Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentə yazırlar: Bu günlərdə xalqımıza yaşatdığınız hədsiz sevinc və qürur hisslərinə görə Sizə minnətdarıq

Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bildirirlər. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir. Norveçin Oslo şəhərində yaşayan Şervin Nəcəfpur və Atabəy Nəcəfpur yazırlar: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının və ailəmizin üzvləri adından Sizə dərin hörmətimizi və minnətdarlığımızı bildiririk. Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə başlaması dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır. Bu gün dünya azərbaycanlıları Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyir. Sizin qətiyyətiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Milli Ordumuz cəsarətlə mübarizə aparır. Bu gün rəşadətli Azərbaycan Ordusuna xalqımız hərtərəfli dəstək verir. Azərbaycan xalqının güc birliyindən qürur hissi duyuruq. Biz inanırıq ki, Sizin əzminiz sayəsində Azərbaycan Ordusu BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi qətnamələrə necə hörmətlə yanaşmağın vacib olduğunu bütün dünyaya göstərəcək. Dövlətimizə, xalqımıza bu haqq işində, şərəfli mübarizədə zəfər arzulayır və daim bütün gücümüzlə başda Siz olmaqla Azərbaycan dövlətinin, ordusunun yanındayıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirik və yaralılarımıza Allahdan şəfa diləyirik. Tanrı xalqımıza bu müqəddəs işdə yardımçı olsun”. Bakı şəhər sakini Əlikram Qəniyev: “Hörmətli Prezidentim, mən Sizin apardığınız daxili və xarici siyasətlə həmişə fəxr etmişəm. Bu gün də mənfur düşmənlərə verdiyiniz dərs bu sətirləri yazmağıma səbəb oldu. Mən və tabeliyimdə olan "İnsan hüquqlarının müdafiəsi və ekologiyanın qorunması" İctimai Birliyinin Sabunçu rayon mərkəzinin kollektivi Sizi bu uğurlar və qələbə münasibətilə təbrik edirik. Sizə, xalqımıza, millətimizə Allahdan cansağlığı arzulayıram. Hər an Sizin əmrinizlə düşmənlə döyüşməyə hazırıq, cənab Ali Baş Komandan. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Qazax sakini Məmməd Omarov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, şairlər, tarixi şəxsiyyətlər və hərbçilər Vətəni Qazax elinin ürəyində Sizin xüsusi yeriniz var. Siz Vaqifin, Əliağa Şıxlinskinin, Fərrux ağa Qayıbovun, Səməd Vurğunun ruhunu şad etdiniz. XXI əsrin birinci yarısında dünya prezidentləri sırasında Allahın say-seçmə bəndəsi kimi tarixə düşdünüz. Həsrətlə gözü yollarda qalan Qarabağ torpağını amansız, hiyləgər, faşist ermənilərin işğalından birdəfəlik azad etməyə yol tapdınız, müzəffər Ordumuzu qələbələrə ruhlandırdınız. Bu haqq yolunda Sizə və əsgərlərimizə yeni-yeni uğurlar arzulayıram. Allah Sizi və Ordumuzu qorusun!”. Ağdaş rayon sakini Taleh Yunusov: “Hörmətli cənab Prezident, Sizin uğurlu və uzaqgörən siyasətiniz nəticəsində bu gün Azərbaycan Ordusu sürətlə irəliləyir. Azərbaycan torpaqlarının azadlığa qovuşduğu bu günlər tarixə qızıl hərflərlə yazılır. Mən Sizinlə qürur duyuram, cənab Ali Baş Komandan. Dünyanın hər yerində Azərbaycanla bağlılığı olan hər bir kəs Sizinlə fəxr edir. Yaşasın Azərbaycan, yaşasın Prezidentimiz!”. Füzuli sakini Ceyhun Məmmədov: “Hörmətli cənab Prezident, faşist erməni dövlətinin qədim Gəncə şəhərinə növbəti hücumu bizi sarsıda bilməz. Bütün canımız, malımız, övladımız bu Vətənə qurban olsun. Əzəli torpağımız olan Qarabağın azad olunması üçün düzgün hərbi və siyasi mübarizənizi bundan sonra da həyata keçirəcəyinizə inanır və bu ədalətli mübarizədə Sizin arxanızda polad yumruq kimi dayandığımızı bildiririk. Tanrı Sizi və əsgərlərimizi qorusun! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Paytaxt sakini Roman Kazımov: “Hörmətli cənab Prezidentimiz, biz Sizi çox sevirik. Sizinlə fəxr edirəm. Bütün uşaqlar Sizi çox sevir. Mənim nənəm Qərbi Azərbaycandan qaçqındır. Siz düşmənləri “iti qovan kimi” qovduqca biz sevinirik. Qarabağı işğaldan azad edəcəyinizə hamımız inanırıq. Mən də böyüyəndə cəsur əsgər olacağam”. Astara rayon sakini Ağamirzə Əkbərov: “Möhtərəm cənab Prezident, bu günlərdə bizə yaşatdığınız hədsiz sevinc və qürur hisslərinə görə Sizə və şanlı Ordumuza minnətdarıq. Cənab Prezident, Azərbaycanda hamı Sizin ətrafınızda sıx birləşib. Bu gün milli həmrəylikdən kənarda qalanı nə xalq, nə də tarix bağışlamayacaq. Astaranın bütün sakinləri adından bir nəfər kimi Sizi dəstəklədiyimizi, əmrlərinizə hazır olduğumuzu bildirirəm”. Gəncə şəhər sakini Gülşən Məmmədzadə: “Möhtərəm cənab Prezident, Sizin qətiyyətiniz və şücaətiniz bizi həm fərəhləndirir, həm qürurlandırır. Hər bir sadə azərbaycanlı qazandığınız bütün uğurlara sevinir, Sizinlə fəxr edir. Biz kəlbəcərlilər inanırıq ki, tez bir zamanda Kəlbəcərlə bağlı şad xəbər verəcəksiniz. Buna əminik və böyük ümidlə o dəqiqələri gözləyirik. Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirik. Şəhidlərimizə ulu tanrıdan rəhmət, yaralılarımıza şəfa diləyirik. Xalqımız Sizin uğurları gözləyir. Təşəkkür edirik. Qarabağ Azərbaycandır!”. Füzuli sakini Ramiq Qurbanov: “Hörmətli AIi Baş Komandan, bildirirəm ki, mən Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlıları qrupunda xidmət etmişəm. Ancaq həyat elə gətirdi ki, öz səhvim ucbatından həbs olundum. Əziz Prezidentimiz, Sizdən xahiş edirəm ki, mənə bir şans verəsiniz və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək uçun yenidən Azərbaycan Ordusunda Vətənə xidmət etməyimə şərait yaradasınız. Cənab Prezident, söz verirəm ki, Vətənimizin hər qarış torpağı uğrunda son nəfəsimədək döyüşməyə hazıram. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”. Bakı şəhər sakini Ofeliya Sənani yazır: “Möhtərəm cənab Prezident, mənim Sizə hörmətim, ana məhəbbətim o qədər sonsuzdur ki, özümü saxlaya bilməyib məktub yazdım. Analıq məhəbbəti çox güclü olur. Mən gecələr də yatmayıb Sizə - müdrik siyasətçimizə, Vətənini, xalqını ürəkdən sevən, tutarlı, dəqiq, qətiyyətli çıxışlar edən, düşmənə bütün qəlbi ilə nifrəti olan vətənpərvər, mətin, sözündən dönməyən əbədi Prezidentimizə qulaq asıram və dualar edirəm. Mən 80 yaşlı ana Sizinlə sözlə ifadə edilə bilməyəcək dərəcədə fəxr edirəm. Bu yaşda çox xoşbəxtəm ki, Sizin sayənizdə gündən-günə gözəlləşən, çiçəklənən, eləcə də başqa ölkələrdən seçilən, tayı-bərabəri olmayan, ürəkləri sevindirən Azərbaycanımızı görürəm. Hər şeyə görə Sizə minnətdarıq, bizim əbədi Prezidentimiz. Ulu Tanrı Sizi qorusun!”