Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar. Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb. Əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

 
Müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb. Hərbi qulluqçularla görüşlər zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkənin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışılıb. K.Əliyev tərəfindən hərbi xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub. Sonra hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında onları maraqlandıran suallar cavablandırılıb.  

2020-09-26 00:00:00
3468 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı Suraxanı rayonunda qazilərlə görüş keçirib

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsi cari ilin 11 mart tarixində Suraxanı rayonunda I Qarabağ müharibəsi veteranları, o cümlədən Vətən müharibəsi qaziləri ilə görüş keçirib.   Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin rəhbərliyi və baş mütəxəssis Nəbi Hacıyevin iştirakı ilə keçirilən görüşdə Suraxanı  rayon VT-nın sədri Eldar Rüstəmov, 44 günlük Vətən müharibəsi iştirakçıları Namiq Rufullayev, Davud Əliyev, Həmid İsmayılov, Azad Sultanov, Həsən Paşayev və eyni zamanda birinci Qarabağ müharibəsinin veteranları iştirak edib.   Tədbirdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Daha sonra Suraxanı rayon VT-nın sədri Eldar Rüstəmov çıxış üçün Adil Haqverdiyevə söz verib. Öncə I Qarabağ müharibəsinə toxunan Adil Haqverdiyev, həmin dövrdə ordunun silah –sürsatın çatışmamazlığından, nizami ordu və vahid komandanlığın olmamasından danışıb və qeyd edib ki, məhz bu kimi amillər torpaqlarımızın müvəqqəti olaraq itirilməsinə səbəb olub.   44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun şanlı qalibiyyətinə toxunan Adil Haqverdiyev, ordumuzla yanaşı, bütün xalqın bu çətin günlərdə  böyük birlik və fədakarlıq sərgilədiyini qeyd edib, 8 noyabr zəfərinin tarixi əhəmiyyətini vurğulayıb. Adil Haqverdiyev bundan sonra da veteranları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sıx birləşməyə səsləyib.   Daha sonra çıxış edən qazi Namiq Rufullayev də 8 noyabr zəfərinin əhəmiyyətinə toxunub, heç bir təxribatmı qüvvənin bu tarixi qələbənin üstünə kölgə sala bilmədiyini vurğulayıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Məlumat üçün qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsi mütəmadi şəkildə qazi və veteranlarla görüşlər keçirir, onların arzu və istəkləri ilə maraqlanır.   Seymur ƏLİYEV

Hamısını oxu
Prezidentə yazırlar: Bu günlərdə xalqımıza yaşatdığınız hədsiz sevinc və qürur hisslərinə görə Sizə minnətdarıq

Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bildirirlər. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir. Norveçin Oslo şəhərində yaşayan Şervin Nəcəfpur və Atabəy Nəcəfpur yazırlar: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının və ailəmizin üzvləri adından Sizə dərin hörmətimizi və minnətdarlığımızı bildiririk. Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə başlaması dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır. Bu gün dünya azərbaycanlıları Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyir. Sizin qətiyyətiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Milli Ordumuz cəsarətlə mübarizə aparır. Bu gün rəşadətli Azərbaycan Ordusuna xalqımız hərtərəfli dəstək verir. Azərbaycan xalqının güc birliyindən qürur hissi duyuruq. Biz inanırıq ki, Sizin əzminiz sayəsində Azərbaycan Ordusu BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi qətnamələrə necə hörmətlə yanaşmağın vacib olduğunu bütün dünyaya göstərəcək. Dövlətimizə, xalqımıza bu haqq işində, şərəfli mübarizədə zəfər arzulayır və daim bütün gücümüzlə başda Siz olmaqla Azərbaycan dövlətinin, ordusunun yanındayıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirik və yaralılarımıza Allahdan şəfa diləyirik. Tanrı xalqımıza bu müqəddəs işdə yardımçı olsun”. Bakı şəhər sakini Əlikram Qəniyev: “Hörmətli Prezidentim, mən Sizin apardığınız daxili və xarici siyasətlə həmişə fəxr etmişəm. Bu gün də mənfur düşmənlərə verdiyiniz dərs bu sətirləri yazmağıma səbəb oldu. Mən və tabeliyimdə olan "İnsan hüquqlarının müdafiəsi və ekologiyanın qorunması" İctimai Birliyinin Sabunçu rayon mərkəzinin kollektivi Sizi bu uğurlar və qələbə münasibətilə təbrik edirik. Sizə, xalqımıza, millətimizə Allahdan cansağlığı arzulayıram. Hər an Sizin əmrinizlə düşmənlə döyüşməyə hazırıq, cənab Ali Baş Komandan. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Qazax sakini Məmməd Omarov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, şairlər, tarixi şəxsiyyətlər və hərbçilər Vətəni Qazax elinin ürəyində Sizin xüsusi yeriniz var. Siz Vaqifin, Əliağa Şıxlinskinin, Fərrux ağa Qayıbovun, Səməd Vurğunun ruhunu şad etdiniz. XXI əsrin birinci yarısında dünya prezidentləri sırasında Allahın say-seçmə bəndəsi kimi tarixə düşdünüz. Həsrətlə gözü yollarda qalan Qarabağ torpağını amansız, hiyləgər, faşist ermənilərin işğalından birdəfəlik azad etməyə yol tapdınız, müzəffər Ordumuzu qələbələrə ruhlandırdınız. Bu haqq yolunda Sizə və əsgərlərimizə yeni-yeni uğurlar arzulayıram. Allah Sizi və Ordumuzu qorusun!”. Ağdaş rayon sakini Taleh Yunusov: “Hörmətli cənab Prezident, Sizin uğurlu və uzaqgörən siyasətiniz nəticəsində bu gün Azərbaycan Ordusu sürətlə irəliləyir. Azərbaycan torpaqlarının azadlığa qovuşduğu bu günlər tarixə qızıl hərflərlə yazılır. Mən Sizinlə qürur duyuram, cənab Ali Baş Komandan. Dünyanın hər yerində Azərbaycanla bağlılığı olan hər bir kəs Sizinlə fəxr edir. Yaşasın Azərbaycan, yaşasın Prezidentimiz!”. Füzuli sakini Ceyhun Məmmədov: “Hörmətli cənab Prezident, faşist erməni dövlətinin qədim Gəncə şəhərinə növbəti hücumu bizi sarsıda bilməz. Bütün canımız, malımız, övladımız bu Vətənə qurban olsun. Əzəli torpağımız olan Qarabağın azad olunması üçün düzgün hərbi və siyasi mübarizənizi bundan sonra da həyata keçirəcəyinizə inanır və bu ədalətli mübarizədə Sizin arxanızda polad yumruq kimi dayandığımızı bildiririk. Tanrı Sizi və əsgərlərimizi qorusun! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Paytaxt sakini Roman Kazımov: “Hörmətli cənab Prezidentimiz, biz Sizi çox sevirik. Sizinlə fəxr edirəm. Bütün uşaqlar Sizi çox sevir. Mənim nənəm Qərbi Azərbaycandan qaçqındır. Siz düşmənləri “iti qovan kimi” qovduqca biz sevinirik. Qarabağı işğaldan azad edəcəyinizə hamımız inanırıq. Mən də böyüyəndə cəsur əsgər olacağam”. Astara rayon sakini Ağamirzə Əkbərov: “Möhtərəm cənab Prezident, bu günlərdə bizə yaşatdığınız hədsiz sevinc və qürur hisslərinə görə Sizə və şanlı Ordumuza minnətdarıq. Cənab Prezident, Azərbaycanda hamı Sizin ətrafınızda sıx birləşib. Bu gün milli həmrəylikdən kənarda qalanı nə xalq, nə də tarix bağışlamayacaq. Astaranın bütün sakinləri adından bir nəfər kimi Sizi dəstəklədiyimizi, əmrlərinizə hazır olduğumuzu bildirirəm”. Gəncə şəhər sakini Gülşən Məmmədzadə: “Möhtərəm cənab Prezident, Sizin qətiyyətiniz və şücaətiniz bizi həm fərəhləndirir, həm qürurlandırır. Hər bir sadə azərbaycanlı qazandığınız bütün uğurlara sevinir, Sizinlə fəxr edir. Biz kəlbəcərlilər inanırıq ki, tez bir zamanda Kəlbəcərlə bağlı şad xəbər verəcəksiniz. Buna əminik və böyük ümidlə o dəqiqələri gözləyirik. Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirik. Şəhidlərimizə ulu tanrıdan rəhmət, yaralılarımıza şəfa diləyirik. Xalqımız Sizin uğurları gözləyir. Təşəkkür edirik. Qarabağ Azərbaycandır!”. Füzuli sakini Ramiq Qurbanov: “Hörmətli AIi Baş Komandan, bildirirəm ki, mən Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlıları qrupunda xidmət etmişəm. Ancaq həyat elə gətirdi ki, öz səhvim ucbatından həbs olundum. Əziz Prezidentimiz, Sizdən xahiş edirəm ki, mənə bir şans verəsiniz və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək uçun yenidən Azərbaycan Ordusunda Vətənə xidmət etməyimə şərait yaradasınız. Cənab Prezident, söz verirəm ki, Vətənimizin hər qarış torpağı uğrunda son nəfəsimədək döyüşməyə hazıram. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”. Bakı şəhər sakini Ofeliya Sənani yazır: “Möhtərəm cənab Prezident, mənim Sizə hörmətim, ana məhəbbətim o qədər sonsuzdur ki, özümü saxlaya bilməyib məktub yazdım. Analıq məhəbbəti çox güclü olur. Mən gecələr də yatmayıb Sizə - müdrik siyasətçimizə, Vətənini, xalqını ürəkdən sevən, tutarlı, dəqiq, qətiyyətli çıxışlar edən, düşmənə bütün qəlbi ilə nifrəti olan vətənpərvər, mətin, sözündən dönməyən əbədi Prezidentimizə qulaq asıram və dualar edirəm. Mən 80 yaşlı ana Sizinlə sözlə ifadə edilə bilməyəcək dərəcədə fəxr edirəm. Bu yaşda çox xoşbəxtəm ki, Sizin sayənizdə gündən-günə gözəlləşən, çiçəklənən, eləcə də başqa ölkələrdən seçilən, tayı-bərabəri olmayan, ürəkləri sevindirən Azərbaycanımızı görürəm. Hər şeyə görə Sizə minnətdarıq, bizim əbədi Prezidentimiz. Ulu Tanrı Sizi qorusun!”. Şəmkir sakini Fərid Tağıyev: “Hörmətli Prezidentimiz, ordumuzun əks-hücum əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl şəhərlərinin və bir çox kəndlərimizin işğaldan azad olunması münasibətilə Sizi və əsgərlərimizi ürəkdən təbrik edirəm. Nə xoş Azərbaycan xalqına ki, Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var. Mənim 16 yaşım var, “Keşlə” futbol komandasında oynayıram. Hər bir Azərbaycan vətəndaşı kimi mən və komanda yoldaşlarım döyüşlərdə igid əsgərlərimizlə çiyin-çiyinə vuruşmağa hazırıq. Uca Allah Sizi və əsgərlərimizi qorusun. Qəlbi Vətən sevgisi ilə çırpınan bir vətəndaş olaraq böyük qürurla deyirəm ki, Qarabağ Azərbaycanındır!”. Astara sakini Zabit Rzayevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, bu gün Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinə qarşı uğurlu əməliyyatı nəticəsində qazanılan zəfərlərə görə Sizə öz adımdan və həmkəndlilərim adından dərin təşəkkürümüzü bildiririk. Sizə və bütün əsgərlərimizə bu haqq-ədalət savaşında yeni-yeni nailiyyətlər arzu edirik. Bir daha əmin olduq ki, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Allaha əmanət olun, bizlər həmişə Sizinləyik. Allah Ordumuzu və Sizi qorusun!”. Bakı sakini Teymur Babaşov: “Əziz və hörmətli Prezidentimiz, öncə Sizə dərin minnətdarlığımı bildirirəm və Ulu Tanrıdan möhkəm cansağlığı və uzun ömür arzulayıram. Qeyd etmək istəyirəm ki, Sizə ünvanladığım müraciətə əsasən, Sizin tapşırığınızla problemin həllində mənə kömək olundu. Biz hüquqi dövlətdə yaşayırıq və bizim gözəl qanunlarımız var. Cənab Prezident, inanırıq ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində tezliklə bütün torpaqlarımız işğaldan azad olunacaq və biz zəfər çalacağıq. Qələbə bizimdir. Bir vətəndaş olaraq, mənə verilən dəstəyə görə bir daha Sizə dərin təşəkkürümü bildirirəm”. Bakı sakini Roman Vasilyev: “Hörmətli cənab Prezident, mən milliyyətcə rusam. Bakıda anadan olmuşam, 46 yaşım var. Azərbaycanı qəlbən sevirəm. İnsanlarla ünsiyyətdə olarkən Azərbaycan dilində danışmağa üstünlük verirəm. Hesab edirəm ki, bu Vətəni qorumaq, torpaqlarımız uğrunda vuruşmaq mənim də bir vətəndaşlıq borcumdur. Ona görə də könüllü olaraq cəbhəyə yollanmaq arzusu ilə yaşayıram. Əgər mənə ehtiyac olarsa, hər zaman hazıram. Cənab Prezident, mən hər zaman azərbaycanlılardan xoş rəftar, isti münasibət görmüşəm. Ölkəmizdə müşahidə olunan tolerantlığın dünyada bənzəri yoxdur. Bu, Sizin və rəhmətlik atanız, ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Hər zaman Sizi dəstəkləyirəm və əmrinizlə Vətən uğrunda döyüşə hazıram”. İsmayıllı sakini Mehran Nurməmmədli: “Möhtərəm cənab Prezident, əminəm ki, bu gün torpaqlarımız uğrunda şəhid olan bütün övladlarımızın ruhu şaddır. Qarabağ qazilərimiz çox xoşbəxtdir. Çünki onların qanı yerdə qalmadı. Bu gün elə şəhid ailələri də sevinc yaşayırlar, uğrunda övladlarının şəhid olduğu torpaqlar Sizin və qüdrətli Ordumuzun sayəsində düşmən tapdağından azad olunur. Bu böyük sevinci xalqımıza bəxş etdiyiniz üçün Sizə və Ordumuza dərin minnətdarlığımı bildirirəm və bildirmək istəyirəm ki, bundan sonrakı qərarlarınızda da biz hər zaman Sizi dəstəkləyirik”.

Hamısını oxu
Gəncədə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş regional konfrans keçirilib

Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqilliyin Bərpası Gününə  həsr olunmuş “Azərbaycanın müstəqillik salnaməsi: Suverenliyə aparan yol”  mövzusunda regional konfrans keçirib. Ağsaqqalların, ziyalıların, müəllim və tələbələrin iştiakı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov   konfrans iştirakçılarını salamlayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bağlı fikirlərini bölüşüb. Qarşıdan gələn 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü tariximizin böyük dönüş nöqtəsi kimi dəyərləndirib. Natiq, həmçinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmiş Vətən övladlarından söz açıb. Bütün şəhidlərimizi, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olmuş 30-dan çox şəhidimizi ehtiramla xatırlayıb. Ölkəmizdə ağsaqqallarla gənclərin vəhdətini yüksək dəyərləndirən Zəfər Qurbanov bu birliyin növbəti təzahürü olan regional konfransın işinə uğurlar arzulayıb. Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov çıxış edərək hər kəsi qarşıdan gələn Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. 1991-ci ildə Azərbaycan xalqının müstəqillik istəyinin həyata keçdiyini bildirən natiq vurğulayıb ki, biz bu müstəqilliyi Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində qoruyub saxlaya bildik. Ulu Öndər dövlətimizi məhv olmaqdan xilas etdi və bu gün Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində müstəqil və suveren Azərbaycan dünya səviyyəsində güclü və qüdrətli ölkəyə çevrilib. Bayram Yusifov, həmçinin, 2003-cü ilin 15 oktyabr tarixində cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyini və həmin gündən 22 il ötdüyünü xatırladıb. Vurğulayıb ki, biz xoşbəxt xalqıq, çünki belə müdrik və güclü Prezidentimiz var. Regional konfransda çıxış edən digər natiqlər də bu tarixi məkanda – Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi binada Müstəqilliyin Bərpası Gününə həsr olunmuş  regional konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Ötən əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən, eləcə də ölkə başçısı cənab İlham Əliyevin bu sahədəki uğurlu siyasətindən ətraflı  bəhs ediblər. Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, 88 yaşlı professor Nurəddin Məmmədov uzunmüddətli səmərəli fəaliyyətinə və xidmətlərinə görə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub. Konfransdan sonra tədbir iştirakçıları Gəncə Memorial Kompleksini ziyarət ediblər. Kompleksdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyaraq, Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan Respublikası Prokurorluğunun Veteranlar Təşkilatının sədri Seyfulla Aslanovla görüşüb

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətində sədr Fatma xanım Səttarova ilə Azərbaycan Respublikası Prokurorluğunda yeni yaradılmış Veteran Təşkilatının sədri Seyfulla Aslanovun görüşü olub.   Görüşdən öncə Seyfulla Aslanova təşkilatın tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəilov, görülən işlər, həyata keçirilən layihələrdən danışıb.   Görüşdə sədr təşkilatın fəaliyyəti, gördüyü işlər, qarşıda duran vəzifələr barədə qonağa məlumat verib. Fatma xanım Səttarova qeyd edib ki, Respublikanın Prokurorluq OrqanlarındaVeteranlar Təşkilatının yaradılması barədə dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, nədənsə onların təşəbbüsləri cavabsız qalmışdır. Lakin yeni Baş Prokuror, çox hörmətli Kamran Əliyevə müraciət edilən kimi dərhal reaksiya vermiş və qısa müddət ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunda Veteran Təşkilatı yaradılıb və onun sədri Seyfulla Aslanov seçilib.   Qeyd olunub ki, prokurorluqda aparılan köklü kadr islahatı, prokuror nəzarətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində veteranların rolu mühüm əhəmiyyət kəsb edir. Gənc kadrların yetişdirilməsində, onların çətin və mürəkkəb vəziyyətlərdə peşəkarlıq səviyyəsinin artırılmasında, yeni məktəb və təcrübə mübadilələrinin aparılmasında, müsbət təcrübənin yayılmasında, veteranlarla gənclərin işgüzar görüşlərinin keçirilməsində, prokurorluq əməkdaşlarının sosial hüquqlarının genişləndirilməsində, maddi rifah halının yaxşılaşdırılmasında veteran təşkilatlarının rolunun gücləndirilməsi əhəmiyyətli dərəcədə aktuallaşıb. Son günlər prokurorluq əməkdaşlarının əmək haqqının iki dəfə artırılması, prokurorluğun cəmiyyətdə rolunun gecləndirilməsinə dair davamlı islahatlar ölkə rəhbərliyinin bu orqana verdiyi xüsusi diqqətin və əhəmiyyətin nəticəsi kimi dəyərləndirilə bilər. Bu yaxınlarda Baş Prokuror Kamran Əliyevin övladları itkin düşmüş valideynlərlə görüşü və onların qaldırdığı məsələlərin xüsusi nəzarətə götürməsi, müvafiq qanuni göstərişlər verməsi cəmiyyətdə təqdirdə qarşılanıb.   Yerlərdə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi respublika əhalisi tərəfindən yüksək qiymətləndirilir, prokurorluğa olan inamın və etibarın artmasına təsir göstərir.   Yekunda Fatma xanım Səttarova Prokurorluğun Veteran Təşkilatının sədri seçilmiş Seyfulla Aslanova işində uğur arzulayıb, əlverişli şərait yarandıqda Baş Prokuror Kamran Əliyevi Veteranlarla görüşməyə dəvət edib.   Görüşdə sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov və Təşkilatın hüquq və kadr şöbəsinin müdiri, hüquq elmləri doktoru professor Bəhram Zahidov da iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu