Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Böyük itki verən düşmən Qarabağdan əsgər gətirir... - Ermənilər sərhəddən qaçır

Tovuz istiqamətində gecə boyunca davam edən döyüşlərdə Ermənistan tərəfi çətin vəziyyətə düşüb.

Publika.az
 xəbər verir ki, bu barədə Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılır.

Xüsusilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepyanın döyüşlərdə cəmi iki erməni polisinin yaralanması haqda açıqlaması bəzi məqamların ortaya çıxmasına səbəb olub.

Stepyan bildirib ki, “sərhəddə növbə çəkən iki polis yüngül yaralanıb”.

Onun bu sözləri ermənilər tərəfindən tənqid olunub. Çünki əsgərlərin əvəzinə polisin posta olması şübhələrə yol açır.

Ermənistan mediasında bununla bağlı müxtəlif məlumatlar yayılır.

“Faktinfo” saytı yazır ki, yaralanan polislər əsgərlərə kömək üçün gələnlərdir. Belə ki, gecə döyüşlərində ağır itkilər verən erməni ordusu sərhədə əlavə qüvvələr gətirib və Tavuş, eləcə də ətraf rayonlardakı polis qüvvələri də döyüşlərə cəlb olunub. Bununla yanaşı, Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələrindən də bəzi bölüklər Tavuş rayonuna gətirilib.

Sosial şəbəkələrdə erməni istifadəçilər itkilərlə bağlı müxtəlif məlumatlar paylaşır. Bəzi məlumatlara görə, 70-dən çox itki, yüzlərlə yaralı var, başqa bir məlumatlarda hospitalların dolduğu, yüzlərlə ölünün olduğu deyilir.

Ermənistan tərəfinin məlumatları gizlətməsi də düşmən ordusunun ağır itkilər verdiyindən xəbər verir.

“Analitik.am” saytı isə yazır ki, əsgərlərin valideynləri nələrin baş verdiyini öyrənmək istəyir, hakimiyyət isə heç bir məlumat vermir.

Sayt Ermənistanın milli təhlükəsizlik xidmətini də tənqid edib: “Azərbaycan səngərdə və internet resurslarında zərbə dalınca zərbə endirir, bizim kəşfiyyatçılarımız daxildə şeytan axtarışına çıxıb”.

Hətta Tavuşd olan ermənilərin evlərini tərk etdiyi haqda məlumatlar da var.

Tavuş rayonunun Movses kənd keşişi Abel Kartaşyanın sosial şəbəkələrdə “bizim üçün dua edin” paylaşımı ermənilərin narahatlığını daha da artırıb.

Asif

2020-07-13 00:00:00
3634 baxış

Digər xəbərlər

İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin prezidentini və yeni seçilmiş prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib. Qəbula görə minnətdarlıqlarını bildirən Maykl Tuçin və Bernard Kaminetski dövlətimizin başçısı ilə əvvəlki görüşlərini məmnunluqla xatırladılar. Onlar Azərbaycanda mövcud olan dinlər və mədəniyyətlər arasındakı dialoqun, ölkəmizdə müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşamalarının bütün dünya üçün nümunə olduğunu vurğulayaraq, dövlət səviyyəsində aparılan bu siyasətə görə Prezident İlham Əliyevə təşəkkür etdilər. Qonaqlar ölkəmizə səfər çərçivəsində Quba rayonunda, Qırmızı Qəsəbədə olduqlarını dedilər və qeyd etdilər ki, bu qəsəbənin özünün mövcudluğu, onun inkişafı, orada yaradılmış nadir yəhudi muzeyi də dünya üçün bir nümunədir. Maykl Tuçin və Bernard Kaminetski, həmçinin Azərbaycanda yəhudi icmasının fəaliyyəti və dini ayinlərini həyata keçirməsi üçün yaradılan şəraitə, yəhudi ibadət ocaqlarına dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. Dövlətimizin başçısı da öz növbəsində qeyd etdi ki, Azərbaycanda müxtəlif dini və etnik konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamaları xalqımızın həyat tərzidir və əsrlər boyu ölkəmizdə bu cür harmonik ab-hava mövcud olub. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar, eyni zamanda, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir və dövlət siyasəti çərçivəsində dəstəklənir. Dövlətimizin başçısı Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə beynəlxalq səviyyədə ciddi töhfə verdiyini və Bakının bu xüsusda aparılan müzakirələrin ev sahibi olduğunu qeyd etdi. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.               Böyük ölçüdə şəkillər

