Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qələbə bizimlədir, Qarabağ bizimdir - RƏY

“Azərbaycanın ordu quruculuğu, ordumuzun potensialı, döyüş qabiliyyəti bu gün çox yüksək səviyyədədir. Tərtər-Ağdərə uğrunda döyüşlərdə iştirak etmişəm. O dövrlərdə silah-sursatımız az idi, hərbi hazırlıq səviyyəsi aşağı idi. İndi Azərbaycan Ordusu çox güclüdür. İnanıram ki, qələbə bizimlədir, Qarabağ bizimdir”. Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan baş gizir Tapdıq Məmmədov deyib. O bildirib ki, dövlət qəsbkarlara qarşı dözdü, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışdıq: “Lakin indi haqq-ədalət öz yerini tutmaq üzrədir. Gördük ki, ATƏT-in Minsk Qrupundan heç bir köməklik göstərilmədi. İndi dövlətimizin qüdrətli ordusu var. Döyüşə hazırıq, qələbə isə sözsüz ki, bizim olacaq. Cəmiyyətdə ordumuza çox böyük inam var, hər kəs qələbə ruhunda danışır və düşünür. Döyüş mütləq olmalıdır. Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq səlnaməsi yaradıb. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır və güvənir. Yadda saxlamaq lazımdır ki, ya silahla qələbə qazanmaq olar, ya da güclü təxribatla. Panika silahdan güclüdür. Odur ki, ordumuz və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan, yalan, dezinformasiya yayan şəxslər ən sərt şəkildə qınanılmalıdır. Bu gün ordumuz müasir texnika ilə təmin olunub. Artilleriyada yeni silahlar və qurğular var”. Tapdıq Məmmədov onu da əlavə edib ki, Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Aytən Məftun

2020-09-22 00:00:00
3614 baxış

Digər xəbərlər

“Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, tələbələrin, zabitlərin, ziyalıların iştirakı ilə  “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda keçirilən konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransda açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə diqqət çəkib, bu zəfərin hərbi önəmi ilə yanaşı, iqtisadi-siaysi və mənəvi əhəmiyyətinə toxunub: “Prezident İlham Əliyevin liderliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər, eləcə də, 2023-cü ildə həyata keçirilən suverenliyin tam bərpası əməliyyatı böyük hərbi, tarixi, siyasi və mənəvi əhəmiyyətə malikdir. Bu qələbələr göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etməyə, suverenliyini qorumağa qadirdir və heç vaxt heç bir təzyiq qarşısında boyun əyməyəcək. Azərbaycan dövləti müharibədən öncə olduğu kimi, post-müharibə dönəmində də sülh səylərini aktiv şəkildə davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomalarımızın apardığı sülh uğrunda mübarizə cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə yekunlaşdı. Dövlətimiz müharibədə olduğu kimi sülh müstəvisində də qələbə çaldı, milli maraqlarını uğurla təmin etdi. Azərbaycan mühribənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifinə çevrildi”. Konfransa çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai Azərbaycanın həm müharibə, həm də diplomatik müstəvidəki uğurlarına diqqət çəkib. Millət vəkili bildirib ki, hər iki platformada Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən zəfərlər dövlətimizin gücündən, onun mübarizə əzmindən xəbər verir.  Müasir gəncliyin qalib gənclik olduğunu vurğulayan millət vəkili, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın yeni-yeni uğurlar əldə edəcəyindən əmin olduğunu bildirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi zəfərin önəminə toxunub, məhz bu zəfər sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsi şəhidləri arasında ADPU-nun da məzunlarının olduğunu bildirən rektor, şəhidlərin xatirəsinin əziz tutulduğunu, onların hər zaman hörmət və ehtiramla yad edildiyini bildirib. Nərimanov Rayon İcra Hakimiyyətinin başçı Elgin Həbibullayev də çıxışında 44 günlük Vətən müharibəsindəki tarixi zəfərin Azərbaycanın dünyadakı nüfuzunu artırdığını, dövlətimizin inkişafı üçün yeni imkanlar və perspektivlər yaratdığını bildirib.  İcra başçısı qeyd edib ki, müasir dövrdə müharibə yalnız hərb meydanında raketlərlə aparılmır. Həm də sosial şəbəkələrdə, digət platformalarda aparılır. Buna görə də hər kəsin milli maraqlarımızın müdafiəsində xüsusi fəallıq və ayıq-sayıqlıq sərgiləməsi vacibdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, ehtiyatda olan polkovnik Qabil Talıbov,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin IV kurs tələbəsi Ülvi Həsənzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Nəzrin Abdullayeva, 44 günlük Vətən müharibəsi veteranı Xəzər Abdullayev də 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində gerçəkləşən suverenliyin tam bərpası əməliyyatının önəmindən danışıblar. Natiqlər qeyd ediblər ki, məhz Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, Silahlı Qüvvələrimizin fədakarlığı, xalqımızın həmrəyliyi tarixi zəfərimizi təmin edib, uzun illərdir davam edən işğal probleminə son qoyub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris  işləri üzrə müavini professor Əlikram Abdullayev də konfransda iştirak edib. Konfransın sonunda təhsildə fərqlənən tələbələrə Fəxri Fərmanlar verilib, xatirə şəkli çəkilib.  

Hamısını oxu
“26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati binasında “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri Vətən Mü

Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hər bir şəxsə qayğı və dəstəyin göstərilməsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzindədir. İkinci Qarabağ Müharibəsi iştirakçılarının diqqətdə saxlanılması dövlət təşkilatları ilə yanaşı ictimai birliklərin və hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. “26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin təşkilatçılığı ilə bu gün, 2021-ci il iyunun 24-də Baş Prokurorluğun yeni inzibati binasında Qarabağ Müharibəsi iştirakçıları, qaziləri və döyüşlərdə yaralanmış hərbçiləri ilə görüş keçirilmişdir.  Görüş iştirakçıları burada yaradılmış Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial muzeylə tanış olmuşlar. Bundan sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin akt zalında tədbir açıq elan edilərək Vətən müharibəsində şəhid olan bütün əsgər və zabitlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə iştirak edən “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri və Vətən müharibəsinin iştirakçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı yenilməz Azərbaycan ordusunun zabit və əsgərlərinin şücaətindən və qəhrəmanlıqlarından danışmışlar. Tədbirin yekununda Vətən müharibəsi iştirakçılarına İctimai Birlik tərəfindən hədiyyələr verilmiş və xatirə fotoşəkli çəkilmişdir.                  

Hamısını oxu
“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinə böyük töhfələr verib!”

Cəlil Xəlilov: “General Əli Nağıyev Prezidentin etimadını doğruldaraq bu qurumu qısa zamanda layiq olduğu zirvəyə yüksəldə bilib” 8 noyabr Zəfər Günü ilə yanaşı, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ad günüdür. Bü münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Vetaranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin Vətən müharibəsindəki roluna diqqət çəkib, general Əli Nağıyevin ad gününü təbrik edib: “8 noyabr Azərnbaycan xalqının Zəfər Günü, mənəvi diriliş günüdür. Düz iki il bundan öncə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni faşizmini cəmi 44 gün ərzində darmadağın edərək işğaldakı torpaqları yağı düşməndən azad edib. 30 illik işğal dönəmindən sonra ərazi bütövlüyümüz təmin olunub, Şuşada, Laçında, Kəlbəcərdə üçrəngli bayrağımız dalğalanıb. Bu müharibədə erməni işğalçılarına qarşı mübarizədə Dövlət Təhlükəsizliyi Xidməti də yaxından iştirak edib, qələbəmizin əldə edilməsində mühüm rol oynayıb. 8 noyabr həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ad günüdür. Xatırladım ki, məhz general Əli Nağıyev Prezidentin etimadını doğruldaraq Dövlət Təhlükəsizliyi Xidmətini  qısa zamanda layiq olduğu zirvəyə yüksəldə, bu qurumun fəaliyyətində  ciddi keyfiyyət dəyişikliyinə nail ola bilib. Mən hörmətli Əli müəllimi həm Zəfər Günü və Dövlət Bayrağı Günü, həm də ad günü münasibəti ilə təbrik edir, ona, habelə onun rəhbərlik etdiyi quruma gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlətimiz sürətlə inkişaf etməkdə davam edəcək, Dövlət Təhlükəsizliyi Xidməti xalqımızın və dövlətimizin əmin-amanlığının etibarlı təminatçısı kimi bütün məkirli qüvvələrə hər zaman olduğu kimi, bundan sonra da öz yerini göstərəcəkdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Əbədi Birlik” GİB sədri Şahin Əliyev və Quzey Kıbrıs nümayəndəsi Serdar Şengül Respblika Veteranlar Təşkilatının qonağı olub

“Əbədi Birlik” GİB sədri Şahin Əliyev və Quzey Kıbrıs nümayəndəsi Serdar Şengül Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru polkovnik Cəlil Xəlilovu təşkilatın ofisində ziyarət edib, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.  Şahin Əliyev Cəlil Xəlilova müəllifi olduğu “İlhamlı Zəfər - 20” və “Kıbrıs - Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitablarını hədiyyə edib. Şahin Əliyev və Serdar Şengül  qonaqpəvərliyinə görə  görə Cəlil Xəlilova təşəkkür ediblər.

Hamısını oxu