. Şəmkir sakini Fərid Tağıyev: “Hörmətli Prezidentimiz, ordumuzun əks-hücum əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl şəhərlərinin və bir çox kəndlərimizin işğaldan azad olunması münasibətilə Sizi və əsgərlərimizi ürəkdən təbrik edirəm. Nə xoş Azərbaycan xalqına ki, Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var. Mənim 16 yaşım var, “Keşlə” futbol komandasında oynayıram. Hər bir Azərbaycan vətəndaşı kimi mən və komanda yoldaşlarım döyüşlərdə igid əsgərlərimizlə çiyin-çiyinə vuruşmağa hazırıq. Uca Allah Sizi və əsgərlərimizi qorusun. Qəlbi Vətən sevgisi ilə çırpınan bir vətəndaş olaraq böyük qürurla deyirəm ki, Qarabağ Azərbaycanındır!”. Astara sakini Zabit Rzayevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, bu gün Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinə qarşı uğurlu əməliyyatı nəticəsində qazanılan zəfərlərə görə Sizə öz adımdan və həmkəndlilərim adından dərin təşəkkürümüzü bildiririk. Sizə və bütün əsgərlərimizə bu haqq-ədalət savaşında yeni-yeni nailiyyətlər arzu edirik. Bir daha əmin olduq ki, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Allaha əmanət olun, bizlər həmişə Sizinləyik. Allah Ordumuzu və Sizi qorusun!”. Bakı sakini Teymur Babaşov: “Əziz və hörmətli Prezidentimiz, öncə Sizə dərin minnətdarlığımı bildirirəm və Ulu Tanrıdan möhkəm cansağlığı və uzun ömür arzulayıram. Qeyd etmək istəyirəm ki, Sizə ünvanladığım müraciətə əsasən, Sizin tapşırığınızla problemin həllində mənə kömək olundu. Biz hüquqi dövlətdə yaşayırıq və bizim gözəl qanunlarımız var. Cənab Prezident, inanırıq ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində tezliklə bütün torpaqlarımız işğaldan azad olunacaq və biz zəfər çalacağıq. Qələbə bizimdir. Bir vətəndaş olaraq, mənə verilən dəstəyə görə bir daha Sizə dərin təşəkkürümü bildirirəm”. Bakı sakini Roman Vasilyev: “Hörmətli cənab Prezident, mən milliyyətcə rusam. Bakıda anadan olmuşam, 46 yaşım var. Azərbaycanı qəlbən sevirəm. İnsanlarla ünsiyyətdə olarkən Azərbaycan dilində danışmağa üstünlük verirəm. Hesab edirəm ki, bu Vətəni qorumaq, torpaqlarımız uğrunda vuruşmaq mənim də bir vətəndaşlıq borcumdur. Ona görə də könüllü olaraq cəbhəyə yollanmaq arzusu ilə yaşayıram. Əgər mənə ehtiyac olarsa, hər zaman hazıram. Cənab Prezident, mən hər zaman azərbaycanlılardan xoş rəftar, isti münasibət görmüşəm. Ölkəmizdə müşahidə olunan tolerantlığın dünyada bənzəri yoxdur. Bu, Sizin və rəhmətlik atanız, ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Hər zaman Sizi dəstəkləyirəm və əmrinizlə Vətən uğrunda döyüşə hazıram”. İsmayıllı sakini Mehran Nurməmmədli: “Möhtərəm cənab Prezident, əminəm ki, bu gün torpaqlarımız uğrunda şəhid olan bütün övladlarımızın ruhu şaddır. Qarabağ qazilərimiz çox xoşbəxtdir. Çünki onların qanı yerdə qalmadı. Bu gün elə şəhid ailələri də sevinc yaşayırlar, uğrunda övladlarının şəhid olduğu torpaqlar Sizin və qüdrətli Ordumuzun sayəsində düşmən tapdağından azad olunur. Bu böyük sevinci xalqımıza bəxş etdiyiniz üçün Sizə və Ordumuza dərin minnətdarlığımı bildirirəm və bildirmək istəyirəm ki, bundan sonrakı qərarlarınızda da biz hər zaman Sizi dəstəkləyirik”.

2020-10-20 00:00:00
3638 baxış

Digər xəbərlər

Mehriban Əliyeva: Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu!

