Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib: “Əziz hərbçilər, Vətən Müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq.

 
Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz.  İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Mən xahiş edirəm ki, Vətən müharibəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatirəsini yad edək, bir dəqiqə sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin! Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik. Döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz - bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində - 30 ilə yaxın dövr ərzində düşmən sadəcə olaraq bizi aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, əks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər. Biz çalışırdıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. O cümlədən, mən 17 il ərzində ölkə başçısı kimi çalışırdım ki, məsələ sülh yolu ilə həll olunsun və bu məsələnin uzanmasının əsas səbəbi də budur. Bir də beynəlxalq vasitəçilər bizi inandırırdılar ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Ancaq son bir il ərzində gördük ki, bizi sadəcə olaraq aldadırlar, sülh prosesi demək olar, iflic vəziyyətə düşmüşdü. Ermənistanın yeni rəhbərliyi qəbuledilməz, zərərli addımlar və ifadələrlə faktiki olaraq danışıqlar prosesini məhv etmişdi və son aylar ərzində bunu heç də gizlətmirdi. Nümayişkaranə elə addımlar atılırdı ki, həm bizə, həm bütün dünyaya göstərsinlər ki, işğal edilmiş torpaqlar əbədi işğal altında qalacaq. Onlar müxtəlif xəritələr dərc etmişdilər. Bu xəritələrdə “Dağlıq Qarabağ Respublikası”nın sərhədlərini müəyyən etmişdilər, o sərhədlərin içərisinə bütün işğal edilmiş torpaqlar da daxil idi. Onlar bizim tarixi şəhərlərimizin adlarını dəyişdirmişdilər, yeni eybəcər adlar vermişdilər. Bütün kəndlərimizin adlarını dəyişdirmişdilər. Tarixi-mədəni irsimizi silmək istəyirdilər. Xaricdən erməniləri Şuşaya gətirib məskunlaşdırmaq istəyirdilər. Yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində o məskunlaşmanı, xüsusilə Arazboyu yerləşən rayonlarda o məskunlaşmanı sürətləndirmək istəyirdilər. Xaricdə yaşayan ermənilərin maliyyə və siyasi dəstəyi hesabına bir neçə ölkədə bəzi bələdiyyələr artıq “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qərarlar qəbul etmişdilər. Bütün bunlar nəyi göstərir? Bütün bunlar onu göstərir ki, onlar hesab edirdilər, bax, bu yollarla həm işğalı qanuniləşdirəcəklər, həm də qondarma kriminal qurumun tanıdılması istiqamətində uğurlar qazanacaqlar. Görəndə ki, bizi, sadəcə olaraq, aldadırlar, bizi, müqəddəs yerlərimizi təhqir etməyə çalışırlar, biz sözümüzü dedik və mən bunu gizlətmirdim. Bütün bu dövr ərzində - 17 il ərzində demişdim ki, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik. Kim nə deyir-desin, bu gün də eyni fikirdəyəm, eyni sözlərimi deyirəm. Bu 44 gün ərzində mənə nə qədər zənglər oldu, nə qədər siqnallar göndərildi ki, dayanın, dayanın. Deyirdim ki, şərt qoyuram düşmən qarşısında, çıxsın torpaqlarımızdan biz dayanaq. Bəyanat versin ki, çıxıram, biz dayanaq. Cədvəl versin, tarix versin, biz dayanaq. Amma düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər. Artıq birinci həftələrdən sonra dərk etdilər ki, bizim qabağımızda dura bilməyəcəklər. Ona görə beynəlxalq ictimaiyyətə daha fəal şəkildə müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr bizi dayandırsınlar. Mən isə deyirdim ki, heç kim bizi dayandıra bilməz, sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan etməlidir ki, filan tarixdə filan rayonlardan çıxır və buna nail olduq. Noyabrın 9-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim etiraz etmirəm. Dedim getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamısan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünki indi onu tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamısan? Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir. Xalqımızın duyğularını təsəvvür etmək çətin deyil. Mən bu dönəmdə hər gün minlərlə məktub alıram. Sevinclə dolu, minnətdarlıqla dolu, qürur hissi ilə dolu məktublar məni doğrudan da çox duyğulandırır. Bu gün bizim televiziya kanallarımız, internet saytlarımız uzun illər məcburi köçkün həyatı yaşamış insanları, onların duyğularını, onların sözlərini ictimaiyyətə təqdim edəndə onların ən çox sevdiyi və dediyi ifadəni mən bildirmək istəyirəm. Deyir ki, artıq mən qaçqın deyiləm. Bilirsiniz bu, nə deməkdir? Bu, bəlkə də ən xoşbəxt anların təzahürüdür, həm bu insanların həyatında, həm bizim hamımızın həyatında və mənim həyatımda. Deyir ki, mən artıq köçkün, qaçqın deyiləm. Onlar bu daşı öz ətəyindən tökmək istəyirdilər. Onlar mənfur düşmən tərəfindən bizə yapışdırılmış belə bir ifadədən öz canlarını qurtarmaq istəyirdilər və bu gün gəldi. Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq. İlk növbədə, əlbəttə, təhlükəsizlik tədbirləri görülməlidir. Mənfur düşmən o bölgələrdə demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb edəcəyik. Çünki qısa müddət ərzində bunu etmək üçün bizdə daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq. Eyni zamanda, bildiyiniz kimi, bu 44 gün ərzində düşmən öz məğlubiyyətinin acısını mülki vətəndaşlardan çıxarmaq istəyirdi. Bunun nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina ya dağıldı, yandı, ya da ki, ziyan gördü. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək. Yəni, bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövlüyümüzün bərpası idi, bayrağımızın Şuşada ucaldılması idi, işğal altında olan bütün başqa torpaqlarda bayrağımızın qaldırılması idi. Buna nail olduq! Biz tarixi anlar yaşayırıq. Görürsünüz ki, küçələrdə insanlar bu bayramı necə qeyd edirlər. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu təbiidir. Çünki biz bir millət, iki dövlətik. Bu günlər ərzində əziz Qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq. Yenə də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim bizə öz dəstəyini ifadə etmişlər. Görürsünüz, nə qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. İndi həyatımızda yeni dövr başlayır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək. Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımı tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq. Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir. Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Artıq müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək. Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik. Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu gətirmək mümkün deyil. Amma bu məlumatı mən ardıcıl şəkildə xalqımıza təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu demək olar ki, yoxdur. Özləri də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi. Yəni, qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik. Planlarım çoxdur. İnşallah, hamısını icra edəcəyik. Bu tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayıdacaqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq. Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Baş leytenant Mail Əsgərov: “Həqiqi hərbi xidmətimi ehtiyatda olan zabit kimi başa vurmuşdum və ehtiyata buraxılmışdım. Sizin əmrinizlə qismən səfərbərlik elan olunanda mən də yenidən hərbi xidmətə, ordu sıralarına qayıtdım və düşmənlə Füzuli rayonu istiqamətində vuruşduq, orada da yaralandım. Çox fəxarət hissi keçirirəm ki, döyüş yoldaşlarım mənim missiyamı yarımçıq qoymadılar, qələbə çaldılar. Yaralanandan sonra müalicə aldığım xəstəxanada Sizin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı etdiyiniz çıxışları böyük səbirsizliklə gözləyirdik. O çıxışların içində bizim üçün əhəmiyyət kəsb edən çıxışlardan biri də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində üçrəngli bayrağın dalğalanması xəbərini eşitmək arzusu idi. Onu da Siz bizə nəsib etdiniz. Ona görə Sizə xüsusi təşəkkürümü bildirəm. Siz ötən çıxışınızda, daha doğrusu, son çıxışınızda xalqa müraciətlə dediniz ki, biz dəmir yumruq olaraq düşmənə qalib gəldik. Mən bunu belə xarakterizə edərdim ki, bu dəmir yumruq həm xalqımızın birliyi, xalqımızın vəhdəti, ordumuzun gücü və xüsusən qeyd etmək istəyirəm ki, xalqın Sizə olan böyük inamıdır. Yəni, xalqın içində olaraq bunu mən deyirəm, xalqın Sizə olan böyük inamıdır. Bu, qələbəni təmin etdi. Biz o yumruqla düşməni əzdik. Bu Qələbəni, bu sevinci, bu qalibiyyəti bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edib Qələbəyə görə Sizi təbrik edirəm və Mehriban xanım, Sizi təbrik edirəm. Çox sağ olun”. Prezident İlham Əliyev: “Çox sağ olun. Biz bu Qələbəni çoxdan gözləyirdik. Bizim xalqımız bu Qələbəyə layiqdir. Bizim xalq qalib xalqdır. Sağ olun, uşaqlar”. 14:06 Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb.  
