Ən son xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş "Milli birliyimiz qələbəmizin təməlidir" tədbiri keçirilib. Tədbirdə AHİK-in kollektivi, üzv və tabe təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə veteranları iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan oğullarının Vətən müharibəsindəki qəhrəmanlığından, şərəfli döyüş yolundan bəhs edən film nümayiş etdirilib. Tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, əsgər və zabitlərimizin rəşadətindən, xalqımızın nümayiş etdirdiyi həmrəylikdən danışıb, Qələbənin Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazıldığını vurğulayıb. Qeyd edilib ki, 27 sentyabrın Anım Günü kimi təsis olunması dövlətimizin şəhidlərimizin əziz xatirəsinə ehtiramının ifadəsidir. Çıxışda həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindən, "Böyük Qayıdış" Proqramının uğurlu icrasından, dövlətimizin Vətən naminə canından keçənlərin ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrini, müharibə iştirakçılarını qayğı ilə əhatə edən çoxsaylı layihələr reallaşdırılır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən şəhid ailələrinə dəstək məqsədilə həyata keçirilən müxtəlif tədbirlər də iştirakçıların nəzərinə çatdırılıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əks-hücum əməliyyatlarının əhəmiyyətini, Azərbaycan Ordusunun qəhrəmanlığını və hərbçilərimizin şücaətini, onların tarixi Zəfərin əldə olunmasında xüsusi rolunu qeyd edib. Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Sahil Xəlilov keçdiyi döyüş yolundan və cəbhə xatirələrindən danışaraq qəhrəmanlarımızın gələcək nəsillər üçün əsl örnək olduğunu bildirib. Vəfa Abdullayeva şəhid həyat yoldaşı Nurid Abdullayevlə bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açıb. Tədbir bədii hissə ilə davam edib. Şəhid gizir Telman Kəlbiyevin oğlu Elcan Kəlbiyevin səsləndirdiyi Vətənə həsr olunan şeir və qazi polkovnik Əhməd Şərifovun oğlu Əli Şərifzadənin ifasında "Ey Vətən" mahnısı iştirakçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.
Hamısını oxu
“Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu yolda şəhidlər vermişik. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir. Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir. Məhz şəhdilərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin olundu”. Bu sözləri 24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfransda millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev bildirib. Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və Ümummilli Liderin atdığı addımlar Azərbaycanın işğalçı Ermənistan üzərindəki 8 Noyabr zəfərini sitimullaşdırmış oldu: “Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu. Bu amillərdən birincisi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları torpaqlarımızdan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atmaqla öz məğlubiyyətini təsdiqlədi. Azərbaycan isə bütün dünyaya sübut etdi ki, o, öz ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etməyə qadirdir və bundan sonra da bu məsələdə kimsəyə güzəştə getməyəcək”. Seymur ƏLİYEV
Hamısını oxu24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransda millət vəkilləri, ictimai-siyasi xadimlər, şəhid ailələri və veteranlar, müxtəlif dövlət qurumlarının nümayəndələri, ADPU və Odlar Yurdu Universitetinin tələbələri, şagirdlər və s. iştirak edib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsi və lokal antiterror tədbirindən bəhs edən qısa videoçarx nümayiş edilib. Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov 27 sentyabr tarixinin önəminə toxunub: “27 sentyabr 2020-ci il Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, dövlətimizin siyasi iradəsi və uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti xüsusi əhəmiyyət daşıdı. Vətən müharibəsi dövründə Azərbaycanın haqq mövqeyinin beynəlxalq müstəvidə müdafiə olunması və dövlətimizin milli maraqlarının qətiyyətlə qorunması da Zəfər tariximizin mühüm səhifələrindəndir. Lakin bu Zəfər yalnız hərbi nəticə ilə məhdudlaşmır. Onun arxasında Azərbaycan xalqının həmrəyliyi, əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı və veteranlarımızın Vətən qarşısında xidmətlərindən gələn zəngin mənəvi irs dayanır. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Veteranlarımızın da Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasında xüsusi rolu vardır. Onlar öz həyat yolu və xidmətləri ilə Vətənə sədaqət, dövlətə bağlılıq və vətəndaş məsuliyyətinin canlı nümunəsidirlər”. Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycanı zəfərə aparan tarixi yola nəzər salıb. Millət vəkili qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı bir dövlət kimi yox olmaqdan xilas edib: “Ümummilli Liderin hakimiyyətə gəlməsi, onun çətin, mürəkkəb dövrdə atdığı addımlar Azərbaycanın bir dövlət kimi yox olmaq təhlükəsinin qarşısını aldı, müstəqilliyimizi əbədi etdi. Məhz Ulu Öndərin fədakarlığı, yürütdüyü uzaqgörən siaysət nəticəsində Azərbaycanı müstəqil bir dövlət kimi bütün dünya tanımış oldu. Ulu Öndər dövlətimizin müstəqilliyini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın inkişafını təmin etdi, Azərbaycanda peşəkar ordunun formalaşmsına nail oldu. Nəticədə, Prezident İlham Əliyev 2020-ci ildə ata vəsiyyətinə, xalqımızın və dövlətimizn maraqlarına dərin sadiqlik nümayiş etdirərək 44 günlük Vətən müharibəsində erməni ordusunu darmadağın edərək işğadakı torpaqlarımızın azadlığına nail oldu”. Konfransda çıxış edən millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev də, 8 Noyabr zəfərinin tarixi əhəmiyyətinə diqqət çəkib, zəfərə gedən yolun çətinliklərindən danışıb: “Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir. Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir. Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu ki, onlardan ilki Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan xalqı 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları işğaldakı torpaqlardan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu”. Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor Sudeyf İmamverdiyev işğal dönəmində Azərbaycan xalqının düçar olduğunu məhrumiyyətlərə toxunub. Professor qeyd edib ki, məhz xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etdi, eləcə də 8 Noyabr zəfərinin təmini üçün ciddi zəmin formalaşdırdı. Ağsaqqallar Şurasının sədr müavini - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri profesor Vahid Novruzov 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda başa çatan 44 günlük Vətən müharibəsinin regional sülhün təmin edilməsinin önəmini vurğulayıb. Professor qeyd edib ki, məhz 2020-ci ilin 10 noyabrında Ermənistanın kapitulyasiyaya vadar edilməsi Cənubi Qafqazda etibarlı sülhün bərqərar olmasını təmin etdi. Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli Azərbaycan xalqının tarixi qəhrəmanlıq yoluna nəzər salaraq, 8 Noyabr zəfərini hərb tariximizin ən böyük, həlledici qələbələrindən biri kimi dəyərləndirib. Türk Dünyası Qadın Şairlər Birliyinin sədri Xuraman Muradova da Prezident İlham Əliyevin ldierliyi altında xalqımızın imza atdığı 8 Noyabr zəfərinin önəminə toxunub, bu zəfərin regiona sülh və ədalət gətirdiyini vurğulayıb, xalqı bundan sonra Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyə səsləyib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Hamısını oxu
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı çıxışında proqramın hazırlanma tarixçəsindən danışıb — aprelin əvvəlində müvafiq Sərəncam imzalandığını və bir neçə ay ərzində hazırlıq işlərinin aparıldığını bildirib. Müşavirədən sonra prezident yeni Sərəncam imzalayaraq proqramı rəsmən təsdiq edib.2027-ci ildən icrasına başlanacaq proqram dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi kimi nəzərdə tutulub. Əsas hədəf sektorun gəlirinin iki dəfə artırılmasıdır, bunun üçün isə təxminən 5,3 milyard manat investisiya tələb olunur. Sosial baxımdan da əhəmiyyətlidir — proqram beş mindən çox daimi iş yerinin yaradılmasını nəzərdə tutur. Qeyd olunub ki, dağ-mədən sənayesi Davos Ümumdünya İqtisadi Forumunda xarici investisiyaların cəlbi və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından ölkənin əsas prioritet sahələrindən biri kimi dəyərləndirilib.Proqramın icrasına nəzarəti Nazirlər Kabineti həyata keçirəcək və ildə bir dəfə prezidentə hesabat veriləcək. Monitorinq və qiymətləndirmə funksiyası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.Prezident müşavirədə son dövrlər qəbul olunmuş digər dövlət proqramlarına da toxunub. Qəbul edilmiş proqramlar arasında əsas istiqamətlər kimi kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı (meliorasiya, Bakı-Abşeron yarımadasının su təminatı) sahələri qeyd olunub, baxmayaraq ki, real olaraq daha çox sayda proqram təsdiq edilib.Dövlət başçısının fikrincə, bu proqramlar böyük vəsait tələb etsə də, həm ölkə iqtisadiyyatını gücləndirəcək, həm də vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təminatını yaxşılaşdıracaq. Vaxt çərçivəsinə gəlincə, qəbul edilmiş proqramların əksəriyyəti qısamüddətlidir və 2030-cu ilin sonuna qədər icra olunmalıdır. Su proqramı nisbətən daha uzun müddət tələb edir, dağ-mədən və metallurgiya proqramı isə cəmi dörd il ərzində icra edilməlidir.Prezident ölkə iqtisadiyyatının cari vəziyyətinə də münasibət bildirib: hazırkı artım templərinin çox da yüksək olmamasının səbəbini ilk növbədə neft hasilatının aşağı düşməsi ilə əlaqələndirib. Məhz bu fonda qeyri-neft sənayesinin, o cümlədən dağ-mədən və metallurgiya sahəsinin inkişafı iqtisadi şaxələndirmə baxımından strateji əhəmiyyət kəsb edir.Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı, kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı sahələrindəki digər proqramlarla birlikdə, Azərbaycanın qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində vahid strategiyanın tərkib hissəsidir. Milyardlarla manat investisiya, minlərlə yeni iş yeri və dəqiq icra müddətləri ilə bu proqramlar həm makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasına, həm də əhalinin sosial rifahının artırılmasına xidmət etməklə ölkə iqtisadiyyatının daha dayanıqlı əsaslar üzərində inkişafına töhfə verməyə hesablanıb. Bu proqramların paralel şəkildə icrası göstərir ki, dövlət neft gəlirlərindən asılılığı azaltmaq üçün ardıcıl və sistemli bir yanaşma nümayiş etdirir, hər bir sahəyə ayrılan vəsait isə təsadüfi deyil, konkret hədəflər və nəzarət mexanizmi ilə müşayiət olunur. Bununla yanaşı, dörd illik qısa icra müddəti dövlət qurumları qarşısında ciddi öhdəliklər qoyur və proqramların uğuru əsasən icra intizamından və vaxtında maliyyələşdirmədən asılı olacaq. Nəticə etibarilə, bu strateji sənədlər təkcə sənaye göstəricilərinin yaxşılaşdırılmasına deyil, həm də uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının daha çevik, şaxələndirilmiş və xarici təsirlərə davamlı bir modelə keçidinə xidmət edir. Zaur MuradovYeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri
Hamısını oxu
“Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Xocavənddə keçridiyi birgə təlimlər sülh və təhlükəsziliyə xidmət edir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və digər qardaş türk dövlətlərinin qlobal müstəvidəki təhdid və təhlükələrə adekvat reaksiyasıdır: “Bildiyiniz kimi, müasir dünyamızda regional və qlobal təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur. Dünyada münaqişə və qarşıdurmaların, eləcə də hibrid müharibələrin çoxalması bu təhlükələrə çevik reaksiya verməyi, onları zamanında önləməyi zəruri edir. Bu isə hər bir dövlətdən güclü ordu ilə yanaşı, həm də etibarlı müttəfiqlər, qlobal müstəvidə səmimi əməkdaşlıq tələb edir. Bu gün Xocavanddə keçirilən hərbi təlimlər sübut edir ki, türk dünyası öz hərbi gücünü, Silahlı Qüvvələrinin peşəkarlığını dinamik şəkildə artırmaqla yanaşı, qarşılıqlı əməkdaşlığa da xüsusi önəm verir, bu məsələdə vahid, koordinasiyalı mövqe ortaya qoyur”. Polkovnik qeyd edib ki, Xocavənddəki təlimlər gələcəkdə oxşar tədbirlərin daha geniş tərkibdə keçirilməsi üçün ciddi zəmin formalaşdırır: “Heç kimə sirr deyil ki, Azərbaycan dövləti hər zaman, eləcə də günümüzdə qardaş Türkiyə dövləti ilə çoxlu sayda silsilə təlimlər keçirib və bu təlimlər gələcəkdə də davam etdiriləcək. Xocavənddəki təlimlərin əsas özəlliklərindən biri bu təlimlərə qardaş Özbəkistan dövlərinin də qoşulmasıdır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə əksər türk dövlətlərinin iştirakı ilə birgə təlimlər keçirilə bilər ki, bu da türk dünyası daxilində hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, xalqlarımızın birliyinə də böyük töhfə vermiş olar. Əminəm ki, biz qarşıdakı dönəmdə oxşar hərbi təlimlərin Türkiyə və Özbəkistan ərazisində də keçiriləcəyinə şahid olacaq, türk dünyası daxilində hərbi əməkdaşlığın güclənməsi meyillərini qürurla izləyəcəyik”. Seymur ƏLİYEV
Hamısını oxu
Müasir beynəlxalq münasibətlər sistemi təhlükəsizlik anlayışının sürətlə dəyişdiyi mərhələdən keçir. Ənənəvi hərbi-siyasi risklər artıq terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər, qeyri-qanuni miqrasiya, narkotik və silah dövriyyəsi, kritik infrastrukturun təhlükəsizliyi kimi bir-biri ilə əlaqəli çağırışlarla paralel inkişaf edir. Belə bir şəraitdə Bakıda IV Təhlükəsizlik Forumunun keçirilməsi təhlükəsizlik sahəsində beynəlxalq dialoq üçün ayrıca platformanın formalaşması baxımından diqqət çəkir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən Forumda beynəlxalq təşkilatların, 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələri olmaqla 600-ə yaxın şəxsin iştirakı tədbirin coğrafiyasının genişləndiyini göstərir. Forumun 2023-cü ildən davamlı xarakter alması isə onu birdəfəlik müzakirə formatından daha çox xüsusi xidmət və təhlükəsizlik qurumları arasında əlaqələrin saxlanmasına xidmət edən mexanizm kimi nəzərdən keçirməyə imkan verir. Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində də iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini və müzakirə edilən məsələlərin aktuallığını Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi qiymətləndirib. Dövlət başçısının vurğuladığı kimi, “Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır”. Forumun əhəmiyyətini artıran əsas məqamlardan biri müxtəlif siyasi mövqelərə malik dövlətlərin təhlükəsizlik strukturlarının eyni platformada təmsil olunmasıdır. Geosiyasi rəqabətin və dövlətlərarası etimad böhranının dərinləşdiyi şəraitdə təhlükəsizlik orqanları arasında peşəkar kommunikasiya kanallarının qorunması xüsusilə vacibdir. Çünki terrorçu və transmilli cinayətkar şəbəkələr siyasi sərhədlərlə məhdudlaşmadığı kimi, onlara qarşı mübarizə də yalnız milli mexanizmlərlə effektiv aparıla bilməz. Prezident İlham Əliyev də müraciətində dünyada baş verən sürətli və mürəkkəb dəyişikliklərin, geosiyasi rəqabətin kəskinləşməsinin və müxtəlif regionlardakı münaqişələrin qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, “Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir”. Bu yanaşma təhlükəsizliyin yeni mahiyyətini də ortaya qoyur. Müasir dövrdə dövlət təhlükəsizliyi yalnız sərhəd və hərbi infrastrukturu əhatə etmir. Enerji sistemləri, nəqliyyat dəhlizləri, bank sektoru, su ehtiyatları, rabitə şəbəkələri və informasiya infrastrukturu da milli təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilib. Bir ölkədə və ya regionda yaranan böhran qısa müddətdə təchizat zəncirlərinə, enerji bazarlarına, ərzaq təhlükəsizliyinə və kommunikasiya xətlərinə təsir edə bilir. Dövlət başçısı müraciətində bu qarşılıqlı bağlılığa xüsusi diqqət çəkərək hər hansı regionda meydana gələn böhran və ya gərginliyin digər regionlara təsir göstərə, siyasi-iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə zərər vura biləcəyini qeyd edib. Prezidentin ifadəsi ilə, “Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır”. IV Bakı Təhlükəsizlik Forumunun gündəliyində texnoloji risklərin xüsusi yer tutması da təsadüfi deyil. Süni intellekt, rəqəmsal platformalar, kiberimkanlar və kosmik sistemlər dövlətlərin inkişaf alətləri olmaqla yanaşı, yeni təhlükəsizlik riskləri yaradır. Xüsusilə terrorçu və ekstremist qrupların rəqəmsal texnologiyalardan təbliğat, maliyyələşmə, koordinasiya və yeni tərəfdarların cəlb olunması məqsədilə istifadəsi xüsusi xidmət orqanlarının qarşısında yeni vəzifələr qoyur. Prezident İlham Əliyev də süni intellekt daxil olmaqla müasir texnologiyaların bədniyyətli istifadəsinin terrorçuluğa qarşı mübarizəni mürəkkəbləşdirdiyini vurğulayıb. Dövlət başçısı bildirib: “Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır”. Bu kontekstdə Bakı Forumunun praktiki əhəmiyyəti yalnız təhlükələrin müzakirəsindən ibarət deyil. Əsas məsələ risklərin erkən müəyyənləşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi, milli təcrübələrin müqayisəsi və təhlükəsizlik qurumları arasında birbaşa peşəkar əlaqələrin inkişaf etdirilməsidir. Terrorçuluq və transmilli cinayətkarlıqla mübarizədə məlumatın operativ ötürülməsi bəzən təhlükənin nəticələri ilə mübarizədən daha vacib olan preventiv tədbirlərin görülməsinə imkan verir. Prezident də təhlükəsizliyin etibarlı təminatı üçün yalnız mövcud təhdidlərin nəticələri ilə mübarizənin kifayət etmədiyini, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və vaxtında qarşısının alınmasının vacibliyini bildirib. “Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır”, – deyə dövlət başçısı vurğulayıb. IV Bakı Təhlükəsizlik Forumunun əsas mesajlarından biri qlobal təhlükəsizlik sistemində qarşılıqlı asılılığın artması fonunda etimad və operativ əməkdaşlıq mexanizmlərinə ehtiyacın güclənməsidir. 100-dən artıq ölkədən xüsusi xidmət və təhlükəsizlik strukturlarının nümayəndələrinin Bakıda bir araya gəlməsi fərqli siyasi yanaşmaların mövcud olduğu şəraitdə belə ortaq təhlükələr üzrə dialoqun davam etdirilməsi imkanını göstərir. Azərbaycanın bu format vasitəsilə irəli sürdüyü yanaşmanın əsasında isə təhlükəsizliyin bölünməzliyi, qabaqlayıcı fəaliyyət, məlumat və təcrübə mübadiləsi, eləcə də dövlətlər arasında etimadın gücləndirilməsi dayanır. Prezident İlham Əliyevin müraciətində ifadə etdiyi kimi, Bakı Təhlükəsizlik Forumu “konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır”. Qlobal təhdidlərin getdikcə daha çox transsərhəd xarakter aldığı indiki mərhələdə Forumun praktiki nəticəliliyi də məhz bu dialoqun konkret əməkdaşlıq mexanizmlərinə çevrilmə dərəcəsindən asılı olacaq. APA.az
Hamısını oxu19 sentyabr 2026 cı il tarixdə Ağdam rayonunda Azərbaycanın Milli Qəhrəmanı şəhid Natiq Qasımovun filmi sərgilənib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məcilisin deputatı Bəxtiyar Əliyev, Ağdam rayonu Yeni Azərbaycan Partiyasının sədri Mansur Quliyev, qəhramanın ailə üzvüləri, Ağdam Veteranlar Təşkilatının nümayəndələri, Ağdam Rayon İcra Hakimiyyətinin təmsiçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdən öncə Ümummili Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi ugrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublukasının Dövlət Himni səsləndirilib. Ağdam Rayon İcra Hakimiyətinin başçısı Vaqif Həsənov, millət vəkili Bəxtiyar Əliyev çıxış edərək Milli Qəhrəman Natiq Qasımovun qəhrəmanlığından bəhs ediblər.
Hamısını oxu
19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib. Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb. – Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib? – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi. – Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu? – Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi. – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz? – Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular. – 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz? – Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı. Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir. Hafta.az
Hamısını oxuMəlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb. Görülən tədbirlər nəticəsində cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, DTX-nın keçridiyi bu əməliyyatın dövlətimizin təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini bildirib: “DTX-nın eyni vaxtda 5 ölkədə paralel antiteror təbdirləri həyata keçirməsi, bu tədbirlər nəticəsində 10 nəfər şəxsin saxlanılması olduqca mühüm bir hadisədir. Bu, DTX-nın timsalında dövlətimizin gücündən, onun öz təhlükəsizliyini təmin etmək bacarığındna xəbər verir. Keçirilən əməliyyat sübut edir ki, DTX eyni vaxtda bir neçə ölkədə bu cür antiterror tədbirləri həyata keçirməyə qadirdir və gələcəkdə də dövlətimizin təhlükəsizliyi üçün hər hansı fədakarlıqdan çəkinməyəcək. Mən DTX rəhbərliyini, xüsusi xidmət orqanlarımızın hər bir əməkdaşını bu əməliyyat münasibətilə təbrik edir, onlar gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Bununla yanaşı, bu əməliyyat ölkəmizə qarşı təhdid və risklərin mövcudluğunu göstərir. Bu əməliyyat onu deməyə əsas verir ki, həm ölkəmizin daxilində, həm də ölkəmizdən kənarda öz məqsədlərinə zor yolu ilə, terror vasitəsi ilə çatmaq istəyən şəxslər var və onlar bütün cəmiyyət üçün təhlükəlidir”. Polkovnik Cəlil Xəlilov DTX-nın peşəkarlığını qeyd etməklə yanaşı, vətəndaşları da diqqətli olmağa, hüquq-mühafizə orqanlarının fəaliyyətinə informasiya dəstəyi verməyə səsləyib: “DTX-nın yüksək peşəkarlığa malik olduğu, dövltimizin və xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayandığı hər kəsə məlumdur. Sözügedən qurumun haqqında danışdığımız sonuncə əməliyyatı da bunu sübut edir. Lakin bu da bir həqiqətdir ki, təhlükəsizlik ümumxalq işidir və bu məsələdə hər bir vətəndaş güc orqanlrına informasiya dəstəyi verməyi, onlarlla həmrəylik sərgiləməlidir. Yalnız bu halda biz dövlətimizin və xalqımızın etibarlı təhlükəsizliyini təmin edə bilərik”. Seymur ƏLİYEV
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Veteranlar Təşkilatının sədri Ruslan Bədirov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə görüşüb. Görüş zamanı məktəblilər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin önəmindən, veteranların bu prosesdə iştirakının vacibliyindən bəhs edilib. Görüşün sonunda Coşqun Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Veteranlar Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu