Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının sədri xanım əməkdaşları təbrik etdi

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq tədbir keçirilib.   Pandemiyaya qarşı mübarizə qaydaları çərçivəsində keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bayram münasibəti ilə qadınları təbrik edib, onların dövlətimizin inkişafındakı roluna, cəmiyyətdəki önəminə diqqət çəkib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri  Fatma Səttarova da qadınları 8 mart münasibəti ilə təbrik edib, tarixin bütün dönəmlərində Azərbaycanın qadınının ön və arxa cəbhələrdə fədakarlıqla çalışdığını, xalqımızın, dövlətimizin inkişafı üçün hər hansı fədakarlıqdan çəkinmədiyini bildirib. Həmçinin, qeyd olunub ki, Böyük Vətən Müharibəsi iştirakçısı olan xanımlara bayran münasibəti ilə təbrik məktubu ünvanlanıb.   Xoş ovqat əsnasında keçən tədbirdə Respublika Veteranlar Təşkilatının xanım əməkdaşlarına gül dəstələri təqdim edilib, xatirə şəkli çəkilib.

2021-03-05 00:00:00
3661 baxış

Digər xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

2020-ci il oktyabrın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşmüşdür. Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycana qarşı Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu, erməni tərəfdən mülki vətəndaşların milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən öldürüldüyünü, habelə əhalinin əmlakının bilərəkdən məhv edilməsi cinayətlərinin törədildiyini diqqətə çatdırmışdır. Əli Nağıyev qeyd etmişdir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam edir. Hətta atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra işğaldan azad edilmiş Suqovuşan ərazisində sanitar maşınının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibb xidməti qulluqçusu ağır yaralanmışdır. Həmçinin oktyabrın 11-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket atəşinə məruz qalmış, nəticədə 5-i qadın olmaqla 10 nəfər dinc sakin həlak olmuş, 10 qadın və 5 azyaşlı uşaq, ümumilikdə 34 nəfər yaralanmışdır. Vurğulanmışdır ki, cari il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə ağır artilleriya və raket zərbələri nəticəsində 41 mülki şəxs həlak olmuş, 211 nəfər yaralanmış, 1200-dən artıq şəxsi ev və mülki obyekt dağıdılmışdır. Həmçinin Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirmişdir ki, Ermənistan hərbçilərinin qətlə yetirilmiş Azərbaycan hərbiçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlər etməklə törətdikləri cinayət əməllərinə dair sosial şəbəkələrdə paylaşılan videolar 1-ci Cenevrə Konvensiyasının 16-cı və 17-ci maddələrinin ciddi pozulduğunun sübutudur. Ermənistanın beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymamasına baxmayaraq, meyitlərin dəyişdirilməsi, əsir və girovların azad edilməsi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir və dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqlar verilmişdir. Sonda Komissiya sədri Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasına dair faktları xanım Arian Bauerə təqdim etmiş, BQXK-nı Ermənistan tərəfindən humanitar hüquq normalarının pozulması faktlarına obyektiv qiymət verməyə çağırmışdır. Xanım Arian Bauer BQXK və Dövlət Komissiyasının qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv olduğunu və konkret nəticələr verdiyini vurğulayaraq, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. 

Hamısını oxu
Şəmkir, Qazax və Tovuz rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Veteran.gov.az xəbər verir ki, şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 21-də və 22-də Şəmkir, Qazax və Tovuz rayonlarında təşkil olunub. Bu konfranslarda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Balaşov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri,  təhsil işçiləri və gənclər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar. Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq toplantının əhəmiyyətindən söz açıblar. Milli-mənəvi dəyərlərimizin formalaşmasında, yaşadılmasında və gənclərə aşılanmasında ağsaqqal sözünün daşıdığı önəmi vurğulayan natiqlər yaşlı nəslin nümayəndələrinin rayonun ictimai-mədəni  həyatında yaxından iştirak etdiklərini bildiriblər. Rəhbər vəzifəyə təyin olunduqları ilk günlərdən etibarən mütəmadi olaraq ağsaqqallarla görüşdüklərini, onların məsləhət və tövsiyələrinə əməl etdiklərini söyləyən icra başçıları gənclərin vətənpərvərlik ruhunda, sağlam təməllər üzərində tərbiyəsi işində ağsaqqallara həmişə böyük ehtiyacın duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurovun və Tovuz Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahovun yerli təşkilatlar tərəfindən son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıya qoyulan vəzifələr barəsində məruzələri dinlənilib. Natiqlər Rayon Ağsaqqallar Şurasının üzvlərinin təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvləri, xüsusilə də gənclərimizlə maarifləndirici, o cümlədən ordumuzun qəhrəmanlıq tarixi mövzusunda söhbətlər aparıldığını, onların milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunda tərbiyəsi işinə böyük önəm verildiyini qeyd ediblər. Vurğulayıblar ki, həm pandemiya dövründə, həm də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi zamanı rayon ağsaqqalları öz fəaliyyətlərini davam etdirərək xalqımızın həmrəy olmasında, daxili və xarici düşmənlərimizə, o cümlədən xəstəliklərə qarşı mübarizə aparılmasında yaxından iştirak ediblər. Çıxışçılar gələcəkdə öz fəaliyyətlərini daha səmərəli və əhatəli qurmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Lakin ağsaqqallarımızın daha yüksək potensiala  malik olduqlarını bildirərək koronovirus pandemiyasının, demək olar ki, aradan qalxdığı bu dövrdə onların fəaliyyətində daha böyük canlanmanın olacağına əminliyini ifadə edib. Öz çıxışında ağsaqqallıq institutunun qədim tarixə malik olduğunu söyləyən Bayram Yusifov xüsusilə türk tayfalarında və bu gün onların davamçıları olan türk dövlətlərində böyük nüfuz sahibi olan ağsaqqallara yüksək dəyər verildiyini qeyd edib. Hazırda Türk Dövlətləri Təşkilatında (TDT) üzv ölkələrin ağsaqqallarının təmsil olunduğu Ağsaqqallar Şurasının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Natiq qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası da Eldar Quliyevin rəhbərliyi ilə TDT-nin Ağsaqqallar Şurasının işində yaxından iştirak edir, təşkilata üzv olan türk dövlətlərinə işgüzar və səmərəli səfərlər həyata keçirilir, bir sıra sahələr üzrə əməkdaşlıqlar genişləndirilir. Bayram müəllim, həmçinin, ulu öndər Heydər Əliyevin ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıraraq onlara verdiyi yüksək dəyərdən və bu gün həmin qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla  davam etdirilməsindən də bəhs edib. O, öz çıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olmadığı, sözün əsl mənasında ağsaqqalsız qaldığımız dövrlərdə Azərbaycanın yaşadığı böyük problemləri tədbir iştirakçılarına xatırladaraq Ümummilli Liderin xilaskarlıq missiyasından, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesindən, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən və işğaldan azad olunmuş torpaqlarımızda gedən genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açıb, ölkə əhalisinə, xüsusilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Hazırda Azərbaycan Ağsaqqallar Şurasında, onun yerli təşkilatlarında  canlanmanın müşahidə edildiyini vurğulayan natiq bildirib ki, biz ağsaqqallar daha da fəal olmalıyıq, dövlətimizin, ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizi sevməyən daxili və xarici qüvvələrə, cəmiyyətimizdəki neqativ hallara qarşı ciddi mübarizə aparmalıyıq, gənclərlə maarifləndirici işlərimizi daha da artırmalıyıq. Konfranslarda rayonların Ağsaqqallar Şuralarının üzvləri, həmçinin yerli təşkilatların nümayəndələri, ziyalılar və digər natiqlər çıxış edərək ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən bəhs ediblər. Vurğulayıblar ki, xalqımizi daha da qüvvətləndirən ağsaqqal sözüdür və ağsaqqallara  hörmət millətə, dövlətə hörmətdir. Azərbaycanın hər bir bölgəsində  belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Tovuzda keçirilən konfransda Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Zeynalova yeni vəsiqə təqdim edilib və ona gələcək fəaliyyətində uğurlar arzulanıb. Səfər çərçivəsində ənənəvi olaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov yerli təşkilatların iş otaqları, onlara yaradılan şəraitlə və göstərdikləri fəaliyyətlə yaxından tanış olub, öz tövsiyələrini verib, həmçinin mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlarla məsləhətləşmələr aparılıb.  

Hamısını oxu
“27 sentyabr-Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi və təsbiti günüdür”

Cəlil Xəlilov: “Anım Günü ilə bağlı sərəncamı alqışlayır, bunu şəhidlərimizə, qəhrəmanlarımıza, xalqımızın mübarizə əzminə verilən ən yüksək qiymət hesab edirəm”   Bu gün 27 sentyabr – Vətən müharibəsinin birinci ildönümüdür. Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkə başçısının 27 sentyabr – Anım Günü ilə bağlı sərəncamını şərh edib:   “27 sentyabr Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu işğaldakı torpaqlarımızı yağı düşməndən azad etdi, dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Bu 44 gün ərzində Prezident İlham Əliyevin səsinə səs verən Azərbaycan xalqı 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altıdna saxlayan Ermənistanı sözün həqiqi mənasıdna tar-mar edərək ona öz yerini göstərdi. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, o, özünü, öz sərhədlərini, ərazi bütövlüyünü qorumağa qadirdir və heç bir qüvvə onun iradəsinə qarşı gələ, onu susdura bilməz.   27 sentyabr həm də Anım Günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamı ilə hər il 27 sentyabr tarixi Anım Günü kimi qeyd ediləcək. 27 sentyabrın Anım Günü kimi qərarlaşması hər şeydən öncə prezidentimizin, dövlətimizin, xalqımızın şəhidlərimizə, ərazi bütövlüyümüz uğrunda həyatını itirən vətəndaşlarımızın ruhuna sonsuz sevgi və ehtiramının təzahürüdür. Bu, həm də xalqımızın qəhrəmanlığının əbədiləşdiyi, onun öz dövləti, öz torpağı, öz bayrağı uğrunda canından keçməyə daim hazır olduğunun təsdiqi və təsbiti günüdür. Məhz 27 sentyabr tarixində minlərlə Azərbaycan övladı vətənin səsinə səs verərək qanlı döyüş meydanına atılmış, öz qəhrəmanlıqları ilə sözün həqiqi mənasında tarix yazmışdı. Heç şübhəsiz ki, illər, əsrlər sonra da Azərbaycan  ordusunun bu böyük qalibiyyəti, bu misilsiz zəfəri tarixin yaddaşında yaşayacaq və xalqımız tərəfindən qürur hissi ilə yad ediləcək”.   Sədr müavini dövlətimiz tərəfindən Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsinin ən müxtəlif üsul və vasitələrlə əbədiləşdirildiyini, bu prosesin bu gün də davam etdiyini vurğuladı:   “Bildiyiniz kimi, ölkə başçısı bütün çıxışlarında şəhidlərimizi ehtiramla yad edir, bu tarixi zəfərə görə onlara minnətdar olduğumuzu vurğulayır. Məhz Prezident İlham Əliyevin göstərişi və tövsiyyələri əsasında şəhidlərimizin xatirəsi bütün ölkə ərazisində əbədiləşdirilməkdə, onların adı müxtəlif küçə və məktəblərə verilməkdədir. Müharibə qəhrəmanlarının büstlərinin ucaldılması, barilyeflərinin hazırlanması, onların döyüş yolu haqqında ictimaiyyətə, xüsusilə də gənc nəslə geniş məlumat verilməsi də dövlətimizin şəhdilərimizə olan sevgi və ehtiramından xəbər verir. Bəzi rayonlarda Qəhrəmanlar Parkının yaradılması da şəhidlərimizin ölümsüz xatirəsinin yaşadılmasına, habelə onların təbliğinə xidmət edir”.   Cəlil Xəlilov şəhid və qazilərimizin 44 günlük savaş salnaməsində göstərdikləri qəhrəmanlıqla bütün dünyanı heyrətləndirdiyinə də diqqət çəkdi:   “Hər kəsə məlum olduğu kimi, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində  göstərdiyi qəhrəmanlıqlar, ortaya qoyduğu əzm və cəsarət, eyni zamanda hərbi səriştə bütün dünyanın heyrətinə səbəb oldu. Hansı ki, dünyanın hərbi baxımdan ən inkişaf etmiş dövlətləri, o cümlədən ABŞ başda olmaqla bir sıra NATO dövlətləri Azərbaycan ordusunun Vətən müharibəsindəki hücum taktikasını öyrənməkdə, onun bu müharibədə sərgilədiyi nailiyyətləri hərbi-elmi baxımdan təhlil etməkdədirlər. Dünyanın ən məşhur hərbi ekspertləri, o cümlədən hərbi institutları etiraf edir ki, Vətən müharibəsində Azərbaycan hərbçilərinin sərgilədiyi taktika, əməli müstəvidə dəqiqliklə reallaşdırlan ildırımsürətli müharibə strategiyası, o cümlədən çətin və mürəkkəb coğrafi relyefdə uğurlu hərbi əməliyyatlar keçirmək bacarığı müasir dünya hərbi üçün ciddi yenilikdir. Bu, Azərbayca ordusunun gücünün, Azərbaycan hərbçilərinin yenilməzliyinin etirafıdır.   Bu baxımdan, 27 sentyabr Anım Günü ilə bağlı sərəncamı alqışlayır, bunu şəhidlərimizə, qəhrəmanlarımıza, xalqımızın mübarizə əzminə verilən ən yüksək qiymət hesab edirəm.   Onu da qeyd edim ki, ölkə başçısı Anım Günü ilə bağlı xalqa müraciətində bu gün Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulacağını bildirdi. Bu, həm şəhidlərimizin xairəsinin, həm də şanlı zəfərimizin əbədiləşdirilməsi deməkdir və xalqımız tərəfindən məmnunluqla qarşılanmaqdadır. İllər, əsrlər sonra da Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi hər bir vətəndaşımız tərəfindən ehtiram və və qürur hiss ilə yad ediləcək, şəhdilərimizin xatirəsi hörmətlə anılacaqdır”.  

