Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Naxçıvandakı təlimlər düşməni lərzəyə gətirdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev müsahibə verib. Publika.az müsahibəni təqdim edir. - Məhərrəm müəllim, Azərbaycan və Türkiyə arasında hərbi təlimlər uğurla başa çatdırıldı və bu təlimlər nəinki regionda, demək olar ki, dünya miqyasında çoxsayı müzakirələrə səbəb oldu, eləcə də işğalçı Ermənistan tərəfi ciddi təlaş yaşadı. Ümumiyyətlə, posesləri nəticə olaraq necə qiymətləndirərdiniz? - Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə daha öncələr də genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Məhz bu ay keçirilən təlimlər də qrafikə uyğun olaraq baş tutdu. Özü də deyərdim ki, daha geniş masştabı ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə fərqləndi. Bu baxımdan, dünyanın diqqət mərkəzinə düşdü və hər iki ölkənin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirdi. Diqqət yetirsək görərik ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edildi, o cümlədən, paytaxt Bakı da daxil olmaqla Naxçıvanda, Gəncədə, Kürdəmirdə və Yevlax şəhərlərində keçirildi ki, burada çoxsaylı döyüş taktikalarının bütün mümkün vasitələrindən istifadə olundu. Əlbəttə, belə bir nəhəng hərbi təlimlərin keçirilməsi dünyanın da diqqətindən kənarda qala bilməzdi. Çünki bu gün qardaş Türkiyə deyərdim ki, anti-terror, dövlət sərhədlərinin mühafizə əməliyyatları baxımından ən öndə gedən və güclü orduya malik olan dövlətdir və biz qardaş ölkənin hərbi kontingentinin dünyanın müxtəlif ölkələrindəki uğurlu əməliyyatlarının da şahidləriyik. O cümlədən, Azərbaycan da istər Qafqaz regionunda, istərsə də beynəlxalq aləmdə söz sahibinə çevrilib və bu faktor özünü barəsində danışdığımız hərbi təlimlərlə də isbatlayır. Nəzərə alsaq ki, Azərbaycanın ərazisinin 20 faizi təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində hələ də işğal altındadır və nankor qonşumuz zaman-zaman silahlı insidentlər, təxribatlar törətməklə işğalçı siyasətini uzatmağa çalışır, bu zaman düşmənin nəyə görə bu qədər narahat olmasını da anlamaq çətinlik yaratmır. Mən bu xüsusda düşmənin Tovuz istiqamətindəki təxribatçı əməllərini xatırlatmaq istərdim. Bu uğursuz taktika nəticəsində erməni ordusu ağır itkilərlə geri çəkilməyə məcbur oldu. Lakin daha bir fakt bu oldu ki, qəhrəman zabitlərimiz rütbələrindən asılı olmayaraq əsgərləri ilə ön sıralarda döyüşdülər, onlar öz əsgərlərinin arxalarında deyil, məhz önündə gedərək, onları düşmənlə döyüşə ruhlandırdılar. Bu döyüşlərdə şəhid olmuş general-mayorumuz Polad Həşimovun peşəkar ali rütbəli zabit kimi ön sıralarda döyüşməsi və Vətənin bütövlüyü uğrunda canından keçməsi də sübut edir ki, Azərbaycanın sıravi əsgərindən tutmuş ən ali rütbəli zabitinə qədər hər kəs bu yolda gözünü qırpmadan irəliləmək, əzmlə döyüşmək qüdrətindədir. Bu cür qəhrəmanlıq şücaətləri ilə tarix yazan xalqın yalnız və yalnız qələbə qazanmaq ruhunda olması isə əlbəttə ki, labüddür, reallıqdır. Polad Həşimov kimi generalımızın timsalında göstərilən qəhrəmanlıq şücaəti hər bir əsgərimizə, hər bir zabitimizə, eləcə də bütün dünyaya göstərilən danılmaz örnək, inkaolunmaz nümunədir. Söz yox ki, bütün bunların müqabilində, yəni düşmən təxribatından sonra baş tutan geniş miqyaslı hərbi təlimləri xaraktercə xəbərdarlıq siqnalı kimi dəyərləndirə bilərik. Belə bir məsələdə, haqq və ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da çoxsaylı qətnamələr və sənədlərlə Azərbaycan torpaqlarının işğala məruz qaldığını, Ermənistanın isə təcavüzkar dövlət olduğunu bəyan edir. Bir çox ölkələr Tovuz təxribatının ardınca Azərbaycanın mövqeyinə dəstək göstərdilər və qardaş Türkiyə dövləti bilavasitə bizim yanımızda olduğunu bəyan etdi. Ermənilər bundan narahatlıq keçirməyə bilməzdilər və xüsusilə Naxçıvandakı təlimlər düşməni ciddi şəkildə lərzəyə gətirdi. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi təlimləri işğalçı Ermənistana sonuncu xəbərdarlıqlardan biri oldu və onlar bunu da dərk edirlər ki, lokal hərbi qarşıdurma yaşanarsa, müharibə baş verərsə, ümumiyyətlə, Ermənistan dövlət olaraq xəritədən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmalı olacaq. Bu məsələdə isə, bütün cavabdehlik, məsuliyyət birmənalı olaraq işğalçı ölkənin rəhbərliyi üzərinə düşür. - Cənab general-polkovnik, təlimlərdən sonra ölkələrimiz arasında ikitərəfli görüşlər baş tutdu. Bu görüşlər özündə daha hansı faktorları ehtiva edir? - Qeyd edim ki, hərbi təlimlərin ardınca Xarici işlər naziri və Müdafiə naziri Türkiyədə səfərdə oldular, geniş tərkibdə görüşlər keçirdilər, qardaş ölkənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanla da görüşərək, qarşıda dayanan məsələləri, müzakirə etdilər. O cümlədən, Prezident İlham Əliyev cənabları Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini, Quru Qoşunları komandanını, Hərbi Hava Qüvvələri komandanını və Hərbi Dəniz Qüvvələri komandanını qəbul etdi. Bu görüşlərdə də vurğulandı ki, hərbi təlimlərin keçirilməsi həm də bir ənənədir və bu ənənə özünü bir ildə keçirilən 10-dan çox birgə təlimlərlə də sübut etməkdədir. Daha bir faktor isə budur ki, digər sahələrlə yanaşı, bizim hərbi-texniki sahədə, xüsusilə hərbi sənayedə ikitərəfli əməkdaşlığımız mövcuddur. Bu elə bir əməkdaşlıqdır ki, heç bir başqa ölkələr arasında belə sıx hərbi məqsədli təmaslar mövcud deyil. Ancaq o da kimsəyə sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də qardaş ölkənin bu potensialından faydalanırıq. Çünki Türkiyə dünyanın ən müasir hərbi-texniki silahlarına, avadanlıqlarına malikdir və onların əksəriyyəti həmin ölkənin öz milli istehsalıdır. Etiraf edək ki, Türkiyənin belə bir hərbi gücə malik olması istər-istəməz bəzi dairələri narahat edir, eyni zamanda, işğalçı Ermənistan bu qaçılmaz amildən təlaşlanır. Cənab Prezident İlham Əliyevin keçirdiyi görüşü əsnasında Türkiyə ilə hərbi-texniki əməkdaşlığın daha da artırılacağı və bir nömrəli tərəfdaşı olacağı barədə vurğuladığı fikirləri də qənaətə gəlməyə zəmin yaradır ki, artıq ölkələrimiz regionun stabilliyini, təhlükəsizliyini təmin etmək üçün vahid güc mərkəzinə çevrilməkdədirlər. - Məhərrəm müəllim, Ermənistanın ali və hərbi rəhbərliyi hələ də təxribatçı mövqelərinə hər hansı qeyri-ciddi fikirləri ilə haqq qazandırmağa cəhdlər göstərməklə yanaşı, qondarma “DQR”ə rəhbərlik edən şəxs də bugünlərdə “Gəncəni vurmaq” tipli fikirləri ilə gündəmə gəldi. Sizcə, bu cür bəyanatları verərkən onlar nəyə, yaxud hansı güclərinə arxalanırlar? - Bilirsiniz, hər hansı əməli icra etmək nə qədər çətindirsə, danışmaq bir o qədər asandır. Hesab edirəm ki, belə bir cəfəng, gülünc fikirlərlə gündəmdə qalmaq səyləri daxili publikaya hesablanmış növbəti uğursuz cəhddir. Onlar sadəcə danışırlar və eyni zamanda, onlar həmin işğalçılardır ki, 2016-cı ildə də bənzər bəyanatlarını irəli sürürdülər, Aprel müharibəsində isə bir neçə qatlıq cavabların aldılar. Ancaq buna baxmayaraq, sonrakı zamanda aldıqları ağır məğlubiyyətlərini, çoxsaylı tələfatlarını, itirilmiş işğal altındakı əraziləri, yüksəklikləri xalqdan gizlətməkdən ötrü daha kəskin hərbi ritorika ilə hədələr yağdırmağa, yalanlar danışmağa başladılar. Amma nə oldu? Nə baş verdi? Azərbaycan Ordusu Naxçıvanda Günnüt zəfərini qazandı və hərbi istehkamlarını daha da gücləndirdi, Ermənistanın hərbi-streteji məkanlarını tam nəzarətə götürdü. Görünür, düşmən hələ də öz köhnə düşüncəsində, ampluasında qalmaqdadır və növbəti dəfə uğrayacağı fiaskodan ciddi narahatlıq, ardıcıl sarsıntı keçirir. Erməni tərəfinin arxalanacağı güclər isə artıq onlardan üz döndərməkdədirlər. Bu gün işğalçı ölkədəki daxili vəziyyətin hansı səviyyədə olduğunu müşahidə etməkdəyik. Xalq kütləsi öz rəhbərinə inanmır, ordu zəif, əsgər ac və texniki cəhətdən təchizatsızdır və bununla yanaşı, erməni baş nazir özünü siyasi arenada rüsvay etməkdə davam edir. Elə də uzağa getməyərək, onun BBC-yə verdiyi müsahibəsində verilən suallar qarşılığında dalana dirənməsini, acizliyini də göstərə bilərik. Belə danılmaz faktlar qarşısında gülünc bəyanatların verilməsi isə heç bir məntiqə, düşüncəyə sığmır. Bu gün nəinki Azərbaycan, hətta erməni xalqı da yaxşı bilir və dərk edir ki, Ermənistanın rəhbərliyi heç vaxt verdikləri publik bəyanatlarını həyata keçirməyə nə gücləri çatar, nə də buna cürət edə bilməzlər. Əksinə, Azərbaycan Ordusu qısa zamanda işğal altındakı ərazilərini, eyni zamanda, tarixi ərazilərini azad etmək qüdrətindədir və beynəlxalq siyasi mərkəzlər də bayaq qeyd etdiyim kimi, bizim tərəfimizdədir.

2020-08-18 00:00:00
3493 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilib

Sentyabrın 4-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında tanınmış ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Zəfər tariximizin  fatehləri” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Vətən Müharibəsi iştirakçıları, müxtəlif kateqoriyadan olan veteranlar, dövlət orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin və DİN-nin Daxili Qoşunlarının kursant və zabitləri də  iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov “Zəfər tariximizin  fatehləri” kitabının ictimai-siyasi, eləcə də tarixi önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, kitabda Azərbaycan xalqının zəfər tarixi dolğun şəkildə öz əksini tapıb ki, bu da qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, “Zəfər tariximizin fatehləri” kitabının müəllifi, yazıçı-publisist Zərifə xanım Quliyeva tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. Kitabda Prezident İlham Əliyevin zəfər tariximizin memarı kimi rolundan ətraflı bəhs etdiyini bildirən Zərifə xanm, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətlərinə diqqət çəkb, onun Müqzəffər Ali Baş Komandana dəstəyini yüksək qiymətləndirib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli, fizika elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Adilə xanım Abbasova, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanım Muradova da çıxış edərək kitab haqqında fikir və təəssüratlarını bölüşüblər. Tədbirdə Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü, "Miras" qrupunun yaradıcısı və kreativ direktoru Nigar Helmi Abbasbəyli də iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov yubiley münasibətilə sabiq diplomat Yaşar Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polklovnik Cəlil Xəlilov Rəyasət Heyəti adından sabiq səfir və millət vəkili Yaşar Əliyevi 75 illik yubileyi münasibətilə təbrik edib, onu Təşkilatın xüsusi mükafatı ilə təltif edib.  Görüş zamanı sabiq diplomata veteranların təbrikini çatdıran polkovnik Cəlil Xəlilov, Yaşar Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin heç zaman unudulmayacağını bildirib: “Uzaq Çindən tutmuş Şərqi Asiyanın bir çox dövlətlərində - Vyetnam, Cənubi Koreya və s. ölkələrdə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi şərəflə xidmət etmiş, müstəqilliyimizin bu coğrafiyada tanınması və möhkəmlənməsi istiqamətində əzmlə çalışmısınız. Təsadüfi deyil ki, Sizin səfir kimi fəaliyyət göstərdiyiniz dövlətlərlə Azərbaycan arasında hər zaman xoş, isti münasibətlər formalaşmış, milli maraqlarımıza hörmət və ehtiram ifadə olunmuşdur. Bu gün hamımızın vətəni olan doğma Azərbaycanımız XX əsrin sonlarındakı Azərbaycandan müqayisəedilməz dərəcədə qüdrətli və yenilməz olsa da, xalqımız çətin zamanda ölkəsinə sədaqətlə xidmət edən insanları unutmur, vətənimizin bu gözəl günlərə çıxmasında bir çox insan kimi Sizin də əməyinizin önəmini yaxşı dərk edir. Sizin xalqımız və dövlətimiz qarşısındakı xidmətləriniz bu gün də fərəh doğurmaqda, minnətdarlıq hissi ilə yad edilməkdədir. Əmin ola bilərsiniz ki, bundan yüz illər sonra da Siz və Sizin milli dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən əməlləriniz xalqımız tərəfindən əsla unudulmayacaq, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Bir daha 75 illik yubileyinizi təbrik edir, bütün arzularınızın ən qısa zamanda reallığa çevrilməsini diləyirik!” Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib

9 dekabr saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev – hüquqi və demokratik dövlət quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib.   Konfransı giriş sözü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi  1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki roluna diqqət çəkib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan bir dövlət kimi parçalanmadan xilas olub, öz müstəqilliyini möhkəmləndirib, bütün parametrlər üzrə sürətli inkişaf dövrünə qədəm qoyub.     Sədr müavininin çıxışından sonra Ulu öndərə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” filmi nümayiş olunub.   Daha sonra Azərbaycan Respublikası “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev, akademik Ziyad Səmədzadə,  Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru  Abduləli Abdullayev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timoşenko, fəlsəfə elmləri doktoru, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, şöbə müdiri general-mayor Rasim Əliyev, şöbə müdiri Bəhram Zahidov çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzssiz xidmətlərinə toxunublar.   Tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyevin ideya müəllifliyi və  təşkilatçılığı ilə çap edilən “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı  da konfrans iştiakçılarına təqdim olunub. Kitabda 1969-2019-cu illərdə hüquq-mühafizə orqanlarındakı islahatlar öz əksini tapıb.   Tədbirdə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenatı Ruslan Vəliyev, müharibə veteranları və ziyalılar iştirak edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: - Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, əziz dostlar, sizi Azərbaycanda salamlamağa şadam. Biz qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərinə dair artıq ətraflı müzakirələr aparmışıq. Bu gün geniş tərkibdə davam edəcəyik. İlk növbədə, mənim dəvətimi qəbul etdiyinə və Azərbaycana dövlət səfərinə gəldiyinə görə Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istərdim. Özbəkistan Prezidenti seçkilərində qələbədən sonra bunun birinci dövlət səfəri olması bizim üçün xüsusilə sevindiricidir. İlk növbədə, Sizi inamlı qələbə münasibətilə bir daha təbrik etmək və ilk səfərinizi bizim ölkəmizə etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm. Biz bunu qardaşlıq və dostluq, Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk. Ölkələrimizi qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir. Düşünürəm ki, son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb. Özbəkistana dövlət səfərimi və mənə göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıram. Həmçinin demək istəyirəm ki, Özbəkistanın şahidi olduğum sürətli inkişafı, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsi məndə dərin təəssürat yaratdı. Əlbəttə, bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu, həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və düşünürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər. Həmçinin bilirlər ki, Sizinlə danışdığımız kimi, biz bütün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik. Biz bu gün geniş tərkibdə görüşdə, - ötən ay hökumətlərarası komissiyanın iclası olub, – həmçinin beynəlxalq platformalarda, eləcə də energetika, nəqliyyat sahələri üzrə və bütövlükdə iqtisadi qarşılıqlı fəaliyyətdə görülmüş işlər barədə bizə məruzə edəcək nümayəndə heyətlərinin üzvlərinə söz verəcəyik. Beləliklə, hörmətli Şavkat Miromonoviç, bir daha xoş gəlmisiniz. x x x Prezident Şavkat Mirziyoyev çıxış edərək dedi: - Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən dəvətə, artıq Azərbaycan torpağına ayaq basdığımız andan nümayəndə heyətimizin bütün üzvləri ilə bərabər hiss etdiyimiz belə mehriban, dostcasına və qardaşcasına qəbula görə Sizə bir daha səmimi-qəlbdən təşəkkür edirəm. Əlbəttə, Siz doğru qeyd etdiniz ki, yenidən Özbəkistan Prezidenti seçildikdən sonra Azərbaycana səfərim təsadüfi deyil. Çünki son 3-4 il ərzində biz Sizinlə birlikdə münasibətlərimizi tamamilə başqa səviyyəyə yüksəltmişik, həmçinin beynəlxalq müstəvidə. Bu, hər yerdə hamı tərəfindən qəbul edilir. Fikrimcə, Azərbaycan ilə strateji tərəfdaşlığın dərinləşdirilmiş həmin vektoru öz real bəhrələrini verir. Həm Azərbaycan, həm də Özbəkistan xalqları bunu görür. Artıq dediyim kimi, bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüzillik yubileyi Özbəkistanda çox yüksək səviyyədə keçirilib. Əlbəttə, bizdə - Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır. Əslində, hesab edirəm ki, görülən bütün işləri Özbəkistan xalqı tamamilə başqa cür dəyərləndirir. Onu görən, onunla qarşılaşan, onunla işləyən yaşlı nəsil də bizim Özbəkistan gənclərinə çatdırıblar ki, əslində, Azərbaycanın və Özbəkistanın həyatın həmin çətin anlarında qarşıya qoyulan hədəflərə çatması, Azərbaycan və Özbəkistan rəhbərliyinin bir-birini başa düşməsi, çox şey əldə etməsi üçün Heydər Əlirza oğlu uzun illər əlindən gələni edib. x x x Görüşdə xarici işlər nazirləri, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri, energetika, nəqliyyat və kənd təsərrüfatı nazirləri verilmiş tapşırıqlara uyğun olaraq sahələr üzrə məruzələri təqdim etdilər. Dövlət başçıları əlavə tapşırıqlar verdilər. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında birbaşa aviareyslərin artmasından məmnunluq ifadə olundu, həftədə 15 reysin həyata keçirildiyi bildirildi. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq məsələləri müzakirə edildi. Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi barədə qərarın Bakıda qəbul olunduğu vurğulandı.

Hamısını oxu