Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Münxendəki panel müzakirələrdə Ermənistanın regionda ciddi təhdid olduğunu ortaya qoydu

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən panel müzakirələr bütün dünyada ciddi marağa səbəb olub. Prezident İlham Əliyevin dəmir məntiqi qarşısında deməyə söz tapmayan, əsassız və gülünc arqumentlərlə öz mövqeyini müdafiə etməyə çalışan N.Paşinyan nəticə etibarı ilə daha rüsvayçı vəziyyətə düşdü. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Cəlil Xəlilov deyib. O qeyd edib ki, Münxendəki panel müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev dünya mediasının, beynəlxalq ictimaiyyətin gözü qarşısında Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi, N.Paşinyanın əsassız iddialarını darmadağın etdi. Dövlətimizin başçısı dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq təşkilatların təcavüzkara təzyiq göstərməsinin vacibliyinə diqqət çəkdi, bunu zəruri edən səbəblərə toxundu. Prezident İlham Əliyev Azərbaycanın uğradığı təcavüz fonunda Ermənistanın bütün region, beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi təhdid mənbəyi olduğunu real faktlar əsasında ortaya qoydu. C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin tutarlı şərhləri qarşısında aciz vəziyyətə düşən N.Paşinyan Ermənistanın Azərbaycan torpaqlarının işğal etdiyini, onu qaytarmaq niyyətində olmadıqlarını etiraf etdi. N.Paşinyanın işğalçı olduqlarını etiraf etməsi faktı da Azərbaycanın siyasi uğuru kimi qiymətləndirməlidir. Həmçinin bu etiraf onu göstərir ki, Ermənistanın problemi sülh yolu ilə həll etmək niyyəti yoxdur və Azərbaycan Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli məsələsinə daha çox diqqət ayırmalıdır. “İşğal altındakı torpaqlarımızı azad etmək Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan hüququdur və buna ölkəmizin həm hüquqi, həm də mənəvi haqqı var. Bu baxımdan Münxendəki müzakirələr Prezident İlham Əliyevin parlaq siyasi qələbəsi kimi dəyərləndirilməli və bu qələbənin nəticələrindən səmərəli şəkildə yararlanmağa səy göstərməliyik”, - deyə C.Xəlilov vurğulayıb.

2020-02-18 00:00:00
4872 baxış

Digər xəbərlər

Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında  Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Rəşad Abdullayevə həsr olunmuş "Murovun Aslanı" adlı kitabının təqdimatı keçirilib. Tədbirdən öncə Vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Təbdirdə şəhid valideynləri və yaxınları, şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev, şəhidin bacısı Ayna Abdullayeva, şəhid Orxan Paşayevin atası Nazim Paşayev, ADPU Cəlilabad filialının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri, şəhid qardaşı Sakit Üçtəpəli,   fəlsəfə üzrə fəlsəfə doktoru,  "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi  İlqar İsmayılzadə,  Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət İsrafilova, "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyev, Cəlilabad Rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, ADPU Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri Ələsgər Mirzəzadə, həmçinin filialın müəllim və tələbə heyəti  iştirak ediblər. Yüksək səviyyədə  keçən təqdimat mərasimində çıxış edənlər Azərbaycan dövlətçiliyi, vətənpərvərlik mövzularından və şəhid kapitan Rəşad Abdullayevdən söz açaraq onun barəsində yazılıb işıq üzü görmüş kitabı yüksək dəyərləndiriblər və müəllifə yeni-yeni uğurlar diləyiblər. Şair-publisist Ədalət Salman çıxışında şəhid Rəşad Abdullayev barədə ərsəyə gəlmiş  kitabın yazılma tarixçəsindən söz açaraq belə bir gözəl tədbirin təşkilinə görə filialın direktoru Xudayar müəllimə və bütün iştirakçılara öz təşəkkürünü bildirib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. Qeyd edək ki,  şəhid kapitan Rəşad Abdullayev barədə qələmə alınmış bu kitabın ilk təqdimatı bu ilin sentyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində yüksək səviyyədə keçirilib.

