Veteranların hüquq və qanuni mənafelərinin müdafiəsi diqqət mərkəzində
Veteran.gov.az xəbər verir ki, 19 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun təşəbbüsü ilə Təşkilatın inzibati binasında veteranlarla vəkillərin görüşü keçirilib.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov görüşün əhəmiyyətindən bəhs edərək bildirib ki, bu tədbirin keçirilməsində əsas məqsəd veteranların hüquq və qanuni mənafelərinin müdafiəsinə dəstək göstərmək, onların hüquqi maarifləndirilməsini təmin etmək, gündəlik həyatlarında qarşılaşdıqları hüquqi problemlərin həlli istiqamətində müvafiq köməklik göstərməkdir.
İ.Əhmədov qeyd edib ki, Vətən qarşısında böyük xidmətləri olan veteranlara diqqət və qayğı göstərilməsi, onların sosial və hüquqi problemlərinin həllinə dəstək verilməsi hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzində olmalıdır. Onun sözlərinə görə, veteranların üzləşdikləri hüquqi məsələlərin vaxtında araşdırılması, müraciətlərinə həssaslıqla yanaşılması və qanunvericiliyə uyğun həll yollarının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.Sədr müavini vurğulayıb ki, vəkillərlə veteranların birbaşa görüşünün təşkili bu baxımdan mühüm addımdır. Belə görüşlər veteranların hüquqi biliklərinin artırılmasına, onları narahat edən məsələlərin peşəkar hüquqşünaslarla müzakirəsinə, eləcə də hüquqlarının müdafiəsi istiqamətində konkret addımların atılmasına geniş imkan yaradır.
İ.Əhmədov, həmçinin vəkillərin veteranların müraciətlərinə göstərdikləri diqqətin və hüquqi dəstəyin əhəmiyyətini qeyd edərək, bu cür əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, görüşdə iştirak edən vəkillərə təşəkkürünü bildirərək, veteranların hüquqi problemlərinin həllinə yönəlmiş bu təşəbbüsün səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hüquq məsləhətçisi, vəkil Vüsalə Cəfərli ilk növbədə veteranlarla vəkillərin bir araya gəlməsinə, onların hüquqi problemlərinin dinlənilməsinə və müvafiq dəstəyin göstərilməsinə şərait yaratdığına görə Təşkilatın sədrinə, sədr müavininə, eləcə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədrinə təşəkkür və minnətdarlığını bildirib.
V.Cəfərli çıxışında qeyd edib ki, xüsusilə həyat təcrübəsi və Vətən qarşısında xidmətləri ilə seçilən veteranların müraciətlərinə həssaslıqla yanaşılması, onların hüquq və qanuni mənafelərinin qorunması hər bir hüquqşünas üçün mühüm vəzifə olmalıdır. Veteranların qarşılaşdıqları hüquqi çətinliklərin aradan qaldırılmasına dəstək göstərilməsi, onların dövlət qurumlarına müraciətlərinin hazırlanmasında köməklik edilməsi və hüquqi məsələlərdə düzgün istiqamətləndirilməsi hüquqi yardımın əsas istiqamətlərindəndir. V.Cəfərli görüş çərçivəsində veteranların hər bir müraciətinə diqqətlə yanaşılacağını, qaldırılan məsələlərin hüquqi baxımdan araşdırılmasının və mümkün həll yollarının müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Vəkil belə təşəbbüslərin davamlı xarakter daşımasının veteranların hüquqi müdafiəsinin gücləndirilməsinə və onların hüquq və qanuni mənafelərinin daha etibarlı təmin olunmasına mühüm töhfə verəcəyinə inamını ifadə edib.
Görüş çərçivəsində Təşkilatın sədr müavini İmran Əhmədov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyab, vəkillər Manya Əhmədli, İradə Hacıyeva, Xəyalə Məmmədova və Təşkilatın hüquq məsləhətçisi, vəkil Vüsalə Cəfərli veteranların müraciətlərini dinləyib, onları narahat edən hüquqi və digər məsələlərlə yaxından maraqlanıblar.
Vətəndaşların qaldırdıqları məsələlər ətraflı müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb, mövcud problemlərin qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq hüquqi izahat və məsləhətlər verilib. Bununla yanaşı, veteranlara hüquqi sənədlərin hazırlanmasında, aidiyyəti dövlət qurumlarına müraciətlərin tərtib edilməsində və hüquqlarının müdafiəsi üçün zəruri prosedurların həyata keçirilməsində birbaşa praktiki köməklik göstərilib.
Görüş zamanı bir sıra veteranların müraciətlərində qaldırılan məsələlərin əlavə araşdırılmasına ehtiyac olduğu müəyyən edilib. Həmin müraciətlərin araşdırılması və müvafiq hüquqi dəstəyin göstərilməsi tədbirdə iştirak edən vəkillər tərəfindən öz üzərinə götürülüb.
Tədbirin sonunda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov görüşdə iştirak edən vəkilləri qəbul edib.Qəbul zamanı Cəlil Xəlilov veteranların hüquq və qanuni mənafelərinin müdafiəsi istiqamətində göstərilən diqqət və dəstəyə görə vəkillərə dərin təşəkkürünü bildirib. O, qeyd edib ki, veteranlara ehtiram və qayğı göstərilməsi yalnız mənəvi borc deyil, həm də onların qarşılaşdıqları problemlərin həllinə real dəstək verməyi, hüquqlarının qorunmasını və qanuni mənafelərinin təmin olunmasını tələb edir.Təşkilat sədri vəkillərin veteranlarla birbaşa görüş keçirməsini, onların müraciətlərini dinləməsini, hüquqi məsələlərə peşəkar yanaşma nümayiş etdirməsini yüksək qiymətləndirib. Bildirib ki, bu cür görüşlər veteranların hüquqi müdafiəsinin gücləndirilməsi, onların dövlət qurumlarına müraciətlərinin düzgün istiqamətləndirilməsi və qarşılaşdıqları problemlərin qanunvericiliyə uyğun həlli baxımından mühüm əhəmiyyət daşıyır.
C.Xəlilov xüsusilə vurğulayıb ki, veteranlar Azərbaycan dövlətinin və xalqının qarşısında böyük xidmətləri olan insanlardır və onların hər zaman diqqət və qayğı ilə əhatə olunması vacibdir. Bu baxımdan, vəkillərin öz peşə bilik və təcrübələrini veteranların hüquqlarının müdafiəsinə yönəltməsi təqdirəlayiq təşəbbüsdür.
Təşkilat sədri gələcəkdə də Vəkillər Kollegiyası ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib, görüşün təşkilində və keçirilməsində əməyi olan bütün vəkillərə bir daha minnətdarlığını bildirərək, onların fəaliyyətində uğurlar arzulayıb.