Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Rusiya Federasiyasının ölkəmizdəki səfiri ilə görüşüb

Bu gün Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Veteranlar Təşkilatını ziyarət edib, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb.   Görüş əsnasında Respublika Veteranlar Təşkilatnın fəaliyyəti ilə yaxından tanış olan səfirə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verilib, Rusiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.   Azərbaycan və Rusiya xalqları arasında möhkəm dostluq əlaqələrinin mövcudluğuna diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, faşizmə qarşı xalqlarımızın birgə mübarizə apardığını, bəşəriyyətin gələcəyi təhdid edən “qəhvəyi taun”a qarşı mübarizədə tarixi həmrəylik sərgilədiklərini bildirib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcudluğuna diqqət çəkən Fatma Səttarova, Azərbaycan və Rusiyanın dövlət başçıları arasında da şəxsi dostluq münasibətinin mövcudluğunu vurğulayıb, bu dostluğun xalqlarımız üçün də nümunə olduğunu qeyd edib.   Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov da Azərbaycan-Rusiya münasibətlərinin tarixən dinamik şəkildə inkişaf etdiyini, hər iki xalqın bir-birlərinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib. Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında da ətraflı danışıb.   Daha sonra çıxış edən Rusiya Federasiyasının səfiri Mixail Boçarnikov səmimi qəbula görə Fatma Səttarovaya təşəkkürünü bildirib, təşkilat sədrinə gül dəstəsi təqdim edib.  Azərbaycan-Rusiya xalqlarının dostluq və əməkdaşlığından məmnunluğunu ifadə edən Mixail Boçarnikov Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini yüksək qiymtələndirib, birgə tarixi mübarizənin xalqlarımızın həmrəyliyinə nümunə olduğunu bildirib. Mixail Boçarnikov onu da qeyd edib ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətini maraq və məmnunluqla izləyir.   Görüşün sonunda səfir Mixail Boçarnikov Fatma Səttarovaya Rusiyanın “Qələbə” Təşkilatı Komitəsinin “1941-1945-ci illər Böyük Vətən Müharibəsi Qələbəsinin 75 ili” medalını təqdim edib. Respublika Veteranlar Təşkilatına bu cür mötəbər medalın təqdim edilməsinə, təşkilata və şəxsinə göstərilən etimada görə Mixail Boçarnikova, onun timsalında Rusiya dövlətinə təşəkkür edən Fatma Səttarova, Azərbaycan-Rusiya dostluğunun bundan sonra da davam edəcəyinə inamını ifadə edib.   Seymur ƏLİYEV

2021-03-12 00:00:00
3975 baxış

Digər xəbərlər

Üç qardaşın ayaq səsləri eşidilir

Azərbaycan, Türkiyə, Pakistan arasında hərbi sahədə əməkdaşlıq güclənir   Hərbi təlimlər göstərir ki, istənilən təhdid və təhlükə ilə bağlı bu dövlətlərin hamısı vahid mövqe nümayiş etdirəcək, vahid cəbhədə dayanacaqlar   Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək. Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə beynəlxalq təlimin keçiriləcəyi ərazi ilə tanış olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib. Rəhbərlik təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verib. Birgə təlimlər “Üç qardaş - 2021” adı ilə həyata keçiriləcək.    Azərbaycan, Türkiyə və Pakistan ordusunun xüsusi təyinatlılarının iştirakı ilə birgə təlimlərin mühüm əhəmiyyətə malik olduğunu deyən ehtiyatda olan polkovnik, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov vurğulayıb ki, bu təlimlər hər şeydən öncə hərbi baxımdan son dərəcə önəmlidir: “Bildiyiniz kimi, Azərbaycanla Türkiyə və Pakistan arasında hərbi sahədə ciddi əməkdaşlıq mövcuddur və hər iki dövlət 44 günlük Vətən müharibəsində ölkəmizə açıq dəstəklərini ifadə ediblər. Vətən müharibəsində Azərbaycana həm diplomatik, həm də mənəvi baxımdan ciddi dəstək verən Türkiyə və Pakistan dövlətlərinin bu dəstəyi xalqımız tərəfindən hər zaman dərin minnətdarlıq hissi ilə yad ediləcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Trükiyə və Pakistanın Vətən müharibəsi dönəmində Azərbaycana verdiyi mənəvi və diplomatik dəstəyə diqqət çəkib.   Buna görə hər iki dövlətə öz minnətdarlığını bildirib. Azərbaycan Türkiyə və Pakistanla ikitərəfli və üçtərəfli təlimlər fonunda bu ölkələrlə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Qardaş Türkiyə NATO dövləti kimi hərbi baxımdan dünyanın ən güclü dövlətlərindən biridir. Son illər raket texnologiyasını sürətlə inkişaf etdirən Pakistan da müasir dünyanın hərbi baxımdan qabaqcıl dövlətlərindən biri hesab edilir.   Hər iki dövlət mürəkkəb coğrafi relyefdə, xüsusilə də dağlıq və yüksək dağlıq ərazilərdə döyüşmək, anti-terror əməliyyatı aparmaq baxımından zəngin təcrübəyə malikdirlər. 44 günlük Vətən müharibəsində qısa zamanda Qarabağ və ətraf əraziləri düşməndən azad edən Azərbaycan ordusu bu sahədə böyük səriştə və peşəkarlığa malik olduğunu bütün dünyaya sübut etdi.   İndi hər üç qardaş dövlət birgə təlimlərə hazırlaşır. Bu təlimlər ordumuzun döyüş hazırlığını yüksək səviyyədə saxlaması, müasir hərbi yenilikləri sürətlə mənimsəməsi, özünü rəqabət mühitində inkişaf etdirməsi baxımından olduqca əhəmiyyətlidir”.   C.Xəlilov əlavə edib ki, keçirilən təlimlərin siyasi baxımdan da mühüm əhəmiyyəti var:   “Azərbaycan, Türkiyə və Pakistanla birlikdə keçiriləcək hərbi təlimlər hər şeydən öncə üç dövlətin qardaşlığından, bir-birinə olan sevgi və bağlılığından xəbər verir. Bu təlimlər göstərir ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da istənilən təhdid və təhlükə ilə bağlı bu dövlətlərin hamısı vahid mövqe nümayiş etdirəcək, vahid cəbhədə dayanacaqlar. 10 noyabr Bəyanatının şərtlərinə əməl etmək istəməyən, vaxtaşırı müxtəlif təxribatlarlar həyata keçirməklə bölgədə sülh və sabitliyi pozmağa çalışan Ermənistan rəhbərliyinin də birgə təlimlərdən lazımi nəticə çıxarması vacibdir. Ermənistan və ona havadarlıq edən qüvvələr anlamalıdır ki, qüdrətli Azərbaycana dəstək olan qüdrətli dost ölkələr, qardaş dövlətlər mövcuddur. Bu dövlətlər onlara yönəlik hər cür təhlükəni dəf etməyə qadirdilər. Odur ki, Ermənistan Azərbaycana qarşı təxribatlara son qoymalı, öz məğlubiyyəti ilə barışmalı və regionda vəziyyəti mürəkkəbləşdirən addımlar atmaqdan çəkinməlidir. Əks təqdirdə, heç bir qüvvə Ermənistanı yeni və daha ağır məğlubiyyətdən xilas edə bilməyəcək”.   Sherg.az (https://sherg.az/x%C9%99b%C9%99r/174557 )

Hamısını oxu
Naxçıvan Xüsusi Təyinatlıları parada hazırlaşır

Xüsusi Təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşırlar. Axar.az xəbər verir ki, Naxçıvan ordusu Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib. Qeyd edək ki, sabah-dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək. Hərbi paradda həmçinin Heydər Əliyev adına Naxçıvan hərbi liseyinin kursantları da keçid edəcək. Naxçıvan hərbi liseyinin məzunu olan minlərlə zabit Qarabağın azadlığı uğrunda Vətən müharibəsində tarixi qəhrəmanlıqlar göstəriblər.

Hamısını oxu
“Azərbaycan xalqını heç nə 8 Noyabr zəfəri qədər xoşbəxt edə bilməzdi”

Səmyar Abdullayev: “Qarabağda həyatın yenidən canlanması Prezidentimizin Böyük Zəfərdən sonra xalqımıza bəxş etdiyi ən böyük hədiyyədir” Bu gün 8 Noyabr zəfərinin üçüncü ildönümüdr. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə bu şanlı tarixə nəzər salmağa, onun ən başlıca nüansları şərh etməyə çalışdıq: -Səmyar bəy, 8 Noyabr zəfərinin tarixi önəmindən, hərbi-siyasi əhəmiyyətindən çox danışılıb. İstərdik bu qələbənin mənəvi əhəmiyyətindən danışasınız...  -8 Noyabr zəfərinin hərbi, eləcə də siyasi önəmi həqiqətən də böyükdür. Bu zəfər Azərbaycanın “məğlub ölkə” statusuna son qoydu, ölkəmizin iqtisadi  baxımdan olduğu kimi, hərbi baxımdan da regionun bir nömrəli dövləti olduğunu təsdiqlədi. Uzun illərdir işğal altında qalan torpaqlarımız azad edildi, suverenliyimiz bərpa olundu. Azərbaycan beynəlxalq təşkilatların, aparıcı dövlətlərin 30 il müddətində edə bilmədiyini cəmi 44 gün ərzində reallığa çevirdi. Bununla da, sübut etdi ki, o, sühhə önəm verdiyi kimi döyüşməyi də, öz haqqını qeyri-diplomatik vasitələrlə təmin etməyi də bacarır. Hesab edirəm ki, 8 Noyabr zəfərinin mənəvi əhəmiyyəti hərbi önəmindən heç də az deyil. Bildiyiniz kimi, Qarabağ bizim üçün yalnız doğma vətənin itirilmiş bir parçassı deyildir. Qarabağ və işğaldakı ətraf rayonların azadlığı bizim üçün həm də bir şərəf məsələsi, qürur işi idi. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanmaqla öz tarixi haqqımızı bərpa etdik. Biz bütün dünyaya göstərdik ki, heç kim, heç bir qüvvə xalqımızı alçalda, onun ləyaqətini, heysiyyətini təhqir edə bilməz. Azərbaycan xalqı öz təhlükəsizliyinə, suverenliyinə həssas olduğu qədər də öz ləyaqətinə, mənəvi dəyərlərinə həssasdır və bu məsələdə kiməsə zərrə qədər də olsun güzəştə getməyəcək. Bu baxımdan 8 Noyabr zəfəri milli qürur və ləyaqətimizi bərpa etməklə yanaşı, xalqımızın özünün-özünə olan inamını da geri qaytardı. Və mən əminliklə deyirəm ki, Azərbaycan xalqını heç nə bu zəfər qədər xoşbəxt edə bilməzdi. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhidlərimizə və qazilərimizə minnətdarıq və bu minnətdarlıq əbədidir. -Vətən müharibəsindən 3 il sonra – 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Qarabağda separatçılara qarşı lokal antiterror tədbiri həyata keçirdi. Sizcə qalib Azərbaycanı belə bir addım atmağa nə vadar etdi? -Cari ilin 19-20 sentyabr tarixlərində Qarabağda lokal antiterror tədbilərinin keçirilməsinə səbəb Ermənistanın 2020-ci ilin 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, separatizmə dəstək olması, beynəlxalq təşkilatların qətiyyətsiz və ikili siyasəti oldu. Bildiyiniz kimi, 10 Noyabr üçrətərfli Bəyanatına görə Ermənistan öz ordusunu Qarabağdan çıxarmalı, Rusiya sülhməramlıları buradakı qeyri-qanuni hərbi dəstələri tərksilah etməli, bölgədə təhlükəsizliyi təmin etməli idi. Lakin biz hər gün bunun tamam əksini müşahidə edirdik. Ermənistan bir ucdan Qarabağa hərbi texnika, silah-sursat və əlavə hərbi dəstələr daşımaqda davam edir, ordumuza, eləcə də mülki vətəndaşlarımıza qarşı terror aktları təşkil edirdi. Beynəlxalq təşkilatlar isə bütün bunları görməzdən gəlir, İrəvana siyasi baxımdan heç bir təzyiq göstərmirdi. Bu səbəbdən də, Azərbaycan məlum problemi yenə də özü həll etməli oldu. Nəticədə, 24 saatdan da az müddətdə Qarabağdakı separatçılar darmadağın olundu, bu ərazilər üzərində Azərbaycanın faktiki nəzarəti bərpa edildi. Prezident İlham Əliyev bununla bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan bölgənin lider dövlətidir və onun iradəsinə qarşı gəlmək mümkün deyil. 2023-cü ilin 15 oktyabr tarixində Müzəddər Ali Baş Komandan Xankəndində üçrəngli bayrağımızı qaldırmaqla bir daha bütün dünyaya ciddi mesaj ünvanladı. Prezidentimiz bununla göstərdi ki, Azərbaycana yönəlik məkirli niyyətlər, xam xəyallar puç olmağa məhkumdur və ordumuz bu kimi bədxah təşəbbüslərə hər zaman yalnız və yalnız qələbə ilə cavab verəcək. -Səmyar bəy, bu gün Fransa, Hindistan və s. kimi ölkələrin Ermənistanı silahlandırması müşahidə edilməkdədir. Bu ölkələrədn Ermənistana hərbi təlimatçıların göndəriləcəyi də iddia olunur. Sizcə Vətən müharibəsində  darmadağın edilən Ermənistanı bu kimi addımlarla yenidən dirçəltmək mümkündürmü? -Bütün bunlar Ermənistanı təsəlli etmək, erməni ictimaiyyətini aldatmaq məqsədi ilə atılan boş və absurd addımlardır. Bu gün İrəvanın yanında olduğunu iddia edən, onu yenidən silahlandırmağa çalışan dövlətlərin məqsədi heç də Ermənistana kömək etmək deyil. Onlar sadəcə Ermənistana nüfuz etməklə bölgədə təmsil olunmağa, öz maraqlarını Cənubi Qafqazda təmin etməyə çalışırlar. Məqsəd sadəcə bundan ibarətdir. O ki qaldı, Ermənistanı silahlandırmaqla onu güc mərkəzinə çevirmək cəhdlərinə, təbii ki, bütün bu cəhdlər iflasa məhkumdur. Çünki Azərbaycanın Ermənistan üzərindəki hərbi, eləcə də iqtisadi üstünlüyü olduqca böyükdür və bu üstünlüyü heç bir dəstək ortadan qaldıra bilməz. Buna görə də Fransa və Hindistanın Ermənistana dəstəyi post-müharibə dönəmində formalaşan mövcud status-kvonu dəyişə bilməz. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan erməni faşizminin başını əzib və Dəmir yumruq daim öz yerindədir. Azərbaycan heç vaxt erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək və bu cür meyillərin qarşısı anındaca alınacaq. -Dünən Prezident İlham Əliyev hərbi qulluqçuların vəzifə maaşlarını artırdı. Tarixi zəfərimizin üçüncü ildönümündə atılan bu addım Ali Baş Komandanın ordumuza, dövlətimizin təhlükəsizliyinə verdiyi önəm kimi dəyərləndirilə bilərmi? -Şübhəsiz! Prezidentin bununla bağlı verdiyi fərmanlar bir daha göstərdi ki, Azərbaycan dövləti öz əsgər və zabitinə böyük önəm verir, onun sosial durumunun mütəmadi şəkildə yaxşıalşdırılmasını diqqətdə saxlayır. Hərbçilərin maaşının artırılmasını dövlətimizn təhlükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan addım kimi də xarakterizə etmək mümkündür.Dünyanın istənilən ölkəsində sosial baxımdan ciddi təminat hərbçilərin fəaliyyəti stimullaşdıran əsas amillərdən biri hesab edilir. Bu baxımdan hərbçilərimizin maaşının artırılması onların maddi rifahını yaxşılaşdırmaqla yanaşı, zabitlərimiz üçün mənəvi baxımdan da ciddi stimul olacaq, onları yeni uğurlara ruhlandıracaq. Təbii ki, Prezidentin maaaş artımı ilə bağlı fərmanı Zəfər Günü ərəfəsində elan etməsini hərbçilərimiz üçün əsl bayram hədiyyəsi kimi dəyərləndirmək mümkündür. Bu, bir daha Ali Baş Komandanın hərbçilərə olan qayğısını göstərir və bu siyasət xalqımız, cəmiyyətimiz tərəfindən də təqdir olunmaqda, alqışlanmaqdadır. Onu da qeyd edim ki, Ali Baş Komandan dünən Müdafiə Nazirliyinin 3 hərbçisinə genera-mayor rütbəsi verdi. Prezident İlham Əliyev imzaladığı Sərəncamla Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhədi Xidməti tərəfindən ümumilikdə 1262 nəfər təltif edildi. Təltif olunanların siyahısında 206 nəfər sentyabrın 19–20-də Qarabağda aparılan antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçular, 8 nəfər sentyabrın 19-da Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan polis əməkdaşları, 1 nəfər Vətən Müharibəsində itkin düşmüş və şəhid statusu almış hərbi qulluqçu və 1 nəfər Vətən Müharibəsinin iştirakçısı, I qrup müharibə əlili var. Sərəncama əsasən 5 nəfər “Qarabağ”, 30 nəfər “Azərbaycan Bayrağı”, 55 nəfər 3-cü dərəcəli “Rəşadət”, 1 nəfər 2-ci dərəcəli “Rəşadət”, 6 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 283 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 327 nəfər “Vətən uğrunda”, 130 nəfər “İgidliyə görə", 1 nəfər “Suqovuşanın azad olunmasına görə”, 1 nəfər “Xocavəndin azad olunmasına görə”, 182 nəfər “Döyüşdə fərqlənməyə görə”, 176 nəfər “Cəsur döyüşçü”, 273 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Bütün bu faktlar Ali Baş Komandanın hərbçilərimizə olan diqqət və qayğıısnın təzahürüdür. -Səmyar bəy, bu gün bir tərəfdən mina terroruna qarşı mübarizə aparan ölkəmiz, digər yandan işğaldan azad edilən ərazilərdə nəhəng quruculuq işləri həyata keçirməkdədir. Artıq minlərlə keçmiş məcburi köçkün öz dədə-baba yurduna qayıdıb. Reallaşmaqda olan Böyük Qayıdışı 8 noyabr zəfərinin təntənəsi adlandırmaq mümkündürmü? -Birmənalı şəkildə! Qarabağa istiqamətlənən “Böyük Qayıdış” əslində 44 günlük Vətən müharibəsinin mahiyyətini izah edən ən ali faktdır. Bu fakt bir daha sübut edir ki,Qarabağ tarixi Azərbaycan torpaqlarıdı və ordumuz o əraziləri azad edib ki, həmin torpaqlar hər zaman xalqımıza məxsus olub. Bu gün Qarabağa məhz o insnalar qayıdır ki, onlar 30 il öncə erməni işğalı səbəbilə bu torpaqları tərk etmiş, məcburi köçkün həyatlı yaşamağa məcbur olmuşdur. Bu gün Xankəndidə keçirilən parad Qarabağın Azərbaycana məxsusluğundan, vətəndaşlarımızın öz əzəli yurduna qayıdışından xəbər verir. Bu parad bir daha göstərir ki, bu torpağın əsl sahibi Azərbaycan xalqıdır və Azərbaycan xalqı əbədi olaraq öz tarixi yurdunda yaşamını davam etdirəcək. Artıq 3 ildir ki, Prezident İlham Əliyevin bilavasitə nəzarəti və səyi ilə Qarabağda geniş quruculuq işləri həyata keçirilir. Hansı ki, Qarabağda görülən işlərin miqyas və mahiyyəti bütün dünyada, hətta Ermənistanda da açıq heyrətlə izlənilməkdədir. Görülən bütün bu işlər xalqımızın yaradıcılıq, quruculuq xislətindən, dövlətimizin sülhpərvər, humanist siyasətindən xəbər verir. Çox keçməyəcək ki, vaxtiylə Qarabağda didərgin salınan bütün soydaşlarımız öz doğma diyarlarına qayıdacaq, uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızda həyat yenidən canlanacaq. Və Qarabağda həyatın yenidən canlanması Prezident İlham Əliyevin Azərbaycan xalqına Böyük Zəfərdən sonra bəxş etdiyi ən böyük hədiyyə olacaq. Biz Azərbaycan Gözdən Əlillər Cəmiyyəti olaraq Zəfər Günü münasibəti ilə bu zəfərin baş memarı Müzəffər Ali Baş Komandanı, eləcə də Azərbaycan xalqını və Silahlı Qüvvələrimizi  təbrik edir, dövlətimizin rifahı və təhlükəsizliyi naminə fəaliyyətində  Prezidentimizə uğurlar arzulayırıq. Seymur ƏLİYEV  

Hamısını oxu
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabat

Respublikamız özünün çoxəsrlik dövlətçilik tarixinin ən şanlı, ən şərəfli günlərini yaşayır. Bir vətəndaş olaraq, bir azərbaycanlı olaraq, bu günlərə şahidlik etmək hər birimiz üçün sonsuz fəxr, iftixar mənbəyidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə bizim qürurlu bir xalq olaraq, qüdrətli bir dövlət olaraq, bundan sonra da gələcəyə böyük ümidlərlə baxmağımıza, ölkəmizin inamlı inkişafına zəmin yaradıb. Eyni zamanda, şanlı Qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni bir dövrün başlanğıcı olub. Prezidentimizin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür. Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28 dekabr    2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu il, 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin 5-ci, dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa edilməsinin 2-ci ildönümü təntənə ilə qeyd edildi. Bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırkı vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir, bunu gənc nəslə çatdırmağı qarşımızda məqsəd qoyur və özümüzə borc bilirik. Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub, bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Bildiyimiz kimi Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi dekabrın 19-da qərar qəbul etmişdir. Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azad edildilər. Elan edilmiş bu amnistiya tərəfimizdən Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edilir və bu hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir. Biz veteranlar bu nəcib, xeyirxah təşəbbüsü alqışlayırıq. Azərbaycanda veteranlarla bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin fəaliyyətmizin təşkilində mühüm rolu vardır. Prezident İlham Əliyevin hər il İkinci Dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın məbləğinin artırılması, veteranların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılmasına dair imzaladığı fərman və sərəncamlar bunun bariz nümunəsidir. Göstərdikləri diqqət və qayğıya görə veteranlar adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. 2025-ci il Təşkilatımız üçün uğurlu il olmuşdur. Hesabat ilində Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Konstitusiyasını,  beynəlxalq aktları, “Veteranlar haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunlarını, qüvvədə olan digər normativ hüquqi aktları və Təşkilatın Nizamnaməsini rəhbər tutaraq müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlarla birgə veteran hərəkatının genişlənməsində, şəhid ailələrinin, Təşkilatımızda təmsil olunan veteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılmasında və onların ölkənin ictimai həyatında fəallığının artırılması istiqamətində işlərini uğurla davam etdirmişdir. Təşkilat cari ilin ötən dövrü ərzində 2025-ci ildə İllik planda nəzərdə tutulan tədbirləri, həmçinin, plana daxil olmayan əlavə tədbirlərin icrasını yüksək səviyyədə həyata keçirmişdir. Tədbirlərin əksəriyyətində hörmətli Rəyasət Heyətinin üzvləri  yaxından, fəal iştirak etmişlər. Hesabat ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovet dövründə və müstəqilliyin bərpasından sonra onunla birgə, bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyin əməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin və müxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmişdir. Hər il olduğu kimi cari ilin ötən dövrü ərzində də Təşkilatın inzibati binasında veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  20 Yanvar - Ümumxalq Hüzn günü, Xocalı soyqırımının ildönümü, 31 Mart - Azərbaycanlıların soyqırımı günü, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü, 27 sentyabr Anım Günü, 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü və digər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilmiş, həmçinin dövlət səviyyəsində keçirilən tədbirlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri fəal iştirak etmişlər. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Təşkilatımız tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmış, İctimai Birliyin Rəyasət Heyətinin 2025-ci il 11 mart tarixli iclasında təsdiq edilmişdir. Həmin plan üzrə respublikanın şəhər və rayonlarında Təşkilatımız tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində  bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, mart ayının 18-də Təşkilatın inzibati binasında “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda, aprel ayının 23-də Şəki şəhərində Təşkilatımızın və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol”, aprel ayının 24-də Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Təşkilatımızın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Zəfərdən zəfərə gedən yol”, may ayının 19-da Naxçıvan şəhərində Təşkilatımızın və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, iyun ayının 19-da isə Laçın rayonunda Təşkilatımızın və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfranslar keçirilmişdir. Naxçıvan səfəri zamanı Muxtar Respublikanın rəhbərliyi ilə görüş keçirilmiş, konfransın mövzusunun mahiyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır. Hesabat ilində tərəfimdən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfəri, sadə insanların qələbəyə verdikləri töhfələri və 5 il ərzində quruculuq fəaliyyətini özündə əks etdirən “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib. İctimai Birliyin və Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində də “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad etmişlər. Zaqatala rayonunda keçirilən tədbirdən sonra Təşkilatın rəhbərliyi tərəfindən Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmməd oğlunun ailə üzvləri ilə görüşmüş, onların müraciətlərini dinləmişdir. Görüş zamanı şəhidin ailə üzvləri onlarla görüşdüyümə və müraciətlərini dinlədiyimə görə rəhbərliyə təşəkkürünü bildirmiş, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz qayğı və diqqətdən danışmış, buna görə dövət başçısına təşəkkür etmişdir. II Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 80 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar 08 oktyabr 2024-cü il tarixdə Moskva şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında qəbul olunan qərar və müraciət əsasında həm Təşkilatımızın Mərkəzi Aparatında və həm də yerlərdə bir sıra yubiley tədbirləri keçirilmişdir.  Belə ki, Şəhər (rayon) veteranlar təşkilatının sədrlərinin və müxtəlif kateqoriyadan olan veteranların, müharibə iştirakçılarının qohumlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi ziyarət edilmiş, gül dəstələri qoyulmuşdur. Həmçinin veteranlarımız Respublika Veteranlar Təşkilatının sabiq sədrləri - Fatma Səttarovanın, generallar Mustafa Nəsirovun, Tofiq Ağahüseynovun, Dadaş Rzayevin, eləcə də Milli Qəhrəman Hökumə Əliyevanın və uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət etmiş polkovnik Rzaqulu Quliyevin məzarları ziyarət olunaraq əziz xatirələri ehtiram hissi ilə yad edilmişdir. Cari ilin may ayının 9-da Respublika Veteranlar Təşkilatında Müdafiə Nazirliyinin köməyi ilə 100 nəfər veterana xidmət üçün səyyar mətbəx qurulmuş, Hərbi orkestrin ifasında konsert təşkil edilmişdir. Qələbənin 80 illik yubileyi ərəfəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyi və Vətən müharibəsindəki Zəfərin 5 illiyi münasibətilə “Zəfərdən zəfərə gedən yol” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən sonra Birliyin sədri ilə müxtəlif kateqoriyadan olan veteranların görüşü təşkil edilmiş, müraciətləri dinlənilmiş və onların həlli istiqamətində müvafiq işlər görülmüşdür. Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə Təşkilatımızda Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinin iştirakı ilə görüşlər keçirilmiş, Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun təbrikləri veteranlara çatdırılmışdır. Faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli   səfiri Yevdokimov Mixail Nikolayeviçin veteranlarla görüşü təşkil edilimiş, İkinci Dünya müharibəsində faşizm üzərində qələbəni simvolizə edən “Xatirə məşəli” Təşkilatımıza təqdim olunmuşdur.   