Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı: İsrafil Məmmədov

1919-cu ildə martın 16-da Şəmkir rayonu Qapanlı kəndində dünyaya göz açmışdır. Hazırda Şəmkir Rayonu Qapanlı Kəndində Büstü ucaldılmışdır. Qapanlı Kənd tam orta məktəbi də hazırda İsrafil Məmmədovun adını daşıyır. Gəncə şəhərində adına ev müzeyi və abidə və küçə vardır.   1941-ci ilin dekabr ayında döyüşən ordudan Azərbaycana xoş bir xəbər gəldi: Şimal-Qərb cəbhəsinin Siyasi İdarəsi sizdən xahiş edir: İsrafil Məhərrəm oğlu Məmmədovun Gəncə ş üçüncü vağzal küçəsindəki 39 nömrəli evdə yaşayan ailəsinə xəbər verin ki, onların oğlu, bizim cəbhənin döyüşçüsü faşist işğalçılarına qarşı döyüşlərdə igidlik göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür". Şaxtalı dekabr gecəsi iki batalyon alman avtomatçısı Novqorod vilayətinin Pustınka kəndinə yaxınlaşmışdı. İlk baxışda elə göründü ki, bu kənddəki strateji obyekti müdafiə edən rota mühasirəyə alınmışdır. Almanlar burada toplardan və minaatanlardan şiddətli atəş açıb hücuma keçdilər. Kənddəki atəş nöqtələrindən səs gəlmirdi. Faşistlər asanlıqla qələbə çalmaq ümidində idilər. Budur, onlar artıq kəndin yüz metrliyinə çatdılar. Artıq hər bir faşistin üzünü görmək olurdu.   - Atəş! – deyə İsrafil Məmmədov komanda verdi.   Məmmədovun döyüşçüləri avtomat silahlardan yaylım atəşi açdılar. Bu atəş düşməni xəncər kimi kəsdi. Faşistlərin birinci sıraları biçildi. Almanlar radiostansiyanı məhv etməyə çalışırdılar. Beş əsgər stansiyaya yaxınlaşırdı, lakin bunların beşi də məhv edildi. Radiostansiya isə salamat qaldı.   Beləcə, gərgin vuruş azı on saat davam etdi. Avtomat silahların patronları qurtarırdı. Məmmədovun yanında öldürülmüş və yaralanmış döyüşçülər uzanmışdılar, bunlar onun dostları, silahdaşları idilər. Kəndi müdafiə etmək üçün cəmi səkkiz əsgər qalmışdı. Məmmədov avtomatı bir yana qoyub tüfəngi götürdü. Patrona qənaət etmək lazım idi. İndi snayper Məmmədov təkcə özü atəş açırdı. Yaralı avtomatçılar və radistlər tüfəngi doldurub ona verirdilər, o da arası kəsilmədən düşməni atəşə tuturdu. Tüfəng patronları da qurtardı. Faşistlər isə irəliyə can atırdılar. Gərgin süngü döyüşü başladı. Hamıdan irəlidə komandir Məmmədov özü gedirdi. Pustınka kəndini müdafiə edənlər kömək gələnə qədər mövqelərini əldən vermədilər. Bu hadisə dekabr ayının ilk günlərində olmuşdur. Ayın 11-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Məlumat üçün qeyd edək ki, İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlıdır.   ...Dörd gündən sonra Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant P.A.Kuroçkin şəxsən özü qəhrəmanın hüzuruna gəldi. Birbaşa döyüş meydanında təntənəli şəraitdə İsrafil Məmmədova Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının "Qızıl ulduz"u təqdim edildi. Sevincdən, həyəcandan qəlbi çırpınan İsrafil Məmmədov inamla dedi:   - Mənim 22 yaşım var. İndi həyatımın əsl mənasını daha çox faşisti məhv etməkdə görürəm. Nə qədər ki, sağam, mən bu amalla faşizmə qarşı vuruşacağam.   General gülümsündü. Qəhrəmana üçdiskli avtomat bağışladı. Qəhrəmanın şərəfinə Şəmkirdə, doğma Qapanlı kəndində, Gəncədə və başqa yerlərdə keçirilmiş mitinqlərdə də eyni ilə tərif və təbliğat sözləri səslənirdi. Həmin ilin may ayında ağır yaradan sonra hospitalda müalicə olunmuş qəhrəman Gəncəyə gəlir. Bu zaman artıq İsrafil Məmmədovun hünərindən təkcə döyüşçülər nümunə götürmürdülər, "məmmədovçular" hərəkatı arxa cəbhədə də geniş vüsət almışdı. İ.Məmmədov yenidən daha böyük cəsarətlə döyüş meydanına atılır. 1943-cü il mayın sonuna kimi mərdliklə vuruşur, ikinci dəfə yaralanır, döyüş dostlarından ayrılmalı olur. O, bir müddət respublika komsomolunun Mərkəzi Komitəsində işləyir.   Faşistlərə sonsuz nifrətini yenidən dönə-dönə nümayiş etdirdi. Xeyli vuruşdu. Lakin üçüncü yara qəhrəmanın səhhətini tam sarsıtdı. 1946-cı ildə qızları Qalina və Svetlana atalarını həmişəlik itirdilər. Qəhrəman İsrafil Məmmədov 1946-cı il mayın 1-də Yalta hospitalında əbədiyyətə qovuşdu. Qəhrəmanın cənazəsi xüsusi təyyarə ilə doğma yurduna gətirildi və ailəsi həmin vaxt Gəncədə yaşadığı üçün Gəncənin mərkəzində, indiki Xan bağında torpağa tapşırıldı.   Onun haqqında istər rus mətbuatında, istərsə də doğma Azərbaycanda çox əsərlər yazılıb. O illərdə Gəncədə yaşayıb-yaradan Mir Cəlal Paşayev də İ.Məmmədovun hünərindən riqqətə gələrək "Qəhrəmanın yolu" adlı geniş bir oçerki qələmə alır. 1942-ci ildə isə Bakıda sevimli ədibin "İsrafil" adlı kitabı çap olunur.                                          