Hamısını oxu
Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsi yad edilib

  Veteran.gov.az xəbər verir ki, 3 oktyabr 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Əliyar Əliyevin şəhadət günü münasibətilə rayon ərazisində ucaldılmış xatirə lövhəsi ziyarət edilmiş, gül əklikləri qoyulmuşdur.   Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Əliyar Əliyev Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir.1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribatlar törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəstə təşkil edir. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi də tanınırdı. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur. Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu. Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və İrəvan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı. 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu. 1992-ci ilin avqust ayında həyata keçirilən "Şurnuxu” əməliyyatında iştirak edib. Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi.   Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Bakının Nərimanov rayonundakı küçələrdən biri Əliyar Əliyevin adını daşıyır, orada qəhrəmanın büstü də ucalır. 2017-ci ildə Bakının Nərimanov rayonunda onun adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub.   Sevindirici haldır ki, 25 oktyabr 2020-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuz Qubadlı şəhərini işğaldan azad edib.   Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə tədbirlər planına əsasən veteranlarla gənclərin görüşü keçirilib

Respublika Veteranlar Təşkilatının 2019-cu il üzrə Tədbirlər Planına uyğun olaraq aprelin 3-də Respublika Veteranlar Təşkilatının inzibati binasında müharibə veteranları ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və müəllim heyətinin görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. video Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, ADPU-nin rektoru professor Cəfər Cəfərov, veteranlar,  universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə general-polkovnik Tofiq Ağahüseynov açaraq gənc nəslin vətənpərlik tərbiyyəsi istiqamətində Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi işlər barədə və vətənpərvərlik ruhunda tərbiyə edilməsində veteranların fəaliyyəti haqqında məlumat verib. Ulu Öndər Heydər Əliyev irsinə sadiq fəaliyyət göstərən Təşkilatın Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmasını vurğulayıb. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan gəncliyinin xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olduğunu qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrin əldə edilməsində, eləcə də, ərazi bütövlüyümüzün təmin olunması, müstəqilliyimiz naminə sinəsini sipər etmiş gəncləri əsl vətənpərvər adlandırıb. C.Xəlilov Azərbaycan gəncliyinin vətən sevgisinə, tərbiyəsinə, əxlaqına görə dünyaya nümunə olduğunu diqqətə çatdırıb. ADPU-nin rektoru professor Cəfər Cəfərov çıxışında Respublika Veteranlar Təşkilatına bu cür tədbirlərin təşkilinə görə təşəkkür edib. Gənclərin üzərinə düşən məsuliyyətdən və rəhbərlik etdiyi Universitetin gənclərinin təhsildə əldə etdiyi uğurlara nəzər salıb. Azərbaycanın gələcəyinin əmin əllərdə olmasını vurgulayıb. Əfqanıstan və Qarabağ müharibəsi veteranları polkovnik Adil Haqverdiyev, polkovnik Elşad Şabanov, Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova və ADPU-nin dekanı Laçın Həsənova Aprel döyüşlərinin iştirakçısı Məmmədov Elşad və başqaları çıxış edərək  gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonra tədbir iştirakçıları Pedaqoji universitetin müəllim və tələbələrinin Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov haqqında  hazırladıqları videoçarxa baxıblar. Tədbirin sonunda ADPU-nun rektoru professor Cəfər Cəfərova “General Həzi Aslanov” yubiley medalı və kollektivin bir qrup müəllim tələbə heyəti  Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif edilib, birgə xatirə şəkli çəkilib.

Hamısını oxu
ÇİN VƏ ƏFQANISTAN SƏRHƏDLƏRİNDƏ XİDMƏT EDƏN HƏRBÇİMİZ SONUNDA VƏTƏNƏ QAYIDIR

Hamısını oxu