Digər xəbərlər
Vətənpərvərlik tərbiyəsi müxtəlif formalarda, müxtəlif üsullarla aparılır. Bu üsullardan biri də veteranlarla görüşlərdir. Veteranların tarixə, milli mentalitetə söykənən söhbətləri istər yeniyetmələrin orduya hazırlığına, istərsə də əsgərlərin mənəvi hazırlığına təsirsiz ötüşə bilməz. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Bu günlərdə Hərbi Dəniz Qüvvələrində keçirilən tədbirdə birinci dərəcəli kapitan Natiq Bağırov qonaqları təqdim etdi. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında bilavasitə şəxsi heyətlə işləyən zabitlərin üzərinə düşən vəzifələrdən, zabit-əsgər münasibətlərinin daha da möhkəmləndirilməsi zərurətindən əsgərin mənəvi hazırlığının döyüş hazırlığı qədər vacib olmasından danışaraq qeyd etdi ki, aprel döyüşləri həm ordumuzun gücünün, həm də ordu ilə xalqın birliyinin təsdiqi oldu. “Təsdiqləndi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir, sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın döyüş əmrinə hazırdır.” Ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxışında dedi ki, vətənpərvərlik hisslərinin daha dinamik yüksəlişi ordunun gücü deməkdir. “Ordumuz kifayət qədər güclüdür. Ən müasir silahlar da əsgərə həvalə edilir. Deməli, əsgərin həm döyüş, həm də mənəvi hazırlığı bir-biriylə təmasda aparılmalıdır. Zabitlərimiz bu amili həmişə diqqətdə saxlamalıdırlar.” Silahlı Qüvvələrimizdə, əsasən də Hərbi Dəniz Qüvvələrində 1-ci dərəcəli kapitan Aleksandr Qritçenko yaxşı tanınır. O, 51 kitab müəllifidir, 95 yaşı var. İstər təcrübəsini, istərsə də xatirələrini Silahlı Qüvvələrimizin əsgər və zabitləriylə böyük səxavətlə bölüşür. Tədbirdə iştirak edən qocaman hərbçi Böyük Vətən müharibəsində azərbaycanlı əsgər və zabitlərin xidmətlərindən, şücaətlərindən söz açaraq bildirdi ki, mən ömrümün yarısını Bakıda yaşamışam. “Özümü bakılı hesab edirəm. Silahlı Qüvvələrimizlə həmişə fəxr etmişəm. Ona sevinirəm ki, yazdığım kitablar Azərbaycan Ordusunun əsgər və zabitlərinin mənəvi hazırlığında az-çox gərəkli olur.” Sonra tədbir iştirakçılarına müraciətlə "Sevin Vətəni" - dedi. "Vətəni sevin, Xəzəri sevin. Gəncliyimin şahidi olan Bakı da, Xəzər də mənim ömrümün məbədidi...". 1-ci dərəcəli kapitan Zaur Hümmətov gərəkli tədbir üçün qonaqlara minnətdarlığını bildirdi. Sonda bir qrup zabit Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının idarə heyəti adından ordenlə, fəxri fərmanla təltif edildi. Tədbir bir daha təsdiqlədi ki, vətənpərvərlik dönməz prosesdir... Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"
Hamısını oxu
“Belçika və Niderlandın Nümayəndələr Palatalarının ölkəmizlə bağlı qəbul etdiyi sənədlər yalnız Azərbaycan deyil, həm də sülh və beynəlxalq hüquq əleyhinə sənədlərdir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu sənədlərdə Azərbaycanın beynəlxaq hüquqla təsbit edilmiş haqları pozulub, Ermənistanla sülh prosesini sarsıtmağa cəhd göstərilib: “Belçika və NiderlandınNümayəndələr Palatalarının Azərbaycanla bağlı qəbul etdiyi sənədlər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, təhrif edilməsi deməkdir. Bu sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təhrif edilib, Ermənistanla dövlətimiz arasındakı münaqişənin həm tarixi, həm də nəticələri yanlış şəkildə təqdim olunub. Başqa cür desək, dövlətimizin fundamental, beynəlxalq hüquqda öz əksini tapan haqları pozulub. Məlum sənədlərlə bağlı diqqət çəkən məqamlardan biri də bu sənədlərin məhz indi – Ermənistanla de-fakto sülhə nail olduğumuz, iki dövlət arasında qarşılıqlı inam və etimadın artırıldığı, ticarət əlaqələrinin genişləndirildiyi bir zamanda ortaya aılmasıdır. Bu fakt bir daha sübut edir ki, Belçika və Niderlandın Nümayəndələr Palatalarının 16 aprel 2026-cı il tarixində qəbul etdiyi sənədlər açıq-aşkar Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozmağa, Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirməyə yönəlib. Sülh və beynəlxalq hüquq əleyhinə olan bu sənədlər sübut edir ki, Qərbdəki bəzi qüvvələr Cənubi Qafqazdakı sülhdən açıq-aşkar narahatlıq duymaqdadırlar. Onlar öz məkirli niyyətlərini həyata keçirmək üçün yenidən Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə, iki dövlət arasında inamsızlıq, etimadsızlıq toxumları səpməyə çalışırlar. Lakin bütün təxribatçı qüvvələr bilməlidir ki, Azərbaycan dövləti öz Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlatdığı sülh prosesini uğurla başa çatdıracaq, bu prosesə mane olmağa çalışan məkirli qüvvələrin arzusu gözündə qalacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Tarixdə elə günlər var ki, bəzən bütöv bir millətin taleyini dəyişir. O günlər millətin ruhuna hopur, yaddaşına köçür və hər nəsildə yeni nəfəs kimi doğulur. 28 May məhz belə bir gündür. 28 may Azərbaycanın dövlətçilik salnaməsində qızıl hərflərlə yazılmış müqəddəs bir tarix, bir millətin öz taleyini öz əllərinə almaq iradəsidir. Bu gün, Azərbaycanın azad nəfəs aldığı, müstəqilliyini dünyaya bəyan etdiyi gündür. Bu gün, əsrlər boyu istiqlal həsrəti ilə yanan ürəklərin dualarının cavabı, yurd uğrunda şəhid olanların xatirəsinə yazılmış bir qələbə nəğməsidir. 1918-ci il İstiqlal günəşi doğurdu. 1917-ci ilin çalxantılı Rusiyasında çar taxtdan salındı, imperiyanın divarları çat verdi. Bu çatlar arasında əsrlərlə sıxılmış xalqlar öz yolunu seçmək üçün fürsət qazandı. Azərbaycan xalqı da bu tarixə öz möhürünü vurdu. 1918-ci ilin 28 mayında Tiflisdə bir qrup maarifçi, mütəfəkkir və mübariz şəxs Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Bu, təkcə bir dövlətin deyil, bir ümidin, bir qürurun, bir arzunun doğulması idi. "Bir kərə yüksələn bayraq, bir daha enməz!" deyən Məhəmməd Əmin Rəsulzadənin səsi təkcə dövrünün deyil, gələcək nəsillərin də azadlıq çağırışı oldu. Demokratiyanın Şərqdəki qapısı Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk parlamentli respublikasına çevrildi. Bu dövlət cəmi 23 ay yaşadı, lakin bu zaman ərzində bir əsrə bərabər izlər buraxdı. Avropanın əksər ölkələrindən əvvəl qadınlara seçki hüququ verildi, Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli bayraq qəbul olundu, milli ordu, milli bank və pul vahidi yaradıldı, 1918-ci il 4 iyunda Osmanlı dövləti tərəfindən tanındı, Bakı azad edilərək milli hökumət şəhərə köçürüldü. Bu dövlətin ruhunda bərabərlik, ədalət və millətinə sədaqət vardı. Hətta "millət, məzhəb, sinif, cins fərqi qoymadan hər kəsin hüququ qorunacaqdır" deyə yazılmışdı İstiqlal Bəyannaməsində. Bu bəyannamə bir millətin azadlıq manifesti idi. 1920-ci ilin aprelində bolşeviklər Xalq Cümhuriyyətinin ömrünü yarımçıq qoydular. Müstəqillik nəğmələri sükutla əvəz olundu. Amma bu sükut içində istiqlal ruhu heç vaxt sönmədi. O, hər evdə, hər ürəkdə, hər duada yaşadı. 70 illik sovet əsarətindən sonra, 1991-ci ildə Azərbaycan yenidən dirçəldi, SSRİ dağıldı və xalq bir daha azad nəfəs aldı. Bu dəfə 28 Mayın ruhu daha güclü idi, çünki artıq bu torpaqda müstəqillik uğrunda şəhidlər və illərin mübarizəsi vardı. Tarix böyük liderləri nadir hallarda yetirir. Ancaq bəzi liderlər vardır ki, onların adı yalnız bir dövrü deyil, bütöv bir xalqın taleyini dəyişdirir. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdən idi. Azərbaycan xalqının milli iradəsini, dövlətçilik ənənələrini və istiqlalını qoruyan, gələcəyə daşıyan dahi lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə ilk gəlişi 1969-cu ilə təsadüf edir. Sovet İttifaqı daxilində milli maraqları qorumağın, Azərbaycanı inkişaf yoluna çıxarmağın nə qədər çətin olduğunu tarix şahiddir. Amma o dövrdə ölkənin müxtəlif sahələrində böyük irəliləyişlərə nail olundu. Elm, təhsil və mədəniyyət, sənaye sahələrində əsaslı islahatlar aparıldı. Minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Azərbaycanın elmi və mədəni elitası formalaşdı. Bu illər ərzində Heydər Əliyev Azərbaycanın iqtisadi-sosial göstəricilərini SSRİ-nin qabaqcıl respublikaları səviyyəsinə çatdırdı. O, eyni zamanda milli kimliyin və şüurun qorunmasında böyük rol oynadı. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır bir dönəmdən keçirdi. Yeni müstəqilliyini qazanmış dövlət xaosun, daxili qarşıdurmaların, Ermənistanın təcavüzünün və iqtisadi çöküşün girdabında idi. Belə bir məqamda xalqın təkidli çağırışı ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış sadəcə bir liderin yenidən vəzifəyə gəlməsi deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin dirçəlişi idi. Dövlət qurumları möhkəmləndirildi, idarəetmədə sabitlik təmin olundu, Milli Ordu yenidən formalaşdırıldı və dövlətin təhlükəsizliyi təmin olundu. 1994-cü ildə atəşkəs elan edildi və müharibənin genişlənməsinin qarşısı alındı. “Əsrin müqaviləsi” imzalandı və bu neft strategiyası Azərbaycanı beynəlxalq enerji bazarına çıxardı və ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu. Konstitusiya qəbul olunaraq hüquqi dövlətin əsasları qoyuldu. Milli ideologiya formalaşdırıldı ki, bu yolda da “Azərbaycançılıq” məfkurəsi dövlətin təməl dəyərinə çevrildi. Azərbaycanın müstəqil dövlət kimi tanınması və beynəlxalq arenaya inteqrasiyası sahəsində də mühüm addımlar atdı. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əlaqələr genişləndi. Ulu Öndər Azərbaycanın regionda və dünyada strateji tərəfdaş kimi tanınmasına nail olundu. Türkiyə, ABŞ, Avropa ölkələri ilə möhkəm siyasi və iqtisadi əlaqələr quruldu. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil və etibarlı tərəfdaş obrazı qazandı. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin ən mühüm təzahürlərindən biri də Azərbaycanın gələcəyini sağlam əllərə əmanət etməsi idi. O, öz siyasi kursunu davam etdirəcək ölkəni inkişaf etdirməyə qadir olan lider olaraq İlham Əliyevi irəli sürdü. Bugünkü müstəqil, güclü və qalib Azərbaycan bu etimadın nə qədər düzgün olduğunu sübut etdi. 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev atasının siyasi irsini yalnız qoruyub saxlamaqla kifayətlənmədi, onu dövrünün yeni çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi, qeyri-neft sektoru genişləndi, yoxsulluq və işsizlik azaldı, sosial rifah layihələri həyata keçirildi, dövlət idarəçiliyində modernləşmə, rəqəmsallaşma, şəffaflıq prinsipləri önə çəkildi, gənclərin təhsili, elm və texnologiyalara yönəlməsi üçün geniş imkanlar yaradıldı. Prezident İlham Əliyev modern Azərbaycanın siyasi, iqtisadi və hərbi əsaslarını yenidən formalaşdırdı, xalq-dövlət birliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi və beynəlxalq səviyyədə prinsipial mövqeyini nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirdi. Enerji diplomatiyası vasitəsilə ölkəmizi Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Onun uğurlu diplomatik addımları nəticəsində Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, prinsipial, etibarlı və müstəqil siyasət yürüdən dövlət kimi tanındı. İlham Əliyevin adını Azərbaycan tarixinə əbədi həkk edən ən böyük nailiyyət Qarabağın azad olunması oldu. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsində onun Ali Baş Komandan kimi liderliyi sayəsində 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Şuşa kimi strateji və mədəni şəhərimiz geri qaytarıldı. Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur edildi. İlham Əliyevin soyuqqanlılığı, qətiyyəti və xalqla birliyi sayəsində bu müharibə milli ruhun, ədalətin və suverenliyin qələbəsinə çevrildi. Onun "Qarabağ Azərbaycandır!" ifadəsi təkcə siyasi bəyanat deyil, xalqın iradəsinin, beynəlxalq hüququn və tarixi ədalətin bəyanı oldu. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanıldı. Bölgədə yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar tikildi. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan öz yurduna qayıtdı. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri ilə müasir texnologiyaya əsaslanan yaşayış məntəqələri yaradıldı. Mədəniyyət abidələri, dini məkanlar bərpa olundu. Prezident İlham Əliyev hər zaman xalqla təmasda olan, onun dərdini, sevincini paylaşan bir lider olmuşdur. Onun fəaliyyəti sübut etdi ki, müstəqil siyasət mümkündür, yalnız milli maraqlara söykənən qərarlar uğur gətirir. Səbir və strateji baxış qalibiyyətin əsas şərtidir. 17 il ərzində Qarabağın azadlığı uğrunda görülən hazırlıqlar Böyük Zəfərlə nəticələndi. Xalqın dəstəyini alan lider məğlubedilməzdir. İlham Əliyev Azərbaycanın müstəqillik yolunda ən etibarlı davamçısı, xalqının güvənc yeri, tarix yazan lideridir. Onun adı artıq təkcə Prezident kimi deyil, Qarabağın fatehi, Azərbaycanın güclənməsinin rəmzi, zəfərlə yazılmış gələcəyin memarı kimi tarixdə əbədi yaşayacaq. Bu gün qeyd etdiyimiz 28 May – Respublika Günü, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin şanlı irsini təcəssüm etdirir. Məhz cümhuriyyət qurucuları xalqımızın azadlıq və müstəqillik idealını gerçəkləşdirdilər. Onların qoyduğu əsaslar sonrakı dövrlərdə ölkəmizin milli oyanışının, dövlət müstəqilliyinin təməlini təşkil etdi. Bu müstəqillik ideallarını XX əsrin sonlarında böyük uzaqgörənlik, qətiyyət və müdrikliklə ümummilli lider Heydər Əliyev bərpa etdi, möhkəmləndirdi və müasir Azərbaycanın inkişafının əsasını qoydu. Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə bu gün Azərbaycanı güclü, qalib və nüfuzlu bir dövlətə çevirmişdir. 28 May – Respublika Günü tariximizə qızıl hərflərlə yazılmış şanlı gündür. Bu gün həm keçmişə ehtiram, həm də gələcəyə inamın rəmzidir. Ulu öndərlərimizin yolu ilə irəliləyən müstəqil Azərbaycan daim yüksələcək! Respublika Gününüz mübarək! Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Vətən Müharibəsində iştirak etmiş daha bir əsgərimiz qazi olaraq geri dönüb. Report xəbər verir ki, haqqında bəhs edəcəyimiz qazi, 23 yaşlı Ağdaş sakini Həmdiyyə Məmmədovdur. Həmdiyyə Məmmədov sentyabrın 29-da Dəhnəxəlil kəndindən Vətən Müharibəsinə könüllü gedənlərdəndir. O, Füzuli və Cəbrayıl uğrunda, daha sonra Zəngilanda gedən ağır döyüşlərdə iştirak edib. Qubadlı istiqamətində düşmənin diversiya qrupunun qarşısını alan zaman yaralanıb. İki qəlpə yarası alan qazi buna baxmayaraq, yenə əsgər yoldaşları ilə birlikdə döyüşü davam etdirərək, qəhrəmanlıqlar göstərib. Həmdiyyə Məmmədov döyüş başa çatandan sonra müalicə olunub. Bu gün onun ailəsinə geri dönməsi kənd sakinləri arasında böyük sevinc hissi yaşadıb. Sakinlər onun müharibədən qayıdışını sevinc və fərəh hissi ilə qarşılayıblar, qazinin gəlişi münasibətilə qurbanlar kəsilib. İndi ailənin ən böyük arzusu Həmdiyyə Məmmədov kimi bütün hərbçilərin sağ-salamat geri dönməsidir.
Hamısını oxu