Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza növbəti dəfə müraciət edib. AZƏRTAC müraciəti təqdim edir: “Hörmətli həmvətənlər! Sizinlə ölkəmizdə COVID-19 epidemiyasının hazırkı vəziyyəti ilə bağlı fikirlərimlə bölüşmək istəyirəm. Keçdiyimiz yolu dəyərləndirərək, bu gün artıq deyə bilərik ki, bu şiddətli virus hücumu başlayanda onun real miqyasını, təhlükə dərəcəsini və törədə biləcəyi fəsadları qiymətləndirmək və dərk etmək üçün çox az məlumat var idi. Bir şey aydın idi – bütün imkanları səfərbər etmək və qəti tədbirlər görmək lazım idi. Əminliklə təsdiqləyə bilərik ki, ölkəmiz bu vəzifənin öhdəsindən şərəflə gəldi. Həm azərbaycanlı, həm də beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan epidemiyanın ilk və olduqca təhlükəli mərhələsindən ən az sayda itkilərlə çıxan dövlətlər sırasında yer alıb. Biz ən əsas məsələlərə – virusun sürətli yayılmasının qarşısını almağa, epidemiya ilə mübarizənin bütün aspektlərini əlaqələndirən peşəkar komanda yaratmağa, lazımi texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Sərt karantin tədbirləri sayəsində koronavirusun yayılma sürətini azaltmağı bacardıq. Səhiyyə sistemi qısa müddət ərzində təhlükəli epidemiyaya qarşı effektiv müqavimət strategiyası işləyib hazırladı. Şəhərlərin və kəndlərin həyat təminatı obyektlərinin işçiləri təxirəsalınmaz məsələləri həll edirdilər. Kiçik və orta biznesə dəstək, habelə əhaliyə sosial yardım məqsədilə dövlət tərəfindən dəyəri 3 milyard manatdan çox olan proqram paketləri hazırlanıb həyata keçirilir. Bir sözlə, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi. Əməyi uğurlarımızın qarantı olan hamıya və hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk. Əziz həmvətənlərim, biz birlikdə xəstəliyin məhvedici dərəcədə tez yayılmasından öz evimizi qoruya bildik. Buna görə çox sağ olun! Bizim cəsarətli tibb işçilərimizə – həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə, gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən hər kəsə bir daha səmimi və sonsuz təşəkkürümü ünvanlayıram. Polislərə və daxili qoşunların hərbi qulluqçularına dərin təşəkkürümü bildirirəm. Axı, bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını məhz onlar təmin edirlər. Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin bütün əməkdaşlarına, sosial işçilərə və könüllülərə təşəkkür edirəm. Bu məsələyə laqeyd yanaşmayan bütün insanlara, yaxınlarına kömək göstərən, xeyirxahlıq edən hamıya minnətdaram. Uca Tanrı yaxşı əməl sahiblərinin savabını artıracaqdır! Əziz dostlar! Müsbət nəticələr sayəsində biz təcrid rejiminin müəyyən dərəcədə yumşaldılmasına imkan verə bilərik. Bir sıra dövlət qurumlarının və özəl biznes sektorunun fəaliyyəti bərpa olunur. Daha əvvəl tətbiq olunan bəzi karantin tədbirləri ləğv edilir. Bu, o deməkdirmi ki, hər şey arxada qaldı və biz gündəlik həyatımıza geri dönə bilərik? Əfsuslar olsun ki, həmin vaxt hələ gəlib çatmayıb. Bəli, biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada. Bütün ölkələrə və xalqlara bu qədər bəla və əzablar yaşadan virus hələ məğlub olmayıb. O, əvvəlkitək hamı üçün ciddi təhlükə olaraq qalır və əvvəlkitək bizim aramızdadır. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Hələ ki, bu, baş verməyib, hamımız dərk etməli və qəbul etməliyik ki, biz bu yeni reallıqla yaşamalıyıq. Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir. Əziz həmvətənlər! Şübhəsiz ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Çox ümidvaram ki, həmin gün uzaqda deyil. Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

2020-05-07 00:00:00
3767 baxış

Digər xəbərlər

Bu gün şəhid Abbaslı Elgün Ağayar oğlunun doğum günüdür

Elgün Abbaslı 16 may 1991-ci  ildə Laçın rayonunun Dəyhan  kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın  işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta  köçmüşdür. Onlar Sarıqaya qəsəbəsində məskunlaşmışlar. Orta təhsilini başa vurandan sonra Elgün hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elgün Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  iştirak etmişdir.  Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa  istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Sumqayıt  Şəhidlər  Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra” Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra “ Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti  05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.  

