Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dünya veteranlarına və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 12 sentyabr 2022-ci il tarixində Ermənistanın Azərbaycanla dövlət sərhəddində həyata keçirdiyi irimiqyaslı təxribatla bağlı bəyanat yayıb. Dünya veteranları və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda deyilir:

 

“12 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhəddində həyata keçirdiyi irimiqyaslı təxribat nəticəsində 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan birgə Bəyanatın şərtləri növbəti dəfə pozulmuş, məlum insident Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında itkilərə səbəb olmuşdur. Post-müharibə dönəmindən sonra da dövlətimizə qarşı mina terrorunu davam etdirən, respublikamızın ərazi bütövlüyü və suverenliyinə qarşı davamlı diversiyalar həyata keçirən Ermənistanın 12 sentyabr təxribatı beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla yanaşı, regionda sülh və sabitlik baxımından da ciddi təhdidlərin yaranmasına səbəb olmuşdur. Bu təxribat Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinin taleyini də qeyri-müəyyən vaxta qədər təxirə salmış, hər iki dövləti narahat edən problemlərin siyasi müstəvidə tənzimlənməsi prosesinə zərbə vurmuşdur.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hesab edirik ki, Ermənistanın Azərbaycana yönəlik terror və təxribat xarakterli addımlarına beynəlxalq  ictimaiyyət, o cümlədən dünya veteranları, beynəlxalq təşkilatlar, qabaqcıl dövlətlər biganə qalmamalı, rəsmi İrəvanın beynəlxalq hüquqa zidd olan militarist siyasətinə qarşı öz etirazlarını bildirməlidirlər. Çünki Ermənistanın Azərbaycan xalqını hədəf alan təxribatçılıq siyasəti sadəcə ölkəmiz üçün deyil, bütün sivil dünya və bəşəriyyət üçün ciddi təhdid təşkil etməkdədir. Dünya veteranları, beynəlxalq təşkilatlar 12 sentyabr təxribatı ilə bağlı Ermənistana öz etirazlarını bildirməli, yaxın gələcəkdə oxşar təxribatların baş verməməsi üçün rəsmi İrəvana ciddi təzyiq göstərməli, hadisə və proseslərin inkiaşfını diqqət mərkəzində saxlamalıdır.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 12 sentyabr təxribatını qınayır, bunu Ermənistan hakimiyyətinin anti-sülh, anti-humanist siyasətinin növbəti təzahürü kimi qiymətləndiririk. Ümid edirik ki, dünya veteranları və beynəlxalq təşkilatlar terror və təxribatı dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın təxribatlarını cavabsız qoymayacaq, beynəlxalq hüququ və ədalət prinsipini rəhbər tutaraq rəsmi İrəvana öz sərt etirazlarını bildirəcək, Azərbaycanın sülh siyasətinə aşkar dəstək ifadə edəcəklər”.

2022-09-14 07:53:00
743 baxış

Digər xəbərlər

Sizin sayənizdə qalib gəldik - PREZİDENTƏ MİNNƏTDARLIQ

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Publika.az Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir. ABŞ-ın Hyuston şəhərindən Samir Novruzov yazır: “Hörmətli və əziz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Laçının azad olunması münasibətilə Sizi təbrik edirəm. Siz Azərbaycan xalqını zirvələrə ucaltdınız. Müharibə dövründə biz hamımız bir olduq və sonda ölkəmizin ərazi bütövlüyünü təmin etdik. Siz Azərbaycan tarixinə qızıl hərflərlə yazılan yeni şanlı və qürurlu səhifə yazdınız, “Qarabağ Azərbaycandır!” şüarını həyata keçirdiniz. Cənab Prezident, biz Sizinlə fəxr edirik. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti!”. Türkiyənin İstanbul şəhərindən İsmail Çağlıyan: “Müzəffər Ali Baş Komandan, cənab Prezident, bütün türk xalqlarına yaşatdığınız bu mübarək Zəfərinizə görə Sizi və qardaş Azərbaycan xalqını təbrik edirik. Allah-Təala Sizi qorusun! Yaşasın əbədi Azərbaycan! Qəlbimiz daim Sizlərlə döyünür. Hörmət və minnətdarlığımla əllərinizdən öpürəm”. Ağsu rayonundan Elçin Zeynalov: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi Laçın rayonunun bütün sakinləri, o cümlədən ailəmizin üzvləri adından şanlı Ordumuzun qazandığı qələbələr, doğma torpaqların yağı düşməndən azad edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz eyni vaxtda iki düşmənlə - gözəgörünməz koronavirus pandemiyası və gözəgörünən ermənilərlə mübarizə apardınız. Əminəm ki, erməni işğalçıları üzərində qazandığınız parlaq qələbəni pandemiya ilə mübarizədə də qazanacaqsınız. Siz öz şücaətinizlə, qətiyyətinizlə, iradənizlə, uzaqgörənliyinizlə və qeyrətinizlə bizim 28 illik həsrətimizə son qoydunuz və Azərbaycan xalqının Milli Qəhrəmanı oldunuz. Döyüş meydanında qazandığınız bu fəxri ad hər bir azərbaycanlının ürəyindən xəbər verir. Siz Azərbaycan xalqının qüdrətini təkcə Ermənistana deyil, bütün dünyaya göstərdiniz. Sizin sayənizdə biz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qalib gəldik. Müharibə getdiyi bir vaxtda dünyanın aparıcı kanallarına mətin, əsaslı cavablarınızla haqq səsimizi çatdırdınız. Azərbaycan xalqı bütün varlığı ilə Sizə inanır. Siz bu xalqın xilaskarısınız. Allah Sizi qorusun! Sizin əsl qalib Sərkərdə olmağınızı tək biz yox, bütün dünya gördü. Siz öz adınızı tarix səhifələrinə qızıl hərflərlə yazdınız. Siz mənim 80 yaşlı atamın, 70 yaşlı anamın həsrətinə son qoydunuz. İnanıram ki, rayonumuzun bütün sakinləri mənim kimi doğma Laçınımızda Sizin qızıldan büstünüzü görmək istəyirlər. Ömrümüz boyu Sizə minnətdarıq. Sizin şərəfinizə nə qədər xoş sözlər deyilsə də, nə qədər kitablar yazılsa da, yenə azdır. Bir daha Sizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Dünya durduqca durasınız! Allah yar və yardımçınız olsun! Amin!”. Şəmkir rayonundan Əziz Aslanovun məktubunda deyilir: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan, biz Aslanovlar ailəsi olaraq Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız Vətən xainləri görməyə bilərlər. Haqqa, ədalətə, beynəlxalq hüquqa əsaslanan uğurlu siyasətiniz, qətiyyətli iradəniz sayəsində və Müzəffər Ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi, eyni zamanda, qızıl hərflərlə yazılan bu parlaq hərbi və siyasi Qələbə münasibətilə Sizi Aslanovlar ailəsi adından ürəkdən təbrik edir, dərin minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı Sizinlə qürur duyur. Fəxr edirik ki, Sizin kimi əvəzolunmaz bir liderimiz var. Allah Sizi və yenilməz Ordumuzu qorusun! Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Bu qürurverici və sevinc hisslərini bizlərə yaşatdığınız üçün Sizə minnətdarıq. Torpaqlarımızı özümüzə qaytardınız. Xalqımızın həsrətinə son qoydunuz. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, bu torpaqlar Azərbaycanındır. Dünya liderlərinin Sizdən öyrənəcəyi çox şey var. Azərbaycanın gələcəyi isə düşünürəm ki, çox parlaqdır. Çünki bu ölkənin Sizin kimi əvəzolunmaz Prezidenti, Ali Baş Komandanı var”. Samux rayonundan Natiq Allahverdiyev: “Əziz və hörmətli Prezidentim, mən bir sadə kəndli kimi möhtəşəm Qarabağ Qələbəsi münasibətilə Sizi üzbəüz təbrik etmək, bir ağsaqqal kimi Sizi bağrıma basmaq istərdim. Çünki Siz uzun illər ərzində millətin qəlbində olan nisgilə son qoydunuz, xalqımızı torpaqlarımız üçün ayağa qaldırdınız, xalqımızın qürur hissini bərpa etdiniz, azərbaycançılığın nə demək olduğunu balalarımıza əyani göstərdiniz, Qarabağımızı Azərbaycanımıza qaytardınız. Sizə ömrümün sonuna kimi minnətdaram, cənab Ali Baş Komandanım. Uca Allahdan arzu edirəm ki, Sizə uzun ömür, cansağlığı versin. Allah-Təala Sizi çəkdiyiniz əziyyətlərin bəhrəsi olaraq dövlətimizi arzuladığınız bir dövlət kimi görmək xoşbəxtliyi qismət eləsin. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam, mən fəxr edirəm ki, Sizin kimi Prezidenti olan ölkənin vətəndaşıyam. Allah Sizi və xalqımızı qorusun!”. Gəncə şəhər sakini Mürsəl Əliyevin məktubunda deyilir: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda gedən Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm, Sizi bağrıma basıram. Bütün xalqımız kimi Sizinlə fəxr edirəm, Ordumuzla qürur duyuram. Döyüşdə qazandığımız Qələbəyə görə dövlətimizə, Ordumuza, ən başlıcası isə Sizə, Ali Baş Komandanımıza minnətdarıq. Allah Azərbaycan xalqını, Azərbaycan əsgərini qorusun, hörmətli Prezidentimizin kölgəsini Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Cənab Prezident, bu yolda Sizinləyik, Sizi ürəkdən dəstəkləyir, Sizinlə fəxr edir, Sizi sevirik. Allah Sizi qorusun, eşq olsun Sizə. Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Siz bizim əbədi Prezidentimizsiniz. Mən arzu edirəm ki, Siz Azərbaycan xalqının Milli Qəhrəmanı adına layiq görüləsiniz, çünki Siz həqiqətən də bizim Milli Qəhrəmanımızsınız. Bir çox ölkələrin təsir və təzyiqlərinə baxmayaraq, həm hərb cəbhəsində, həm də informasiya cəbhəsində böyük nailiyyətlər qazandığınız bütün dünyaya məlumdur. Bütün xalqımız kimi mən də Sizin zəkanıza, Sizin hazırcavablığınıza heyranam. Bizi sevməyən jurnalistlərin dilini qurudanda Sizi bağrıma basmaq istəyirdim. Sizinlə fəxr edir, qürur duyuram. Bu gün bütün xalqımız da mənim kimi Sizinlə fəxr edir. Bütün xalqımızın arzusudur ki, Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görsünlər. Biz bunu ürəkdən arzu edirik. Mənim ən böyük arzum budur ki, Qələbə münasibətilə keçiriləcək hərbi paradda mənim də iştirak etməyim üçün icazəm olsun. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində şəhid olmuş balalarımıza Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizin valideynlərinə, bütün xalqımıza səbir versin. Müzəffər Ali Baş Komandan, mən Gəncə əhalisi adından, ailəmiz adından, yuxarıda göstərilənləri Sizə bildirməklə bu gün apardığınız dönməz siyasəti dəstəkləyir, hər zaman Sizin yanınızda olduğumuzu bildirir və Vətən yolunda, dövlətimiz uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canımdan keçməyə hazır olduğumu, hər an döyüşə getməyə canla-başla hazır olduğumu bildirmək istəyirəm”. Zərdab sakini Rəşid Mahmudov: “Müzəffər Ali Baş Komandan, Sizi və xalqımızı təbrik edirəm. Bu Qələbəmiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi. Sizin sayənizdə bu xoş günləri biz yaşadıq. Bir gənc olaraq mən Sizinlə eyni bir əsrdə yaşadığım üçün, gözəl günlərin şahidi olduğum üçün çox sevinirəm. Cənab Prezident, mənim qardaşım da könüllü döyüşlərdə iştirak edib hazırda Qarabağ ərazisindədir. Cənab Prezident, Azərbaycan xalqı nə qədər mövcuddursa bizə başqa lider lazım deyil. Siz bizim əvəzolunmaz sərkərdəmizsiniz. Uca Allah Sizi, ailənizi və xalqımızı qorusun. Daim Sizin arxanızdayıq, Sizinləyik. Dövlətimizi Sizə, Sizi isə Uca Allaha əmanət edirəm”. Qusardan Tahirə Nurəhmədova dövlətimizin başçısına yazır: “Müzəffər Ali Baş Komandan, bu məktubu Qələbə müjdəli xoş xəbərlərdən ruhlanaraq yazıram. Düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını da tərk etməyə məcbur oldu. Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir ki, işğalda olan torpaqlarımız itkisiz geri alındı. Bu münaqişənin siyasi, diplomatik həll yoludur və buna Sizin sayənizdə nail olduq. Cənab Prezident, mən şəhid anasıyam, oğlum oktyabr ayında Vətən müharibəsində şəhid olub. Ana üçün bala itkisi böyük dərddir. Amma təskinliyi onda tapıram ki, işğal altında olan torpaqlarımız azad olundu, şəhidlərimizin qanı yerdə qalmadı. Təki Vətən sağ olsun! Allah Sizləri qorusun! Müzəffər Ordumuza eşq olsun!”. Qəbələ Zahir Seyidov: “Hörmətli cənab Prezident, Sizi və bütün Azərbaycan xalqını bu tarixi Qələbə münasibətilə ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Siz, 27 ildən artıq sürən həsrətə 44 günlük Vətən müharibəsi ilə birdəfəlik son qoydunuz. Qarabağı, eləcə də ətraf rayon və şəhərlərimizi işğaldan azad etməklə tariximizin ən müqəddəs səhifəsini qızıl hərflərlə yazdınız. Biz Sizə güvəndik və inandıq, yenə də inanırıq və həmişə inanacağıq. Siz bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Allah Sizi, Ordumuzu və xalqımızı qorusun!”. Sabirabad rayonundan Ramiz Nifbalayev: “Müzəffər Ali Baş Komandan, bizə yaşatdığınız möhtəşəm Qələbə sevincinə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Erməni işğalçıları ilə cəbhədə qəhrəman əsgərlərimiz, Ermənistan və ermənipərəst ölkələr qarşısında isə Siz vuruşdunuz. Qarabağın Azərbaycan olduğunu bütün dünyaya sübut etdiniz. Biz bütün Azərbaycan xalqı olaraq hazırda böyük bir tarixə şahidlik edirik. Sizin zəngin dünyagörüşünüz, uzaqgörən və müdrik siyasətiniz, dərin tarixi və diplomatik bilikləriniz ölkəmizin dünya arenasında layiqli təmsil olunmasında əsas rol oynadı. Bu qürurlu tarixə şahid olduğumuz üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Dualarımız hər zaman Sizinlədir”. İmişli rayonundan Tural Əhmədov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, 2003-cü il oktyabrın 15-də Siz Azərbaycan Respublikasının Prezidenti seçilərkən hər bir gənc kimi mənim də sevincimin həddi-hüdudu yox idi. Aprel döyüşlərində məhz Sizin uzaqgörən siyasətinizin nəticəsində qalibiyyət əldə edərək, Lələtəpədə üçrəngli bayrağımızı dalğalandırmaqla sevinc üstünə sevinc bəxş etdiniz. Rəşadətli Ordumuzun şücaəti və Sizin uğurlu siyasətiniz nəticəsində doğma torpaqlarımızı bütünlüklə düşməndən azad etdiyiniz üçün, bizə bütöv Azərbaycanı bəxş etdiyiniz üçün təşəkkür edirik. Bu günləri bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Siz hər zaman demisiniz ki, mən hər bir azərbaycanlının Prezidentiyəm və bunu sübut etmisiniz. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Neftçaladan Eldar Əhmədov: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, mən bir Azərbaycan vətəndaşı kimi Qələbə qazandığımız üçün çox sevinirəm və Sizi ailəmiz adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə çox minnətdarıq. Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Əziz Prezidentimiz, əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun”. İmişli sakini Novruz Hüseynov: “Hörmətli, cənab Prezident, Zati-aliləri, Müzəffər Ali Baş Komandan, müqəddəs müharibə olan Vətən müharibəsində Ordumuzun qazandığı möhtəşəm Qələbəyə görə, ən əsası, 30 ilə yaxın xain Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, müstəqil və ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın inkişafı naminə görəcəyiniz işlərdə Sizə uğurlar arzulayıram. Ulu Tanrı Sizi, ailənizi və Azərbaycan xalqını qorusun!”. Qax rayon sakini Nemət Məmmədov: “Salam olsun Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, Qarabağın tam azad olunması münasibətilə Sizi və Azərbaycan Xalqını, Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Allahdan Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Siz bu möhtəşəm Qarabağ qələbəsi ilə Azərbaycan xalqını çox sevindirdiniz. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik eləməsin. Mən bir vətəndaş olaraq Sizinlə qürur duyuram. Sizin yürütdyünüz siyasəti dəstəkləyirəm”. Bakı sakini Azər Sadıqov: “Allahımın xoş xasiyyətli və mərd bəndəsi, xalqımın Prezidenti, Ordumun Müzəffər Ali Baş Komandanı və qədim Şuşamın igid Fatehi möhtərəm İlham Əliyev, Azərbaycanda hər il Anım və Qələbə günlərinin qeyd olunması barədə imzaladığınız Sərəncamla sanki biz Qarabağ müharibəsi veteranlarına bir nəfəs vermiş oldunuz. Sevincimdən göz yaşlarımı gizlədə bilmədim və sevincimi Sizinlə paylaşmağı qərara aldım. Üç il bir tankçı zabit kimi səngər həyatını yaşadım. Öz-özümə deyirdim ki, görəsən Allah bizlərə Qələbə gününü qismət edəcəkmi?! Çox şükür Allaha. Allahın nəzəri üstünüzdən əskik olmasın! Amin!”. Lerik sakini Naib Quliyev: “Cənab İlham Əliyev, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti, cənab Prezident, Sizin qətiyyətli, yenilməz sərkərdə cəsarətiniz və diplomatik məharətiniz sayəsində tarixin şanlı günlərini yaşayır. Düşmən tapdağı altında olan torpaqlarımız Sizin rəhbərliyiniz və müzəffər Ordumuzun qüdrəti ilə azad edilmiş və ərazi bütövlüyümüz bərpa olunmuşdur. Sizin dəmirdən möhkəm yumruğunuz düşmənin başını əzdi. Cənab Prezident, Siz 44 gün ərzində ermənipərəst dövlətləri layiqincə dəf etdiniz. İnanmaq olmur ki, 27 il ermənilərin işğalında olan Qarabağımız 44 günə azad edildi. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz. Bu gün xalqımız böyük sevinc və qürur hissi keçirir. 74 yaşlı bir insan, 46 ilin müəllimi kimi ailəmizlə bərabər Sizi və xanımınızı ürəkdən təbrik edirik. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev! Eşq olsun rəşadətli, şanlı və məğlubedilməz Azərbaycan Ordusuna! Gözün aydın, Azərbaycan xalqı! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Füzuli sakini Fəxri Balakişizadə: “Cənab Prezident, mən Sizi ürəkdən təbrik edirəm. Yaxşı ki, varsınız, cənab Prezident. Həqiqətən Siz həm xarici qüvvələrlə müharibədə qalib gəldiniz, həm də Ali Baş Komandan kimi Ordumuzla, millətimizlə birlikdə düşmənin belini qırıb, məğlub etdiniz. Təbii ki, bunu Sizin rəhbərliyinizlə və Ordumuzun şücaəti ilə bacardıq. Mən Sizinlə fəxr edirəm, Allah Sizə uzun ömür, cansağlığı versin. Cənab Prezident, inanın ki, bizlər həmişə Sizin yanınızdayıq və Sizi ömür boyu Azərbaycanın Prezidenti görmək istəyirik. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Biz birlikdə güclüyük! Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin. Qarabağ Azərbaycandır!”. Naftalan sakini Gülnar Quliyeva: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, əziz Sərkərdəmiz, doğma Qarabağımızı böyük zəfərlə bizə qaytardığınıza görə ailə üzvlərim və öz adımdan Sizə və çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Çox xoşbəxtik ki, dünya diplomatiyasında sözünü deyən, hərbidə əsl sərkərdə, həyatda humanist insan, uzaqgörən Prezidentimiz var. Biz naftalanlılar ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi hər zaman Sizinlə bir olmuşuq. Bundan sonra da bu yolla daim sədaqət və fədakarlıqla gedəcəyik. Sizin səhiyyə işçilərinə olan qayğınız məni bir tibb işçisi olaraq hər zaman daha əzmlə çalışmağa, əhalinin sağlamlığının keşiyində daha həvəslə durmağa ruhlandırır. Bu qayğıya və verdiyiniz dəyərə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Uca Allah Sizə yar olsun!”. Zaqatala sakini Zahid Ramazanov: “Hörmətli cənab İlham Əliyev, mən sadə bir kənd sakiniyəm və Sizə öz səmimi təşəkkürümü bildirmək istəyirəm. Hörmətli İlham Əliyev, Siz bu gün sadəcə Prezident deyilsiniz, ondan da qat-qat yüksəkdəsiniz. Siz bütün Azərbaycan xalqını xoşbəxt edən, bütün xalqımızı qürurlandıran bir Sərkərdəsiniz. Mən yaxşı bilirəm ki, bütün insanlar belə düşünür, bu gün qazanılan Qələbə uzun illər görülmüş işlərin nəticəsidir. Bu işləri Siz görmüsünüz. Cəbhədə qazanılan Qələbədə əlbəttə ki, əsgərlərimizin əməyi və qorxmazlığı böyük rol oynayıb, bu, danılmazdır. Amma nə qədər qorxmaz və cəsarətli əsgərlər olsa da, onlara səhv rəhbərlik edilsə, onlar qalib gələ bilməzlər. Ona görə də hər şeydən əvvəl hesab edirəm ki, Sizin düzgün və hesablanmış siyasətini bizim Qələbəmiz üçün ən vacib amil idi. Bütün xalqımız kimi, mən də fəxr edirəm ki, biz qalib xalqıq və bu Qələbənin başında İlham Əliyev dayanır. Allah Sizi və Azərbaycanımızı qorusun!”.

Hamısını oxu
Veteranlar təşəbbüsə qoşulurlar

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə dəstək olmaq hər birimiz üçün müqəddəs vəzifədir. Ulu öndərimiz Heydər Əliyevin dəfələrlə dediyi kimi, Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, hər bir Azərbaycan vətəndaşının borcudur.   Möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Ruh yüksəkliyi var. Nəinki, orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Biz veteranlar da bu işin daha da geniş vüsət alması üçün əlimizdən gələni əsirgəmirik. Azərbaycan əsgərləri ilə bizi  sıx əlaqələr birləşdirir. Bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında  keçirilən Azərbaycan Ordusuna  mənəvi dəstək aksiyasına start verilməsi və UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor- müəllim və tələbələrin bir qrupunun hərbi libas geyinərək cəbhəboyu bölgələrə, ön xətt mövqelərinə səfərləri, fəxri döyüş növbələrində dayanmaları, əsgərlərlə bir yataqxanada gecələmələri, onlara mənəvi dəstək olmaları biz veteranları da hədsiz sevindirdi. Əsgər hiss edəndə ki, onu yada salan, ona arxa-dayaq olan, qayğıları ilə yaşayan, onun xidmətlərini yüksək qiymətləndirən arxa cəbhə varsa, deməli, ön səngərdə daha məğrur dayanacaq, ümidləri doğruldacaq, Vətən uğrunda, torpaq uğrunda canını, qanını belə əsirgəməyəcəkdir. Azərbaycan Dövlət İqtisad Universitetinin bu təşəbbüsü əsil vətənpərvərlik təşəbbüsüdür və təqdirəlayiqdir. Biz veteranlar bu  təşəbbüsü ürəkdən alqışlayırıq və bu gündən UNEC-in təşkil etdiyi xeyirxah vətənpərvərlik aksiyasına qoşulduğumuzu bəyan edirik. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinə səfərlərimizə bu gündən start verilir.   Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik

Hamısını oxu
Daşksəndə Böyük Vətən müharibəsi veteranına ərzaq yardımı edilib

İyulun 9-da xeyriyyə aksiyası çərçivəsində Respublika Veteranlar Təşkilatının nümayəndəsi İsmayıl İsmayılov ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev Daşkəsən rayonunda yaşayan İkinci Dünya müharibəsi veteranı 94 yaşlı Əhmədov İdris Kərəm oğlunun evində qonaq olublar, ona ərzaq məhsullarından ibarət sovqat veriblər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Böyük Vətən müharibəsi veteranlarına dəstək olmaq məqsədi ilə ərzaq yardımı paylayır. Veteranla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara əməl etməyin vacibliyi vurğulanıb. Sonda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun məktubu İdris Əhmədova çatdırılıb. Elmar ƏliyevDaşkəsən RİHBA-nın İctimai-siyasi və humanitarməsələlər şöbəsinin müdir müavini

Hamısını oxu
Prezident sərəncam imzaladı - 630 min manat ayrıldı

Prezident İlham Əliyev "Qusar rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamla Qusar rayonunun əhalisi 8 999 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 9 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 630 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Hamısını oxu