Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Mehriban xanım Əliyeva paylaşımında qeyd edib:

"Əziz həmvətənlər!

Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürümü bildirirəm. Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!

Zəlzələ nəticəsində həlak olanların sayının artması bizi olduqca kədərləndirir. Həlak olanlara Allahdan rəhmət diləyir, onların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram! Əminəm ki, Türkiyə xalqı öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacaq! Uca Tanrı dünyamızı qorusun! Türkiyə, səninləyik!”.

2023-02-12 10:07:00
754 baxış

Digər xəbərlər

Ordunu hədəf almaq, düşmən dəyirmanına su tökməkdir

“Orduya qarşı aparılan qarayaxma kampaniyası əsassızdır və kimlərinsə şəxsi maraqlarına xidmət edir”    Bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.   Təhlükəsizliyimizin məhz Azərbaycan ordusu hesabına təmin edildiyinə diqqət çəkən C.Xəlilov, ordu haqqında böhtan və yersiz ittihamlar səsləndirməyin hər şeydən öncə mənəvi baxımdan yolverilməz olduğunu bildirib:   “Azərbaycanın təhlükəsizliyi, sərhədlərimizin toxunulmazlığı məhz ordumuzun, Silahlı Qüvvələrimizin hesabına təmin edilir. Əsgərlərimiz qışın soyuğunda, yayın istisində əldə silah ayıq-sayıq şəkildə ona görə xidmət aparırlar ki, heç bir məkirli düşmən xalqımızın rahatlığını, dövlətimizin riufahını pozmasın. Belə olan halda ordunu hədəf almaq, onu hansısa xırda məqsədlərə alət etməyə çalışmaq heç şübhəsiz ki, hər şeydən əvvəl bu kampaniyanın arxasında dayanan qüvvələrin mənəvi cılızlığından və səbatsızlığından xəbər verir. Kimsə onu öz həyatı bahasına qoruyan orduya ləkə yaxırsa, onun nüfuzunu kölgə salmağa çalışırsa, bu, hər şeydən əvvə onların mənəvi faciəsi və tənəzzülüdür. Çünki ordunu hədəf almaq, mahiyyət etibari ilə düşmən dəyirmanına su tökməkdir”.   Bu cür böhtan və qarayaxmaların nəticə verməyəcəyinə, xalqın orduya olan sevgi və inamını azaltmayacağını bildirən polkovnik, Azərbaycan cəmiyyətində orduya olan məhəbbət və inamın tam olduğunu vurğuladı:   “Son vaxtlar ordu haqqında irəli sürülən ittihamlar təəssüf doğursa da, bu kampaniyanın iştirakçısı və sifarişçisi olan qüvvələr bilməlidir ki, onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin orduya olan sevgi və məhəbbəti, inam və etibarı tamdır. Heç bir qüvvə bu inam və sevginin üzərinə kölgə sala bilməz. Buna ümid edən kəslərin məyus olacağı, öz əməllərinin acı nəticəsi ilə üzləşəcəyi gün uzaqda deyil”.    Seymur ƏLİYEV

Hamısını oxu
Prezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz. Şadam sizi görməyimə. Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır. Bu gün bir neçə kənd işğalçılardan azad edildi. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər. Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək. Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq. Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk. Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz. Seyid Abbas Əraqçi dedi: -Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

Hamısını oxu
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib

Bakı, 14 oktyabr, AZƏRTAC Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

Hamısını oxu
“Azərbaycanın “COP atəşkəsi” təklifi müharibədən əziyyət çəkən bütün xalqlar üçün ümid mənbəyidir”

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-ın “Newsweek” nəşrində dərc olunmuş məqaləsində bütün dünyanı “COP atəşkəsi”nə dəvət etməsi dövlətimizin sülhpərvər siyasətinin göstəricisidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təklif Azərbaycanın bütün bəşəriyyətin mənafeyini dünüşdüyünü, dünyada müharibə və zorakılığa son qoymaq arzusunu əks etdirir: “Azərbaycan hər zaman öz xarici siyasətində milli maraqlarla yanaşı, həm də  ümumbəşəri maraqları əsas götürüb, bütün insanlığın xeyrinə olan qərarlar qəbul edib. Biz bunu yaxın tarix keçmişimizin hər bir mərhələsində, eləcə də pandemiya dönəmində gördük. Azərbaycan o zaman da bütün dünya üçün ədalət tələb etdi, “vaksin inhisarçılığına” qarşı mübarizə kampaniyasına start verdi. Bu gün də ölkəmiz COP29 çərçivəsində planetimizin ekoloji təhlükəsizliyini təmin etməyə, iqlim dəyişikliyinin qarşısını almağa, təbiətin mühafizəsi və bərpası istiqamətində irimiqyaslı addımlar atmağa çalışır. Bununla yanaşı, ölkəmiz yaranmış fürsətdən istifadə edərək dünyadakı münaqişə və müharibələri müvəqqəti də olsa dayandırmağa, bütün münaqişə tərəflərini “COP atəşkəsinə” cəlb etməyə çalışır. Məqsəd bütün dünyada sülh və sabitliyi təmin etmək, müharibəyə, göz yaşı və iztiraba son qoymaqdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dövlətimiz adından növbəti dəfə gündəmə gətirdiyi bu təklif də ölkəmizin xoş niyyətinin təcəssümüdür. Ümid edirəm ki, dünya dövlətləri, beynəlxalq ictimaiyyət ölkəmizin bəşəriyyətin rifahına və təhlükəsizliyinəm olan həssaslığını lazımınca qiymətləndirəcək, dövlətimiz tərəfindən irəli sürülən təklifi dəstəkləməklə planetimizin hər yerində sülhün bərqərar olmasına töhfə verəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu