Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AR Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə

Möhtərəm cənab Ali Baş Komandan!   Biz veteranlar Ulu öndərimiz Heydər Əliyev tərəfindən hələ sovetlər dövründə veteranlara göstərilən yüksək qayğı və diqqəti bu gün də minnətdarlıq hissi ilə xatırlayırıq. Müstəqilliyimiz bərpasından sonra da öz humanist siyasətinə sadiq qalan Ulu öndərin imzaladığı ilk rəsmi sənədlərdən biri “Veteranlar haqqında” Qanun oldu. Həmin qanunla müstəqil Azərbaycanda veteranlara hərtərəfli qayğının hüquqi bazası yaradılmış, bu istiqamətdə dövlət siyasətinin əsası qoyulmuşdur.   Cənab Prezident! Ulu öndərin veteranlara göstərdiyi qayğı və diqqətin bu gün Sizin tərəfinizdən ardıcıllıqla davam etdirilməsi Vətən, xalq yolunda xidmətlər göstərmiş, yaşının ahıllıq dövrünə çatmış insanları qəlbən sevindirir, onların həyat eşqini artırır. Biz bunu Sizin bu gün 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barəsində imzaladığınız sərəncamda da görürük. Bu sərəncam  İkinci Dünya Müharibəsi iştirakçıları, eləcə də bütün veteranlar tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdalığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni uğurlar  arzulayırıq. Veteranlar  həmişə Sizinlədir.              Dərin  hörmətlə,          Respublika  Veteranlar  Təşkilatı            Rəyasət  Heyəti  adından                                                                  eo general-mayor   Dadaş  Rzayev 

2017-04-25 00:00:00
3575 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının icrası məqsədilə bütün inzibati ərazilərdə dağıdılan paylayıcı elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması istiqamətində işlərə başlanılıb. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, ilk növbədə, Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün Füzuli rayonundakı 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan 35 kV-luq ikidövrəli hava xətti çəkilib. Bununla da Hadrut qəsəbəsində yerləşən strateji obyektlər elektrik enerjisi ilə təchiz edilib. Şuşa şəhərinin qısa vaxtda elektrik enerjisi ilə təmin olunması üçün 35/10 kV-luq “Daşaltı” yarımstansiyası inşa edilib. Yarımstansiyanı qidalandırmaq üçün “Hadrut” yarımstansiyasından 53,5 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Hadrut”-“Daşaltı” elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə Şuşa şəhərinin, Xocavənd rayonunun bəzi kəndlərinin və ətraf ərazilərdəki mühüm strateji obyektlərin, eyni zamanda, bu istiqamətdə aparılan yol infrastrukturu və digər tikinti işlərinin elektrik təchizatı təmin edilib. Xəttin keçdiyi ərazi öncə minalardan təmizlənib. Çətin relyef, qar və şaxtalı hava şəraitinə baxmayaraq 37 gün ərzində gecə-gündüz aparılan işlərdən sonra bu il yanvarın 7-də Şuşa şəhərində Azərbaycan işığını yandırmaq mümkün olub. “Hadrut” yarımstansiyası hazırkı vəziyyətdə belə işğaldan azad olunmuş əksər ərazilərə elektrik enerjisinin ötürülməsində önəmli funksiyanı yerinə yetirir. İnnovativ yeniliklərin tətbiqi ilə yeni inşa olunacaq yarımstansiyanın da perspektiv plan üçün önəmi çox böyükdür. Belə ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Ağıllı Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq.

Hamısını oxu
İlham Əliyev yeni naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. video Axar.az xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyev: Bu gün siz Təhsil naziri vəzifəsinə təyin olunursunuz. Sizə çox böyük etimad göstərilir. Bu etimadı siz öz işinizlə doğrultmalısınız. Siz gəncsiniz, sizin təyinatınız, eyni zamanda, gənclərə göstərilən etimadın növbəti təzahürüdür. Bildiyiniz kimi, ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir və hesab edirəm ki, hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına təsir göstərir. Gənc olmağınıza baxmayaraq, sizin təhsil sahəsində təcrübəniz var. Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmısınız. Bu günə qədər Təhsil İnstitutunun direktoru vəzifəsində işləyirsiniz. Ona görə əminəm ki, təhsil qarşısında duran problemlərlə bağlı sizin geniş fikriniz, məlumatınız var. Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Sonrakı illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir. Bizim sərhədlərimizi də, xalqımızın əmin-amanlığını da səngərdə düşmənlə üz-üzə olan döyüş məntəqələrində gənclərimiz ləyaqətlə qoruyub və qoruyur. Təhsildə islahatlar dərinləşməlidir. Deyə bilərəm ki, təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır. Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki, təhsilin səviyyəsi müəllimlərim peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər. Son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb. Dövlət xətti ilə həyata keçirilən xərclər bu sahədə xüsusi rol oynayır. 2015-2018-ci illərdə yeni yanaşma tətbiq olunmuşdur - müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Bu diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılmışdır. Əlbəttə ki, bu, müəllimlər üçün əlavə bir stimul idi. Eyni zamanda, müəllim peşəsini seçənlərin də sayı buna uyğun şəkildə artdı və bu da məni çox sevindirir. Çünki, bir neçə il bundan əvvəl müəllim olmaq istəyənlərin sayı kifayət qədər az idi. Ancaq, son bir neçə ildə müəllim peşəsinə maraq artıb. Çünki müəllimlər indi daha yaxşı maaş alırlar. Onların cəmiyyətdə hörməti yüksək səviyyədədir. İndi onlar gözəl, təmir edilmiş, yenidən tikilmiş məktəblərdə, ali məktəblərdə çalışırlar. Mən hər il tədris ilinin ərəfəsində yeni tikilmiş və təmir edilmiş məktəblərə baş çəkirəm. Hər il bilik günündə də uşaqlarla, müəllimlərlə görüşürəm və qeyd edirəm ki, məktəb, eyni zamanda, müəllimin iş yeridir. Bu gün bu sahədə görülmüş işlər əlbəttə ki, müəllimləri həvəsləndirir. Ona görə, təhsilin səviyyəsinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır. Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün xüsusi proqram qəbul edilmişdir. Bu proqram çərçivəsində minlərlə Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrin aparıcı ali məktəblərinə ezam edilmişdir. Onlardan biri də sizsiniz və siz bu proqramla əhatə olunmusunuz. Bildiyiniz kimi, biz bu proqramı Dövlət Neft Fondunun xətti ilə həyata keçirdik. Bu da rəmzi xarakter daşıyır. Biz bu proqramı dövlət büdcəsi hesabına həyata keçirə bilərdik, ancaq mən bunu məhz Dövlət Neft Fondunun xətti ilə keçirilməsinə qərar verəndə qeyd etmək istəyirdim ki, bu strateji əhəmiyyət daşıyır. Çünki bu günə qədər Dövlət Neft Fondunun xətti ilə həyata keçirilən layihələr strateji əhəmiyyətli layihələrdir. Onların arasında, ilk növbədə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması layihələridir. Böyük infrastruktur layihələri və bu proqram məhz bu xətlə icra edilib. Ona görə, bu proqram qəbul olunanda həm bu məsələ öz əksini tapdı, eyni zamanda, mənim yadımdadır, o vaxt bəzi hökumət üzvləri təklif edirdilər ki, bir halda, biz gəncləri dövlət hesabına xaricdə oxutdururuq, onların qarşısında şərt qoyulmalıdır ki, onlar təhsili başa vurandan sonra mütləq ölkəyə qayıtsınlar və məcburi qaydada 5-10 il ölkəmizdə işləsinlər. Mən buna müsbət yanaşmadım. Yadımdadır, o vaxt mən dedim, biz bu işi görürük ki, ölkəmiz, xalqımız üçün gənc kadrlardan ibarət intellektual potensial yaradaq. Biz bunu edirik ki, gənclərimiz dünyanın aparıcı ali məktəblərində oxusunlar. Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik? Biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır. Siz də bunun şahidisiniz, o vaxt heç bir şərt qoyulmadan biz gəncləri xaricə ezam etdik, oxutdurduq. Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Buna görə, bu müsbət təcrübə öz bəhrəsini verdi və siz bu proqram xətti ilə xaricdə təhsil almış insan kimi bunu görürsünüz. Siz qayıtdınız, burada çalışdınız, gənc olmağınıza baxmayaraq, sizə böyük vəzifələr etibar edilmişdir və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz.  Bununla paralel olaraq, o vaxt növbəti bir təşəbbüs irəli sürüldü. Aparıcı xarici ali məktəblərin Azərbaycanda filiallarının yaradılması məsələsi gündəliyə salınmışdı. Artıq qısa müddət ərzində Azərbaycanda 3 xarici ali məktəbin filialı fəaliyyət göstərir. Hesab edirəm ki, onların sayı daha da çox ola bilər və bu məsələlərlə siz bilavasitə məşğul olacaqsınız. Bir məsələni də qeyd etmək istərdim. Bizim təhsilimizin ümumi səviyyəsi təbii ki, qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı o qədər də çox artacaqdır. Bununla paralel olaraq, bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Ona görə, xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? Ona görə bütün bunları siz mütləq aidiyyəti dövlət qurumları ilə birlikdə həll etməlisiniz. Bizim iqtisadi və sənaye inkişafımız planlı şəkildə həyata keçirilir. Həm dövlət siyasəti aparılır, eyni zamanda, dövlətin dəstəyi ilə yaradılmış şərait nəticəsində özəl sektor böyük investisiyalar qoyur və hansı sahələrə bu sərmayə qoyulur, bunu da hər kəs bilir. Bundan sonra bizə hansı peşələr lazım olacaq? Biz bunu da bilirik. Ona görə, bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Bir daha demək istəyirəm ki, siz, bu işləri gərək aidiyyəti qurumlarla düzgün təhlil edib konkret təkliflər verəsiniz. Digər vacib məsələ. Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə daha fəal məşğul olaq. Bu da Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı var. Bu peşələr artıq aradan qalxıb və olmayacaq. Ona görə, buna da daim fikir verməlisiniz. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər. Çünki, Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik. Biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın, baxmayaraq ki, pandemiya şəraitində bütün ölkələrdə işsizlik artır. Biz elə etməliyik ki, Azərbaycanda vətəndaşlar işlə təmin edilsinlər. Ona görə, xüsusi əhəmiyyət daşıyan bu məsələyə Təhsil Nazirliyi aidiyyəti qurumlarla birlikdə mütləq böyük diqqət yetirməlidir, konkret təkliflər hazırlayıb təqdim etməlidir və cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə aparılmalıdır. Müxtəlif tədbirlər diskussiyalar, müzakirələr, keçirilməlidir, vətəndaşlara bu haqda məlumat verilməlidir ki, onlar özlərini və yaxud da, öz övladlarını yeni dövrə uyğun hazırlayıb onlara düzgün tövsiyələr versinlər. Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır. Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıbdır və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Bunu həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır. Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar. Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə, peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafının sürəti çox yüksəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə, bu sahə üzrə peşə məktəbləri olmalıdır. Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır. Bir neçə ölkədən ilkin təkliflər də irəli sürüldü. Artıq bizim təcrübəmiz var. Biz bunu adətən bu formada edirik ki, misal üçün, Azərbaycan tərəfi bütün texniki məsələləri və maliyyə məsələlərini öz üzərinə götürür. Xarici tərəfdaş isə sadəcə olaraq, tədris proqramlarını, texnologiyaları və müasir standartları ölkəmizə idxal edir. Əlbəttə ki, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir. Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlərboyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq, bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə, bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma, buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir. Mən bir daha demək istəyirəm ki, sizə bu gün böyük etimad göstərilir. Siz öz işinizlə bu etimadı doğrultmalısınız. Sizi təbrik edirəm və uğurlar arzulayıram. Nazir Emin Əmrullayev dedi: Möhtərəm cənab Prezident. Mən, ilk növbədə, Sizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də bu, böyük etimaddır. Eyni zamanda, böyük məsuliyyətdir. Qeyd etdiyiniz kimi, Sizin rəhbərliyinizlə son dövrdə təhsil sahəsində həqiqətən də, müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər istər şagirdlərin nailiyyətlərində, istərsə də bizim beynəlxalq reytinqlərdə əksini tapıb. Ən sevindirici hal ondan ibarətdir ki, bir çox dəyişənlər, yəni bir çox indikatorlar Təhsil Nazirliyi və yaxud da Azərbaycan hökuməti tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar və yaxud beynəlxalq olimpiadalarda şagirdlərimizin nailiyyətləri əsasında müşahidə edilir. Siz də qeyd etdiyiniz kimi, təhsil sahəsi hazırda bir çox uğurlar əldə etmişdir. Siz bu uğurların bir qismini sadaladınız. O cümlədən də mən qeyd etmək istəyərdim ki, bu vektorun, bu müsbət istiqamətin davamlılığını təmin etmək qarşıda duran ən vacib məqsədlərimizdəndir. Eyni zamanda, Siz dövlət proqramını qeyd etdiniz. Mən fürsətdən istifadə edib, bir vətəndaş kimi, istərdim, ilk növbədə, Sizə minnətdarlığımı bildirim. Çünki bu proqram həm mənim, həm də minlərlə Azərbaycan gəncinin həyatını dəyişən bir proqramdır. Sizin bu təşəbbüsünüz həqiqi mənada bir çox insanın həyatını yaxşıya doğru dəyişmişdir. Çünki Siz də qeyd etdiniz ki, bu proqram xaricə oxumağa gedəndə vətəndaşdan hər hansı öhdəlik tələb etmirdi. Bu, daha çox mənəvi öhdəlik idi, nəinki maddi və ya hansısa hüquqi. Düşünürəm ki, hazırda proqram məzunlarının demək olar ki, böyük əksəriyyəti Azərbaycandadır və həmin investisiyanı geri qaytarmaq vaxtıdır. Yaxud, belə deyək, bunu davamlı olaraq etmək hər bir proqram məzununun mənəvi borcudur. Sadaladığınız istiqamətlər üzrə müvafiq işlərin görülməsi təbii ki, qarşıda duran məsələdir. Təhsilin keyfiyyətinin artırılması və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə edilməsi, o cümlədən də dövlət vəsaitinin, təhsilə ayrılan investisiyanın səmərəli istifadə olunması, düşünürəm ki, təhsildə qısa zamanda uğurların davamını gətirməyə imkan verəcək. Sizə, bir daha dərin minnətdarlığımı bildirirəm və qarşıya qoyulan vəzifələrin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm. Sizə minnətdaram, təşəkkür edirəm. Prezident İlham Əliyev: Sağ olun, sizə uğurlar arzulayıram.

Hamısını oxu
Surxay Tağızadə - 90!

Aprelin 8-i əmək veteranı, tanınmış ictimai xadim, elm adamı, uzun illər müxtəlif dövlət orqanlarında aparıcı vəzifələr tutan Surxay Tağızadənin 90 yaşı tamam olur.   Surxay İmran oğlu Tağızadə 8 aprel 1932-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Gəncədəki Sabir adına 5 saylı orta məktəbi, 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututnun baytarlıq fakültəsini, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını bitirmişdir. Baytarlıq elmləri namizədi elmi dərəcəsi və baş elmi işçi rütbəsi vardır. Respublikanın əməkdar kənd təsərrüfatı işçisidir.   Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir.   Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur.   Surxay Tağızadə Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress" (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri" jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar.   S. Tağızadə 2009-cu ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Respublika Şurası sədrinin 1-ci müavini vəzifəsində işləmişdir. Bu dövrdə o, Respublikada veteran işinin daha da canlanmasına və inkişaf etdirilməsinə, veteran təşkilatının nazirliklər, idarələr, ictimai təşkilatlar və beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə, gənclərin vətənpərvərlik tərbiyəsində veteran təşkilatının rolunun artırılmasına çalışmış, təşkilatın mətbu orqanı "Azərbaycan Veteranı" qəzetinin yaranmasının təşəbbüskarı olmuşdur. S. Tağızadə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycan Veteranlarının haqq səsinin dünya ictimayyətinə çatdırılması istiqamətində də geniş fəaliyyət göstərmiş və bunlar 1941 – 1945 ci illər Böyük Vətən müharibəsi veteranlarının 2011-ci ildə keçirilmiş ümumrespublika toplantısında, ATƏT-in rəhbərlərinə və Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinə göndərilən Müraciətlərdə, MDB ölkələri Veteranları Əlaqələndirmə Şurasının iclaslarında və başqa sənədlərdə öz əksini tapmışdır. Surxay Tağızadə 2010-cu ilin 24-26 noyabrında UNESKO-nun mənzil qərargahında Dünya Veteranlar Federasiyasının veteranlar və müharibə qurbanları ilə bağlı qanunvericilik üzrə 90-dan artıq ölkənin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi yeddinci beynəlxalq konfransında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanı beynəlxalq tədbirdə təmsil etmişdir. Burada Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan veteranlarının Bəyanatını yaymış və çıxış etmişdir.   Surxay Tağızadə bu gün də elm adamı, ictimai xadim kimi aktiv fəaliyyət göstərməkdə, dövlətə və xalqa xidmət etməkdədir.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 90 illik yubileyi münasibəti ilə Surxay Tağızadəni təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır!

