Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Gələcəkdə Qərbin Rusiya və KTMT rəhbərlərinə qarşı sanksiyalar tətbiq etməsi mümkündür”

Arzu Nağıyev: “Qazaxıstana qoşun yeritmək üçün lazımi hüquqi əsasın mövcudluğu məsələsi mübahisəlidir”

 

Qazaxıstandakı daxili gərginlik fonunda Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ölkəyə qoşun yeritməsi bütün dünyada ciddi narahatlıqla izlənməkdədir.  Bəzi ekspertlər hesab edir ki, əslində Rusiyanın şəriksiz söz sahibi olduğu KTMT-nin bu addımı Qərbin Ukraynadan sonra Qazaxıstanda üzləşdiyi ikinci ciddi məğlubiyyətdir və bu, Kremlin çevik hərbi-siyasi manevr gücündən xəbər verir.

 

Bəs əslində necə, baş verənlər Qərbin Qazaxıstan məsələsində məğlubiyəti kimi dəyərləndirilə bilərmi? KTMT-nin məlum addımı beynəlxalq hüquq baxımından nə dərəcədə doğrudur? Elə bir məqam yetişə bilərmi ki, Rusiya və KTMT rəhbərliyinin atdığı bu addım onların özləri üçün əsl başağrısına çevrilsin?

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev Qərbdəki bəzi qüvvələrin Qazaxıstandakı olaylarla əlaqəsinin mövcudluğu ehtimalının yüksək olduğunu bildirib:

 

“Hələ KTMT qoşunları Qazaxıstana daxil olmamışdan öncə dünya mediasında Qərbdəki bəzi dairələrin Qazaxıstan olaylarından istifadə etdikləri, proseslərin idarə olunmasında, ondan öz maraqlarının təmin edilməsinə səy göstərdikləri ilə bağlı dünya mediasında ciddi təhlil və açıqlamalar səslənirdi. Iddia olunurdu ki, Qərb Qazaxıstandakı iğtişaşlardan istifadə edərək Rusiyaya yönəlik bəzi planlarını reallaşdırmağa çalışır. Burada söhbət Rusiya sərhədlərində bufer zonaların yaradılması, Rusiyaya yönəlik müəyyən planların icrası və s. kimi məsələlərdən gedirdi. Təbii ki, ona qonşu olan bir dövlətdə bu cür qarşıdurma və iğtişaşların olması Rusiyanı narahat etməyə bilməzdi. Çox güman ki, Rusiya bu olaylar fonunda Qərbin prosesləri Rusiya əleyhinə istiqamətləndirmək cəhdlərini də sezməmiş deyildi. Məhz buna görə də Rusiya və KTMT rəhbərliyi sülhməramlı qüvvələri Qazaxıstana yeritməklə Qərbin planlarını pozmağa çalışdı”.

 

Millət vəkili qeyd edib ki, Kremlin bütün cəhdlərinə baxmayaraq, proseslərin bəlli müddətdən sonra Rusiya və KTMT üzvlərinin əleyhinə cərəyan etməsi mümkündür. Arzu Nağıyevin sözlərinə görə, KTMT-nin Qazaxıstana qoşun yeritməsi üçün lazımi hüquqi əsas mövcud olmayıb və məhz bu amil gələcəkdə Rusiyanin əleyhinə ciddi fakt kimi işləyə bilər:

 

“Zənnimcə, KTMT tərəfindən Qazaxıstana qoşun yeridilməsi problemli bir məsələdir. Əsas məqam ondan ibarətdir ki, sülhməramlılar, yəni KTMT qoşunları hər hansı bir üzv dövlətin ərazisinə o vaxt daxil ola bilər ki, həmin dövlətə qarşı hansısa digər dövlətin aqressiv hərəkətləri mövcud olsun. Belə olarsa, o zaman sülhməramlılar həmin dövlətdə sabitlik yaratmaq, onun təhlükəsizliyini təmin etmək üçün ora daxil ola bilər. Yəni sülhməramlı missiyanı yerinə yetirmək üçün belə bir addım ata bilərlər. Burada söhbət əsasən desant qoşunlarından gedir. Əgər bir müddətdən sonra ABŞ və ya digər Qərb dövlətləri Rusiyaya, KTMT-nin rəhbərliyinə qarşı sanksiyalar tətbiq etsə, o zaman bu sanksiyaları müəyyən mənada ədalətli hesab etmək olar. Çünki bu gün Qazaxıstana hər hansı bir dövlətin birbaşa aqressiyası, təxribatının olması sübuta yetirilməyib. Ona görə də KTMT qoşunlarının Qazaxıstana yeridilməsi problemli məsələdir. Yəni Ermənistan sevinməsin ki, qoşununu KTMT-in tərkibində Qazaxıstana göndərir. Bunların hamısı hüquqi baza çərçivəsində olmalıdır”.

 

Millət vəkili qeyd edib ki, gələcəkdə Qazaxıstan daxilindəki proseslərin hansı məcrada inkişaf edəcəyi bir sıra amillərdən, eləcə də siyasi liderlərin atacağı addımlardan asılı olacaq:

 

“Hazırda vəziyyətin son dərəcədə gərgin və mürəkkəb olduğu göz önündədir. Bir tərəfdən qazın qiymətinin bahalaşmasına etiraz edən xalq kütlələri və bu etirazları yatırmağa çalışan hüquq-mühafizə orqanları, digər tərəfdən ölkə ərazisinə daxil olan sülhməramlılar və ilk gündən proseslərdən yararlanmağa çalışan Qərb dairələri öz məqsədlərinə çatmağa çalışırlar. Düşünürəm ki, bütün bunlarla yanaşı, proseslərin gedişatına təsir göstərəcək amillərdən biri də Qazaxıstanın siyasi liderlərinin atacağı addımlar, verəcəyi qərarlar olacaq.

 

Təbii, biz dost Qazaxıstanda olayların qansız-qadasız başa çatmasını arzu edirik və  ümid edirik ki, qazax xalqı üçün çətin günlər tezliklə geridə qalacaq”.

 

Seymur ƏLİYEV

2022-01-06 20:52:00
1102 baxış

Digər xəbərlər

“Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Vətən müharibəsi bitəndən bugünə qədər 73 nəfər mina partlayışı nəticəsində həlak olub, 363 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, mina terrorunun yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət olduğunu bildirib: “Təəssüf hissi ilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına rəğmən, vətəndaşlarımız bu gün də mina terrorunun qurbanı olmaqda davam edir. Bugünlərdə Baş Prokurorluğun təqdim etdiyi statistika bu terrorun miqyas və nəticəsinin necə böyük və ağır olduğunu göstərir. Xatırladaq ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindən öncə də mina cinayətləri ilə üzləşib, erməni faşizminin mina terrorundan ciddi əziyyət çəkib. Hansı ki, mina terroru bir xalqa, bir dövlətə deyil, bütün insanlığa qarşı cinayətdir və beynəlxalq qanunlar, konvensiyalarla yasaqlanıb. Lakin bütün bunlara baxmayaraq, Ermənistan mina terrorundan xalqımıza qarşı hər zaman geniş istifadə edib. Erməni faşizminin anti-insani mahiyyətindən irəli gələn bu cinayətlər yüzlərlə vətəndaşımızın faciəsi ilə nəticələnib ki, bunun da məsuliyyəti Ermənistanın üzərinə düşür”. Polkovnik Cəlil Xəlilov mina partlayışları ilə bağlı Baş Prokurorluğun gördüyü işləri də yüksək qiymətləndirib: “Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışlaır ilə bağlı hər bir işi xüsusi olaraq nəzarətə götürür və bu istiqamətdə ətraflı araşdırma aparılır. Bu araşdırmalar hadisənin bütün halalrının müəyyən edilməsi, partlayışın səbəb və nəticələrinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Baş Prokurorluq tərəfindən aparılan bu araşdırmalar, həm də erməni faşizminin anti-insani mahiyyətinin beynəlxalq miqyasda ifşası baxımından da olduqca önəmlidir. Hər bir araşdırma bütün dünyaya erməni xislətinin amansızlığı ilə yanaşı, mina terrorunun nə qədər dəhşətli, ölümcül olduğunu sübut edir”. Seymur ƏLİYEV

Hamısını oxu
Prezidentin göstərişləri yerinə yetirilməlidir

“Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”. Prezidenti İlham Əliyevin Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən söylədiyi həmin fikirləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bizimlə söhbətində diqqətə çatdırdı. Həmsöhbətim dövlət başçımızın “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz.” – fikirlərinə istinad edərək söylədi ki, yeni vəzifəyə təyin olu­nanlara bundan artıq hansı tövsiyələr, göstərişlər verilməlidir ki, onlar qanunu şah bilsinlər və ədaləti unutmasınlar? Prezident vurğuladı ki, gücünüz çatan problemləri rayon daxilində özünüz, bəzi məsələlər isə dövlət orqanları tərəfindən həll olunmalıdır. Əgər hər bir kəndin problemi həll olu­narsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. Bunun üçün aidiyyəti dövlət orqanlarına – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müraciət etməlisiniz ki, mövcud problemlər öz həllini tapsın. Sosial ədalətin, bütövlükdə ədalət prinsiplərini cəmiyyətin əsas prinsiplərindən biri hesab edən dövlət başçımız dedi ki, sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoyub, əzəli torpaqlarımızı azad edib, tarixi ədaləti və milli qüruru bərpa edib. Yazgül Abdıyeva vurğuladı ki, Qələbə sevin­cini xalqımıza qazandıran şəhidlərimiz və onların ailələri, qazilərimiz unudulmamlıdır. Prezident nitqində məhz bu məsələyə daha ciddi diqqət göstərilməsini tövsiyə etdi: “Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər veril­mişdir, minlərlə minik maşınları verilmişdir”. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayon­larda da dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən, şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı və məşğulluğu ilə maraqlan­sınlar. Yazgül Abdıyeva daha sonra dedi ki, dövlət başçımız “Biz bu Qələbəni onlara – şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxma­dan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik.” – deyirsə, məmurlar daha diqqətli, daha ədalətli və mərhəmətli olmalı, onların qayğılarını daim diqqətdə saxlamalıdırlar. Biz də QHT olaraq daim qazilərin problemlərinə diqqətlə və həssaslıqla yanaşırıq. Çalışırıq ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan qəhrəman əsgər və zabitlərimizə ilk növbədə yardım edək. Çünki, dövlət başçımızın dediyi kimi, onlar öz canlarını fəda edib, sağlamlı­ğını itirib, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər: “Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraq­lanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”. Həqiqətən də ölkəmizdə şəhid ailələrinin, qazilərin istər mənzillə təminatı, istərsə, məşğulluqla bağlı problemləri yüksək səviyyədə həll edilir. “Qəhrəmanlarımızın məşğulluğuna dəstək olaq” – devizi ilə aparılan “Məşğulluq marafonu”na müraciətlər gündən-günə artır. İşəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansi­yalar barədə məlumatları davamlı olaraq təqdim edirlər. İşsiz və iş axtaran kimi “Məşğulluq” altsistemində qeydiyyatda olan şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər vakansi­yalar üzrə işlə təmin olunurlar. Prezident rayonlara yeni təyin olunan icra hakimiyyəti başçılarına göstərişlərinin, tövsiyələrinin bundan ibarət olduğunu dedi və vurğuladı ki, mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm. Əminəm ki, siz bu yüksək etimadı dərk edərək, dediyim kimi işləyəcəksiniz. Yazgül Abdıyeva da dövlət başçısının bu fikirlərinə istinad edərək, söhbətin sonunda dedi: “Biz də əminik ki, gənc kadrlar öz işlərində qanunun aliliyinə hörmətlə yanaşacaq, ədalət prinsipinə söykənib fəaliyyət göstərəcəklər”.  Söhbətləşdi: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”  

Hamısını oxu
“Səhiyyə Nazirliyi və TƏBİB-in qazilərimizə olan həssas münasibətini yüksək qiymətləndirirəm”

Məşhur Məmmədov: “Türk psixoloqlarının ölkəmizə səfəri Türkiyənin qazilərimizə olan qayğısının bariz nümunəsidir”   Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazilərinə psixoloji dəstək məqsədi ilə bir qrup türkiyəli mütəxəssis Azərbaycana gəlib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb, mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Moderator.az-a açıqlamasında türk psixoloqların məlum gəlişini şərh edən millət vəkili Məşhur Məmmədov, bunu qardaş Türkiyə dövlətinin Azərbaycana, onun qazilərinə olan diqqət və qayğısının növbəti təzahüri kimi dəyərləndirib. Millət vəkili Səhiyyə Naizrliyi və TƏBİB-in bu istiqamətdəki fəaliyyətini də yüksək qiymətləndirib: “Təbii ki, türk psixoloqlarının qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə gəlişi hər şeydən əvvəl qardaş Türkiyə dövlətinin qazilərimizə, vətənimizin şanlı müdafiəçilərinə olan diqqət  və qayğısının göstəricisidir. Heç kimə sirr deyil ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan böyük dəstək verdi, bir an belə olsun dövlətimizi, xalqımızı tək buraxmadı. Artıq iki ildir ki, müharibə başa çatsa da, qardaş Türkiyə dövləti Azərbaycana dəstəyini davam etdirir. Bugünlərdə bir qrup türkiyəli mütəxəssisin qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə səfər etməsi də bu dəstəyin davamıdır. Türkiyə bununla bir daha bütün dünyaya nümayiş etdirir ki, o, hər zaman Azərbaycanın yanındadır və bundan sonra da onu dəstəkləməkdə davam edəcək. Mən xalqımıza, qazilərimizə verdiyi dəstəyə görə qardaş Türkiyəyə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı sonsuza kimi yaşayacaq, bu birlik və qardaşlıq sadəcə ölkələrimizdə deyil, bütün dünyada sülhün, tərəqqinin, əmin-amanlığın bərqərar olması və inkişafına öz töhfəsini verəcəkdir. Mən bu məsələdə Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyətini də yüksək qiymətləndirirəm. Təkcə bir faktı nəzərə çatdırım ki, bu gün TƏBİB-ə tabe olan tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsinin üzvləri çalışır. Səhiyyə Nazirliyi və TƏBİB qazilərimizin tibbi bərpa və reabilitasiyasında mühüm rol oynayır, hər bir qazi və şəhid ailəsi ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşır. Şübhəsiz, dövlət qurumlarımızın qazilərimizə, şəhid ailələrinə bu cür qayğıkeş, həssas münasibəti qürurvericidir və həmin qurumların öz vəzifə borcuna, dövlət başçısının tapşırıq və tövsiyyələrinə yüksək dəqqiliklə əməl edildiyini göstərir”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir”

Akademik Zərifə xanım Əliyeva həyatını səhiyyə elminin inkişafına həsr edən Azərbaycanın dəyərli ziyalılarındandır. Zərifə xanım səhiyyə və elm sahəsində danılmaz xidmətləri ilə yanaşı sədaqətli həyat yoldaşı və gözəl ana kimi də milli-mənəvi dəyərlərimizə töfhə verən Azərbaycan xanımıdır. Zərifə xanımın qısa, lakin mənalı ömrü barədə onu tanıyanların xatirələrini, ürək sözlərini Ulu Öndər, Zərifə xanımın sədaqətli həyat yoldaşı Heydər Əliyev çıxışlarının birində çox mükəmməl ifadə etmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”. O, həkim olub, insanların köməyinə çatmaqla yanaşı, Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlərin müəllifidir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. O dövr üçün gənc yaşda bu nailiyyətlərə sahib hər adama qismət olmurdu.XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.Zərifə xanım Əliyevanın müalicə metodu bütün respublikada tətbiq edilirdi. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Sözügedən institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı.Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Bundan sonra onun fəaliyyəti daha da genişləndi.Fəxrlə qeyd edim ki, Zərifə xanım M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü.Zərifə xanım gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.Z.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Zərifə xanımın işıqlı xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır və yaşayacaq. Məşhur MəmmədovMillət vəkili  

Hamısını oxu