Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında 20 Yanvar - Ümumxalq Hüzn günü münasibətilə 18.01.2017-ci il tarixində keçirilmiş tədbir

Respublika Veteranlar Təşkilatının nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları 20 Yanvar - Ümumxalq Hüzn günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarlarına tər qərənfillər düzmüş, Əbədi Məşəl Kompleksi önünə gül çələngi qoymuşlar. Ziyarət başa çatdıqdan sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında 20 Yanvar - Ümumxalq Hüzn gününə həsr olunmuş tədbir keçirilmişdir.    Tədbir iştirakçıları çıxışlara başlamazdan əvvəl 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Ziyalılar, media nümayəndələrinin də qatıldığı tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O, Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq və şərəfli səhifələrindən sayılan 20 Yanvarla bağlı geniş məlumat vermişdir. Bu faciənin təməlinin hələ 1987-ci ilin oktyabrında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov demişdir: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan düşünülüb hazırlanmış təcavüzkarlıq aksiyası idi.  Bu qanlı faciəni törədənlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas mədsədi isə DQMV-in Azərbaycandan qoparılaraq Ermənistana biriləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1989-cu ilin sonunda Ermənistanda azərbaycanlılara qarşı son etnik təmizləmə həyata keçirilməklə, 230 min azərbaycanlı dədə-baba torpaqlarından qovuldu. Deportasiya zamanı 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev və digər əmlaklar talan edildi. Bu olaylara Moskva göz yumur, Azərbaycanın o vatkı rəhbərləri isə səriştəsiz mövqe nümayiş etdirirdilər. 1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti xeyli zəiflədi, hakimiyyət böhranı və qarşıdurma dərinləşdi. 1990-cı il yanvarın 19-na keçən gecə Bakıya  qanunsuz olaraq, fövqəladə vəziyyət elan edilmədən yeridilən SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların və DTK-nın hərbi birləşmələri şəhərdə “Udar” kod adlı əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR Konstitusiyalarını kobud surətdə pozdular. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi qvardiya hava-desant diviziyalarının üç alayı, motoatıcı diviziya, xüsusi təyinatlı briqada, dəniz piyadaları, DTK-nın xüsusi təyinatlı “Alfa” qrupu, Ctavropol vilayətindən toplanmış əksəriyyəti ermənilərdən ibarət xalqımızın qanına susamış vəhşilər idi. İri hərbi kontingentin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilməklə, Bakıda və Respublika rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur.  Tanklar və BTR-lər qarşılarına çıxan hər şeyi əzir, hər yan amansız atəşə tutulur, insanlar nəinki küçələrdə, hətta avtobusda, öz mənzillərində güllələrə tuş gəlirdilər. Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək, xalqla birgə olduğunu bildirdi. O, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham etdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı”. C.Xəlilov daha sonra demişdir: “20 Yanvarın 1999-cu ildən etibarən Ümumxalq hüzn günü kimi keçirilməsinin Əmək Məcəlləsində əksini tapması da məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”. Tədbirdə çıxış edən digər şəxslər də 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad edilməsi, həm də Azərbaycan xalqının qəhrəmanlıq, birlik günü olduğunu vurğulamış, şəhidlərin heç unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd etmişlər.

2017-01-18 00:00:00
4467 baxış

Digər xəbərlər

“Ermənistanın təxribat cəhdləri ona yeni məğlubiyyət və rüsvayçılıqdan başqa heç nə vəd etmir”

Cəlil Xəlilov: “Rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir”   “Ermənistanın təxribat cəhdləri ona yeni məğlubiyyət və rüsvayçılıqdan başqa heç nə vəd etmir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, bu cür təxribatlar Ermənistanın regionda vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir:   “Son vaxtlar bir il öncə açıq hərb meydanında məğlub olan Ermənistan tərəfinin yeni təxribatlara əl atması müşahidə edilir. Hansı ki, bu cür addımlar Ermənistanın bölgədə vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir.   Bildiyiniz kimi, Ermənistan tərəfi noyabrın 9-da da 60-ya yaxın hərbçi ilə Laçın rayonunun Qaragöl gölü istiqamətində təxribata cəhd etmiş, lakin onların bu cəhdi Azərbaycan Ordusu tərfindən qətiyyətlə alınmışdır. Ermənistan tərəfi bilməlidir ki, onların bundan sonra da atacaqları təxribat xarakterli addımların hamısının qarşısı qəti şəkildə alınacaq, rəsmi İrəvan bu kimi təxribatlarla heç bir məqsədinə nail ola bilməyəcək. Odur ki, rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir.   Məlumdur ki, Vətən müharibəsində öz hərbi potensialının 80%-ni itirən, bütün parametrlərdə ağır məğlubiyyətə uğrayan Ermənistan, öz gücünə güvənərək bu cür təxribatlara cəhd edə bilməz. Çox güman ki, onu bu təxribatlara həvbəsləndirən hansısa qüvvələr mövcuddur. Ancaq Ermənistan rəhbərliyi anlamalıdır ki, bu gün onu bu təxribatlara sövq edən qüvvələr sabah onu müdafiə edə bilməyəcək. Necə ki, bir il öncəki ətən müharibəsində müdafiə edə bilmədilər. Azərbaycan Vətən müharibəsindəki şanlı qalibiyyəti ilə bütün dünyaya sübut etdi ki, o, özünün ərazi bütövlüyünü, xalqın təhlükəsizliyini hər cür təhdid və təhlükədən qorumağa qadirdir. Yeni gərginlik və qarşıdurma Ermənistanın yeni və daha ağır məğlubiyyəti ilə nəticələnəcək ki, bu da qarşı tərəf üçün sözün bütün mənalarında son demək olacaq”.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! İki Qardaş, Bir Vətən: Silahın və Sözün Qəhrəmanları

Azərbaycan torpağı əsrlər boyu igidlər,söz ustadları və mənəviyyat fədailəri yetişdirib.Bu torpaq bəzilərini döyüş meydanlarında qəhrəman, bəzilərini isə qələm başında müdrik bir söz adamı kimi tanıdıb.Lakin hər biri eyni məqsədə xidmət edib:Vətənin ruhunu yaşatmaq, qorumaq və gələcək nəsillərə ötürmək. Cəbhədə döyüşən bir əsgərin əllərində silah, gözlərində qeyrət olur.O, səngərin susqun gecələrində düşmənə qarşı təkcə güllə ilə yox, ruhu ilə də savaşır.Masasının arxasında oturmuş bir yazıçı isə sözlərlə savaşır, millətin yaddaşını yazır, tarix yaradır, kimliyini yaşadır.Onlar fərqli yollarla, lakin eyni amal uğrunda mübarizə aparırlar:Azərbaycanın varlığını qorumaq.Bu mübarizənin rəmzinə çevrilmiş iki qardaş var: biri Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov, digəri Xalq yazıçısı Sabir Əhmədli.Cəmil Əhmədov Vətənin azadlığı uğrunda canını fəda edən igidlərdən biri idi. Onun adı döyüş meydanlarında yazıldı, qanı ilə tarixə həkk olundu. Qardaşı Sabir Əhmədli isə qələmi ilə Vətənin hayqırtısını dünyaya çatdırdı.Onun yazıları sadə bir ədəbi mətin deyildi. Onlar bir millətin yaddaşı, şəhidlərin ruhunun təcəssümü idi.Bu ailənin Vətən sevgisi təkcə bu iki qardaşla bitmir. Sabir Əhmədlinin oğlu Məhəmməd Əhmədov da əmisinin yolunu davam etdirdi. O da torpağın harayına biganə qalmadı, silaha sarılıb bir millətin qüruruna çevrildi.I Qarabağ müharibəsində şəhid olan Məhəmməd də bu müqəddəs ailənin Vətən uğrunda verdiyi qurbanlardan biri oldu. Bu ailənin keçdiyi yol bütöv bir xalqın həyat hekayəsidir.Bu Azərbaycanın hekayəsidir. Silahın və sözün birləşdiyi, səngərlə səhifənin eyni amal uğrunda döyündüyü müqəddəs bir yolun dastanıdır. Hamımıza məlumdur ki, 1941-1945-ci illər insanlıq tarixinin ən qanlı və amansız müharibəsi olan II Dünya Müharibəsi ilə yadda qalmışdır.Bu müharibədə milyonlarla insan həyatını itirmiş, dünya siyasi, iqtisadi və mənəvi baxımdan dərin dəyişikliklərə məruz qalmışdır.Azərbaycan xalqı da bu sınaqdan böyük əzmkarlıqla keçmiş, həm ön, həm də arxa cəbhədə əsl qəhrəmanlıq nümunələri göstərmişdir. Bu qəhrəmanlıq salnaməsinin parlaq simalarından biri də Sovet İttifaqı Qəhrəmanı Cəmil Məhəmməd oğlu Əhmədovdur.Onun keçdiyi döyüş yolu, göstərdiyi igidlik, vətənpərvərliyi və şəhidliyi Azərbaycan xalqının milli ruhunun təcəssümüdür.Azərbaycan müharibənin ilk günlərindən etibarən həm döyüş cəbhələrinə minlərlə oğul və qızını səfərbər etmiş, həm də arxa cəbhədə neft sənayesi və hərbi təchizat baxımından Sovet İttifaqının dayaqlarından birinə çevrilmişdi. 600 mindən çox azərbaycanlı müharibəyə getmiş, onlardan təxminən yarısı geri dönməmişdir.123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ki, onlardan biri də Cəmil Əhmədov olmuşdur.Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov1924-cü ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olmuşdur.1942-ci ildə cəbhəyə yollanmış, hərbi məktəbdə təhsil alaraq leytenant rütbəsi ilə qvardiya bölməsində xidmət etmişdir.1944-cü ilin yayında Belorusiya ərazisində aparılan strateji əməliyyatlarda onun göstərdiyi şücaət xüsusi qeyd olunmalıdır. 25 iyul 1944-cü ildə Tremlya çayını birinci keçən bölməyə rəhbərlik etmiş, düşmən müqavimətinə baxmayaraq mövqeyini qoruyub saxlamış və əməliyyatın uğurla nəticələnməsində həlledici rol oynamışdır.Cəmil Əhmədovun rəhbərliyi və şəxsi nümunəsi döyüşçülərdə yüksək döyüş ruhu yaratmışdı. Lakin qəhrəman zabitimiz 2 sentyabr 1944-cü ildə Polşa ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Onun nəşi Varşavada Sovet əsgərləri üçün ayrılmış hərbi qəbiristanlıqda dəfn edilmişdir. 1945-ci il 24 mart tarixində ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.Cəmil Əhmədov təkcə düşmənə qarşı deyil, qorxuya, ümidsizliyə və təslimiyyətə qarşı döyüşürdü. Onun timsalında Azərbaycan gəncinin müharibəyə münasibətini, torpağa, xalqa və azadlığa olan sədaqətini görmək mümkündür. Azərbaycan tarixində adını qızıl hərflərlə yazdıran Cəmil Əhmədov həyat yolu, mübarizəsi və şəhidlik zirvəsinə ucalması təkcə ailəsi üçün deyil, bütöv bir xalq üçün fəxr və qürur mənbəyidir.Bu gün Cəmil Əhmədovun həyatı və qəhrəmanlığı məktəblərdə, muzeylərdə, ədəbi əsərlərdə yaşadılır. Azərbaycan xalqı bu qəhrəmanları unutmayacaq, onların göstərdiyi fədakarlığı daim yad edəcəkdir.Cəmil Əhmədovun həyat yolu, qəhrəmanlığı və şəhidliyi müasir nəsillər üçün tükənməz bir ilham mənbəyidir. Müharibənin 80 illiyi qeyd olunan bir zamanda belə igidlərin adlarını anmaq, onları tanıtmaq həm borcumuzdur, həm də gələcək nəsillərə tarix dərsi verməyin ən təsirli yoludur. Onun kimi qəhrəmanların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, Azərbaycanın vətənpərvərlik ənənələri üçün örnək olacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Yeni uşağı doğulmuş kişi və qadınlara şad xəbər

Prezident İlham Əliyevin təsdiq etdiyi dəyişikliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsindəki anlayışlar sırasına "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilib. Bu anlayış tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçini nəzərdə tutur. Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən biri sosial məzuniyyətlərlə bağlı müvafiq maddələrin “Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında" 1952-ci il, 183 nömrəli Konvensiyasına uyğunlaşdırılması məqsədi daşıyır. Təsdiq edilən dəyişikliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinə yeni məzmunda 3-cü və 4-cü hissələr əlavə edilmişdir: “3. Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır. 4. Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.”  

Hamısını oxu
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər,   Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”  

Hamısını oxu