Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans qlobal əhəmiyyətə malikdir”

Cəlil Xəlilov: “Məlum konfrans itkin problemi və bu problemin bəşəriyyət üçün əhəmiyyətini bir kəs daha gündəmə gətirdi”

“Oktyabrın 7-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfrans qlobal əhəmiyyətə malikdir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, konfransda itkin probleminin həlli istiqamətində Azərbaycan dövlətinin atdığı addımlara diqqət çəkilib, habelə, bu istiqamətdə görülməsi gərəkən işlər vurğulanıb:

“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans sözügedən problemin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin həyata keçirdiyi tədbirlərə, əldə etdiyi uğurlara diqqət çəkməklə yanaşı, mövcud problem və çətinlikləri də aktuallaşdırdı.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının  sədri hörmətli Əli Nağıyev  öz çıxışında itkin problemi ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verdi, konkret rəqəmlər, statistik məlumatlar əsasında problemlə bağlı mövcud mənzərəyə aydınlıq gətirdi. Dövlət Komissiyasının sədri vurğuladı ki, hazırda 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 11566 donordan isə bioloji nümunə toplanılıb. Ümumilikdə şəxsiyyəti eyniləşdirilmiş 273 nəfərin qalıqları ailələrinə təhvil verilib və bu istiqamətdə səylər günümüzdə də davam etdirilir. Lakin itkin probleminin həlli ilə bağlı Azərbaycanın səylərinin daha ciddi nəticə verməsi üçün Ermənistanın da bu səyləri dəstəkləməsi, itkinlər və onların aqibəti haqqında dövlətimizə məlumat verməsi vacibdir. Ancaq təəssüflər olsun ki, hələ ki, bu istiqamətdə Ermənistan tərəfindən heç bir real, praktiki addım atılmayıb.

Halbuki, 8 avqust 2025-ci ildə Vaşinqton şəhərində paraflanmış sülh sazişi layihəsində itkin şəxslər və məcburi yoxaçıxma halları üzrə Azərbaycala Ermənistan arasında əməkdaşlıq nəzərdə tutulub.

Hesab edirəm ki, itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans bütün dünyada adıçəkilən problemin həllinə öz müsbət təsirini göstərəcək, bu sahədə həmrəylik və əməkdaşlıq üçün yeni zəmin formalaşdıracaq”.

Seymur ƏLİYEV

2026-10-08 12:43:00
51 baxış

Digər xəbərlər

“Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın diplomatik uğurudur”

“Bu gün Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə Laçın rayonunun erməni işğalından azad olunmasının birinci ildönümünü qeyd edir. Hamıya məlum olduğu kimi Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində  Azərbaycana təhvil verilmişdir. Bundan əvvəl isə  noyabrın 9-da Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bununla da, Azərbaycan xalqı hərbi-siyasi yolla beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edib”.   Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.   Deputat açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Burada diqqət çəkən əsas məqam bu üç böyük rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun hər üç rayonun azad edilməsi ilə bağlı hərbi planları mövcud olub, lakin bu bölgələrin çətin reylefi uğurun daha böyük itkilər hesabına olacağını deməyə əsas verir. Bu haqda cənab Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa müracətində belə demişdir :    “Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var... Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın hərbi sahədə olduğu kimi diplomatik sahədə də qazandığı böyük uğurun nəticəsidir.   T.Cəfərova qeyd edib ki, Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, 28 il sonra Laçın rayonunun düşmən işğalından azad olunması mühüm tarixi hadisə idi.   Regionun strateji əhəmiyyətini artıran hava limanlarına diqqət çəkən millət vəkili bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Və işğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçına da tezliklə həyat qayıdacaq. Tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək.   Bir daha Laçın rayonunun işğaldan azad olunması münasibətilə bütün laçınlılar olmaqla, Azərbaycan xalqını təbrik edirəm”.

Hamısını oxu
Hərbi hospitalda yaralı əsgərin ad günü qeyd olundu

Hərbi hospitalda Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə yaralanan əsgərin ad günü qeyd edilib. “Bu gün hərbi xəstəxanada yaralı əsgərlərdən birinin ad günüdür. Adı Uğurdur. Ona bütün işlərində uğurlar və işıqlı bir yol arzulayırıq”, - deyə bununla bağlı “Facebook”da dərc olunan paylaşımda bildirilir.   Döyüşçü və yoldaşları üçün bayram tədbiri təşkil edən tibb müəssisəsinin işçiləri ad günü tortu da daxil olmaqla, müxtəlif şirniyyat və yeməklərin olduğu süfrə açıblar.        

Hamısını oxu
Polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib

Veteran.gov.az xəbər verir ki, Müahribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib. Birinci Qarabağ müharibəsi veteranı Adil Haqverdiyev respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına, habelə gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə “Böyük Zəfər Medalı”na layiq görülüb. Məlumat üçün qeyd edək ki, polkovnik Adil Haqverdiyev bugünə qədər müxtəlif dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən çoxsaylı orden və medallarla təltif olunub.    

Hamısını oxu
Nəsimi rayonu 111 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 10 dekabr 2021-ci ildə Bakı şəhəri Nəsimi   rayonunda yerləşən  111  saylı tam orta məktəbdə  Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirdə iştirak edib. Tədbirdə Nəsimi rayon veteranlar təşkilatının sədri Validə Vəliyeva ,   44 günlük Vətən müharibəsi qaziləri Elçin Əhmədov, Mətləb Əhmədov, məktəbin direktoru Jalə Hacıyeva, məktəbin şagird və müəllim kollektivi iştirak edib.   Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. Torpaqlarımızın bütövlüyü ugrunda canlarından keçmiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik süktla yad edildikdən sonra, Dövlət Himni səslənib. Daha sonra söz ehtiyatda olan polkovnik  Adil Haqverdiyevə verilib.   A.Haqverdiyev Ulu Öndər Heydər Əliyevin dövlətimizin, xalqımızın yolunda göstərdiyi misilsiz xidmətlərindən danışıb. Polkovnik qeyd edib ki, Hydər Əliyevin qoyduğu yolu Ali Baş Komandan İlham Əliyev bu gün uğurla davam etdirməkdədir. Onun daxili və xarici siyasəti nəticəsində müzəffər ordumuz torpaqlarımızı azad edib. İndi qürurla deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!   Daha sonra qazilər Əhmədov Elçin Əhmədov, Mətləb Əhmədov və baş mütəxəssis Nəbi Hacıyev  çıxış etdilər. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu