Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan milli mətbuatı: şərəfli inkişaf salnaməsi

151 illik zəngin ənənəyə malik Azərbaycan milli mətbuatı artıq təkcə ölkədaxili informasiya məkanının deyil, həm də qlobal informasiya mühitində dövlət maraqlarını müdafiə edən mühüm strateji institutlardan birinə çevrilib. 22 iyul Azərbaycan xalqının ictimai fikir tarixində xüsusi yer tutan əlamətdar günlərdəndir. Bu tarix ilk Azərbaycan dilli qəzet olan "Əkinçi"nin nəşrə başladığı gün olmaqla yanaşı, həm də milli özünüdərkimizin, maarifçilik hərəkatımızın, azad fikir ənənələrinin və dövlətçilik ideyalarının mətbuat vasitəsilə cəmiyyətə çatdırılmasının başlanğıcıdır.
Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik." Ulu Öndərin bu fikri milli mətbuatımızın missiyasını ən dolğun şəkildə ifadə edir.
1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən təsis edilən "Əkinçi" qəzeti cəmi iki il fəaliyyət göstərsə də, Azərbaycan xalqının ictimai şüurunun formalaşmasında misilsiz rol oynadı. O, xalqı elmə, maarifə, tərəqqiyə çağırdı, cəhalətə qarşı mübarizə apardı və milli mətbuat məktəbinin əsasını qoydu. Məhz "Əkinçi"nin yaratdığı ənənələr sonralar "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" və digər nəşrlərdə davam etdirilərək milli oyanış prosesini sürətləndirdi.
Azərbaycan milli mətbuatı tarix boyu xalqın taleyi ilə birgə yol keçib. Çətin sınaqlardan, senzuralardan, təzyiqlərdən keçərək milli ideyanın, dövlətçilik düşüncəsinin və istiqlal arzularının daşıyıcısına çevrilib. Mətbuatımız təkcə xəbərləri çatdırmayıb, həm də cəmiyyətə istiqamət göstərən, milli-mənəvi dəyərləri qoruyan və gələcək nəsilləri maarifləndirən mühüm məktəb olub.
Müstəqilliyin bərpasından sonra isə Azərbaycan mediasının inkişafında tamamilə yeni mərhələ başlandı. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi Azərbaycan mediasının inkişaf tarixində dönüş nöqtəsi oldu. Bu qərar ölkəmizdə azad mətbuatın formalaşmasının əsas hüquqi təminatlarından biri kimi tarixə düşdü.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə medianın hüquqi bazası təkmilləşdirilib, Medianın İnkişafı Agentliyi yaradılıb, "Media haqqında" Qanun qəbul edilib, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, güzəştli ipoteka imkanlarının yaradılması, media subyektlərinə vergi güzəştlərinin tətbiqi kimi mühüm qərarlar qəbul olunub. Bütün bunlar Azərbaycan dövlətinin medianı cəmiyyətin strateji institutlarından biri kimi qiymətləndirdiyini açıq şəkildə göstərir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, "Mətbuat qərəzsiz olmalı, çevik, operativ fəaliyyət göstərməli, insanları məlumatlarla tam şəkildə təmin etməlidir." Bu gün Azərbaycan mediası məhz peşəkarlıq, operativlik və milli maraqların müdafiəsi baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub.
Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrin sürətli inkişafı, süni intellekt texnologiyalarının yayılması, saxta xəbərlərin və dezinformasiyanın geniş vüsət alması medianın məsuliyyətini daha da artırır. Bu şəraitdə jurnalistin əsas vəzifəsi təkcə xəbəri ilk çatdırmaq deyil, doğru, dəqiq, obyektiv və yoxlanılmış informasiyanı cəmiyyətə təqdim etməkdir.
44 günlük Vətən müharibəsi və sonrakı dövr Azərbaycan jurnalistikasının peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Media nümayəndələri informasiya cəbhəsində böyük fədakarlıq göstərərək Ermənistanın dezinformasiya kampaniyalarına qarşı mübarizə apardılar, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdılar. Bir çox jurnalistlərin cəbhə bölgəsində çalışması onların peşəsinə və dövlətinə sədaqətinin bariz nümunəsi oldu.
İşğaldan azad edilən torpaqlara mütəmadi media nümayəndələri dəvət edilir. Şuşa təkcə mədəniyyət paytaxtımız deyil, həm də beynəlxalq media dialoqunun mərkəzlərindən birinə çevrilib. IV Şuşa Qlobal Media Forumunda dünyanın onlarla ölkəsindən media nümayəndələrinin iştirakı Azərbaycanın beynəlxalq informasiya siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Forumda sülhün təşviqi, dezinformasiyaya qarşı mübarizə, media etikası, süni intellekt dövründə məsuliyyətli jurnalistika və informasiya təhlükəsizliyi kimi aktual məsələlərin müzakirə olunması Azərbaycanın qlobal media gündəliyinin formalaşmasında fəal iştirak etdiyini təsdiqləyir.
Milli mətbuatımızın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, yubiley medalının təsis edilməsi, jurnalist əməyinə verilən yüksək qiymət, həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifə milli maraqları hər zaman üstün tutmaq, dövlətçilik dəyərlərini qorumaq, cəmiyyətdə sağlam informasiya mühiti formalaşdırmaq, gənc nəslin media savadlılığını artırmaq, dezinformasiyaya qarşı prinsipial mövqe nümayiş etdirmək və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə daha güclü çatdırmaqdır.
22 İyul - Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, operatorları, fotojurnalistləri və bu məsuliyyətli peşəyə ömrünü həsr edən hər kəsi səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, obyektivlik, prinsipiallıq və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.
151 il şərəfli yol keçmiş Azərbaycan milli mətbuatı bundan sonra da dövlətimizin maraqlarının müdafiəsində, cəmiyyətimizin maarifləndirilməsində, milli həmrəyliyin möhkəmləndirilməsində və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsində öz tarixi missiyasını layiqincə davam etdirəcək.

Məşhur Məmmədov
Milli Məclisin deputatı
www.AzadMedia.az

2026-07-21 14:43:00
781 baxış

Digər xəbərlər

“Nyu-York merinin anti-türk paylaşımına yalnız Azərbaycan deyil, bütün türk dünyası etirazını bildirməlidir”

Cəlil Xəlilov: “1915-ci il hadisələrində qətliama məruz qalan ermənilər yox, türklər olub”  “Nyu-York meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlərinə yalnız Azərbaycan deyil, bütün türk dünyası öz etirazını bildirməli, sərt mövqe sərgiləməlidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.  Polkovnik qeyd edib ki, Zohran Kvame Mamdani 1915-ci il hadisələri ilə bağlı “X” platformasında tarixi həqiqətləri təhrif edilmiş formada təqdim edib ki, bu da yolverilməzdir:  “Zohran Kvame Mamdaninin “X” platformasındakı paylaşımında 1915-ci il hadisələrinə tamamilə yanlış şəkildə, erməni diasporunun maraqları aspektindən yanaşdığı, tarixi  həqiqətləri kobud surətdə təhrif etdiyi göz önündədir. Heç kimə sirr deyil ki, 1915-ci ildə Osmanlı dövlətinin başının I Dünya müharibəsinə qarışmasından istifadə edən ermənilər, türklərə qarşı qətliam törədib, qadınları, uşaqları, mülki insanları amansızcasına qətlə yetiriblər. Yəni 1915-ci il olaylarında ermənilər qurban deyil, qatil rolunda çıxış ediblər. Belə olan halda, erməniləri 1915-ci il olaylarının qurbanı kimi təqdim etmək sadəcə tarixi həqiqətə deyil, həm də əxlaqa və mənəviyyata ziddir.  Hesab edirəm ki, Nyu-York şəhər merinin 1915-ci il olayları ilə bağlı paylaşımı türk dünyasına atılan ləkədır və bu yalana qarşı yalnız Azərbaycan deyil, bütün türk dünyası öz etirazını ortaya qoymalıdır. Türk xalqlarının böyük ziyalıları, ictimai-siyasi xadimləri, QHT təmsilçiləri, media nümayəndələri Nyu-York merinin yalanını ifşa etməli, bu cür təxribatçı fikirlərin ABŞ-la türk dövlətləri arasındakı münasibətlərə yalnız xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırmalıdır.  2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün atdığı addımlar da Zohran Kvame Mamdani tərəfindən təhrif olunmuş şəkildə təqdim olunub, Nyu-York meri bu məsələdə də açıq-aşkar birtərəfli və qərəzli mövqe tutub. Maraqlıdır ki, Nyu-York meri bu paylaşımını Azərbaycanla Ermənistan arasında de-fakto sülhün mövcud olduğu, ikitətərfli münasibətlərin yaxşılaşmağa başladığı, sülh müqaviləsinin imzalanması üçün əlverişli zəminin formalaşdığı bir dönəmdə yayımlayıb ki, bu da özlüyündə ciddi suallar doğurur. Maraqlıdır, Zohran Kvame Mamdaninin belə həssas bir mqəamda bu cür qızışdırıcı və təxribatçı mövqe ortaya qoyması kimin və ya kimlərin marağına xidmət edir? Nyu-York meri bununla, həm də Prezident Donald Trampın siyasətinə qarşı çıxdığını anlayırmı? Xatırladaq ki, dövlətimizin beynəlxalq hüquqla təsbit edilən öz suverenliyini qorumaq cəhdini tənqiq edən Nyu-York meri, nədənsə uzun illər ərzində ermənilərin xalqımzı qarşı həyata keçirdiyi soyqırımı və işğal siyasətinə nəzər salmağa “lüzum görməyib”. Halbuki, bir tək Xocalı soyqırımı ermənilərin Azərbaycan və bütövlükdə türk dünyasına, ümumilikdə, insanlığa qarşı necə böyük cinayətlər törətdiyinə nümunədir. Bu həqiqətlərin də yalnız Azərbaycan deyil, bütün türk dünyası tərəfindən dilə gətirilməsi vacibdir və inanıram ki, yaxın gələcəkdə biz bu və bu kimi məsələlərdə türk dövlətlərinin daha koordinasiyalı fəaliyətinə şahid olacağıq”. Seymur ƏLİYEV

Hamısını oxu
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının ildönümüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib.M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub.Həmin gecə - 18 iyun tarixində Azərbaycan giziri səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilib.   

Hamısını oxu
“General Abbasəli Novruzov Sərhəd Qoşunlarımızın formalaşmasında böyük rol oynayıb”

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov bu gün səhər 89 yaşında vəfat edib.  Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Abbasəli Novruzovla bağlı xatirələrini dilə gətirib, onun Sərhəd Qoşunlarının formalaşmasındakı əməyindən söz açıb: “Abbasəli Novruzov Azərbaycan hərb tarixinin böyük şəxsiyyətlərindən biri olub. Uzun illər SSRİ-nin Sərhəd Qoçşunlarında xidmət edən Abbasəli Novruzov hələ sovet dönəmində ən təcrbəli sərhədçilərdən biri hesab edilir, ona böyük etimad göstərilirdi. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra sərhədlərimizin etibarlı mühafizəsi məsələsi ciddi aktuallıq kəsb etməyə başladı. Xatırladım ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahədə vəziyyət həqiqətən də ağır idi. Köhnə sərhədlər dağılmış, yeni sərhədlər isə tam formalaşmamışdı. Müstəqil Azərbaycanın sərhədlərinin möhkəmlənməsi, bu sərhədlərin təhlkəsizliyinin təmin edilməsi böyük maddi vəsait, xüsusi texniki vasitələr, müasir müşahidə sistemləri və s. ilə yanaşı, həm də zəngin təcrbəyə malik mütəxəssislər, peşəkar sərhədçilər tələb edirdi. Abbasəli Novruzov məhz bu cür – xüsusi peşəkarlığa və böyük təcrübəyə malik sərhədçi idi. Buna görə də Ümummilli Lider Heydər Əliyev 1994-cü il aprelin 8-də Abbasəli Novruzovu Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin etdi və o, 2001-ci ilə qədər bu vəzifəni layiqincə yerinə yetirdi. Abbasəli Novruzov Sərhəd Qoşunlarının komandanı təyin ediləndə Azərbaycanın nə Rusiya, nə də Gürcüstanla sərhədləri yox idi. Hər iki dövlətlə sərhədlərin müəyyən edilməsində də Abbasəli Novruzovun böyük rolu oldu. Abbasəli Novruzov qısa zamanda sərhədyanı dövlətlərin sərhədçiləri ilə dostluq və əməkdaşlıq münasibətləri yaratdı ki, bu da həm Azərbaycan, həm də həmin dövlətlərin sərhəd təhlükəsizliyinin etibarlı təmininə töhfə verdi.   Mənim Abbasəli Novruzovla bağlı xatirələrim çoxdur. Çünki mən uzun müddət Abbasəli Novruzovun müavini olmuşam, bilavasitə onun tapşırıq və göstərişlərini yerinə yetirmişəm. Abbasəli Novruzovla gündəlik təmas mənə onun şəxsiyyətini dərindən öyrənməyə, onu daha yaxından müşahidə etməyə imkan verib. Abbasəli Novruzov sərhədçi peşəsinin sirlərinə dərindən bələd olan əsl mütəxəssis olmaqla yanaşı, həm də neqativ hallara qarşı barışmazlığı ilə tanınırdı. Onun komandanlığı dönəmində Sərhəd Qoşunlarında ən xırda neqativ hallarla bağlı belə sərt tədbirlər görülür, ciddi təftiş və araşdırmalar aparılırdı. Abbasəli Novruzov bildirirdi ki, sərhərçi peşəsi müqəddəsdir və bu peşəni gözdən salan istənilən hərəkət bağışlanmamalıdır. Məhz Abbasəli Novruzovun prinsipiallığı və sərt nəzarət sistemi nəticəsində Sərhəd Qoşunlarında şəffaflıq təmin edilmiş, sağlam münasibətlər bərqərar olmuşdur. Onun sərhədlərimizin mühafizəsində tətbiq etdiyi bəzi yeniliklər bu gün də öz aktuallığını və effektivliyini qorumaqdadır. Abbasəli Novruzov dövlət qarşısındakı xidmətlərinə görə çoxsaylı mükafatlarla təltuf edilib ki, bunların sırasında “Şöhrət” ordeni də var. General Abbasəli Novruzovun vəfatını bütün xalqımız üçün böyük itki hesab edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bundan böyük kədər duyduğumuzu bildirir, mərhumun yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
"SOS" MMC fəaliyyətinə dair hesabat tədbiri keçirib

Peşəkar mühafizə xidməti “Security Operation Services” MMC 31.01.2025-ci il tarixdə xidməti fəaliyyətin yekunlarına dair hesabat-məruzə keçirmişdir.  Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında baş tutan tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov tədbirə dəvət olunan qonaqları salamlayıb, bu dövr ərzində rəhbəri olduğu təşkilatın uğurlarından, nailiyyətlərindən söz açmış, dövlət əhəmiyyətli sosial layihələri istiqamətində görülən işlərin önəmini diqqətə çatdırmışdır.  Ardınca MMC-nin direktorunun müşaviri xidməti fəaliyyətin nəticələrinə dair iştirakçılara, qonaqlara məlumat vermiş, cəmiyyət tərəfindən hesabat dövrü ərzində görülmüş işlər və sosial layihələri əks elətdirən videoçarx nümayiş olunmuşdur.  Bundan sonra A. Məmmədov dəvət olunan qonaqlar - millət vəkili Vüqar Rəhimzadəni, SOCAR-ın Baş ofisinin şöbə rəisi Cavad Tınayevi, Təhlükəsizlik idarəsinin rəis müavini Şaiq Osmanovu, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovu, SOCAR "Downstream Management" (SDM) nümayəndəsi Tural Səfərlini, portnyorlardan "Rabitəban"kın şöbə müdürü Nəbi Əhmədovu, “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmlini, “Gününs.info” saytının rəhbəri Pərviz Həşimlini hesabat dövrü ərzində birgə əməkdaşlığa görə xüsusi plaketlə təltif etmişdir.  Tədbirin sonunda A.Məmmədov və C.Xəlilov tərəfindən üzvülüyə yeni qəbul olunmuş vətən müharibəsi iştirakçıları olan mühafizəçilər - Əliyev Mehman Mayıl oğluna, İsgəndərov Pərvin Qorxmaz oğluna, İsmayılov Qurbanəli Çingiz oğluna Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının vəsiqələri təqdim edilmişdir.  Hesabat dövründə xidməti fəaliyyəti nəzərə alınmaqla MMC-nin 15 saylı komandası ilin komandası seçilmiş, 28 dekabr "Vəkil günü" ilə əlaqədar əməkdaşlardan müşavir Şücaəddin Bağırov, "veteranlar təşkilatı ilə sıx əməkdaşlığa" görə Mürsəl Süleymanov, Fərid Həsənov, "səmərəli fəaliyyətinə" görə idarəetmə aparatı üzrə Natiq Əliyev, Niyazi Cəfərov, xidmət sahəsinin növbətçiləri Fuad Məmmədli, Xanlar Nəsirov, komanda rəisinin müavinləri Ülfət Süleymanov, Cavanşir Babayev, Müşfiq Tağıyev, Məmməd Abdullayev, Toğrul Hacızadə, növbə rəisləri Dövlət Dövlətzadə, Nuran Bünyadlı, Orxan Bağırov, Kənan Atayev, Orxan Məmmədov, Ehtiram Cahangirov, mühafizəçilər Faiq Qasımov, Tərlan Qəniyev, İman Quliyev, Cəmil Quliyev, Emil Nuriyev, Pərvin Mehdizadə, Röyal Rzayev, Anar Həsənov, Adil Abbasov və Rövşən Əliyev fəxri fərmanlarla təltif olunmuşdurlar.  

Hamısını oxu