Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zabit yoldaşı qollarında şəhid olan qazimiz:

“Silah yoldaşım yanımda snayper gülləsindən yaralandı. Əlini sıxdım ki, qorxma, çıxacağıq, yaşayacaqsan. Son nəfəsində mənə evlərinin nömrəsini verib, ailəmə xəbər verərsən deyib qollarımda şəhid oldu...İnsan o görüntüləri yaddaşından silə bilmir, bu gün də mən gözlərimi yumub rahat yuxu yata bilmirəm...” Nə qədər ağır olsa da, bu müharibədən geridə qalan acı həqiqətidir. 44 günlük Vətən müharibəsində 2783 nəfər hərbi qulluqçu həlak olub. O igidlərin öz dilindən eşidə bilməyəcəyimiz ən azı 2783 qəhrəmanlıq dastanı qaldı geridə. Onların şücaətləri barədə isə elə onlarla çiyin-çiyinə vuruşan, şəhidlərin qanını yerdə qoymayan qəhrəman qazilərimiz, əsgərlərimiz danışacaq. Elə bu dəfə ki, müsahibimiz kimi. Müharibə başlayandan orduya can atan Mehdiyev Samir Nizami oğlu səfərbərlik elan edildikdən sonra ön cəbhəyə yollanan hərbçilərimizdəndir. Zabit kimi Vətən müharibəsində iştirak edən Samir deyir ki, döyüşlərə tağım komandiri kimi başlayıb.

 
- Döyüşlərə hansı istiqamətdə başladınız? - Füzuli istiqamətindən döyüşlərə başladıq. Bizim tabor bu istiqamətdə döyüş tapşırıqlarını layiqincə yerinə yetirdi. Biz Füzuliyə girəndə ermənilər döyüşmək yerinə silahlarını, mövqelərini qoyub qaçırdılar. Bəlkə də bir neçə saatın içində Füzulini ermənilərdən təmizlədik. Daha sonra Cəbrayıl istiqamətində irəliləməyə başladıq. Hadrut istiqamətində də çox gərgin döyüşlər oldu. Düşmənin döyüş meydanında qoyub-qaçdığı zirehli texnikaları, silah-sursatları qənimət kimi götürürdük. Onların mövqelərini tuta-tuta irəliləyirdik. Boşaldılan kəndləri gördükcə insanın ürəyi ağrıyırdı. Bizim torpaqlarımızı, ata-baba evlərimizi darmadağın ediblər. - Yaralandığınız istiqaməti xatırlayırsızmı? - Xocavənd istiqamətindəki döyüşlərdən sonra Şuşa uğrunda döyüşlərə qoşulduq. Səngərlərdə mövqelərimizi tuturduq. Hər səngərdə demək olar ki, 3-4 nəfər olurduq. Şuşanın girişinə çox az qalmışdı. Düşmən minaatandan atəş açdı. Çox təəssüf ki, mərmi səngərdə dayanan əsgərin üzərinə düşdü. Bir anlıq hər kəs yerində dondu qaldı. Gözümüzün önündə yox oldu... Qanı üzərimizə sıçradı. Mən və zabit yoldaşım isə qəlpə yarası aldıq. Ayağımdan bir neçə yerdən qəlpə yarası aldım, mərminin dalğası isə aşağı ətrafları yandırdı. Şokdan çıxa bilmirdik. Əsgərlər bizi yaralı halda sürüyə-sürüyə təhlükəsiz mövqelərə gətirdilər. Oradan təcili tibbi yardım maşını ilə Füzuli rayon xəstəxanasına gətirildim. İlkin yardım edildikdən sonra Bakıya göndərdilər. - Bəs o səngərdə şəhid olan əsgər...? - Özümə gələn kimi, o əsgərin ailəsini ziyarət edəcəm. O gənc qəhrəman özü bilmədən digərlərinin həyatını xilas etdi. O qədər cəsur, mərd əsgər idi, sizə onu ifadə edə bilmirəm. Ömür boyu bu hadisə mənim hafizəmdən çıxmayacaq. Hər gözümü yumanda o gəlir gözümün önünə. Artilleriya atəşindən bir neçə dəqiqə qabaq isə əsgərlər çay istəmişdi. Həlak olan əsgər birinci dedi mən dəmləyərəm. Sonra bilmirəm nə oldusa, fikrini dəyişdi. Digər əsgər yoldaşı getdi, o qaldı. Bəlkə də o da əsgər yoldaşları ilə birlikdə getsəydi, indi sağ olardı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əsgərlərimizin hər biri yüksək əhval-ruhiyyədə idi, can atırdılar ki, irəli getsinlər. Danışdıqca özümə yaxşı hiss etmirəm. O uşaqların üz-gözü yadımdan çıxmır. Səhər bir yerdə olduğun əsgərin bir neçə saat sonra nəşini daşımaq çox ağırdır...Bunu izah etmək olmur. Hər saniyənin öz hökmü olduğunu çox acı şəkildə yaşadıq... - Azad edilən ərazilərdə düşmən tərəfindən yerləşdirilən minalar çox idi? - Bizim qarşımızda ermənilər var. Onlar elə düşməndir ki, illərdir bu ərazilərdə pusqular qurub. Onlar savaşa bilmir, ancaq qorxub qaçırlar. Qaçdıqca əraziləri minalayırlar. Amma Azərbaycan Ordusu onların düşündüyündən də güclü, yüksək hərbi biliklərə malikdir. Odur ki, biz nə özümüz, nə də əsgərlərimizi onların tələlərinə düşməyə icazə vermədik. Əraziləri, evləri minalayır, müxtəlif partlayıcı qurğular qoyurdular. Bəzən zirehli jiletlərini, bir neçə silahlarını ortalıq yerdə atıb, altına partlayıcı qoyurdular. Kəndlərdə isə küçəyə diqqət çəkmək üçün müxtəlif zinət əşyaları, avadanlıqlar qoyurdular. O qədər dilənçi millətdir ki, zənn edirdilər ki, bizim əsgərlər onları götürüb tələyə düşəcək. Əvvəla biz irəlidə əsgərlərin getməsinə icazə vermirdik. İkincisi isə heç kim ərazi təmizlənməmiş heç nəyə toxunmurdu. - Özünüzün qarşılaşdığınız və zərərsizləşdirdiyiniz partlayıcı olubmu? - Bir dəfə Cəbrayılda bir kəndə girdik. Kənddəki evlərdən birinin qapısında əl qumbaralarından ibarət “sürpriz” hazırlanmışdı. Biz onlardan daha ehtiyatlı davranıb hazırlanan qurğunu işə düşməmiş zərərsizləşdirdik. Şükür ki, heç bir itkimiz olmadı. Evlərin içərisində ermənilər gizlənə bilərdi, mülki əhali qala bilərdi. Ona görə biz bütün evlərə girib boş olduğunu yoxlayırdıq. - Sosial şəbəkələrdə evlərin anbarında şorabalardan, kompotlardan yeyən-içən əsgərlərin videoları paylaşılırdı. Hər kəs onlara görə narahat olurdu ki, zəhərli olar. Bəs siz istifadə edirdinizmi o qidalardan? - Xeyr, bizim qida ehtiyatımız var idi. Bütün hallarda müharibədir, çətinlik ola da bilərdi, amma bütün hallarda əsgərlərin o qidalara toxunmasına, yeməsinə icazə vermirdik. Onların təhlükəsizliyi naminə bu məsələdə qəti qərar verilmişdi. Siz təsəvvür etməzsiz, əhalidən bizə nə qədər qida, isti corab, papaq, əlcəklər göndərirdilər. Analarımız öz əlləri ilə yun corablar toxuyub göndərirdi. Onların əsasən, qoyunlarından, toyuqlarından kəsib kabab edirdik. Əsgərlərə şərait yaradırdıq ki, yorğunluqlarını belə atsınlar. - Sizin üçün müharibədə ən çətin mövqe, ən ağır döyüş hansı istiqamətdə oldu? - Füzuli istiqamətində hücuma keçəndə bunker deyilən yerə hücuma keçdik. 28 ildə hazırladıqları bunkerlər artilleriya davamlı olduğu üçün silah-sursatları orada saxlayırdılar. Snayperlər, qumbaraatan qurğular orada saxlanılırdı. Biz hücuma keçəndə onlar gözlədilər. Bunkerlərə yaxınlaşdıqdan sonra düşmən bizi artilleriya atəşinə tutdu. Bir neçə əsgər, zabit yoldaşlarımız şəhid oldu. Təxminən 3-4 saat davam edən ağır döyüşlərdə təəssüf ki, itkilərimiz oldu. Yaralılarımızı təhlükəsiz mövqelərə çəkdik. Düşmən isə öz yaralılarını elə orda qoyub qaçırdı. Gecə isə şəhid olan yoldaşlarımızın nəşlərini neytral ərazidən götürdük. Füzulinin Əsləsgərli kəndinə hücuma keçərkən tabor komandirimiz mayor Azayev şəhid oldu. Düşmənin snayper atəşi ilə həlak olan mayor Azayev 12 nəfərdən ibarət zabit, əsgər heyətinin həyatını xilas etdi. Ermənilər bizi mühasirəyə almağa cəhd etdilər, amma buna nail ola bilmədilər. Döyüş tapşırıqlarını yerinə yetirib, mövqelərimizi dəyişirdik. Düşmənin mövqelərində çox qalmaq olmurdu, çünki onlar ilk olaraq tərk etdikləri səngərləri atəşə tuturdular.   - Ən uzun çəkən döyüş hansı oldu? - Hadrut istiqamətindən qızğın döyüşlər getdi. Yüksəklik olduğu üçün düşmən hər cür mənfur addımı atırdı. Lakin, sonunda haqq qazandı, biz qazandıq. Onları iti qovan kimi qovub, torpaqlarımızdan çıxardıq. - Şuşanın azad olunması xəbərini xəstəxanada aldınız? - Bəli. Ayın 5-i mən artıq xəstəxanada idim. Onda eşitdim ki, bizim tabor Şuşaya girib. Həm sevindim, həm də kədərləndim. Sevindim ona görə ki, əsgər yoldaşlarımız bizim yoxluğumuzda belə düşmənə Azərbaycan Ordusunun gücünü göstərdi. Kədərlənməyim isə Şuşaya girmək, azadlığı uğrunda döyüşdə iştirak etmək şərəfinə nail olmamağıma görədir. Amma Ali Baş Komandana təşəkkür edirəm ki, Vətən müharibəsində iştirak etmək şərəfinə layiq görülənlərdən biri oldum. - Yaralandığınızla bağlı ilk xəbəri kimə dediz? - Biz ailədə beş qardaşıq. Ortancıl qardaşıma mesaj yazdım. Anam xəstədir, qorxdum ki, narahat olar. Elə Füzulidə xəstəxanada qardaşıma mesaj yazdım ki, “Horadizdə hospitala düşmüşəm, heç kimə demə. Yaram yüngüldü”.   Sonra zəng elədim ki, kənara çəkilər yəqin. Qardaşım da elə bilib ki, mən deyiləm, kimsə mənim adımdan yazıb. Qorxub.  Söhbətimizə qoşulan qazımızın qardaşı Füzuli Mehdiyev deyir ki, səsini eşidənə qədər qardaşının şəhid düşdüyünü zənn edib: “Ağlıma o qədər fikirlər gəldi ki, narahat oldum. Düşündüm ki, ciddi nəsə olub. Mənə demirlər. Sonra səsini eşitdikdən sonra ürəyim yerinə gəldi. Düşündüm ki, atama necə deyim ki, qorxmasın. Bizim öz aramızda qərargah adlandırdığımız otağımız var. Həmişə orda oturub söhbət edirdik. Atamı otağa çağırdım, gələn kimi soruşdu ki, “Samirə nə olub?”. Dedim yaxşıdı, sadəcə yaralanıb. Elə həmin gün də Füzuliyə yola düşdük. Evə gələnə qədər anama demədik ki, Samir yaralanıb”. Qazimizin atası Nizami Mehdiyev isə oğlu ilə fəxr etdiyini deyir: “Beş oğlum var hamısını vətənpərvər ruhda böyütmüşəm. Özüm Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibəyə könüllü olaraq yardım edənlərdən biri olmuşam. O vaxt 26 şəhidi daşımışdım, oğlum üçün bir anlıq həyəcan keçirdim. Şəhidlik ən uca zirvədir, təəssüflənməzdim. Amma atayıq, valideyn olduğumuz üçün ani olaraq sağ-salamat olduğunu eşitmək istəyirsən... Birinci mənə dedilər ki, Samirin ayağını çəkmə sürtüb, həkimə aparıblar. Özüm də ehtiyatda olan zabitəm, dedim məni aldatmayın. Nəhayət səs yazısını mənə dinlətdilər, canı üstündədir dedilər ürəyim sakitləşdi”. - 44 gün ərzində ailəniz ilə danışa bilirdinizmi? - Çalışırdım hər gün danışım. Lakin, imkan olmurdu. Orada dalğa tutmurdu. Elə olurdu günlərlə evi yığa bilmirdim. Ailəmdən, övladlarımdan ötrü darıxırdım. Həm də mən cəbhədə olanda qızımın ad günü oldu. Burda əlimdən gələn heç nə yox idi. Bu döyüşlərə gəlmişik ki, müharibə sabaha qalmasın, övladlarımıza qalmasın. Qızıma bir məktub yazdım. Xahiş etdim ki, ona çatdırsınlar. Qismətdir, bəlkə bir də görmək nəsib olmaz. Bilsin ki, atası harda olursa olsun onu da, qardaşını da bir an belə yadından çıxarmayıb. Sağ olsun qardaşım, məktubu qızıma çatdırıb. Onun da görüntülərini çəkib mənə göndərdi. Hisslərimi ifadə edə bilmirəm. Allah bütün əsgərləri ailələrinə, əzizlərinə qovuşdursun. Şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin, yaralı əsgərlərimizə şəfa diləyirəm.
Könül Cəfərli
Foto: Ramil Zeynalov

2020-12-07 00:00:00
3890 baxış

Digər xəbərlər

Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur

Cəlil Xəlilov: Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı “Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi bölgədəki mövcud reallığın nəticəsidir””. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci illə müqayisədə bu gün Qarabağda tamam fərqli bir mənzərə mövcuddur: “Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanata uyğun olaraq yerləşdirilmişdi. Həmin vaxt Qarabağda qanunsuz erməni silahlı birləşmələri mövcud idi. Ölkəmizin suverenliyi tam bərpa edilməmişdi və bölgədə hərbi qarşıdurma ehtimalı öz mövcudluğunu qoruyub saxlayırdı. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bölgədəki bütün erməni silahlı birləşmələri zərərsizləşdirildi. Azərbaycan öz suverenliyini tam bərpa etdi. Həmin ərazidə yaşayan bütün vətəndaşların, eləcə də erməni əsilli şəxslərin təhlükəsizliyi tam təmin edildi. Belə olan halda Rusiya sülhməramlılarının bölgədə qalması heç bir məna kəsb etmirdi. Məhz bu səbəbdən də Rusiya və Azərbaycan rəhbərliyi arasında sülhməкamlıların vaxtından tez bölgədən çıxarılması ilə bağlı razılıq əldə edildi”. Polkovnik qeyd edib ki, sülhməramlıların bölgədən çıxarılması onların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı: “Rusiya sülhməramlıları bölgəyə gəlişindən sorna bəzi radikal müxalifətçilər, antimilli qüvvələr iddia edirdi ki, guya bu, yanlış addımdır və bundan sonra onları Azərbaycan ərazisindən çıxarmaq mümkün olmayacaq. Ancaq bu gün baş verən olaylar bir daha sübut edir ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı ölkəmizin maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir və bu cür tənqidlər qərəzdən başqa bir şey deyil”.

Hamısını oxu
Millət vəkili Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, millət vəkili Mehriban Vəliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatını ziyarət edib, veteranlarla görüşüb. Bu barədə millət vəkili facebook hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Sovet Şükürovu və təşkilatın bir qrup fəal üzvünü qərargahlarında ziyarət etdik. Görüş zamanı veteranlarımızla səmimi söhbət etdik, onların fəaliyyəti və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində gördükləri işlər barədə fikir mübadiləsi apardıq. Veteranlarımızın zəngin həyat yolu və təcrübəsinin gənclər üçün əsl örnək olduğu vurğulandı. Veteranlarımızı qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik etdik, onlara möhkəm cansağlığı və xoş arzular dilədik”.  Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri tanınmış hərbi-siyasi ekspert, peşəkar hərbçi polkovnik Cəlil Xəlilovdur.  Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş yeni video-çarx hazırlanıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş video-çarx hazırlanıb. Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti Prezidentlərinin Azərbaycan-Türkiyə qardaşlığı haqqında söylədikləri kəlamları ilə başlayan video-çarxda Bakıda Şəhidlər Xiyabanında, Türk Şəhidliyi abidəsi və Mustafa Kamal Atatürkün heykəlinin önündə və Atatürk parkında, o cümlədən Türkiyənin Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda və Ulu Öndərin heykəli qarşısında çəkilən görüntülər yer alıb. Video-çarxda Səməd Vurğunun “Azərbaycan” şeirinin misralarının müşayəti ilə,  Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə iki ölkənin doğmalıq və qardaşlıq bağı vurğulanaraq Türkiyənin 30 avqust Zəfər Bayramı təbrik edilir. Video-çarx sosial şəbəkələrdə geniş şəkildə yayılıb. Sözügedən videonu təqdim edirik:

Hamısını oxu
Nazim Eynallı : “31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdir”

Heç bir qanlı tarix unudulmur. Hətta tarixi saxtalasdirmağa çalışanlar zamanın yaddaşında itib batırlar.Umumiyyətlə, faktlarla zəngin reallığı heç nə dəyişə bilməz. Elə 1918-ci ilin 31 mart soyqırımı kimi.Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qətliamlar zamanı ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. Daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğınların miqyası geniş, terror qurbanlarının sayı ölçüyəgəlməzdir.Biz isə bu tarixi faktları indiki və gələcək nəsillərə çatdırmalıyıq. Onlar tariximizin hər bir səhifəsinin təbliğinə öz töhfələrini verməlidirlər.1918-ci il mart soyqırımı genişmiqyaslı olub. Martın 30-dan aprelin 3-dək Bakı şəhərində, eləcə də adlarını qeyd etdiyim digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovublar.Bu “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmin Fərmanın ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 1999-cu il martın 30-da Tədbirlər Planı təsdiq edib. Bu Fərmanın imzalanması aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına stimul oldu.Bir sözlə, 31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdır. Bu faciə heç zaman unudulmayacaq.

Hamısını oxu