Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatının üzvləri Vətən müharibəsi Qəhrəmanının məzarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev,  "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov və iş adamı, xeyriyyəçi Rafiq Abışovla birlikdə rayonun Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı,  şəhid kapitan Rəşad Abdullayevin ailəsi ilə görüşüblər.

Qəhrəmanın atası Arif Abdullayev oğlunun həyat və döyüş yolundan fəxarətlə danışıb, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Şəhid kapitan Rəşad Abdullayevin anası Sevil Abdullayeva isə şəhid analarının adından yazdığı şeri oxuyub. O, həmçinin, ziyarətə gələnləri qəhrəman oğlunun ev-muzeyinin açılışına dəvət edib.

Rayon Veteranlar Təşkilatının üzvləri və qonaqlar Göytəpə şəhər qəbirstanlığında uyuyan şəhid Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin məzarını da ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar.

Xatırladaq ki, şəhid kapitan  ailəli idi, iki övladı yadigar qalıb. Cəlilabad şəhər 2 saylı tam orta məktəbi bu gün Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin adını daşıyır.

 

2023-05-17 11:36:03
58 baxış

Digər xəbərlər

Şəhid və qazilərimiz üçün “YAŞAT”: Prezidentdən mühüm addım

Vətən müharibəsi zəfərlə başa çatdı. Azərbaycan 30 illik işğala qəhrəmanlıq salnaməsi yazaraq son qoydu.Bu zəfər Azərbaycan əsgərinin qanı, canı bahası ilə yazdığı tarixdir: 2783 hərbi qulluqçumuz şəhid olub, 103 hərbi qulluqçumuzun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılır, 100-dən çox hərbi qulluqçumuz itkin düşüb, 1245 hərbi qulluqçumuz tibb müəssisələrində müalicə alır.Azərbaycan heç vaxt şəhidlərini unutmayacaq, I Qarabağ müharibəsindəki şəhidlərini unutmadığı kimi;Azərbaycan qazilərini unutmayacaq, I Qarabağ müharibəsindəki qazilərini unutmadığı kimi;Dövlət şəhidin də, qazinin də hər zaman yanındadır. İndiyə qədər şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, rifahının yüksəldilməsi, ən xırdasından tutmuş böyüyünə qədər bütün problemlərinin həlli dövlət siyasətinin əsas istiqaməti olub.Mənzil və avtomobillə təmin edilməsi;Sosial müavinətin verilməsi;Məşğulluqla təmin olunması;Dövlət hesabına müalicəsi və s;Bu siyahını uzatmaq da olar. Azərbaycanda şəhid ailələri, qazilər, müharibə veteranları və dövlət bu kateqoriyadan olan şəxslərə dövlət dəstəyi heç vaxt əskik olmayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə (pensiya, müavinət) təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir:1. Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir;2. Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir;3. Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);4. Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;5. Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;6. Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;7. Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;8. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;9. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;10. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;11. Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər nəzərdə tutulub;Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilibdir. Bu proqram hazırda uğurla davam etdirilir.Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.Dövlət bu şəxslərin təminatı üçün ən yüksək səviyyədə addımlar atır. Bununla yanaşı, cəmiyyət olaraq, hər kəs ərazi bütövlüyümüz uğrunda döyüşən, şəhid və qazi olanlara əllərindən gələni edir. Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır.Bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb.YAŞAT Fondu kimlərə yardım göstərəcək?- Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə;- işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə;Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılır. Fondun vəsaitləri şəhid ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək.Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür.Belə bir addımın atılması cəmiyyətdə həmrəylik prinsipinin daha da güclənməsi baxımından da önəmlidir.Asif Nərimanlı

Hamısını oxu
“Qazi, veteran adlarından sui-istifadə halları yolverilməzdir”

Bugünlərdə paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. Məlum olub ki, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov bu addımı  daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə atıb. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu kimi halların təəssüf doğurduğunu bildirib: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dəfələrlə bildirmişik ki, hər hansı bir şəxsin qazi, veteran adından sui-istifadə etməsi yolverilməzdir. Çünki qazi və veteran adı müqəddəsdir. Biz bu adı, onun müqəddəsliyini qorumalı, bu adın adiləşməsinə, hörmətdən düşməsinə imkan verməməliyik. Lakin təəssüflər olsun ki, bütün bunlara baxmayaraq,  bu gün də veteran adından, qazi adından sui-istifadə hallarına rast gəlinməkdədir. Bugünlərdə özünü qazi kimi təqdim edib dilənçiliklə məşğul olan şəxsin polis əməkdaşları tərəfindən ifşa edilməsi faktı buna nümunədir. Cəmiyyət bu kimi hallara qarşı diqqətli olmalı, qazi adından, veteran adından sui-istifadə hallarına qarşı barışmaz mövqe ortaya qoymalıdır. Veteranların, qazilərin özü də bu cür neqativ hallarla mübarizədə aktivlik sərgiləməli, kimsənin onların xidmətinə, daşıdıqları şərəfli qazi adına kölgə salmasına imkan verməməlidir. Bildiyiniz kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq respublikamızın müxtəlif bölgələrində silsilə tədbirlər təşkil edir, “Nəsillərin görüşü” adlı zona konfransları keçiririk. Həmin konfranslarda dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara diqqət və qayğısı ilə yanaşı, bu kateqoriyadan olan vətəndaşlarımızın təklif və qayğıları ilə də maraqlanırıq.  Şəhid ailəlrini, müharibə əlillərini, qaziləri dinləyir, onların səsləndirdikləri təklif və problemləri birlikdə müzakirə edir, birgə çıxış yolları axtarırıq. Təşkilatımız hər ay xeyli sayda veteran və qazinin müxtəlif dövlət qurumları ilə əlaqələndirilməsini təmin edir. Biz paytaxt və regionlardakı görüşlərdə veteranlara izah edirik ki, hər bir problem qanun çərçivəsində öz həllini tapmalı, qeyri-qanuni iddia və əməllərə yol verilməməlidir. Çünki Azərbaycan hüquq dövlətidir və bu dövlət hər bir vətəndaşının haqqını qorumağa qadirdir. Şəhid ailələrinə, qazi və veteranlarımıza dövlətimiz tərəfindən göstərilən qayğı və diqqət bunu bir daha sübut edir. Ümid edirəm ki, birgə səylərimiz nəticəsində yaxın gələcəkdə bu kimi neqativ hallar aradan qalxacaq və ictimai rəyi yanıltmağa yönəlik belə cəhdlərə şahid olmayacağıq”.  

Hamısını oxu
“Vətən müharibəsindəki birlik modelini qoruyub saxlamalıyıq”

Cahangir Məmmədli: “Bu, bizim gələcək qələblərimizin təminatçısıdır”   “Bütün vətəndaşlarımız, o cümlədən jurnalistlərimiz, media mənsubları 44 günlük Vətən müharibəsindəki birlik modelini qoruyub saxlamalıdır”.   Bunu Moderator.az-a açıqlamasında media üzrə ekspert, professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, birlik amili 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini təmin edən əsas amil olmaqla yanaşı, bundan sonrakı qələbələrimiz üçün də başlıca amildir:   “44 günlük Vətən müharibəsində xalqımız, o cümlədən jurnalistlərimiz ordumuzun,  Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşfi. Birliyimiz düşmən üzərində tarixi qələbəmizi təmin etdi. Məhz birlik amili qısa zamanda düşmənin darmadağın edilməsi, 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad edilməsinə səbəb oldu. Bu gün həmin birliyin bərpa edilməsi, qorunub saxlanılması olduqca vacibdir. Bizim gələcək qələbələrimiz, əldə edəcəyimiz uğurlar bu amildən asılıdır. Bunsuz hansısa uğura nail olmağımız mümkün deyil.   İnanıram ki, jurnalistlərimiz bundan sonra da bu birliyə, həmrəyliyə sadiq qalacaq, gələcək qələbələrimizə mühüm töhfələr verəcəklər”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Məşhur polkovnik Hamlet Hüseynov vəfat etdi

Birinci Qarabağ müharibəsində Gədəbəyin müdafiəsinin əsas təşkilatçılarından olan və Başkənd əməliyyatını həyata keçirən polkovnik Hamlet Hüseynov vəfat edib. Qocaman hərbçi 91 yaşında dünyasını dəyişib. Hamlet Hüseynov 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olub. Azərbaycanın bir sıra bölgələrində: Gədəbəy, Tovuz, Sumqayıt, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etmiş, Azərbaycan Respublikasının hərbi komissarınin 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışıb. Birinci Qarabağ müharibəsi dövründə 62 yaşında silaha sarılaraq erməni işğalçılarına qarşı mübarizəyə qoşulmuş və qəhramanlıqlar göstərmiş Hamlet Hüseynov xatirələrində deyib: "Ehtiyatda olmağıma, yaşımın 60-ı haqlamasına baxmayaraq, yenidən hərbi paltarımı geyinərək, düşmənlə son nəfəsədək döyüşməyi qərara almışam. 1992-ci il avqustun 8-də əməliyyat keçirildi əvvəl Gədəbəy rayonunun Başkənd aşırımını aldıq, hərbi qüvvəni yüksəkliklərdə möhkəmləndirdik. Daha sonra Krasnoselsk istiqamətində düşmənə ağır zərbələr endirdik. Erməni separatçıları və muzdlular xeyli sayda canlı qüvvə və hərbi sursat itirdilər. Başkəndi ələ keçirməklə tarixi torpağımızı əsirlikdən birdəfəlik qurtardıq". Qeyd edək ki, Hamlet Hüseynov şücaət və qəhrəmanlıqlarına görə bir çox orden və medallarla təltif olunub. Hamlet Hüseynov FHN-in general-mayoru Etibar Hüseynovun atasıdır. Onun qardaşı oğlu, general-leytenant Əliağa Hüseynov isə uzun müddət Azərbaycanın hərbi komissarı və millət vəkili olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti polkovnik Hamlet Hüseynovun vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu