Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Baş verənlər göstərdi ki, Ermənistan sülh deyil, terror haqqında fikirləşir

Martın 5-də ermənilərin Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat rəsmi İrəvanın sülh niyyətindən uzaq olduğunu göstərir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, məlum insident bütün qanunsuz silahlı dəstələrin Azərbaycan torpaqlarından çıxarılmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Martın 5-də öz xidməti tapşırıqlarını icra edən hərbçilərimizə qarşı erməni tərəfinin atəş açması və nəticədə ordumuzun iki hərbçisinin şəhid olması Ermənistanın bu gün də öz təxribatçılıq əməllərindən, məkirli niyyətlərindən əl çəkmədiyini göstərir. Bu fakt həm də onu sübut edir ki, Azərbaycan ərazilərindən erməni silahlı dəstələrinin çıxarılması son dərəcə vacibdir və rəsmi Bakının bu günə qədərki narahatlığı heç də əbəs olmayıb. Bundan başqa, bu təxribat sübut etdi ki, həqiqətən də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə - erməni separatçılarına silah-sursat, mina və digər hərbi ləvazimatlar daşınır. Yəni Ermənistan tərəfi 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın şərtlərini açıq şəkildə pozur, imzaladığı Bəyanatın şərtlərini yerinə yetirməkdən nümayişkaranə surətdə imtina edir. Bu isə Azərbaycan tərəfini adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Polkovnik qeyd edib ki, Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməli, erməni təxribatlarına qarşı sərt mövqe nümayiş etdirməlidir. “5 mart təxribatı bölgədəki Rusiya sülhməramlılarının da məsuliyyətini artırır. Çünki 10 noyabr Bəyanatına görə erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını məhz Rusiya sülhməramlıları təmin etməlidir. Rusiya sülhməramlıları üzərilərinə götürdükləri bu öhdəliyin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atmalı, erməni təxribatlarına qarşı sərt mövqe ortaya qoymalıdır. Bu baş verməsə, dövlətimiz erməni təxribatlarının qarşısını almaq, bölgədə təhlükəsizliyi təmin etmək üçün bütün gərəkli addımları atacaq, erməni faşizminin başını bir daha əzəcək”, - deyə Cəlil Xəlilov bildirib.

2023-03-06 03:03:03
1005 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Maarifə həsr olunmuş ömür, qəhrəmanlıqlarla dolu soy: İsmayılovların tarixi irsi

Azərbaycan xalqının zəngin və şərəfli tarixində elə ailələr var ki, onların keçdiyi həyat yolu bütöv bir dövrün aynası, bir xalqın mübarizə və zəfər salnaməsinin ayrılmaz hissəsidir. Həmin ailələrdən biri də əsası Şamaxıda qoyulmuş, Balakənə, Laçına, Bakıya qədər uzanan böyük bir yolun yolçuları olan İsmayılovlar ailəsidir. Bu ailənin layiqli nümayəndəsi Aliyə Cavad qızı Həsənova  müəllimlik sənətinə həsr olunmuş ömrü, fədakar fəaliyyəti və zəhmətkeşliyi ilə neçə-neçə nəslin yaddaşında iz qoymuşdur. Aliyə Həsənova 1935-ci il iyulun 11-də Azərbaycanın füsunkar guşələrindən olan Balakən rayonunda dünyaya göz açmışdır. Erkən yaşlarından elmə, maarifə olan marağı onu təhsil yoluna yönəltmiş, əvvəlcə Bakı şəhərində yerləşən M.Ə.Sabir adına pedaqoji texnikumu, daha sonra isə 1960-1965-ci illərdə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu müvəffəqiyyətlə başa vurmuşdur. Peşəkar müəllim kimi fəaliyyətə başlayan Aliyə xanım, qısa zamanda pedaqoji sahədə öz bilik və bacarığı, insanpərvərliyi, prinsipiallığı ilə seçilmiş, pedaqoji kollektivlər və valideynlər arasında böyük hörmət qazanmışdır. Onun rəhbərliyi altında fəaliyyət göstərən Bakı şəhəri Yasamal rayonundakı 150 nömrəli orta məktəb 1982–1998-ci illərdə dinamik inkişaf etmiş, nümunəvi təhsil ocaqlarından birinə çevrilmişdir. Aliyə xanımın təhsil sahəsindəki çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. 3 mart 1988-ci ildə Bakı şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə o, "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Bu təltif onun təhsil sisteminə verdiyi töhfələrin və gənc nəslin formalaşmasında oynadığı mühüm rolun parlaq ifadəsidir. 1998-ci ildən təqaüdə çıxmasına baxmayaraq Aliyə xanımın pedaqoji ideyaları, mənəvi irsi bu gün də yetirmələri tərəfindən yaşadılır. Aliyə Həsənovanın ailəsi İsmayılovlar təkcə maarif sahəsində deyil, həm də Vətən qarşısında şücaət və fədakarlıq nümunəsi göstərmiş bir nəsildir. Ailənin atası Cavad İsmayılov 1912-ci ildə Şamaxıda doğulmuş, ömrünü meşə təsərrüfatının inkişafına həsr etmiş, müxtəlif bölgələrdə Şamaxı, Balakən, Laçında məsul vəzifələrdə çalışmışdır. Lakin onun həyatını yarımçıq qoyan İkinci Dünya müharibəsi oldu. 1942-ci ilin yanvarında ordu sıralarına çağrılmışdır. 182-ci atıcı diviziyasının 747 nömrəli tank əleyhinə qırıcı artilleriya alayının 14-cü əlahiddə tank əleyhinə 2-ci dərəcəli Kutuzov ordenli briqadasında hərbi xidmət keçmişdir. Xidmətlərinə görə top komandiri rütbəsinə yüksəldilmişdir. Təəssüf ki, 1945-ci il fevralın 3-də Königsberq yaxınlığındakı varten kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Sonradan Kalininqrad vilayətində yerləşən sovet döyüşçülərinin qardaşlıq qəbiristanlığında dəfn olunmuş və onun adı Qələbə memorialında əbədiləşdirilmişdir. Cavad İsmayılovun qardaşları da müharibənin alovundan keçmişdir. 1919-cu il təvəllüdlü əmisi Xələf İsmayılov cəbhədə sağ qolundan ağır yaralanaraq ordudan tərxis olunmuş və müharibədən sonra xalqına müəllim kimi xidmət etməyə davam etmişdir. Digər əmisi Vahid İsmayılov 1923-cü ildə anadan olmuş, müharibədə itkin düşmüş və bu günə qədər taleyi haqqında heç bir məlumat əldə edilə bilməmişdir. Ailənin ən kiçik üzvlərindən olan Saqi İsmayılov 1932-ci ildə doğulmuş, tank qoşunlarında xidmət etmiş, kapitan rütbəsinə qədər yüksəlmiş, lakin səhhətindəki problemlərə görə ordudan tərxis edilmişdir. Bu ailənin həyat yolu bir xalqın fədakarlıqla dolu keçmişinin, maarif və mübarizə ruhunun, zəhmət və qəhrəmanlığının parlaq təcəssümüdür. Aliyə Həsənovanın həyat və fəaliyyəti müəllimlik sənətinə vurğunluğun, vətənə, xalqa bağlılığın rəmzidir. Onun ailəsinin müharibədə göstərdiyi qəhrəmanlıq bir daha sübut edir ki, xalqın gücü onun mübarizə ruhunda, vətənə sədaqətində gizlidir. Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq bütün fədakar övladların ruhuna sonsuz ehtiram və dərin minnətdarlıqla baş əyirik.  Cəlil Xəlilov  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Nəsimi rayonu 111 sayli tam orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 17 yanvar 2025-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil  ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub. 20 Yanvar faciəsinin  35 illiyi ilə əlaqədar tədbirdə  20 Yanvar faciəsinin şahidləri, şəhid anaları, məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra Dövlət Himni səslənib, .20 Yanvar qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev qeyd edib ki, öz suverenliyinə can atan xalqımızın mübarizəsini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirən 20 Yanvar tarixi Azərbayçanın istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Milli qürur günü kimi tarixə yazılan 20 Yanvar gününün və bu günün qəhrəmanlarının unudulmaması, xatırlanması şagirdlərə, gənc nəslə tövsiyə olunur və hər zaman olunmalıdır: “Siz şagirdlər Azərbaycanın gələcəyisiniz. Keçmişdə buraxılan səhvlər bir daha təkrar olunmasın deyə, dostlarınızı ,düşmənlərinizi tanımalısız. Sizlərə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
“Xəsarət alan hər əsgərimizə görə separatçılar beşqat artıq itki ilə üzləşməlidir”

“Erməni təxribatları müxtəlif formalarda davam edəcək” – Millət vəkilindən xəbərdarlıq! “Mina terroruna görə məsuliyyət İrəvanla yanaşı, Rusiya sülhməramlılarının üzərinə düşür” “Bu gün, Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki yolda baş vermiş hadisə, ermənilərin ordumuza qarşı törətdiyi növbəti terror aktıdır. Əfsuslar olsun ki, mina partlaması nəticəsində 3 nəfər hərbçimiz xəsarət almış, yük maşını isə, tamamilə sıradan çıxmışdır. Hadisənin məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyətinin və Qarabağdakı erməni separatçılarının üzərinə düşür. Onlarla bərabər, Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Çünki, həmin ərazinin təhlükəsizliyini rusiyalılar təmin etməlidirlər”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Şuşadakı mina terroru erməni təxribatlarının bundan sonra da davam edəcəyini göstərir: “Bu, birinci hadisə deyil. İndiyə qədər 300-ə yaxın vətəndaşımız ermənilərin mina terrorunun qurbanı olmuşdur. 44 günlük müharibə, 2020-ci ilin noyabr ayında başa çatmışdır. Ancaq, bir çox ərazilərdə 2021-2022-ci illərdə Ermənistanda istehsal olunmuş minaların basdırılmasının şahidi oluruq. Bu o deməkdir ki, ermənilər bir an da olsa, öz çirkin niyyətlərindən əl çəkməyiblər. Onların yenidən silahlanmaları, təşkilatlanmaları açıq şəkildə göstərir ki, təxribatlar müxtəlif formada davam edəcəkdir. Biz sadəlövh olmamalı, bu məsələyə ciddi yanaşmalıyıq. Bu hadisə tələb edir ki, separatçılara qarşı daha sərt tədbirlər görülməlidir. Terrorla mübarizənin bir qızıl qaydası var. Terrordan əziyyət çəkən və uzun illər ərzində xüsusi təcrübə qazanmış İsrail və Türkiyə xüsusi xidmət orqanları məhz, terrorçularla belə davranırlar. Məsələn, bu gün xəsarət alan 3 hərbçimizin yerinə, separatçılar 3 və yaxud 5 dəfə artıq itki verməlidirlər. Belə olarsa, gələcəkdə terroru planlaşdıranlar bir neçə dəfə fikirləşmək məcburiyyətində qalacaqlar. Problemin kökündə duran əsas məsələ, Ermənistanın sülh müqaviləsinin imzalanmasından yayınmasıdır. Bu ölkə, müstəqil siyasət apara bilmir və bir çox xarici faktorlardan asılıdır. Paşinyan gündə bir neçə dəfə fikirlərini dəyişir. Müxtəlif qütblər arasında vurnuxur və dövlət idarəetmə orqanlarına tam nəzarət edə bilmir. Belə davam edərsə, dayanıqlı sülhün əldə olunması qeyri-mümkündür. Hesab edirəm ki, gələcəkdə baş verə biləcək terror aktlarının qarşısının alınması üçün, Türkiyə -Rusiya monitorinq mərkəzinin fəaliyyətinin və texniki imkanlarının genişləndirilməsi vacibdir. Qarabağda məskunlaşmış hər bir separatçı ciddi nəzarət altında olmalıdır. Yalnız belə olan halda, yeni minalarının basdırılmasının qarşısını almaq olar”. Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyevdən şəhid ailələrinə və müharibə əlillərinə BÖYÜK DƏSTƏK

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür. Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldı. Prezident İlham Əliyevin daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılaraq: I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırıldı. Qeyd edək ki, şəhid ailələri və qeyd edilən əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar. Dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı. İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsi də Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu. İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100% artırılaraq 150 manatdan 300 manata çatdırıldı. Eyni zamanda, bir sıra digər kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılmış və artımlar müəyyən edilmişdir. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək. Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.

Hamısını oxu