Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, YAP Şəki rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə əklil və gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlərin Xatirə Kompleksinin qarşısında anım tədbiri keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Zəminə Ağakişiyeva, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Zaur Mustafayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı zəfər yürüşü tarixi Qələbə ilə başa çatmışdır. Şəhid ruhlarına, şəhidlərin doğmalarına dərin ehtiram əlaməti olaraq dövlət başçısı hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Vurğulanıb ki, qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində əldə olunmuşdur. Diqqətə çatdırılıb ki, bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə yüksək diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən hərtərəfli himayə olunurlar. Vurğulanıb ki, torpaq uğrunda həyatından keçən şəhidlərimizin fədakarlığı daim xalqımızın yaddaşında yaşayacaqdır. Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Qeyd edək ki, Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət etmiş, şəhid ailələri ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışlar, şəhid ailələrinə və qazilərə maddi köməklik göstərilmişdir.  

Hamısını oxu
Hərbi Prokurorluğun rəhbərliyi 27 sentyabr - Anım günü ilə bağlı görüş keçirib
Hərbi Prokurorluğun rəhbərliyi 27 sentyabr - Anım günü ilə bağlı görüş keçirib

Hərbi Prokurorluğun rəhbərliyi 27 sentyabr - Anım günü ilə bağlı Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zəngilan və Xocavənd rayonlarında yerləşən bölmələrində görüşlər keçirib və hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.  Hərbi qulluqçulara Vətən müharibəsində zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın əvəzsiz rolundan, döyüşlərdə hərbiçilərimizin şücaətindən danışılıb. Görüşlər zamanı həmçinin hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olunub. Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər və qarşıya qoyulacaq bütün tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildiriblər. Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr və hospitalda müalicə onun hərbi qulluqçulara sovqatlar təqdim edilib.  

Hamısını oxu
Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər
Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr - Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Bakıda Zəfər parkını ziyarət ediblər. Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Hamısını oxu
Vətən üçün nur saçan ömür
Vətən üçün nur saçan ömür

44 günlük Vətən müharibəsi və bir gün davam edən antiterror tədbirləri ilə tarixə şərəfli səhifələr yazan Qarabağın və Şərqi Zəngəzurun azadlığı heç vaxt unudulmayacaq. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı və siyasi qətiyyəti ilə başlayan qanlı-qadalı döyüşlərin getdiyi günlərdə Vətənin müdafiəsi səngərlərlə sərhədlənmədi. Düşmən ölkədən fərqli olaraq bütün Azərbaycan döyüşürdü. Bu müharibədə hər kəs öz yerində Vətən üçün mübarizə aparırdı. Bir tərəfdə əli silahlı əsgər torpağı işğaldan azad edir, digər tərəfdə əli bıçaqlı həkim yaralı döyüşçünün həyatını və gələcəyini qoruyurdu. Səngərdə açılan atəşlə əməliyyat otağında edilən hər kəsik Vətəni qorumaq və Vətən oğullarını həyata qaytarmaq məqsədi daşıyırdı. Müharibənin görünən qəhrəmanları qədər görünməyən qəhrəmanları da vardı. Onların döyüş meydanı əməliyyat otaqları, silahları tibbi alətlər, qələbələri isə yaralı əsgərin həyata, işığa və doğma torpağın səmasına qayıtması idi. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, məşhur həkim-cərrah Qurban İsmayılov Vətənin keşiyində cərrah bıçağı ilə dayanmışdı. Qarabağ savaşının adsız qəhrəmanlarından biri kimi onun əlindəki cərrah bıçağı Vətən uğrunda yaralanmış gözlərə həyat və işıq qaytarırdı. Onun üçün əməliyyat otağı adi iş yeri, hər cərrahi müdaxilə sadəcə tibbi prosedur deyildi. Hər əməliyyat bir qazinin həyata, işığa və azad etdiyi Vətənin səmasına yenidən baxmaq ümidinə çevrilirdi. Saysız-hesabsız qazilərimizin gözlərinin müalicəsində və əməliyyatında iştirak edən Qurban İsmayılov onlara uğrunda qan tökdükləri, azadlığı üçün canlarından keçməyə hazır olduqları Vətəni yenidən görmək səadətini yaşatdı. Onun cərrah bıçağının ucunda bir qazinin taleyi, bir ailənin ümidi, bir Vətən oğlunun sabahı vardı. Gözlərə qayıdan hər işıq əslində, Qarabağın azadlığına açılan bir pəncərə idi. Bir qazinin gözlərini açıb üçrəngli bayrağa baxması, azad Qarabağın səmasını seyr etməsi, doğma torpağın üzərində dalğalanan mübarək və müqəddəs bayrağın rənglərini görməsi sözlə ifadəsi çətin olan bir duyğudur. O gözlər vaxtilə döyüş meydanında qan görmüşdü, indi isə Ali Baş Komandanın qətiyyəti ilə Zəfəri görürdü. O gözlər Vətənin ağrısını yaşamışdı, indi Vətənin azadlığının sevincini yaşayırdı. Qurban İsmayılovun qaytardığı işıq gözün yaratdığı işıq ilə bitmirdi. Hər əməliyyat bir qazinin həyatına yeni səhər açır, hər uğurlu müdaxilə Qarabağın azadlığı uğrunda verilmiş mübarizənin davamına çevrilirdi. Çünki Vətən uğrunda döyüşən bir Vətən oğluna azad etdiyi torpaqları öz gözləri ilə görmək səadətini bəxş etmək, onun qəhrəmanlığının ən gözəl davamı və həm də fövqəladə qəhrəmanlıqdır! Bu böyük fədakarlığı bizim sevimli həkimimiz Qurban İsmayılov bacardı. Yüksək təhsili, misilsiz peşəkarlığı və şəfa verən əlləri ilə yaralı gözlərə işıq, qazilərin həyatına ümid, ailələrinə sevinc bəxş etdi. Onun hər əməliyyatı gözə nur qaytarmaqdan çox-çox böyük idi. Qurban İsmayılov hər bir qazinin gözlərini həyata açmaqla əslində, onu azad etdiyi Vətənlə yenidən görüşdürürdü. Bir vaxtlar döyüş meydanında Qarabağın azadlığı uğrunda qan tökən gözlər indi azad Qarabağın səmasına açılırdı. Şuşanın dağları, Xankəndinin küçələri, üçrəngli bayrağın əzəməti həmin baxışların qarşısında canlanırdı. Həkimin cərrah bıçağı ilə qazinin gözlərinə qaytardığı işıq bir ömrün ən böyük mükafatını, Zəfəri öz gözləri ilə seyr etmək səadətini bəxş etdi. Bir həkim, bir qazi, bir Vətən övladı üçün bundan böyük xoşbəxtlik nə ola bilərdi? Biri şəfa verən əlləri ilə işığı qaytardı, digəri həmin işıqla uğrunda döyüşdüyü Vətənə yenidən baxdı. Qurban İsmayılovun əlləri ilə qaranlıqdan işığa çıxan hər baxış Qarabağın azadlıq tarixinin canlı şahidinə çevrilirdi. O gözlər bir vaxtlar döyüşün dəhşətini yaşamışdı, indi isə Zəfərin möhtəşəmliyinə şahidlik edirdi. Bir vaxtlar yaralı və ağrılı baxışların yerində indi azad Vətənin səması vardı. Həkimin əlləri ilə qazi gözləri arasında yaranan bu müqəddəs duyğunun adı şəfa qədər Vətən sevgisi idi. Qurban İsmayılovun qəhrəmanlığı məhz burada ucalırdı. O, Vətən uğrunda yaralanmış gözlərə nur qaytarmaqla qazilərə öz Zəfərlərini seyr etmək səadəti verdi. Onun cərrah bıçağından keçən hər işıq bir qazinin baxışında Qarabağa açılan pəncərə oldu. Həmin pəncərədən azad Vətənin səması görünürdü. Yorulmadan, usanmadan Vətən eşqi ilə həmin ağrılı günlərdə əməliyyat otaqlarında fasiləsiz çalışan bu alicənab həkimimiz hər dəfə qaranlığa qalib gəldi. O, Azərbaycan əsgəri kimi öz döyüş mövqeyini sonadək qorudu, qarşısındakı hər ağrını səbrlə dəf etdi, hər qazi üçün yeni bir sabaha yol açdı. Döyüşçülər arasında ən yaxşı həkim, həkimlər arasında ən yaxşı döyüşçü kimi Vətənə xidmətin özünəməxsus örnəyini yaratdı. Onun döyüş meydanı əməliyyat otağı, silahı cərrah bıçağı, savaşı isə bir qazinin taleyini xilas etmək idi. Bu özünəməxsus keyfiyyətlərinə görə oftalmologiya üzrə böyük alimimizin təbliğata da ehtiyacı yoxdur. Çünki peşəkar cəmiyyət üçün təbliğ olunmur, təqdir olunur. Cəmiyyət və tibb üçün nümunə sərgiləyən Qurban İsmayılovun Vətən üçün gördüyü işlər fərəh doğurur. O, zülmətə, qaranlığa qarşı mübarizədə qalibdir. Bütün milli problemlərini həll edərək gələcəyə inamla addımlayan sevimli Azərbaycan kimi!  V. Əliyev, yazıçı

Hamısını oxu
“27 sentyabr tarixi zəfərə gedən yolun başlanğıcı, milli özünütəsdiq günüdür”
“27 sentyabr tarixi zəfərə gedən yolun başlanğıcı, milli özünütəsdiq günüdür”

Sabah 27 Sentyabr – Anım Günüdür.  Moderator.az olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə 27 sentyabr gününün mənəvi önəminə, tarixi əhəmiyyətinə toxunmağa çalışdıq. -Səmyar bəy, sabah 27 Sentyabr – Anım Günüdür. Öncə bu günün mənəvi önəmi ilə bağlı fikirlərinizi öyrənmək istərdik. -27 Sentyabr 8 Noyabr zəfərinə - böyük qələbəyə gedən yolun ilk günüdür. Məhz 6 il bundan öncə 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldakı torpaqların azadlığı uğrunda müqəddəs savaşa başladı ki, bu müharibə ordumuzun qəti zəfəri ilə nəticələndi. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya haqqında sazişi imzalama məcbur oldu. Bununla da 30 illik işğal problemi öz ədalətli və məntiqi həllini tapdı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildi. Azərbaycan Silahlı Qüvvələri öz liderinin rəhbərliyi altında BMT Təhlükəsizlik Şurasının on illərdir ki, reallaşmayan qətnamələrini müvəffəqiyyətlə icra etdi. Şübhəsiz, bu qələbə Azərbaycan üçün itkisiz nəticələnmədi. Minlərlə qəhrəman hərbçimiz vətən uğrunda şəhid oldu. Məhz şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu. Bu gün işğaldan azad edilən torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bu gün həmin torpaqlarda sosial infrastruktur yenidən bərpa edilir, keçmiş məcburi köçkünlərin bu torpaqlara ləyaqətli şəkildə qayıdışı təmin edilir. Biz bu tarixi uğura, hərbi və mənəvi zəfərə görə də məhz şəhdilərimizə borcluyuq. Onların vətənin xilası, dövlətimizin ərazi bütövlüyü, xalqımızın milli kimliyinin təsdiqi uğrunda göstərdiyi fədakarlıqlar heç zaman unudulmayacaq, hər zaman böyük sevgi və ehtiram hiss ilə yad olunacaq. -Sizcə 44 günlük Vətən müharibəsi bizi zəfərə qovuşdurmaqla yanaşı, xalqımızın hansı böyük xüsusiyyətlərini üzə çıxardı? -44 günlk Vətən müharibəsi hər şeydən öncə xalqımızın birlik, həmrəylik bacarığını ortaya qoydu. Müharibə sübut etdi ki, Azərbaycan xalqı dar gündə birləşməyi, düşmənə qarşı mübarizədə həmrəylik sərgiləməyi bacarır. Elə bunun nəticəsidir ki, 27 sentyabr tarixində hər bir Azərbaycan vətəndaşı siyasi kimliyindən, sosial statusundan asılı olmayaraq, bir nəfər kimi Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək Silahlı Qüvvələrimizlə həməylik nümayiş etdirdi. Müharibə eyni zamanda xalqımızın və dövlətimizin humanizmini ortaya qoydu. Müharibə dönəmində Azərbaycan əsgəri düşmənin bir nəfər də olsun mülki sakininə və ya mülki obyektinə atəş açmadı. Azərbaycan yalnız hərbçilərə və  hərbi infrastruktura zərbələr endirdi ki, bu həqiqət dünya dövlətləri, bəzi hallarda ermənilərin özləri tərəfindən də etiraf olunmaqdadır. Bundan başqa, Azərbaycan hərbçiləri müharibə dönəmində əsir götürülən və ya yaralı olan düşmən hərbçilərinə də atəş açmır, onlarla beynəlxalq qanun və konvensiyalara uyğun şəkildə davranırdı. Baxmayaraq ki, həmin dönəmdə Ermənistan dinc şəhərlərimizi atəşə tutur, mülki insanlarımızı qətlə yetirirdi. 44 günlük Vətən müharibəsi xalqımızın tarixi qəhrəmanlıq ənənələrini bir kəs daha nümayiş etdirdi. Cəmi 44 gün ərzində düşmənin möhkəmlənmiş istehkamlarını yaran Azərbaycan Silahlı Qüvvələri, mürəkkəb coğrafi relyef şəraitində bütün dünyada böyük heyrətlə qarşılanan qəhrəmanlıqlara imza atdı. Şuşa şəhərinin azad edilməsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıq buna nümunədir. -Səmyar bəy, 8 Noyabr zəfərinin əldə edilməsində daha hansı amillər mühüm rol oynadı? -8 Noyabr zəfərinin əldə edilməsinə mühm təsir göstərən amillərdən biri, bəlkə də birincisi sərkərdə faktoru oldu. Məhz Prezident İlham Əliyevin qətiyyəti, cəsarəti, prinsipiallığı, hərbi-siyasi situasiyanı düzgün qiymətləndirmək bacarığı, hərbi sərkərdəlik qabiliyyəti 8 Noyabr zəfərinin əldə edilməsinə həlledici töhfə verdi. Hərbi əməliyyatlara bilavasitə rəhbərlik edən Prezident İlham Əliyev, qısa müddətdə erməni faşizmini darmadağın etməklə regional təhlükəsizliyə böyük töhfə verdi. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində həm də media və diplomatiya müstəvisində tarixi uğurlara imza atdı. Prezident İlham Əliyevin müharibə dönəmində dünyanın tanınmış media qurumlarına, məşhur televiziyalarına verdiyi müsahibələr erməni faşizminin ifşa edilməsində, Azərbaycan həqiqətlərinin dnyaya çatdırılmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində siyasi və media müstəvisində apardığı mübarizə Ermənistanın diplomatik məğlubiyyyəti ilə nəticələndi. Başqa sözlə desək, Müzəffər Ali Baş Komandan  Ermənistanı hərbi müstəvi ilə yanaşı, diplomatik və media platformalarında da ağır məğlubiyyətə uğratdı. Azərbaycan Prezidenti 8 Noyabr zəfəri ilə bütün dünyada sübut etdi ki, o, dünyanın ən güclü siyasi liderlərindən biri olmaqla yanaşı, həm də ən böyük hərbi strateqlərindən biridir. -44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə dövlətimizin ərazi bütövlüynü təmin etməklə yanaşı, daha hansı  uğurlara yol açdı? -8 Noyabr zəfəri dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, onun beynəlxalq aləmdəki nüfuzunu da yüksəltdu. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumağa, istənilən təhdid və təhlükəyə adekvat cavab verməyə qadirdir. 8 Noyabr zəfərinin ən mühüm nəticələrindən biri isə 30 ildir ki, davam edən məcburki köçkün probleminin öz qəti və ədalətli həllini tapması oldu. İşğaldakı torpaqların azad edilməsi dövlətimizə imkan verdi ki, keçmiş məcburi köçkünlərin azad edilən torpaqlara ləyaqətli qayıdışını həyata keçirsin. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi altında işğaldan azad edilən ərazilərin mina və digər partlamamış sursatlardan təmizlənməsi istiqamətində fəaliyyətə başladı. Hansı ki, bu ağrılı proses günümüzdə də fasiləsiz şəkildə davam etdirilməkdədir. Bu gün işğaldan azad edilən ərazilərdə on minlərlə soydaşımız yenidən  məskunlaşmaqda, doğma Qarabağımızın inkişafına yaxından töhfə verməkdədir. İşğaldan azad edilən şəhər və kəndlərimizdə bütün infrastrukturun yenidən inşası prosesi həyata keçirilir ki, bütün bu proses beynəlxalq standartlar səviyyəsində həyata keçirilir. Ən maraqlı və qürurverici məqamlardan biri isə budur ki, bütün quruculuq işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti altında gerçəkləşir. Dövlət başçısı bugünə qədər işğaldan azad edilən torpaqlarımızda yüzlərlə yaşayış binasının, sənaye və kənd təsərrüfatı müəssisəsinin, SES-lərin təmələni qoyub, onlarla müəssisə və yaşayış məntəqəsinin açılışında iştirak edib. Bu gün işğaldan azad edilən torpaqlarımızda beynəlxalq əhəmiyyətli mühüm iqtisadi layihələr həyata keçirilməkdə, yol və körpülər inşa edilməkdədir. Görülən və planlaşdırılan layihələr əminliklə deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın iqtisadi tərəqqisinə böyük töhfə verməklə yanaşı, bütün regionun iqtisadi həyatında mütərəqqi dəyişikliklərə yol açacaq. -Səmyar bəy, sizcə bu gün dövlətimizin tərəqqisi və təhlükəsiziliyi baxımından vətəndaş olaraq atmalı olduğumuz hansı addımlar var? 44 günlük Vətən müharibəsindən hansı nəticələr çıxarmalıyıq?  -44 günlük Vətən müharibəsi və post-müharibə dönəmində baş verən hadisələr göstərdi ki, biz hər zaman öz birliyimizi, həmrəyliyimizi qoruyub saxlamalı, dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik. Çünki birliyimiz bizi bütün təhdid və təhlükələrdən qoruyan ən effektiv vasitədir. Bundan başqa, müasir dünyamızda təhlükəsizliklə bağlı vəziyyətin mürəkkəbləşdiyini, təhdid və zorakılıqların artdığını, müharibə və münaqişələrin genişləndiyini nəzərə alaraq öz ayıq-sayıqlığımızı artırmalı, milli maraqlarımızın müdafiəsində daha yaxından iştirak etməliyik. Anti-Azərbaycan qüvvələrinin ifşa edilməsi, onlarla mübarizədə dövlətimizə lazımi dəstəyin göstərilməsi vətəndaş olaraq bizim borcumuzdur və biz hər zaman bu borca sadiq qalmalıyıq. Unutmamalıyıq ki, harada yaşamağımızdan, sosial vəziyyətimizdən, siyasi əqidəmizdən asılı olmayaraq, hamımız azərbaycanlıyıq və bizim yalnız bir vətənimiz var. Bu vətən Azərbaycandır. Biz bu vətəni qorumalı, onun keşiyində durmalı və tərəqqisi üçün əlimzidən gələni əsirgəməməliyik. Və bu məsələdə bizim üçün ən böyük, ən ali nümunə yeni də Prezidentimiz, onun vətənimizin tərəqqisi və təhlükəsizliyi uğrunda mübarizədə ortaya qoyduğu əzmkarlıq olmalıdır. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş "Milli birliyimiz qələbəmizin təməlidir" tədbiri keçirilib. Tədbirdə AHİK-in kollektivi, üzv və tabe təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə veteranları iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan oğullarının Vətən müharibəsindəki qəhrəmanlığından, şərəfli döyüş yolundan bəhs edən film nümayiş etdirilib. Tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, əsgər və zabitlərimizin rəşadətindən, xalqımızın nümayiş etdirdiyi həmrəylikdən danışıb, Qələbənin Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazıldığını vurğulayıb. Qeyd edilib ki, 27 sentyabrın Anım Günü kimi təsis olunması dövlətimizin şəhidlərimizin əziz xatirəsinə ehtiramının ifadəsidir. Çıxışda həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindən, "Böyük Qayıdış" Proqramının uğurlu icrasından, dövlətimizin Vətən naminə canından keçənlərin ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrini, müharibə iştirakçılarını qayğı ilə əhatə edən çoxsaylı layihələr reallaşdırılır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən şəhid ailələrinə dəstək məqsədilə həyata keçirilən müxtəlif tədbirlər də iştirakçıların nəzərinə çatdırılıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əks-hücum əməliyyatlarının əhəmiyyətini, Azərbaycan Ordusunun qəhrəmanlığını və hərbçilərimizin şücaətini, onların tarixi Zəfərin əldə olunmasında xüsusi rolunu qeyd edib. Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Sahil Xəlilov keçdiyi döyüş yolundan və cəbhə xatirələrindən danışaraq qəhrəmanlarımızın gələcək nəsillər üçün əsl örnək olduğunu bildirib. Vəfa Abdullayeva şəhid həyat yoldaşı Nurid Abdullayevlə bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açıb. Tədbir bədii hissə ilə davam edib. Şəhid gizir Telman Kəlbiyevin oğlu Elcan Kəlbiyevin səsləndirdiyi Vətənə həsr olunan şeir və qazi polkovnik Əhməd Şərifovun oğlu Əli Şərifzadənin ifasında "Ey Vətən" mahnısı iştirakçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.

