Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Çexiya Respublikasinin Azərrabycan Respublikasındakı səfiri Respublika Veteranlar Təşkilatında olub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab  Milan Ekertin başçılıq etdiyi nümayəndə heyəti ilə 25 fevral 2020-ci il tarixində görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara dövlət tərəfindən göstərilən qayğı, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı barədə ətraflı məlumat vermişdir. O, həmçinin Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmış, Çexiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Təşkilatın sədri Tofiq Ağahüseynov Qələbənin 75 illiyi ərəfəsində keçirilən bu görüşün əhəmiyyətindən danışmışdır. İkinci Dünya müharibəsi veteranı general-polkovnik Tofiq Ağahüseynov Çexiyada 7 il hərbi xidməti barədə eləcə də, bu ölkə və çex xalqı ilə bağlı xoş xatirələrini bölüşmüşdür.   Görüş iştirakçılarına milli Azərbaycan diviziyalarının zəfər yolu barədə geniş məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmin dövrdə Çexoslovakiya ərazisində, xüsusilə Praqa şəhəri uğrunda gedən döyüşlərdə həmyerlilərimizin göstərdikləri şücayətdən bəhs etmişdir. O, İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Qırmızı Bayraq və II dərəcəli Suvorov ordenləri ilə təltif edilmiş 416-cı milli diviziyanın Bakıdan Praqaya qədər 5000 km. döyüş yolu qət edərək, Çexoslovakiya ilə yanaşı, daha 5 Avropa ölkəsinin – Rumıniya, Bolqarıstan, Yuqoslavinya, Macarıstan, Avstriyanın faşizmdən azad edilməsindəki şücaətindən danışmış, diviziyanın zabit və əsgərlərindən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adının verildiyini bildirmişdir. Qonaqlara 223-cü milli atıcı diviziyanın 1942-ci ilin yayında Şimali Qafqazdan başlayan döyüş yolunun Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriyadan keçməsi, diviziyanın 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olması və mayın 12-də Amerika ordusunun hərbi hissələri ilə görüşməsi yada salınmış, onun döyüşçülərindən 3483 nəfərinin müxtəlif orden və medallarla təltif edilməsi, 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adının verildiyi bildirilmişdir. Qonaqlara Çexoslavakiyanın azadlığı uğrunda döyüşlərdə fərqlənmiş 77-ci Azərbaycan diviziyası barədə də məlumat verimişdir.  Səfir Milan Ekert Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə səmimi görüşə və ətraflı məlumatlara görə minnətdarlıq etmiş, Azərbaycan Respublikasının dövlət orqanları və ictimai təşkilatları ilə Çexiyanın müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığının faydalı və arzuedilən olduğunu bidirmişdir. O, Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün insanların xatirəsinin çex xalqı üçün daim əziz olduğunu xüsusi vurğulayaraq,  İkinci Dünya müharibəsində faşizm üzərində Qələbəninin 75 illik yubileyinin yaddaqalan olacağını qeyd etmişdir.  Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.  

2020-02-25 00:00:00
5394 baxış

Digər xəbərlər

Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Hamısını oxu
Baş verənlər göstərdi ki, Ermənistan sülh deyil, terror haqqında fikirləşir

Martın 5-də ermənilərin Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat rəsmi İrəvanın sülh niyyətindən uzaq olduğunu göstərir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, məlum insident bütün qanunsuz silahlı dəstələrin Azərbaycan torpaqlarından çıxarılmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Martın 5-də öz xidməti tapşırıqlarını icra edən hərbçilərimizə qarşı erməni tərəfinin atəş açması və nəticədə ordumuzun iki hərbçisinin şəhid olması Ermənistanın bu gün də öz təxribatçılıq əməllərindən, məkirli niyyətlərindən əl çəkmədiyini göstərir. Bu fakt həm də onu sübut edir ki, Azərbaycan ərazilərindən erməni silahlı dəstələrinin çıxarılması son dərəcə vacibdir və rəsmi Bakının bu günə qədərki narahatlığı heç də əbəs olmayıb. Bundan başqa, bu təxribat sübut etdi ki, həqiqətən də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə - erməni separatçılarına silah-sursat, mina və digər hərbi ləvazimatlar daşınır. Yəni Ermənistan tərəfi 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın şərtlərini açıq şəkildə pozur, imzaladığı Bəyanatın şərtlərini yerinə yetirməkdən nümayişkaranə surətdə imtina edir. Bu isə Azərbaycan tərəfini adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Polkovnik qeyd edib ki, Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməli, erməni təxribatlarına qarşı sərt mövqe nümayiş etdirməlidir. “5 mart təxribatı bölgədəki Rusiya sülhməramlılarının da məsuliyyətini artırır. Çünki 10 noyabr Bəyanatına görə erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını məhz Rusiya sülhməramlıları təmin etməlidir. Rusiya sülhməramlıları üzərilərinə götürdükləri bu öhdəliyin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atmalı, erməni təxribatlarına qarşı sərt mövqe ortaya qoymalıdır. Bu baş verməsə, dövlətimiz erməni təxribatlarının qarşısını almaq, bölgədə təhlükəsizliyi təmin etmək üçün bütün gərəkli addımları atacaq, erməni faşizminin başını bir daha əzəcək”, - deyə Cəlil Xəlilov bildirib.

Hamısını oxu
Tanınmış həkim Xalidə Babayevanın yubileyidir

Xalidə Babayeva tibb aləmində dərin iz buraxmış tanınmış və hörmətli həkimlərimizdən biridir. Onun 50 illik ömrü həm şəxsi inkişafı, həm də peşəkar nailiyyətləri ilə zəngindir. O, uzun illər ərzində uşaq cərrahiyyəsi və ortopediya sahəsində göstərdiyi yüksək səviyyəli peşəkarlıq və fədakarlıqla xəstələrinə sevgi və qayğı ilə yanaşmış, həmçinin geniş bir kollektivin hörmətini qazanmışdır. Xalidə Babayeva, peşəkar bir həkim olmaqla yanaşı, həm də sadiq bir dost, öz bilik və təcrübəsini paylaşmaqda həvəskar bir insan kimi tanınır. Xalidə Babayeva təhsil yolunda daima yeniliyə və biliklərin artırılmasına yönəlib. Azərbaycan Tibb Universitetində təhsil alaraq, uşaq cərrahiyyəsi sahəsində dərin biliklərə yiyələnmiş və hazırda bu ali təhsil ocağında Uşaq Cərrahlığı kafedrasında doktorant olaraq fəaliyyətini davam etdirir. Peşəkar karyerası boyunca öz təhsilini yalnız Azərbaycanla məhdudlaşdırmamışdır. O, Avstriyanın Vyana şəhərində və Ukraynanın Kiyev şəhərində keçirilən müxtəlif beynəlxalq kurs və təlimlərdə iştirak edərək, uşaq cərrahiyyəsi və sümük-əzələ sisteminin müayinəsi sahəsində bilik və bacarıqlarını zənginləşdirmişdir. Peşəkar həyatı boyu Xalidə Babayeva müxtəlif tibb müəssisələrində çalışmış, öz sahəsində geniş təcrübə qazanmışdır. Onun fəaliyyəti bu sahələrdə özünü göstərir: - 13 Saylı Uşaq Poliklinikası: Xalidə Babayeva burada uşaq cərrahı kimi uzun illər çalışmış və kiçik yaşlı xəstələrin sağlamlığı uğrunda fədakarcasına mübarizə aparmışdır. - Oksigen Klinikası: Bu klinikada da uşaq cərrahı olaraq peşəkarlığını davam etdirmişdir. - Leyla Şixlinskaya Klinikası və Mərkəzi Gömrük Hospitalı: Hər iki xəstəxanada Xalidə Babayeva uşaq cərrahı-travmatoloq kimi fəaliyyət göstərmiş, həmçinin sümük-əzələ sisteminin ultrasəs müayinəsi üzrə mütəxəssis olmuşdur. Bu sahədə onun dərin bilikləri və dəqiqliyi tibb ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. - Koreya Şərq Təbabəti Klinikasında (SEBA): Xalidə Babayeva burada da eyni sahədə çalışmış və müalicə etdiyi uşaqlara böyük qayğı göstərmişdir. Onun həm cərrahiyyə sahəsindəki bacarıqları, həm də müasir diaqnostika üsulları üzrə mütəxəssisliyi xüsusilə vurğulanmalıdır. Xalidə Babayeva beynəlxalq təcrübəyə xüsusi önəm verir. Onun Avstriya və Ukraynada aldığı təlimlər, beynəlxalq səviyyədə tanınan kurslar və treyninqlərdə iştirak etməsi, onun peşəkar bacarıqlarını daha da inkişaf etdirmişdir. Bu təcrübə, Babayevanın müasir tibbi yanaşmaları tətbiq etməsinə, qlobal səviyyədə qəbul edilən yeni texnologiya və metodikaları öz fəaliyyətində istifadə etməsinə imkan yaratmışdır. Peşəkar uğurları ilə yanaşı, Xalidə Babayeva həm də xəstələrinə qarşı son dərəcə insanpərvər yanaşması ilə seçilir. Onun üçün hər bir uşaq xəstə fərdi yanaşma və diqqət tələb edir. Bu prinsip əsasında Babayeva yalnız xəstələrin fiziki sağlamlığına deyil, eyni zamanda onların psixoloji vəziyyətinə də diqqət yetirir. Xəstələr və onların ailələri arasında onun adı dərin hörmət və minnətdarlıq hissi ilə çəkilir. Xalidə Babayevanın 50 illik ömrü, peşəkar həyatı boyu əldə etdiyi nailiyyətlər və insanların həyatına etdiyi töhfələr, onu tibb aləmində xüsusi bir yerə sahib edir. O, həm bilikləri, həm də sadiqliyi ilə öz izini buraxmış və hər kəs üçün nümunəvi bir həkim və insan olmuşdur. Bu əlamətdar gün münasibətilə Xalidə Babayevaya uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Onun fədakarlığı və peşəkar təcrübəsi gələcək nəsil həkimlərə ilham qaynağı olacaqdır.  

Hamısını oxu
“Araz” supermarketlər şəbəkəsindən qazilərlə bağlı nümunəvi addım

5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi Veteran.gov.az xəbər verir ki, “Araz” supermarketlər şəbəkəsi qazilərlə bağlı nümunəvi addıma imza atıb. Belə ki, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələnib ki, bu da onların yeni həyata uyğunlaşması, məşğulluq probleminin həlli baxımından mühüm əhəmiyyətə malikdir. “Araz” supermarketlər şəbəkəsinin sosial şəbəkədəki rəsmi hesabında da bu barədə məlumat verilib. Məlumatda deyilir: “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 5 qazimiz İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi! Fəxr hissi ilə bildiririk ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları Elnur Ələkbərov, Orxan Batiyev, Şiraz Həsənov, Vüsal Həsənov və Fərid Əlirzayev Böyük Britanyanın Maliyyə Menecerləri Assosiyasiyasının rəhbəri Prins Maykl Kentin şəxsi imzası ilə beynəlxalq sertifikat əldə ediblər. Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində baş tutan layihədə qazilər 4 ay ərzində İnsan Resurslarının İdarə Olunması ilə yanaşı “İşgüzar etiket”, “Sahibkarlığın inkişafı” təlimlərində də iştirak edərək müvafiq biliklərə yiyələniblər. “Araz” supermarketlər şəbəkəsinin İdarə heyətinin sədri Rəşad İbrahimov qazilərlə görüşərək onlara sertifikatlarını təqdim edib. Səmimi keçən görüşdə qazilərin döyüş yolu, gələcək hədəfləri, müzakirə olunub. Layihənin növbəti mərhələsi olaraq qazilər “Araz” supermarketlər şəbəkəsinin HR komandasında təcrübə proqramı keçəcəklər. Vaxtaşırı sosial layihələrlə gündəmə gələn “Araz” supermarketlər şəbəkəsinin bu layihəni icra etməkdə məqsədi 44 günlük Vətən müharibəsinin ardından qazilərin yeni həyata adaptasiyasına dəstək olmaq, onların yeni vərdişlərə sahib olmalarını stimullaşdırmaqdır. Belə bir layihənin bir parçası olmaqdan qürur duyuruq! Siz harada, “Araz” orada”. Seymur ƏLİYEV

Hamısını oxu