Hamısını oxu
“Kadriyə-Ülkər Səlimova kimi qəhrəmanlarımızı gərək unutmayaq” - CƏLİL XƏLİLOV

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ölkənin siyasi-ictimai həyatında olduqca fəal iştirak etməkdədir.    Ölkəmizdə on minlərlə müharibə, əmək və silahlı qüvvələr veteranı vardır. Onların hər biri şərəfli ömür yolu keçib, xalqına layiqincə xidmət edib. Təsadüfi deyil ki, həm Azərbaycanın Ümummilli lideri Heydər Əliyev, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev veteranlardan daim diqqət və qayğılarını əsirgəməyiblər, onların tutduqları şərəfli ömür yolunu hər bir ölkə vətəndaşı üçün örnək hesab ediblər. Amma çox təəssüf ki, təbliğat-təşviqat işləri ilə məşğul olmalı qurumlar – televiziyalar, mətbuat, QHT sektoru bu insanların cəmiyyətə örnək gətirilməsi işinə laqeyd baxmaqdadır, nəticədə də gənc nəsil əksərən veteranların müstəsna xidmətindən xəbərsizdir.   Gənc nəslə bu insanları tanıtmaq, onların həyat yolundan örnək götürmələrini təmin etmək, eləcə də gənc nəslin bu seçilmiş insanların öyüd-nəsihətlərini, məsləhətlərini dinləmələrinə vəsilə olmaq hazırda prioritet məsələlər sırasındadır. Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatı bu prioritet məsələnin həlli yollarını arayaraq tezliklə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu və “Ədəbiyyat və incəsənət” Portalı ilə birgə “UNUDULMAZLAR” adlı layihə həyata keçirəcək.  Təşkilatın sədri, polkovnik Cəlil Xəlilov əməkdaşımıza həqiqətən də qürur duyulası veteranlardan biri barədə söhbət açdı. Söhbəti diqqətinizə çatdırırıq:   Bu il Rusiya Ordusunun Mərkəzi Evində əfsanəvi “Smerç” təşkilatının ilk qadın əks-kəşfiyyatçısı, 1941-ci ilin noyabrında 17 yaşında könüllü olaraq cəbhəyə gedən Kadriyə-Ülkər Səlimovanın 100 illik yubileyi qeyd edilib. Təsəvvür edin, 17 yaşında qız uşağı könüllü cəbhəyə gedir. Bu cəsarətə əksər oğlanlar belə gələ bilməz.  Həmin səhnə bu cür olub: Məzun gecəsindən sonra səhər bütün sinif sahilə toplandı, Molotovun nitqini birlikdə dinlədilər və dərhal bütün sinif olaraq müharibəyə getməyə qərar verdilər. Onun sinif yoldaşları 16-17 yaşlarında idi.  Sinifdəki səkkiz oğlandan yalnız biri sağ qaldı. Alman, türk dillərini və Morze əlifbasını mükəmməl bilən Səlimova 46-cı Qafqaz Ordusunun xüsusi şöbəsinə kriptoqraf vəzifəsinə göndərilmişdi və 1943-cü ildə “Smerç” əks-kəşfiyyatı yaradıldıqdan sonra bu struktura təyin edilmişdi.    