Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev yeni naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. video Axar.az xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyev: Bu gün siz Təhsil naziri vəzifəsinə təyin olunursunuz. Sizə çox böyük etimad göstərilir. Bu etimadı siz öz işinizlə doğrultmalısınız. Siz gəncsiniz, sizin təyinatınız, eyni zamanda, gənclərə göstərilən etimadın növbəti təzahürüdür. Bildiyiniz kimi, ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir və hesab edirəm ki, hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına təsir göstərir. Gənc olmağınıza baxmayaraq, sizin təhsil sahəsində təcrübəniz var. Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmısınız. Bu günə qədər Təhsil İnstitutunun direktoru vəzifəsində işləyirsiniz. Ona görə əminəm ki, təhsil qarşısında duran problemlərlə bağlı sizin geniş fikriniz, məlumatınız var. Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Sonrakı illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir. Bizim sərhədlərimizi də, xalqımızın əmin-amanlığını da səngərdə düşmənlə üz-üzə olan döyüş məntəqələrində gənclərimiz ləyaqətlə qoruyub və qoruyur. Təhsildə islahatlar dərinləşməlidir. Deyə bilərəm ki, təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır. Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki, təhsilin səviyyəsi müəllimlərim peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər. Son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb. Dövlət xətti ilə həyata keçirilən xərclər bu sahədə xüsusi rol oynayır. 2015-2018-ci illərdə yeni yanaşma tətbiq olunmuşdur - müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Bu diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılmışdır. Əlbəttə ki, bu, müəllimlər üçün əlavə bir stimul idi. Eyni zamanda, müəllim peşəsini seçənlərin də sayı buna uyğun şəkildə artdı və bu da məni çox sevindirir. Çünki, bir neçə il bundan əvvəl müəllim olmaq istəyənlərin sayı kifayət qədər az idi. Ancaq, son bir neçə ildə müəllim peşəsinə maraq artıb. Çünki müəllimlər indi daha yaxşı maaş alırlar. Onların cəmiyyətdə hörməti yüksək səviyyədədir. İndi onlar gözəl, təmir edilmiş, yenidən tikilmiş məktəblərdə, ali məktəblərdə çalışırlar. Mən hər il tədris ilinin ərəfəsində yeni tikilmiş və təmir edilmiş məktəblərə baş çəkirəm. Hər il bilik günündə də uşaqlarla, müəllimlərlə görüşürəm və qeyd edirəm ki, məktəb, eyni zamanda, müəllimin iş yeridir. Bu gün bu sahədə görülmüş işlər əlbəttə ki, müəllimləri həvəsləndirir. Ona görə, təhsilin səviyyəsinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır. Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün xüsusi proqram qəbul edilmişdir. Bu proqram çərçivəsində minlərlə Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrin aparıcı ali məktəblərinə ezam edilmişdir. Onlardan biri də sizsiniz və siz bu proqramla əhatə olunmusunuz. Bildiyiniz kimi, biz bu proqramı Dövlət Neft Fondunun xətti ilə həyata keçirdik. Bu da rəmzi xarakter daşıyır. Biz bu proqramı dövlət büdcəsi hesabına həyata keçirə bilərdik, ancaq mən bunu məhz Dövlət Neft Fondunun xətti ilə keçirilməsinə qərar verəndə qeyd etmək istəyirdim ki, bu strateji əhəmiyyət daşıyır. Çünki bu günə qədər Dövlət Neft Fondunun xətti ilə həyata keçirilən layihələr strateji əhəmiyyətli layihələrdir. Onların arasında, ilk növbədə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması layihələridir. Böyük infrastruktur layihələri və bu proqram məhz bu xətlə icra edilib. Ona görə, bu proqram qəbul olunanda həm bu məsələ öz əksini tapdı, eyni zamanda, mənim yadımdadır, o vaxt bəzi hökumət üzvləri təklif edirdilər ki, bir halda, biz gəncləri dövlət hesabına xaricdə oxutdururuq, onların qarşısında şərt qoyulmalıdır ki, onlar təhsili başa vurandan sonra mütləq ölkəyə qayıtsınlar və məcburi qaydada 5-10 il ölkəmizdə işləsinlər. Mən buna müsbət yanaşmadım. Yadımdadır, o vaxt mən dedim, biz bu işi görürük ki, ölkəmiz, xalqımız üçün gənc kadrlardan ibarət intellektual potensial yaradaq. Biz bunu edirik ki, gənclərimiz dünyanın aparıcı ali məktəblərində oxusunlar. Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik? Biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır. Siz də bunun şahidisiniz, o vaxt heç bir şərt qoyulmadan biz gəncləri xaricə ezam etdik, oxutdurduq. Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Buna görə, bu müsbət təcrübə öz bəhrəsini verdi və siz bu proqram xətti ilə xaricdə təhsil almış insan kimi bunu görürsünüz. Siz qayıtdınız, burada çalışdınız, gənc olmağınıza baxmayaraq, sizə böyük vəzifələr etibar edilmişdir və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz.  Bununla paralel olaraq, o vaxt növbəti bir təşəbbüs irəli sürüldü. Aparıcı xarici ali məktəblərin Azərbaycanda filiallarının yaradılması məsələsi gündəliyə salınmışdı. Artıq qısa müddət ərzində Azərbaycanda 3 xarici ali məktəbin filialı fəaliyyət göstərir. Hesab edirəm ki, onların sayı daha da çox ola bilər və bu məsələlərlə siz bilavasitə məşğul olacaqsınız. Bir məsələni də qeyd etmək istərdim. Bizim təhsilimizin ümumi səviyyəsi təbii ki, qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı o qədər də çox artacaqdır. Bununla paralel olaraq, bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Ona görə, xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? Ona görə bütün bunları siz mütləq aidiyyəti dövlət qurumları ilə birlikdə həll etməlisiniz. Bizim iqtisadi və sənaye inkişafımız planlı şəkildə həyata keçirilir. Həm dövlət siyasəti aparılır, eyni zamanda, dövlətin dəstəyi ilə yaradılmış şərait nəticəsində özəl sektor böyük investisiyalar qoyur və hansı sahələrə bu sərmayə qoyulur, bunu da hər kəs bilir. Bundan sonra bizə hansı peşələr lazım olacaq? Biz bunu da bilirik. Ona görə, bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Bir daha demək istəyirəm ki, siz, bu işləri gərək aidiyyəti qurumlarla düzgün təhlil edib konkret təkliflər verəsiniz. Digər vacib məsələ. Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə daha fəal məşğul olaq. Bu da Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı var. Bu peşələr artıq aradan qalxıb və olmayacaq. Ona görə, buna da daim fikir verməlisiniz. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər. Çünki, Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik. Biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın, baxmayaraq ki, pandemiya şəraitində bütün ölkələrdə işsizlik artır. Biz elə etməliyik ki, Azərbaycanda vətəndaşlar işlə təmin edilsinlər. Ona görə, xüsusi əhəmiyyət daşıyan bu məsələyə Təhsil Nazirliyi aidiyyəti qurumlarla birlikdə mütləq böyük diqqət yetirməlidir, konkret təkliflər hazırlayıb təqdim etməlidir və cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə aparılmalıdır. Müxtəlif tədbirlər diskussiyalar, müzakirələr, keçirilməlidir, vətəndaşlara bu haqda məlumat verilməlidir ki, onlar özlərini və yaxud da, öz övladlarını yeni dövrə uyğun hazırlayıb onlara düzgün tövsiyələr versinlər. Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır. Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıbdır və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Bunu həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır. Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar. Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə, peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafının sürəti çox yüksəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə, bu sahə üzrə peşə məktəbləri olmalıdır. Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır. Bir neçə ölkədən ilkin təkliflər də irəli sürüldü. Artıq bizim təcrübəmiz var. Biz bunu adətən bu formada edirik ki, misal üçün, Azərbaycan tərəfi bütün texniki məsələləri və maliyyə məsələlərini öz üzərinə götürür. Xarici tərəfdaş isə sadəcə olaraq, tədris proqramlarını, texnologiyaları və müasir standartları ölkəmizə idxal edir. Əlbəttə ki, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir. Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlərboyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq, bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə, bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma, buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir. Mən bir daha demək istəyirəm ki, sizə bu gün böyük etimad göstərilir. Siz öz işinizlə bu etimadı doğrultmalısınız. Sizi təbrik edirəm və uğurlar arzulayıram. Nazir Emin Əmrullayev dedi: Möhtərəm cənab Prezident. Mən, ilk növbədə, Sizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də bu, böyük etimaddır. Eyni zamanda, böyük məsuliyyətdir. Qeyd etdiyiniz kimi, Sizin rəhbərliyinizlə son dövrdə təhsil sahəsində həqiqətən də, müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər istər şagirdlərin nailiyyətlərində, istərsə də bizim beynəlxalq reytinqlərdə əksini tapıb. Ən sevindirici hal ondan ibarətdir ki, bir çox dəyişənlər, yəni bir çox indikatorlar Təhsil Nazirliyi və yaxud da Azərbaycan hökuməti tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar və yaxud beynəlxalq olimpiadalarda şagirdlərimizin nailiyyətləri əsasında müşahidə edilir. Siz də qeyd etdiyiniz kimi, təhsil sahəsi hazırda bir çox uğurlar əldə etmişdir. Siz bu uğurların bir qismini sadaladınız. O cümlədən də mən qeyd etmək istəyərdim ki, bu vektorun, bu müsbət istiqamətin davamlılığını təmin etmək qarşıda duran ən vacib məqsədlərimizdəndir. Eyni zamanda, Siz dövlət proqramını qeyd etdiniz. Mən fürsətdən istifadə edib, bir vətəndaş kimi, istərdim, ilk növbədə, Sizə minnətdarlığımı bildirim. Çünki bu proqram həm mənim, həm də minlərlə Azərbaycan gəncinin həyatını dəyişən bir proqramdır. Sizin bu təşəbbüsünüz həqiqi mənada bir çox insanın həyatını yaxşıya doğru dəyişmişdir. Çünki Siz də qeyd etdiniz ki, bu proqram xaricə oxumağa gedəndə vətəndaşdan hər hansı öhdəlik tələb etmirdi. Bu, daha çox mənəvi öhdəlik idi, nəinki maddi və ya hansısa hüquqi. Düşünürəm ki, hazırda proqram məzunlarının demək olar ki, böyük əksəriyyəti Azərbaycandadır və həmin investisiyanı geri qaytarmaq vaxtıdır. Yaxud, belə deyək, bunu davamlı olaraq etmək hər bir proqram məzununun mənəvi borcudur. Sadaladığınız istiqamətlər üzrə müvafiq işlərin görülməsi təbii ki, qarşıda duran məsələdir. Təhsilin keyfiyyətinin artırılması və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə edilməsi, o cümlədən də dövlət vəsaitinin, təhsilə ayrılan investisiyanın səmərəli istifadə olunması, düşünürəm ki, təhsildə qısa zamanda uğurların davamını gətirməyə imkan verəcək. Sizə, bir daha dərin minnətdarlığımı bildirirəm və qarşıya qoyulan vəzifələrin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm. Sizə minnətdaram, təşəkkür edirəm. Prezident İlham Əliyev: Sağ olun, sizə uğurlar arzulayıram.

2020-07-27 00:00:00
3253 baxış

Digər xəbərlər

Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir

Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Başqa sözlə, tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Sarıcalı kəndi Ağdam şəhərindən şərqdə - Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir. Kəndin adı Cavanşirlər nəslindən olan Sarı Alının adından götürülüb. Sarıcalı kəndinin tam adı Dərgahlı Sarıcalısı, sovet dövründə Ağdamkənd Sarıcalısı olub. Beləliklə, Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir. Bu kənd Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin inkişafında xidmətləri olan bir çox tanınmış şəxslər yetişdirmişdir.  Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Möhtərəm Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndində olmaları xalqımız tərəfindən böyük qürurla qarşılanır. Bu iftixar qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının mənəvi haqqıdır. Çünki biz böyük qələbə qazanmışıq. Prezident İlham Əliyevin Ağdam rayonunun Sarıcalı kəndinə səfəri zamanı səsləndirdiyi fikirlər qüdrətli Azərbaycanın yeni mərhələdə əldə etdiyi strateji inkişafına işıq salır. Səfər zamanı dövlətimizin başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər. Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. “İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız”, - deyə Prezident vurğulayıb. Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında bildirib: “Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır”. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
Sonuncu süvari

Dünyanın ən dəhşətli müharibələrindən olan faşizm üzərində qələbədən 76 il ötür. Azərbaycan xalqı da istər ön cəbhədə, istər arxa cəbhədə qələbə üçün öz töhfəsini verib, Vətəni işğaldan qurtarmaq üçün malını, canını fəda edib. II Dünya muharibəsi veteranı Tofiq Hüseynov gənc yaşlarından odun-alovun içinə atılan və qələbədə öz payı olan qəhrəmanlarımızdandır. O, 1922-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Hələ məktəb yaşlarından hərbi təyyarəçi olmaq istəsə də, səhhəti buna imkan verməyib. 1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılan Tofiq Hüseynov Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayır. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərir. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub.T.Hüseynov:  "Birinci növbədə bütün əsgərlərdə qələbəyə, rəhbərə inam, komandirlərə inam böyük idi. Komandir əsgərlə çiyin-çiyinə düşmən səngərinə şığıyanda əsgər daha da ruhlanırdı. Daha fədakarlıqla döyüşürdü. Stalinin "bir addım geri çəkilmək olmaz" əmri var idi. Qorxaqlar, fərarilər yerindəcə güllələnirdi. Azad edilən yerlərdə mülki əhalini incitmək, qarət, oğurluq qəti qadağan idi. Hər səhər düzülüşündə kamanda verilirdi ki, əsgərlər çantaları yerə qoysun və iki addım geriyə çəkilsin. Yoxlayırdılar ki, qarət edən olub, ya yox. Müharibə — qələbəsindən, məğlubiyyətindən asılı olmayaraq, bütün halı ilə dəhşətlidir. Aclıq, susuzluq, hər gün insan itkisi, hər gün dəyişən sıra yoldaşların… Bunlar hələ müharibənin bir hissəsidir. "Suxoy payok" verilirdi. Qızdıra bilmirdik. Bir işıq gələn yeri darmadağın edirdi düşmən. Bizim hərbi hissə Rumıniyanın, Çexoslovakiyanın, Yuqoslaviyanın, Avstriyanın işğalçılardan azad olunmasında xüsusi iştirak edib. Qələbəni 1945-ci ildə Avstriyanın mərkəzi Vyana şəhərində bayram etdik". 99 yaşlı müharibə veteranı bu gün də özünü gümrah hiss edir və sağlamlığından heç də gileylənmir. 76 ildir veteran şəxsi sücaəti və qəhrəmanlığı bahasına qazandığı medallarını göz bəbəyi kimi qoruyur.   Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri işləyib. Hazırda 99 yaşının olmasına baxmayaraq, yenə ictimai fəaliyyətlə məşğuldur. O, hazırda Gəncə şəhər Nizami rayon Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır. 24 fevral qocaman veteran Tofiq Hüseynovun doğum günüdür. Bu il qəhrəman veternımız üçün əlamətdar illərdən olmuşdur. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə T.Hüseynovun həyat eşqini daha da artırmışdır. Ad günün mübarək sonuncu süvari, qəhrəman veteran Tofiq Hüseynov.  

