Please ensure Javascript is enabled for purposes of website accessibility
Organization of War, Labor and Armed Forces Veterans of the Republic of Azerbaijan
We should always benefit from the experience of veterans
Heydar Aliyev

Azərbaycan Respublikası “Xatirə” kitabı”nın 15-ci cildinin təqdimatı

Respublika Veteranlar Təşkilatı Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi böyük töhfələr, milli atıcı diviziyalarımızın şanlı döyüş salnaməsi, azərbaycanlıların bu müharibədə göstərdikləri qəhrəmanlıqlar və keçdikləri şərəfli mübarizə yolunun təbliğini daim diqqət mərkəzində saxlayır. Bu sahədə mühüm işlərdən biri “Azərbaycan Respublikası Xatirə Kitabı”nın yaradılmasıdır. AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 9-da “Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatı ilə əlaqədar Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə səsləndirilib. Əvvəlcə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələrində həlak olmuş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Xatirə Kitabı”nın hazırlanmasına sovet dövründən başlandığını vurğulayıb. Bildirib ki, həmin vaxt nəşrin redaksiya heyəti “Xatirə Kitabı”nın hazırlanması ilə əlaqədar SSRİ respublikalarındakı redaksiyalarla yazışmalar aparıb, onların arxivlərindən müharibədən qayıtmayan Azərbaycan vətəndaşları haqqında məlumatlar toplayıb. Eləcə də Azərbaycan SSR Hərbi Komissarlığının köməyi ilə ölkə ərazisindəki rayon (şəhər) hərbi komissarlıqlarının arxivlərində saxlanılan, Böyük Vətən müharibəsində həlak olan və itkin düşən yüz minədək döyüşçü haqqında məlumatlar əldə edilib. Redaksiya heyətinin əməkdaşları 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olan və itkin düşən Azərbaycan övladları haqqında məlumatların axtarışını və toplanmasını mütəşəkkil qaydada təşkil ediblər və bu işə müqəddəs vəzifə kimi yanaşıblar. Ancaq 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan xaos, hərc-mərclik Veteranlar Təşkilatının fəaliyyətinə, o cümlədən “Xatirə Kitabı”nın hazırlanması işinə də mənfi təsir göstərib. “Azərbaycan Respublikası Xatirə Kitabı”nın hazırlanması yönündə növbəti addımların atılmasına yalnız ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra başlanılıb”, - deyən C.Xəlilov vurğulayıb ki, Ulu Öndər 1997-ci il dekabrın 23-də “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Qanunu imzalaması ilə bu kitabın nəşri kimi ciddi zəhmət tələb edən proses sürətlənib. Bunun nəticəsi olaraq, həmin il “Respublika Xatirə Kitabı”nın birinci cildi çapdan çıxıb. Prezident İlham Əliyevin xalqımızın tarixinin və mədəniyyətinin öyrənilməsinə, təbliğinə yüksək diqqət və qayğısı sayəsində “Azərbaycan Respublikası Xatirə Kitabı”nın artıq 15 cildi hazırlanaraq işıq üzü görüb. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və başqaları çıxışlarında “Respublika Xatirə Kitabı”nın yaradılmasının əhəmiyyətindən, müharibələrdə vuruşmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsindən, Azərbaycan xalqının və Bakı neftinin faşizm üzərində Qələbənin qazanılmasında danılmaz rolundan, ümummilli lider Heydər Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışıblar. Natiqlər xalqımızın, gənclərimizin və dünya ictimaiyyətinin geniş məlumatlandırılması işində, vətəndaşlarımızın müharibədə həlak olmuş və itkin düşmüş yaxınlarının tapılmasında bu kitabın önəmini qeyd edib, nəşrin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıqlarını bildiriblər. Sonra “Xatirə Kitabı”nın hazırlanmasında və ölkəmizin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup şəxs Respublika Veteranları Təşkilatının medal və fəxri fərmanları ilə təltif olunub. Bu nadir nəşrdə Vətən yolunda canından keçmiş soydaşlarımız haqqında yığcam bioqrafik arayışlar verilir. “Respublika Xatirə Kitabı”nın 15-ci cildində isə soyadı “U”, “Ü”, “V” hərfləri ilə başlayan 20 minə yaxın soydaşımızla bağlı məlumatlar əksini tapıb. Kitab İkinci Dünya müharibəsində, Azərbaycanın milli istiqlal mübarizəsində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, ölkəmizin ərazi bütövlüyü uğrunda və müstəqilliyimiz yolunda gedən döyüşlərdə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş, itkin düşmüş Vətən övladlarının əziz xatirəsinə həsr olunub.

2017-03-09 00:00:00
1069 views

Other news

Ermənistanın 2 ədəd PUA-sı məhv edildi

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Read more
“Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq”

