Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi polkovnik Cəlil Xəlilovu ad günü münsibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert,  polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib. 

 

 

2026-08-09 17:05:00
662 baxış

Digər xəbərlər

Azərbaycanla təhdid dili ilə danışmaq mənasızdır.

İran ölkəmizə qarşı təxribatlara son qoymalı, beynəlxalq hüquqa hörmət etməlidir. İranın davranışları iki ölkə arasındakı qonşuluq münasibətlərinə zidd olmaqla yanaşı, beynəlxalq qanunlara da ziddir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. “Məlum olduğu kimi, bu ilin martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub ki, bu da Azərbaycana qarşı açıq təxribat, əzələ nümayişi deməkdir. Xatırladım ki, İran bundan əvvəl də ölkəmizə qarşı təxribat xarakterli addımlar atıb, qeyri-dost mövqe nümayiş etdirib. Lakin Azərbaycan, demək olar ki, hər dəfə İranın bu davranışına səbirlə yanaşıb, bütün bu təxribatlara özünəməxsus müdriklik və soyuqqanlılıqla cavab verib. Fəqət İranın 11 mart tarixli təxribatı rəsmi Tehranın ölkəmizə qarşı düşmənçilik münasibətinə son qoymaq istəmədiyini göstərir. Bu isə Azərbaycanı cavab tədbirləri görmək məcburiyyəti qarşısında qoyur. İran anlamalıdır ki, Azərbaycanla təhdid dili ilə danışmaq, ona təzyiq göstərməyə cəhd etmək mənasızdır. Bu günə qədər heç bir dövlət bu yolla nəyəsə nail ola, Azərbaycanın iradəsinə təsir göstərə bilməyib. İran da bu dövlətlərin arasında istisna təşkil etmir. Azərbaycanın hər cür təzyiq və təxribata lazımınca cavab verəcək gücü var və 44 günlük Vətən müharibəsi bunun ən bariz isbatıdır”, - deyə polkovnik Cəlil Xəlilov bildirib.

Hamısını oxu
Əliyevin müşaviri: Ermənistanda vur əmrini mən verdim... - İlk dəfə

O, Sovet ordusunda general-polkovnik rütbəsinə qədər yüksələn ilk və yeganə azərbaycanlıdır. Reyxstaqın divarlarına “Mən Bakıdanam. Leytenant Ağahüseynov” sözünü yazan məhz o olub. Sonralar o, Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi işləyib. Axar.az Qırmızı Ulduz və biri “Şöhrət” ordeni olmaqla, 23 medal və 8 ordenin kavaleri, Zaqafqaziya Hərbi Dairəsinin HHM qüvvələri komandanı, hazırda Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, bir neçə gün öncə 97 yaşını qeyd edən canlı əfsanə Tofiq Yaqub oğlu Ağahüseynovla müsahibəni təqdim edir: - Böyük Vətən müharibəsi dövründə vəzifəniz düşmənin hava qüvvələrinin kəşfiyyatı, müttəfiqlərin strateji nöqtələrinin hava hücumundan müdafiəsi idi. Bütün bunların öhdəsindən necə gəlirdiniz? Serjantlıqdan general-polkovnikə gedən yolunuz barədə danışın, mümkünsə. - Müharibənin başlaması həyatımda dönüş nöqtəsi oldu. O vaxtlar mən tələbə - cavan, arıq bir oğlan idim. Hərbi xidmətə çağırıldım, hərbi komissarlıq isə məni Zenit Artilleriya Məktəbinə göndərdi. Yarım illik sürətləndirilmiş təlimdən sonra mən artıq döyüş tapşırıqlarına hazır idim. Məni şimala göndərdilər. Azərbaycandan olduğum üçün soyuğa öyrəşmək çox çətin idi. Bizim zenit-artilleriya divizionunun vəzifəsi müttəfiqlər üçün strateji cəhətdən əhəmiyyətli olan Arxangelsk limanını müdafiə etmək idi. Mən tağım komandiri idim. Onlar bombalayırdılar, biz isə dəf edirdik. Daha sonra divizionumuzu ən vacib strateji nöqtələrə göndərirdilər. Bir qədər sonra bizi artıq Jukovun rəhbərlik etdiyi Birinci Belarus Cəbhəsinin tərkibinə daxil etdilər. Mən bir çox mühüm əməliyyatlarda iştirak etmişəm, lakin Varşava və əlbəttə ki, Berlin əməliyyatı daha çox yaddaşıma həkk olunub, çünki məhz bu döyüş tapşırığını yerinə yetirməklə biz faşist Almaniyası üzərində gözlədiyimiz qələbəni qazana bildik. - Berlin əməliyyatı haqda danışa bilərsinizmi? - Berlin strateji hücum əməliyyatı 16 aprel tarixində başladı. Bizim zenit-artilleriya divizionumuzun da daxil olduğu Birinci Belarus Cəbhəsinin vəzifəsi Almaniyanın paytaxtı Berlin şəhərini ələ keçirmək idi. Bir çox döyüş tapşırıqları var idi və mən o vaxt üçün artıq divizion qərargahının rəis köməkçisi idim. Mənə ən çətin döyüş tapşırıqları həvalə olunurdu. Mən divizion üçün yeni dislokasiya yerləri formalaşdırmalı idim. Sadə dillə desək, divizion qalırdı, mən isə öndə gedirdim və yeni dislokasiya yeri axtarırdım. Məhz bu səbəbdən Berlinə qədər gedib çıxdım. May ayının 2-si idi. Həmin günü heç vaxt unutmayacağam. Döyüşlər davam edirdi, amma nizamlı alman qoşunlarının müxtəlif məhəllələrdə və binalarda artıq ağ bayraq asmaları görünürdü. Onlar da bizim kimi bu işin sona doğru getdiyini anlayırdılar. Mən Reyxstaqa hücumda birbaşa iştirak etməmişdim, amma hücum edənləri mühafizə edən şəxs idim. Reyxstaqa demək olar ki, bir batalyon hücum edirdi. Bu barədə bütün digər məlumatlar yanlışdır. Hər şey gözlərimin önündə baş verirdi. Mən Reyxstaqı görəndə, o yarıdağılmış vəziyyətdə idi, amma günbəz özü bütöv idi. O, olduqca iri bina idi. Mən piyada qoşunlarımızın Reyxstaqın divarlarında öz adlarını yazdıqlarını görürdüm. Mən də yaxınlaşdım və orada böyük hərflərlə “Mən Bakıdanam. Leytenant Ağahüseynov” sözlərini yazdım... O hisslərimi sözlə ifadə etmək çox çətindir. Müharibədən sonrakı dövrlərdə siz sovet ordusunda xidməti davam etdirdiniz, sonra isə sərhədləri Türkmənistanı, Azərbaycanı, Gürcüstanı, Ermənistanı, daha sonra Qara dəniz və Rostova qədər əraziləri əhatə edən dairə komandanının vəzifələrini icra etdiniz. Siz bu böyük ərazinin hava hücumundan müdafiəsini təmin edirdiniz. Bu xalqların nümayəndələri ilə, xüsusən də ermənilərlə tez-tez qarşılaşırdınızmı? Hər hansı bir qeyri-adi hallar olurdumu? - Təbii ki! Mən tabeçiliyimdə müxtəlif respublikalardan olan minlərlə hərbi qulluqçunun olduğu batalyona rəhbərlik edirdim. Biz hamımız sıxılmış bir yumruq kimi idik. Heç kəs əsgərləri milliyyətinə görə ayırmırdı. Bizim bir vətənimiz və bir ümumi məqsədimiz var idi. Xalqların məhz bu dostluğu sayəsində biz faşistlərin simasında çox güclü bir düşməni məğlub edə bildik. Bu ölkələrin keşiyində durmaq mənim üçün şərəf idi. Ermənilər də daxil olmaqla, mənim bir çox hərbi xidmət yoldaşım olub. Böyük Vətən müharibəsi dövründə biz onlarla çiyin-çiyinə döyüşürdük. Sonrakı illərə gəlincə isə hazırda tanınmış bir çox insan mənim divizionumdan keçib. Bizim Ermənistanda raket briqadamız dayanırdı, mən tez-tez ora getməli olurdum. Mən çox vaxt Ermənistanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Dəmirçyanla görüşürdüm. O, çox şən adam idi, lətifələri sevirdi. Baqramyanın bacısı oğlu general Tadevosyan o vaxtlar Ermənistanın OADKYC-nin (DOSAAF) sədri idi. Onunla tez-tez söhbətlər edirdik. Bir dəfə Ermənistanda başıma qeyri-adi hadisə gəldi. Dairə komandanı məzuniyyətdə idi. Ermənistan istiqamətində hava sərhədinin pozulması hadisəsi baş verdi. Mən həmin hərbi təyyarənin vurulması əmrini verməli oldum. Böyük bir qalmaqal yarandı. Bu hadisə barədə Moskvaya da xəbər çatdı, komissiya gəldi. Söhbətlər Brejnevə çatanda, o, mənim hərəkətlərimə haqq qazandırmışdı, çünki hər şeyi protokola uyğun olaraq yerinə yetirmişdim. Bu, Argentinadan uçan hərbi təyyarə idi. Bu məsələyə məxfilik qrifi qoyulmuşdu və onun da müddəti 2010-cu ildə bitib. Bu hadisə barədə heç kəs heç nə bilmir... Bu günə qədər də bilmirdilər... İndi biləcəklər (gülür - red.). Biz hava məkanını pozan bu hərbi təyyarənin məqsədinin nə olduğunu bilmirdik, lakin Xirosima və Naqasakidəki hadisədən sonra bizə dəqiq göstərişlər verilmişdi. Mənim dairəmdə xidmət keçmiş, hazırda Azərbaycanda tanınan şəxsiyyətlərə gəldikdə isə, misal üçün, Azərbaycan Respublikasının baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun adını çəkə bilərəm. O, mənim yanımda serjant kimi xidmət edirdi. Ölkəmizin yeni Baş naziri Əli Əsədov isə mənim sıravi əsgərim idi. - Bir yerdə xidmət etdiyiniz yoldaşlarınızın və həmkarlarınızın arasında ermənilərin də olduğunu nəzərə alsaq, bu gün həmin ölkədə Qaregin Njdenin simasında nasist tərəfdaşlarının qəhrəmanlaşdırıldığını görəndə nə hisslər keçirirsiniz? Bunu qəbul etmək çox ağırdır. Qeyd etmək lazımdır ki, bu fakta ilk diqqət yetirənlərdən biri biz olmuşuq və dərhal da işə başladıq. Ermənilərin, konkret olaraq Sovet qüvvələrinə qarşı Hitler qoşunlarının tərəfində döyüşən bir adamın - Njdenin qəhramanlaşdırmasına yol vermək olmazdı. Biz veteranlar təşkilatımızın adından Rusiya XİN-ə məktublar yazdıq. Moskvada Njdenin heykəlinin qoyulması məsələsi həmişəlik bağlanıb, amma buna baxmayaraq, Ermənistanda ona heykəl qoyuldu. Bu məsələdə ermənilərin məntiqini anlaya bilmirəm. Bununla onlar Sovet ordusu sıralarında xidmət edən elə öz hərbi rəhbərlərinin xatirəsinə hörmətsizlik edirlər. Baqramyana və yanında Njdeyə heykəlin qoyulması sadəcə axmaqlıqdır. Axı onlar biri-birilərinə qarşı vuruşurdular... Ardı var...