Hamısını oxu
Şəhidlərimizin ruhu Gürcüstanın Qardabani rayonunda ehtiramla yad olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı iyulun 14-də müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan polkovnik İlqar Mirzəyevin xatirəsi doğulduğu Gürcüstanın Qardabani rayonunun İstisu (Tbilistskaro) kəndində ehtiramla anılıb. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, rayon və kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Səfir Dursun Həsənov çıxış edərək düşmənin silahlı bölmələrinin iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə məlumat verib. Bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələr Paşinyan rejiminin daxili elektorata hesablanmış növbəti təxribatıdır. Bu qondarma “demokratik” rejim növbəti dəfə dəhşətli xarici düşmən obrazı yaratmağa, həm əhalinin, həm də müxalifətin diqqətini yayındırmağa çalışır. Diplomat vurğulayıb ki, Ermənistanın hərbi təxribatı nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir. Vətən uğrunda canından keçən oğullarımızın qisası ordumuz tərəfindən alınıb. İnanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Deputat Azər Süleymanov, şəhidin təhsil aldığı İstisu kənd məktəbinin direktoru Mehman İsayev, Qardabani şəhər 3 saylı tam orta məktəbin direktoru Abay Süleymanov və başqaları çıxış edib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə telefonla zəng etməsi xüsusi qeyd olunub. Bildirilib ki, dövlətimizin başçısının bu diqqət və qayğısı ordumuzun döyüş ruhunu daha da artırıb. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq. Sonda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.   Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi

Hamısını oxu