Tibb elmləri doktoru, professor Mehman Məmmədov bu cəsur qadın barədə yazırdı:  “Qədriyə xanım Bakıda anadan olub və ömrünün çox hissəsini Bakıda keçirib, təbii ki, azərbaycanlıdır. Sonradan ailə Moskvaya köçüb. Müharibədən sonra o yenidən Bakıya qayıdıb, Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. 1950-ci illərdə Moskvaya gəlib, burada elmi fəaliyyətlə məşğul olub. Akademik olub, SSRİ və Azərbaycan pedaqogikası üçün çox işlər görüb. “Şərqin pedaqoji irsi” beynəlxalq dərsliyini yaradıb, burada Azərbaycan haqqında fəsli şəxsən özü yazıb.  O ki qaldı onun döyüş sücaətlərinə, Səlimova qələbəsini Avstriyada, Vyana yaxınlığında qarşılayıb. 1945-ci ilin noyabrında Smerç kapitanı kimi hərbi xidmətini başa vurub. 14 medal və II dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib.”     Polkovnik Cəlil Xəlilov əlavə edir ki, Kadriyə-Ülkər Səlimova kriptoqraf vəzifəsini tutub. Əks-kəşfiyyat şöbəsində kriptoqrafın nə olduğunu təsəvvür edə bilərsinizmi? Bu, şöbə müdirinin ən etibarlı adamıdır. Kriptoqraf işinin mahiyyəti bilirsinizmi nədir? Səlimova bir hesabat yazır, onu şifrələyir və göndərir, bundan sonra sənəd məhv edilir. Onun mahiyyətini cəmi iki nəfər bilir: patron və kriptoqraf.  Eyni zamanda, Kadriyanın heç bir xüsusi təhsili yox idi, lakin şifrələmə nəzəriyyəsini çox tez mənimsəmişdi. Bu da onun fitri istedadından xəbər verir.    Kadriya-Ülkər Səlimova barədə maraqlı bir xatirəsini də nəvəsi İvan İlleş bölüşüb. O danışır ki, nənəsi müxtəlif insanlarla asanlıqla əlaqə qururmuş. 1987-ci ildə Moskvada baykerlər dəstəsi fəaliyyət göstərirdi. Onlar motosiklet sürərək camaatı qorxuya salırdılar. İçi İvan qarışıq qonşu uşaqları da baykerlərdən çox qorxurdular. Bir gün İvan evə gələndə görür ki, bütün şəhəri qorxuya salmış bir dəstə onların evlərində süfrə arxasında oturub, hamı çay içib, gözəl söhbətlər edir. İvan təəccüblə nənəsindən nə baş verdiyini soruşur. Məlum olur ki, evin kilidi qırılıbmış. Nənəsi həyətə çıxlb, köməyə adam axtaranda gözü baykerlərə sataşıb, amma hər kəsdən fərqli olaraq nənə baykerlərdən qorxmayıb, onlardan ona kömək etmələrini xahiş edib... Onlar da bu cəsarətli nənəyə kömək ediblər. Bu hadisədən sonra nəvənin məktəbdəki reytinqi də kəskin şəkildə qalxıb, o artıq heç kimdən qorxmurdu, çünki nənəsi baykerlərlə dost idi! Bax belə bir xatirə!   Polkovnik Cəlil Xəlilov əlavə qeyd edir ki, Kadriyə-Ülkər Səlimova 26 avqust 2013-cü ildə - 89 yaşında vəfat edib. Bu cür həmyerlilərimizi heç vaxt unutmamalı, onları gənc nəslə örnək göstərməliyik.    “Ədəbiyyat və incəsənət” (22.11.2024

Hamısını oxu
Dünya azərbaycanlılarına

Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram. Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir. Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq. Nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır. Mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılanır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. İnanıram ki, sizin məqsədyönlü və birgə fəaliyyətiniz gücümüzü daha da artıracaq, hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcəkdir. Sizə bu yolda möhkəm iradə və mütəşəkkillik, şəxsi həyatınızda səadət və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!     İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 2017-ci il.

Hamısını oxu
“Milli birliyimizi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik”

“Vahid geyim forması ilə bağlı etirazların zorakı formada əksi yolverilməzdir” Səmyar Abdullayev: “Heç bir təxribat Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə bilməz” Məlum olduğu kimi, “Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarlarının icrası Türkiyənin sosial media platformalarında bir qrup şəxs tərəfindən sərt tənqid olunmaqdadır. Azərbaycan Respublikasının daxili işi olan bu addıma anti-islami don geyindirməyə çalışan bu şəxslər ölkəmizi sionist siyasətinin təbliğatçısı kimi təqdim etməkdə, dövlətimiz haqqında ağlasığmaz yalanlar səsləndirməkdədir. Moderator.az olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə baş verənləri şərh etməyə çalışdıq: -Səmyar bəy, Azərbaycanın təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarların icrası qardaş Türkiyədə bir qrup şəxs tərəfindən etirazla qarşılanıb. Sosial media platformalarında ölkəmizə qarşı təhqirlər yağdıran sözügedən şəxslərin absurd ittihamları Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirə bilərmi? -Hər şeydən öncə qeyd edim ki, Türkiyənin sosial media platformalarında anti-Azərbaycan kampaniyasının aparılması təəssüf doğuran bir haldır və bu hal haqlı olaraq hər bir azərbaycanlını məyus edir. Təbii ki, həmin kampaniya çərçivəsində dövlətimizlə bağlı səslənən fikirlər, irəli sürülən ittihamlar absurddur və həqiqəti əks etdirmir. Azərbaycan öz milli-mənəvi dəyələrinə sahib çıxan dünyəvi bir dövlətdir və təhsil müəssisələrində vahid geyim formasının tətbiqi qərarı dövlətimizin daxili işidir. Azərbaycan heç vaxt hər hansı bir dövlətin daxili işinə müdaxiəl etməyib və bundan sonra da belə bir niyyəti yoxdur. Türkiyənin sosial media platformalarında ölkəmizlə bağlı məsələlərin təhqir və dezinformasiya fonunda müzakirəsi Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Bu da həm beynəlxalq qanunlar, həm də əxlaq və mənəviyyatla təzad təşkil edir. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə gəlincə, bu münasibətlər sağlam, dərin və səmimidir. Hesab edirəm ki, heç bir təxribat, heç bir təbliğat bu müasibətlərə xələl gətirə bilməz. Lakin bununla belə Türkiyə tərəfinin anti-Azərbaycan kampaniyasına “dur” deməsi vacibdir. Çünki bu kampaniya Azərbaycanı maraq və mənafeyi ilə yanaşı, həm də Türkiyənin özünün maraq və mənafeyinə ziddir. -Səmyar bəy, nə qədər arzuedilməz olsa da Türkiyə hakimiyyətində, parlamentində də Azərbayca əleyhinə bu kampaniyada iştirak edən şəxslərə rast gəlinir. Həmin şəxslər barəsində nə demək istərdiniz? -Təəssüf hissi ilə etiraf etməliyik ki, həqiqətən də qeyd etdiyiniz hallara ara-sıra da olsa rast gəlmək mümkündür. Buna nümunə olaraq Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından olan bəzi millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilən fikriləri nümunə gətirmək olar. Aydındır ki, Türkiyənin sosial media platformalarında aparılan anti-Azərbaycan kampaniyasına qardaş Türkiyənin az sayda da olsa rəsmi şəxslərinin qoşulması bizi məyus edir. Bu, xalqımızın məlum tendensiya ilə bağlı narahatlığını da artırır. Hesab edirəm ki, Türkiyə hökuməti bu cür halların qarşısını almaq üçün ciddi addımlar atmalı, ən azından bu kampaniyada rəsmi şəxslərin iştirakına sədd çəkməlidir. Çünki baş verənlər mahiyyət etibarı ilə Azərbaycan və Türkiyənin timsalında iki qardaş arasında nifaq salmaq, türk dünyasının birlik və həmrəyliyini pozmağa hesablanıb. Odur ki, bu cür hallara qarşı bütün türk dünyasının həssaslıqla yanaşması, ümüumtürk maraqlarından çıxş etməsi vacibdir. -Vahid geyim formasının tətbiqi məsələsinə Azərbaycanda da fərqli aspektdən yanaşanlar, hətta məktəblərə hücum edənlər, zorakılıq sərgiləyənlər oldu... -Haqlısınız. Nə qədər arzuedilməz olsa da, biz ötən gün ərzində bu cür hallara şahid olduq. Bu məsələ ilə bağlı öncə onu qeyd edək ki, məktəb hamımız üçün müqəddəs bir məkandır. Hər birimiz elmə, biliyə məhz məktəb vasitəsilə nail olmuşuq. Bu məktəbləri inşa edən, bizə həmin məktəblər vasitəsilə  təhsil verən isə dövlətimiz olub. Bu baxımdan məktəbə hücum etmək, onu yandırmağa, dağıtmağa cəhd etmək hər şeydən öncə nankorluqdur. Bu, eyni zamanda zorakılıq kampaniyasında iştirak edən şəxslərin nə qədər dar, məhdud düşüncəyə malik olduğundan xəbər verir. Ümumiyyətlə, hər bir vətəndaş anlamalıdır ki, istənilən bir məsələ ilə bağlı mövqeyini mədəni, sivil qaydada, qanunun müəyyən etdiyi üsul və vasitələrlə ortaya qoymalıdır. Məktəbə hücum etmək, onun qapısını, pəncərəsini qırmaq çıxış yolu deyil və bu ancaq həmin şəxslər üçün məsuliyyət yaradır. -Səmyar bəy, bəzi millət vəkilləri, politoloqlar iddia edir ki, ölkəmizdə vahid geyim formasının tətbiqi ilə bağlı etirazları koordinasiya edən, prosesləri qızışdırmağa çalışan kənar güclər mövcuddur. Bu ehtimalı nə dərəcədə real hesab edirsiniz? -Hələlik əlimizdə bununla bağlı konkret bir sübut olmasa da, belə bir ehtimalın reallıq əmsalı böyükdür. Bu gün Azərbaycanın ətrafında, eləcə də regionda və dünyada gedən proseslərə baxsanız görərsiniz ki, bütün dünya müharibə və münaqişələrdəm, terror və qarşıdurmalardan əziyyət çəkir. Azərbaycan isə Prezident İlham Əliyevin uzaqgörən siaysəti nəticəsində bütün bu konfiliktlərdən kənardadır. Azərbaycanda dinclik, sabitlik, əmin-amanlıq mövcuddur. Təbii ki, Azərbaycandakı bu sabitlk, inkişaf və tərəqqi anti-Azərbaycan qüvvələrini qıcıqlandırır. Buna görə də onlar Azərbaycanda daxili gərdinlik və qarşıdurma yaratmağa çalışırlar. Odur ki, hər bir Azərbaycan vətəndaşı sayıq olmalı, təxribat və zorakılığa yol verməməlidir.  Azərbaycan qanun və konstitusiya ilə idarə olunan müasir, sivil, dünyəvi bir dövlətdir və öz dövlətçilik modelini bundan sonra da eyni əzmdə qorumaqda qərarlıdır. -Necə hesab edirsiniz, sizcə indiki gərgin zamanda ziyalıların, QHT təmsilçilərinin, tanınmışların üzərinə hansı missiya düşür? Mövcud gərginliyi azaltmaq, yeni qarşıdurmaları qarşısını almaq üçün hansı addımlar atılmalıdır? -Düşünürəm ki, bu gün hər bir ziyalı, elm və mədəniyyət xadimi, QHT təmsilçisi, cəmiyətdə az-çox nüfuz sahibi olan hər kəs məktəblərdə, təhsil müəssisələrində şagird və valideynlərl aktiv iş aparmalı, görüşlər keçirməli, vahid geyim formasının tətbiqinin vacibliyini onlara başa salmalıdır. Vətəndaşlar anlamalıdırlar ki, məlum yenilikdə məqsəd kiminsə dini inancına qəsd etmək, kiminsə hüququnu məhdulaşdırmaq deyil. Məqsəd tədris mühitini yaxşılaşdırmaq, şagirdlərin məsuliyətini artırmaq, nizam-intizamı gücləndirməkdir. Hansı ki, dünyanın bütün qabaqcıl, sivil ölkələrində vahid geyim forması mövcuddur və Azərbaycanda istisna təşkil etmir.   Azərbaycanda inanclı kəsimin təhsil hüququnun məhdudlaşdırılması ilə bağlı ortaya atılan fikirlərin heç bir əsası yoxdur. Əksinə, dövlətimiz inanclı kəsimin təhsili üçün hər cür şərait yaradıb ki, Azərbaycan İlahiyyat İnstitutunun, Bakı İlahiyyat Kollecinin və bu qəbildən olan digər təhsil müəssisələrinin fəaliyyəti buna nümunədir. Heç kim unutmamalıdır ki, bu gün bizim qarşımızda  dayanan olduqca vacib, həyati məsələlər mövcuddur. Bunlardan ən vacibi təhlükəsizlyimizi gücləndirmək, milli həmrəyliyimizi qoruyub saxlamaqdır. Bu, bizi hər cür təhdid və təhlükədən hifz edə biləcək yeganə vasitədir. Buna görə də hər bir azərbaycanlı dövlətinin, Prezidentinin ətrafında sıx birləşməkdə davam etməli, bütün qanunazidd əməllərə “yox” deməlidir. Bundan başqa, biz xalq olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz tarixi zəfərin nəticələrindən irəli gələn missiyanı əzmlə davam etdirməli, işğaldan azad edilən ərazilərimizin dirçəldilməsi, “Böyük qayıdış”ın uğurla başa çatdırılması üçün dövlətimizə dəstək verməliyik. Vicdanımızın, dövlətimiz qarşısındakı vətəndaşlıq borcumuzun bizdən tələb etdiyi məhz budur!. Seymur ƏLİYEV  

Hamısını oxu