Hamısını oxu
Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Tuğ kəndini gəzib və ictimaiyyət nümayəndələri ilə söhbət edib. Prezident İlham Əliyev: Tuğ kəndinə xoş gəlmisiniz. Sakinlər: Çox sağ olun. Prezident İlham Əliyev: Görün, nə günə salıblar. Sakin: Bəli, bu bina 1961-ci ildə tikilib. Prezident İlham Əliyev: Bu, mədəniyyət evi olub? Sakin: Bəli, burada Ağa bəy Məlikaslanovun mülkü olub. Digər sakin: Çox gözəl asfalt yol da çəkilib, məəttəl qalası işdir, qısa müddətdə elə bil ki, biz başqa bir kəndə gəlmişik. Prezident İlham Əliyev: Yox, hələ bu, müvəqqətidir. Əsaslı işlər bundan sonra görüləcək. Amma evləri görürsünüz, bütün evlər yarıdağılmış vəziyyətdədir. Sakin: Bizim evi yandırıblar, o tərəfdədir. Azərbaycanlıların evlərini yandırıblar. Prezident İlham Əliyev: Bu, məktəb olub? Sakin: Bəli, məktəb, yanında da bağça. Digər sakin: Cənab Prezident, mən bu məktəbdə oxumuşam. Bura da mənim babamın evidir. Baxın, bu həyət mənim babamındır. Buradan buraya məktəbə gəlmişəm. O da Sadıq bəyin evidir. Bu, Mahmud bəy Məlikaslanovun evidir. Prezident İlham Əliyev: Hansı? Bu? Sakin: Bəli, bu ev. Ermənilər onu sökməyiblər, yaşayırdılar. Digər sakin: Cənab Prezident, burada məktəb 1885-ci ildə olub. Prezident İlham Əliyev: Bilirəm, bu, qədim məktəbdir. Sakin: Sizin Sərəncamınızla 2010-cu ildə məktəbin 125 illiyini qeyd etmişik. Məktəb işğal dövründə ermənilər tərəfindən dağılıb. Bayaq bir söz dediniz, burada bulaqlar da quruyub. Bax, bu bulaq quruyub. Prezident İlham Əliyev: Hamısı quruyub. Sakinlər: Bəli, bulaq var idi quruyub. Prezident İlham Əliyev: Burada da bulaq var idi? Sakinlər: Yuxarıdakı bulaq quruyub. Bunlar nə gündə yaşayıblar. İndi buna baxsınlar, təkcə ermənilər deyil, onları müdafiə edənlər də utansınlar. Prezident İlham Əliyev: Elə mən də onu deyirəm. Buranın xüsusi bir iqlimi var. Buraya gəlirsiniz, heç bir səs də yoxdur. Mən birinci dəfə gələndə baxırdıq, tamaşa edirdik, quşlar oxuyur, güllər, sakitlik. Elə bil ki, cənnət bir yerdir. Sakin: Cənab Prezident, Siz abidələrə xüsusi diqqət yetirirsiniz. Xocavəndin bir hissəsində “Dədə Qorqud” dastanında adı çəkilən Qaraca Çobanın qəbri var. Qaraçuğ dağı var. Dastanda Salur Qazandan danışılanda “Qaraçuğun aslanı” adı keçir. Onun qəbri bu ərazidədir, Nərgiztəpədə. Onu qoruyub saxlamışdıq. O vaxt onları vermədik. Prezident İlham Əliyev: O bizdədir. Sakin: Ulu Öndər saxladı, 1994-cü ildə aprel ayının 10-da. Çox müqəddəs gün idi. Prezident İlham Əliyev: Bilirəm, gəlmişik. Qadın sakin: Cənab Prezident, buranı qədim irs kimi qorumaq lazımdır. Prezident İlham Əliyev: Tuğun, ümumiyyətlə, bərpa konsepsiyası ayrıca hazırlanır. O, sonra təqdim olunacaq. Bütün bunları da dağıdıblar. Yəqin bunlar azərbaycanlıların evləri olub. Sakinlər: Azərbaycanlıların evləri idi. Dağılan evlərin hamısı azərbaycanlılarındır. Cənab Prezident, bu aşağıdakı ev mənim müəllimimin evi idi. Həmin müəllim sovet-alman müharibəsində döyüşmüş, partizanlara qoşulmuş, haqqında hətta Fransa Prezidentinin məktubu, təşəkkürnaməsi olan bir müəllim idi. Prezident İlham Əliyev: Məktəb aşağıdakıdır? Sonra tikilmişdi. Sakin: Ulu Öndər 1969-cu ildə gələndən sonra keçmiş Dağlıq Qarabağın bütün Azərbaycan yaşayış məntəqələrində ən müasir tipli məktəblər, mədəniyyət evləri tikilib. Ona qədər məktəblər çox bərbad vəziyyətdə idi. Digər sakin: Üzr istəyirəm, cənab Prezident. Mən şairəm və Siz mənə “Azərbaycanın Əməkdar jurnalisti” adını vermisiniz. Mənim bu günlərdə yazdığım şeirin son bəndi belədir: Xoşbəxtliklə dolub indi baxışlar, Zəfər yaşadır bu anları. Bizim dilimizdən qopan alqışlar, Sizə duaçıdır azərbaycanlılar. Prezident İlham Əliyev: Çox sağ olun. Gəlin şəkil çəkdirək. Sakin: Möhtərəm Prezident, fikir verirsiniz, bax, o üstdəki ev təzə tikilib. Prezident İlham Əliyev: Bəli. Sakin: Qıraqdakıların hamısını xaçlarla dəyişdiriblər. O köhnə daşlarla uyğun gəlmir. Fikir verirsiniz? Prezident İlham Əliyev: Hünərli kəndindəki, keçmiş Çakuri kəndindəki kilsəni, həmçinin. Onlar onun giriş hissəsini yeni daşlarla “bəzəyiblər”, hamısı da saxta. Sakinlər: Tarixboyu elə ediblər. Ancaq bunu sübut etmək çox da çətin deyil, şəkillər var. Prezident İlham Əliyev: Alimləri, beynəlxalq ekspertləri gətirəcəyik. Sakin: Təşəkkür edirik. Lahıc çox gözəl bərpa olunub, bir muzey kimi bərpa olunub. Prezident İlham Əliyev: Basqal kəndi də qədim kənddir. Mən göstəriş vermişəm, xüsusi Sərəncam da imzalandı. Ora da belə tarixi-mədəni abidə kimi qorunacaq. Tuğ da o səviyyəli, yəni, tarix baxımından çox qədim və önəmli bir yerdir. Sakinlər: Çox sağ olun, cənab Prezident. Sakin: Baxın, buradan bizim o məzarlıqda ağac görünür, o ağacın altında “Qarabağnamə”nin ilk müəlliflərindən biri Mirmehdi Xəzani dəfn olunub. Prezident İlham Əliyev: Ora qəbiristanlıqdır? Sakin: Bəli. Azərbaycanlıların qəbiristanlığıdır. Cənab Prezident, biz təxminən iki ay əvvəl orada olduq. Bizim dədə-baba qəbirlərimizdən heç nə qalmayıb. Daşların hamısını götürüb aparıblar, çətin tapırdıq. Şükür Allaha ki, Mirmehdi Xəzaninin məzarı hələ qalıb. Digər sakin: Cənab Prezident, bu bölgələrdə Qafqazın qiymətli suya malik bulaqları var. Prezident İlham Əliyev: Yəqin ki, sonra burada istehsalat sahələri də yaradılacaq – təmiz su istehsalı. Bu tarixi binaların hamısı konservasiya olunacaq. Yol da çəkilir, hava limanı da var. Sakin: Gözəl yollar çəkilir. Prezident İlham Əliyev: Burada turizm yerləri, sanatoriyalar yaradılacaq. Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür. Sakin: Buraya çoxlu insanlar gələcək. Bu, elə-belə kənd deyil. Buradan çıxan adamlar çoxdur. İşğala qədər Tuğun əhalisi 4800 nəfər olub. Sizə deyim ki, bəlkə də bir üç o qədər də buradan xaricə gedib. Özü də buranın camaatı da çox savadlı olub. Prezident İlham Əliyev: Savadlı insanlar olublar. Mədəni mərkəz olub. Adi kənd deyil, tarixini bilirəm. Sakin: Buranın tutu Şax tut adlanır. Bu tutun çox nadir, müalicəvi təsiri var. Prezident İlham Əliyev: Ümumiyyətlə, bu bölgənin xüsusi təbii gözəlliyi və saflığı var. Məsələn, yəqin ki, görmüsünüz, Kəlbəcərdə mənə iki pətək bal bağışladılar. Təbii çiçək qoxusu verir. Necə deyərlər, nadir təbii bərəkət var. Sudur, havadır. Sakin: Fəxr edirdik ki, bizim Prezidentimiz ensiklopedik məlumata malikdir. Biz fəxr edirik ki, xarici jurnalistlərlə onların öz dilində onlardan da yaxşı danışırsınız. Rəhmətlik Heydər Əliyev çıxış edirdi, - Allah ona qəni-qəni rəhmət eləsin, - mənim anam bütün günü ona baxırdı. Deyirdi ki, çox savadlı, həm də yaraşıqlıdır. İndi Sizin o çıxışlarınız, duruşunuz, qəhrəman cüssəniz millətə ümid verir, onu yaşadır. Prezident İlham Əliyev: Sağ olun, salamat qalın, tez-tez görüşəcəyik burada. Tədbirlər çox olacaq, açılışlar çox olacaq, görüşəcəyik sizinlə. Sakinlər: İnşallah, sağ olun, var olun. Allah Sizə cansağlığı versin. Çox sağ olun.

Hamısını oxu
“Füzuli hava limanının inşası dövlətimizin həm iqtisadi qüdrətindən, həm də siyasi əzmindən xəbər verir”

Tamam Cəfərova: “Bu hava limanının inşası hərbi baxımdan da mühüm əhəmiyyətə malikdir”   “Füzuli hava limanının inşası dövlətimizin həm iqtisadi qüdrətindən, həm də siyasi əzmindən xəbər verir”.   Bunu Veteran.gov.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova bildirib. Millət vəkili bildirib ki, bu tarixi uğur dövlətimizin qarşısına qoyduğu bütün hədəflərə çatmaqda nə qədər prinsipial olduğunu göstərdi:   “Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızda böyük dağıntı və talanalr həyata keçirdiyi məlumdur. Bri qərinəyə yaxın müddət ərzində işğalda saxladığı ərazilərin ona aid olduğunu iddia edən, buna rəğmən daşı-daş üstündə qoymayan Ermənistandan fərqli olaraq, Azərbaycan müharibə başa çatar-çatmaz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda böyük quruculuq işlərinə start verdi. Füzuli hava limanının inşası da bu mühüm layihələrdən biridir. Azərbaycan bu layihəni uğurla başa çatdırmaqla sadəcə Ermənistan və onun havadarlarına deyil, eləcə də bütün dünyaya sübut etdi ki, iqtisadi baxımdan güclü olmaqla yanaşı, siyasi baxımdan da son dərəcə qətiyyətlidir və qarşısna qoyduğu bütün məqsədlərə çatmaqda qərarlıdır”.   Millət vəkili qeyd edib ki, post-müharibə dönəmi Azərbaycan və Ermənistan iqtisadiyyatı arasındakı fərqi bir daha ortaya qoydu:   “Post-müharibə dönəmindən dərhal sonra işğaldan azad edilən ərazilərdə böyük bərpa-tikinti və quruculuq işlərinə start verən Azərbaycan, eyni vaxtda demək oalr ki, azad edilən bütün rayonlarda böyük layihələr həyata keçirməkdədir. Hansı ki, dünya təcrübəsi sübut edir ki, böyük maliyyə resursu tələb edən müharibədən sonra böyük iqtisadi layihələr reallaşdırmaq hər bir dövlət üçün kifayət qədər çətin olur. Azərbaycan isə müharibədən sonra böyük maliyyə vəsaiti tələb edən mühüm iqtisadi layihələrin icrasını həyata keçirməklə, iqtisadi baxımdan nə qədər güclü olduğunu bir daha sübut etdi. Bu gün işğaldan azad edilən ərazilərdə böyük layihələr imza atan Azərbaycanın uğuruları fonunda Ermənistan tərəfinin vəziyyəti xüsusilə acınacaqlı görünür. Nəinki hansısa iqtisadi layihə həyata keçirməyə, hətta yaşlı vətəndaşlarının pensiyasını, sosial müavinətini ödəməyə gücü olmayan Ermənistan, iqtisadi-maliyyə baxımından da iflic durumdadır. Ermənistan vətəndaşları açıq şəkildə Azərbaycan vətədnaşlığını qəbul etməyə hazır olduqlarını bildirir, bunun qarşılığında sadəcə iş tələb edirlər. Çünki sadə ermənilər də anlayır ki, Azərbaycan dövlətinin iqtisadi gücü bütün sosial problemləri yüksək səviyyədə həll etməyə, vətəndaşların sosial rifahını yüksəltməyə qadirdir”.   Tamam Cəfərova bildirib ki, Füzuli hava limanı bölgədə iqtisadiyyat və turizmin inkişafına təkan verməklə yanaşı, ölkəmizin hərbi potensialını da gücləndirəcək:   “Füzuli hava limanının istifadəyə verilməsi heç şübhəsiz bölgədə iqtisadiyyat və turizmin canlanmasına böyük təkan verəcək. Hava limanı Füzuli rayonuna gediş-gəlişi asanlaşdırmaqla yanaşı, yük daşınmalarını da sürətləndirəcək. Hava limanının fəaliyyəti fonunda Füzuli rayonu və ətraf ərazilərdə sənaye və kənd təsərrüfatının, o cümlədən turizmin sürtətli inkişafına şahid olacağıq.   Bununla yanaşı, Füzuli hava limanının fəaliyyəti Azərbaycanın hərbi potensialını da gücləndirəcək. Çünki lazımi məqamlarda bu hava limanından hərbi mqəsədlər üçün də istifadə etmək mümkün olacaq ki, bu da regionda baş verən hərbi proseslərə çevik reaksiya vermək, vətəndaşların təhlükəsizliyini təmin etmək, prosesləri qabaqlamaq baxımından olduqca vacibdir.   Bir sözlə, Füzuli hava limanının inşası dövlətimizin, Prezident İlham Əliyevin böyük uğurudur və proseslərin gedişatı göstərir ki, biz yaxın gələcəkdə yeni-yeni uğrulara, tarixi nailiyyətlərə şahid olacağıq”.   Seymur ƏLİYEV    

Hamısını oxu