Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident və Birinci vitse-prezident nekroloq imzaladılar

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir. Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur. Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır. Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur. 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir. Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Əli Əhmədov Eldar Əzizov Ziyad Səmədzadə Eldar İbrahimov Əhliman Əmiraslanov Teymur Bünyadov Sudeif İmamverdiyev".

2020-08-04 00:00:00
3587 baxış

Digər xəbərlər

“DTX onların Azərbaycana olan əsl münasibətini üzə çıxardı...”

“Şübhəsiz, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və digər şəxslərlə bağlı DTX tərəfindən ictimaiyyiləşdirilən məlumatlar ciddi mətləblərdən xəbər verir və bütün bunlara məhkəmə tərəfindən də qiymət veriləcək. Lakin indidən bir məqamı əminliklə demək olar ki, toplanan məlumatlar xarici dövlətlərin Azərbaycana münasibətdə düşmənçilik mövqeyindən çıxış etdiyini bir daha sübut edir”.  Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, DTX-nın atdığı addımlar hansı kənar qüvvələrin Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olduğunu üzə çıxardı: “Heç kimə sirr deyil ki, bəzi dövlətlər Azərbaycanı özünün əlaltısı kimi görmək istəyir. Azərbaycanın müstəqil siyasət yürütməsi, öz torpaqlarını azad etməsi, bölgədə söz sahibi olması, nüfuzunu artırması bu qüvvələri daha çox narahat edir. Buna görə də həmin qüvvələr Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlıdrlar. Doğrudur, onlar başa düşürlər ki, bu, asan məsələ deyil. Amma yenə də buna cəhdlər göstərirlər. Bu mənada DTX-nın məlum fəaliyyəti həm də xarici dövlətlər və onların xüsusi xidmət orqanlarının anti-Azərbaycan fəaliyyətinin ifşası kimi qiymətləndirilə bilər”. Seymur ƏLİYEV  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Xəlil Məmmədov: Azərbaycanın igid, Şuşanın əyilməz oğlu

