Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi

Respublika Veteranlar Təşkilatında Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə İkinci Dünya müharibəsi, Silahlı Qüvvələr, əmək veteranları, dövlət orqanlarının, ictimai və gənclər təşkilatlarının nümayəndələri, ziyalılar, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndələrinin təmsilçiləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açaraq demişdir: “Mühüm xidmətləri ilə Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında layiqli yer tutan general-polkovnik Tofiq Ağahüseynovun 95 yaşı tamam olur. T.Ağahüseynov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləmiş, müstəqilliyin bərpasından sonra isə ulu öndər Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi kimi bu sahənin inkişafında, Azərbaycanın müasir standartlara uyğun, dünyanın inkişaf etmiş ölkələrindən geri qalmayan ordusunun qurulmasında xidmətlər göstərmişdir. Yəqin ki, bugünki yubiley tədbirində iştirak edənlər, yubiliyarı yaxından tanıyanlar, dövlət orqanlarının təmsilçiləri onun keçdiyi həyat yoluna geniş nəzər salacaqlar. Buna görə də mən qısa çıxış etmək, bu yolun yalnız bəzi məqamlarını sizə xatırlatmaq istəyirəm. T.Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olmuş, yeddi yaşından ailəsi Bakıya köçdüyü üçün orta məktəbi burada bitirmişdir. 1941-ci ilin sentyabrında Bakı Zenit Artilleriya Məktəbinə daxil olmaqla, həyatını 18 yaşından hərblə bağlamışdır. Müharibə başlandıqdan qısa müddət sonra leytenant rütbəsi alan T.Ağahüseynov cəbhəyə yola düşür. 1-ci Belorusiya cəbhəsində vzvod-komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi kimi Visla-Oder və Berlin əməliyyatlarında iştirak edir. Müharibə bitdikdən sonra Tofiq Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalır. Onun sağlamlığı, fiziki hazırlığı, ətrafındakılara münasibəti, cəsarəti, dönməzliyi, xüsusilə də daim biliyini artırması gələcəkdə böyük hərbçi olacağına yol açan faktorlar idi. Tofiq Ağahüseynov 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olur. Yüksək təhsilli mütəxəssis kimi Vətənə qayıdan gənc hərbçi 1960-1964-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edir. Sonrakı xidmət yolu diviziya komandiri kimi Volqoqradda keçən Tofiq Ağahüseynov 1968-ci ildə general-mayor rütbəsi alır və növbəti il Rostovda korpus komandiri təyin edilir. SSRİ kimi bir dövlətdə qeyri-rus millətindən olan bir şəxsin cəmi 4 il sonra, 1972-ci ildə general-leytenant rütbəsi alması onun hərb sənətini necə yüksək səviyyədə mənimsəməsinin, bu işin öhdəsindən layiqincə gəlməsinin nəticəsi idi. Tale Tofiq Ağahüseynovu yenidən doğma Bakıya qaytarır, 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilir. 1980-ci ildə Tofiq Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsini alan ilk azərbaycanlı olur. Həmin vaxt ona Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilmişdi. 1982-ci ildə isə general-polkovnik Tofiq Ağahüseynova daha yüksək bir vəzifə həvalə etdilir. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur. Əlbəttə, onun da yüksəlişində, belə yüksək hərbi rütbələrə layiq görülməsində o zaman Azərbaycan SSR-in birinci katib olan Heydər Əliyevin hərbi sahədə həyata keçirdiyi düşünülmüş siyasətin rolu və təsiri də vardı. Bu sahədə hazırkı generallarımızın mütləq əksəriyyətini yetirmiş C.Naxçıvanski adına hərbi məktəbin adını qeyd etmək kifayətdir.  General özü də onun formalaşmasında Heydər Əliyevin aparıcı rolu olduğunu dəfələrlə qeyd edib. Ulu öndər onun hərbi sahədəki bacarığını və xidmətlərini həmişə yüksək qiymətləndirib. 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynovu prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin etməsi və general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa etməsi məhz bunun nəticəsi idi. Yüksək peşəkarlığı və nüfuzu nəzərə alınaraq, Tofiq Ağahüseynov üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və s. Tofiq Ağahüseynov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 fevral 2008-ci il və 17 yanvar 2013-cü il tarixli tarixli sərəncamları ilə “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunmuşdur. General-polkovnik Tofiq Ağahüseynov respublikamızda veteran hərəkətinin inkişafına da böyük tövhələr vermişdir. Bu xidmətlərinə görə ölkə veteranları 12 sentyabr 2017-ci ildə onu Respublika Veteranlar Təşkilatının sədri seçmişlər. Müharibənin odu-alovundan çıxmış, Azərbaycanın qəhrəman oğlu, hərb tarixinə adını daimi yazmış general-polkovnik Tofiq Ağahüseynovu qarşıdan gələn yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq. General-polkovnik Tofiq Ağahüseynovun həyat və fəaliyyətindən bəhs edən kitab yazılmış, sənədli film çəkilmişdir.”.  Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov,  Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Baş Prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, DİN-nin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun adından və başqa dövlət orqanlarından yubiliyara ünvanlanmış, eləcə də, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının müxtəlif ölkələrdəki nümayəndəliklərindən, Rusiya Müdafiə nazirinin müavini Y.İ.Borisovun, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı hərbi attaşesi İ.Lobastov və digərlərindən daxil olan təbrik məktubları oxunmuş, hədiyyələr təqdim edilmişdir. Tədbirdə çıxış edən RVT-nin, dövlət orqanlarının nümayəndələri, İkinci dünya, Qarabağ müharibəsi, Silahlı Qüvvələr və əmək veteranları  general-polkovnik Tofiq Ağahüseynovun keçdiyi şərəfli həyat yolundan, peşəkar hərbiçi kimi xidmətlərindən, həmçinin ictimai fəaliyyətindən bəhs etmişlər. Onlar bildirmişlər ki, müstəqil Azərbaycan Respublikasının ordu quruculuğunda onun danılmaz rolu olmuşdur. Sonda Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək demişdir: “Mən orduda 46 il xidmət etmişəm və hesab edirəm ki, bəxtim gətirib ki, həyat yolumda qarşıma həqiqi insanlar çıxdılar. Əlbəttə, mənim general kimi formalaşmağımda Heydər Əliyev aparıcı rol oynayıb. Mən 30 ildən çox idi ki, onu tanıyırdım. O, həmişə mənim taleyimlə maraqlanır, hər cür kömək edirdi. Mən bunun üçün ona son dərəcə minnətdaram”. T.Ağahüseynov daha sonra tədbir iştirakçılarına və yubiley təbriklərinə görə dövlət orqanlarının, ictimai təşkilatların rəhbərlərinə minnətdarlığını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Təşkilata, ümumən ölkə veteranlarına diqqət və qayğısını yüksək qimətləndirərək, veteranların bundan sonra da göstərilən etimadı doğruldacaqlarına əmin etmişdir.

2018-01-30 00:00:00
2006 baxış

Digər xəbərlər

Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir

İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhərinin Səbayıl rayonu ərazisində yerləşən 160 saylı orta məktəbdə və Nəsimi rayonu ərazisində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada “Beynəlxalq sülh” gününün qeyd ediləcəyi 2017-ci il sentyabr ayının 21-də dünyanın 60-a yaxın ölkəsinin qoşulacağı “Sülh göyərçini” mənəvi birliyə çağırş təntənəli yığıncağı keçirmişdir. Tədbirlərdə həmin təhsil ocaqlarının şagird və müəllim kollektivi, veteranlar Respublika Veteranlar Təşkilatının rəhbər əməkdaşları, Təhsil Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Nəsimi rayonu ərazisində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada baş tutan tədbiri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O demişdir: “İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan Respublikasının bu beynəlxalq tədbirdə iştirak etməsi təbiidir. Azərbaycan xalqı qələbə naminə 320 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə soydaşımız itkin düşüb. Azərbaycan xalqı İkinci Dünya müharibəsində təkcə cəbhəyə yola saldığı 700 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. Buna görə də böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə və ona ev sahibliyi etməsi onun mənəvi haqqıdır. Bu gün keçirilən təntənəli aksiya həm də xalqımızın bir daha dünyaya sülh mesajları çatdırmasıdır. Bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması da belə tədbirlər çərçivəsində dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırmalıdır. Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olmalıyıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız da dəstək verməlidir.  Mən bugünkü tədblərin təşkilində fəal iştiraklarına görə Respublika Veteranlar Təşkilatının rəhbərliyi adından İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın və Səbayil rayonu ərazisində yerləşən 160 saylı orta məktəbin rəhbərliyinə, pedoqoji kollektivinə, şagirdlərə minnətdarlığımı bildirirəm. Veteranlarımıza çox sağ olun deyirəm ki, onlar yaşlarının ahıl çağında da daim belə tədbirlərdə həvəslə iştirak edirlər”. 160 saylı orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru, əməkdar müəllim Faina Ələkbərova, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, İkinci Dünya müharibəsi veteranı Aleksandr Qritçenko, İlyas Əfəndiyev adına Elitar Gimnaziyadakı tədbirdə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva, Nəsimi rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülarə Verdiyeva çıxış etmiş, beynəlxalq sülh günündə keçirilən bu tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın məcburən müharibəyə cəlb edilməsinə baxmayaraq, daim sülh tərəfdarı olmasından və bu istəklə yaşamasından danışmışlar. Sonra hər iki təhsil ocağının şagirdləri İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad edilməsi ilə əlaqədar hazırlanmış şarları havaya buraxmışlar. Həmin gün Bakı vaxtı ilə saat 16:00 və 16:30-da hər iki təhsil ocağının nümayəndələri, veteranlar dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokanfransda iştirak etmiş, bir daha Azərbaycan Respublikasının dünyada sülhün bərqərar olması sahəsindəki dəyişməz mövqeyini və xalqımızım sülh, əmin-amanlıq istəklərini bəyan etmişlər. Videokanfranslarda hər iki təhsil ocağının direktorları, Faina Ələkbərova, Sevda Quliyeva, RVT-nin nümayəndələri, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Aleksandr Qritçenko çıxış etmişlər. Həmçinin məktəblilər sülh haqqında mahnı ifa etmişlər.

Hamısını oxu
Azərbaycanın Hərbi Komandanlığı ermənilərə təslim olmağı təklif etdi

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   “Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər  normalarına uyğun həyata keçiriləcək. Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək”, - deyə nazirliyin məlumatında deyilir.

Hamısını oxu
Komandirini həyatı bahasına xilas edən Sovet İttifaqı Qəhrəmanı: Qafur Məmmədov!

Məmmədov Qafur Nəsir oğlu  05 mart 1922-ci il də  Bakıda dünyaya  göz açmış, 1941-ci ilin avqustunda hərbi xidmətə getmişdir. Zaqafqaziya cəbhəsində 56-ci ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. 1942–ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minamyot heyətini məhv etmişdir. Həmin döyüşdə o, öz komandirini düşmən  atəşindən müdafiə edərək, özünü öz sinəsi ilə komandirini qoruyaraq qəhrəmancasına həlak olmuşdur.   Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir. Bakıda bir gəmiyə, bir küçəyə, bir parka və bir dənizçilik məktəbinə onun adı verilib, büstü qoyulub.   Qafur Məmmədovun adı digər qəhrəmanlar kimi, qədirbilən xalqımız tərəfindənd aim xatırlanır və uca tutulur.

Hamısını oxu
Şəhid Azad Bəkirlinin xatirəsinə həsr edilən şahmat turniri keçiriləcək

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə sentyabrın 27-də 45 saylı tam orta məktəbin həyətində, açıq səma altında Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Azad Bəkirlinin xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək.   Azad Bəkirlinin 27 sentyabr doğum günüdür. Yaşasaydı 29 yaşı tamam olacaqdı.   O, Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılaraq, qalib ordumuzun sıralarına qoşulmuş, Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır.   Allah rəhmət eləsin!  

Hamısını oxu