Hamısını oxu
Niderland Krallığının Haaqa şəhərində Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilib

Niderland Krallığının Haaqa şəhərində Almaniyada yaşayan azərbaycanlı şair- yazar Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilmişdir. Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçısı olduğu mərasimə ev sahibliyini şəhərin Transval kitabxanası etmişdir. Veteran.gov.az xəbər verir ki, açılış sözü ilə dərnəyin sədri İlhan Aşqın gəlmiş  qonaqları salamladı və kitab haqqında ətraflı məlumat vermək üçün müəllif Orhan Arazı kürsüyə dəvət etdi.Müəllif Nizami Gəncəvinin ölməz yaradıcılığı haqqında qısaca məlumat verdikdən sonra kitabın yazılma tarixçəsi, Nizamı yaradıcılığının aktuallığı, həmçinin Holland- Türk dilində olan kitabın məhz Niderland Krallığında nəşrinin əhəmiyyətindən danışdı. Sonra Sima Cəfərova, Ofelya Mehdiyeva və Yusif Can Nizami Gəncəvinin şerlərini söylədilər. Mərasimdə iştirak edən rəsmi qonaqlar arasında Azərbaycanın Niderland Krallığındakı səfirin 1-ci müavini Səbinə Sadıxova,  Türkiyə səfiliyinin nümayəndəsi Ozan Can Gümüş bəy,  Azerbaycandan xüsusi  dəvətlə gəlmiş Azərbaycan Dillər Universitetinin  dosenti Həqiqət Hacıyeva, Azərbaycan,  Türk təşkilatları ve Hollandiyadakı fəallar da iştirak etmişlər. Mərasimdə sözləri Nizami Gəncəviyə aid olan musiqi parçaları söyləndi və iştirakçılar tərəfindən böyük alqışlarla qarşılandı. Məclisin sonunda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqın və xüsusi dəvətlə Azərbaycandan gəlmiş qonaq Həqiqət Hacıyeva bəzi qonaqlara və dərnək üzvlərinə xüsusi təşəkkürnamələr təqdim etdilər. Qonaq Həqiqət Hacıyeva  Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun  Prezidenti  Sərraf Orucovun adından 44 günlük müharibə zamanı əlil olmuş qazilərimizə  maddi, mənəvi dəstəklərinə  görə təşəkkürnamələr təqdim etdi.Təşəkkürnaməyə layiq görülən  şəxslərin  diaspora fəaliyyəti və müharibə qazilərinə göstərilən yardım işlərindəki köməyi qonaqların nəzərinə çatdırıldı. Təşəkkürnamə alanlar arasında Orhan Aras, “Kros Medical” şirkətinin müdürü Ron Gelzelle, İlhan Askin, Aydəmir Çətin, İmam Əfəndiyev, Mehman Haqverdiyev, İrfan Parlar, Müşviq Mikayıl, İmdat Sakruca, Həqiqət Hacıyeva olmuşlar. Sonda gələn qonaqlara təşəkkür edən İlhan Aşqın gələn tədbirlərdə görüşmək ümidi ilə mərasimi bağlı elan etdi.

Hamısını oxu
“Azərbaycan gəncliyi “Dəmir yumruğ”un əsas özəyi, dövlətimizin zərbə qüvvəsidir”

Elşən Hüseynov: “Prezidentin gənclərə, gənclərin isə Prezidentə olan sevgi və inamı milli birliyimizin göstəricisidir” Prezident İlham Əliyev mayın 10-da Şuşa sakinləri ilə görüşüb, şəhərdəki son quruculuq işləri ilə tanış olub. Ölkə başçısı Şuşadakı çıxışında Azərbaycan gəncliyi, onun Vətən müharibəsindəki rolu haqqında yüksək fikirlər səsləndirib. Prezident qeyd edib ki, torpaqlarımızı azadlığına görə Azərbaycan gəncliyinə borcluyuq, çünki sinəsini qabağa verərək torpaqları azad edən onlar oldu. Prezidentun gənclər haqqındakı bu açıqlaması Azərbaycan gəncliyinin vətənpərvərliyinə, milli-mənəvi dəyərlərə bağlılığına verilən ən yüksək qiymət hesab oluna bilərmi? Moderator.az-a açıqlama verən Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov Prezidentin hər zaman ölkə gəncliyinə çox böyük etimad göstərdiyini vurğulayıb: “Cənab Prezident Vətən müharibəsindən sonra vətəndaşlarımızla görüşlərində, mediaya verdiyi müsahibələrdə gənclərimizin 44 günlük müharibədəki qəhrəmanlığını hər zaman yüksək qiymətləndirib. Dövlət başçısı daim qeyd edib ki, qələbənin əldə edilməsində Azərbaycan Ordusunun göstərdiyi rəşadət həlledici rol oynayıb. Azərbaycan Ordusunun avanqard qüvvəsi isə Azərbaycan gəncliyidir. İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçilərkən xalqa, xüsusilə gənclərə xitabən belə bir söz işlətdi. Prezident bildirdi ki, mən sizə güvənirəm, siz də mənə güvənə bilərsiniz. Prezident hər zaman Azərbaycan gəncliyini dövlətimizin, dövlətçiliyimizin arxa-sayağı hesab edib. Özü də gənclərimizə arxa-dayaq olub. Prezidentin gənclərə, gənclərin isə Prezidentə olan sevgisi, inamı, etimadı ölkəmizdəki birliyin göstəricisidir. Prezidentin də öz çıxışlarında vurğuladığı kimi, dövlətimizin gələcəyi gənclərimizə bağlıdır. Azərbaycan gəncliyi 2023-cü ilin 19-20 sentyabr tarixində gerçəkləşən lokal antiterror tədbirlərinə də öz gücünü göstərdi, öz sözünü dedi. Prezident Şuşadakı çıxışında Ermənistana, onu himayə edən Fransa kimi güclərə xitabən bildirdi ki, onlar Ermənistanı nə qədər silahlandırmağa çalışsalar da, Azərbaycan lazımi məqamda lazım bildiyi addımı atacaq. Anti-Azərbaycan qüvvələrə qarşı istər diplomatik, istərsə də hərbi mütəvidə mübarizə məsələsində Prezidentin güvəndiyi yenə də Azərbaycan gəncləridir. Azərbaycan gəncliyi “Dəmir yumruğ”un özəyi, dövlətimizin zərbə qüvvəsidir. Prezidentin gənclərlə bağlı sonuncu çıxışı gənclərimizə olan sevgi və inamın nümunəsidir. Biz fəxr edirik ki, ölkəmizdə  vətəninə, dövlətinə, milli-mənəvi dəyərlərinə sadiq olan bu cür gənclik var”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Sərhədçilərin Vətən müharibəsindəki qəhrəmanlığı tarixin yaddaşında əbədi yaşayacaq”

