Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur: dükana getmək üçün də SMS -lə icazə alınacaq

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.  Bu barədə Musavat.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara alır: 1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:  

  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;
  • Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
  • mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
  • İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;
  • dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;
  • dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);
  • dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;
  • hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
  • kütləvi informasiya vasitələrinin əməkdaşları;
  • Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
  2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:  
  • dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur);
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;
  • fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.
  3. “ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. 4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:  
  • təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
  • ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;
  • yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
  Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:  
  • Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111),
  • Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111),
  • Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).
  Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. 1 nömrəli əlavə Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı 1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2. “Azəriqaz” İstehsalat Birliyi 3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri) 7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti 10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 17. Bakı Nəqliyyat Agentliyi 18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 20. Dövlət Dəniz Agentliyi 21. Dövlət Mülki Aviasiya Agentliyi 22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi 23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

2020-04-02 00:00:00
3902 baxış

Digər xəbərlər

"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı Türkiyədəki soydaşlarımıza dəstək aksiyasına qoşulub

Veteran.gov.az xəbər verir ki, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, X-men şirkətinin rəhbəri Vüsal Bayramov, Guess, Santoni, Ayans, Meqa, Armani, Bilyoner, Avva, Versaci, Klimber, Kinq, şirkətlərinin rəhbərləri, iş adamlarıAnar Xasməmmədov, Aqil Mahmudov qardaş ölkəmiz olan Türkiyədəki soydaşlarımıza dəstək aksiyasına qoşulub. Bu gün "Dayaq"  Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək  Təşkilatı-nın  idarə heyəti və fəal üzvləri qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində dünyasını dəyişmiş çoxsaylı soydaşlarımızın əziz xatirələrini dərin hörmət və ehtiramla yad etmək məqsədilə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliyin önünə gələrək təlafat qurbanlarının ruhlarına dualar oxuyaraq tər qərənfil düzüblər. Sonra Dayaq"  Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək  Təşkilatı-nın  İdarə Heyəti və fəal üzvləri qardaş Türkiyədə zəlzələdən əziyyət çəkən soydaşlarımıza dəstək məqsədilə topladıqları zəruri ləvəzimatları Bakı şəhəri Abbas Səhhət küçəsində nəzərdə tutulan Heydər Əliyev adına İdman Konsert Kompleksinə gətirərək öz soydaşlıq borclarını yerinə yetiriblər. Təşkilat sədri Qalib Əliyev çıxışında qardaş Türkiyədə təbii fəlakət nəticəsində dünyasını dəyişmiş insanların vaxtsız ölümündən kədərləndiklərini, sarsıldıqlarını dərin hüznlə ifadə edib. Təşkilat rəsmiləri qeyd ediblər ki, Türkiyənin acısı Azərbaycanın acısıdır, Türkiyənin dərdi, Azərbaycanın dərdidir! Oğuzdan gələn Azərbaycan Türkiyə qardaşlığı, birliyi daimidir, əbədidir. Var olsun Azərbaycan Türkiyə qardaşlığı!

Hamısını oxu
Yolun davamı

Hamısını oxu
Ümumxalq məhəbbəti qazanmış lider

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı YAP rayon təşkilatı ilə birlikdə Ulu öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Əmək və Müharibə veteranları, YAP fəalları, yaradıcı ziyalılar  və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri, YAP-ın üzvü Ədalət Salman açaraq ümumxalq məhəbbəti qazanmış siyasi lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, müstəqilliyimizin qazanılmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində onun göstərdiyi xidmətlərini xüsusi vurğulayıb. YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon Ağsaqqallar şurasının sədri Ədalət  Əsgərov,  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, "Qarabağ qaziləri" ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Əmək və Müharibə veteranları Mirzəbala Hüseynov, Mirsahib Soltanov, Yusif Əliyev, Fəttah Kərimov, Əsədulla Əliyev, Qurban Əhməd, 97 saylı şəhər Dairə Seçki Komissiyasının sədri İsa Allahverdiyev, Qızıl Aypara cəmiyyətinin Cəlilabad bölməsinin rəhbəri İlkin Qubadov, rayon Mədəniyyət şöbəsinin nümayəndəsi Xeyrulla Şahbazov və başqaları çıxış edərək ulu öndər haqqında xatirələrini bölüşüb,  öz ürək sözlərini söyləyib, hörmət və ehtiramlarını bildiriblər.

Hamısını oxu
“Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” mövzusunda konfrans keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” adlı konfrans keçirilib. Konfransda ölkə ziyalıları, bir sıra dövlət qurumlarının nümayəndələri, müxtəlif kateqoriyadan olan veteranlar, media mənsubları, vətəndaş cəmiyyəti institutunun təmsilçiləri, kursant və  hərbçilər iştirak edib.  Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açıb. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Polkovnik Cəlil Xəlilov çıxışında Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi roluna diqqət çəkib, milli dövlətçiliyimizin qorunub saxlanılması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, təhlükəsizliyinin gücləndirilməsi istiqamətində yürütdüyü siyasətdən danışıb. TədbirdəAzərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri professor Namiq Əliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyasının rəhbəri Kollegiyanın üzvü, professor, hüquq elmləri doktoru Əmir Əliyev, Azərbaycan Tibb Universitetinin İctimai fənnlər kafedrasının müdiri pofessor Qoşqar Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Seymur Şeydayev, Təşkilatın Rəyasət Heyətinin üzvü, I Qarabağ müharibəsi veteranı, DİN VT-nın  sədri, i/o  polis polkovniki  Fərhad Süleymanov və digər qonaqlar iştirak edib. Konfransda çıxış edən professor Namiq Əliyev, professor Əmir Əliyev, pofessor Qoşqar Əliyev, polkovnik Seymur Şeydayev Ulu öndər Heydər Əliyevin sözün həqiqi mənasında öz ömrünü xalqımızın rifahı, dövlətimizin təhlükəsizliyinə həsr etdiyini bildirib, Ümummilli liderlə bağlı maraqlı faktlara toxunublar. Konfransda yeni nəşr edilən, polkovnik Cəlil Xəlilovun müəllifi olduğu və Ulu öndər Heydər Əliyevə həsr olunan “Xalqa mənsub olan həyat” kitabı da tədbir iştirakçılarına paylanılıb. Konfransda çıxış edənlər “Xalqa mənsub olan həyat” kitabının tariximizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini, gənc nəslin bu cür kitablara böyük ehtiyacının olduğunu bildirib. Sonda polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, xatirə şəkli çəkilib.    

Hamısını oxu