 

2020-11-11 00:00:00
3537 baxış

Digər xəbərlər

İsmayıllıdan olan şəhidin doğum günü qeyd olunub

Avqustun 28-də ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Aqil Mirzəliyevin doğum günü Şəhidlər Xiyabanında, məzarı yanında mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. Şəhidin ailəsi ilə bərabər, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Müdafiə Nazirinin müşaviri, polkovnik Abdulla Qurbani, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, ictimaiyyətin nümayəndələri, şəhidin yaxınları, döyüş yoldaşları, universitet müəllimləri, şəhid ailələri onun xatirəsini ehtiramla anıblar.   Şəhidlər Xiyabanı önündə şəhidin doğum günü münasibəti ilə keçirilən mitinqdə Müdafiə Nazirinin müşaviri, polkovnik Abdulla Qurbani, RİH başçısı Nahid Bağırov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmalarını qeyd edərək, rayonda da şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərildiyini vurğulayıblar. Aqil Mirzəliyevin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirbilər.   Hərbi orkestrin müşayiəti ilə şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Mərasim şəhidin doğulduğu evdə davam edib. Aqilin təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisası fakultəsinin dekanı Hafis Hacıyev şəhidin diplomunu ailəsinə təqdim edib. Daha sonra rayon rəhbəri ailəyə şəhidin "Kəlbəcərin azad olunmasına görə" medalını təqdim edib. İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.   44 günlük Zəfər yürüşünün qəhrəmanlarından olan Mirzəliyev Aqil Mehman oğlu 1999- cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005-ci ildə İ.Həsənov adına 1 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul edilmişdir. Orta məktəb dövründə fəal olan Aqil respublika fənn olimpiadalarının, bilik və intellektual yarışlarının dəfələrlə respublika çempionu olmuş və çox saylı diplom və mükafatlarla təltif edilmişdir. 2016-cı ildə keçirilən qəbul imtahanında 613 bal yığaraq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına (dövlət sifarişli) qəbul olmuşdur. 2020-ci ildə universiteti bitirdikdən sonra 27 iyulda hərbi xidmətə yollanmışdır. Xüsusi təyinatlı qüvvələrdə xidmət edirdi. Sentyabrın 27-i başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərdə fəal iştirak edirdi. Kəlbəcər (Murovdağ), Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd rayonlarının azad olunmasında fəal iştirak etmişdir. Oktyabrın 20-i Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Oktyabrın 23-ü İsmayıllı rayonun Şəhidlər xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Sonda şəhidin valideyinləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.  

Hamısını oxu
91 saylı tam orta məktəbdə veteranlarla görüşü keçirildi

Şagirdlərlə görüş Respublika Veteranlar Təşkilatı gənclərdə vətənpərvərliyin yüksəldilməsi istiqamətində müntəzəm tədbirlər keçirir. Ümumtəhsil məktəblərində, liseylərdə, kollec və universitetlərdə gənclərlə görüşlər keçirilir, onlara vətəni sevməyin müqəddəsliyi aşılanır. Respublika Veteranlar Təşkilatının təşəbbüsü ilə Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 91 saylı tam orta məktəbdə yanvar ayının 12 də veteranlarla məktəblilərin növbəti görüşü keçirildi. Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev, təşkilatın sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Böyük Vətən müharibəsi veteranı A.A.Qritçenko, Sosialist Əməyi Qəhrəmanı Ö. Ağayev və digər veteranlar,  media nümayəndələri məktəbin şagird və müəllim kollektivi iştirak etdi. İlk öncə Respublika Veteranlar Təşkilatının nümayəndəli məktəblə tanış oldular.  Məktəbin direktoru Svetlana Zülfüqarova yaradılmış şəraitə, müasir tələblərə tam cavab verecək şəkildə qurulmasina görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi. Məktəbdə yaxın zamanlarda lazımı avadanlıqlarla təhciz edilmiş hərbi sinif otağının qurulacağı da vurğulandı. General-mayor Dadaş Rzayev bu cür auditoriyaların hər bir məktəbdə olmasının zəruriliyini vurğuladı və  bu sahədə Respublika Veteranlar Təşkilatının kollektivinin məktəbə komək edəcəyini bildirdi. Veteranlar siniflərdə dərs prosesini izlədilər. Şagirdlərə dəyərli tövsiyələr verdilər, vətəni sevməyin məhz məktəblərdə aşilanmalı olduğunu bildirdilər. “Hər bir məktəbli sabahımızın layiqli vətəndaşı və cəsur əsgəridir. Məktəblərsə onları buna hazırlayan elm ocaqlarıdır”- deyə Dadaş Rzayev bildirdi. Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Svetlana Zülfüqarova bu gün əlamətdar günlərdən biri olduğunu, respublikamızın qəhrəman oğullarnın məktəblilərlə görüşə gəldiklərini, veteranlarımızın bizim canlı tariximiz olduğunu qeyd etdi. Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev şagirdləri salamladı, onlara tədris ilində müvvəfəqiyyətlər arzuladı. “Bu gün mən, eləcə də buradakı hər bir veteran fəxr edir və sevinir ki, sizlərlə görüçə gəlmişik. Mən azərbaycanlı gənclərlə, sizlərlə fəxr edirəm. Sizlərə baxanda Azərbaycanımızın gələcəyinin etibarlı əllərdə olduğuna bir daha əmin olruq. Müstəqilliyimizin əbədi və daimi olacağına inanırıq. Biz müstəqilliyimizi qurduq, imperializmlə, faşizmlə, zülmlə çarpışdıq, mübarizə apardıq. Qanımız, canımız bahasına qalib gəldik. Amma bizim mübarizəmiz nəticəsiz qalmasa da, təssüfflər olsun ki, faşizmi, işğalçılıgı tam məhv edə bilmədik. Erməni vandalizminin şahidi olduq. Torpaqlarımızı işğal etdilər, vətəndaşlarımızı amansızlıqla qətlə yetirdilər. Tarixən başımıza gətirdikləri soyqrmı, vandalizmi Xocalıda yenidən təkrarladılar. Dünyada yeni vandalizm, yeni faşizm yaratdılar-erməni faşizmi. 1988-ci ildən başlayan proseslərin biz canlı şahidləriyik, sizlərsə onları tarix kitablarından, televiziyadan, fotoşəkillərdən öyrənirsiz. Hər birimiz erməni məkrini, erməni riyakarlığını görürük. Bunlar hamısı faktlardır. Bizim torpaqlarımızı işğal ediblər. Lakin bu bizim məğlubiyyətimiz deyl, biz onlarla mərdliklə vuruşurduq. Qarabağda düşmən tərəfindən isə muzdla döyüşənlər çoxluq təşkil edirdi. Ermənilərin havadarları onları yaxşı silahlandırmışdı. Bildiyiniz kimi o dövrdə bizim ölkədə dağınıqlıq idi. Ordu yox dərəcəsindəydi, özünümüdafiə dəstələri təşkil edilsə də, pərakəndəlik idi. Ümummilli liderimiz Heydər Əliyevin ölkədə yenidən rəhbərliyə qayıdışından sonra vəziyyət dəyişdi. Ordu quruculuğu başladı, iqtisadiyyat canlandı. Bir sözlə respublikamıza yeni nəfəs, yeni ruh gəldi.  Bu gün siz əmin-amanlıq şəraitində yaşayırsınız. Ölkəmiz dünyanın ən sabit ölkələrindən biridir. Bu isə düzgün təkil edilmiş siyasətin nəticəsidir. Ordumuzun inkişafı göz önündədir. Ordunun maddi-texniki təminatı günbəgün artırılır. İxtisaslı kadrlarla ordumuz bu gün tam təmin edilmişdir. Sizlər sabahın əsgərlərisiz və hər biriniz gələcəkdə hərbi xidmətdə bundan əmin olacaqsız. Vətəni qorumaq hər birimizin borcudur. Vətən üçün canımızdan keçməyə hər an hazır olmalı, vətəni əzmlə müdafiə etməyi bacarmalıyıq. Mən sizin hər birinizə dərslərinizi yaxşı oxumağı tövsiyyə edirəm. Çünki siz gələcəyin kadrlıarısız, bizə savadlı kadrlar lazımdır. Hərb sənətinə yiyələnənlər nəinki, hərb sənətini, eləcə digər elmləri də dərindən bilməlidirlər. Zabit olmaq, hərbiçi olmaq heç də asan iş deyildir. Hər birinizə dərlərinizdə müvəffəqiyyətlər arzulayıram”. D.Rzayev daha sonra şagirdləri maraqlandıran suallara dolğun və ətraflı cavab verdi. Şagirlərdən Nigar Cavadova; “Siz general-maor rütbəsinə yüksəlmisininiz, bununla fəxr edirsinizmi?” Bəli fəxr edirəm. Bu, hər bir hərbiçi üçün fəxr və iftixardı. Nəinki general olmaq, Azərbaycan ordusunda xidmət etmək fəxr və iftixardır. Bununla bütün hərbiçilərimiz rütbəsindən asılı olmayaraq fəxr edirlər. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək şagirdlərə dərslərində uğurlar arzulayaraq, Vətənin müdafiəsinin hər birimizin müqəddəs borcu olduğunu bildirdi. C.Xəlilov ölkə prezidenti cənab İlham Əliyevin hər sahəyə, o cümlədən təhsilə, gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq, orduda, iqtisadiyyatda, təhsildə əldə edilən müvəffəqiyətlərin danılmaz olduğunu bildirdi. “Təhsil millətin gələcəyidir. Sizlərsə bizim gələcəyimizsiniz. Yaxşı təhsil almalı, biliklərə yiyələnməli, gələcəkdə universitetlərdə, hərbi Akademiyalarda oxumalısız. Xalqımızın layiqli övladları kimi yetişməli, Azərbaycanın qüdrətinin, şöhrətinin artırılmasına öz töhfələrinizi verməlisinis. Elə etməlisiniz ki, gələcəkdə başınızı uca tutmağı bacarasınız” –deyə C.Xəlilov vurğuladı. Respublika Veteranlar Təşkilatının Hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev gənclərə dəyərli məsləhətlər verdi, onlara millətimizi sevməyə, daim dövlətimizlə birgə olmağa çağırıdı. “Gələcək sizindir. Siz bu gələcəyə elmlə təhsillə sahib olmalısız. Bunun üçün dərslərinizi yaxşı oxumalı, laiqli vətəndaş olmalısız”, o - dedi. Veteranlar A.A.Qritçenko və Ömər Ağayev keçdikləri şərəfli hayat yolunu, xatirələri şagirdlərlə bölüşdülər. Harada olmağından asılı olmayaraq əsl layiqli vətəndaş olmağın vacıbliyini vurğuladılar. Tədbirin sonunda fəaliyyəlləri ilə fərqlənən müəllimlərə və bir neçə şagirdə fəxri fərmanlar təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi.  

Hamısını oxu
Bioloji təbabət haqqında nə bilirik

Mən enerjini günəşdən alıram... İnsan orqanizmində baş verən xəstəliklərə iki cür – fəlsəfi və material yanaşma mövcuddur. Onlardan birincisi akademik təbabət adlanır. Yəni insan orqanizmi bütün dünyada qəbul olunmuş normativlər və proqramlar əsasında öyrənilir; xəstəliklərə səbəb və nəticə kontekstindən yanaşılır; onların etipotegenik potologiyası, yəni səbəbi tapılır; o səbəbin xəstəliyi hansı yollarla yaratması potogenitik istiqamətdə araşdırılır və nəhayət, müvafiq müayinələr təyin edilir. İkinci yanaşma isə müəyyən mənada birinciyə alternativ xarakter daşıyan bioloji təbabətdir. Əvvəllər onun adı homotoksikologiya idi, sonradan sistemli bioloji yanaşma kimi xarakterizə edildi. İndi isə inteqrativ təbabət adlanır. Onun əsas məqsədi xəstəliklərə yanaşma üsullarının bir-birinə inteqrasiyasına nail olmaq, bütövlükdə müalicə aparmaqdır. Bu iki metod arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirmək üçün xəstəliyə yanaşma fəlsəfəsi mövcuddur. Şərq təbabətində, xüsusilə Çində, Tibetdə, Hindistanda, cənub-şərqi Asiyada və yaxın Şərqdə daha çox yayılmış bir metod var: bu metodla insanda müəyyən olunan xəstəliklər orqanizmdən tam şəkildə xaric edilir. Bioloji təbabət də öz qarşısına anoloji məqsəd qoyub: insan orqanizmini təmizləmək, yəni hüceyrələrdə, toxumalarda və orqanlarda yığılmış toksinlərin aradan götürülməsi yolu ilə orqanizmin öz funksiyasını tam şəkildə bərpa etməsinə və yerinə yetirməsinə şərait yaratmaq. Bu ideya ilk dəfə Homotoksikologiya elminin banisi alman alimi Rekyevik tərəfindən hələ ötən əsrin əvvəllərində irəli sürülüb. Və müvafiq müalicə prinsipləri işlənib hazırlanıb. Lakin ideya geniş rezonans qazana bilmədi. Tənqidçiləri çox oldu. Və bir müddət yaddan çıxarıldı. Amma sonradan Qərbdən və Avropadan Çinə gedən mütəxəssislər şərq təbabətinin yanaşma tərzini öyrəndikdə Rekyevikin nə qədər haqlı olduğunu müəyyənləşdirdilər. Bununla da, Rekyevikin unudulmuş ideyası yenidən gündəmə gəldi. Yeni klinikalar yaradıldı və bioloji təbabət daha ciddi və daha səmərəli müalicə vasitəsi kimi formalaşdı. Xəstəliyin yaranma səbəbi və nəticə kontekstindən yanaşdıqda, bioloji təbabət əsasən problemə kompleks şəkildə müdaxilə prinsip ilə yadda qalır. Məlum olduğu kimi, bu və ya digər yollarla insan orqanizminə daxil olan toksinlər – homotoksinlər hüceyrəətrafı mühiti çirkləndirir. Hüceyrə ilə onun ətrafı arasında gedən müntəzəm mübadilə prosesinə ciddi təsir göstərir, onu əhəmiyyətli dərəcədə ləngidir. Nəticədə sərhədlər arasında blok yaranır. O da məlumdur ki, aralıq məhsullar hüceyrə məsamələri vasitəsilə hüceyrəətrafı mühitə – matriksə ötrülür və orqanizmdən xaric olunur. Bioloji təbabət həm hüceyrədaxili, həm də hüceyrəətrafı mühiti – matriksi təmizləyir. Hüceyrənin avtonom yaşaması üçün bütün şəraiti var. Ancaq toksinlərin hüceyrə məsamələrini çirkləndirməsi mübadilə prosesində ciddi əngəllər yaradır. Başqa sözlə desək, toksinlərin hüceyrənin içində oturması xəstəliyi yaradan əsas faktorlardandır. Bu mənada bioloji təbabətin tətbiq etdiyi müalicə sistemi ilk növbədə hüceyə və hüceyrəətrafı mühitə daxil olmuş toksinləri zərərsizləşdirməklə hüceyrənin və matriksin sinxron fəaliyyətini bərpa edir, xəstəliyi aradan qaldırır. Digər tərəfdən, bioloji təbabətin tətbiq etdiyi pereparatlar toksinlərin zərərsizləşdirilməsi məqsədilə həm çıxarıcı orqanların fəaliyyətini gücləndirir, orqanizmi təmizləyir, həm də immun sistemini gücləndirir. Ayrıca vurğulanmalıdır ki, bioloji təbabətin tətbiq etdiyi pereparatlar əsasən xüsusi plantasiyalarda yetişdirilmiş bitkilərdən – təbii yolla hazırlanır. Kimyəvi pereparatlardan fərqli olaraq, heç bir yan təsiri yoxdur. Ona görə də onları yaşından və durumundan asılı olmayaraq bütün insanlara tətbiq etmək mümkündür. Təbabət sahəsində əldə olunmuş praktik uğurları səbəbindən Qərbi Avropada, xüsusilə Almaniyada, Avstriyada, Cənubi Amerikada, Kolumbiyada, Argentinada Braziliyada, Şimali Amerikada, Kanadada tibb universitetlərində bioloji təbabətə aid kafedralar fəaliyyət göstərir və o, elm kimi tədris olunur. Haqqında tələbələrə və həkimlərə ətraflı bilgilər verilir. Bioloji təbabətin Azərbaycana gətirilməsi və setifikatlaşdırılması 1997-cı ildən “Planeta” şirkətinin qurucusu və direktoru kimi tanınan Elxan Yaqubovun gərgin və səmərəli əməyi və adı ilə bağlıdır. Məhz onun mesenatlığı və təşəbbüsü ilə mərkəzi Almaniyada yerləşən Bioloji təbabətlə müalicə metodu 2001-ci ildən ölkəmizdə fəaliyyətə başlamışdır. Bioloji Tənzimləyici Təbabət metodları ilə bütün ixtisaslar üzrə müalicə aparacaq həkimlər Elxa Yaqubovun əvəzsiz dəstəyi ilə Almaniyaya uzunmüddətli ezamiyyəyə göndərilmiş, təcrübə mübadiləsi keçmiş, müvafiq bilgilər əldə etmişlər. Bundan sonra 2009-cu ilin dekabrında Bioloji Təbabət Klinikası təsis edilmişdir. Hazırda öz şəbəkəsini genişləndirən Bioloji Təbabətin Bakıda, Sumqayıtda, Masallıda və Göyçayda tibbin bütün tələblərinə yüksək səviyyədə cavab verən müasir klinikaları klassik müalicə üsulları ilə inteqrativ şəkilldə, müştərək olaraq vahid bir məxrəcdə  uğurla fəaliyyət göstərir və nəzərəçarpacaq praktik nəticələr əldə edir. Qeyd: Yazı tibb elmləri doktoru, professor Rafiq Quliyevin fikirləri əsasında hazırlanmışdır.

Hamısını oxu
Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyindən qazilərimizə böyük dəstək

Milli Məclisin Gənclər və idman komitəsinin də köməkliyi ilə 100-ə qədər sağlamlıq imkanı məhdud qazi müasir əlil arabaları ilə təmin edildi   Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatındakı büstü önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və söz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova verilib.   “Bu cür addımlar türk xalqının birliyi, həmrəyliyi baxımından da mühüm əhəmiyyətə malikdir” Çıxışında qazilərimizə göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına öz təşəkkürünü bildirən Cəlil Xəlilov, Azərbaycan dövlətinin şəhid ailələri və qazilərə yüksək qayğı göstərdiyini, bununla yanaşı, qazilərimizə yönəlik bu cür yardımların da cəmiyyətimizdə böyük məmnunluq doğurduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, bu addım həm də türk xalqının birliyi, həmrəyliyi baxımından mühüm əhəmiyyətə malikdir.  “44 günlük Vətən müharibəsində bizdə Avropada anti-Azərbaycan qüvvələrinə qarçı müharibə aparmışıq”   Cəlil Xəlilovdan sonra çıxış edən İlhan Aşkın öncə rəhbəri olduğu  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında qısa məlumat verib, adıçəkilən qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olduğunu bildirib. 44 günlük Vətən müharibəsində onların da Avropada anti-Azərbaycan qüvvələrinə qarşı informasiya müstəvisində müharibə apardığını bildirən İlhan Aşkın, bundan sonra da  şəhid ailələri və qazilərin diqqət mərkəzində saxlanılacağını bildirib. Dərnək rəhbəri əlil arabalarının Azərbaycana gətirilməsində göstərdiyi köməkliyə görə parlamentin vitse-spikeri millət vəkili Adil Əliyevə təşəkkür edib.  “Şəhid ailələri və qazilərə qayğı göstərmək hər kəsin vicdan və vətəndaşlıq borcudur”  Milli Məclisin vitse-spikeri Adil Əliyev də çıxışında  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına nəcib təşəbbüsünə görə təşəkkür edib, onun hələ 44 günlük Vətən müharibəsindən öncə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb. Vaxtiylə “Gün gələcək Qarabağ ermənilərə məzar olacaq” sözlərinə görə İlhan Aşkının təzyiq və cərimələrə məruz qaldığını bildirən millət vəkili, bütün məhrumiyyətlərə baxmayaraq  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbərinin bu gün də Azərbaycan maraqlarının müdafiəsində yaxından iştirak etdiyini bildirib.   Çıxışında hər bir vətəndaşı şəhid ailələrinin, qazilərin yanında yer almağa, onlara diqqət və qayğı göstərməyə səsləyən millət vəkili Adil Əliyev, bunun hər kəs üçün vətəndaşlıq və vicdan borcu olduğunu bildirib.  İlahiyaytçı Hacı Şahin də çıxışında  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin qazilərimizə dəstəyini yüksək qiymətləndirib, şəhid ailələri və qazilərə dəstək verməyin vacibliyini qeyd edib. Şəhid və qazilərin Allah sevgisini qazanan insanlar olduğunu bildirən Hacı Şahin, şəhid ailələri və qazilərə köməyin də həm mənəvi, həm də dini baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirib.   Millət vəkillərindən Vüqar İsgəndərovun, Əziz Ələkbərlinin, Etibar Əliyevin, Cavid Osmanovun, Jalə Əhmədovanın da iştirak etdiyi tədbirin sonunda bir sıra ictimai-siyasi fəallar  Niderland Azərbaycan-Türk Mədəniyət Dərnəyi tərəfindən təltif edilib, sağlamlıq imkanı məhdud olan qazilərə əlil arabaları təqdim olunub.  Seymur ƏLİYEV

Hamısını oxu