Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bizim torpağımız,Vətən uğrunda mübarizəmiz müqəddəsdir

Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda yer alıb. Paylaşımda deyilir: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”.

2020-07-13 00:00:00
3298 baxış

Digər xəbərlər

Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfrans keçirilib

Konfransın sonunda Prezident İlham Əliyevə müraciət ünvanlanıb   Veteran.gov.az xəbər verir ki, bu gün saat 11:00 radələrində Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı konfrans keçirilib.   Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qalibiyyətə həsr edilən konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının tarixi zəfəri münasibəti ilə bir araya gəlməkdən məmnunluğunu bildirib.   Giriş sözünün ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev çıxış edib. Çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin xalqımızın sadəcə bugünü deyil, həm də gələcəyi baxımından müstəsna rol oynadığnı bildirən Vüsal Quliyev, xalqımızı bu zəfərə qovuşduran Ali Baş Komandana, şanlı ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarlığını ifadə edib.   Vüsal Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə, həm də erməni faşizmi üzərində əldə edilən mühüm zəfər kimi tarixdə qalacaq ki, bu da dövlətimizin, Prezidentimizin, xalqımızın sivil və mədəni dünya qarşısında böyük xidmətidir.   Konfransda çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də Vətən müharibəsində əldə edilən zəfərin önəminə diqqət çəkib, bu zəfərdə ölkə gəncliyinin yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpasına böyük töhfə verdiyini qeyd edib.   Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi qələbənin Azərbaycan xalqının həyatında həlledici rol oynadığını, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün geniş perspektivlər açdığını qeyd ediblər.Vurğulanıb ki, bu zəfər əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcək, qəhrəmanlarımız minnətdarlıq hissi ilə anılacaq.   Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun yekun sözü ilə çıxış edib. Sədr müavini Vətən müharibəsindəki tarixi zəfərin sadəcə Azərbaycanın deyil, bütün regionun həyatında yeni səhifə açdığına diqqət çəkib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu qələbə dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın özünəinam və qürur hissinin bərpası, mənəvi cəhətdən bütövləşməsi, öz güc və iradəsini bütün dünyaya nümayiş etdirməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Konfransda müxtəlif nəsillərin nümayəndələrinin iştirak etdiyini xatırladan Cəlil Xəlilov, bu qələbənin ümumxalq zəfəri olduğunu bildirib, ölkə başçısına, Azərbaycan ordusuna, şəhid və qazilərə, eləcə də hər zaman Ali Baş Komandanın və ordunun yanında olan Azərbaycan xalqına təşəkkür edib.   Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.   Daha sonra  Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi vətənpərvərlik mövzusunda mahnılar ifa edib, xatirə şəkli çəkilib.   Seymur ƏLİYEV

Hamısını oxu
Mehriban Əliyeva təşəkkür etdi

Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib. Bununla bağlı Birinci vitse-prezidentin “Instagram” hesabında paylaşım edilib:   “Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”

Hamısını oxu
Koronavirus pandemiyası dövründə Azərbaycan dövləti veteranları da diqqətdən kənarda qoymayıb

Prezident İlham Əliyevin koronavirusa qarşı mübarizə sahəsində imzaladığı sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələri və təşəbbüslərini veteranlar dəstəkləyir, dövlətimizin başçısının çağırışına qoşulurlar. Koronavirus təhlükəsinin bütün dünyada sürətlə artması Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirir. Bu tövsiyələrə məsuliyyətlə yanaşaraq xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına inanırıq. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, dövlətimizin başçısı pandemiya dövründə veteranlara, əlillərə də qayğı ilə yanaşır. Veteranlar hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə dövlətimiz veteranları da unutmur. Veteranlar Prezidentin fəaliyyətini alqışlayır. Dövlətin vətəndaşların təhlükəsizliyi baxımından bütün zəruri addımları atmaqda davam etdiyini, Prezident İlham Əliyevin əhalini koronavirus təhlükəsindən qorumaq məqsədilə ilk gündən çevik qərarlar qəbul etdiyini, ciddi qabaqlayıcı tədbirlər gördüyünü qeyd edən Cəlil Xəlilov deyib ki, Azərbaycan yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə, dövlətimiz bu gün də koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirməkdədir. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, 65 yaşdan yuxarı tənha şəxslərin, eləcə də aztəminatlı ailələrin, muzdlu işçilərin, sahibkarların, veteranların dövlət tərəfindən himayə edilməsi, onlara maddi dəstəyin göstərilməsi də həyata keçirilən tədbirlər sırasındadır. Bu, bir daha dövlətimizin başçısının vətəndaşlara olan həssas münasibətini təcəssüm etdirir. Əminik ki, dövlətimizin başçısının koronavirusla mübarizə çərçivəsində atdığı qətiyyətli və humanist addımlar bu mübarizəyə töhfəsini verəcək və xalqımızın bu bəladan ən az itki ilə çıxmasını təmin edəcək. “Biz veteranlar hər zaman dövlətin qayğısını hiss edirik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Vətənimiz və xalqımız üçün gördüyü bütün işlərə, yorulmaz fəaliyyətlərinə, bizə göstərdikləri diqqət və qayğıya görə Respublika Veteranlar Təşkilatı adından dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində dövlətimiz tərəfindən atılan qətiyyətli və humanist addımlar ölkəmiz və əhalimizin sağlamlığı üçün öz dəyərli töhfəsini verəcək”, - deyə o vurğulayıb.

Hamısını oxu
Operativ Qərargah: Xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır

Bakı, 2 iyul, AZƏRTAC Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır. • 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. ● Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır: 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək. ● Virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək, həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir: ● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti; ● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər; ● muzey və sərgi zallarının fəaliyyəti; ● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); ● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla); ● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: ● təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə) ● ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə) ● yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə) Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq-mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq zəruridir.

Hamısını oxu