Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Zəfər Günü münasibətilə veteranları təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov 8 Noyabr – Zəfər Günü münasibətilə veteranları təbrik edib. Təbrikdə deyilir:

“Hərb tariximizin ən şanlı qalibiyyəti olan 8 Noyabr zəfərinin əldə edilməsində Azərbaycan Respublikasının Przidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında veteranlarımızın həlledici rol oynadığı, öz rəşadət və qəhrəmanlıqları ilə tarixi qələbəyə böyük töhfə verdiyi heç kimə sirr deyil. Cəmi 44 gün ərzində düşmənin 30 illik istehkamlarını yararaq işğalçı ordunu darmadağın edən veteranlarımız, bununla Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Veteranlarımız öz qəhrəmanlıqları ilə sübut etdi ki, onlar Müzəffər Ali Baş Komandanın hər bir tapşırığını böyük əzm və qətiyyətlə yerinə yetirməyə, istənilən tapşırığın öhdəsindən uğurla gəlməyə qadirdilər.

Bizim üçün qürurvericidir ki, 6 il öncə işğaldakı torpaqlarımızın azadlığını təmin edən veteranlarımız bu gün işğaldan azad edilən ərazilərimizdə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında həyata keçirilən nəhəng quruculuq prosesində yaxından iştirak etməkdə, azad olunmuş ərazilərimizin dirçəlməsinə böyük töhfələr verməkdədir. Bu fakt veteranlarımızın hər zaman Prezidentimizin yanında olduğunu, onun hər bir çağırışını qətiyyətlə dəstəklədiyini göstərir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bütün veteranlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edir, onların hər birinə ən xoş arzularımızı çatdırırıq. Əminik ki, veteranlarımız hər zaman olduğu kimi bundan sonra da müstəqilliyimizin və suverenliyimizin möhkəmlənməsində, milli maraqlarımızın bütün müstəvilərdə müdafiəsində, Prezidentimizin hər bir çağırışının dəstəklənməsində yaxından iştirak edəcək, xalqımıza və dövlətimizin yüksəlişinə töhfə verməkdə davam edəcəklər.

Bir daha veteranlarımızın Zəfər bayramını təbrik edir, onların hər birinə uğurlar arzulayırıq”.

Polkovnik Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

 

2026-11-06 15:11:00
53 baxış

Digər xəbərlər

“Sərhədçilərin Vətən müharibəsindəki qəhrəmanlığı tarixin yaddaşında əbədi yaşayacaq”

Cəlil Xəlilov: “DSX bu müharibədə nəyə qadir olduğunu bir daha sübut etdi”   Avqustun 18-i Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, DSX-nın 44 günlük Vətən müharibəsində ölkəmizin qalibiyyətinə böyük töhfə verdiyini bildirib:   “44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır. Məhz bu müharibə nəticəsində şanlı Azərbaycan ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri, birlik və qoşun növləri iştirak edərək böyük zəfərin əldə edilməsinə töhfə verdi.   Mən 44 günlük Vətən müharibəsində DSX-nın Sərhəd Qoşunlarının göstərdiyi qəhrəmanlıqları xüsusilə qeyd etməliyəm. Çünki Sərhəd Qoşunları bu müharibədə bir sıra mühüm yeniliklərə imza atdı ki, bu yeniliklər işğalçı Ermənistan üzərində zəfərin əldə edilməsində mühüm rol oynadı”.   DSX-nın erməni ordusunun kabusuna çevrilən dron əməliyyatları   Cəlil Xəlilov qeyd edib, 44 günlük Vətən müharibəsi hər şeydən öncə müasir hərbi texniki nailiyyətlərin Azərbaycan tərəfindən geniş tətbiqi ilə xarakterizə oluna bilər:   “Ötən əsrin 90-cı illərinin əvvəlindəki I Qarabağ müharibəsindən fərqli olaraq, biz 44 günlük Vətən müharibəsində müasir hərbi texnikanın real döyüş əməliyyatlarında geniş tətbiqinə şahid olduq. Bunlardan biri də pilotsuz uçuş aparatlarının – dronların geniş tətbiqi ilə bağlı idi. Hansı ki, bu dronların bir çoxu məhz DSX tərəfindən tətbiq edilib. Xüsusilə də “Harop”, “Quzğun” və “Hermes” pilot­suz uçuş aparatları vasitəsi ilə işğalçılara ağır zərbələr endirən sərhədçilər bütövlükdə 290 düşmən hədəfini məhv ediblər.   DSX dronlarının əsas hədəflərindən biri də düşmənin zenit-raket qurğuları, tank və artilleriya sistemləri olub. Bu sistemlərin sıradan çıxarılması düşməni mühüm atəş dəstəyindən məhrum etməklə yanaşı, aktiv hücum əməliyyatı həyata keçirən ordumuzun canlı qüvvəsinin, habelə, texnikasının qorunması, müdafiə olunması baxımından da mühüm rol oynayıb. Hərbi texnika və raket sisteminin dəstəyindən məhrum edilən düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Təkcə bu faktın özü sərhədçilərimizin böyük qələbəmizə hansı miqyasda töhfə verdiyini təsəvvür etməyə imkan verir. Onu da qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərində də DSX pilotsuz uçuş aparatlarından hərbi əməliyyatlar zamanı uğurla istifadə edib, düşmən hərbçilərini, o cümlədən onlara köməyə gələn ehtiyat qüvvələri uğurla məhv edib.   Düşmən mövqelərinə səssiz yaxınlaşan, onların dəqiq müşahidəsini həyata keçirən, son ana qədər görünməz olan dronlar Ermənistan ordusunun istər canlı qüvvəsinə, istərsə də hərbi texnikasına böyük zərbə vurduğu, gözlənilmədən peyda olaraq ətrafa ölüm saçdığı üçün düşmən hərbçilərinin əsl kabusuna çevrilmişdi. Hər an hədəfə çevrilmək qorxusu erməni əsgərlərini psixoloji baxımdan da sarsıdır, onlarda qorxu və təşviş hissi doğururdu. Başqa sözlə desək, DSX-nin dron əməliyyatları Ermənistan ordusunun sıralarını seyrətməklə yanaşı, həm də döyüş əzmini, psixologiyasını da sarsıdır, onları mənəvi baxımdan da məhvə məhkum edirdi”.   “AN-2 möcüzəsi”, yaxud ölümün yeni adı...   Polkovnikin sözlərinə görə, 44 günlük Vətən müharibəsində DSX, həm də bəzi təyyarələrin konstruksiyasında mühüm yeniliklər etməklə onların zərbə gücünü artırıb, həmin təyyarələri yeni formatda hərbi əməliyyatların gedişində uğurla tətbiq edib:   “44 günlük Vətən müharibəsi zamanı DSX sadəcə Türkiyə və İsrail istehsalı olan dronların müvəfəqiyyətli tətbiqi ilə diqqət çəkmədi. Sərhədçilər həm də bəzi təyyarələrin üzərində apardıqları konstruksiya dəyişiklikləri və bu dəyişikliklər əsasında yaradılan yeni dronlardan peşəkarcasına istifadə ilə də diqqət çəkdi. Buna misal olaraq AN-2 təyyarələri ilə bağlı həyata keçirilən yenilikləri qeyd etmək olar.   AN-2 təyyarələrini modernləşdirərək onları pilotsuz uçuş aparatına döndərən sərhədçilər, həmin uçuş aparatları ilə düşmən hərbi hədəflərinə ağır zərbələr endirib, işğalçının çoxlu sayda canlı qüvvvəsi və zirehli texnikasını məhv edib. Müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi düşmənə qarşı mübarizədə aktiv iştirak edən sərhədçilər, pilotsuz uçuş aparatlarından geniş istifadə sayəsində hava məkanında ordumuzun şəriksiz üstünlüyünü təmin edib, 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynayıb”.   Itirilən sərhədlərin və ərazilərin bərpasına doğru...   Sərhədçilərin İran və Ermənistan sərhədlərinin işağlda qalan hissəsinin azad edilməsində də yaxından iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun sadəcə hərbi deyil, həm də siyasi baxımdan mühüm önəm kəsb etdiyini bildirib:   “44 günlük Vətən müharibəsində sərhədçilər bir sıra rayonların işğalçılardan təmizlənməsi ilə yanaşı, dövlət sərhədlərinin azad olunmasında da yaxından iştirak edib, böyük qəhrəmanlıqlara imza atıb. Sərhədçilərin hücumları sayəsində Azərbaycan-İran sərhəddinin işğal altında qalan 132 km hissəsi işğaldan azad edilib. Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhəddinin 500 km-lik hissəsi də separatçılardan təmizlənib və Azərbaycan bu hissəyə də nəzarəti ələ alıb.   Şübhəsiz, İran və Ermənistanla olan dövlət sərhədlərimizin işğaldakı hissəsinin azad edilməsi hərbi baxımdan böyük nailiyyət olmaqla yanaşı, iqtisadi-siyasi baxımdan da mühüm əhəmiyyətə malik idi. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan və İran arasında iqtisadi əlaqələr mövcuddur ki, Azərbaycan-İran sərhədlərinin işğaldakı hissəsinin azad edilməsi bu əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaratdı.   Azərbaycan-İran və Azərbaycan-Ermənistan sərhəddinin işğaldakı hissəsinin azad olunması dövlət sərhədlərinin toxunulmazlığı prinsipinin əməli-praktiki baxılmdan təmin edilməsi demək idi. Sərhədçilər bu mühüm və həyati vacib işin öhdəsindən də ləyaqətlə gəlməklə dövlət sərhədlərimizin toxunulmazlığını təmin etdi”.   “DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir”   Polkovnik Vətən müharibəsindən sonra DSX-nın işğaldan azad edilmiş rayonlarda yeni hərbi hissələr açmasının da, dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib:   “Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin tam bərpa edilməsi, həmin ərazilərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi, habelə, bu rayonlarda yeni hərbi hissələrin yaradılması istiqamətində dövlətimiz tərəfindən sistemli addımlar atılmaqdadır. Bu addımlardan biri də həmin rayonlarda DSX-ya məxsus hərbi hissələrin yaradılmasıdır. Məlumat üçün qeyd edim ki, artıq işğaldan azad edilmiş ərazilərdə DSX-nın 10-dan çox hərbi hissəsi açılıb, sərhədlərimiz həmin hərbi hissələr hesabına daha da möhkəmləndirilib. Məlum proses bu gün də davam etməkdədir.   DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir. Bu, sərhədlərimizin etibarlı şəkildə qorunması, onun möhkəmləndirilməsi, hər cür təxribata adekvat cavab verməyə hazır olmağımız anlamını daşıyır. Bu baxımdan sərhədçilərimizin Vətən müharibəsindəki fəaliyyəti ilə yanaşı, post-müharibə dönəmindəki fəaliyyəti də mühüm əhəmiyyətə malikdir və bütün bu addımlar sərhədlərimizin toxunulmazlığının təmininə, təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edir”.   “Ən güclü silahımız sevgidir və DSX gənc nəslə məhz bunu təbliğ edir”   DSX-nın vətənpərvərlik tərbiyəsinin təbliğində də aktiv iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb:   “DSX-nın fəaliyyətində diqqət çəkən məqamlardan biri də adıçəkilən qurumun vətənpərvərlik tərbiyəsinin təbliğində yaxından iştirak etməsi, gənclər arasında bu istiqamətdə sistemli iş aparmasıdır. Bu fəaliyyətin bir istiqaməti də mütəmadi olaraq yeniyetmə və gənclər arasında, o cümlədən yaşından asılı olmayaraq, bütün yaradıcı şəxslər arasında hərbi vətənpərvərliklə bağlı müsabiqələrin təşkili ilə bağlıdır.  DSX tərəfindən mütəmadi şəkildə keçirilən bu müsabiqələrdə vətən sevgisi, onu qorumağın zəruriliyi fikri aşılanır, vətən uğrunda həlak olan şəhidlər, onların göstərdiyi qəhrəmanlıqlar təbliğ edilir. Bu müsabiqələr bütün iştirakçılar üçün maarifləndirici xarakter daşımaqla yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən yeni əsərlərin – rəsmlərin, şeirlərin, hekayələrin, əl işlərinin, bədii və publisistik məqalələrin meydana çıxmasına səbəb olur. Nəticədə, vətənpərvərlik tərbiyəsi baxımından yeni, zəngin baza meydana çıxır.   Məlumat üçün qeyd edim ki, belə müsabiqələrdən biri də Vətən müharibəsində tarixi qələbənin əldə olunmasına və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümünə həsr olunmuş “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqə oldu. Cari ilin 12 avqust tarixində DSX-nın akademiyasında müsabiqə iştirakçılarının mükafatlandırılması məqsədi ilə general Abbas Xəlilovun da iştirakı ilə təbir keçirildi, müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş olundu, qaliblər təltif edildi. Bizim üçün qürurvericidir ki, həmin müsabiqədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev ən yaxşı məqalə nominasiyası üzrə birinci yerə layiq görüldü.   Bir daha qeyd edirəm ki, DSX tərəfindən vətən sevgisinin, vətənprəvərlik ruhunun gücləndirilməsi istiqamətində atılan addımlar müstəsna əhəmiyyətə malikdir. Bu cür addımlar yeniyetmələrdə vətən sevgisinin artmasına, onların dövlətlə, bayraqla, sərhədlə bağlı məsələlərə daha həssas, daha məsuliyyətli yanaşmasına səbəb olur. Unutmayaq ki, bizim ən güclü silahımız sevgidir və 44 günlük Vətən müharibəsi, bu müharibədə hərbçilərimizin vətən uğrunda sevə-sevə öz həyatını qurban verməsi faktı bunu bir daha sübut etdi. DSX, onun maarifçilik xarakterli tədbirləri də gənclərə məhz bu sevgini – vətən, millət, bayraq sevgisini təlqin edir.   Mən Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibəti ilə DSX rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla sözügedən qurumun bütün əməkdaşlarını təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, DSX bundan sonra da sərhədlərimizin etibarlı şəkildə qorunmasına öz töhfəsini verəcək,  xalqımızın və dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
II Dünya müharibəsi veteranı Vəli Qasımov vəfat edib

Veteran.gov.az xəbər verir ki, II Dünya müharibəsi veteranı Vəli Qasımov yaşadığı Culfa rayonunun Xanəgah kəndində dünyasını dəyişib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Vəli Qasımovun vəfatından kədərləndiyini bildirir, bu münasibətlə mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Elşad Şabanovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Əfqanıstan, Qarabağ və Silahlı Qüvvələr veteranı, Təşkilatın Bakı şəhəri Nərimanov Rayon Təşkilatının sədri Elşad Şabanovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Rayon gənclərinin, veteran və ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Elşad Şabanovun keçdiyi döyüş yoluna nəzər salıb, onun hər zaman dövlətimizin ərazi bütövlüyünün, təhlükəsizliyinin keşiyində qətiyyətlə dayandığını bildirib. Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri, parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Elşad Şabanovun timsalında bütün qazilərə öz minnətdarlığını bildirib. Millət vəkili qeyd edib ki, məhz şəhidlərimizin, qazilərimizin cəsarət və şücaəti hesabına dövlətimiz hər zaman çətin sınaqlardan alnıaçıq, üzüağ çıxmağı bacarıb. Millət vəkili çıxışının sonunda Elşad Şabanovu Fəxri Fərmanla təltif edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Elşad Şabanovun uzun müddətdir ki, Veteranlar Təşkilatının Nərimanov Rayon Təşkilatının sədri vəzifəsində çalışdığını, öz zəngin təcrübəsi, dəyərli məsləhətləri ilə gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük töhfələr verdiyini bildirib. Polkovnik Cəlil Xəlilov Elşad Şabanovu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanı ilə təltif edib. Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov da Elşad Şabanovun həyat və döyüş yolunu yüksək qiymətləndirib, onu rəhbəri olduğu qurum adından təltif edib. Tədbirə və ona göstərilən etimada görə iştirakçılara təşəkkürünü bildirən Elşad Şabanov, hər zaman olduğu kimi bundan sonra da vətənin, dövlətin keşiyində ayıq-sayılq dayanmaqda davam edəcəyini bildirib.

