Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 1 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi: - Xoş gəlmisiniz, hörmətli Mövlud bəy, əziz qonaqlar. Sizi görməyimə şadam. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan həmrəyliyini göstərir. Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir. Həm hörmətli Prezident, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin Sədri, siz - Xarici İşlər naziri, Müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər dəfələrlə Azərbaycana dəstək göstərmisiniz. Bu, bizi, Azərbaycan xalqını çox məmnun edir. Bu, bir daha göstərir biz bütün dövrlərdə - yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək əlbəttə ki, bizi ruhlandırır və biz haqq işimizi davam etdiririk. Bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir. Mən hər həftə azad edilmiş yeni şəhərlər və kəndlər haqqında məlumat verirəm və ümid edirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur, o cümlədən Gəncəni ballistik raketlərlə bombalamışdır, ondan sonra Bərdə şəhərini bombalamışdır və çoxsaylı itkilərimiz olubdur. Bu, bir daha Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu işğal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur. Əgər Ermənistan artıq öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışıqlar masasında olacaqdır. Ancaq ümid edirəm ki, bu proses uzun sürməyəcək. Çünki biz 30 il gözləmişik. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik. Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib. Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya Prezidenti cənab Putinə məktub göndərmişdir. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilmişdir, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur. Əgər olsaydı, biz bunu bu ilin iyul ayında edərdik. Bildiyiniz kimi, o vaxt dövlət sərhədində Ermənistan bizə hücum etmişdir və biz dövlət sərhədini keçmədən Ermənistanı öz torpaqlarımızdan çıxartdıq. Ona görə bir tərəfdən, məğlubiyyəti etiraf edir, - bu məktubun göndərilməsi bunu göstərir, - digər tərəfdən, tam təslim olmaq istəmir. Bu gün müharibənin davam etdirilməsi və hər iki tərəfdən itkilərin olması Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verir. Bütün məsuliyyət Ermənistan tərəfindədir və bu məğlubiyyəti etiraf edib torpaqlarımzdan çıxsa, danışıqlar masası arxasında məsələnin çözülməsi ən məqbul variantdır. Bir sözlə, bu məsələnin həlli artıq baş verir. Mən demişdim ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir və təməl prinsiplərinin böyük hissəsini icra edibdir. Ümid edirəm ki, təməl prinsiplərinin qalan hissəsi də icra ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Mən bu fürsətdən istifadə edərək, eyni zamanda, bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır. Eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir. Hər zaman mən əziz Qardaşımla bu barədə danışanda biz bilirdik ki, bu birlik sözdə deyil, əməldədir və bunu bu gün bütün dünya bilir. Bir daha xoş gəlmisiniz. Mövlud ÇAVUŞOĞLU dedi: -Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm, cənab Prezidentim. Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır. Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq. Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, - deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır. Prezident İlham ƏLİYEV: Bəli, bəli. Mövlud ÇAVUŞOĞLU: Bütün bu üstünlüyə - həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var. Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik. X X X Dövlətimizin başçısı Türkiyənin İzmir şəhərində zəlzələ zamanı həlak olanlarla bağlı bir daha başsağlığı verdi. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

2020-11-01 00:00:00
3199 baxış

Digər xəbərlər

2 İyul – Azərbaycan Polisi Günü: Dövlətçilik və Asayişin Qoruyucuları

Hər il 2 iyul tarixində ölkəmizdə Azərbaycan Polisi Günü qeyd olunur. Bu mühüm tarix hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların cəmiyyətin təhlükəsizliyi və qanunun aliliyinin təmin olunmasında göstərdikləri fədakarlığa dərin ehtiramın ifadəsidir. Azərbaycan polisi öz şərəfli tarixinə 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk milli polis qurumunun yaradılması barədə qəbul etdiyi qərarla başlamışdır. Bu mühüm qərar müstəqil dövlətin əsas sütunlarından biri olan hüquq-mühafizə sisteminin təməlini qoydu. Polis orqanları ötən bir əsrdən artıq müddət ərzində müxtəlif tarixi dönəmlərdən keçmiş, sınaqlardan çıxaraq bu gün peşəkar, müasir və güclü bir qurum kimi formalaşmışdır. Xüsusilə Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrdən sonra hüquq-mühafizə sistemində mühüm islahatlar həyata keçirilmiş, qanunçuluğun və hüquq normalarının qorunmasında polis əməkdaşlarının rolu daha da artmışdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyev hüquq-mühafizə orqanlarının dövlətçiliyin qorunmasında və ictimai asayişin təminində oynadığı rolu hər zaman yüksək qiymətləndirmişdir. Ulu Öndər deyirdi: "Polis xalqın keşiyində duran, onun hüquq və azadlıqlarını qoruyan bir orqandır. Onun fəaliyyəti dövlətçiliyin dayaqlarından biridir." Məhz onun təşəbbüsü və rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının strukturunda, fəaliyyət mexanizmlərində və hüquqi bazasında köklü dəyişikliklər aparıldı. Heydər Əliyev tərəfindən imzalanan fərman və sərəncamlarla polis əməkdaşlarının sosial müdafiəsi, təhsil imkanları və maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Ulu Öndərin siyasi iradəsi və dəstəyi ilə hüquq-mühafizə sistemi yenidən təşkil olunaraq, müasir çağırışlara cavab verən bir formaya salındı. Bu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, rəqəmsallaşma, şəffaflıq və insan hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar Azərbaycan polisini daha da gücləndirmişdir. Bu gün Azərbaycan polisi təkcə ictimai asayişin deyil, həm də dövlətçiliyimizin keşiyində dayanır. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizədə, hüquq və azadlıqların qorunmasında, fövqəladə hallarda əhalinin təhlükəsizliyinin təmin edilməsində ön sıradadırlar. Xüsusilə son illərdə yaşadığımız mühüm tarixi hadisələr - COVID-19 pandemiyası zamanı karantin rejiminin təmin olunması, 44 günlük Vətən müharibəsində vətənpərvərliklə xidmət etmələri Azərbaycan polisinin xalq qarşısındakı məsuliyyət və sədaqətinin bariz nümunəsi oldu. Polis əməkdaşlarının müharibə dövründə arxa cəbhədə sabitliyi qorumaq, təxribatların qarşısını almaq və cəbhə bölgələrində əhalinin təhlükəsizliyini təmin etmək üçün göstərdikləri fədakarlıq daim hörmətlə xatırlanır. Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri olaraq ölkəmizin hüquq-mühafizə orqanlarında xidmət edən bütün əməkdaşlara səmimi təbriklərini çatdırır, onların dövlətimizə və xalqa xidmətini yüksək qiymətləndirir. Bu bayramda biz bir daha vurğulayırıq ki, polis əməkdaşlarının məsuliyyətli və şərəfli xidmətləri xalqımızın rifahına, dövlətçiliyimizin möhkəmlənməsinə və ölkəmizin sabitliyinə xidmət edir. Azərbaycan Polisi Günü münasibətilə vəzifəsini ləyaqətlə və vicdanla yerinə yetirən bütün hüquq-mühafizə orqanları əməkdaşlarını ürəkdən təbrik edirik. Onlara şərəfli vəzifələrində uğurlar, möhkəm cansağlığı, ailə səadəti və daha böyük nailiyyətlər arzu edirik. Onların daim xalqın və dövlətin etimadını doğrultmaları, hüququn aliliyinin təminində sarsılmaz iradə nümayiş etdirmələri Azərbaycanın daha təhlükəsiz və ədalətli gələcəyi üçün möhkəm zəmin yaradır. Azərbaycan Polisi Günü mübarək olsun! Cəlil Xəlilovun : Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
İlham Əliyevin “France 24”-ə “yox” deməməsi, dövlət başçısının media və söz azadlığına münasibətini əsk etdirir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 fevral 2026-cı il tarixində Münxen şəhərində Fransanın aparıcı televiziyalarından olan “France 24” telekanalına müsahibə verib.  Müsahibəsində Azərbaycan-Fransa münasibətləri, eləcə də erməni separatçıları ilə bağlı suallara hər zamankı kimi səlis, məntiqli və təkzibedilməz faktlarla cavab verən İlham Əliyev, bu dəfə də media platformasında həyata keçirilən bütün hücumları “mat”la cavablandırdı. Müzəffər Ali Baş Komandan öz hazırcavablığı və heyrətamiz məntiqi ilə sübut etdi ki, hərb və diplomatiya müstəvisində olduğu kimi, media platformasında da “məğlubedilməzlik kəməri” ona məxsusdur və bu “kəməri” kimsəyə güzəştə getmək fikrində deyil. İlham Əliyev “France 24”-ün müsahibə istəyinə “yox” deməməklə özünün media və söz azadlığına olan münasibətini ortaya qoydu. Dövlət başçısı bununla sübut etdi ki, o, mediaya – hətta Azərbaycana qarşı böhtan kampaniyası aparan Fransa dövlətinin televiziyasına belə ehtiram göstərməyi, onun suallarını cavablandırmağı vacib hesab edir. Bundan başqa, dövlət başçısı “France 24” telekanalına müsahibə verməklə istənilən sualı cavablandırmağa hazır olduğunu, heç bir hadisə və prosesin onun üçün “çətin mövzu” olmadığını isbatladı. İlham Əliyev “France 24”-ün müxbirinin erməni separatçıları ilə bağlı ardıcıl və qərəzli suallarını nəinki cavabsız qoymadı, bu sualların hər birini ətraflı şəkildə cavablandırmaqla həm erməni separatizmini, həm də onu himayə edənlərin anti-insani simasını, taixi  ədalətsizliyini gözlər önünə sərdi. Bir sözlə, Prezident İlham Əliyev “France 24” telekanalına müsahibəsi ilə özünü “demokratiyanın əsas carçılarından” biri hesab edən Fransaya növbəti dəfə dərs verdi. Azərbaycanın dövlət başçısı isbatladı ki, əsl demokratiya sözdə deyil, əməldə təzahür edilməsi gərəkən bir dəyərdir və hələ ki, Fransa dildə səsləndirdiyi bu dəyəri felən reallaşdırmaqda acizdir. Seymur ƏLİYEV  

Hamısını oxu
Qubada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 1 iyun 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyəti və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Hər uşaq bir ümid, bir gələcəkdir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon İcra Hakimiyyətində şəhid övladları ilə görüşərək onları bayram münasibətilə təbrik edərək, hədiyyələr təqdim etmiş və onlara uğurlar arzulamışdır. Sonra Quba rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm kursunun üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək bildirmişlər ki, uşaqların hüquqlarının qorunması, onların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd olunmuşdur ki, ölkəmizdə uşaqların hərtərəfli inkişafı, sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir. Daha sonra tədbirin bədii hissəsində uşaqların ifasında şeirlər səsləndirilmiş, musiqi və rəqs nömrələri təqdim olunmuş, həmçinin peşəkarlar tərəfindən nağıl animasiyaları nümayişi etdirilmişdir. Nümayiş etdirilən maraqlı çıxışlar iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır. Sonda uşaqlara bayram hədiyyələri təqdim olunmuş, xatirə şəkilləri çəkdirilmişdir.      

Hamısını oxu
İlham Əliyev dünya azərbaycanlılarına müraciət etdi

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib. Təbrikdə deyilir: "Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram. 2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə hər iki təsisatın COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşü baş tutmuşdur. Cari ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir. Bu, Azərbaycanın qlobal proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəricisidir. Ermənistanın danışıqlar prosesini sarsıdan təhrikçi açıqlamaları və əməlləri, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, qoşunlarını təmas xəttinə cəmləşdirməsi, terror əməllərini törətmək üçün diversiya qruplarını göndərməsi onun növbəti çirkin niyyətlərindən xəbər verirdi. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı beynəlxalq ictimaiyyət Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar edilmişdir. Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir. Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Əziz həmvətənlər! Doğma Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

Hamısını oxu