Hamısını oxu
Mehriban xanım Əliyeva ümumbəşəri dəyərlərə əsaslanan milli və qlobal məzmunlu fəaliyyəti ilə milyonlarla insanın dərin sevgisini, böyük rəğbətini qazanıb

Müstəqilliyinin 30-cu ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan dövləti ardıcıl nailiyyətlər qazanaraq milli tərəqqi yolunda sürətlə, inamla və əmin addımlarla irəliləyir, növbəti müvəffəqiyyətlərə yol açan yeni strateji zirvələr fəth edir. Bu gün Azərbaycan dünyada təkcə davamlı və dayanıqlı inkişaf yolu tutan müasir, demokratik ölkə kimi, tolerantlıq nümunəsi və multikultiralizm diyarı olaraq tanınmır. Bir əsrdə iki dəfə müstəqillik qazanan respublikamız, eyni zamanda, öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmiş, müsbət beynəlxalq imicə sahib və müasir dünya siyasətinin nüfuz - güc iyerarxiyasında mütəmadi yüksəlişə malik prestijli dövlət olaraq səciyyələndirilir.   Təbii ki, bütün bu müsbət reallıqları şərtləndirən başlıca strateji faktor müstəqillik illərində sabitlik və inkişafa, dirçəliş və rifaha xidmət edən rasional, milli maraqlara və müasir çağırışlara adekvat cavab verən praqmatik siyasi kursun həyata keçirilməsidir. Ölkəmizi tənəzzüldən xilas edərək intibah yoluna çıxaran, real müstəqilliyin əldə olunmasını təmin edən ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə, dövrün ictimai və siyasi qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi nəticəsində milli tərəqqinin Azərbaycan nümunəsi adlı fenomen yaranıb. Bu nümunə öz cəlbediciliyinə görə bütün dünyada maraqla öyrənilən, nüfuzlu reytinq agentliklərinin və tədqiqat mərkəzlərinin hesabatlarında yüksək dəyərləndirilən strateji model kimi xarakterizə olunur. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli, ardıcıl və məqsədyönlü fəaliyyəti də ölkəmizin dayanıqlı inkişafına, xalqımızın rifahının daha da yaxşılaşmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, respublikamızın müsbət beynəlxalq imicinin möhkəmlənməsinə və müxtəlif sahələrdə davamlı strateji nailiyyətlərin əldə olunmasına müstəsna töhfədir.   Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi   Ümumiyyətlə, Mehriban xanım Əliyevanın ictimai-siyasi portretini tamamlayan cizgilər kifayət qədər zəngin və rəngarəngdir. O, ilk növbədə, hansı sahə və istiqamətdə fəaliyyət göstərməsindən asılı olmayaraq, öz üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirməklə xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi yaradıb. Mehriban xanım Əliyevanın “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” sözləri, şübhəsiz ki, onun həyat və fəaliyyət kredosunu təşkil edir. Bu kontekstdə bir sıra nümunələrə xüsusi nəzər salmaq – diqqət yetirmək məqsədəmüvafiq olar.   Əvvəla qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva məhsuldar ictimai-siyasi fəaliyyəti ilə fəal, milli-mənəvi dəyərlərə, tarixi ənənələrə sadiq, vətənpərvər və xeyirxah Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynayıb. O, nümunəvi həyat və fəaliyyəti ilə qadınlar üçün əsl örnək yaratmaqla yanaşı, zərif cinsin nümayəndələrinin cəmiyyətdə rolunun, müxtəlif sahələrdə fəallığının artmasına geniş stimul verib. Sevindirici haldır ki, Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını hazırda öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin və zəngin irsimizin qorunub saxlanılmasında, yaşadılmasında müstəsna xidmətlər göstərir. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında geniş fəaliyyəti, öz bilik və bacarıqları ilə cəmiyyətimizin ümumi inkişafında yaxından iştirakı Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu bir daha təsdiqləyir.   Bununla yanaşı, Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi məqsədyönlü fəaliyyət göstərməklə ictimai-siyasi yaddaşda dərin iz buraxıb. O, millət vəkili statusunda çox mühüm ictimai əhəmiyyətli təşəbbüslər irəli sürüb, təkcə seçicilərini deyil, bütövlükdə, Azərbaycan xalqını maraqlandıran məsələlərlə əlaqədar zəruri addımlar atıb, sosial problemlərin həllinə xüsusi diqqət göstərib və buna müvəffəq olub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən genişmiqyaslı və ümumi-ictimai əhəmiyyətli tədbirlər sırasında Amnistiya aktlarının qəbul olunması xüsusi yer tutur. Daha dəqiq desək, onun təşəbbüsü ilə Milli Məclisdə Amnistiya aktlarının qəbul olunması və bunun sayəsində minlərlə məhkumun azadlığa qovuşması, yenidən cəmiyyətə inteqrasiya olunması təqdirəlayiq hal kimi sosial-ictimai cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, həm millət vəkili kimi təmsil etdiyi seçiciləri, həm də bütövlükdə Azərbaycan xalqı Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı statusunda fəaliyyətini çox yüksək dəyərləndirərək - təqdirlə qarşılayaraq öz inam və etimadlarını ifadə ediblər.   Mehriban xanım Əliyevanın, həmçinin respublikamızın Birinci vitse-prezidenti kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi xalqın ona olan sevgisinin və rəğbətinin daha da artmasına səbəb olub. Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycanda həyata keçirilən çoxşaxəli, genişmiqyaslı, kompleks xarakterli və sistemli islahatların tərkib hissəsi kimi vitse-prezidentlik institutunun yaradılması ötən müddət ərzində idarəetmənin səmərəliliyinin və çevikliyinin artmasına, bir sıra mühüm strateji hədəflərin gerçəkləşməsinə imkan verib. Xüsusilə də, Mehriban xanım Əliyevanın respublikamızın Birinci vitse-prezidenti kimi məqsədyönlü fəaliyyəti Azərbaycanın milli gücünün artmasına müstəsna töhfə olub, ölkəmizin qarşısında yeni və çox mühüm strateji perspektivlər açılıb. Daha dəqiq desək, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ilə Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyulub. “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”,-deyən Mehriban xanım Əliyeva öz vədinə - Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət sözünə əməl edərək strateji missiyasını layiqincə yerinə yetirmək və qüdrətli Azərbaycan naminə mühüm nailiyyətlərə imza atmaq xoşbəxtliyinə müvəffəq olub. Ötən zaman müddətində Birinci vitse-prezidentin təşəbbüsü ilə əhalinin geniş təbəqələrini əhatə edən çox mühüm addımlar atılıb, xüsusilə də vətəndaşlarımızı maraqlandıran sosial məsələlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Ayrıca qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva cəmiyyətin həssas təbəqələrinin istəklərinin yerinə yetirilməsi – onların problemlərinin həll olunması istiqamətində fəaliyyətə xüsusi önəm verir. Onun Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirənin məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsinə həsr olunması deyilənlərin bariz nümunəsidir. Vurğulamaq gərəkdir ki, həmin müşavirədən sonra qəzalı binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsi üçün tədbirlər planı hazırlanıb, yeni yaşayış komplekslərinin təməli qoyulub, məcburi köçkünlərə mənzillər təqdim edilib və digər müvafiq addımlar atılıb. Sonrakı illərdə də bu proses davamlı xarakter daşıyıb. Bunlarla yanaşı, yeni layihələr əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlillərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və erməni vandalizmindən, müharibədən əziyyət çəkən digər kateqoriyadan olan insanlara sosial dəstək xarakterli işlərin görülməsi də xüsusi qeyd edilməlidir. Bu, Mehriban xanım Əliyevanın dövlət idarəçiliyi sahəsində fəaliyyətinin milli maraqlara və çağdaş qlobal çağırışlara adekvat cavab verməklə yanaşı, humanizm və vətənpərvərlik prinsiplərinə də əsaslandığını göstərir.   Mehriban xanım Əliyevanın dövlətçilik maraqlarının qorunmasına və milli həmrəyliyin gücləndirilməsinə xidmət edən ictimai-siyasi fəaliyyətinin çox mühüm istiqamətlərindən birini qurucusu ümummilli liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. İnkaredilməz həqiqətdir ki, YAP ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm – tarixi əhəmiyyətə malik olan nailiyyətlər qazanıb. Sıralarında Azərbaycan cəmiyyətinin, demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusilə də, partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Ən əsası, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V Qurultayında YAP Sədrinin müavini, 2021-ci ilin mart ayının 5-də baş tutmuş VII Qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir. Əminliklə vurğulamaq olar ki, Mehriban xanım Əliyevanın fəaliyyəti bundan sonra da Ümummilli Liderimizin siyasi mirası olan YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından olduqca əlamətdar olacaq.   Heydər Əliyev Fondu milli məqsədlərin və strateji hədəflərin gerçəkləşdirilməsində mühüm rol oynayır   Mehriban xanım Əliyevanın xalqımızın həmrəyliyinin gücləndirilməsinə və Azərbaycanın davamlı – dayanıqlı inkişafına xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm istiqamətlərindən birini Heydər Əliyev Fonduna uğurla rəhbərlik etməsi təşkil edir. Fondun genişmiqyaslı və beynəlxalq əhəmiyyətli fəaliyyəti, müxtəlif sahələri əhatə edən layihələrin reallaşdırılması, heç şübhəsiz, ictimai-sosial, tarixi, mədəni, humanitar nöqteyi-nəzərdən böyük önəm daşıyır. Bütövlükdə, 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.   Ən əsası, Heydər Əliyev Fondu Ümummilli Liderimizin zəngin irsinin araşdırılması və bu irsin xalqımızın mənəvi sərvəti kimi gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bu, həm Heydər Əliyev fenomeninin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində əvəzolunmaz yerinin və rolunun daha dərindən öyrənilməsi, həm də müstəqil Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun siyasi, iqtisadi, mədəni, humanitar, tarixi aspektlərinin fundamental səviyyədə tədqiq olunması baxımından xüsusi önəm daşıyır. Təsadüfi deyil ki, Heydər Əliyev ideyalarını dərindən mənimsəyən, milli məfkurəmiz olan azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşən gənc nəslin nümayəndələri qüdrətli Azərbaycan dövlətinin sağlam düşüncəli vətəndaşları kimi ölkəmizin inkişafına mühüm töhfə verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edirlər.   Əlbəttə, Ulu Öndərimizin adını daşıyan, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti olduqca genişmiqyaslı və dərinməzmunludur, ictimai həyatın bütün sahələrini əhatə edir, eyni zamanda, Azərbaycanın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır. Ümumiləşdirsək, qeyd edə bilərik ki, Fond bir çox sahələrdə olduqca mühüm işlər görür. Bu kontekstdə konkret olaraq aşağıdakı istiqamətlərdə həyata keçirilən tədbirləri sadalaya bilərik:   - Cəmiyyətin yaradıcı və elmi-intellektual potensialının artırılmasına maddi, mənəvi və təşkilati dəstəyin göstərilməsi; - Milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin tarixi ənənələr və milli dəyərlər əsasında tərbiyə olunması, vətənpərvərliyin təbliği istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi;   - Multikulturalizmin, tolerantlığın, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl işlərin görülməsi – mühüm layihələrin reallaşdırılması; - Vətəndaş cəmiyyəti quruculuğuna və milli həmrəyliyin gücləndirilməsinə davamlı dəstək verilməsi; - Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə infrastruktur quruculuğu istiqamətində ardıcıl addımlar atılması; - Xeyirxahlıq, humanizm kimi ümumbəşəri və ali dəyərlərin təbliğinin həyata keçirilməsi və s.   Xüsusilə də, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr, icra olunan proqramlar, qeyd etdiyimiz kimi, təhsil və səhiyyə sahəsində müasir infrastruktur quruculuğuna, bu istiqamətlərdə davamlı inkişafa ciddi dəstək xarakteri daşıyır. “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramların həyata keçirilməsi, yeni məktəb binalarının inşa olunması və yenidən qurulması, uşaq müəssisələrinin əsaslı şəkildə təmir edilməsi və digər addımlar cəmiyyətdə böyük minnətdarlıqla və bütövlükdə, ümummilli təqdirlə qarşılanır. Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü olan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi unikal layihələr çərçivəsində görülən işlər, xeyriyyə aksiyalarının təşkil olunması sağlam ictimai gələcəyin inşasında vacib rol oynayır.   Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunması informasiya müharibəsi və tarixi Zəfərimiz kontekstində   Mehriban xanım Əliyevanın fəaliyyətinin çox mühüm istiqamətlərindən birini Azərbaycan reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması – ölkə həqiqətlərinin beynəlxalq səviyyədə sistemli təbliği təşkil edir. İnkaredilməz reallıqdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin strateji diplomatiya siyasəti Azərbaycanın tarixi Zəfər qazanmasını – ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını təmin edən çox mühüm amillərdən biridir. Bu kontekstdə dövlət başçısının qlobal məzmun daşıyan informasiya strategiyası çox mühüm faktordur. Daha dəqiq desək, bu strategiya çərçivəsində şaxələndirilmiş fəaliyyət Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunması, anti-Azərbaycan dairələrin qara piar kampaniyasının iflasa uğradılması, erməni yalanlarının ifşa olunması kimi strateji hədəfləri əhatə edir. Məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər də bu kontekstdə effektiv addımların atılması və real nəticələrin əldə olunması baxımından çox əhəmiyyətlidir.   Bəhs olunan yöndə sistemli fəaliyyətin əsas istiqamətlərindən biri Azərbaycanın haqq işi – milli mübarizəsi ilə əlaqədardır. Bu baxımdan, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təbliğat missiyası fonunda məqsədyönlü layihələr reallaşdırması xüsusi qeyd edilməlidir. Fond tərəfindən keçmiş münaqişə ilə əlaqədar müasir və təkmil internet resurslarının yaradılması, müxtəlif dillərdə “Qarabağ həqiqətləri” adlı bukletlərin hazırlanması, geniş auditoriyaya paylanması və digər addımlar dünya ictimaiyyətinə problemin səbəbləri haqqında kifayət qədər doğru – obyektiv məlumatın çatdırılmasına imkan verib. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfransların, tədbirlərin keçirilməsi, “Xocalı soyqırımı” filminin, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillərin, xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materialların təqdim olunması da sistemli təbliğat işlərinin tərkib hissəsi kimi xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə əsası qoyulan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası isə öz səmərəli nəticələri ilə Azərbaycan dövlətinin bəhs olunan istiqamətdə məqsədyönlü diplomatik fəaliyyətinə çox mühüm dəstək kimi böyük əhəmiyyətə malikdir. Bir sıra ölkələrin qanunverici orqanlarının – parlamentlərinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərarlar qəbul etməsində, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulmasında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının müstəsna rolu vardır.   Yeni mərhələdə - postkonflikt dövründə də bu beynəlxalq əhəmiyyətli sistemli fəaliyyət uğurla davam etdirilir. Yeri gəlmişkən, Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi "Karabakh.Center" layihəsi də informasiya müharibəsində Azərbaycanın strateji mövqelərinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu internet resursunun çoxsaylı materiallarının konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaratması qlobal müstəvidə mövcud reallıqlara obyektiv baxışın əhatə dairəsinin genişləndirilməsi üçün çox önəmlidir.   Bütövlükdə, erməni vandalizminin real faktlar əsasında dünyada ifşa olunması, beynəlxalq informasiya platformasında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, müharibəsonrası praqmatik və çoxvektorlu diplomatik fəaliyyətə informasiya dəstəyinin verilməsi kimi istiqamətlərdə həyata keçirilən tədbirlər strateji xarakter daşıyır. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının tərkib hissəsi kimi qlobal ictimai rəyin daim Azərbaycanın lehinə olması hədəfinə çatmağa real imkanlar - əlverişli zəmin və şərait yaradır.   Mədəniyyət diplomatiyası xalqımızın zəngin tarixi və mədəni irsinin geniş beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edən strateji faktor kimi   Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin təbliği, mənəvi irsimizin qorunması, Azərbaycanın zəngin tarixi və mədəni mirasının dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyəti dərin milli məzmun və qlobal xarakter daşıyır. 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, həmçinin 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edilməsi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bir çox ölkədə xalqımızın milli-mənəvi dəyərlərinin, Azərbaycan xalqının zəngin mədəniyyət nümunələrinin tanıdılması ilə əlaqədar sərgilərin keçirilməsi kimi addımlar mədəniyyət diplomatiyasının tərkib hissəsi kimi olduqca böyük önəmə malikdir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə mütəmadi olaraq Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi, Şərq və Qərb musiqisini - mədəni dəyərlərini nümayiş etdirən bu tədbir çərçivəsində məşhur ifaçılar və bəstəkarların bir araya gəlməsi, Fondun 2009-cu ildən etibarən bir sıra dövlət qurumları ilə birgə Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı təşkil etməsi və digər mühüm tədbirlər Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, mənəvi sərvətlərimizin, ölkəmizdəki yaradıcılıq, tolerantlıq və multikulturalizm mühitinin geniş beynəlxalq platformada təbliğ olunması işinə misilsiz töhfədir.   Bunlarla yanaşı, ölkəmizin müsbət və mütərəqqi simasının tanıdılmasında, zəngin mədəniyyətimizin təbliğində UNESCO platformasından geniş istifadə olunması da təqdirəlayiq hal kimi olduqca faydalıdır. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Özəlliklə diqqətə çatdırmaq gərəkdir ki, Heydər Əliyev Fondunun rəhbəri və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsində bu zamana qədər İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Həmçinin Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib. Eyni zamanda, mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilərin, mədəniyyət gecələrinin və digər tədbirlərin təşkili, eləcə də Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılması Azərbaycan reallıqlarının təbliği kontekstində çox əhəmiyyətlidir.   Mədəniyyət diplomatiyası çərçivəsində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər – görülən işlər Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayan Azərbaycanın beynəlxalq miqyasda sivilizasiyalarası dialoqun inkişafına stimul – impuls verməsini də şərtləndirir, ölkəmizin humanitar sahədə ikitərəfli əlaqələrinin inkişafına müsbət təsir göstərir. Fransa, İtaliya, Bolqarıstan və başqa bir sıra ölkələrdə dini-mədəni abidələrin bərpası kimi addımlar, “Bakı prosesi”nin uğurla davam etdirilməsi və digər faktorlar Azərbaycanın multikultural dəyərlərə həssas münasibətinin və yüksək hörmətinin, xalqlararası əməkdaşlığın dərinləşdirilməsinə davamlı dəstəyinin bariz nümunəsi kimi olduqca diqqətəlayiqdir. Bunlarla yanaşı, xalqımızın sarsılmaz həmrəyliyinin, qətiyyətli mübarizə əzminin ifadəsi və dövlətimizin qüdrətinin rəmzi olan “Dəmir yumruğun” düşmənin başını əzməsi – belini qırması nəticəsində qazanılan tarixi Zəfərdən sonra yeni mərhələdə də mədəniyyət diplomatiyası uğurla davam etdirilir. Bu, xüsusilə Azərbaycan xalqının maddi irsinə, tarixi-mədəni abidələrinə qarşı həyata keçirilmiş terror fəaliyyətinin - erməni vandalizminin ifşası və faktların beynəlxalq aləmə təqdim olunması üçün vacibdir.   Yeri gəlmişkən, Azərbaycanın böyük Qələbəsindən sonra 12-13 may 2021-ci il tarixində Şuşanın Cıdır düzündə Prezident İlham Əliyevin təşəbbüsü və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının keçirilməsi xüsusi tarixi, siyasi, ictimai və mədəni əhəmiyyətə malikdir. “Xarıbülbül” festivalı Azərbaycanın zəngin tarixi-mədəni ənənələrini bir daha dünyaya nümayiş etdirməklə yanaşı, xalqımızın tolerantlıq və multikulturalizm dəyərlərinə sadiqliyini, ölkəmizdə müxtəlif dinlərə və millətlərə mənsub olan insanların vahid ailə kimi sülh, təhlükəsizlik şəraitində mehriban birgəyaşayışa malik olduğunu növbəti dəfə təsdiqlədi. Təbii ki, Azərbaycanın mədəniyyət paytaxtı və Qarabağın tacı Şuşanın işğaldan azad olunmasından sonra ilk dəfə keçirilən “Xarıbülbül” festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların yaradıcılıq nümunələrinin nümayiş etdirilməsi həm də musiqinin dili ilə verilən dərin və konkret ictimai-siyasi mesaj kimi böyük rəmzi məna daşıyır. Bu, hər şeydən əvvəl, Vətən müharibəsində qələbəmizi təmin edən çox mühüm amillərdən biri olan ictimai həmrəyliyin – milli birliyin bariz nümunəsi - əyani ifadəsidir.   Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə müstəsna töhfə   Sadalananlarla yanaşı, Mehriban xanım Əliyevanın Azərbaycan reallıqlarının sistemli təbliğinə və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən məqsədyönlü fəaliyyətindən bəhs edərkən onun böyük təşkilatçılıq bacarığı sayəsində respublikamızın mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsini xüsusi vurğulamaq gərəkdir. Sirr deyil ki, sabitlik adası və təhlükəsizlik məkanı kimi tanınan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi olaraq səciyyələndirilir. Bunu təsdiq edən mühüm amillərdən biri respublikamızda mötəbər beynəlxalq tədbirlərin uğurla keçirilməsidir. Bu barədə bir neçə fakta nəzər yetirmək məqsədəmüvafiq olar.   Avropanın “musiqi bayramı” kimi səciyyələndirilən nüfuzlu “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin 2012-ci ildə Bakıda ən yüksək səviyyədə keçirilməsi ölkəmizin dünyada tanıdılması işində xüsusi rol oynayıb. Eyni zamanda, 2015-ci ildə paytaxtımızda baş tutan ilk Avropa Oyunları zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin yüksək əzmkarlığı sayəsində Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. Sözügedən oyunların möhtəşəm açılış və bağlanış mərasimləri unikal – bənzərsiz nümunə kimi beynəlxalq səviyyədə heyrətlə və rəğbətlə qarşılanıb. Bu, həmçinin Azərbaycan dövlətinin potensialını, gücünü, xalqımızın mənəvi dəyərlərini və ali keyfiyyətlərini bütün dünyaya nümayiş etdirib. 2017-ci ildə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərib, nəticə etibarilə, Azərbaycan IV İslam Həmrəylik Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi edib. Bu, həm də mədəniyyətlərarası dialoqun inkişafında və təşviqində vacib rol oynayan Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə daha bir töhfəsi olub.   Beləliklə, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə uğurla keçirilən bəhs olunan və digər mötəbər tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına təkan verib. Ümumiyyətlə, Azərbaycanın prestijli beynəlxalq tədbirlərə, o cümlədən mədəniyyət və idman tədbirlərinə ev sahibliyi etməsi bir çox cəhətdən strateji önəm daşıyır. Ən əsası, bu, ölkəmizin beynəlxalq arenada mövqeyinin daha da güclənməsi, Azərbaycanın imkanlarının geniş qlobal ictimaiyyətə təqdim olunması – milli reallıqların təbliği baxımından çox əhəmiyyətlidir.   Coğrafi sərhədləri aşan çoxşaxəli və xoşməramlı fəaliyyət beynəlxalq arenada – geniş qlobal platformada olduqca yüksək qiymətləndirilir   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli, ali məqsədlərə və ümumbəşəri dəyərlərə əsaslanan fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq arenada – geniş qlobal platformada da olduqca yüksək qiymətləndirilir. Bu isə təsadüfi deyil, çünki Mehriban Əliyevanın həyat kredosunu təşkil edən prinsiplərin ehtiva olunduğu genişmiqyaslı fəaliyyəti xeyirxahlığın və humanizmin nümunəsi olmaqla yanaşı, xalqlar arasında ortaq dəyərlər əsasında inteqrasiyanın sürətləndirilməsinə, mədəniyyətlərarası paritet və ahəngdar dialoqun inkişafına xidmət göstərir. Təsadüfi deyil ki, müxtəlif dövlətlərin rəsmiləri, dünya miqyasında nüfuzlu siyasətçilər, populyar ictimaiyyət və mədəniyyət xadimləri, alimlər, tədqiqatçılar Mehriban xanım Əliyevanın ayrı-ayrı sahələrin inkişafına mühüm töhfələr verən xoşməramlı fəaliyyətini təqdir edən olduqca dəyərli fikirlər ifadə edirlər. Bu isə respublikamızın Birinci vitse-prezidentinin, Heydər Əliyev Fondunun prezidentinin, UNESCO və ISESCO-nun xoşməramlı səfirinin yüksək ideallara əsaslanan, mütərəqqi ideyaları və çağırışları özündə ehtiva edən, bəşəriyyətin təmənna və gözləntilərinə adekvat cavab verən fəaliyyətinin hər hansı inzibati-coğrafi sərhədlərlə məhdudlaşmadığını, məzmun və mahiyyət etibarilə bəşəri əhəmiyyət və beynəlmiləl xarakter daşıdığını bir daha təsdiqləyir.   Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın miqyas etibarilə geniş və əhatəli, mahiyyətcə dərin və faydalı strateji, xoşməramlı fəaliyyəti nəticəsində çoxlu sayda nüfuzlu mükafatlara layiq görülməsi təsadüfi deyil. Təbii ki, milli və beynəlxalq səviyyədə elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafına verdiyi töhfələrə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə bir çox beynəlxalq mükafata layiq görülməsi Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən yüksək dəyərin – obyektiv qiymətin ifadəsidir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeninə layiq görülməsi, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı və digər mükafatlarla təltif olunması Mehriban xanım Əliyevanın nümunəvi - fenomenal fəaliyyəti ilə fərqləndiyini və yüksək beynəlxalq nüfuza malik olduğunu göstərən mühüm faktorlardandır. Bu, eyni zamanda, müasir beynəlxalq münasibətlər sistemində güclü dövlət, müstəqil siyasət həyata keçirən nüfuzlu respublika kimi tanınan Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə müstəsna töhfədir.   Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqın ona olan dərin rəğbəti, tükənməz sevgisi, sarsılmaz inamı və güclü etimadıdır   Əlbəttə, çoxsaylı orden və medallarla təltif olunan, fəxri adlara layiq görülən Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqın ona olan dərin rəğbəti, tükənməz sevgisi, sarsılmaz inamı və güclü etimadıdır. Bu isə nüfuzlu siyasətçi və populyar ictimai persona üçün, sözün əsl mənasında, böyük üstünlük və mənəvi sərvətdir.   Yeri gəlmişkən, Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunduqdan bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”, - deyə bildirməklə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bəyan etmişdi. Ötən zaman müddəti bu vədin əməli surətdə özünü doğrultduğunu göstərdi. Daha dəqiq desək, Mehriban xanım Əliyeva öz nümunəvi fəaliyyəti ilə dövlət başçısının, ona inamını ifadə edən, böyük ümidlər bəsləyən insanların etimadını ən yüksək səviyyədə doğrultmağı bacarıb! Nəticə etibarilə, müxtəlif statuslarda çoxşaxəli və genişmiqyaslı səmərəli fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə mühüm nailiyyətlərə imza atan, xalqımızın və dünya miqyasında geniş ictimaiyyətin böyük rəğbətini qazanan Mehriban xanım Əliyevanın həyat yolu parlaq nümunədir. Ülvi məqsədləri, ali dəyərləri özündə ehtiva edən, müsbət reallıqları əks etdirən bu fəaliyyət, eyni zamanda, Azərbaycanın gələcəyinə işıq salır, bundan sonra da milli və qlobal məzmunlu işlərin böyük əzmlə və qətiyyətlə davam etdirilməsinə geniş imkanlar yaradır. Əminliklə söyləmək olar ki, Mehriban xanım Əliyeva qarşıdakı dövrdə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi yerli və beynəlxalq ictimaiyyət tərəfindən təqdirlə qarşılanan fəaliyyətini uğurla davam etdirəcək, ölkəmizin strateji hədəflərinin reallaşdırılmasına öz misilsiz töhfəsini verəcək!   Tahir Budaqov YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri  

Hamısını oxu