Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fəttah Heydərov haqda maraqlı məlumatlar: 30 il deputat...

Xəbər verdiyimiz kimi, millət vəkili Fəttah Heydərov bu gün 82 yaşında vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, o, Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri idi.
Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib. 1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib. 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub. 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavinidir. Azərbaycan Ağsaqqallar Şurasının sədridir. SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və medallarla təltif edilib. 20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov “Şöhrət” ordeni ilə təltif edilib. 22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şərəf” ordeni ilə təltif olunub. 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəttah Səməd oğlu Heydərov “İstiqlal” ordeni ilə təltif edilib.  Allah rəhmət eləsin!

2020-08-04 00:00:00
3950 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı Böyük Vətən Müharibəsi iştirakçısının vəfatı ilə bağlı başsağlığı verib

Böyük Vətən Müharibəsi iştirakçısı Rəsulov Sadəddin Məhi oğlu vəfat edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi, o cümlədən Rəyasət Heyəti bununla bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verib, səbr diləyib. Başsağlığı müraciətində  deyilir:   “Rəsulov Sadəddin Məhi oğlu Böyük Vətən Müharibəsi zamanı faşist işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparıb, döyüşlər zamanı göstərdiyi şücaətlərə görə bir sıra orden və medallarla təltif olunub. Uzun və şərəfli döyüş yolu keçən Rəsulov Sadəddin Məhi oğlu öz igidliyi, qorxmazlığı ilə Böyük Vətən Müharibəsinə qatılan yüz minlərlə soydaşımızın cəsarət və yenilməzlik nümunəsinə çevrilməyi bacarıb.   Respublika Veteranlar Təşkilatı olaraq Rəsulov Sadəddin Məhi oğlunun vəfatından kədərləndiyimizi bildirir, onun doğmalarına dərin hüzünlə başsağlığı veririk. Əminik ki, Rəsulov Sadəddin Məhi oğlu hər zaman Azərbaycan xalqının yaddaşında qəhrəman kimi yaşayacaq, onun döyüş yolu bugünə qədər olduğu kimi bundan sonra da gənclərimizə, gələcək nəsillərə örnək olacaq”.   Məlumat üçün qeyd edək ki, müharibədə peşəkar snayperçi kimi iştirak edən Sadəddin Rəsulovun döyüş yolu Latviya, Litva, Rusiya və digər ölkələrin ərazisini əhatə edir.  

Hamısını oxu
Baş nazir karantin rejiminə görə Operativ Qərargahı TOPLADI

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclası keçirilib. Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, Baş nazir sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmasının vacibliyini bildirib. Qeyd olunub ki, Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaqdır. Səhiyyə müəssisələrində vaksinləmə prosedurlarının müəyyən olunmuş normalara uyğun həyata keçirilməsi və müvafiq protokolların tərtib edilməsi ilə bağlı tapşırıqlar verilib. İclasda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən işlər barədə məlumat verilib, müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunub. Sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq verilib.

Hamısını oxu
Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulmuş hissəsində görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun inşa olunan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil magistralı yol infrastrukturu layihələrinin genişlənməsi, onların daha da müasirləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu layihə çərçivəsində yolun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması başa çatıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işlərin icrası ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Layihə çərçivəsində Xırdalan dairəsinin altından keçən avtomobil tuneli genişləndirilib. Hər bir istiqamət üzrə əlavə tunellər inşa edilib. Bundan başqa, yenidənqurma işləri zamanı Xırdalan dairəsinə qalxan və düşən hissələrdə iki hərəkət zolaqlı yol inşa olunub. Görülən işlər bu istiqamətdə yaranan tıxacların qarşısının alınmasında, avtomobillərin hərəkətinin intensivliyinin, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsü də tikilib. Qeyd edək ki, bundan əvvəlki körpünün texniki göstəriciləri avtomobillərin normal və təhlükəsiz hərəkətinə mane olurdu. Ona görə də həmin körpünün sökülərək əvəzində yeni, müasir standartlara cavab verən körpünün inşası ilə bağlı qərar qəbul edilmişdi. Layihənin icrası şəhərin bu hissəsində tıxacların qarşısının alınmasında, qatarların hərəkətinin təhlükəsizliyində böyük rol oynayacaq. Prezident İlham Əliyev "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak etdi. Uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Hazırda yeni magistralın Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsində tikinti yekunlaşmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun qalan hissələrinin gələn ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Yeni avtomagistrala Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidən yol qovşaqları vasitəsilə daxil olmaq mümkündür. Yeni magistral avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Bu yolun inşası beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji önəm daşıyan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Yolun inşası Azərbaycanın layihədə iştirak edən ölkələrlə iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinə xidmət edəcək. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq. Milli.Az       

Hamısını oxu
Aleksandr Aleksandroviç Qritçenko

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, İkinci Dünya müharibəsi və Silahlı Qüvvələr veteranı, ehtiyatda olan 1-ci dərəcəli kapitan Aleksandr Aleksandroviç Qritçenko 2018-ci il noyabr ayının 18-də 96 yaşında vəfat etmişdir. Aleksandr Qritçenko uzun illər hərbi xidmət sahələrində çalışmış, həmçinin Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. O, 1940-cı ildə Hərbi Dənizçilik məktəbini bitirmiş, İkinci Dünya müharibəsində həm döyüşçü, həm də hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. A.Qritçenkonun həyatının son 66 ili Azərbaycanla bağlı olmuşdur. O, gənclərin Vətənə, dövlətə sədaqət, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təcrübəsini və biliyini əsirgəməmişdir. O, Azərbaycan veteranlarını Rusiya Federasiyası, Ukrayna, Belarus, Moldova və digər ölkələrdə keçirilən müxtəlif tədbirlərdə layiqincə təmsil etmişdir. A.Qritçenko Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Azərbaycanın Əməkdar təbliğatçısı" adlarını almış, “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, 52 kitabın müəllifi idi. O, yaşının ahıl çağında da yorulmaq bilmədən çalışır, Respublika Veteranlar Təşkilatında səmərəli fəaliyyətini davam etdirirdi. A.Qritçenkonun xidmətləri, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, xalqlar arasında dostluğun möhkəmləndirilməsində rolu və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək “Şöhrət”, “Qırmızı bayraq” ordenləri,  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və çoxsaylı medallarla təltif olunmuşdur. Aleksandr Aleksandroviç Qritçenkonun əziz xatirəsi Azərbaycan veteranlarının yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.

Hamısını oxu