Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası “Xatirə” kitabı”nın 15-ci cildinin təqdimatı

Respublika Veteranlar Təşkilatı Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi böyük töhfələr, milli atıcı diviziyalarımızın şanlı döyüş salnaməsi, azərbaycanlıların bu müharibədə göstərdikləri qəhrəmanlıqlar və keçdikləri şərəfli mübarizə yolunun təbliğini daim diqqət mərkəzində saxlayır. Bu sahədə mühüm işlərdən biri “Azərbaycan Respublikası Xatirə Kitabı”nın yaradılmasıdır. AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 9-da “Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatı ilə əlaqədar Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə səsləndirilib. Əvvəlcə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələrində həlak olmuş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Xatirə Kitabı”nın hazırlanmasına sovet dövründən başlandığını vurğulayıb. Bildirib ki, həmin vaxt nəşrin redaksiya heyəti “Xatirə Kitabı”nın hazırlanması ilə əlaqədar SSRİ respublikalarındakı redaksiyalarla yazışmalar aparıb, onların arxivlərindən müharibədən qayıtmayan Azərbaycan vətəndaşları haqqında məlumatlar toplayıb. Eləcə də Azərbaycan SSR Hərbi Komissarlığının köməyi ilə ölkə ərazisindəki rayon (şəhər) hərbi komissarlıqlarının arxivlərində saxlanılan, Böyük Vətən müharibəsində həlak olan və itkin düşən yüz minədək döyüşçü haqqında məlumatlar əldə edilib. Redaksiya heyətinin əməkdaşları 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olan və itkin düşən Azərbaycan övladları haqqında məlumatların axtarışını və toplanmasını mütəşəkkil qaydada təşkil ediblər və bu işə müqəddəs vəzifə kimi yanaşıblar. Ancaq 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan xaos, hərc-mərclik Veteranlar Təşkilatının fəaliyyətinə, o cümlədən “Xatirə Kitabı”nın hazırlanması işinə də mənfi təsir göstərib. “Azərbaycan Respublikası Xatirə Kitabı”nın hazırlanması yönündə növbəti addımların atılmasına yalnız ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra başlanılıb”, - deyən C.Xəlilov vurğulayıb ki, Ulu Öndər 1997-ci il dekabrın 23-də “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Qanunu imzalaması ilə bu kitabın nəşri kimi ciddi zəhmət tələb edən proses sürətlənib. Bunun nəticəsi olaraq, həmin il “Respublika Xatirə Kitabı”nın birinci cildi çapdan çıxıb. Prezident İlham Əliyevin xalqımızın tarixinin və mədəniyyətinin öyrənilməsinə, təbliğinə yüksək diqqət və qayğısı sayəsində “Azərbaycan Respublikası Xatirə Kitabı”nın artıq 15 cildi hazırlanaraq işıq üzü görüb. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və başqaları çıxışlarında “Respublika Xatirə Kitabı”nın yaradılmasının əhəmiyyətindən, müharibələrdə vuruşmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsindən, Azərbaycan xalqının və Bakı neftinin faşizm üzərində Qələbənin qazanılmasında danılmaz rolundan, ümummilli lider Heydər Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışıblar. Natiqlər xalqımızın, gənclərimizin və dünya ictimaiyyətinin geniş məlumatlandırılması işində, vətəndaşlarımızın müharibədə həlak olmuş və itkin düşmüş yaxınlarının tapılmasında bu kitabın önəmini qeyd edib, nəşrin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıqlarını bildiriblər. Sonra “Xatirə Kitabı”nın hazırlanmasında və ölkəmizin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup şəxs Respublika Veteranları Təşkilatının medal və fəxri fərmanları ilə təltif olunub. Bu nadir nəşrdə Vətən yolunda canından keçmiş soydaşlarımız haqqında yığcam bioqrafik arayışlar verilir. “Respublika Xatirə Kitabı”nın 15-ci cildində isə soyadı “U”, “Ü”, “V” hərfləri ilə başlayan 20 minə yaxın soydaşımızla bağlı məlumatlar əksini tapıb. Kitab İkinci Dünya müharibəsində, Azərbaycanın milli istiqlal mübarizəsində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, ölkəmizin ərazi bütövlüyü uğrunda və müstəqilliyimiz yolunda gedən döyüşlərdə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş, itkin düşmüş Vətən övladlarının əziz xatirəsinə həsr olunub.

2017-03-09 00:00:00
3916 baxış

Digər xəbərlər

Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqət

Azərbaycan Ağsaqqallar Şurası uzun illərdir bu qurumda çalışan, Şuranın sədr müavini Bayram Yusifovun 60 illik yubileyi münasibətilə kitab nəşr edib. Şuradan AZƏRTAC-a bildirilib ki, “Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqət” adlı bu kitabda tanınmış ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, nüfuzlu ağsaqqalların, o cümlədən yubilyara yaxın insanların ürək sözləri, təbrikləri, o cümlədən Bayram Yusifovun ictimai-siyasi fəaliyyəti ilə bağlı müəyyən məqamlar, tədbirlərdəki çıxışları və bəzi şeirləri öz əksini tapıb. Şeirlərin arasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr olunmuş “Ali Baş Komandanım” adlı şeiri də var. Azərbaycanın 44 günlük Vətən müharibəsində dillərdən düşməyən və bu gün də sevilən mahnılardan olan, Əməkdar artist, müğənni Abbas Bağırovun ifa etdiyi “Zəfər marşı”nın sözləri Bayram Yusifovun bu şeirindən götürülüb. Kitabda toplanan dəyərli qələm nümunələrinin hər bir sətrində yubilyara tükənməz sevgi və hörmət hissi duyulur. Kitab boyu mətnləri yubilyarın həyat və fəaliyyətini tarixiləşdirən müxtəlif fotolar müşayiət edir. Yeni nəşri vərəqlədikcə, burada Bayram Yusifov barədə qələmə alınan hər bir söz ürəkdən gələn, onu tanıyanların səmimi sevgisinin ifadə olunduğu sözdür, alicənab şəxsiyyətin əsl dostlarının, Azərbaycanın tərəqqisi, təntənəsi uğrunda yorulmadan mübarizə aparan vətənpərvər insanın fədakar fəaliyyətinin şahidi olan sədaqətli məsləkdaşlarının sözüdür, tükənməz enerji ilə məhsuldar fəaliyyətini davam etdirən müdrik ağsaqqalların, dəyərli ziyalıların sözüdür. Bəli, bu kitabla tanış olan hər bir kəs şahidi olacaqdır ki, həqiqətən də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun yaşadığı ömrün missiyası Vətənə, xalqa, dövlətə sədaqətdir.  

Hamısını oxu
“Ermənistan sülhə yox, sülhün imitasiyasına çalışır”

Cəlil Xəlilov: “İrəvan nə işğal dönəmində, nə də Vətən müharibəsindən sonra sülh danışıqlarında səmimi olmayıb”   “Ermənistan sülhə yox, sülhün imitasiyasına çalışır”.   Bunu saytımıza açıqlamasında Mharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, əslində Ermənistan nə işğal dönəmində, nə də müharibədən sonra sülh danışıqlarında səmimi olmayıb:   “Azərbaycan hələ Birinci Qarabağ müharibəsindən sonra işğal faktorunu aradan qaldırmaq üçün uzunmüddətli diplomatik cəhdlər ortaya qoydu. Lakin 30 ilə yaxın müddətlə problemin sülh yoluyla həlli ilə bağlı rəsmi Bakının ortaya qoyduğu səylər səmərəsiz qaldı. İrəvan bu gün olduğu kimi, həmin dönəmdə də sülh danışıqlarında formal olaraq iştirak etdi. Problemin həlli üçün heç bir real səy, səmimi istək ortaya qoymadı.   Təəssüflər olsun ki, rəsmi İrəvan bu gün də eyni saxtakar siyasəti həyata keçirməkdədir. Vətən müharibəsindən 5 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sülhün əldə edilməsinə süni maneələr yaradır, prosesi məqsədli olaraq yubadır. Bu əsnada, Ermənistan sürətlə silahla siyasəti həyata keçirməkdədir ki, bu da İrəvanın revanşist niyyətlərindən xəbər verir. Görünən odur ki, Ermənistan hələ də 44 günlük müharibənin dərslərindən lazımi nəticə çıxarmayıb və bu gün xam xəyallarla yaşamaqdadır”.   Polkovnik qeyd edib ki, Ermənistan ərazisində fəaliyyət göstəərn Avropa İttifaqının mülki missiyası da sülh prosesinə zərbə vurur, bölgədə gərginliyi artırır:   “Bəlli bir müddətdir ki, Ermənistan ərazisində Avropa İttifaqının monitorinq missiyası fəaliyyət göstərir. Bu missiyanın adı monitorinq missiyası olsa da, bu missiya faktiki olaraq təxribatla məşğuldur. Onlar mütəmadi şəkildə bizim mövqelərimizi müşahidə edir, müxtəlif təxribatçı hərəkətlərə yol verirlər.   Azərbaycan tərəfi dəfələrlə bununla bağlı öz narahatlığını dilə gətirib və bəyan edib ki, Ermənistan həqiqətən də bölgədə uzunmüddətli, etibarlı sülh istəyirsə, o zaman belə təxribatçı addımlardan çəkinməli, Avropa İttifaqı missiyasını sərhəddən yığışdırmalıdır. Ancaq Ermənistan dövlətimizin bu tələbini də yerinə yetirmək üçün konkret addımlar atmır. Bu isə bölgədə vəziyyəti gərginləşdirir, sülh üçün əlavə maneələr yaradır”.   Cəlil Xəlilov qeyd edib ki, proseslərin bu şəkildə davam etməsi bölgədə sülh və təhlükəsizlik baxımından yaxşı heç nə vəd etmir:   “Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan sülh üçün əməli addımlar atmalı, silahlanma siyasətindən imtina etməli, 10 Noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Nə qədər ki, bu baş vermir, nə qədər ki, Ermənistan sülhdən daha çox revanş haqqında düşünür, bölgədə sülh üçün təhdidlər qalmaqda davam edəcək.   Bununla yanaşı, Ermənistan bilməlidir ki, əgər havadarlarının fitnəsinə uyaraq regionda vəziyyəti gərginləşdirməkdə və yeni təxribatlartörətməkdə davam edərsə, bu, Azərbaycanı qəti və qabaqlayıcı addımlar atmağa vadar edəcək. Bunun isə Ermənistan üçün nəticələri son dərəcədə fəlakətli olacaq”.   Seymur ƏLİYEV

Hamısını oxu
“Nə qədər ki, öz əlimdir yazanım”

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yeni dövr mətbuatımızın və jurnalistikamızın formalaşmasında bir çoxlarının danılmaz əməyi olub. Onları daim xatırlamağımız təkcə vicdan borcu deyil, həm də gələcəkdə bu tarixin daha obyektiv və hərtərəfli yazılmasına azacıq da olsa töhfə vermək məsuliyyətindən irəli gəlir. Dünən Azərbaycan mətbuatı və hərbi jurnalistikası son 32 ilin azı yarısının səlnaməsini yaradan istedadlı qələm sahiblərindən birini, imzası yaxşı tanınan Ədalət Teymurovu itirdi. Onun jurnalistlik fəaliyyəti Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsini bitirdiyi 1984-cü ildən daha əvvəl, 1970-ci illərin sonlarından “Bakı” və “İnşaat”çı qəzetlərində başlamışdı. Xüsusən görkəmli mətbuat işçisi, Azərbaycan  jurnalistikasının təşəkkülündə müstəsna yerə malik müəllimi Nəsir İmamquliyevin baş redaktoru olduğu “Bakı” qəzetində işləməsi Ədalət Teymurov üçün də böyük bir məktəb oldu. Bu qəzetlə əməkdaşlığı, az sonra qəzetin ştatlı işçisi kimi fəaliyyətə başlaması onu püxtələşdirdi. Qələmini bir çox mövzularda sınasa da iqtisadiyyat sahəsi ilə bağlı yazıları diqqəti daha çox cəlb etdi. Sonrakı illərdə “Kənd həyatı”, “Azərbaycan təbiəti” jurnallarında dərc edilən publisitik yazıları və sanballı araşdırmaları onu nüfuzlu qələm sahibi kimi tanıtdı. Həmin illərdə Azərbaycanda cəmi bir neçə mərkəzi qəzet və jurnal nəşr edilirdi. Nə gizlədək, bu nəşrlərn bir çoxunda iqtisadi mövzularda yazmağı bacaran jurnalistlər az idi. Çünki adətən, əksər iqtisadçılar hətta mükəmməl iqtisadi təhlillər aparsalar da, maraqlı yazmağı bacarmırdılar, jurnalistlər isə oxunaqlı yazsalar da, bu sahəni lazımi səviyyədə bilməmələri səbəbindən məqalələri ya səthi alınır, ya da mövzu yetərincə açılmırdı. Ədalət Teymurov iqtisadi bilikləri və jurnalist istedadı ilə həmin nəşrləri tam qane edirdi, buna görə də kifayət qədər iş, əməkdaşlıq təklifləri gəlirdi. Öz qərarını verməkdə tərəddüd etməsə belə, bu məqamlarda adətincə, bəzi dostlardan: “Qadası, sən nə məsləhət bilirsən”, deyə soruşardı. Bu təkliflər maddi və təminat baxımından bəzi üstünlüklər vəd etsə də, onları tam fərqli yöndən dəyərləndirməsi yəqin o vaxt olduğu kimi, bu gün də bir çoxlarını təəccübləndirəcək. “Bunu belə, onu elə yaz, deyiləcəksə, siz sağ, mən salamat”. Çox sevdiyi Məmməd Araz demişkən: Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədərki öz əlimdir, yazanım. Yazmadı da, çünki “qələmin borcu həqiqəti yazmaqdır” deyən sələflərdən doğruları yazmağı əxz etmiş, böyüklərdən “özünə, sözünə sədaqət”dərsi almışdı. Bir müddət ciddi məşğul olsa da, 1988-ci ildən sonra ölkədə və ətrafında baş verən hadisələrlə əlaqədar iqtisadi jurnalistika sahəsindəki fəaliyyətinə fasilə verməli oldu. O illərdə Azərbaycan, həqiqətən də, öz tarixinin ən mürəkkəb və çətin dövrlərindən birini yaşayırdı, Ermənistanın ərazi iddiası ilə başlatdığı işğalçılıq müharibəsi respublikanı ağır sınaqlarla üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın etiraz səsini, öz torpağını, haqqını müdafiə etmək qərarını saxta beynəlmiləlçilik təbliğatından əl çəkməyən, əslində, milli məsələlərə biganə olan hakimiyyət orqanlarına