Cəlil Xəlilov: “DSX bu müharibədə nəyə qadir olduğunu bir daha sübut etdi”   Avqustun 18-i Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, DSX-nın 44 günlük Vətən müharibəsində ölkəmizin qalibiyyətinə böyük töhfə verdiyini bildirib:   “44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır. Məhz bu müharibə nəticəsində şanlı Azərbaycan ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri, birlik və qoşun növləri iştirak edərək böyük zəfərin əldə edilməsinə töhfə verdi.   Mən 44 günlük Vətən müharibəsində DSX-nın Sərhəd Qoşunlarının göstərdiyi qəhrəmanlıqları xüsusilə qeyd etməliyəm. Çünki Sərhəd Qoşunları bu müharibədə bir sıra mühüm yeniliklərə imza atdı ki, bu yeniliklər işğalçı Ermənistan üzərində zəfərin əldə edilməsində mühüm rol oynadı”.   DSX-nın erməni ordusunun kabusuna çevrilən dron əməliyyatları   Cəlil Xəlilov qeyd edib, 44 günlük Vətən müharibəsi hər şeydən öncə müasir hərbi texniki nailiyyətlərin Azərbaycan tərəfindən geniş tətbiqi ilə xarakterizə oluna bilər:   “Ötən əsrin 90-cı illərinin əvvəlindəki I Qarabağ müharibəsindən fərqli olaraq, biz 44 günlük Vətən müharibəsində müasir hərbi texnikanın real döyüş əməliyyatlarında geniş tətbiqinə şahid olduq. Bunlardan biri də pilotsuz uçuş aparatlarının – dronların geniş tətbiqi ilə bağlı idi. Hansı ki, bu dronların bir çoxu məhz DSX tərəfindən tətbiq edilib. Xüsusilə də “Harop”, “Quzğun” və “Hermes” pilot­suz uçuş aparatları vasitəsi ilə işğalçılara ağır zərbələr endirən sərhədçilər bütövlükdə 290 düşmən hədəfini məhv ediblər.   DSX dronlarının əsas hədəflərindən biri də düşmənin zenit-raket qurğuları, tank və artilleriya sistemləri olub. Bu sistemlərin sıradan çıxarılması düşməni mühüm atəş dəstəyindən məhrum etməklə yanaşı, aktiv hücum əməliyyatı həyata keçirən ordumuzun canlı qüvvəsinin, habelə, texnikasının qorunması, müdafiə olunması baxımından da mühüm rol oynayıb. Hərbi texnika və raket sisteminin dəstəyindən məhrum edilən düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Təkcə bu faktın özü sərhədçilərimizin böyük qələbəmizə hansı miqyasda töhfə verdiyini təsəvvür etməyə imkan verir. Onu da qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərində də DSX pilotsuz uçuş aparatlarından hərbi əməliyyatlar zamanı uğurla istifadə edib, düşmən hərbçilərini, o cümlədən onlara köməyə gələn ehtiyat qüvvələri uğurla məhv edib.   Düşmən mövqelərinə səssiz yaxınlaşan, onların dəqiq müşahidəsini həyata keçirən, son ana qədər görünməz olan dronlar Ermənistan ordusunun istər canlı qüvvəsinə, istərsə də hərbi texnikasına böyük zərbə vurduğu, gözlənilmədən peyda olaraq ətrafa ölüm saçdığı üçün düşmən hərbçilərinin əsl kabusuna çevrilmişdi. Hər an hədəfə çevrilmək qorxusu erməni əsgərlərini psixoloji baxımdan da sarsıdır, onlarda qorxu və təşviş hissi doğururdu. Başqa sözlə desək, DSX-nin dron əməliyyatları Ermənistan ordusunun sıralarını seyrətməklə yanaşı, həm də döyüş əzmini, psixologiyasını da sarsıdır, onları mənəvi baxımdan da məhvə məhkum edirdi”.   “AN-2 möcüzəsi”, yaxud ölümün yeni adı...   