Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı ..

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır.  Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir.  Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir. Bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən: • dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcəkdır);
• “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən: • yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
• “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
• dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;
• restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);
• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;
• qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);
• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur; Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.  Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.  Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.  Növbəti mərhələdə sanitar-epidemiloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcəkdir.  Qeyd edək ki, COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

2020-05-01 00:00:00
3471 baxış

Digər xəbərlər

Həm orta, həm də ali məktəblərdə hərbi dərslərin tədrisinə ciddi ehtiyac var

Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında orta məktəblərdə hərbi dərslərin bərpa edilməsi təklifi ilə çıxış edib.   Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov orta məktəblərdə hərbi dərslərin bərpasının vacib olduğunu, bu illər ərzində bir neçə dəfə bununla bağlı  Təhsil Nazirliyinə müraciət etdiklərini bildirib:   “Təbii ki, məktəblərdə hərbi dərslərin bərpasına ciddi ehtiyac var. Ölkəmizin müharibə şəraitində olması, torpaqlarımızın bir hissəsinin işğal altında qalması hərbi dərslərin bərpasını ikiqat zəruri edir.   Sadəcə orta məktəblərdə deyil, ali təhsil müəssisələrində də hərbi dəsrlərin keçirilməsi günün tələbidir. Çünki ali məktəbin bakalavr pilləsini bitirən tələbələr təhsillərini başa vurandan sonra həqiqi hərbi xidmətə yola düşür. Əgər ali məktəblərdə hərbi dərslər tədris olunarsa, bu, təhsilini başa vurandan sonra ordu sıralarına qatılan gənclərimizin xidmətə daha hazıqlıqlı şəkildə başlamasını təmin edər. Unutmaq olmaz ki, ilkin bilik və bacarığa malik heyətlə işləmək zabitlər üçün də daha asandır.   Biz Respublika Veteranlar Təşkilatı olaraq dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Həmin müraciətlərdə həm orta, həm də ali məktəblərdə hərb işinə marağın artırılması məqsədi ilə gənclərimizin ordumuzun arsenalındakı hərbi texnika ilə tanışlığına şəraitin yaradılması, onlara bəzi silah növləri haqqında əyani informasiya verilməsi  və s. kimi təkliflər səsləndirmişik. Habelə, bu işdə veteranların təcrübəsindən istifadə etməyi təklif etmişik. Lakin təəssüflər olsun ki, Təhsil Nazirliyi bu müraciətlərə lazımi həssaslıqla yanaşmayıb.   Bir daha qeyd edirəm ki, gənc nəslə ilkin hərbi bilik və bacarıqların aşınması, onlarda orduya, hərb sənətinə marağın artıırlması üçün hərbi dərslərin bərpası arzuediləndir. Dövlətimizin maraqları bizdən məhz bunu tələb edir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Bayburt Universitetində Türkiyə, Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə tədbir keçirilib

Tədbir Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi tərəfindən təşkil olunub Veteran.gov.az xəbər verir ki, 6 iyul 2024-cü il tarixində Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi tərəfindən (TCOD) Bayburt Universitetində Türkiyə, Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Türkiyə Cümhuriyyəti ölkələrinin oftalmologiya sahəsində nailiyyətləri, tədqiqat nəticələrini və innovasiyaları müzakirə etmək olub. Tədbiri giriş nitqləri ilə TCOD-un genel başkanı Öner Gelişken, TCOD-un onursal başkanı Sunay Duman, TCOD-un baş katibi Züleyha Yalnız Akkaya, tədbirin ev sahibi millət vəkili Orhan Ateş, TOD-un baş katibi Kıvanç Güngör və Bayburt Universitetinin rektor köməkçisi Əli Savaş Bülbül açıq elan ediblər.  Tədbirin moderatorluğunu Dr. Yazgül Abdıyeva, Prof. Dr. Süleyman Kaynak və Dr. Bekir Sitki aparıb. Tədbirdə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Elmi-məlumat, tədris və təşkilati-metodiki” bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, TCOD-un fəxri üzvü Yazgül Abdıyeva tərəfindən məruzə səsləndirilib. Y. Abdıyeva ilk olaraq çıxışına ulu öndər Heydər Əliyevin “Biz bir millət iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya çatdırmasından, həmçinin prezident İlham Əliyevin “biz birlikdə güclüyük” şüarlarını səsləndirməklə başlayıb. O, bu şüarlara istinad edərək bildirib: - Türkiyə ilə Azərbaycanı birləşdirən qardaşlıq və onlar arasındakı möhkəm bağlar danılmazdır, güclüdür. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Daha sonra o, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin inkişaf tarixi, dünəni və bu günü mövzusunda çıxışına davam edib. Y. Abdıyeva akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyətini vurğulayaraq Mərkəz və Səyyar Klinikanın fəaliyyətindən geniş şəkildə bəhs edib. Beynəlxalq və yerli konfranslardan, tibbi aksiyalardan, kurslar və s. kimi müxtəlif aspektlərdən ətraflı məlumat verib. Y. Abdiyevanın çıxışında Mərkəzin gözə qulluq sahəsində mükəmməlliyə doğru inkişafı və regionda oftalmoloji fəaliyyətin inkişaf etdirilməsi istiqamətində beynəlxalq, xüsusilə Türkiyə ilə əməkdaşlığın olduğu daimi konfransların keçirildiyini qeyd edib. Sonda Y. Abdıyeva tədbirin Dədə Qorqudun yurdu Bayburtda yüksək səviyyədə keçirilməsində iştirak edən, ev sahibi olaraq millət vəkili Prof. Orhan Ateşə, TCOD-un onursal başkanı Sunay Duman və TCOD-un genel başkanı Öner Gelişkenə mühüm rollarına görə təşəkkür edib. Tədbirdə eyni zamanda Azərbaycandan Tural Qəlbinur, Türkiyədən - Ayşe Burcu, Umay Güvenç, Züleyha Yalnız Akkaya, Fatih Mehmet Mutlu, Bekir Sıtkı Aslan, Süleyman Kaynak, Oya Dönmez, Ilgaz Yalvaç, Nurten Ünlü, Betül Önal Günay, Levent Karabaş, Ecem Önder Tokuc, Qırğızıstandan - Azizbek Eshmambetov, Özbəkistandan - Nazım Zaynutidinov, Şimali Kipr Türk Respublikasından - Şerife Özhuy məruzələri ilə çıxış edib. Həmçinin Azərbaycandan Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən dr. Aynur Nəbiyeva tədbirdə iştirak edib. Tədbirdən sonra iştrakçılara sertifikat təqdim olunub və Bayburt şəhərində Baksi muzeyinə proqram təşkil edilib.  

Hamısını oxu
Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edildi, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu vurğulandı, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun Müzəffər Ali Baş Komandana ünvanladğı müraciət president.az saytında yayımlanıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun Müzəffər Ali Baş Komandana ünvanladığı müraciət Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi olan president.az saytında yayımlanıb. Veteran.gov.az həmin məlumatın linkini oxuculara təqdim edir. https://president.az/az/articles/view/72888 Seymur ƏLİYEV  

Hamısını oxu