Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətənlə bütövləşən, dövlətin təhlükəsizliyinə, xalqın rifahına həsr olunan ömür...

Həyatda elə insanlar var ki, onların bütün ömrü, həyat və fəaliyyəti dövlətin təhlükəsizliyinin, onun suverenliyinin, rifah və səadətinin ayrılmaz tərkib hissəsinə çevrilir. Onlar sanki dünyaya bu missiya ilə gəlir, sona qədər bu ilahi missiyaya sadiq qalırlar. Bu qəbildən olan vətənpərvərlərdən biri də həyatının önəmli bir qismini Azərbaycanın sərhəd təhlükəsizliyinin təmininə həsr edən,  bu gün də dövlətimizin bütövlüyünün, sabitlik və tərəqqisinin keşiyində dayanan ehtiyatda olan polkovnik-leytenant, iqtisadçı və iş adamı Əhmədov Maarif Talış oğludur.

Naxçıvan Sərhəd Dəstəsindən başlayan xidmət yolu: Vətən sərhədlərinin keşiyində!

Maarif Əhmədovun xidmət yolu Naxçıvan Sərhəd Dəstəsindən başlayıb. 1994-cü ildə Naxçıvan Sərhəd Dəstəsində xidmətə başlayan Maarif Əhmədov, qısa zamanda sərhədçi peşəsinin incəliklərini dərindən öyrənməyə, komandanlığın rəğbətini qazanmağa nail olur.

Qeyd edək ki, ötən əsrin 90-cı illəri Azərbaycan üçün bütün müstəvilərdə olduğu kimi, sərhəd təhlükəsizli sahəsində də ağır, keşməkeşli illər idi. Belə ki, 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycanın sərhəd təhlükəsizliyinin təminatında ciddi çətinliklər meydana çıxmışdı. Sərhədlərin qorunması üçün gərəkli texnika və müşahidə qurğuları çatışmır, ən əsası, bu sahədə ixtisaslaşdırılmış kadrlara ciddi ehtiyac duyulurdu. Yaranmış vəziyyət sərhədlərimizin qorunmasında iştirak edən hər kəsdən ikiqat diqqət və fədakarlıq tələb edirdi. Məhz belə bir zamanda Naxçıvan Sərhəd Dəstəsində xidmət edən Maarif Əhmədov, verilən tapşırıqları yüksək səviyyədə, əsl peşəkarlıqla yerinə yetirməsi, hər bir məsələyə yaradıcı yanaşması, novatorluq ruhu ilə diqqət çəkirdi. Qısa zaman keçməsinə baxmayaraq, Maarif Əhmədov Naxçıvan Sərhəd Dəstəsində hər kəsin xüsusi ehtiram və hörmət bəslədiyi birinə çevrilmişdi.

1995-ci ildə ölkə daxilində qarışıqlıq və gərginlik yaranan zaman Naxçıvan Sərhəd Dəstəsindən Ulu Öndər Heydər Əliyevin çağırışına səs verən şəxslərdən biri də Maarif Əhmədov oldu.

“Azərbaycan Bayrağı” ordenli qəhrəman!

1995-ci ildə ölkəmizdə Ümummilli Lider Heydər Əliyev hakimiyyətinə, xalqın iradəsinə qarşı baş verən təxribatlar, bu təxribatlar əsnasında yaranan gərginlik və qarşıdurma milli qüvvələrin  birliyini, onların mərkəzi hakimiyyət ətrafında sıx birləşməyini zəruri edirdi. Xaricdəki anti-Azərbaycan qüvvələri baş verənləri böyük maraq və ümidlə gözləyir, daxili qarşıdurmaların Azərbaycanı zəiflədəcəyini, onların da bundan istifadə edərək öz məkrili məqsədlərini həyata keçirəcəyini ümid edirdi. Lakin bədxah qüvvələrin bütün göğzləntilərinə rəğmən Azərbaycan xalqı öz böyük oğlu – Ulu Öndər ətrafında qətiyyətlə birləşərək növbəti dəfə öz iradəsini ortaya qoydu. Nəticədə, daxili qarşıdurmalara son qoyuldu, mərkəzi hakimiyyət daha da möhkəmləndi ki, bu da Azərbaycanın maraqlarını beynəlxalq müstəvidə daha inamla müdafiə etməyə imkan verdi.

1995-ci il olaylarında Ulu Öndəri çağırışına səs verən zabitlərdən  biri də Maarif Əhmədov oldu. Həmin hadisələr zamanı göstərdiyi igidliklərə görə gənc o, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi. Bu, dövlətin öz gənc zabitinə göstərdiyi növbəti böyük etimad, onun qəhrəmanlıqlarına verdiyi növbəti qiymət oldu.

Silahlı cinayətkarlarla üz-üzə: Zaqatala-Balakən hadisələri və dövlətimizin tarixi uğuru!

Bir müddət Bakı Sərhəd Dəstəsində xidmət edən Maarif Əhmədov Naxçıvanda olduğu kimi, burada da özünü çalışqan və yaradıcı zabit kimi göstərir, ən çətin tapşırıqların belə öhdəsindən böyük müvəffəqiyyətlə gəlir.

2001-ci ildə Zaqatala-Balakən raonlarında kriminogen vəziyyətin gərginləşməsi silahlı cinayətkarlara qarşı sərt mübarizə tədbirlərinin görülməsini zəruri edirdi. Məhz belə həssas və mürəkkəb bir zamanda Maarif Əhmədov yenidən əldə silah doğma vətənin, onun suverenliyinin və təhlükəsizliyinin keşiyinə qalxdı, cinayətkara qarşı mübarizədə fəal iştirak etdi.

Maarif Əhmədov daha sonra xidmətini DSX-nın Sahil Mühafizəsinin əməliyyat-axtarış qrupunda davam etdirir, ölkəmizin dəniz sərhədlərinin toxunulmazlığına böyük töhfələr verir. Daha sonra Dövlət Sərhəd Xidmətinin Baş İdarəsində çalışır. Uzun və səmərəli fəaliyyətinə, habelə, xidmət illərində göstərdiyi igidlik və fədakarlıqlara görə komandanlıq, eləcə də Prezident İlham Əliyev tərəfindən dəfələrlə təltif edilir.

O, əməliyyat kurslarında dərs deməklə öz təcrübəsini gənc zabitlərlə bölüşür, onların peşəkarlığının artırılmasında yaxından iştirak edir.

Sərhəd toxunulmazlığından iqtisadi maraqlarımızın toxunulmazlığına gedən yol...

Maarif Əhmədov Silahlı Qüvvələrdən ehtiyata buraxılandan sonra öz fəaliyyətini iqtisadi sahədə davam etdirməyə başlayır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu kimi həm universitet, həm də xidmət dönəmində əldə etdiyi iqtisadi biliklər, zəngin mütaliə ona bu işdə ciddi uğurlar qazanmağa imkan verir.

Qürurvericidir ki, torpaqlarımız erməni işğalından azad ediləndən  sonra bu torpaqların dirçəldilməsi, əkilib-becərilməsində yer alan ilk şəxslərdən biri də məhz Maarif Əhmədov olur.

Maarif Əhmədov bu gün də iqtisadi sahədə öz fəaliyyətini uğurla davam etdirməkdə, iqtisdi maraqlarımızın müdafiəsi, milli iqtisadiyyatımızın inkişafı, dövlətimizin iqtisadi müstəvidə daha da güclənməsi istiqamətində əzmlə çalışmaqdadır.

İqtisadi müstəvidəki çoxşaxəli fəaliyyəti və bu sahədə əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, Maarif Əhmədov qarşıdakı illərdə də respublikamzın iqtisadi tərəqqisinə ciddi töhfələr verəcək, dövlətimizin qarşıya qoyulan iqtisadi hədəflərə çatmasında bundan sonra da mühüm rol oynayacaq.

Seymur ƏLİYEV

 

2026-09-10 15:04:00
554 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, Mehriban xanım Əliyeva paylaşımında qeyd edib: "Əziz həmvətənlər! Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur. Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürümü bildirirəm. Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam! Zəlzələ nəticəsində həlak olanların sayının artması bizi olduqca kədərləndirir. Həlak olanlara Allahdan rəhmət diləyir, onların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram! Əminəm ki, Türkiyə xalqı öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacaq! Uca Tanrı dünyamızı qorusun! Türkiyə, səninləyik!”.

Hamısını oxu
Seyfulla Qasımov" kitabının təqdimatı keçirilib

Bu gün "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən "SEYFULLA QASIMOV" kitabının təqdimatı keçirilib.Trend-in məlumatına görə, Elşad Həsənov və Azər Səlimovun müəllifliyi ilə ərsəyə gələn kitab Azərbaycanın Təhlükəsizlik orqanlarının polkovniki, "Azərbaycan bayrağı" ordenli, əfsanəvi əks- kəşfiyyatçı, mərhum Seyfulla Qasımovun əziz xatirəsinə həsr olunmuş, onun omür və xidmət yolundan bəhs edir. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, Seyfulla Qasımov Azərbaycanın müstəqilliyinin ilk illərində, çətin dövrdə xidmət edib və dövlətçiliyimiz üçün böyük işlər görüb. “O dövlət təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni maksimum edirdi və Azərbaycan dövləti də onların xidmətini heç zaman unutmayacaq”, - deyə o, qeyd edib.   Elşad Həsənov isə çıxış edərək qeyd edib ki, Seyfulla Qasımov fədakarlıq məktəbinin gözəl nümunələrindən biridir. “Seyfulla Qasımov ilə tələbəlik dövründən tanış olmuşam. O, fədakar insan idi. O zaman Milli Təhlükəsizlik Nazirliyində ilk dəfə “Azərbaycan Bayrağı” ordenini Ulu Öndər Heydər Əliyev Seyfulla Qasımova verib. O bizim orqanda bir fenomen idi. Bu gün təqdimatına yığışdığımız kitab Seyfulla Qasımov haqqında bir xatirədir. Təəssüf ki, Seyfulla Qasımov bu günləri görmədi. Bu kitab Seyfulla müəllimin ruhunu şad edəcək”, - deyə o əlavə edib. Digər çıxışçılar da Seyfulla Qasımovun fəaliyyəti haqqında fikirlərini bildirərək əlavə ediblər ki, bu kitab Seyfulla Qasımovun xatirəsinə bir ehtiramdır. Seyfulla Qasımov 25 avqust 1958-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində ziyalı ailəsində anadan olub. 1965-1975-ci illərdə 33-saylı dəmiryol məktəbində təhsil alıb. 1975-1980-ci illərdə Dövlət Neft Akademiyasında riyaziyyatcı-mühəndis ixtisasına yiyələnib.1980-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun xüsusi konstruktor bürosunda çalışıb. 1985-2004-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində işləyib. MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışdıqdan sonra, 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində yeni yaranan Terrora Qarşı Mübarizə Baş İdarəsində rəis əvəzi vəzifəsində çalışıb.  

Hamısını oxu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qəza nəticəsində həlak olanların ailələrinin kədərinə şərik olaraq qərara alıram: 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 2024-cü il    

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov İsmayıllıda çağırışçılar qarşısında çıxış edib

Təşkilat sədri: “Azərbaycan Silahlı Qüvvələrində xidmət hər bir şəxs üçün qürur mənbəyidir!” Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteraları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 2 iyul 2026-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İsmayıllı Rayon Şöbəsindən əsgərliyə yola salınan çağırışçılar qarşısında çıxış edib. Gənclərə hərbi xidmətdə uğurlar arzulayan polkovnik, Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyin hər bir şəxs üçün böyük qürur və iftixar mənbəyi olduğunu bildirib: “Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək, vətənin müdafiəsinə qatılmaq, onun təhlükəsizliyində yer almaq hər bir şəxs üçün qürur mənbəyidir. Çünki ordu xalqımızın və dövlətimizin təhlükəsizliyinin qarantı, onun qüdrətinin göstəricisidir. Bu gün siz qalib bir ordunun sıralarında xidmətə yola salınırsınız. Düz 6 il bundan öncə erməni faşizmini darmadağın edərək işğaldakı torpaqları azad edən bu ordu,  hazırda bütün dünyanın 50 ən güclü orduları sırasındadır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar, düşmənə qarşı mübarizədə tətbiq etdiyi taktikalar Rusiya, Çin, ABŞ kimi böyük dövlətlər tərəfindən belə böyük diqqətlə tədqiq edilməkdə, öyrənilməkdədir. Siz məhz belə bir orduda xidmət edəcək - əldə silah vətənin müdafiəsində yer almaqla şərəfli bir missiyada iştirak etmiş olacaqsınız. İnanıram ki, hər biriniz sizə olan etimadı doğruldacaq, öz nümunəvi xidmətinizlə ailənizlə yanaşı, xalqımız və dövlətimiz üçün də qürur mənbəyinə çevriləcəksiniz”. Polkovnik Cəlil Xəlilov son illər SHXÇDX-də həyata keçirilən islahatlara toxunub, çağırış sistemində əldə olunan böyük nailiyyətlərə diqqət çəkib: “Bizim üçün sevindiricidir ki, dövlət başçısının diqqəti və qayğısı sayəsində SHXÇDX-nin fəaliyyətində son illər çox ciddi dəyişikliklər baş verib, önəmli nailiyyətlər əldə olunub. SHXÇDX-də işin çevik, müasir tələblər səviyyəsində təşkili, hər bir addımda vətəndaş məmnunluğunun nəzərə alınması, elektron xidmətlərin genişləndirilməsi və s. cəmiyyət tərəfindən də məmnunluqla qarşılanmaqdadır. Mən bütün bu uğurlara görə SHXÇDX-nin hər bir əməkdaşını, xüsusilə də Xidmət rəisi general-mayor Mürsəl İbrahimovu təbrik edir, onlara öz fəaliyyətində uğurlarlar arzulayıram. Bu gün burada – SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsində şahid olduqlarımdan sonra bir daha əmin oldum ki, SHXÇDX öz tarixi inkişafı yolunda sözün həqiqi mənasında keyfiyyətcə yeni bir mərhələyə daxil olub və bu yolda sürətlə irəliləməkdədir. Mən çağırışçılarla işi yüksək səviyyədə quruğuna, onlara, eləcə də çağırışçıların valideynlərinə münasibətdə xüsusi həssaslıq göstərdiyinə, rayonda vətənpərvərlik tərbiəsinin təbliği sahəsində geniş iş apardığına, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsinin rəisi pokovnik Xaqani Fərzəliyevə də xüsusi təşəkkürümü bildirirəm”. Çağırışçılar qarşısında çıxış edən SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsinin rəisi polkovnik Xaqani Fərzəliyev çağırışçılara hərbi xidmətdə uğrular arzulayıb, onların vətənə ləyaqətlə xidmət edəcəyinə inamını ifadə edib. Daha sonra polkovnik Xaqani Fərzəliyev hər bir çağırışçı ilə vidalaşaraq onları avtobusa qədər müşayiət edib. Seymur ƏLİYEV

Hamısını oxu