İkinci Dünya Müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq və fədakarlıq unudulmazdır. Müharibə dövründə yüz minlərlə azərbaycanlı cəbhəyə yollanaraq öz canları və qanları ilə Böyük Vətən müharibəsinin qələbəsinə töhfə veriblər. Azərbaycanlı döyüşçülərin və mütəxəssislərin fədakarlığı, həmçinin müharibə dövründə Bakı neftinin strateji rolu qələbənin təmin edilməsində əvəzsizdir. Bakı nefti təkcə Sovet İttifaqının silahlanmasını təmin etməklə deyil, həm də müttəfiqlərin cəbhə xəttindəki qüvvələrini gücləndirmək üçün həyati əhəmiyyət daşımışdır. Azərbaycanın milli atıcı diviziyalarının, xüsusilə "Qafqaz diviziyasının", Qafqaz dağlarının ətəklərindən tutmuş Berlinə qədər olan döyüş yolunu keçməsi həm də, əsl qəhrəmanlıq nümunəsidir. Bu diviziyalar bir çox döyüşdə xüsusi şücaət göstərmiş, düşmənə qarşı mübarizədə böyük zəfərlərə imza atmışdır. Ulu öndər Heydər Əliyevin “Gənclər bilməlidir ki, 1941-1945-ci illər müharibəsində - dünya tarixinin ən dəhşətli müharibəsində Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olmuşdur. Onlar öz qəhrəmanlığı ilə xalqımızın hörmətini artırmış, Azərbaycan xalqını dünyada tanıtmışdır. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək də olmalıdır”. Azərbaycan Prezidenti cənab İlham Əliyev, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli vətənpərvərlik ənənələrini davam etdirərək, Sovet İttifaqı Qəhrəmanlarının xatirəsini ehtiramla yad edir və müharibənin od-alovlarından keçmiş veteranlarla görüşür. Bu ənənə Azərbaycanın müstəqilliyi və xalqın milli mənlik hissinin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu tarix təkcə bir xalqın şərəfini deyil, bütün insanlığın azadlıq və ədalət uğrunda mübarizəsini təmsil edir. Ulu Öndərin vurğuladığı kimi, gənclər bu qəhrəmanlıq ənənələrini özlərində yaşatmalı, onların mirasını qorumağa çalışmalıdırlar. İkinci Dünya Müharibəsində al qanı ilə tarix yazan igid oğullarımızdan biri də Sovet İttifaqı Qəhrəmanı General-mayor Xəlil Məmmədovdur. Onun kimi qəhrəmanların xatirəsi Azərbaycan dövləti tərəfindən xüsusi qiymətləndirilir və yüksək hörmətlə yad edilir. Xəlil Məmmədov müharibə dövründə öz hünəri və igidliyi ilə qəhrəmanlıq nümunəsinə çevrilmişdir. O, xüsusi döyüş bacarığı və liderlik keyfiyyətləri ilə təkcə döyüşlərdə qələbə qazanmayıb, həm də Azərbaycanın milli qürurunu, kimliyini tanıtdırıb. Hər bir qəhrəmanın həyatı, onların öz vətəninə və xalqına olan sonsuz sevgisi və bağlılığı, gələcək nəsillərə örnəkdir. General-mayor Xəlil Məmmədov 5 may 1916-cı ildə Qarabağın incisi olan Şuşa şəhərində anadan olub. Onun həyat yolu və müharibə dövründəki qəhrəmanlığı, Azərbaycanın igidlər tarixinin əvəzsiz səhifələrindən birini təşkil edir. Xəlil Məmmədov 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştirak edərək Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. O, yüksək döyüş bacarığı və liderlik keyfiyyətləri ilə tanınıb və bir çox mühüm döyüşlərdə iştirak edib. Xəlil Məmmədovun Şuşada doğulması da onun həyatına xüsusi bir məna qatır. Şuşa, həm mədəni, həm də tarixi baxımdan Azərbaycanın ən mühüm şəhərlərindən biridir və belə bir şəhərdən çıxmış bir qəhrəmanın döyüşlərdə göstərdiyi fədakarlıq və igidlik həm Azərbaycan xalqının, həm də bütün insanlığın azadlıq və müstəqillik uğrunda mübarizəsinə töhfə idi. Xəlil Məmmədovun həyat yolu çox məşəqqətli olmuşdur. O, gənclik illərində çalışqan və iradəli bir insan kimi tanınıb. Sənaye texnikumunu bitirdikdən sonra, ölkə üçün vacib olan dövrün tələbi ilə ordu sıralarına çağrılıb.İkinci Dünya Müharibəsi başlayanda öncə Qafqaz cəbhəsinə göndərilib. Müharibə illərində Xəlil Məmmədov sıravi tankçılıqdan mayor rütbəsinə, ardınca isə tank taboru komandiri vəzifəsinə qədər yüksəlib. Qısa müddət ərzində döyüş şəraitində hərb sənətinin incəliklərini mənimsəyən qorxmaz azərbaycanlı 1942-ci ilin dekabr ayında göstərdiyi qəhrəmanlığa görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib. Hərbi əməliyyatlardakı uğurlarına görə komandanlığın diqqət mərkəzində olan tabor komandiri bir il keçməmiş ikinci dəfə “Qırmızı ulduz” ordeni ilə təltif olunub. Növbəti dəfə Xəlil Məmmədovun taboru döyüşlərin daha şiddətli keçdiyi Cənub-Qərb cəbhəsinə göndərilib. Komandanlıq taborun qarşısında alman qoşunları tərəfindən mühasirəyə alınmış Zaporojye şəhərinin mühasirə həlqəsinin cənub tərəfdən dağıdılması tapşırığını qoyub. Bu tapşırığı uğurla yerinə yetirən Xəlil Məmmədov “Aleksandr Nevski” ordeni ilə təltif edilib. Ukraynanın işğaldan azad edilməsində ən ağır döyüşlərdə iştirak edən Xəlil Məmmədovun sonrakı döyüş yolları Macarıstan, Yuqoslaviya, Çexoslovakiya, Rumıniyadan keçib. Xəlil Məmmədov Rumıniyanın Tırqu Frumos şəhərinin işğalçılardan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Xəlil Məmmədovun taboru sonra Macarıstanda qərarlaşıb. Növbəti əməliyyatlara hazırlaşanda səhra poçtalyonu ona xüsusi zərf təqdim edib. Zərfin “məxfi” möhürlü olmasını görən komandir məktubu müavininə yönləndirib. Zərfdə isə SSRİ Ali Sovetinin Xəlil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı fərmanı olub. Döyüş yoldaşları onu “məğlubedilməz Məmmədov”, “amansız döyüşçü”, “gecə hücumlarının ustası” adlandırıblar. İkinci Dünya Müharibəsindən sonra ehtiyatda olan mayor Xəlil Məmmədov partiya orqanlarında çalışıb. O, 1946-cı ildə Bakının Əzizbəyov rayon Partiya Komitəsinin 1-ci katibi olub. 1955-ci ildə Sov.İKP MK yanında Ali Partiya Məktəbini bitirib. Xəlil Məmmədov 1957-ci ildə əvvəlcə daxili işlər nazirinin müavini, daha sonra 1-ci müavin, 1960-cı ildə isə daxili işlər naziri vəzifəsinə təyin edilib, ona general-mayor rütbəsi verilib. 1965-cı ildən Xəlil Məmmədov Nazirlər Sovetinin sovet orqanları şöbəsinə rəhbərlik edib, Xəlil Məmmədov “Berlinin alınmasına görə”, “Vyananın alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə” medalları ilə; Qırmızı Ulduz (iki dəfə), Aleksandr Nevski, Lenin, 1-ci dərəcəli Vətən müharibəsi və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur. Xəlil Məmmədov harada işləməsindən asılı olmayaraq, həmişə böyük hörmətə, nüfuza malik olmuşdur.Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Xəlil Məmmədov 21 fevral 1989-cu ildə dünyasını dəyişib. Xəlil Məmmədovun adı doğma Şuşa şəhərində əbədiləşdirilib. Şuşa şəhəri, tarixi və mədəni əhəmiyyəti ilə yanaşı, Azərbaycanın qəhrəmanlıq tarixinin də mühüm bir mərkəzidir. Xəlil Məmmədov kimi şəxsiyyətlərin adlarının bu şəhərdə əbədiləşdirilməsi, milli yaddaşın qorunması və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynamışdır.Bu gün Qarabağ savaşında Şuşa uğrunda savaşlarda şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanlar Albert Aqarunov, Ramiz Məmmədzadə kimi igidlərin intiqamı döyüş meydanında alındı.44 günlük Vətən müharibəsində Qarabağın, Şərq Zəngəzurun xilaskarı kimi tarix yazan Azərbaycan bayrağını Şuşa qalasından asan cəsur döyüşçülər sübut etdilər ki, onlar həm də Şuşanın əyilməz oğlu Xəlil Məmmədov kimi qəhrəmanların yetirmələridirlər.                         Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri                         polkovnik   Cəlil Xəlilov