Bakı, 10 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir: “Əziz həmvətənlər! Bu gün böyük gündür – Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm! Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq! Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik. Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməyimiz bizim sülh tərəfdarı olmağımızın əyani göstəricisidir. Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərib. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar bitib-tükənmirdi. Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! 2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Bu, şübhəsiz, Ermənistanın hərbi və siyasi rəhbərini çıxılmaz vəziyyətə saldı. Bizim ordumuz öz müqəddəs dəyərləri - Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdü və bu müqəddəs mübarizədə dözüb dayandı və qalib gəldi! Bu anlarda bütün dünya azərbaycanlıları sevinc və qürur hissləri keçirir. Bizim Prezidentimizə görə, igid əsgərlərimizə və zabitlərimizə görə, Azərbaycan xalqının vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə qürur keçirir! Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi. Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq! Əziz qardaşlar və bacılar! Torpaqlarımızın xaincəsinə işğalı illərində olduğu kimi, budəfəki döyüşlər dövründə də faciələr və itkilər oldu. Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində şəhərlərimizin və kəndlərimizin dinc sakinləri həlak oldu. Uşaqlar, qadınlar və ahıl insanlar həlak oldu. Amma bu, Azərbaycanın əzmini sındırmadı! Mən həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm! Onların qanı yerdə qalmadı! Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün həmvətənlərimizin axıdılmış qanına görə qisas aldı! Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq! Bizim əsgər və zabitlərimiz canlarını belə əsirgəmədən döyüşüblər. Onlar nəciblik və həqiqi vətənpərvərlik nümunəsi göstəriblər. Bu gün onların hamısını Vətən naminə, onun qüdrəti naminə göstərdikləri igidliklər birləşdirir! Biz onların rəşadəti, iradəsi və ruh yüksəkliyi qarşısında, öz mətanəti ilə işğalçını sarsıdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən hər kəsin qarşısında baş əyirik! Adları Azərbaycan dövlətinin tarixinə əbədi olaraq yazılan bu cür igid övladlar böyüdüb tərbiyə etmiş valideynlərin qarşısında baş əyirik! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin! Bu müharibə bizə əsrlərboyu bildiyimiz bir həqiqəti - dost dar gündə tanınar həqiqətini bir daha sübut etdi. Dünyadakı bütün dostlarımıza minnətdaram! Sağ olsunlar ki, bizim dərdimizə şərik oldular, Azərbaycan xalqını dəstəkləyən prinsipial və ədalətli mövqelərini açıq bildirdilər. Qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkürümü bildirirəm. Onların həmrəyliyi və dəstəyi hər bir azərbaycanlıda qürur hissi oyadır! Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm. Onların yüksək peşəkarlığı, obyektivliyi, qərəzsizliyi, operativliyi və məsuliyyəti sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün oldu. Öz vətənlərinin hüdudlarından kənarda Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar! Arxa cəbhədə bir yumruq kimi birləşərək Azərbaycan dövlətinin qüdrətini və bizim həmrəyliyimizi bütün dünyaya nümayiş etdirmiş bütün Azərbaycan xalqına minnətdaram! Əziz həmvətənlər! Sizin hamınızı Böyük Qələbə Günü münasibətilə təbrik edirəm! Böyük zəfər gününüz mübarək! Azərbaycanın şərəf və qüdrət günü mübarək! Qarabağın azad edilməsi günü mübarək! Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Hamısını oxu
Heydər Əliyev və Azərbaycan Gəncliyi: Vətənə Sadiq, Dövlətə Bağlı, Milli Dəyərlərə Sahib Yeni Nəsil

2 Fevral Azərbaycan gəncliyi üçün xüsusi məna daşıyan tarixi gündür. Bu gün gənclərimizə göstərilən dövlət qayğısının, onlara olan inamın və etimadın təcəssümüdür. Milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik tariximizdə gənclərin rolu həmişə mühüm olub. Qüdrətli orduların tərkibində xidmət edən, dövlət və hökumət qurumlarının aparıcı hissəsini təşkil edən gənclər ölkəmizin müdafiəsində də əvəzsiz xidmətlər göstərirlər. Ötən əsrin əvvəllərində Şərqin İlk Demokratik Cümhuriyyətini quran liderlərimiz “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə yoxdan bir dövlət yaratdılar və onu Azərbaycan gəncliyinə etibar etdilər. Həmin gənclik müxtəlif sınaqlardan - müharibələrdən, repressiyalardan, II Dünya Müharibəsinin qanlı dövrlərindən, milli azadlıq hərəkatından, 20 Yanvar faciəsindən və Birinci Qarabağ müharibəsindən keçdi. Bu sınaqlar gənclərimizin vətənpərvər ruhunu möhkəmləndirdi və onları xalqımızın gələcəyinin təminatçısına çevirdi. Bu əlamətdar tarixi gün siyasi fəaliyyətinin hər iki mərhələsində gənclərə böyük diqqət və qayğı ilə yanaşan, onları dövlətin gələcəyi hesab edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, siyasi hakimiyyətinin hər iki mərhələsində gəncləri önə çəkmişdir. Ulu Öndər sağlam düşüncəli yeni bir nəslin yetişdirilməsi sahəsində cəsarətli addımlar ataraq mühüm qərarlar aldı. Onların Vətənpərvər ruhda yetişməsi, ölkənin intellektual potensialının formalaşması üçün çoxsaylı elm və təhsil mərkəzlərinin təməlini qoydu. Gənclərin böyük bir qismini SSRİ-nin nüfuzlu universitetlərinə təhsil almağa göndərməklə təkcə Azərbaycan Xalq Cümhuriyyətinin elm, təhsil siyasətini uğurla davam etdirmədi, milli dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Elə həmin əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə qüdrətli sərkərdələr yetirən Vətən tarixində yeni bir səhifə yazıldı. Bu liseyin açılması gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, hərpi peşəyə marağının artmasına zəmin yaratdı. Siyasi hakimiyyətinin ikinci mərhələsində dövlətçilik təlimində yenə də gənclər siyasətinə mühüm əhəmiyyət verən Ulu Öndər gənc nəslin yenidən mütəşəkkil formada yetişdirilməsi üçün tarixi bir qərar aldı: 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin təməlini qoydu. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm nəaliyyətlərə imza atıldı. 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən 1996-cı il fevralın 2-də respublikamızda gənclərin ilk forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də Gənclərin I Forumunun ildönümündə Ulu Öndərin fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı sərəncamı imzalandı. Bu sərəncam ölkənin ən ciddi kadr potensialı olan gənclərə göstərilən etimad, verilən dəyər idi. Bu gün Azərbaycanda Ulu Öndərin gənclər siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətində uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirildi. Gənclər ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, könüllülük hərəkatı fəaliyyətə başladı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur, kadr kimi yetişirlər. Azərbaycan gənclərinin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alınaraq, 30 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu tədbirlərin davamı kimi, 2022-ci ilin dekabrında Bakıda Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib. 2022-ci ildə Şuşada Diaspor Gənclərinin III Yay, Şuşa və Bakı Gənclər İncəsənət Düşərgələrinin keçirilməsi, orada müxtəlif ölkələrdən çoxsaylı gənclərin iştirakı onların təşkilatlanmasında və diaspor fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynadı. Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin “Şuşa İli”ndə qədim şəhərdə vahid platforma ətrafında bir araya gəlməsi və ölkəmizlə daha yaxından tanış edilməsi mühüm nailiyyətlərdəndir. Azərbaycan gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstəricisi kimi 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsini göstərmək olar. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncama əsasən, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə şəhər və rayonlardakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın, Fondun Vitse-Prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. “Sağlam bədəndə sağlam ruh olar!” nidasına söykənən Respublikamızda idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Bunun sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Hazırda respublikamızda 50-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına, Birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Tarixin bütün dönəmlərində qüdrətli sərkərdə-xaqanlar yetişdirən Odlar Yurdu Azərbaycanın qüdrətli ordusu, peşəkar zabitləri, vətənpərvər əsgərləri ilə 44 günlük Vətən müharibəsində tarix yaradan Azərbaycan xalqı məhz gənclərə söykəndi. Gənclərimiz Azərbaycan bayrağını Xudafərin körpüsündən, Şuşa qalasından asdı, Şuşanın sərt,sıldırım qayalarını aşıb, Cıdır düzünə vardı. Qəhrəman gənclər ordunun aparıcı qüvvələri kimi tarix yazdılar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.” Bu fikirlər Azərbaycan gəncliyinə verilən yüksək dəyərin və etimadın bariz ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qazilərimiz və veteranlarımız isə bu gün gənclərimiz üçün qürur və şərəf nümunəsidir. Əminliklə deyə bilərik ki, gənclərlə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq, müstəqil dövlətimizin daha da güclənməsinə xidmət edəcəkdir. Sonda bir daha bütün gənclərimizi “2 Fevral – Gənclər Günü” münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uğurlar və Vətənimizin inkişafı naminə daim yüksək əzmkarlıq arzulayıram. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik        Cəlil Xəlilov

Hamısını oxu
Bakıda V Dünya Etnoidman Forumu keçirilib

Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Dünya Etnoidman Forumu keçirilmişdir. Veteran.gov.az Sportline.az-a istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, BMT İnsan Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd Şərif, AMİNA-nın prezidenti Kazım Qurbanov və 45 ölkədən nümayəndələr iştirak ediblər. İlk olaraq etnosporta aid xüsusi videoçarx nümayiş olunub. Burada müxtəlif ölkələrin tarixi idman növləri göstərilib. Azərbaycan Respublikasının Gənclər və İdman naziri F.Qayıbov bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini diqqətə çatdıraraq forumun Bakıda keçirilməsinə dəstək verdiyinə görə Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana təşəkkür etmişdir. Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan V Dünya Etnoidman Forumuna yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Forumda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov da iştirak edib. Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan tərəfindən Kazım Qurbanov V Etnoİdman Forumunun sertfikatı ilə təltif olunub. Həmçinin AMİNA-nın prezidenti Kazım Qurbanov tərəfindən Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana və Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova xatirə hədiyyələri təqdim edilmişdir. Qeyd edək ki, V Beynəlxalq Etnosport Forumu martın 6-da başa çatıb.  

Hamısını oxu
“Əsrin müqaviləsi” – milli tərəqqiyə aparan yolun başlanğıcı

Bu gün dünyada güclü, nüfuzlu və qalib ölkə kimi tanınan Azərbaycanın müstəqillik illərində mühüm nailiyyətlər qazanaraq öz iqtisadi və siyasi imkanlarını artırmasında vacib rol oynayan amillərdən biri uğurlu enerji siyasətinin həyata keçirilməsidir. Enerji ehtiyatlarından səmərəli istifadə olunaraq ölkənin milli gücünün artırılması siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Xüsusilə də, 20 sentyabr 1994-cü il tarixində "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açıldı, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafı, milli-iqtisadi tərəqqi üçün əlverişli zəmin yarandı. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Təbii ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkədə sabitliyin, təhlükəsizliyin hökm sürməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına səbəb oldu və bu, imzalanan sazişlərdə, anlaşma memorandumlarında öz əksini tapdı. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən “Əsrin müqaviləsi”  yenicə müstəqillik əldə etmiş Azərbaycanın dünya birliyi ilə tərəfdaşlığının həlledici amillərindən birinə çevrildi.   Praqmatik enerji strategiyası Azərbaycanın milli gücünün artmasını şərtləndirib   Təqdirəlayiq haldır ki, Ümummilli Liderimizin müəllifi olduğu neft strategiyasının Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizə böyük üstünlüklər qazandırıb. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz  kəmərlərinin istifadəyə verilməsi də Azərbaycanın regionun lider ölkəsinə çevrilməsini şərtləndirən mühüm amillərdən biri olub. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin, daha dəqiq desək, «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni sazişin imzalanması, müddətin 2050-ci ilə qədər uzadılması isə Azərbaycanın iqtisadi uğurlarının, ötən dövr ərzində dünyada yeri və rolunun, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinin təqdimatı oldu. Beləliklə, Azərbaycanın enerji siyasətində yeni mərhələnin əsası qoyuldu. Digər tərəfdən, Azərbaycanın təşəbbüsü, moderatorluğu və liderliyi ilə reallaşdırılan layihələr çoxtərəfli əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsinə səbəb olub. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması, onun əsas seqmentlərindən olan TANAP-ın və TAP-ın istifadəyə verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir.   “Qara qızıl”ın intellektual kapitala çevrilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açıb   Bütövlükdə, Azərbaycanın uğurlu enerji strategiyası və reallaşdırılan layihələr çərçivəsində davam etdirilən genişmiqyaslı əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfədir. Bununla yanaşı, enerji layihələri həm də Azərbaycan iqtisadiyyatının inkişafına yeni stimuldur. Belə əməkdaşlıqlar nəticəsində əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına dəstəkdir. “Qara qızıl”ın intellektual kapitala çevrilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açıb. Digər tərəfdən, Azərbaycanın enerji proyektlərinin uğurlu nəticələri regionların sosial-iqtisadi inkişafı, əhalinin məşğulluq səviyyəsinin artması, insanların rifahının yaxşılaşması baxımından da olduqca mühüm əhəmiyyətə malikdir. Öz ərazi bütövlüyünü bərpa etmiş – torpaqlarını işğaldan azad etmiş Azərbaycanı qarşıdakı dövrdə yeni inkişaf prosesləri və quruculuq işləri gözləyir. Şübhəsiz ki, uğurlu enerji strategiyası həm respublikamızın regionlarında, həm də ən əsası, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı işlərin görülməsi üçün mühüm imkanlar yaradacaq. Nəticə etibarı ilə, səmərəli və məqsədyönlü enerji strategiyası Azərbaycanın gələcək inkişafı – ölkəmizin milli tərəqqisi üçün dayanıqlı zəmin yaradıb.      Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu