Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

“Azərbaycan xalqının  Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində yenidən hakimiyyətə qayıdışı, faktiki olaraq Azərbaycanın müstəqilliyini, onun dövlətçiliyini xilas etdi”.

Bu sözləri Moderator.az-a açıqlamasında Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, məhz Heydər Əliyevin dərin dühası, böyk siyasi səriştəsi, sonsuz cəsarət və qətiyyəti Azərbaycan xalqını və dövlətini böyük bəlalardan xilas etdi:

“Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etsə də, bu müstəqilliyin son dərəcə kövrək olduğu, ciddi təhdid və təhlkələrlə üzləşdiyi məlumdur. Bir tərəfdən erməni işğalına qarşı mübarizə aparan Azərbaycan dövləti, digər tərəfdən daxili qarşıdurmalardan əziyyət çəkir, öz müstəqilliyini qorumaq, təhlükəsizliyini təmin etmək üçün daxili birliyi təmin edə, vahid nizami ordu formalaşdıra, iqtisadi inkişafı təmin edə bilmirdi. Məhz belə bir vaxtda – 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev Ali Sovetin sədri seçildi və bu reallıq faktiki olaraq bütöv bir dövlətin gələcəyini xilas etdi.

İlk növbədə daxili birlik və həmrəyliyi təmin etmək üçün ciddi addımlar atan Heydər Əliyev, ölkə daxilindəki ziddiyyətləri aradan qaldırdı. Qanunsuz silahlı birləşmələri ləğv edərək vahid, nizami ordu formalaşdıran Heydər Əliyev, bütün qüvvələri erməni faşizminə qarşı mübarizəyə cəlb edə bildi. Nəticədə, Ermənənistan 1994-cü ildə atəşkəs sazişini imzalamağa məcbur oldu.

Hərbi əməliyyatların dayandırılması Azərbaycana ordu quruculuğu, eləcə də iqtisadi yüksəliş, sosial tərəqqi istiqamətində daha miqyaslı addımlar atmağa imkan verdi. 1994-cü ilin 20 sentyabrında “Əsrin   müqaviləsi”nin imzalanması Azərbaycan neftinin dünya bazatına çıxarılmasını təmin etməklə yanaşı, ölkəmizin siyasi müstəqilliyini də əhəmiyyətli dərəcədə gücləndirdi. Daxili sabitliyin təmini, milli həmrəyliyin bərpası, dövlətin iqtisadi tərəqqisinin diqqət mərkəzində saxlanılması, xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılması müstəqil Azərbaycanın sürətli inkişafını təmin etdi.

Bu gün Heydər Əliyev kursu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Və əminəm ki, torpaqlarımızın azadlığına yol açan bu siyasi kurs bundan sonra da Azərbaycan xalqına çoxsaylı uğurlar və müvəffəqiyyətlər qazandıracaq, respublikamızın günü-gündən daha da çiçəklənməsini təmin edəcək”.

Seymur ƏLİYEV

 

2026-06-14 09:34:00
1040 baxış

Digər xəbərlər

Veteranlar Təşkilatının üzvləri şəhid məzarını ziyarət ediblər

Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri şəhid Şamo Kərimovun anım günündə iştirak etmək üçün rayonun Maşlıq kəndinə gedib, şəhidin məzarını ziyarət ediblər. Anım tədbirində Rayon İcra Hakimiyyətində "Şəhid ailələri və qazilərlə işin təşkili" şöbəsinin müdiri Füzuli Cəfərov, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti idarəsinin Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik Rasim Həsənov, şəhid ataları, qazilər və ictimaiyyət  nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, idman ustası olan Şamo Kərimov Vətən müharibəsinin ilk günündən ön cəbhəyə yollanıb. O, silaha sarılaraq döyüş yoldaşları ilə birgə Füzuli və Cəbrayıl istiqamətində düşmənin istehkamlarını və canlı qüvvələrini məhv edib. Şamo torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşında 2020-ci il oktyabr ayının 6-da qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucalıb. Kərimov Şamo Elman oğlu Prezidentin sərəncamları ilə "Cəsur döyüşçü", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Hamısını oxu
Mehriban Əliyeva təşəkkür etdi

Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib. Bununla bağlı Birinci vitse-prezidentin “Instagram” hesabında paylaşım edilib:   “Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”

Hamısını oxu
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib

Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib. İclası giriş sözü ilə təşkilatın sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov açaraq qurumun fəaliyyəti barədə məlumat verib. Prezidentin köməkçisi Hikmət Hacıyev iclasda çıxış edərək Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatındakı, o cümlədən müharibə, əmək və silahlı qüvvələr veteranlarının problemlərinin həll olunmasındakı rolunu vurğulayıb, bu kateqoriyadan olan insanların dövlət qayğısı ilə əhatə edildiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən veteranlara göstərilən dövlət qayğısının yeni səviyyəyə qalxdığını, Respublika Veteranlar Təşkilatına müasir standartlara tam cavab verən inzibati binanın ayrıldığını, müharibə veteranlarına verilən birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırıldığını, veteranların mənzil və digər problemlərinin həll olunduğunu qeyd edib. Hikmət Hacıyev ötən əsrin 90-cı illərinədək veteran ifadəsi dedikdə, ilk növbədə, Böyük Vətən müharibəsində iştirak edən bir qədər yaşlı insanların yada düşdüyünü, lakin həmin ifadənin əvvəlcə Birinci Qarabağ müharibəsində, daha sonra isə 44 günlük Vətən müharibəsində gəncləşdiyini vurğulayıb. O, Respublika Veteranlar Təşkilatının üzərinə yeni vəzifələrin düşdüyünü, Qarabağ uğrunda bütün döyüşlərdə iştirak etmiş şəxslərin də bu qurumun fəaliyyətinə cəlb olunmasının, onları narahat edən məsələlərin həll olunmasının vacibliyini qeyd edib. Prezidentin köməkçisi Respublika Veteranlar Təşkilatının yeni gənc veteranlarla körpü rolu oynayacağına, onlarla daim bağlantı yaradacağına ümid edərək, təşkilatda təmsil olunan ağsaqqal və ağbirçək veteranların məsləhətlərinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb. Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının qarşısında ciddi vəzifələrin durduğunu diqqətə çatdırıb, qurumun yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin, veteranlarla iş sahəsində beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, ölkə başçısının müvafiq Fərmanı ilə bir neçə gün öncə yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, Veteranlar Təşkilatının həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib. Rəyasət Heyətinin üzvləri çıxış edərək təşkilatın 2020-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri T.Ağahüseynovun səhhəti ilə əlaqədar qurumun gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yarandığı qeyd olunub, onun vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib. Rəyasət Heyətinin üzvləri tərəfindən təşkilatın sədri vəzifəsinin icrasının İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilməsi təklif olunub. Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul edilib. Sonda Fatma Səttarova və Rəyasət Heyətinin digər üzvləri Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil olunduqları qurumun ölkə başçısının çağırışlarına cavab verməsi üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildiriblər.

Hamısını oxu
Mədəniyyət pərdəsi altında siyasi təsir yolverilməzdir

Rusiya uzun illərdir postsovet məkanında yumşaq güc strategiyasını həyata keçirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Bunlardan biri də "Rossotrudniçestvo"nun nəzdində fəaliyyət göstərən "Rus evi"dir. Bu qurumun əsas missiyası guya rus dili, mədəniyyəti və təhsilini təşviq etməkdir. Rusiya rəsmi olaraq bildirir ki, "Rus evi"nin fəaliyyəti üç əsas istiqaməti əhatə edir. Birincisi, xarici ölkələrdə rus dilini öyrətmək, rus ədəbiyyatını, musiqisini və mədəniyyətini yaymaq. İkincisi, xarici tələbələrin Rusiya universitetlərində təhsil almaları üçün təqaüd proqramları təşkil etmək. Üçüncüsü isə, yerli icmalarla əməkdaşlıq edərək Rusiyanın tarixi və mədəni irsini tanıtmaq. Lakin bu rəsmi məqsədlərdən fərqli olaraq "Rus evi"nin real fəaliyyəti daha geniş və siyasi xarakter daşıyır. Məsələn, xalqlar arasında Rusiya siyasətinə rəğbət yaratmaq üçün tədbirlər təşkil edilir. Müxtəlif mədəni tədbirlərin arxasında siyasi mesajlar və Kremlin maraqlarına uyğun ideoloji çalarlar yer alır. Eyni zamanda Rusiya ilə bağlı pozitiv imic yaratmaq üçün müxtəlif gənclər hədəf alınır. Xüsusilə keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda Rusiyanın tarixi rolunu artırmaq və Moskvanın regionda təsirini əsaslandırmaq üçün təbliğat aparılır. Bütün bunlar onu göstərir ki, "Rus evi" təkcə mədəniyyət mərkəzi deyil, həm də Kremlin xarici siyasətini dəstəkləyən qurumdur. Ötən günlərdə Azərbaycan hökuməti "Rus evi"nin fəaliyyətini qeyri-qanuni sayaraq ona qarşı tədbirlər gördü. Çünki qurum ölkəmizin suverenliyi və milli təhlükəsizliyi üçün təhdid təşkil edirdi. Belə ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və Rusiyanın onun daxili işlərə qarışmasına icazə vermək niyyətində deyil. "Rus evi" isə dolayısı ilə Rusiyanın daxili işlərinə müdaxiləsi üçün platforma rolunu oynaya bilərdi. Digər tərəfdən, bu qurumun fəaliyyəti Rusiya mediası və siyasi dairələrinin Azərbaycana qarşı apardığı təbliğatla üst-üstə düşürdü. Rəsmi Bakı isə ölkə daxilində Kremlin təbliğatının yayılmasına imkan vermir. Həmçinin "Rus evi"nin fəaliyyəti bəzi hallarda qeyri-şəffaf olub və bu, onun təhlükəsizlik baxımından da problem yarada biləcəyini göstərir. Üstəlik, Azərbaycanın bu addımı təkcə regional deyil, həm də beynəlxalq kontekstdə maraqlıdır. Çünki bir çox ölkələr "Rus evi"nin fəaliyyətini məhdudlaşdırıb və ya tamamilə qadağan edib. Ukrayna 2014-cü ildən sonra bu qurumun fəaliyyətinə öz ərazisində son qoyub və Rusiyanın mədəniyyət mərkəzlərini təhlükəsizlik təhdidi hesab etdiyini açıqlayıb. Moldova isə 2022-ci ildə "Rus evi"nin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb və qurumun ideoloji fəaliyyətinə qarşı tədbirlər görüb. Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva da "Rus evi"ni Kremlin ideoloji təsir vasitəsi hesab edərək onun işini məhdudlaşdırıb. Bu nümunələr göstərir ki, Azərbaycan tək deyil və bir çox ölkələr "Rus evi"ni Rusiya xarici siyasətinin yumşaq güc aləti kimi görür. Bunlara baxmayaraq, Moskva rəsmi Bakının gedişinə qarşı özünün ənənəvi üsullarına əl atıb. Azərbaycan diasporuna təzyiqləri artırmaq, biznes mühitinə müdaxilə etmək və siyasi ritorikanı sərtləşdirmək yolunu tutub. Bu kontekstdə Rusiya Dövlət Dumasının deputatları Nikolay Valuyev, Yevgeni Popov və Andrey Pinçukun Azərbaycan diasporuna qarşı səsləndirdiyi fikirlər Kremlin siyasətinin tərkib hissəsi kimi görünür. Xüsusilə Valuyevin azərbaycanlıların Rusiyadan çıxarılması, bizneslərinin məhdudlaşdırılması və hərbi uçota alınaraq cəbhəyə göndərilməsi ilə bağlı səsləndirdiyi təkliflər açıq şəkildə təhdiddir. Bu yanaşma Kremlin digər keçmiş sovet respublikalarına qarşı tətbiq etdiyi siyasətlə uzlaşır. Belə ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra da Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən gələn əmək miqrantlarını qorxutmaq, onları müharibəyə cəlb etmək və deportasiya ilə hədələmək taktikalarına əl atıb. Azərbaycan-Rusiya iqtisadi münasibətləri də Kremlin təzyiq vasitələrindən biri kimi istifadə etdiyi sahələrdəndir. 2024-cü ilin statistikasına görə, iki ölkə arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib ki, bunun 75 faizi Rusiyanın Azərbaycana ixrac etdiyi malların payına düşür. Bu isə o deməkdir ki, iqtisadi əlaqələrin pozulması ilk növbədə Rusiyanın özü üçün ciddi itkilər yarada bilər. Deputat Andrey Pinçukun Azərbaycanın Rusiyada fəaliyyət göstərən şirkətlərinin müsadirə edilməsi ilə bağlı təklifləri isə iqtisadi müstəvidə də Moskvanın qərəzli siyasət yürütdüyünü göstərir. Lakin bu kimi addımlar, əslində Rusiyanın öz investisiya mühitinə daha böyük zərbə vurur və xarici bizneslərin ölkədə fəaliyyət göstərməsinə ciddi maneələr yaradır. Rusiyanın dövlət təbliğatçılarının - Vladimir Solovyov, Olqa Skobeyeva və digər propaqandistlərin efirlərdə Azərbaycana qarşı təhqiramiz ifadələr işlətməsi də Moskvanın informasiya müharibəsinin tərkib hissəsidir. Onlar Azərbaycanın mülki təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti Bakının üzərinə atmağa çalışır, Rusiyanın regiondakı siyasətinə haqq qazandırmağa cəhd edirlər. Bununla yanaşı, Rusiya təbliğat maşını Azərbaycan torpaqlarının azad edilməsini Kremlin "xoş niyyəti" kimi qələmə verməyə çalışır. Lakin faktlar göstərir ki, Moskva hər vəchlə bu prosesə mane olmağa çalışıb və bölgədə qeyri-sabitliyi qoruyub saxlamaq üçün müxtəlif yollar axtarıb. Qeyd etmək lazımdır ki, Moskvanın informasiya və siyasi hücumlarına baxmayaraq, rəsmi Bakı balanslı xarici siyasətini davam etdirir və heç bir təhdid qarşısında geri çəkilmir. Azərbaycanın Rusiya ilə münasibəti hər zaman qarşılıqlı hörmətə əsaslanıb, hazırda isə Moskvanın hegemon yanaşmaları qəbulolunmazdır. Kremlin bugünkü ritorikası yalnız onun postsovet məkanında nüfuzunun daha da zəifləməsinə gətirib çıxara bilər. Jalə QASIMZADƏ

Hamısını oxu