çatdırmaq üçün yeni və müstəqil mətbuat orqanlarının yaranmasına ciddi ehtiyac yaranmışdı. Az keçmədi ard-arda belə nəşrlərin meydana çıxması ilə Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açıldı. Sürətlə dəyişməkdə olan şəraitdə qələminə, məsləkinə sədaqətli, sözünü cəsarətlə deyən, açıq fikirli yazarlara meydan verilmişdi. Ədalət Teymurov müstəqil mətbuatın bayraqdarları sırasında olan, 1989-cu il oktyabrın 6-da Qarabağa Xalq Yardımı Komitəsinin nəşri kimi işıq üzü görən “Azərbaycan” qəzetində işə başladı. “Azərbaycan” qəzeti Şərqin ilk müstəqil demokratik dövləti Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il sentyabr ayının 15-də Bakının daşnak-bolşevik qüvvələrindən azad olunduğu gündə ilk sayı çapdan çıxan və Cümhuriyyətinin süqutu gününə qədər nəşr edilmiş eyniadlı rəsmi dövlət qəzetinin varisi idi. Milli mətbuat tariximizdə xüsusi yeri tutan bu qəzetin baş redaktorları Azərbaycanın fədakar aydınları, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Şəfi bəy Rüstəmli kimi böyük şəxsiyyərlər olmuşdular. İndi belə bir nəşrin əməkdaşları sırasında yer almaq, doğrudan da, şərəfli və məsuliyyətli idi. Ədalət Teymurov üzərinə hansı məsuliyyəti götürdüyünü yaxşı bilirdi və bu böyük şərəfi doğrultmaqda, tarixi ənənədən qaynaqlanan missiyanı layiqincə yerinə yetirməkdə qərarlı idi. Öz dövrünün ən oxunaqlı nəşrlərindən olan “Azərbaycan”-nın səhifələrini vərəqləməklə buna canlı şahidlik etmək mümkündür. Ədalətin həmin qəzetdəki yazıları haqqında “Azərbaycan”-nda ona çiyindaşlıq etmiş tanınmış jurnalist, istedadlı publisit Elman Gədiklinin dedikləri ən yaxşı bələdçidir. “Ədalətin bənzərsiz üslubu, mövzunu mükəmməl çardırması, təsirli və oxunaqlı dili adamı valeh edirdi. O, haqqını almamış orjinal qələm adamı idi”. Ədalət təqribən iki il sonra fəaliyyətini başqa bir yeni və müstəqil qəzetdə, həmin vaxt Hüquqşünaslar İttifaqının nəşri olan “Ədalət”də davam etdirdi. Düzə düz, əyriyə əyri dedi, doğruları yazmaqdan nə çəkindi, nə də usandı. Ancaq həmişə ədalətli oldu, ən kəskin vəziyyətlərdə belə obyektivliyi gözlədi, həqiqəti yazdı desəm, heç bir mübaliğəyə yol vermərəm. Ədalət “Ədalət”in şöhrətinə töhfə verdi, “Ədalət”sə onun jurnalist keyfiyyətlərinin, peşəkarlığının gizli qalan tərəflərini üzə çıxardı. Azərbaycan çətin günləri davam edirdi. Ya Qarabağ, ya ölüm! deyib ayağa qalxan xalq öz haqlarını axıradək qorumaqda qərarlı idi. Gərgin dövrdən keçən, torpaqlarının müdafiəsi üçün ölüm-dirim savaşına qalxmış Vətənin çağrışına cavab verən, harayına yetənlərin ilk sırasında o, Ədalət Teymurov da vardı. Yurd, millət, dogma ocaq sevgisi ilə alışan qəlbini nümunə bildiyi Danko kimi əlinə alıb başı üzərində məşələ çevirməkdə qərarlıydı. Ədalət Teymurovun jurnalist taleyinə fərqli bir sahədə ilklərin sırasında yer almağı qismət edən də elə bu amal, bu yanğı oldu. 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi fəaliyyətə başladı. İlk gündən qarşıya çıxan və təcili həllini gözləyən məsələlərdən biri gənc nazirlikdə informasiya işinin təşkili, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması idi. Bu baxımdan mətbuatla müntəzəm və səmərəli əməkdaşlıq əlaqələrini qurmağa qadir, səriştəli jurnalist kadrlara ciddi ehtiyac vardı. Qısa müddətdə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi təşkli edildi və fəaliyyətə başladı. Bu şöbədə ilk iş dəvəti alanlər sırasında yazıları ilə artıq ölkədə kifayət qədər tanınan Ədalət Teymurov da var idi.   1992-ci ilin yanvarından Ədalətin cəbhə bölgələrinə, ön xətdə yerləşən döyüş səngərlərinə yolu başladı. İlk mərhələdə operativ və peşəkarlıqla hazırlanmış hərbi, hərbi-siyasi xarakterli informasiyalar üstünlük təşkil etsə də, çox keçmədi bunlarla yanaşı, bütün müvafiq tələblər gözlənilməklə cəbhə bölgələrindən göndərilən qısa reportajlar da Azərbaycan televiziyasının proqramları vasitəsi ilə bu sületləri səbirsizliklə gözləyən tamaşaçılara çatdırıldı. Ədalət artıq zabit kimi hərbi xidmətini yeni yaradılmış Sənədli Filmlər Kinostudiyasında davam etdirirdi. Onun mərhum videooperator Seyidağa Mövsümlü ilə birgə çəkib hazırladıqları yüzləcə belə süjetlər və 20-də artıq sənədli film bu gün Azərbaycanın Birinci Qarabağ müharibəsi tarixinin canlı xronikasını təşkil edir. Bu çəklişlər zamanı hər iki hərbi jurnalistimiz dəfələrcə ölüm təhlükəsi ilə üz-üzə gəlmişdilər, böyür-başlarında mərmilər partlamış, müxtəlif çaplı silahlardan atılan güllələr az qala santimetrlik məsafələrindən keçmişdi. Həmin güclü top atəşlərindən birində lap yaxınlığına düşən mərminin partlamasından ciddi zədə (kontuziya) alan Ədalət Teymurova 3-cü dərəcəli əllillik verilmişdi. O, 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycanın cəbhə bölgələrini, səngərləri az qala qarış-qarış gəzmiş, neçə döyüşün canlı şahidi, hətta iştirakçısı olmuş, əsgər-zabitlərmizin necə fədakarlıqla vuruşduqlarını qürurla qələmə almışdı. Bu yazıların bir çoxu Seyidağanın çəkdiyi süjetlərin kadrarxası mətni kimi televizya ekranlarından yayılsa da, əksəriyyəti Müdafiə Nazirliyinin arxiv materialları arasında, hərbi xronika nümunələri kimi qorunub saxlanılır. Yəqin nə vaxtsa o kadrların əsasında hərb tariximizi əks etdirən sənədli və tammetrajlı bədii filmlər çəkiləcək. Onda Ədalət Teymurovun hərbi jurnalistika tariximizdə hansı xidmətlər göstərdiyini, qələminə, borcuna necə sadiq olduğunu indiyədək bu fədakarlıqdan xəbərsiz olanlar da, bunu görməzdən gələnlər də nəinki biləcək, inanaq ki, etiraf da edəcəklər. Nə gizlədim, bir neçə il əvvəl dostların israrlı tələblərindən sonra mətbuatımızla əlaqədar təşkilatlardan birinin rəhbərinə göndərilən və onun da səndləşdirib müvafiq ünvana çatdırdığı təqdimat nəzərə alınmamışdı. Beləcə, Ədalət Teymurovun adı sağlığında haqq etdiyi mükafatı alanlar sırasında olmadı. Ancaq o bundan bir qədər incik düşsə də, məsələyə yenə özünəməxsus nikbinliklə yanaşdı, necə deyərlər, “əlyazmaları yanmır”. Elə bizim də ümidimiz bunadır. Yanmayan dəyərli yazılar kimi, Seyirdağa Mövsümlünün çəkdiyi tarixi kadrları tamamlayan, Ədalət Teymurovun qələmə aldığı o mətnlər də yəqin nə vaxtsa həqiqi dəyərini alacaq. Onun jurnalistlik fəaliyyəti sonra da davam etdi. Hərbi mütəxəssis kimi mayor rütbəsində pensiyaya çıxdıqdan sonra da müxtəlif mətbu orqanlarda, daha çox da “Təzadlar”, “Bakı Xəbər” qəzetlərində köşə yazarı kimi aktual mövzulara həsr edilən maraqlı məqalələri dərc edildi. Yəqin onun barəsində daha geniş bir yazıda bunlar barəsində də söhbət açarıq. …Ədalət Teymurov Birinci Qarabağ müharibəsinin od-alovunu ekranlardan izləməmişdi, üz-gözünü qarsan bu od-alovu ekranlara, kinoxronikaların nümayiş etdirildiyi səhnələrə gətirənlərdən olmuşdu. Təkcə buna görə ən azı özü barədə nələrinsə yazılmasını, göstərlməsini haqq edir. Vətən müharibəsinin getdiyi günlərdə teleoperatorlarımızın çəkdikləri və nümayiş etdirilən qürurverici, peşəkar kadrlara baxanda onun və məsləkdaşlarının daha çətin şəraitdə, məhdud imkanlı texnika ilə az qala eyni işi gördüklərini xatırlayıb, bir daha, ey fədakar insanlar, minnətdar Vətən sizi unutmayacaq, dedim. Torpaqlarımızın Ermənistanın işğalından qurtardığı gün və sonrakı günlərdə onun necə ürəkdən sevindiyini, gözlərinin yaşardığını da xatırladım. “İnşallah, imkan olsun, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı, Ağdamı ziyarət edərik”, demişdi. Bəs, Şuşa, soruşmuşdum? Sən demə, Şuşaya getməyi tələbə dostlarımızdan birinə vəd edibmiş, onu da özü ilə aparacaqmış. Ilk dəfə vədinə əməl etmədi. Ancaq təssüf ki, əməl etmədiyi daha bir vədi qaldı. Dekabrın 24-də çox arzuladığı bir görüşə, dostlarla görüşə gələ bilmədi. Çünki artıq getmişdi. Əlində nə qədər işi vardı... Haqqında deyiləsi, yazılası çox şeylər var. Təki ömür aman versin. İndiliksə, məslək və can dostumuz, Masallının Qədirli kəndində dədə-baba məzarlığındakı son mənzilində arxayın uyu. Ədalət Teymurov, sən saflığın, millət, Vətən sevgin, bütövlüyün, nəhayət, təsirli yazıların ilə yol tapdığın qəlblərdə həmişə yaşayacaqsan, deyirəm və buna inanıram. Lətif ŞÜKÜROĞLU

Hamısını oxu
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuları Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsən 28 may – Müstəqilik günü münasibətilə hərbi qulluqçuları təbrik edib. Təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü, 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ölkəmizin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi yüksək tutulmuş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqda davam edir və bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir. Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilmiş təlimlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına təkan vermişdir. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü və peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi, bütün ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olundu. Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad ölkəmizin müdafiə qüdrətinin gündən-günə artırılmasının göstəricisidir. Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılmasına böyük töhfədir. Bu gün qüdrətli Azərbaycan Ordusunun bölmələri Vətənimizin keşiyində əzmlə dayanaraq, Böyük Qayıdış proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə öz layiqli töhfələrini verir. İnanıram ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalaraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, veteranları Müstəqillik Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Bir daha 28 May – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. 28 May – Müstəqillik Gününüz mübarək olsun!"

Hamısını oxu