Hamısını oxu
‘’İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir’’ mövzusunda konfrans keçirilib
‘’İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir’’ mövzusunda konfrans keçirilib

Hamısını oxu
"Zəfərimizin təməlində şəhidlərimizin qəhrəmanlığı və Ulu Öndərin siyasi irsi dayanır"
"Zəfərimizin təməlində şəhidlərimizin qəhrəmanlığı və Ulu Öndərin siyasi irsi dayanır"

“Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu yolda şəhidlər vermişik. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir.  Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir. Məhz şəhdilərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin olundu”. Bu sözləri 24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfransda millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev bildirib. Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və Ümummilli Liderin atdığı addımlar Azərbaycanın işğalçı Ermənistan üzərindəki 8 Noyabr zəfərini sitimullaşdırmış oldu: “Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu. Bu amillərdən birincisi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları torpaqlarımızdan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atmaqla öz məğlubiyyətini təsdiqlədi. Azərbaycan isə bütün dünyaya sübut etdi ki, o, öz ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etməyə qadirdir və bundan sonra da bu məsələdə kimsəyə güzəştə getməyəcək”. Seymur ƏLİYEV    

Hamısını oxu
“İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusunda konfrans keçirilib
“İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusunda konfrans keçirilib

24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransda millət vəkilləri, ictimai-siyasi xadimlər, şəhid ailələri və veteranlar, müxtəlif dövlət qurumlarının nümayəndələri, ADPU və Odlar Yurdu Universitetinin tələbələri, şagirdlər və s. iştirak edib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsi və lokal antiterror tədbirindən bəhs edən qısa videoçarx nümayiş edilib. Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert  polkovnik Cəlil Xəlilov 27 sentyabr tarixinin önəminə toxunub: “27 sentyabr 2020-ci il Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.   Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, dövlətimizin siyasi iradəsi və uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti xüsusi əhəmiyyət daşıdı. Vətən müharibəsi dövründə Azərbaycanın haqq mövqeyinin beynəlxalq müstəvidə müdafiə olunması və dövlətimizin milli maraqlarının qətiyyətlə qorunması da Zəfər tariximizin mühüm səhifələrindəndir. Lakin bu Zəfər yalnız hərbi nəticə ilə məhdudlaşmır. Onun arxasında Azərbaycan xalqının həmrəyliyi, əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı və veteranlarımızın Vətən qarşısında xidmətlərindən gələn zəngin mənəvi irs dayanır. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Veteranlarımızın da Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasında xüsusi rolu vardır. Onlar öz həyat yolu və xidmətləri ilə Vətənə sədaqət, dövlətə bağlılıq və vətəndaş məsuliyyətinin canlı nümunəsidirlər”. Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycanı zəfərə aparan tarixi yola nəzər salıb. Millət vəkili qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı bir dövlət kimi yox olmaqdan xilas edib: “Ümummilli Liderin hakimiyyətə gəlməsi, onun çətin, mürəkkəb dövrdə atdığı addımlar Azərbaycanın bir dövlət kimi yox olmaq təhlükəsinin qarşısını aldı, müstəqilliyimizi əbədi etdi. Məhz Ulu Öndərin fədakarlığı, yürütdüyü uzaqgörən siaysət nəticəsində Azərbaycanı müstəqil bir dövlət kimi bütün dünya tanımış oldu. Ulu Öndər dövlətimizin müstəqilliyini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın inkişafını təmin etdi, Azərbaycanda peşəkar ordunun formalaşmsına nail oldu. Nəticədə, Prezident İlham Əliyev 2020-ci ildə ata vəsiyyətinə, xalqımızın və dövlətimizn maraqlarına dərin sadiqlik nümayiş etdirərək 44 günlük Vətən müharibəsində erməni ordusunu darmadağın edərək işğadakı torpaqlarımızın azadlığına nail oldu”. Konfransda çıxış edən millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev də, 8 Noyabr zəfərinin tarixi əhəmiyyətinə diqqət çəkib, zəfərə gedən yolun çətinliklərindən danışıb: “Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir. Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir. Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu ki, onlardan ilki Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan xalqı 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları işğaldakı torpaqlardan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu”. Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor  Sudeyf İmamverdiyev işğal dönəmində Azərbaycan xalqının düçar olduğunu məhrumiyyətlərə toxunub. Professor qeyd edib ki, məhz xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etdi, eləcə də 8 Noyabr zəfərinin təmini üçün ciddi zəmin formalaşdırdı. Ağsaqqallar Şurasının sədr müavini - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri profesor Vahid Novruzov 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda başa çatan 44 günlük Vətən müharibəsinin regional sülhün təmin edilməsinin önəmini vurğulayıb. Professor qeyd edib ki, məhz 2020-ci ilin 10 noyabrında Ermənistanın kapitulyasiyaya vadar edilməsi Cənubi Qafqazda etibarlı sülhün bərqərar olmasını təmin etdi. Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli Azərbaycan xalqının tarixi qəhrəmanlıq yoluna nəzər salaraq, 8 Noyabr zəfərini hərb tariximizin ən böyük, həlledici qələbələrindən biri kimi dəyərləndirib. Türk Dünyası Qadın Şairlər Birliyinin sədri Xuraman Muradova da Prezident İlham Əliyevin ldierliyi altında xalqımızın imza atdığı 8 Noyabr zəfərinin önəminə toxunub, bu zəfərin regiona sülh və ədalət gətirdiyini vurğulayıb, xalqı bundan sonra Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyə səsləyib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
Yeni dövlət proqramları: iqtisadiyyatın gələcək inkişafına doğru addım
Yeni dövlət proqramları: iqtisadiyyatın gələcək inkişafına doğru addım

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı çıxışında proqramın hazırlanma tarixçəsindən danışıb — aprelin əvvəlində müvafiq Sərəncam imzalandığını və bir neçə ay ərzində hazırlıq işlərinin aparıldığını bildirib. Müşavirədən sonra prezident yeni Sərəncam imzalayaraq proqramı rəsmən təsdiq edib.2027-ci ildən icrasına başlanacaq proqram dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi kimi nəzərdə tutulub. Əsas hədəf sektorun gəlirinin iki dəfə artırılmasıdır, bunun üçün isə təxminən 5,3 milyard manat investisiya tələb olunur. Sosial baxımdan da əhəmiyyətlidir — proqram beş mindən çox daimi iş yerinin yaradılmasını nəzərdə tutur. Qeyd olunub ki, dağ-mədən sənayesi Davos Ümumdünya İqtisadi Forumunda xarici investisiyaların cəlbi və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından ölkənin əsas prioritet sahələrindən biri kimi dəyərləndirilib.Proqramın icrasına nəzarəti Nazirlər Kabineti həyata keçirəcək və ildə bir dəfə prezidentə hesabat veriləcək. Monitorinq və qiymətləndirmə funksiyası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.Prezident müşavirədə son dövrlər qəbul olunmuş digər dövlət proqramlarına da toxunub. Qəbul edilmiş proqramlar arasında əsas istiqamətlər kimi kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı (meliorasiya, Bakı-Abşeron yarımadasının su təminatı) sahələri qeyd olunub, baxmayaraq ki, real olaraq daha çox sayda proqram təsdiq edilib.Dövlət başçısının fikrincə, bu proqramlar böyük vəsait tələb etsə də, həm ölkə iqtisadiyyatını gücləndirəcək, həm də vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təminatını yaxşılaşdıracaq. Vaxt çərçivəsinə gəlincə, qəbul edilmiş proqramların əksəriyyəti qısamüddətlidir və 2030-cu ilin sonuna qədər icra olunmalıdır. Su proqramı nisbətən daha uzun müddət tələb edir, dağ-mədən və metallurgiya proqramı isə cəmi dörd il ərzində icra edilməlidir.Prezident ölkə iqtisadiyyatının cari vəziyyətinə də münasibət bildirib: hazırkı artım templərinin çox da yüksək olmamasının səbəbini ilk növbədə neft hasilatının aşağı düşməsi ilə əlaqələndirib. Məhz bu fonda qeyri-neft sənayesinin, o cümlədən dağ-mədən və metallurgiya sahəsinin inkişafı iqtisadi şaxələndirmə baxımından strateji əhəmiyyət kəsb edir.Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı, kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı sahələrindəki digər proqramlarla birlikdə, Azərbaycanın qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində vahid strategiyanın tərkib hissəsidir. Milyardlarla manat investisiya, minlərlə yeni iş yeri və dəqiq icra müddətləri ilə bu proqramlar həm makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasına, həm də əhalinin sosial rifahının artırılmasına xidmət etməklə ölkə iqtisadiyyatının daha dayanıqlı əsaslar üzərində inkişafına töhfə verməyə hesablanıb. Bu proqramların paralel şəkildə icrası göstərir ki, dövlət neft gəlirlərindən asılılığı azaltmaq üçün ardıcıl və sistemli bir yanaşma nümayiş etdirir, hər bir sahəyə ayrılan vəsait isə təsadüfi deyil, konkret hədəflər və nəzarət mexanizmi ilə müşayiət olunur. Bununla yanaşı, dörd illik qısa icra müddəti dövlət qurumları qarşısında ciddi öhdəliklər qoyur və proqramların uğuru əsasən icra intizamından və vaxtında maliyyələşdirmədən asılı olacaq. Nəticə etibarilə, bu strateji sənədlər təkcə sənaye göstəricilərinin yaxşılaşdırılmasına deyil, həm də uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının daha çevik, şaxələndirilmiş və xarici təsirlərə davamlı bir modelə keçidinə xidmət edir. Zaur MuradovYeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri

Hamısını oxu
“Türk dövlətlərinin Xocavənddəki birgə hərbi təlimləri sülh və təhlükəsizliyə xidmət edir”
“Türk dövlətlərinin Xocavənddəki birgə hərbi təlimləri sülh və təhlükəsizliyə xidmət edir”

“Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Xocavənddə keçridiyi birgə təlimlər sülh və təhlükəsziliyə xidmət edir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və digər qardaş türk dövlətlərinin qlobal müstəvidəki təhdid və təhlükələrə adekvat reaksiyasıdır: “Bildiyiniz kimi, müasir dünyamızda regional və qlobal təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur. Dünyada münaqişə və qarşıdurmaların, eləcə də hibrid müharibələrin çoxalması bu təhlükələrə çevik reaksiya verməyi, onları zamanında önləməyi zəruri edir. Bu isə hər bir dövlətdən güclü ordu ilə yanaşı, həm də etibarlı müttəfiqlər, qlobal müstəvidə səmimi əməkdaşlıq tələb edir. Bu gün Xocavanddə keçirilən hərbi təlimlər sübut edir ki, türk dünyası öz hərbi gücünü, Silahlı Qüvvələrinin peşəkarlığını dinamik şəkildə artırmaqla yanaşı, qarşılıqlı əməkdaşlığa da xüsusi önəm verir, bu məsələdə vahid, koordinasiyalı mövqe ortaya qoyur”. Polkovnik qeyd edib ki, Xocavənddəki təlimlər gələcəkdə oxşar tədbirlərin daha geniş tərkibdə keçirilməsi üçün ciddi zəmin formalaşdırır: “Heç kimə sirr deyil ki, Azərbaycan dövləti hər zaman, eləcə də günümüzdə qardaş Türkiyə dövləti ilə çoxlu sayda silsilə təlimlər keçirib və bu təlimlər gələcəkdə də davam etdiriləcək. Xocavənddəki təlimlərin əsas özəlliklərindən biri bu təlimlərə qardaş Özbəkistan dövlərinin də qoşulmasıdır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə əksər türk dövlətlərinin iştirakı ilə birgə təlimlər keçirilə bilər ki, bu da türk dünyası daxilində hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, xalqlarımızın birliyinə də böyük töhfə vermiş olar. Əminəm ki, biz qarşıdakı dönəmdə oxşar hərbi təlimlərin Türkiyə və Özbəkistan ərazisində də keçiriləcəyinə şahid olacaq, türk dünyası daxilində hərbi əməkdaşlığın güclənməsi meyillərini qürurla izləyəcəyik”. Seymur ƏLİYEV

Hamısını oxu
Bakı Təhlükəsizlik Forumu: Qlobal təhdidlər fonunda etimad və əməkdaşlıq platforması – TƏHLİL
Bakı Təhlükəsizlik Forumu: Qlobal təhdidlər fonunda etimad və əməkdaşlıq platforması – TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemi təhlükəsizlik anlayışının sürətlə dəyişdiyi mərhələdən keçir. Ənənəvi hərbi-siyasi risklər artıq terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər, qeyri-qanuni miqrasiya, narkotik və silah dövriyyəsi, kritik infrastrukturun təhlükəsizliyi kimi bir-biri ilə əlaqəli çağırışlarla paralel inkişaf edir. Belə bir şəraitdə Bakıda IV Təhlükəsizlik Forumunun keçirilməsi təhlükəsizlik sahəsində beynəlxalq dialoq üçün ayrıca platformanın formalaşması baxımından diqqət çəkir.  Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən Forumda beynəlxalq təşkilatların, 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələri olmaqla 600-ə yaxın şəxsin iştirakı tədbirin coğrafiyasının genişləndiyini göstərir. Forumun 2023-cü ildən davamlı xarakter alması isə onu birdəfəlik müzakirə formatından daha çox xüsusi xidmət və təhlükəsizlik qurumları arasında əlaqələrin saxlanmasına xidmət edən mexanizm kimi nəzərdən keçirməyə imkan verir. Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində də iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini və müzakirə edilən məsələlərin aktuallığını Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi qiymətləndirib. Dövlət başçısının vurğuladığı kimi, “Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır”. Forumun əhəmiyyətini artıran əsas məqamlardan biri müxtəlif siyasi mövqelərə malik dövlətlərin təhlükəsizlik strukturlarının eyni platformada təmsil olunmasıdır. Geosiyasi rəqabətin və dövlətlərarası etimad böhranının dərinləşdiyi şəraitdə təhlükəsizlik orqanları arasında peşəkar kommunikasiya kanallarının qorunması xüsusilə vacibdir. Çünki terrorçu və transmilli cinayətkar şəbəkələr siyasi sərhədlərlə məhdudlaşmadığı kimi, onlara qarşı mübarizə də yalnız milli mexanizmlərlə effektiv aparıla bilməz. Prezident İlham Əliyev də müraciətində dünyada baş verən sürətli və mürəkkəb dəyişikliklərin, geosiyasi rəqabətin kəskinləşməsinin və müxtəlif regionlardakı münaqişələrin qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, “Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir”. Bu yanaşma təhlükəsizliyin yeni mahiyyətini də ortaya qoyur. Müasir dövrdə dövlət təhlükəsizliyi yalnız sərhəd və hərbi infrastrukturu əhatə etmir. Enerji sistemləri, nəqliyyat dəhlizləri, bank sektoru, su ehtiyatları, rabitə şəbəkələri və informasiya infrastrukturu da milli təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilib. Bir ölkədə və ya regionda yaranan böhran qısa müddətdə təchizat zəncirlərinə, enerji bazarlarına, ərzaq təhlükəsizliyinə və kommunikasiya xətlərinə təsir edə bilir. Dövlət başçısı müraciətində bu qarşılıqlı bağlılığa xüsusi diqqət çəkərək hər hansı regionda meydana gələn böhran və ya gərginliyin digər regionlara təsir göstərə, siyasi-iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə zərər vura biləcəyini qeyd edib. Prezidentin ifadəsi ilə, “Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır”. IV Bakı Təhlükəsizlik Forumunun gündəliyində texnoloji risklərin xüsusi yer tutması da təsadüfi deyil. Süni intellekt, rəqəmsal platformalar, kiberimkanlar və kosmik sistemlər dövlətlərin inkişaf alətləri olmaqla yanaşı, yeni təhlükəsizlik riskləri yaradır. Xüsusilə terrorçu və ekstremist qrupların rəqəmsal texnologiyalardan təbliğat, maliyyələşmə, koordinasiya və yeni tərəfdarların cəlb olunması məqsədilə istifadəsi xüsusi xidmət orqanlarının qarşısında yeni vəzifələr qoyur. Prezident İlham Əliyev də süni intellekt daxil olmaqla müasir texnologiyaların bədniyyətli istifadəsinin terrorçuluğa qarşı mübarizəni mürəkkəbləşdirdiyini vurğulayıb. Dövlət başçısı bildirib: “Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır”. Bu kontekstdə Bakı Forumunun praktiki əhəmiyyəti yalnız təhlükələrin müzakirəsindən ibarət deyil. Əsas məsələ risklərin erkən müəyyənləşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi, milli təcrübələrin müqayisəsi və təhlükəsizlik qurumları arasında birbaşa peşəkar əlaqələrin inkişaf etdirilməsidir. Terrorçuluq və transmilli cinayətkarlıqla mübarizədə məlumatın operativ ötürülməsi bəzən təhlükənin nəticələri ilə mübarizədən daha vacib olan preventiv tədbirlərin görülməsinə imkan verir. Prezident də təhlükəsizliyin etibarlı təminatı üçün yalnız mövcud təhdidlərin nəticələri ilə mübarizənin kifayət etmədiyini, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və vaxtında qarşısının alınmasının vacibliyini bildirib. “Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır”, – deyə dövlət başçısı vurğulayıb. IV Bakı Təhlükəsizlik Forumunun əsas mesajlarından biri qlobal təhlükəsizlik sistemində qarşılıqlı asılılığın artması fonunda etimad və operativ əməkdaşlıq mexanizmlərinə ehtiyacın güclənməsidir. 100-dən artıq ölkədən xüsusi xidmət və təhlükəsizlik strukturlarının nümayəndələrinin Bakıda bir araya gəlməsi fərqli siyasi yanaşmaların mövcud olduğu şəraitdə belə ortaq təhlükələr üzrə dialoqun davam etdirilməsi imkanını göstərir. Azərbaycanın bu format vasitəsilə irəli sürdüyü yanaşmanın əsasında isə təhlükəsizliyin bölünməzliyi, qabaqlayıcı fəaliyyət, məlumat və təcrübə mübadiləsi, eləcə də dövlətlər arasında etimadın gücləndirilməsi dayanır. Prezident İlham Əliyevin müraciətində ifadə etdiyi kimi, Bakı Təhlükəsizlik Forumu “konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır”. Qlobal təhdidlərin getdikcə daha çox transsərhəd xarakter aldığı indiki mərhələdə Forumun praktiki nəticəliliyi də məhz bu dialoqun konkret əməkdaşlıq mexanizmlərinə çevrilmə dərəcəsindən asılı olacaq. APA.az  

Hamısını oxu