Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Orduda törədilən cinayətlər ötən illə müqayisədə azalıb.

İyulun 24-də Azərbaycan Respublikasının Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2020-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.   Modern.az-ın məlumatına görə, giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətini davam etdirən, Azərbaycanın sürətli inkişaf strategiyasını uğurla həyata keçirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni və digər sahələrdə əldə olunmuş nəaliyyətlərdən bəhs edərək, ölkədə aparılan islahatlar və mütərəqqi dəyişikliklər nəticəsində dövlətimizin daha da qüdrətlənməsini bildirib. Eyni zamanda, Baş Prokuror dövlətimizin güclənərək əldə etdiyi uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolunu qeyd etməklə, Azərbaycanla beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranması, milli-mənəvi dəyərlərimizin, o cümlədən mədəniyyətimizin bütün dünyaya tanıdılmasında misilsiz xidmətlərini xüsusi vurğulayıb.   Həmçinin, Baş prokuror mayın 1-də Prezident cənab İlham Əliyevin videoformatda qəbulu zamanı verdiyi tapşırıq və tövsiyələri, bununla əlaqədar qarşıda duran vəzifələrin icrasını, o cümlədən prokurorluq orqanlarında həyata keçirilən səmərəli islahatları qeyd edərək, bu prosesin uğurlu davam etdirildiyini bildirib. Bundan sonra, hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev göstərib ki, ötən dövrlərdə olduğu kimi, 2020-ci ilin birinci yarımilində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, görülmüş məqsədyönlü tədbirlərin nəticəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır.
Qeyd edilmişdir ki, hesabat dövründə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra işlər görülmüş, nəticədə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37% azalmışdır. Vurğulanıb ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli iş aparılmaqla, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülmüşdür.   Çıxışının sonunda Xanlar Vəliyev bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir. Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdə və həyata keçirilən məhkəmə-hüquq islahatlarında yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını diqqətə çatdırıb.

2020-07-25 00:00:00
3346 baxış

Digər xəbərlər

Avropa İttifaqı Azərbaycan qədər iqtisadi əməkdaşlıqda maraqlıdır

Prezident İlham Əliyevin bu günlərdə Azərbaycan-Litva biznes forumunda çıxışı bir daha Azərbaycanın iqtisadi və siyasi sahədə qazandığı uğurlara işıq saldı. Qeyd edildi ki,  Avropa dövlətləri ilə sıx əlaqələrin qurulmasında nəinki Azərbaycan, eyni zamanda, qarşı tərəf də bir o qədər maraqlıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, ölkələr arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.  Birgə hökumətlərarası komissiya hər iki ölkə arasında işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Gündəlikdə olan məsələlər arasında ticarətlə yanaşı, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələrinin olması kompleks tədbirlərin həyata keçirliməsindən xəbər verir. Hazırda Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Məhz bu səbəbdən ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi. Sevindirici haldır ki, hal-hazırda  investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. İqtisadiyyatın bütün sahələrinə artan maraq ölkəni investorlar üçün daha cəlbedici edir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi qarşıya əsas prioritet kimi qoyulub. Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcək. Prezident cənab İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisinin və 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sisteminin yekunlaşdığını qeyd etdi. Bu, ölkənin inkişaf dinamikasının əsas göstəricilərindəndir. Cari ilin dörd ayının nəticələrinə nəzər saldıqda, ümumi olaraq iqtisadi vəziyyəti perspektivli qiymətləndirmək olar. Ölkənin iqtisadi gəlirləri 7,2 faiz artmışdır. Qeyri-neft sektorunda  artım 11,4 faizdir. İxrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir. Ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması da çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Cənab Prezidentin qeyd etdiyi kimi, coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq ölkə olaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, düzgün strategiya nəticəsində Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Uğurlardan, inkişafdan danışarkən xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Avropa İttifaqı -Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Bir sözlə, Azərbaycan donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir. Məşhur Məmmədov Milli Məclisin deputatı      

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Polkovnik bu medala media ilə uzunmüddətli və səmərəli əməkdaşlığa görə layiq görülüb.  

Hamısını oxu
General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Polkovnik Cəlil Xəlilov və bir qrup veteran dəfn mərasimində iştirak edib Mayın 28-də vəfat edən ehtiyatda olan general-mayor Dadaş Rzayev İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri, eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov iştirak edib. Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, D.Rzayev son mənzilə yola salınıb, məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib. Mərasimdə D.Rzayevin həyat və xidmət yolu haqqında danışılıb. Qeyd olunub ki, o vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif orden və medallara layiq görülüb. Vurğulanıb ki, general-mayor D.Rzayev xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq. Məlumat üçün qeyd edək ki, Dadaş Rzayev həm də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsində çalışıb.  Qeyd: Yazıda AZƏRTAC-ın məlumatlarından istifadə olunub.  

Hamısını oxu
Əlialəm Babayev haqq dünyasına qovuşub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İsmayıllı Rayon Təşkilatının sədri Babayev Əlialəm Baba oğlu dünyasını dəyişib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə Əlialəm Babayevin yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Allah rəhmət eləsin!  

Hamısını oxu