Ötən dövr ərzində Rəyasət Heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə 26 iyun - Silahlı Qüvvələr Günü, 8 noyabr – Zəfər Günü və anadan olması münasibətilə təbrik məktubları ünvanlanmışdır. Təşkilatımızda 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbiri, 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Birliyin və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi iştirakçılarının, müxtəlif kateqoriyadan olan veteranların, müəllim və tələbə heyətinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Biz şəhər (rayon) veteranlar təşkilatından onların fəaliyyəti, keçirdikləri tədbirlər barədə müntəzəm məlumatlar alır və vəziyyəti qiymətləndirərək, həmçinin təlabatları öyrənərək onlara müvafiq köməklik edirik. Hesabat dövründə Binəqədi, Masallı, Zaqatala, Qusar və Laçın rayon veteranlar təşkilatında hesabat-seçki konfransları keçirilmiş və yeni sədrlər seçilmişdir. Hazırda İmişli və Naftalan rayon veteranlar təşkilatının sədrləri olmadığından, bu işin daha səmərəli aparılmasında çətinliklər mövcuddur. Həmin rayonlarda yaxın müddətdə yeni sədrlərin seçilməsi üçün yerli icra orqanları ilə birgə iş aparılır. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Məlumdur ki, şəhər (rayon) veteranlar təşkilatları öz işlərini yerli icra orqanları ilə qururlar və hansı rayonlarda bu əlaqələr yaxşıdır, iş də qənaətbəxşdir. Ancaq bəzi rayonlarda rayon veteranlar təşkilatı, ümumən veteranlara münasibət heç də ürəkaçan deyil və biz bu məsələni xüsusi diqqətdə saxlayırıq. İnanırıq ki, rayon icra hakimiyyətlərinin başçıları da veteranlara ölkə başçısının göstərdiyi yüksək qayğı və diqqət münasibəti nümunəsindən lazımi nəticə çıxaracaqlar. Əvvəlki illərdə olduğu kimi bu il də veteranlarımızın sosial müdafiəsinin gücləndirilməsi, onlardan daxil olan müraciətlərin qanunamüvafiq qaydada həll edilməsi istiqamətində işlərimiz davam etdirilmişdir. Bildirirəm ki, dekabr ayının     11-də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Bayramovla  rəhbərlik etdiyim nümayəndə heyətinin görüşü keçirilmişdir. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Təşkilatımız arasındakı mövcud əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmiş, veteranları maraqlandıran təkliflər ətrafında geniş fikir mübadiləsi aparılmış, mövcud müraciətlərə baxılarkən veteranlarımızın həssas insanlar olmasını nəzərə almaları xahiş edilmişdir. Cari ilin ötən dövründə Təşkilata müraciət etmiş 76 nəfər - Qarabağ müharibəsi veteranı,  40 nəfər - Əmək veteranı, 26 nəfər - 44 günlük Vətən müharibəsi iştirakçısı, 131 nəfər - veteran hərəkatının fəal üzvü, 5 nəfər - Əfqanıstan müharibəsi veteranı, 2 nəfər - şəhid ailəsi üzvü,  6 nəfər - Silahlı Qüvvələr veteranı, 1 nəfər - Çernobl əlili, 1 nəfər – hərbi xidmət əlili olmaqla ümümilikdə 286 nəfər müxtəlif kateqoriyadan olan veteranların sənədləri öyrənildikdən sonra Təşkilatımıza üzvlüyə qəbul edilmiş, məlumat bazasına yerləşdirilmişdir. Ad günləri və yubileylərlə əlaqədar Təşkilatın sədri adından veteranlara təbrik məktubları, Fəxri Fərmanlar hazırlanmış və ünvanlara göndərilmişdir. Hesabat ilində Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı istiqaməti üzrə işlər davam etdirilmişdir. Belə ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları məqsədi ilə keçirilən tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Bu tədbirlərdə Təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri, tədbirin təşkil oluduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirlərimiz mövzu və auditoriya baxımından kifayət qədər zəngin olmuşdur. Bakı şəhəri üzrə  Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı, Səbaıl, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarında yerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər və Slavyan universitetlərində, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cü  Azərbaycan Diviziyalarının keçdikləri döyüş yolları   haqqında, ordu quruculuğuna və 2016-cı ilin aprel döyüşlərinə aid mövzularda, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr - Zəfər Günü” və s. mövzulara həsr edilmiş tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbi xidmətə, vətəni qorumağa daim hazır olmalarına yönəldilmişdir. Hesabat ilində veteranlarla iş istiqamətində aparılan işlər icra hakimiyyətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Səhiyyə nazirliyi, Həmkarlar təşkilatları və digər dövlət və qeyri-hökümət təşkilatları ilə əlaqəli şəkildə təşkil edilmişdir. Hər il olduğu kimi bu il də respublikanın şəhər və rayonlarında yaşayan müharibə, əmək, Silahlı Qüvvələr və hüquq mühafizə orqanları veteranlarının sayı dəqiqləşdirilib. Məlumatlara görə, 2025-ci ilin dekabr ayınadək İkinci dünya  müharibəsi iştirakçılarının sayı 12 nəfərdir. Onlardan 8 nəfərinin yaşı 100 və 100-dən artıqdır. Leninqrad blokadası iştirakçıları 3 nəfər, veteranların dul qadınlarının sayı 1630 nəfər, arxa cəbhə veteranlarının sayı 845, məhəlli döyüş iştirakçılarının sayı təxminən 3738 nəfər, Silahlı Qüvvələr veteranlarının sayı 11235, əmək veteranlarının sayı 32.473  nəfərdir. İl ərzində Mərdəkan Veteranlar Xəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520  nəfər veteran və təqaüdçü müalicə kursu keçmişdir. Onlardan 9 nəfərinə Respublika Veteranlar Təşkilatı tərəfindən göndəriş verilmiş, 2 nəfər veteranın sanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə köməklik göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji mərkəzi RVT-nin yaşlı veteranlarını təmənnasız tibbi müayinə və müalicə olunmalarını öz himayələrinə götürərək 5 illik müqavilə bağlanmış, və il ərzində mərkəzin həkimlər briqadası tərəfindən 62 nəfər veteran tibbi müayinədən keçirilmişdir. Bundan əlavə Bakı səhəri Herontoloji Mərkəzi RVT ilə birgə 50 nəfərdən artıq veteranlarla  “Veteranların Tibbi maarifləndirilməsi” mövzusunda tədbir keçirmişdir. Rayon ictimai təşkilatları və icra strukturları ilə birgə Vətən uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidələrin uçotu aparılmış, abidələrin vəziyyəti diqqətdə saxlanılmışdır. Qardaşlıq qəbirstanlıqlarının səliqəyə salinması üçün Bakı şəhər İcra Hakimiyyətinin mənzil kommunal təssərrüfatının rəhbərliyi ilə əlaqə saxlanılmış, qəbirstanlıqların abadlaşdırılması təmin olunmuşdur. Hesabat ilində İctimai Birliyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Respublika Veteranlar Təşkilatının Türk Dövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlar təşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları ilə çoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda II Dünya Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycan diviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldə edilməsi, həmçinin, Türkiyənın, Qazaxıstanın, Özbəkistanın, Qırğızstanın, Rusiyanın, Belarusun, Gürcüstanın, Tacikistanın, Moldovanın, Almaniyanın, Avstriyanın, Macarıstanın, Serbiyanın, Sloveniyanın, Polşanın, Cexiyanın, Slovakiyanın, İtaliyanın veteranlar təşkilatları haqqında məlumatların toplanması məqsədilə və qarşılıqlı səfərlərin təşkili ilə əlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müvafiq müraciətlər göndərilmişdir.   II Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixlərində Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası ilə razılaşdırıldıqdan sonra  Moskva şəhərində "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqil dövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayına hazırlığının son mərhəsində Birliyin (MDB) veteranlar təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və “Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında” iclaslarında Təşkilatımızın sədri Cəlil Xəlilov iştirak etmiş,  müzakirələr zamanı aidiyyəti üzrə aşağıdakı təklifləri təqdim etmişdir; Humanitar-mədəni sahədə əməkdaşlığın inkişafı, möhkəmləndirilməsi üzrə veteran təşkilatlarının işinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, Beynəlxalq veteran hərəkatı Birliyində millətlərarası inamın, xalqlar arasında dostluğun təbliğatı; Veteran təşkilatlarının yaşlı nəslin, xüsusən müharibə və hərbi xidmət veteranlarının sosial, hüquqi, iqtisadi hüquq və mənafelərinin qorunması, pensiya təminatı problemlərinin həlli, maddi-məişət şəraitinin yaxşılaşdırılması, bütün kateqoriyalı veteranların həyat səviyyəsinin yüksəldilməsi üzrə işin gücləndirilməsi; Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsinə, hərbi şöhrət abidələrinin qorunmasına xüsusi diqqətin təşkili; Veteran təşkilatlarının vətənpərvərlik və beynəlxalq dəyərlərin qorunması, komitələrin fəaliyyətinin əlaqələndirilməsi işinin daha da effektiv təkmilləşdirilməsi və əlaqələndirilməsi; Keçmiş Sovet İttifaqı ərazisində faşizmə qarşı Azərbaycan Respublikasının II Dünya Müharibəsi qəhrəmanlarının və iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi üçün təkliflər təqdim etmişdir; Qəhrəmanların şərəfinə büstlərin, xatirə lövhələrinin, xatirə lövhələrinin (Həzi Aslanov, Müseyib Bağırov, Aslan Vəzirov, Mehdi Hüseynzadə (Mixaylo), Qafur Məmmədov, İsrafil Məmmədov və digərləri) quraşdırılması məsələsini nəzərdən keçirmək; Məktəblərə, küçələrə, metro stansiyalarına qəhrəmanların adlarının verilməsi; Kalininqradın azad edilməsi üzrə hərbi əməliyyatlarda Azərbaycan Respublikasının yerli iştirakçılarının qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi (döyüşlərdə 400-dən çox döyüşçü həlak olub). Hesabat ilində  Belarus Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Pineviç Dmitriy Leonidoviçlə Təşkilatımızda görüş keçirilmişdir.  Görüş zamanı ikitərəfli əlaqələrin daha da genişləndirilməsi müzakirə edilmişdir. Bundan əlavə cari ilin mart ayında Rusiya Federasiyası Dağıstan Respublikasının Bakı şəhərindəki Nümayəndəsi Abdullayev Əliyar Tanrıverdi oğlunun xahişi ilə Təşkilatımızda görüş təşkil edilmişdir. Görüşdə Ümumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regional bölməsi tərəfindən cari ilin 17 aprel tarixində keçiriləcək II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Dağıstan və Azərbaycan Respublikalarının veteranlarının birgə forumunda iştirakı ilə əlaqədar dəvətnamə təqdim olunmuş və Prezident Administrasiyası ilə razılaşdırıldıqdan sonra nümayəndə heyətimizin həmin forumda iştirakı təmin edilmişdir. Ötən dövr ərzində Respublikanın Mərkəzi Arxivindən II Dünya Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Azərbaycanlılar haqqında əlavə məlumatlar toplanaraq Təşkilatın məlumat bazasına daxil edilmişdir. MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qo­runub saxlanılması istiqamətində işlər həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diaspor təşkilatları ilə birgə davam etdirilmişdir. Yeni il ərəfəsində müvafiq səfirliklərə, MDB Veteranlar Şurasına və Dünya Veteranlar Federasiyasına təbrik məktubları göndərilmişdir. 2025-ci il ərzində kadrlar üzrə işlər İctimai Birliyin rəhbərliyinin göstərişinə və illik planına əsasən yerinə yetirmişdir. Görülən işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun və “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Nizamnaməsinin tələbləri əsas tutulmuşdur. Hesabat dövrü müddətində Təşkilat sədrinin tapşırığına əsasən 89 Sərəncam normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanmış, müvafiq qaydada vizalar alınmış, imzaya təqdim olunmuş və imzadan sonra qeydiyyata alınaraq aidiyyəti üzrə icraya yönəldilmişdir. Birlik işçiləri ilə bağlanmış əmək müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi və ona nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məsələlərinin tənzimlənməsi məqsədilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində Daxili İntizam Qaydaları hazırlanmış və Birlik sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur. Birliyin bütün əməkdaşları həmin Qaydalarla tanış edilmişlər. Hesabat dövründə təşkilatın əməkdaşları Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq qaydada öncədən tərtib edilmiş, həmkarlar təşkilatı ilə razılaşdırılmış və təsdiq olunmuş qrafikə müvafiq olaraq, məzuniyyət hüququndan istifadə etmişlər.  Hesabat dövründə Birliyin 6 nəfər əməkdaşı Rusiya Federasiyasının müxtəlif şəhərlərində keçirilən tədbirlərdə və 22 nəfər əməkdaşı Respublikamızın regionlarında keçirilən tədbirlərdə iştirak etməsi məqsədilə ezamiyyətə göndərilmişdir. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatı” İctimai Birliyində nizam intizamın möhkəmləndirilməsi və intizam pozuntusunun gələcəkdə təkrarlanmaması məqsilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq 2 nəfərə “xəbərdarlıq” elan edilmişdir. İctimai Birliyin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfransın Naxçıvan və Laçın şəhərlərində keçirilməsində göstərdikləri köməkliyə və etdikləri tövsiyələrə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri adından aidiyyəti dövlət orqanlarına təşəkkür məktubları hazırlanıb göndərilmişdir. Hesabat ili ərzində Təşkilata daxil olmuş müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə, elektron poçt vasitəsi ilə daxil olmuş 276 müraciət müvafiq qaydada cavablandırılmış, digər təşkilatlara 234 sənəd göndərilmişdir.     Hesabat ilində İctimai Birliyin “veteran.gov.az” saytının texniki və təhlükəsizlik baxımından funksionallığı təmin edilib, saytın təkmilləşdirilməsi üzrə işlər davam etdirilib. Təşkilatın İnformasiya Təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları ilə (Xüsusi Dövlət Mühafizə Xidməti) əlaqələr yaradılmış, sistem və tətbiqi proqram təminatları, texniki avadanlıqların və internet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olması təmin edilmişdir. Təbliğati işin qurulmasında Təşkilatın “veteran.gov.az” saytının mühüm yeri var. İl ərzində Təşkilatın keçirdiyi tədbirlər barədə internet saytına ümumilikdə 480-dən artıq məlumat və məqalənin,   foto-video qalereya bölməsinə 1549 fotonun, 46 video materialın, facebook və twitter sosial şəbəkələrdəki səhifələrin hər birində 58 məlumatın hazırlanaraq yerləşdirilməsi təmin edilmişdir. Eləcə də ötən müddət ərzində əməkdaşlarımızın “AzərTac”, “Moderator.az”, “AzadMedia.az”, “İki sahil”, “Trend”, “Redaktor.az” saytlarında, həmçinin “Xalq qəzeti”, “525-ci qəzet” və s. qəzetlərdə məqalələrinin, müsahibələrinin dərci təmin edilmişdir. Hesabat dövründə Respublika Veteranlar Təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti də qənaətbəxş olmuş, ayrılan vəsaitdən maksimum səmərə ilə istifadə edilib və təyinatına uyğun xərclənmişdir. Hesabat müddətində fəaliyyətin səmərəli qurulmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Vitse Prezident Mehriban xanım Əliyevanın veteranlara göstərdikləri qayğı və diqqətin mühüm rol oynadığını bir daha xüsusi vurğulamaq istərdim. İclas iştirakçıları və veteranlar  adından  yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildiririk. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri polkovnik Cəlil Xəlilov

Hamısını oxu