Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Gənclər Şəbəkəsi" Təşəbbüsü İctimai Birliyi 16 yaşdan yuxarı autizmli gənclərlə bağlı tədbir keçirib

"Gənclər Şəbəkəsi" Təşəbbüsü İctimai Birliyi 16 yaşdan yuxarı autizmli gənclərin sosial inteqrasiyasına, yaradıcılıq bacarıqlarının inkişafına və cəmiyyət həyatında fəal iştirakına dəstək məqsədilə növbəti tədbirini reallaşdırıb. Layihə "Inclusive Sport and Health Club" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.

Tədbir zamanı iştirakçılar müxtəlif rəsm və yaradıcı fəaliyyətlərə cəlb ediliblər. Gənclər üçün öz potensiallarını sərbəst ifadə edə biləcəkləri rahat və inklüziv mühit yaradılıb. Onlar rəngkarlıq materiallarından istifadə edərək öz əl işlərini hazırlayıb, fərdi yaradıcılıq imkanlarını nümayiş etdiriblər. Layihənin əsas məqsədi autizmli gənclərin yalnız xüsusi qayğıya ehtiyacı olan şəxslər kimi deyil, cəmiyyətdə zəngin maraqları, bacarıqları və yaradıcılıq potensialı olan şəxslər kimi daha geniş yer almasına şərait yaratmaqdır. Bu cür tədbirlər gənclərin sosial ünsiyyət imkanlarının genişlənməsinə, yeni bacarıqlar əldə etməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.

Tədbir "Inclusive Sport and Health Club" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Klubun inklüziv idman və sağlamlıq istiqamətindəki fəaliyyəti ilə yanaşı, autizmli gənclərin sosial və yaradıcı həyata cəlb olunmasına yönəlmiş birgə təşəbbüslər gələcək üçün geniş imkanlar açır. Gənclərin hazırladıqları rəsmlər isə onların daxili dünyasını, yaradıcı yanaşmalarını və fərdi baxış bucaqlarını əks etdirib.

"Gənclər Şəbəkəsi Təşəbbüsü" İB inklüzivliyin inkişaf etdirilməsi, autizmli gənclərin cəmiyyətə inteqrasiyasının artırılması və onların müxtəlif sahələrdə özlərini ifadə etməsi üçün yeni layihələr həyata keçirməyə davam edəcək. Təşkilatçılar gələcəkdə də tərəfdaş qurumlarla birlikdə 16 yaşdan yuxarı autizmli gənclərin sosial, yaradıcı, idman və inkişafyönümlü fəaliyyətlərə cəlb olunmasına xidmət edən silsilə tədbirlər nəzərdə tutur.

2025-09-25 12:22:00
275 baxış

Digər xəbərlər

“Prezidentin İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir”

“Prezident İlham Əliyevin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqındakı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi və bu müharibədə iştirak edən yüz minlərlə soydaşımızın göstərdiyi qəhrəmanlıqlar tariximizin bir hissəsidir və biz bu tarixə daim ehtiram göstərməyə, öz qəhrəmanlarımızın xatirəsini yad etməyə borcluyuq: “İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ayrılmaz bir parçasıdır. Bu müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, 300 mindən çox soydaşımız faşizmə qarşı mübarizədə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanlılardan ibarət 6 diviziya Avropa qitəsinin faşist işğalından azad edilməsində iştirak etmiş, bu müharibədə əsl igidlik və fədakarlıq nümunələri sərgiləmişdir. Yüzlərlə soydaşımızın faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Avropa dövlətlərinin ən ali  hərbi medalları ilə təltif edilməsi bu həqiqətin isbatıdır. Azərbaycan İkinci Dünya müharibəsində öz təbii resursları, iqtisadi potensialı ilə də yaxından iştirak etmişdir.  Məhz Bakı nefti faşizm üzərində qələbənin əldə edilməsinə həlledici təsir göstərmiş, bu həqiqət zaman-zaman dünyanın ən görkəmli hərbi-siyasi ldierləri tərəfindən etiraf edilmişdir. Xalqımızın qəhrəman övladları müharibə dönəmində ön xətlə yanaşı, arxa cəbhədə də böyük fədakarlıqlar sərgiləmişdilər. Bu baxımdan cənab Prezidentin İkinci Dünya müharibəsində ön xətlə yanaşı, həm də arxa cəbhədə böyük əmək sərf edən, faşizm üzərində tarixi qələbəyə töhfə verən insanlara maddi yardımın verilməsi ilə bağlı Sərəncamı göstərir ki, dövlət başçısı İkinci Dünya müharibəsində hansı formada iştirak etməsindən asılı olmayaraq, hər kəsin xidmətinə ehtiramla yanaşı, onların sosial rifahını daim diqqət mərkəzində saxlayır. Biz buna görə Prezident İlham Əliyevə təşəkkür edir, minətdarlığımızı bildiririk. Onu da qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atan azərbaycanlıların ictimaiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliğ edilməsi, bu müharibədə itkin düşən soydaşlarımızın aqibətinə aydınlıq gətirilməsi və s. istiqamətdə daim ciddi iş aparırıq. Məhz Təşkilatımızın apardığı ardıcıl və koordinasiyalı fəaliyyət nəticvəsində bugünə qədər xeyli sayda itkin soydaşımızla bağl məlumatların aydınlaşdırılmasına, onların xatirəsinin müxtəlif ölkələrdə əbədiləşdirilməsinə nail olmuşuq. İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqların gənclər, yeniyetmələr arasında təbliği də əsas məqsədlərimizdən biridir. Bizim üçün qürurvericidir ki, İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlar onların nəvələri, nəticələri tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağda yenidən təkrarlandı.  Nəticədə, dövlətimizin ərazi bütövlüyü təmin edildi. Bu fakt bir daha göstərir ki, Azərbaycan xalqı hər zaman-tarixin bütün həlledici məqamlarında böyük qəhrəmanlıqlar göstərməyə qadirdir və bundan sonra da öz qəhrəmanlığı ilə bütün dünyanı heyrətləndirməkdə davam edəcək”.  

Hamısını oxu
Şəhidə həsr edilən kitabın təqdimatı olub

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Mübariz İsayevin qardaşı Sakit Üçtəpəlinin "Sən olmayan məzarına gəlmişəm" kitabının təqdimatını keçirib.  "Basqal" ziyafət salonunda düzənlənən tədbirdə Müharibə və Əmək veteranları, şəhid ataları, tanınmış yaradıcı ziyalılar, İctimai birliklərin, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salman tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, qəhrəman şəhidlərimiz haqqında kitabların hazırlanıb nəşr edilməsi böyük əhəmiyyət kəsb edir. Belə əsərlər  bu gün gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır. Bu kitabların təqdimatını keçirib şəhidlərimizi yaxından tanıtmaq məqsədi ilə maarifləndirici tədbirlər təşkil etmək isə bizim vətəndaşlıq borcumuzdur. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, Cəlilabad rayon İcra  Hakimiyyətinin Üçtəpə kənd ərazi nümayəndəsi Hafiz Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" İctimai Birliyi rayon filialının rəhbəri Maşallah Əliyev, Beynəlxalq Heydər Ata mükafatı laureatı, Prezident təqaüdçüsü Gülbala Teymur, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı Regional idarəsinin nümayəndəsi Cavidan Rəşidov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Əlövsət Tahirli, Səlamat Biləsuvarlı, Mikayıl İnçəçaylı, Əhməd Qala, İsmayıl Qocabəyli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, müharibə veteranı Qurban Əhməd, Axund Kamran Sadıqov və başqaları çıxış edərək şəhid Mübariz İsayevə həsr olunmuş kitabın müsbət məziyyətlərindən danışıb,  çap  olunmuş şeirlərdən nümunələr oxuyub və kitabın müəllifi Sakit Üçtəpəliyə yeni yaradıcılıq uğurları arzulayıblar. Daha sonra  təqdimatı keçirilən  kitabın müəllifi şair Sakit Üçtəpəliyə  vətənpərvərlik ruhunda yazdığı əsərlərinə görə rayon  Veteranlar Təşkilatının Fəxri Fərmanı təqdim olunub. Tədbirin sonunda "Sən olmayan məzarına gəlmişəm" kitabının müəllifi Sakit Üçtəpəli çıxış edib,  tədbirin yüksək səviyyədə təkil olunmasına görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Hamısını oxu
Yaralı hərbçilərimiz Tovuzdakı təxribatdan danışdı

İyul ayının 12-də Ermənistanın hərbi birləşmələri Azərbaycanın dövlət sərhədini pozaraq Tovuz rayonu istiqamətindən irimiqyaslı təxribat törətmək istədi. Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə aldı. Düşmənin neçə-neçə dayaq məntəqəsi dağıdıldı, neçə-neçə döyüş texnikası sıradan çıxarıldı, onlarla hərbçisi məhv edildi. Döyüşdə Azərbaycan əsgərinin döyüş hazırlığı, qələbə ruhu, vətənpərvərliyi düşmənin işğalçılıq niyyətinə qalib gəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə ciddi ədalətli münasibət bildirmədiyini bir daha xatırlatdı. Bu xatırlatma Azərbaycan əsgərinin qüdrətinə inam idi. Axar.az xəbər verir ki, düşmənin törətdiyi təxribatın qarşısını alarkən yaralanan Azərbaycan Ordusunun qəhrəman hərbçiləri hadisənin necə baş verdiyini danışıblar. Baş leytenant Tusi Əliyev: - Artıq neçə gündür Tovuz rayonunun Ağdam kəndi istiqamətində kəskin döyüşlər, əsasən də artilleriya döyüşləri gedir. Döyüşlər zamanı top mərmisinin partlaması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafayev şəhid oldu. Atalarımız "Torpaq uğrunda ölən varsa, Vətəndir" deyiblər. Müharibə itkisiz olmur. Qarabağ uğrunda mübarizədə 1992-ci ildən bu günə kimi minlərlə şəhidimiz olub. Elçin də həmin müqəddəs məqama qovuşdu. Hamımızın onların ruhu və anaları qarşısında borcumuz var. Yaralanmağıma baxmayaraq, şəhidimizin təhlükəsiz mövqeyə təxliyə edilməsinə yardım etdim. Hesab edirəm ki, döyüş meydanında bu gün mənə ehtiyac var. Tez sağalıb döyüş yoldaşlarımın yanına qayıtmağa tələsirəm.Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi Vətənimə, xalqıma, dövlətimə, Azərbaycanın hərbi səhiyyəsinə güvənirəm. Sevindirici hal ondan ibarətdir ki, bu gün hərbi qulluqçuların sağlamlığının keşiyində duran, təcrübəli kadrlarımız, hərbçilərimiz, hərbi həkimlərimiz var. Təsadüfi deyil ki, 2016-cı ilin Aprel döyüşlərində də tibb xidməti ən yaxşı cəhətdən özünü göstərdi. Həkimlərimiz demək olar ki, qəhrəmanlıq nümayiş etdirdilər. Bu gün də biz hərbi həkimlərimizin fədakarlığının şahidiyik. Bu gün mən sağlamlığımızı qorumaq naminə gecə-gündüz çalışan hərbi həkimlərimizə, tibbi personala təşəkkür edirəm. Biz sizinlə fəxr edirik, əziz həkimlərimiz. Biz sağlamlığımızı sizlərə borcluyuq. Ancaq ən böyük borcumuz Vətənimiz Azərbaycanadır.Vətən yolumuzu gözləyir. Vətən naminə bizim işimiz haqq işidir. Azərbaycan Ordusu Aprel döyüşlərində, Günnüt zəfərində, eləcə də Tovuz rayonu istiqamətində gedən döyüşlərdə də düşmənə yerini göstərdi, ona çox böyük sarsıdıcı zərbələr vurdu. Bunun günahkarı ermənilər özləridir. Həmin qələbələr Azərbaycanın qətiyyətli və güclü Ali Baş Komandanının rəhbərliyi altında qüdrətli ordusunun formalaşdığını və xalq-dövlət birliyinin tamamilə yeni çalarlarını ortaya