Ən son xəbərlər
Sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin 26 illiyidir və eyni zamanda Neftçilər Günü kimi qeyd olunur. 1994-cü ilin sentyabrın 20-də Azərbaycanla beynəlxalq şirkətlər arasında “Əsrin müqaviləsi” imzalanıb. Bu, Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın iri neft şirkətləri ilə bağlanmış müqavilə idi. Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Müqavilənin qüvvəyə minməsinin Azərbaycanı dünya arenasında aparıcı mövqeyə çıxarıb, bu müqavilə həm də Azərbaycanın enerji təhlükəsizliyinin əsasını qoyub. “Şahdəniz” yatağı üzrə müqavilə “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalanıb. 2017-ci ilin sentyabrın 14-də “Azəri”, “Çıraq” və “Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalanıb. Sazişi BP, SOCAR, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TPAO, “Itochu” və “ONGC Videsh Ltd.” OVL şirkətlərinin rəhbərləri imzalayıblar. Müqavilə ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. Prezident İlham Əliyev 2019-cu ilin sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə deyib ki, “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. “Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılıb. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var”,-deyə Prezident bildirib. Bu gün Azərbaycan Avropanın enerji xəritəsinin dəyişməsində mühüm rola malikdir. Azərbaycanın liderliyi altında bir çox enerji layihələri gerçəkləşib, Azərbaycan qazının Avropaya çatdırılması üçün əhəmiyyətli addımlar atılıb. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatdırılıb, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri üzrə saziş imzalanıb. “Şahdəniz” yatağının tam miqyasda işlənilməsi üçün bu hadisənin xüsusi yeri var. 2018-ci ildə TANAP və Cənub Qaz Dəhlizini rəsmi şəkildə açılışı olub. 2019-cu ilin noyabrın 30-da Prezident İlham Əliyev Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimidə deyib ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. “Onlardan üçü - “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcək”,-deyə İlham Əliyev bildirib. TAP istifadəyə veriləndən sonra Azərbaycan qazı Avropa ölkələrinə tədarük olunacaq. Neftçilər Günü ilə “Əsrin müqaviləsi”nin eyni vaxtda qeyd olunması təsadüfi deyil. Mərhum Prezident Heydər Əliyevin 2001-ci il 17 avqust tarixli fərmanı ilə Azərbaycan Respublikasında “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. Heydər Əliyev Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək həmin fərmanı imzalayıb.
Hamısını oxu
Prezident İlham Əliyevin rəsmi feysbuk səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir: "Neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır".
Hamısını oxu
2020-ci ildə respublikamızın ümumtəhsil məktəblərini bitirmiş və qəbul imtahanlarında yüksək nəticələr göstərərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul olunmuş bir qrup kursantla DTX Kollegiya üzvlərinin görüşü keçirilib. Axar.az xəbər verir ki, DTX-nin rəisi general-leytenant Əli Nağıyev kursantları təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi Ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olmağın hər bir gənc Azərbaycan vətəndaşı üçün şərəfli olduğunu, eyni zamanda böyük məsuliyyət tələb etdiyini bildirib. General-leytenant Əli Nağıyev gənclərin təhsil müddətində əldə edəcəkləri spesifik bilikləri Vətənin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətin təhlükəsizliyinin etibarlı qorunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli maraqlarının təmin olunmasına vicdanla xidmət edəcəklərinə əminliyini bildirib. Görüşdə çıxış edən kursantlar ölkəmizdə təhsilin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət təhlükəsiziliyi orqanlarının sıralarında Vətənə və xalqa sədaqətlə xidmət etmək üçün bundan sonra da əzmlə çalışaraq təlim və təhsildə daim nailiyyətlər qazanacaqlarını ifadə ediblər.
Hamısını oxu
Ankara, 18 sentyabr, AZƏRTAC Türkiyəli alpinist Erkan Yücel Azərbaycan və Türkiyənin dövlət bayraqlarını Ağrı dağının zirvəsində dalğalandırıb. Alpinist Ağrı zirvəsinə aparan 5137 metr yolu 5 günə qət edib. Növbəti idman zəfəri ilə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbirinə bölüşən alpinist Erkan Yücel deyib: “Bütün fürsətlərdə idman nailiyyətlərimi Azərbaycan-Türkiyə qardaşlığına ithaf etməyə çalışmışam. Ağrı dağının zirvəsini fəth etməkdə məqsədim bir tərəfdən Qarabağ münaqişəsində Azərbaycana mənəvi dəstəyimi göstərmək, digər tərəfdən isə Ermənistanın Türkiyəyə qarşı əsasız iddialarına qarşı mövqe nümayiş etdirmək olub”. Qeyd edək ki, alpinist Erkan Yücel AKUD İdman Cəmiyyətinin üzvüdür. Sabir Şahtaxtı AZƏRTAC-ın xüsusi müxbiri Ankara
Hamısını oxu
Sentyabrın 18-də “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən İdarəçi Rəhbərlər heyətinin üzvü, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun təqdimatında “Dövlət sektorunda strateji idarəetmə” mövzusunda vebinar keçirilib. APA-nın məlumatına görə, Vüsal Hüseynov vebinar iştirakçılarına idarəçilik bacarıqlarının əhəmiyyəti, strateji idarəetmə, səmərəli kommunikasiya işinin təşkili, bu kateqoriyaların əsas tərkib hissələrindən danışıb. DMX-nin rəisi qeyd edib ki, xüsusən strateji idarəetmə alətlərin düzgün seçilməsi, bununla bağlı məqsəd, həfədlərin müəyyən edilməsi, tədbirlər planının hazırlanması, lazım olan resurslardan doğru istifadə komandanın görüləcək işə, xüsusilə böhran vəziyyətə daha hazırlıqlı olması üçün vacib amillərdir. O, həmçinin strategiyaların, fəaliyyət planlarının icrasında monitorinq və qiymətləndirmənin də əhəmiyyətli olduğunu vurğulayıb. Dövlət sektorunda olan idarərçilər üçün tələblərin özəl sektordan fərqli olmasını, bu halda dövlət qulluğunun fəlsəfəsinin mənimsənilməsi, dövlət qulluqçularına qarşı müəyyən edilmiş tələblərin diqqətdə saxlanılması, fəaliyyətin ictimai rifahı, təhlükəsizliyin artması, vətəndaşlara xidmətin yüksəldilməsi kimi yüksək maraqlara xidmət etməsini diqqətə çatdırıb. Dövlət sektorunda olan idarəçinin ictimai hesabatlı şəxs olmasını bildirərək fəaliyyətində qaydaları, rəhbərliyin tapşırıqlarını daim prioritet tutmasının vacibliyini qeyd edib. Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb. Dövlət Miqrasiya Xidmətinin rəisi yeni layihələr, təlimlər, bir çox xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlər barədə iştirakçıları maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur. “Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Hamısını oxu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Hamısını oxu
Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır. Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib. Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Müsahibə yaxın saatlarda yayımlanacaq.
Hamısını oxu
Strateji Kommunikasiyalar Mərkəzi vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb. Publika.az sözügedən videonu təqdim edir:
Hamısını oxu
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitədə Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, televiziya və kino rejissoru Vasif Babayevlə görüşüb. Axar.az xəbər verir ki, Q.Paşayeva Mədəniyyət komitəsi adından bugünlərdə 80 yaşı tamam olmuş görkəmli sənətkarı yubileyi münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib. Vasif Babayev ömrünün 60 ilindən çoxunu yerli televiziyanın inkişafına, onun ideoloji və maarifçilik rolunun gücləndirilməsinə həsr edib. O, müxtəlif beynəlxalq kino və televiziya festivallarında yüksək mükafatlara layiq görülmüş onlarla sənədli filmin müəllifi və rejissorudur. Yaradıcılıq dövründə televiziyanın “Qızıl fond”una daxil olmuş yüzlərlə televiziya proqramına və konsertə müəlliflik edib. Vasif Babayev Azərbaycanın “xalq artisti” fəxri adına layiq görülmüş ilk televiziya rejissorudur. Onun yaradıcılığında ən böyük töhfə Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti və taleyüklü məsələlərin həlli istiqamətindəki rolu barədə televiziya proqramları olub. Vasif Babayev 1969-cu ildən 1982-ci ilədək Ulu öndərin şəxsi rejissoru kimi çalışıb, dövlət əhəmiyyətli yayımlar aparıb, Ümümmilli liderin bütün çıxışlarını lentə alıb, həmçinin dahi şəxsiyyətin ailə arxivi üçün çəkilişlər edib. Hər gün bütün Azərbaycan telekanallarında onun çəkdiyi filmlərdən xroniki kadrlar efirə verilir. Vasif Babayevin çəkdiyi sonuncu film "Yüksəliş" olub (2015).
Hamısını oxu
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Milli.Az AZƏRTAC-a istinadən Prezident İlham Əliyevin müsahibəsindən növbəti məqamları təqdim edir: "Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, bunu mən dəqiq bilirəm, böyük nifrət hissi var idi. Bunun nəticəsində ermənilər baş qaldırıb və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında iddia qaldırdılar - Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra. Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun demək olar ki, yaxın ətrafı ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağın Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı". "O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna sadəcə olaraq tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər". "Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdir. Həm burada - arxa cəbhədə, həm ön cəbhədə. İndi bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası - "Rossiya-1" kanalı bu məsələ ilə bağlı məndən müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub, 416-cı Taqanroq diviziyası... Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri qoymadılar ki, Bakı tərəfə keçsinlər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki silinirdi. Azərbaycanlıların qəhrəmanlığı silinirdi tarixdən". "O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Mehdi Hüseynzadə - əfsanəvi partizan, ona Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdir. Yəni, o, gizlədilirdi, şüurlu şəkildə danılırdı". Milli.Az
Hamısını oxu
“İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti Azərbaycan xalqının maraqlarına tam şəkildə xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi, Daşkəsənə, Gədəbəyə, Lerikə ilk qazı biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir”. Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib. “Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyatda, dəmir yolu nəqliyyatında Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər infrastruktur, sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib” “Biz kosmik dövlətə çevrildik, nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadi və sənaye sahəsində yox, idman sahəsində - Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü”. “Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri belə məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, bizim müstəqilliyimiz də o qədər möhkəm olacaqdır”.
Hamısını oxu