2021-03-31 00:00:00
9365 baxış

Digər xəbərlər

AzTU-da "B2G Forum" keçirilib

Veteran.gov.az xəbər verir ki, aprelin 12-də Azərbaycan Texniki Universitetində (AzTU) "Caspian Energy Club"un təşkilatçılığı ilə "B2G Forum" keçirilib. Forumda universitet nümayəndələri və sahibkarlar iştirak edib. Forumun moderatoru “Caspian Energy Club”un idarə heyətinin sədri və baş icraçı direktoru Telman Əliyev klubun fəaliyyəti haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, "B2G Forum"un fəxri qonağı AzTU-nun rektoru Vilayət Vəliyevdir. Məqsəd universitetlə sahibkarların işbirliyini inkişaf etdirmək, əmək bazarının tələblərinə cavab verən kadr hazırlanması istiqamətində təkliflər verməkdir. Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə görülən işlər və həyata keçirilən yeniliklər haqqında təqdimatla çıxış edib. Bildirib ki, belə görüşlərin keçirilməsi universitet-sənaye işbirliyi əsasında ideyaların biznesə çıxışı üçün əhəmiyyətlidir. Rektor AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası barədə də məlumat verib. İnkişafla yanaşı çatışmazlıqları da diqqətə çatdıran rektor innovasiyaların tətbiqində mövcud olan problemləri qeyd edib.   Forum çərçivəsində AzTU-nun rektoruna “Caspian Energy Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. Rektor daha sonra sahibkarların suallarını cavablandırıb. Sahibkarlar universitetdə tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün yeni tədqiqat mərkəzlərinin, laboratoriyaların və texnoparkların yaradılması istiqamətində AzTU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Forumdan sonra qonaqlar universitetin laboratoriyaları və institutlarının fəaliyyəti ilə tanış olub.    

Hamısını oxu
“Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır”

“Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, səfər sayəsində xarici diplomatlar işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə bağlı ətraflı məlumat əldə edib, inqilabi yenilikləri öz gözləri ilə müşahidə ediblər: “2025-ci ilin 31 oktyabr tarixində ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin  Cəbrayıl və Zəngilan rayonlarına səfəri beynəlxalq birlik nümayəndələrinin  işğaldan azad edilən ərazilərə sayca 20-ci səfərdir və bu səfər hər mənada çox böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib ki, bu da Zəngəzur dəhlizinə olan marağın böyüklüyünə dəlalət edir. Səfər zamanı diplomatlar Zəngəzur dəhlizi boyu görülən işlərlə, işğaldan azad edilən ərazilərdə dövlətimizin qısa zaman ərzində həyata keçirdiyi bir-birindən əzəmətli layihələrə tanış olublar. Səfər əsnasında əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, sözügedən dəhlizin istifadəsinin regional iqtisadi inkişafa verəcəyi töhfəyə yönəlib. Bundan öncəki səfərlər kimi bu səfər də dövlətimizin işğaldan azad edilən ərazilərdə gördüyü böyük işləri, xalqımızın quruculuq əzmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm önəm kəsb edirdi. Səfərdə iştirak edən diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri Zəngəzur dəhlizinin açılışı üçün Azərbaycanın gördüyü irimiqyaslı işlərlə tanış oldular, həyata keçirilən layihələrin miqyasından heyrətlərini ifadə etdilər. Bu səfər bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sülh ölkəsi, Azərbaycan xalqı isə yaradıcı xalqdır və onun inkişaf strategiyası bütün regionun maraqlarına cavab verir. Artıq bütün dünya əmindir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəmir iradəsi, sonsuz qətiyyəti və ardıcıl səyləri nəticəsində Zəngəzur dəhlizi ən qısa zamanda fəaliyyətə başlayacaq, bu fəaliyyət onlarla ölkənin sosial-iqtisadi rifahının yaxşılaşmasına mühüm töhfə verəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Şamaxı şəhər Veteranlar Təşkilatının sədri Ağarza Bayramov “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

Şamaxı şəhər Veteranlar Təşkilatının sədri Ağarza Bayramov  veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahibinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirib.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin bəyanatı

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti 4 iyun 2021-ci il tarixində Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı bəyanat verib. Beynəlxalq təşkilatlara, dünya birliyinə ünvanlanan bəyanatda deyilir:   “30 ilə yaxındır ki, Ermənistan dövlətinin həyata keçridiyi işğal siyasətinə 44 günlük Vətən müharibəsi və bu müharibənin nəticəsi kimi meydana çıxan 10 noyabr 2020-ci il tarixli bəyanatla son qoyulsa da, erməni faşizminin mina terroru davam edir. Ermənistanın minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi mülki insanlar arasında tələfatların yaşanmasına, sadə vətəndaşların Ermənistanın hərbi cinayətlərinin qurbanına çevrilməsinə səbəb olur. Bu gün iki jurnalistimizin peşə fəaliyyətlərini həyata keçirən zaman mina partlayışı nəticəsində həlak olması, daha bir neçə mülki şəxsin yaralanması Ermənistanın terror fəaliyyətinə son qoymaq niyyətində olmadığını göstərir.   Təəssüf doğuran məqamlardan biri də Azərbaycan dövlətinin səylərinə rəğmən, bu günə qədər hər hansı beynəlxalq təşkilatın Ermənistanın mina terrorunun qarşısını almaq üçün əməli addım atmamasıdır. Nə qədər acınacaqlı da olsa qeyd etməliyik ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğalda qalmasına göz yuman beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri bu gün də Ermənistanın mina terroru qarşısında səssiz qalmaqda, susqunluq sərgiləməkdədir. Halbuki, Ermənistanın mina təxribatları cinayətkar dövlətə qarşı beynəlxalq sanksiyaların tətbiqini zəruri edir.   Hərbi cinayətlərini davam etdirən, mülki vətəndaşların qətlinə imza atan Ermənistanın cəzalandırılması sadəcə ədalətin deyil, həm də beynəlxalq hüququn tələbidir və bu tələbin icrası məhz əlaqədar beynəlxalq təşkilatlar tərəfindən təmin edilməlidir. Dünya birliyi anlamalıdır ki, Ermənistanın mina terrorunu davam etdirməsi bölgədə yeni bir gərginliyə yol açmaqla yanaşı, bütün regionda sülhün, sabitliyin bərqərar olması üçün ciddi maneədir.   Ona görə də, Respublika Veteranlar Təşkilatı olaraq bütün beynəlxalq təşkilatları, aparıcı dövlətləri Ermənistanın mina terrorunu dayandırmağa, bunun üçün beynəlxalq hüquq və konvensiyaların imkanlarından istifadə etməyə səsləyirik. Xatırlatmaq istəyirik ki, beynəlxalq təşkilatların susqunluğu fonunda davam edən mina terroruna görə məsuliyyət Ermənistanla yanaşı, həm də bu qətliama tamaşaçı mövqeyindən yanaşan, onu önləmək üçün heç bir addım atmayan beynəlxalq qurumların üzərinə düşür.   Ümid edirik ki, beynəlxalq təşkilatlar heç olmasa bundan sonra bu məsələdəki hüquqi və mənəvi məsuliyyət payını dərk edəcək, mina terrorunu davam etdirən, beynəlxalq hüquqa, təməl insan haqlarına meydan oxuyan Ermənistana təzyiq gödstərməklə, onun terror fəaliyyətinin qarşısını almaq üçün əməli addımlar atacaq”.

Hamısını oxu