Fatma Yıldırım: “Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!” Xəbər verdiyimiz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin köməkliyi ilə 100-ə qədər sağıamlıq imkanı məhdud qazi elektriklə çalışan ümasir əlil arabaları ilə təmin edilib.  Veteran.gov.az xəbər verir ki, millət vəkili Fatma Yıldırım sosial şəbəkədəki hesabında bu nəcib təşəbbüsün önəminə diqqət çəkib, bu təşəbbüsün gerçəkləşməsin də əməyi olanlara təşəkkürünü bildirib:  “Əziz həmvətənlər!  Ölkəmizdə şəhid ailələri və qazilər hər zaman qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır.  Bildiyiniz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin dəstəyi​ ilə Azərbaycana gətirilmiş 100 ədəd elektriklə işləyən əlil arabası qazilərimizə və şəhid ailələrinə təqdim edilib. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib. Qeyd edim ki, Bərdə rayonunu təmsil edən millət vəkili olaraq mənim təşəbbüsümlə bu tədbir çərçivəsində Bərdə rayonundan olan Iİ Qarabağ müharibəsi qaziləri - Yusifzadə Məhəmməd İsrafil oğlu, Quliyev Sərxan Dilqəm oğlu və Musayev Gündüz Sabir oğluna; I Qarabağ müharibəsi qazisi Abışov Habil Kamil oğluna, eləcə də Bərdəyə terror hucumları nəticəsində xəsarət almış Quliyeva Rəmziyyə Əlasdan qızına müasir motorlu arabalar təqdim olundu. Xaricdə yaşayan türk qardaşlarımıza bizimlə həmrəylik nümayiş etdirərək, belə nəcib bir aksiya həyata keçirdikləri üçün dərin təşəkkürümü bildirirəm! Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaqlarını arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq. Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Seymur ƏLİYEV  

Read more
Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür

2020-ci il 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu işğaldakı torpaqlarımızı yağı düşməndən azad etdi, dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Bu 44 gün ərzində Prezident İlham Əliyevin səsinə səs verən Azərbaycan xalqı 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altıdna saxlayan Ermənistanı sözün həqiqi mənasıdna tar-mar edərək ona öz yerini göstərdi. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, o, özünü, öz sərhədlərini, ərazi bütövlüyünü qorumağa qadirdir və heç bir qüvvə onun iradəsinə qarşı gələ, onu susdura bilməz.27 sentyabr həm də Anım Günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamı ilə hər il 27 sentyabr tarixi Anım Günü kimi qeyd ediləcək. 27 sentyabrın Anım Günü kimi qərarlaşması hər şeydən öncə prezidentimizin, dövlətimizin, xalqımızın şəhidlərimizə, ərazi bütövlüyümüz uğrunda həyatını itirən vətəndaşlarımızın ruhuna sonsuz sevgi və ehtiramının təzahürüdür. Bu, həm də xalqımızın qəhrəmanlığının əbədiləşdiyi, onun öz dövləti, öz torpağı, öz bayrağı uğrunda canından keçməyə daim hazır olduğunun təsdiqi və təsbiti günüdür. Məhz 27 sentyabr tarixində minlərlə Azərbaycan övladı vətənin səsinə səs verərək qanlı döyüş meydanına atılmış, öz qəhrəmanlıqları ilə sözün həqiqi mənasında tarix yazmışdı. Heç şübhəsiz ki, illər, əsrlər sonra da Azərbaycan ordusunun bu böyük qalibiyyəti, bu misilsiz zəfəri tarixin yaddaşında yaşayacaq və xalqımız tərəfindən qürur hissi ilə yad ediləcək.Ölkə başçısı cənab İlham Əliyev bütün çıxışlarında şəhidlərimizi ehtiramla yad edir, bu tarixi zəfərə görə onlara minnətdar olduğumuzu vurğulayır. Məhz Prezident İlham Əliyevin göstərişi və tövsiyyələri əsasında şəhidlərimizin xatirəsi bütün ölkə ərazisində əbədiləşdirilməkdə, onların adı müxtəlif küçə və məktəblərə verilməkdədir. Müharibə qəhrəmanlarının büstlərinin ucaldılması, barilyeflərinin hazırlanması, onların döyüş yolu haqqında ictimaiyyətə, xüsusilə də gənc nəslə geniş məlumat verilməsi də dövlətimizin şəhdilərimizə olan sevgi və ehtiramından xəbər verir. Bəzi rayonlarda Qəhrəmanlar Parkının yaradılması da şəhidlərimizin ölümsüz xatirəsinin yaşadılmasına, habelə onların təbliğinə xidmət edir.Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar, ortaya qoyduğu əzm və cəsarət, eyni zamanda hərbi səriştə bütün dünyanın heyrətinə səbəb oldu. Hansı ki, dünyanın hərbi baxımdan ən inkişaf etmiş dövlətləri, o cümlədən ABŞ başda olmaqla bir sıra NATO dövlətləri Azərbaycan ordusunun Vətən müharibəsindəki hücum taktikasını öyrənməkdə, onun bu müharibədə sərgilədiyi nailiyyətləri hərbi-elmi baxımdan təhlil etməkdədirlər. Dünyanın ən məşhur hərbi ekspertləri, o cümlədən hərbi institutları etiraf edir ki, Vətən müharibəsində Azərbaycan hərbçilərinin sərgilədiyi taktika, əməli müstəvidə dəqiqliklə reallaşdırlan ildırımsürətli müharibə strategiyası, o cümlədən çətin və mürəkkəb coğrafi relyefdə uğurlu hərbi əməliyyatlar keçirmək bacarığı müasir dünya hərbi üçün ciddi yenilikdir. Bu, Azərbayca ordusunun gücünün, Azərbaycan hərbçilərinin yenilməzliyinin etirafıdır.Bu baxımdan, 27 sentyabr Anım Günü ilə bağlı Sərəncam şəhidlərimizə, qəhrəmanlarımıza, xalqımızın mübarizə əzminə verilən ən yüksək qiymətdir. Cəlil Xəlilov – Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik

Read more
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir

Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyev 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir”. Dövlətimizin başçısı qeyd edib ki, xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir. “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır. Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”, - deyə Azərbaycan Prezidenti bildirib. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Read more