Hamısını oxu
DTX rəisi general-polkovnik Əli Nağıyev beynəlxalq tədbirdə iştirak edib

Veteran.gov.az xəbər verir ki, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib. Regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyi iclasda ötən illər ərzində həyata keçirilmiş antiterror tədbirlərinin yekunları ətraflı təhlil edilib, atılacaq konkret addımlar müəyyənləşdirilib. Bununla yanaşı, iclas iştirakçıları transmilli terrorçuluq və dini radikalizmə qarşı birgə mübarizənin aparılması üçün yeni əməkdaşlıq formatları barədə də razılığa gəliblər. Texnologiyaların sürətli inkişafını xüsusi diqqətdə saxlayan Şura üzvləri MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətində süni intellektdən istifadəyə dair tövsiyələri əks etdirən konseptual sənədi məqbul hesab ediblər.  Müvafiq sənədin icrasının sözügedən strukturların elmi potensialını və əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmağa şərait yaradacağı vurğulanıb. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev son dövrlərdə beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlər, eləcə də terrorçuluğun yeni təzahürləri və Azərbaycanda müvafiq sahədə görülən işlər barədə geniş məruzə ilə çıxış edib. Mürəkkəb geosiyasi vəziyyətin regiondakı əməliyyat şəraitinə ciddi təsir göstərdiyini vurğulayan xidmət rəisi təhlükəsizlik sisteminə yönələn təhdidlərlə mübarizədə tərəfdaş qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı əlaqənin xüsusi önəm daşıdığını, bu baxımdan birgə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılan iclas çərçivəsində təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş sənədlər imzalanıb.  

Hamısını oxu