Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.

Əlahiddə Ümumqoşun Ordu Qərargahının ərazisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Müdafiə Nazirliyinin rəhbər heyəti qarşıladı.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan hərbi hissələr barədə Ali Baş Komandana məruzə etdi.

Prezident İlham Əliyevə hərbi hissələrə Döyüş bayraqlarının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olundu.

Müzəffər Ali Baş Komandan şəxsi heyəti salamladı.

Əməliyyat (komando) hərbi hissələrinin komandirləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə etdikdən sonra Döyüş bayraqlarını qəbul edərək sıraya durdular.

Dövlətimizin başçısı və birinci xanım komando hərbi hissələrinin şəxsi heyəti ilə xatirə fotosu çəkdirdilər.

Sonda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ordumuzun arsenalında olan silah sistemləri və hərbi-texniki vasitələr barədə məlumat verildi. 

2026-08-12 10:44:00
611 baxış

Digər xəbərlər

Şəhidlər “evə qayıdır”: 30 il sonra!

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və hazırda qalıqları tapılaraq şəxsiyyəti müəyyənləşdirilmiş - Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl oğlunun nəşləri avqustun 21-də dəfn ediləcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Birinci Qarabağ müharibəsi dönəmində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi istiqamətində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən mühüm işlər görülür, silsilə addımlar atılır. Məhz görülən bütün bu işlər sayəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti eyniləşdirilmişdir. Bu şəxslərdən 250 nəfərinin nəşi ailələrinə təhvil verilərək milli-dini ənənələrə və hərbi nizamnamənin tələblərinə uyğun şəkildə dəfn edilmişlər. 21 avqust tarixində daha 5 itkin-şəhid dəfn olunacaq ki, bu da 30 il həsrət içində yaşamış 5 ailənin gözünün yollardan yığılması, ruhunun rahatlıq tapması deməkdir. Bəli, Birinci Qarabağ müharibəsinin şəhidləri 30 illik fasilədən sonra “evə qayıdır”. Bu qayıdış 30 illik ayrılığa son qoymaqla yanaşı, yüzlərlə ailə üçün mənəvi təsəllidir. Bu qayıdış uzun illərdir ki, gözləri yolda, qulağı səsdə olan ailələrin daxili dincliyi, şəhidlərinizi ziyarət edəcək məzar yerinin olması deməkdir. Bu qayıdış Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin təntənəsidir. Çünki məhz bu zəfər erməni işğalındakı torpaqlarımıza azadlıq bəxş etməklə yanaşı, Birinci Qarabağ müharibəsinin yüzlərlə şəhidlərinin taleyinin müəyyən edilməsinə, onların milli adət-ənəyə uyğun şəkildə dəfninə imkan yaratdı. 8 Noyabr zəfəri məcburi köçkünlərimizin doğma evlərinə yolunu açmaqla yanaşı, şəhidlərin də öz doğma yurduna qayıdışını təmin etdi. İnanırıq ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti digər itkin-şəhidlərimizin taleyinin müəyyən edilməsini, nəşlərinin ailə üzvlərinin iştirakı ilə hörmət və ehtiramla dəfn olunmasını təmin edəcək, bununla da on illərdir davam edən intizar və əzaba son qoyulacaq. Seymur ƏLİYEV

Hamısını oxu
“Hərbi təlimlər Vətən müharibəsində qələbəmizin açarı oldu”

Cəlil Xəlilov: ”Bu təlimlər göstərir ki, “Dəmir yumruq” yerindədir və bundan sonra da yerində olacaq”   Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu 10 min şəxsi heyət, tank və digər zirehli texnikaların iştirakı ilə təlimlərə start verib.   Veteran.gov.az-a açıqlamasında bu təlimlərin önəminə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ordumuz tərəfindən keçirilən bu təlimlərin bir çox aspektdən mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:   “Şübhəsiz ki, bu və bu kimi hərbi təlimlər Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, onun peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malikdir.  Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsinə qədərki dönəmdə də Azərbaycan ordusu çoxlu sayda irimiqyaslı təlimlər keçirirdi. Hansı ki, bu təlimlərdə məqsəd müxtəlif qoşun növlərinin fəaliyyətinin döyüş şəraitində  təşkili, şəxsi heyətin çətin və mürəkkəb relyef şəraitində hərəkətinin təmin edilməsi, şərti hədəflərin yüksək dəqiqlikllə məhv edilməsi, tank və artilleriya bölmələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi və s. kimi məqsədlərə xidmət edirdi. Sevindiricidir ki, biz bütün bunların bəhrəsini 44 günlük Vətən Müharibəsində əməli şəkildə gördük. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında qısa zamanda işğaldakı torpaqları azad etdi, düşməni sözün həqiqi mənasında darmadağın etdi. Məşhur hərbi deyimlə desək, təlim nə qədər ağır olarsa, döyüş o qədər asan olar. Ordumuz Vətən müharibəsində bu deyimin doğruluğunu bir daha təsdiq etdi.   Bugünlərdə keçirilən təlimlər ordumuzun Vətən müharibəsindəki döyüş hazırlığının qorunub saxlanılmasına və möhkəmlənməsinə hesablanıb. Əvvəlki təlimlərdə olduğu kimi, bu təlimlərdə də piyadalarla yanaşı tankların, ağır artileriyanın birgə iştirakı ilə hücum əməliyyatının təşkili, müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin operativ və effektiv şəkildə təmini, hücum və anti-terror əməliyyatları zamanı müasir silahların tətbiqi və s. diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Ona görə də bu təlimləri və onun ordumuz üçün əhəmiyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, düşmənlərimiz bu təlimlərdən lazımi nəticə çıxarmalı, ölkəmizə qarşı hansısa təxribata əl atacaqları təqdirdə Azərbaycan ordusu tərəfindən ağır şəkildə cəzalanacaqlarının mütləqliyini dərk etməlidirlər. Ölkə başçısının qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir və hər zaman da yerində olacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
TARİXİ ŞƏXSİYYƏTLƏR jurnalının T Ə Q D İ M A T I

25 iyun 2021-ci il tarixində Rusiya Səfirliyi İnformasiya və Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsinin 80 illiyi və faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş "Tarixi şəxsiyyətlər" jurnalının 43-cü nömrəsinin təqdimat mərasimi yüksək səviyyədə keçirildi. Görüş Rusiya və Azərbaycan birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Veteranlar Şurası və Rusiya Səfirliyi tərəfindən təşkil olunmuşdu. Tədbirə fəxri qonaqlar və media nümayəndələri dəvət olunmuşdu. Qeyd edim ki, sözü gedən jurnalın 43-cü nömrəsi məhz Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuşdur. "Ana Vətən çağırır" devizi altında nəfis tərtibatda çap olunan jurnal redaktorun gərgin əməyinin məhsulu idi. Lakin dünyanın hər yerində tüğyan edən pandemiya dalğası Azərbaycandan da yan keçməmiş, ona görə də təqdimatın keçirilməsi gecikdirilmişdir.Tədbiri giriş sözü ilə mərkəzin əməkdaşı Şişkalova Yelena Konstantinovna açaraq, qonaqları salamladı, dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirdi. Daha sonra söz qonaqlara verildi.İrek Xaydaroviç Zinnurov - Azərbaycan Respublikasında Rusiya ilə Əməkdaşlıq təmsilçiliyi rəhbəri kimi qonaqları salamladı və bu tədbirdə iştirakından məmnun olduğunu bildirdi.Çıxış üçün söz "Tarixi şəxsiyyətlər" jurnalının baş redaktoru, vətənpərvər insan, gözəl qələm sahibi Xəlil Qarəhmədova verildi. O, jurnalın bu nömrəsinin faşizm üzərində qələbənin 75 illiyinə həsr olunduğunu bir daha vurğuladı. Müharibənin ölüm-itim, qan-qada olduğunu, insanlara fəlakət gətirdiyini, 75 il keçməsinə baxmayaraq, ağrı-acının keçmədiyini, vurulan yaraların qaysaq tutmadığını, amma qələbədən doğan sevincin az da olsa, təşnə qəlblərə su çiləyib odunu döndürməsini və bu qələbədə Azərbaycanın da rolunun böyük olduğunu xüsusi qeyd etdi. Jurnalın ilk səhifəsində Şəhidlər xiyabanı lövhəsi qarşısında Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və xanımı M. Əliyevanın rəsmlərinin əks etdirilməsi, Ümummilli Ulu Öndər H.Əliyevin 1993-cü ildə Azərbaycana qayıdışı ilə müharibə veteranlarının hüquqlarının bərpa edilməsi, onları "xalqın qızıl fondu" adlandırması faktlarının jurnalda işıqlandırılması müəllifin dövlətə, dövlətçiliyə sadiqliyinin bariz nümunəsidir. Jurnalı vərəqlədikcə müəllifin uzun illər axtarış etdiyinin şahidi olursan.Daha sonra söz Azərbaycan Respublikası Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, jurnalın baş elmi məsləhətçisi Cəlil Xəlilova verildi. O, çıxışında qələbənin qürurverici bir hiss olduğundan ağızdolusu danışdı. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən söz açarkən 1941-1945-ci il müharibəsində həmyerlilərimizin iştirakı və əldə olunan qələbədə onların da xüsusi payı olduğunu qeyd etdi. Müharibədə Azərbaycandan 681 min adamın iştirakını, saysız ölüm və itkinin olduğunu, 416-cı diviziyanın şücaətini, diviziyanın 8 hərbçisinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 11 nəfərin Lenin ordeni ilə təltif olunduğunu, Bakı neftçilərinin gərgin əməyi nəticəsində ordunun yanacaqla təminatı qürurla vurğulandı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı H. Aslanovun keçdiyi döyüş yolunun xatlrlanması, həqiqətən də, qürurverici idi. Azərbaycan Veteranlar Şurasının rus, ukrayna, belorus veteranları ilə əlaqəsindən də söz açdı."İnsan Hüquqlarının Qorunması" Əməkdaşlıq Təşkilatının nümayəndəsi Firdovsi Ələkbərov da öz çıxışı və təbrikləri ilə tədbirə yeni rəng qatdı.Tədbirdə Azərbaycanın İvanovka kənd nümayəndəsi İvan Pavloviç Prokovyev də jurnal haqqında öz təəssüratlarını söylədi, redaktora səmimi arzularını bildirdi.Çıxış edənlər həmçinin Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü və erməni faşizmi üzərində çaldığımız zəfər münasibətilə bütün hərbçilərimizi və xalqımızı təbrik etdilər.Sonda tədbir iştirakçıları onlar üçün hazırlanmış şirniyyat masasına dəvət olundular. Birgə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik yarandı.Hər kəs bu tədbirdən xoş təəssüratlarla ayrıldı.Biz də saytımızın rəhbəri Rasafil Bayramov başda olmaqla, bütün əməkdaşlarımız adından "Tarixi şəxsiyyətlər" jurnalının baş redaktoru Xəlil Qarəhmədova öz fəaliyyətində daha böyük nailiyyətlər arzu edirik.TAHİRƏ QAFAROVA"İctimai Xəbər Agentliyi"nin direktoru və AtaTV.az portalının redaktoru

Hamısını oxu
Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib.  Tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən təşkil edilən iftar süfrəsindən öncə dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra müqəddəs Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib. Tədbirdə çıxış edən natiqlər şəhid ailələri və qazilərin daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirib, dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirdə tanınmış incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, iştirakçılara xoş ovqat bəxş edilib. Tədbirdə çıxış edən şəhid ailələrinin nümayəndələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə iş adamı Səfər Əlirzayevə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, bu cür tədbirlər şəhid ailələri və qazilərə diqqət nümunəsi olmaqla yanaşı, cəmiyyətdə birlik və  həmrəyliyin möhkəmlənməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, məşhur iş adamı Səfər Əlirzayev əvvəlki illərdə də şəhid ailələri və qazilər üçün iftar süfrələri təşkil edib, həssas kateqoriyadan olan vətəndaşlara bayram sovqatları çatdırıb. Seymur ƏLİYEV    

Hamısını oxu