Polkovnikin sözlərinə görə, 44 günlük Vətən müharibəsində DSX, həm də bəzi təyyarələrin konstruksiyasında mühüm yeniliklər etməklə onların zərbə gücünü artırıb, həmin təyyarələri yeni formatda hərbi əməliyyatların gedişində uğurla tətbiq edib:   “44 günlük Vətən müharibəsi zamanı DSX sadəcə Türkiyə və İsrail istehsalı olan dronların müvəfəqiyyətli tətbiqi ilə diqqət çəkmədi. Sərhədçilər həm də bəzi təyyarələrin üzərində apardıqları konstruksiya dəyişiklikləri və bu dəyişikliklər əsasında yaradılan yeni dronlardan peşəkarcasına istifadə ilə də diqqət çəkdi. Buna misal olaraq AN-2 təyyarələri ilə bağlı həyata keçirilən yenilikləri qeyd etmək olar.   AN-2 təyyarələrini modernləşdirərək onları pilotsuz uçuş aparatına döndərən sərhədçilər, həmin uçuş aparatları ilə düşmən hərbi hədəflərinə ağır zərbələr endirib, işğalçının çoxlu sayda canlı qüvvvəsi və zirehli texnikasını məhv edib. Müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi düşmənə qarşı mübarizədə aktiv iştirak edən sərhədçilər, pilotsuz uçuş aparatlarından geniş istifadə sayəsində hava məkanında ordumuzun şəriksiz üstünlüyünü təmin edib, 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynayıb”.   Itirilən sərhədlərin və ərazilərin bərpasına doğru...   Sərhədçilərin İran və Ermənistan sərhədlərinin işağlda qalan hissəsinin azad edilməsində də yaxından iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun sadəcə hərbi deyil, həm də siyasi baxımdan mühüm önəm kəsb etdiyini bildirib:   “44 günlük Vətən müharibəsində sərhədçilər bir sıra rayonların işğalçılardan təmizlənməsi ilə yanaşı, dövlət sərhədlərinin azad olunmasında da yaxından iştirak edib, böyük qəhrəmanlıqlara imza atıb. Sərhədçilərin hücumları sayəsində Azərbaycan-İran sərhəddinin işğal altında qalan 132 km hissəsi işğaldan azad edilib. Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhəddinin 500 km-lik hissəsi də separatçılardan təmizlənib və Azərbaycan bu hissəyə də nəzarəti ələ alıb.   Şübhəsiz, İran və Ermənistanla olan dövlət sərhədlərimizin işğaldakı hissəsinin azad edilməsi hərbi baxımdan böyük nailiyyət olmaqla yanaşı, iqtisadi-siyasi baxımdan da mühüm əhəmiyyətə malik idi. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan və İran arasında iqtisadi əlaqələr mövcuddur ki, Azərbaycan-İran sərhədlərinin işğaldakı hissəsinin azad edilməsi bu əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaratdı.   Azərbaycan-İran və Azərbaycan-Ermənistan sərhəddinin işğaldakı hissəsinin azad olunması dövlət sərhədlərinin toxunulmazlığı prinsipinin əməli-praktiki baxılmdan təmin edilməsi demək idi. Sərhədçilər bu mühüm və həyati vacib işin öhdəsindən də ləyaqətlə gəlməklə dövlət sərhədlərimizin toxunulmazlığını təmin etdi”.   “DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir”   Polkovnik Vətən müharibəsindən sonra DSX-nın işğaldan azad edilmiş rayonlarda yeni hərbi hissələr açmasının da, dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib:   “Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin tam bərpa edilməsi, həmin ərazilərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi, habelə, bu rayonlarda yeni hərbi hissələrin yaradılması istiqamətində dövlətimiz tərəfindən sistemli addımlar atılmaqdadır. Bu addımlardan biri də həmin rayonlarda DSX-ya məxsus hərbi hissələrin yaradılmasıdır. Məlumat üçün qeyd edim ki, artıq işğaldan azad edilmiş ərazilərdə DSX-nın 10-dan çox hərbi hissəsi açılıb, sərhədlərimiz həmin hərbi hissələr hesabına daha da möhkəmləndirilib. Məlum proses bu gün də davam etməkdədir.   DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir. Bu, sərhədlərimizin etibarlı şəkildə qorunması, onun möhkəmləndirilməsi, hər cür təxribata adekvat cavab verməyə hazır olmağımız anlamını daşıyır. Bu baxımdan sərhədçilərimizin Vətən müharibəsindəki fəaliyyəti ilə yanaşı, post-müharibə dönəmindəki fəaliyyəti də mühüm əhəmiyyətə malikdir və bütün bu addımlar sərhədlərimizin toxunulmazlığının təmininə, təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edir”.   “Ən güclü silahımız sevgidir və DSX gənc nəslə məhz bunu təbliğ edir”   DSX-nın vətənpərvərlik tərbiyəsinin təbliğində də aktiv iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb:   “DSX-nın fəaliyyətində diqqət çəkən məqamlardan biri də adıçəkilən qurumun vətənpərvərlik tərbiyəsinin təbliğində yaxından iştirak etməsi, gənclər arasında bu istiqamətdə sistemli iş aparmasıdır. Bu fəaliyyətin bir istiqaməti də mütəmadi olaraq yeniyetmə və gənclər arasında, o cümlədən yaşından asılı olmayaraq, bütün yaradıcı şəxslər arasında hərbi vətənpərvərliklə bağlı müsabiqələrin təşkili ilə bağlıdır.  DSX tərəfindən mütəmadi şəkildə keçirilən bu müsabiqələrdə vətən sevgisi, onu qorumağın zəruriliyi fikri aşılanır, vətən uğrunda həlak olan şəhidlər, onların göstərdiyi qəhrəmanlıqlar təbliğ edilir. Bu müsabiqələr bütün iştirakçılar üçün maarifləndirici xarakter daşımaqla yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən yeni əsərlərin – rəsmlərin, şeirlərin, hekayələrin, əl işlərinin, bədii və publisistik məqalələrin meydana çıxmasına səbəb olur. Nəticədə, vətənpərvərlik tərbiyəsi baxımından yeni, zəngin baza meydana çıxır.   Məlumat üçün qeyd edim ki, belə müsabiqələrdən biri də Vətən müharibəsində tarixi qələbənin əldə olunmasına və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümünə həsr olunmuş “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqə oldu. Cari ilin 12 avqust tarixində DSX-nın akademiyasında müsabiqə iştirakçılarının mükafatlandırılması məqsədi ilə general Abbas Xəlilovun da iştirakı ilə təbir keçirildi, müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş olundu, qaliblər təltif edildi. Bizim üçün qürurvericidir ki, həmin müsabiqədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev ən yaxşı məqalə nominasiyası üzrə birinci yerə layiq görüldü.   Bir daha qeyd edirəm ki, DSX tərəfindən vətən sevgisinin, vətənprəvərlik ruhunun gücləndirilməsi istiqamətində atılan addımlar müstəsna əhəmiyyətə malikdir. Bu cür addımlar yeniyetmələrdə vətən sevgisinin artmasına, onların dövlətlə, bayraqla, sərhədlə bağlı məsələlərə daha həssas, daha məsuliyyətli yanaşmasına səbəb olur. Unutmayaq ki, bizim ən güclü silahımız sevgidir və 44 günlük Vətən müharibəsi, bu müharibədə hərbçilərimizin vətən uğrunda sevə-sevə öz həyatını qurban verməsi faktı bunu bir daha sübut etdi. DSX, onun maarifçilik xarakterli tədbirləri də gənclərə məhz bu sevgini – vətən, millət, bayraq sevgisini təlqin edir.   Mən Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibəti ilə DSX rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla sözügedən qurumun bütün əməkdaşlarını təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, DSX bundan sonra da sərhədlərimizin etibarlı şəkildə qorunmasına öz töhfəsini verəcək,  xalqımızın və dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu