığı havaya oynayır. Prezidentimiz ona da öz kəskin cavabını verdi, bu əcaib sözünə görə Azərbaycandan üzr istəməyə çağırdı. Makron kimiləri tək deyil. Müharibə Ermənistanda yox, Azərbaycan torpağında gedir. Yeri gəlmişkən, Rusiya Prezidenti müsahibələrinin birində bunu xüsusi vurğuladı: müharibə Ermənistanda getmir. Bu iki fərqli yanaşma fonunda üçüncü ölkələrdən olan, öz beyinlərini işlətmək əvəzinə ermənilərin uydurduğu “Azərbaycanın təcavüzü” barədə tezisi tez-tez təkrarlayan boşboğazlardan soruşmaq lazımdır: “Azərbaycanın Qarabağa təcavüzü” barədə danışmaq “Fransanın Marselə qarşı təcavüzü”, yaxud “Almaniyanın Bavariyaya hücumu” barədə cəfəngiyata bənzəmirmi?! X X X Münaqişə, müharibə və dünyanın buna yanaşması barədə bu müxtəsər düşüncələrdən sonra bilavasitə bağlı olduğum sahəyə qayıtmaq istərdim. Mənim üçün istinad nöqtəsi Azərbaycan Prezidentinin CNN-Türk telekanalına müsahibəsində səsləndirdiyi fikirlər oldu. Dövlətimizin başçısı uzun illərdir Azərbaycana qarşı aparılan qara təbliğatdan danışdı və bunun səbəblərini açıqladı. Xüsusən biz media işçiləri bunun bilavasitə şahidiyik. Aramsız qarayaxmalara, şər və böhtanlara tutarlı cavab veririk. Azərbaycan reallıqlarından, Qarabağ, Xocalı həqiqətlərindən bəhs edən materialları əməkdaşlıq etdiyimiz dünya KİV-lərində bütün mümkün vasitələrlə yaymağa çalışırıq. İndi, son hadisələr başlayan vaxtdan qara təbliğatın yeni dalğası baş qaldırıb. Bəzi ölkələrin bu işdə marağı olan dairələri, media orqanları Azərbaycanın imicini ləkələmək üçün olmazın yalanlar uydurur, informasiya məkanında münaqişə ilə bağlı yanlış rəy formalaşdırmağa aramsız cəhdlər edirlər. Prezidentin qeyd etdiyi kimi, bizə ünvanlanan bu ittihamlarla təkbaşına mübarizə apararaq müəyyən uğurlar əldə etmişik. Ancaq bizim də imkanlarımız məhduddur. Bir çox hallarda bizim səsimiz eşidilmir. Beynəlxalq media qurumları daha çox Ermənistanın tərəfini tutur, münaqişə ilə bağlı yalan məlumatlar yayırlar. Yaxşı ki, bu çətin gündə qardaş Türkiyə, eləcə də onun bütün KİV-ləri bizim yanımızdadır, səslərini bizim səsimizə qataraq dünyaya Azərbaycanın ədalətli mübarizəsi ilə bağlı həqiqətləri çatdırırlar. Bu gün bir sıra KİV-lər Paşinyanın hərbi əməliyyatlarda guya Türkiyə F-16-larının, türk hərbçilərinin iştirakı barədə yalanlarını tirajlayır. Azərbaycan və Türkiyə qardaş ölkə, üstəlik yaxın qonşulardır. Ulu Öndərimiz bu qardaşlığı bir neçə sözlə belə ifadə edib: “Bir millət, iki dövlət”. Türkiyənin belə ağır gündə bizə dəstək verməsi tamamilə təbii və başa düşüləndir. Amma o da təkzibolunmaz həqiqətdir ki, biz öz torpaqlarımızı özümüz azad edirik. Azərbaycan Ordusu düşmənə istənilən cavabı verməyə qadirdir və verir. Ermənistana gəlincə, ona hər cür dəstək verən, silah ötürən çoxdur. Bu gün hamıdan artıq canfəşanlıq edən Fransanı götürək. Bəlkə ermənilər və fransızlar da “bir millət, iki dövlətdir”, bəlkə qonşudurlar? Parislə İrəvan bir-birindən 4500 kilometr aralıdadır, avtomobillə azı 50 saatlıq yoldur. Türkiyədən isə Azərbaycana əl uzatsan çatar. Bizim yaxınlığımız, türk qardaşlarımızın “Azərbaycan tək deyil” deməsi Ermənistanı həm qıcıqlandırır, həm də qorxuya salır. Türkiyə ordusu bu gün NATO-nun ən güclü iki ordusundan biridir. Türkiyə modern silahlar istehsal edir. Biz Türkiyədən də, başqa ölkələrdən – Rusiyadan, Ukraynadan, İsraildən də silahı pulla alırıq. İşğalçı Ermənistana isə silahı pulsuz verirlər. İqtisadiyyatı çökmüş, dilənçi vəziyyətinə düşmüş Ermənistanın silah almağa pulumu var? Prezidentimiz müsahibələrindən birində bu məqamı vurğulayaraq dedi: Bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, bu münaqişə çoxdan çözülərdi. Bu gün cəbhə xətti şərti termindir. Bu gün bütün Azərbaycan cəbhədir – bütün oğlu-qızı, cavanı-yaşlısı ilə. Hərə öz sahəsində Vətən üçün, böyük Qələbəmiz naminə var qüvvə ilə çalışır. Bu taleyüklü anlarda jurnalist də bir əsgər, söz də bir silahdır. Ermənistan bizə qarşı həmişə olduğu kimi, bu dəfə də ikinci cəbhə - informasiya cəbhəsi açıb. Ermənipərəst media (belə media çox yerdə var – Fransada, Almaniyada, ABŞ-da, Rusiyada... Okeanın o tayında da, bu tayında da) olmazın yalanlar və böhtanlar tirajlayır, Azərbaycana iftiralar atır, gözgörəsi tərəfkeşlik edir. Həmişə belə olub. İndi isə xüsusi fəallıq və canfəşanlıq görürük. Qoy olsun, yalan ayaq tutsa da yeriməz. Bu günlər Azərbaycan mediası siyasi yönümündən və mövqeyindən asılı olmayaraq görünməmiş həmrəylik nümayiş etdirir, haqq işimizə hamılıqla informasiya dəstəyi verir. AZƏRTAC-a gəlincə, biz bütün mümkün vasitələrlə Azərbaycanın ədalətli savaşı barədə materialları dünya informasiya məkanına çıxarmağa çalışırıq. Agentliyimiz 35 ölkədən 44 agentliyi öz sıralarında birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidentidir, eləcə də Dünya Xəbər Agentlikləri Konqresində (NAWC) fəal təmsil olunur (yeri gəlmişkən, Bakı 2016-cı ildə hər iki mötəbər beynəlxalq təşkilatın forumlarına ev sahibliyi edib). Bizim tərəfdaşlarımız sırasında Çinin Sinxua, Rusiyanın TASS, Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Yaponiyanın Kyodo, Malayziyanın Bernama kimi informasiya nəhəngləri var. Tərəfdaş KİV-lərdən danışarkən, dünyanın müxtəlif guşələrində 100 milyondan çox oxucusu olan ingilisdilli “Chine Daly” qəzetinin adını da xüsusi qeyd etmək istərdim. Cəbhə xəttində əməliyyatların aktiv fazasında bu və digər mötəbər informasiya agentlikləri AZƏRTAC-a istinadla çoxsaylı xəbərlər, foto və videolar yayımladı və yayımlamaqda davam edir. Bundan əlavə, xarici ölkələrdəki müxbir məntəqələrimizin xətti ilə yerli mətbuatda Ermənistan rejiminin uydurduğu yalanlara, böhtanlara cavab olan yazılar dərc edilir. Eyni zamanda, AZƏRTAC üzvü olduğu bütün beynəlxalq və regional media qurumlarının və tərəfdaş informasiya agentliklərinin rəhbərlərinə müraciət ünvanlayaraq, onları Ermənistanın Azərbaycana təcavüzünü və regionda baş verən hadisələri obyektiv, qərəzsiz işıqlandırmağa, haqqın və ədalətin tərəfində dayanmağa çağırıb. X X X Azərbaycan müharibə istəmirdi. Elə buna görə də ulu öndərimiz Heydər Əliyev də, Prezidentimiz İlham Əliyev də 30 ildir çalışırdılar ki, münaqişə danışıqlar yolu ilə, sülhlə çözülsün. Mən Ulu Öndərimizin tarixi səfərlərini əvvəldən sonadək işıqlandıran jurnalist kimi şəxsən şahidəm: Heydər Əliyev Qarabağ probleminin qan-qadasız, danışıqlar masası arxasında həll olunması üçün son dərəcə gərgin iş aparır, maksimum səylər göstərirdi. Bu, uzun söhbətin mövzusu olduğundan iki məqamı xatırlatmaqla kifayətlənməyə məcburam. Ki-Uest, 2001-ci il 3 aprel. Minsk qrupu həmsədrlərinin vasitəçiliyi və dövlət katibi Kolin Panuelin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri tam yeni formatda danışıqlar apardılar. Ulu Öndərimiz bu görüşdə tarixi bəyanatla çıxış etdi, münaqişənin tənzimlənməsinə mane olan səbəbləri göstərdi, Dağlıq Qarabağ həqiqətlərini çatdırdı, həll yollarına dair öz mülahizələrini söylədi. Bəyanatdan kiçik bir sitat gətirmək yerinə düşər: “Bu gün dünyada bir dövlətin başqa bir dövlətin ərazisini işğal etməsi, orada etnik təmizləmə aparması kimi ikinci bir hala rast gəlmək mümkün deyil. Təəssüf ki, dünya birliyi bu faciəni sükutla seyr edir... Rusiyanın, ABŞ-ın, Fransanın simasında ATƏT-in Minsk qrupunun rəhbərlərinə bəslədiyimiz ümidlər hələlik gözlənilən nəticəni vermir”. Heydər Əliyevin bu sərt bəyanatı, qətiyyətli mövqeyi və haqlı iradı müəyyən canlanma yaratdı. Xatırlayıram, Ulu Öndər Ki-Uestdən Vaşinqtona yollandı. ABŞ Prezidenti Corc Buşun burada Azərbaycan Prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan ilə ayrı-ayrılıqda görüşləri oldu. ABŞ-ın yüksəkvəzifəli şəxslərinin Ağ evdə keçirilən brifinqdə bu görüş və danışıqların uğurundan necə ağızdolusu danışdıqları da yaxşı yadımdadır. Bundan bir ay sonra Ulu Öndərimiz Fransaya səfər etdi. Paris, 2001-ci il 5 mart. Yelisey sarayında Fransa Prezidenti Jak Şirakın iştirakı ilə Azərbaycan Prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan arasında növbəti danışıqlar oldu. Üç saatdan çox davam edən danışıqlardan sonra hər üç prezident birgə mətbuat konfransı keçirdi. Təfərrüata varmadan onu deməklə kifayətlənirəm ki, jurnalistlərin suallarını cavablandıran Fransa Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm irəliləyişin əsasının qoyulduğunu vurğulayaraq belə dedi: “Həqiqətən ümidvar olduğumu bildirmək istərdim ki, bu münaqişə cari ilin sonunadək həll ediləcək və onun qarşılıqlı surətdə məqbul həlli tapılacaq”. Həqiqətən də Ki-Uest və Paris danışıqları böyük ümidlər yaratmışdı. 2001-ci ilin yazında münaqişənin həllinə çox yaxınlaşılmışdı. Lakin sonradan sanki hansısa gözəgörünməz əl çarxı başqa səmtə yönəltdi. O vaxtdan az qala 20 il keçir. Corc Buş getdi, Barak Obama gəldi, Obama getdi, Donald Tramp gəldi. Jak Şirak getdi, Nikola Sarkozi gəldi, Sarkozi getdi, Fransua Olland gəldi, Olland getdi Emmanuel Makron gəldi. Münaqişə isə həll olunmamış qaldı... Prezident İlham Əliyevin də münaqişəni danışıqlar yolu ilə həllinə göstərdiyi aramsız səylərin şahidiyik. Müəyyən mərhələdə həll yolu tapılmış kimi görünürdü. Məsələn, tərəflərin razılaşdığı Madrid prinsipləri işğal olunmuş Azərbaycan torpaqlarının mərhələli şəkildə qaytarılmasını nəzərdə tutur. Biz ümidlə bu prinsiplərin işə düşəcəyini gözləyirdik. Lakin Paşinyan gəldi və 30 il davam edən bütün danışıqların, eləcə də hər iki tərəf üçün məqbul olan Madrid prinsiplərinin üstündən xətt çəkərək dedi: biz Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq. Bunun ardınca Ermənistanın məlum hərbi təxribatları başlandı və Azərbaycanın silaha əl atmaqdan başqa yolu qalmadı. Yəqin heç kəs mübahisə etməz ki, indi planetimizdə yaşayan bütün insanların şahid olduqları hadisələr həqiqətən tarixi əhəmiyyət daşıyır. Azərbaycanın lideri, Azərbaycan xalqı tarix yazmaqda davam edir – Prezidentimiz öz qətiyyəti, müdrik siyasəti və sərkərdəliyi, xalqımız möhtəşəm birliyi və qələbə əzmi, əsgərimiz öz qanı-canı və silahı ilə yazır bu tarixi. Jurnalistlərimizin, reportyorlarımızın üzərinə isə bu həqiqət anlarını salnamələşdirmək borcu düşür. X X X Münaqişənin həllini bu qədər uzatmaqda hansı məqsədlər güdülürdü? Düşünürdülər ki, yaşlı nəsil dünyadan köçəcək, onları əvəz edən, bu yerləri heç vaxt görməyən yeni nəsil Qarabağı unudacaq, yaxud zaman Xocalını unutduracaq. Beləcə, hər şey öz-özünə sakitləşəcək. Əksinə, zaman onların bu düşüncələrində, hesablamalarında yanıldıqlarını göstərdi. Bu yerdə Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı yada düşür. Heç bir imperiya, heç bir işğalçı, yadelli qüvvə nə qədər ağlagəlməz üsullara əl atsa belə, xalqları manqurtlaşdırmağa nail olmayıb. Yeni nəsil Qarabağ görməyib, olsun, axı Vətən, torpaq sevgisi insana gözlə keçmir. Bu, qan yaddaşıdır, tarixi yaddaşdır və onu heç bir vəchlə silmək olmaz. Qarabağı görməyən yeni nəsil Qarabağ naminə ölümə getməyə hazırdır və gedir. Qarabağ kəlməsi hətta məktəbyaşlı uşaqların dilinin əzbəridir. Yuxarıda bəhs etdiyimiz 30 illik mənzərə qəflətən (əslində həm də gözlənilən idi) dəyişdi. Özü də buna rəvac verən işğalçılar, status-kvonun dondurulmasında maraqlı olanların özləri oldu. Onlar hansısa başqa ölkələrdən “ev-eşiksiz qalmış yoxsul qohumlarını” gətirib Qarabağda məskunlaşdırmaq fikrinə düşdülər. Belə məlum oldu ki, vaxtilə qanuni sahibindən zorla aldıqları evi öz zövqlərinə uyğun təmir etmək, divarına “Bu mənzil bizimdir və nöqtə” sözləri yazılmış plakat asmaq istəyirlər. Bunun ardınca yeni müharibə bəyanatları səsləndirildi və Azərbaycana qarşı yeni hərbi təcavüzlər başladı... Görünür, qanuni ev sahiblərinin səbirlərinin tükənməz olmaması barədə çoxillik xəbərdarlıqların söz olaraq qalmayacağını heç kəs gözləmirdi. Səbri həqiqətən tükənən xalq “Bu ev bizimdir və nida işarəsi" deyərək, tarixi ədaləti bərpa etmək üçün öz lideri başda olmaqla, hamılıqla mübarizəyə qalxdı. Görəsən, bu haqlı savaş işğalçının havadarlarını niyə belə əndişələndirir? Azərbaycan Prezidenti İlham Əliyev bəyanat və çıxışlarında, yerli və xarici KİV-lərə çoxsaylı müsahibələrində sözünü açıq və qəti şəkildə deyir – BMT-yə də, ATƏT-ə də, Minsk qrupuna da, paşinyanlara da. Deyir ki, biz daha 30 il gözləyə bilmərik, işğalçılar torpaqlarımızdan çəkilib getməlidir. Sentyabrın 27-də İlham Əliyevin xalqa müraciətindən sonra qəlbi inam, qürur və sevinclə dolu on minlərlə insan əllərində bayraq, dillərində ”Qarabağ” kəlməsi Bakı küçələrinə axışdı! Paytaxtda misli görünməmiş mənzərə yaşanırdı! Ali Baş Komandanından əmr alan Azərbaycan Ordusu üzərinə düşən missiyanı və döyüş tapşırığını layiqincə icra etməyə başladı. Qısa müddətdə bir sıra torpaqlarımızda 30 ildən sonra üçrəngli bayrağımız yenidən dalğalanmağa başladı: Cəbrayıl şəhərində, Hadrut qəsəbəsində, Suqovuşanda, Talış kəndində və digər kəndlərimizdə. Bir cəbrayıllı kimi məndən ötrü bu, həm də şəxsi xoşbəxtlikdir, buna görə də Ali Baş Komandana, xilaskar Ordumuza, cəsur Azərbaycan əsgərinə minnətdaram! Yazımın əvvəlində dediyim kimi, otuz il əvvəl öz analarının qucağında, baba-nənələrinin çiyinlərində qarlı aşırımlardan, sıx meşələrdən keçərək gəlmiş körpələr bu gün əcdadlarının torpaqlarına tanklar üzərində qayıdırlar. Biz xoşbəxtik ki, bu Zəfər yürüşünün canlı şahidləriyik. X X X Müharibənin öz qanunları var. Ordu ordu ilə savaşar, əsgər əsgər ilə döyüşər - üz-üzə, mərd-mərdanə. Kim güclüdürsə, o da qalib gələr. Döyüş meydanında məğlub olan Ermənistan bu qanunları da pozur, müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə tutur. Düşmənin xain hücumları nəticəsində çox sayda mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olub və yaralanıb, evlər, çoxmənzilli yaşayış binaları, obyektlər dağılıb. Oktyabrın 11-də atəşkəs razılaşmasının hələ mürəkkəbi qurumamış döyüş əməliyyatları zonasından 80 kilometr aralıda yerləşən, ərazisində heç bir hərbi obyekt olmayan Gəncəyə - Azərbaycanın ikinci böyük şəhərinə ballistik raket zərbəsi endirildi. Beşi qadın olmaqla, 10 nəfər dinc sakin həlak oldu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla 34 nəfər yaralandı. Ermənistanın bu ağır cinayətinə beynəlxalq birliyin, xüsusən Minsk qrupu həmsədrlərinin səssiz qalması ikili standartların, özgə dərdinə, başqasının faciəsinə laqeydliyinin daha bir təəssüf doğuran təzahürdür. Düşmənin bu təxribatları, xain hücumları xalqımızın iradəsini qıra bilmir və bilməyəcək. Əsrlər boyu başı min-bir müsibət çəkmiş, tarixə bir çox şanlı səhifələr yazmış Azərbaycan xalqının bu gün bir arzusu var – düşmən tapdağı altındakı torpaqlarını azad etmək. Qeydlərimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər bir azərbaycanlının qəlbində əks-səda verən duyğusal sözləri, duaları ilə tamamlamaq istərdim: Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Qarabağ Azərbaycandır!   Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri OANA-nın vitse-prezidenti

Hamısını oxu