qoydu. Artıq Azərbaycan dövləti güclü dövlətdir, ordusu da güclü ordudur. Azərbaycan ordusunun bütün şəxsi heyəti düşməni məhv etməyə, eyni zamanda, lazım gəldiyi anda Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçməyə hazırdır. Zabitin dəyəri xidmət etdiyi orduya, yaşadığı cəmiyyətə, doğma xalqına, elinə-obasına nə dərəcədə gərəkli olması ilə ölçülür. Bu gün ordumuz müharibə meydanında düşmənlə üz-üzədir. Belə bir məqamda ordumuz üçün hər gün sınaq var. Ali Baş Komandanımızın rəhbərliyi ilə bu sınaqdan tezliklə çıxmağın, Aprel və Günnüt zəfərləri kimi qələbələr qazanmağın, Böyük Qələbənin tarixini yazmağın vaxtıdır. Çavuş Faiq Abdiyev: - Müharibənin nə olduğunu yaxşı bilirəm. Uşaqlığımda ermənilərin bu tərəflərə həmlələri, kəndləri artilleriya atəşinə tutmaları haqqında çox eşidirdim. Torpaqlarımızı işğaldan azad edənlərin sıralarında olmaq üçün həqiqi hərbi xidmətdən sonra xidmətimi davam etdirməyi qərara aldım. Ön xətdə xidmət etməyin məsuliyyəti mənə də yaxşı tanışdır. Özüm hərbi nizamnamələr çərçivəsində xidmət etməyə çalışıram, söz düşəndə əsgərlərimizə də belə xidmət etməyi tövsiyə edirəm. Əsgərlərimiz Vətənə sədaqətlə xidmət edirlər. İyulun 12-dən başlayan döyüşlərdə də onlar mərdliklə, Azərbaycan əsgərinin adına layiq vuruşdular. İyulun 12-də ermənilər artilleriya qurğularından istifadə etməklə mövqelərimizə hücum etdi. Dövlət sərhədimizi keçməyə cəhd göstərdi. Qəfil hücum həmişə döyüş növbətçiliyini diqqətlə, məsuliyyətlə aparan, mövqelərdə, səngərlərdə ayıq-sayıq dayanan əsgərlərimizi çaşdırmadı. Cavab atəşi açdıq. Komandanlığın əmri ilə hücumun qarşısını alma əməliyyatına qoşulduq. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz qətiyyətlə vuruşurdular. 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu döyüşdə də düşməni darmadağın etdik, döyüş texnikalarını sıradan çıxartdıq, canlı qüvvəsini məhv etdik. Komandanlığın əmri yerinə yetirilməliydi. Bu əmr Vətənin əmri kimi yerinə yetirilməliydi. Ağdam kəndi istiqamətində gedən döyüşdə baş gizir Elşən Məmmədəliyevlə birlikdə vuruşurduq. Bölməmiz düşmənin hücumunun qarşısını aldığı məqamlarda başqa istiqamətdən atılan minaatan mərmisinin qəlpələrindən ikimiz də yaralandıq. İndi müalicə olunuruq. Tibb bacıları Aynurə Məmmədova və Leyla Quliyeva təkcə vəzifə borclarını yerinə yetirmirlər, həm də bizə əzizləri kimi qulluq edirlər. Mənə elə gəlir ki, onların bizə olan qayğısı xalqın ehtiramıdır. Tez sağalmaq, yenidən hərbi xidmətə qayıtmaq, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq əsgərlərimizin sırasında olmaq istəyirəm. Belə də olacaq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik! Əsgər Nurlan Quliyev: - 2016-cı ilin Aprel döyüşlərində orta məktəbdə oxuyurdum. Mən də sinif yoldaşlarım kimi yaşımın azlığına təəssüflənirdim. Hərbi xidmətə çağırıldım. Atamdan, bu yolu keçən qonşularımdan hərbi xidmət haqqında çox eşitmişdim. Özümü xəyalən sırada hiss edirdim. Hərbi xidmətin mahiyyətini ilk döyüş növbətçiliyimdə daha ətraflı hiss etdim. Mən də digər əsgər yoldaşlarım kimi, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək döyüşlərin iştirakçısı olmaq istəyirdim. Ermənilər iyulun 12-də günortaya yaxın hücum etdi. Biz mövqelərimizdə, səngərlərdə onsuz da həmişə ayıq-sayıq dayanmışıq. Hücumun qarşısını almaq üçün atışdıq. Düşmən artilleriya qurğuları ilə, iriçaplı pulemyotlarla bizim döyüş aparmağımıza mane olmağa çalışırdı. Əsgərlərimiz bu təhlükənin də içindən mərdliklə çıxıb döyüşdülər.Dayandığımız mövqeni Vətən kimi qoruduq. Əsgərlərimizin qətiyyəti, vətənsevərliyi döyüşün axarını tamam dəyişdi. Düşmən gördü ki, Azərbaycanın dövlət sərhədini pozmaq cəhdi onlara baha başa gələcək. Bir dəfə sizin qəzetinizdə Türkiyənin qurtuluş savaşının iştirakçısı olmuş Şükrü paşanın vəsiyyəti dərc olunmuşdu: "Düşmən sərhədlərimizi keçəndən sonra ölsəm məni dəfn etməyin, qoy ətimi itlər yesin, düşmən sərhədlərimizi keçməmiş ölsəm kəfənim, sabunum çantamdadır." Bu döyüşdə əsgərlərimizin hər biri Şükrü paşa amalıyla döyüşürdü. Döyüşdə yaralandım. İndi özümü yaxşı hiss edirəm. Düşmən məğlub oldu. Biz Böyük Qələbənin də əsgəri olacağıq! Həkimlərin, tibb bacılarının qayğısı sayəsində tezliklə sağalıb xidmət yoldaşlarımın yanına qayıdacağam.Əsgər Murad Mövlanlı: - İyulun 12-də günorta saatlarında ermənilər hücuma keçdi. Biz həyəcan siqnalıyla döyüşə qoşulduq. Düşmənin artilleriya atəşi irəliləməyimizi çətinləşdirsə də, döyüşə girdik. Ancaq qələbə haqqında düşünürdük. Bizə belə gəlirdi ki, bu döyüş müharibənin son döyüşüdü, Qarabağı azad etməyin başlanğıcıdı. Cəsarətlə döyüşürdük, bütün təlimatlara əməl etməklə döyüşürdük, qələbə üçün döyüşürdük. Qəflətən qolumun heydən düşdüyünü hiss etdim. Yaralanmışdım. Əsgər yoldaşlarım məni döyüşün içindən çıxartdı. Yaralanmağıma çox, lap çox təəssüfləndim. Sonacan döyüşə bilmədiyimə görə təəssüfləndim. Biz qalib gəldik. Hospitalda eşitdim ki, Bakıda, Tovuzda və digər bölgələrdə orduya dəstək aksiyası keçirilib. Bu, döyüşən hərbçilərin qələbə ruhunu daha da kükrədir, ordu ilə xalqın birliyini nümayiş etdirir. Müalicədən sonra xidmətimi davam etdirəcəm. Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayacaq əsgərlərin sırasında mən də olacam. Xalq orduya inanır, ordu xalqa güvənir...

Hamısını oxu
Fatma Səttarovanın ailəsinə və yaxınlarına

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi. Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir. Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 sentyabr 2024-cü il

Hamısını oxu