Hamısını oxu
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial barədə məlumat verdi. Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir. Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır. Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir. XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur. Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur. İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir. Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir. Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır. Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı. Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.  

Hamısını oxu
“Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir”

Cəlil Xəlilov: “Veteranlarımız hər zaman olduğu kimi, bundan sonra da prezidentimizin siyasətini yekdilliklə dəstəkləyəcəklər” “Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir”. “Ölkəmizdə şəhid ailələri və veteranlara dövlətimiz tərəfindən daim böyük qayğı və diqqət göstərilib, onların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan, yaxın gələcəkdə də mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan biri bütün şəhid ailələrinin və əlillərin qarşıdakı 5 il ərzində mərhələli şəkildə mənzillə təminatı ilə bağlıdır. Bununla bağlı cənab prezidentin sərəncamı mövcuddur və əlaqədar qurumlar haqqında bu sərəncamdan irəli gələn vəzifələrin həlli ilə məşğuldurlar. Şəhidlərin ailə üzvlərinin təhsil haqqından azad edilməsi, onlara verilən çoxsaylı imtiyazlar dövlətimizin öz şəhidlərinə, onların ailə üzvlərinə, əlil və veteranlarına sahib çıxdığını, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaq üçün mütəmadi surətdə ciddi addımlar atdığını göstərir”. Son vaxtlar veteran təşkilatlarının konfederasiya halında birləşməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirən polkovnik, maraqlı təkliflə çıxış edib: “Bildiyiniz kimi, son günlər veteran təşkilatlarının konfederasiya halında bir araya gəlməsi müzakirə olunur. Bu təkliflə çıxış edənlər ilk öncə konfedarasiyanın hüquqi anlamının fərqli olduğuna diqqət yetirməlidirlər ki, bu anlayış dövlətlərə aiddir. Təbii ki, bu və digər təkliflərdə əsas məqsəd veteranlarla bağlı bütün məsələləri diqqət mərkəzində saxlamaq, onlarla ünsiyyət və əlaqələri intensivləşdirməkdir. Mənsə hesab edirəm ki, hər bir dövlət qurumunun nəzdində veteranlarla bağlı təşkilat və bölmənin yaradılması daha faydalı olar. Belə olarsa, o zaman hər bir dövlət qurumundan Vətən müharibəsində iştirak edən şəxslər bu təşkilatda bir araya gələr ki, bu da həmin dövlət qurumuna öz veteran əməkdaşlarının hər birini diqqətdə saxlamağı, onlarla çevik əlaqə yaratmağı, onların problemlərinin daha operativ həlli istiqamətində addımlar atmağı ən çətin və ən mürəkkəb məsələlərin həllində onların gücündən istifadə edər, gənclərin mənəvi və peşəkar fəaliyyətinin daha da yaxşılaşdırılmasında nümunə, örnək olarlar. Düşünürəm ki, belə bir addım həm veteranlarımız, həm də dövlət qurumlarımız üçün daha məqsədəuyğun olar”. Veteranların Ali Baş Komandan, prezident İlham Əliyevin siyasətini hər zaman müdafiə etdiyinə diqqət çəkən Cəlil Xəlilov, veteranlaırn bundan sonra da ölkə başçısını yekdilliklə dəstəkləyəcəklərini vurğuladı: “Veteranlarımız hər zaman cənab prezidentimizin, hörmətli Ali Baş Komandanımızın siyasətini dəstəkləyib, onun ətrafında sıx birləşərək dövlət maraqlarımızın, milli maraqlarımızın müdafiəsində iştirak edib. Əminliklə bildirirən ki, veteranlaırmız bundan sonra da ərazi  bütövlüyümüzü təmin edən, erməni işğalına son qoyan, vətəndaşların sosal rifahının yüksəldilməsi üçün fədakarlıq göstərən prezident İlham Əliyevin siyasətini dəstəkləyəcək, dövlətimizin, onun maraq və mənafeylərinin müdafiəsində əllərindən gələni əsirgəməyəcəklər”.

Hamısını oxu