Hamısını oxu
“Ölkəmizdə II Dünya Müharibəsi ilə bağlı muzeyin yaradılması faydalı olar”

“Biz dəfələrlə Bakıya “Qəhrəman şəhər” adının verilməsi təklifi ilə çıxış etmişik”   Gələn il İkinci Dünya Müharibəsinin 75 illiyi dünyanın bir çox ölkələrində, xüsusilə də faşizmə qarşı ciddi mübarizə aparan, bu yolda böyük qurbanlar verən, fədakarlıqlar göstərən dövlətlərdə, eləcə də ölkəmizdə qeyd ediləcək. Moderator.az olaraq millət vəkili Siyavuş Novruzovla söhbətimizdə Azərbaycanın faşizm üzərindəki qələbədəki rolunu şərh etməklə yanaşı, Azərbaycanın bu qələbədəki rolunun təbliği istiqamətində atılması gərəkən addımlara da aydınlıq gətirməyə çalışdıq.   -Siyavuş bəy, gələn il faşizm üzərindəki qələbənin 75 illiyi qeyd olunacaq. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik  Cəlil Xəlilov saytımıza açıqlamasında belə bir təkliflə çıxış edib ki, ölkəmizin II Dünya Müharibəsində iştiakını əks etdirən muzeyin açılmasına ehtiyac var və bu, tarixi həqiqətlərin gənc nəslə təbliği baxımından da mühüm əhəmiyyət kəsb edər. Bu təkliflə bağlı fikrinizi bilmək isəterdik.   -Hesab edirəm ki, ölkəmizdə belə bir muzeyin yaradılması məqsədəuyğun olar. Çünki Azərbaycan II Dünya Müharibəsində həqiqətən də aktiv iştirak edib, faşizm üzərində qələbənin əldə edilməsinə böyük töhfələr verib. Həm insan resursu baxımından, həm də təchizat baxımından Azərbaycan SSRİ məkanında faşizmə qarşı mübarizəyə ən çox töhfə verən ölkədir. Biz əhalinin o vaxtkı sayına görə müqayisə etsək görərək ki, Azərbaycan bu məsələdə həqiqətən də öncül mövqeyə malikdir. Bu baxımdan Azərbaycanın II Dünya Müharibəsində iştirakını, faşizm üzərindəki qələbədə göstərdiyi fədakarlıqları əks etdirən belə bir muzeyin yaradılması hesab edirəm ki, işin xeyrinə olar. Bu, gənclərin, yeni nəsillərin maariflənməsi, ölkəmizə gələn qonaqların məlumatlandırılması baxımından da faydalı olar. Bu baxımdan hesab edirəm ki, belə bir muzeyin yaradılması məqsədəuyğundur.   -Azərbaycanın II Dünya Müharibəsində insan faktoru baxımından da yaxından iştirak etdiyini vurğuladınız. Bu iştirakçılıq rəqəmlərdə necə əks olunub?   -Azərbaycan II Dünya Müharibəsində 600 min nəfərlə cəbhələrdə təmsil olunurdu. Hansı ki, onun 300 mini faşizməq arşı döyüşlərdə qəhrəmancasına həlak oldu. Geri qayıdanların isə yarısı əlil vəziyyətində geri qayıtdı. Azərbaycan kifayət qədər böyük canlı qüvvə ilə bu müharibədə iştirak etdi.   -Faşizm üzərindəki qələbədə Bakı neftinin önəmi həm yerli, həm də xarici ekspertlər tərəfindən zaman-zaman qeyd olunub. Hətta mərhum prezident Heydər Əliyev bildirirdi ki, əgər Bakı nefti olmasaydı, o zaman müharibənin taleyi sual altına düşə bilərdi. Sizcə bu amil faşizm üzərindəki qələbədə Bakı  neftinin əlahiddə əhəmiyyətə malik olduğunu isbatlamırmı?   -Təbii ki, Bakı neftinin faşizm üzərindəki qələbədəki rolu böyükdür. Daha dəqiq desək, faşizm üzərindəki qələbədə Bakı nefti həlledici əhəmiyyətə malik olub. Çünki həmin vaxtı SSRİ-dəki bir sıra neft yataqları hələ kəşf edilməmiş, istismara verilməmişdi. Tümen və s. kimi neft yataqları yalnız sonradan istifadəyə verildi. Belə olan halda müharibənin bütün ağırlığı neft Bakısının üzərinə düşürdü. Müharibədə iştirak edən bütün təyayrələrin, tankların, döyüş maşınlarının 70%-dən çoxu məhz Bakı nefti ilə hərəkətə gətirilirdi. Buna görə də Hitleürin əsas planlarındna biri Bakını tutmaq idi. O, Bakını tutmaqla SSRİ-nin yanacaq təchizatından məhrum etmək, müharibənin taleyini həll etmək istəyridi. Yəni Bakı həm də bir sənaye şəhəri, neft şəhəri  kimi II Dümya Müharibəsində fəal iştirak edib.   -Lakin təəssüflər olsun ki, göstərdiyi bütün fədakarlıqlara rəğmən Bakıya “Qəhrəman şəhər” adı verilmədi...   -Bəli. Bu, həqiqətən də təəssüf doğuran bir məsələdir. Biz dəfələrlə Bakıya “Qəhrəman şəhər” adının verilməsi məsələsini qaldırmışıq. Çünki Bakı bu ada artıqlaması ilə layqidir. Qeyd etdiyimiz kimi ön xəttə bütün təchizat Bakıdan gedirdi. Bakının faşizm üzərindəki qələbədəki rolu doğrudan da böyükdür. Bakıda II Dünya Müharibəsində SSRİ-nin müxtəlif bölgələrindən gətirilən qaçqınlar məskunlaşdırılıb. Buradakı qospitallarda alman faşizmi ilə döyüşlərdə  yaralanan minlərlə insan müalicə alıb. Bakının, Azərbaycanın bu müharibədəki mövqeyi birmənalı olub. Əgər biz Qərb ölkələrinə baxsaq görərik ki, onların bir çoxunda bu məsələyə birmənalı baxış olmayıb. Yəni orada insanlaırn bir qismi faşizmə qarşı döyüşsə də, digər qismi alman faşizminin sıralarında vuruşurdu. Azərbaycanda isə SSRİ-nin tərkibində faşizmə qarşı yekdil mübarizə həyata keçirilirdi. Təəssüflər olsun ki, Azərbaycandan olan, faşizmə qarşı mərdliklə döyüşən insanlarımızın bir qismi də öz layiqli qiymətini almayıb.   -Sizcə cəbhələrdə böyük qəhrəmanlıqlar göstərən azərbaycanlıların hamısının layiqincə qiymətləndirilməsinə nə mane oldu?   -Buna səbəb o vaxt SSRİ rəhbərliyində ermənilərin geniş şəkildə təmsilçiliyi idi. O vaxt SSRİ-nin həm Müdafiə Nazirliyində, həm Xarici İşlər Nazirliyində, həm SSRİ Mərkəzi Komitəsində və digər qurumlarda çoxlu sayda erməni erməni var idi. Onlar  azərbaycanlıların orden və medallarla təltif edilməsinə, onların layiqincə qiymətləndirilməsinə maneçilik törədirdilər. Onlar cəbhə xəttindən mərkəzə göndərilən təltiflərlə bağlı təqdimatlara mane olurdular. Bunun özü də vacib araşdırma tələb edən məsələlərdən biridir. Hesab edirəm ki, bu istiqamətdə ciddi, fundamental araşdırmaların aparılmasına ehtiyac var və bu, tarixi həqiqətlərin üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir.   Seymur ƏLİYEV

Hamısını oxu
Ölkə başçısının Həzi Aslanovla bağlı sərəncamı alqışalayiqdir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.  Moderator.az-a açıqlamasında ölkə başçısının məlum sərəncamını şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu sərəncamın ölkəmizin dünəni və bu günü baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:  “Həzi Aslanov yalnız Azərbaycanın deyil, dünya hərb sənətinin ən böyük simalarından biridir və onun faşizmə qarşı apardığı mübarizə, bu mübarizədə göstərdiyi şücaətlər yalnız Azərbaycanda deyil, MDB məkanında, dünyada  böyük qəhrəmanlıq nümunələri hesab edilir. Ölkə başçısının general Həzi Aslanovun anadan olamsının 110 illiyi ilə bağlı imzaladığı bu sərəncam hər şeydən öncə, cənab prezidentin hərb tariximizə, ordumuza, qəhrəmanlarımıza verdiyi önəmdən, onun tariximizə olan bağlılığından xəbər verir.  Müharibə şəraitində olan, torpaqları hələ ki, işğal altında qalan Azərbaycanda belə bir sərəncamın verilməsi, bu günün reallıqları baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu cür sərəncamlar, bu sərəncamlar əsasında tarixi qəhrəmanlarımızın təntənəli şəkildə yad edilməsi, minnətdarlıq hissi ilə xatırlanması, onların xatirəsinin uca tutulması gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, onların milli tariximizə, dəyərlərimizə bağlı şəkildə yetişdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Odur ki, mən bu sərəncamı alqışlayır, bunu cənab prezidentin xalqımız, ordumuz,  milli tariximiz qarşısındakı növbəti xidməti hesab edir və ürəkdən dəstəkləyirəm”.   Seymur ƏLİYEV

Hamısını oxu