Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 aprel 2023-ci il tarixində  Səbail rayonunda tədbir təşkil etdilər. Tədbir Səbail rayonunda yerləşən Eldar Əliyev adina 162 saylı tam orta məktəbdə baş tutub.

Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ”Ulu Öndər Heydər Əliyevin  irsi milli sərvətimizdir” adlı tədbirdə Bakı şəhər Sabail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru Arzu Nəzərova, şagird və müəllim kollektivi iştirak edib.

Tədbiri məktəbin direktoru Arzu Nəzərova açıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz polkovnik Adil Haqverdiyevə verilib: “

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyətdir. Vətəni ,xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün əbədi lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Mən bu gün sizlərin qarşısında çıxış etməklə, siz sagirdlərə tövsiyəm odur ki, müəllimlərinizin verdiyi tapşırıqları,  Heydər Əliyev irsini öyrənəsiniz. Çünki Azərbaycanımızın xoşbəxt gələcəyini siz yaşadacaqsız.

Çıxışımın sonunda Ulu Öndər Heydər Əliyevə, torpaqlarımızın qorunmasında həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.

Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış etdilər.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

 

 

 

2023-04-20 12:57:54
3230 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib. AZƏRTAC-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir: "Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!".

Hamısını oxu
“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması, habelə Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, həbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Tramp administrasiyasının dövlətimizə göstərdiyi etimad Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir: “Donald Trampın Ağ Ev rəhbərliyinə gəlməsindən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələyə şahid olmaqdayıq. Buna səbəb Prezident İlham Əliyevin hər zamankı kimi ABŞ-la münasibətlərin inkişafına xüsusi maraq göstərməsi, Tramp administrasiyasının isə sələflərindən fərqli olaraq ölkəmizə münasibətdə səmimi və ədalətli mövqe sərgiləməsidir. Məhz qarşılıqlı inam və etimadın nəticəsidir ki, Azərbaycan yeni dünya nizamının nəticəsi olaraq meydana gələn Sülh Şurasında təmsil olunmaqda, bir-birindən maraqlı təklif və təşəbbüslərlə çıxış etməkdədir. Prezident İlham Əliyevin fevralın 19-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirakı, iclas zamanı Donald Trampın dəfələrlə dövlət başçımıza xitab etməsi, onun siyasi fəaliyyətini dünya liderlərinin gözü qarşısında aşkar şəkildə təqdir etməsi Azərbaycanın qlobal güclər səviyyəsində qəbul edildiyini, ölkəmizin siyasi iradəsi ilə super güclərin belə razılaşdığını göstərir”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Qəzzanın bərpası prosesində də aktiv iştirak edə bilər: “Sülh Şurasının ilk iclasında müzakirə edilən əsas məsələlərdən biri Qəzza ilə bağlı idi. Bildiyiniz kimi, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə bir neçə ildir ki, geniş təmir-tikinti və abadlıq işləri həyata keçirir, bu sahədə zəngin təcrübəyə malikdir. Azərbaycan bu təcrübədən Qəzzanın bərpası prosesində də istifadə edə, müharibə nəticəsində viran qalan ərazilərin yenidən dirçəldilməsinə töhfə verə bilər. Ehtimal ki, ABŞ və Sülh Şurası Azərbaycanın bu təcrübəsindən Qəzzanın yenidən inşasında istifadə edəcək. Xatırladım ki, Azərbaycan zaman-zaman BMT institutları vasitəsilə Fələstinə humanitar yardımlar göstərib, müharibədən əziyyət çəkən insanların sosial təminatının yaxşılaşması istiqamətində konkret addımlar atıb. Bu baxımdan, yaxın gələcəkdə Azərbaycanın bu sahədəki fəaliyyətini də genişləndirməsi gözləniləndir. Bir sözlə, əminliklə demək olar ki, Azərbaycan yaxın gələcəkdə Sülh Şurasındakı aktivliyini daha da artıracaq və daha təhlükəsiz dünyanın formalaşmasına töhfə verəcək”.  

Hamısını oxu
Türk Tarix Qurumu ilə Azərbaycan-Türkiyə, ortaq tariximizə dair layihələr müzakirə olunub

Moderator.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Türk Tarix Qurumunun rəhbəri professor Dr. Yüksel ÖZGEN araslnda görüş keçirilib. Türk Tarix Qurumunda baş tutan görüşdə Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi İslam Quliyev də iştirak edib. Türk Tarix Qurumunun rəhbəri professor dr. Yüksel Özgen Azərbaycanla münasibətlərə xüsusi önəm verdiklərini, Azərbaycana səfərləri, Azərbaycan tarixi ilə bağlı rəhbərlik etdiyi təşkilatın layihələri, nəşrləri haqqında danışıb. Təşkilatın fəaliyyətinin əsas məqsədinin Türk tarixi və Türkiyə tarixinə bağlı mövzular, türklərin sivilizasiyaya verdiyi töhfələrə əsaslanaraq elmi cəhətdən araşdırmaq, tanıtmaq, yaymaq və elmi dəyəri olan əsərlər nəşr etmək olduğunu söyləyərək, qardaş ölkələr olan Azərbaycan-Türkiyə arasında bu mövzuda əməkdaşlıq edildiyini vurğulayıb. O, yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın önəmli olacağını qeyd edib. Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Türkiyə dövlətləri arasında yüksək səviyyəli əlaqələr, imzalanmış strateji əhəmiyyətli sənədlərin icrasını təmin etmək üçün təşkilatlarımız arasında əməkdaşlığa dair mühüm imkanlar açıldığını söyləyib. O, böyük potensiala malik, nüfuzlu təşkilat olan Türk Tarix Qurumunun tariximizin müxtəlif dövrlərinə aid tədqiqatlar aparmaq, mühüm əsərlər yaratmaq və dünyaya tanıtmaq kimi imkanlarının olduğunu və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Samir Abbasov Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində 30 ilə yaxın iyirmi faizə yaxın ərazilərimizin işğal altında saxlanıldığını, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə infrastrukturla yanaşı, tarixi abidələrimiz dağıdıldığını, məhv edildiyini və digərlərinin saxtalaşdırıldığını qeyd edib. Diplomat Türkiyəli alimlərin, tarixçilərin ortaq tariximizin birgə tədqiqi, Qərbi Azərbaycandan soydaşlarımızın – Azərbaycan türklərinin öz yurtlarından dəfələrlə deportasiyası, Azərbaycanlıların bu torpaqlarda yaratdığı böyük mədəni irs və abidələr mövzusunda elmi tədqiqatların aparılması və əsərlər yaradılmasını təklif edib. Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi İslam Quliyev Türk Tarix Qurumunun  Azərbaycan tarixinə dair layihələri, yayınlamış əsərlər haqqında danışaraq, gələcəkdə Azərbaycan alimləri ilə də birgə tədqiqatların əhəmiyyətli olduğunu vurğulayıb. O, Azərbaycan Səfirliyinin və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihələrə daim dəstək olmağa hazır olduğunu vurğulayıb. Görüşdə qeyd edilmiş təkliflərə dair birgə əməkdaşlıq və ortaq layihələrə dair razılıq əldə olunub. Sonda Türk Tarix Qurumunun rəhbəri professor Dr. Yüksel ÖZGEN milli mədəniyyətimizə dair hədiyyələr təqdim olunub.    

Hamısını oxu
Fundamental dilçilik əsəri

Veteran.gov.az xəbər verir ki, bu günlərdə "Füyuzat" nəşriyyatında filologiya elmləri doktoru, professor İdris Abbasovun "Ümumi dilçilik: dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları" adlı monoqrafiyası çapdan çıxıb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Günel Bayramova, rəyçilər professorlar Məsud Mahmudov, İsmayıl Məmmədli, filologiya elmlər doktorları Kamilə Vəliyeva, Gülsüm Hüseynova və Lalə Qurbanovadır.  Əməkdar elm xadimi, akademik Nizami Cəfərov monoqrafiyaya ön söz yazmışdır. Həmin ön sözü təqdim edirik. Müasir dilçilik dilin müxtəlif səviyyələrdə fərqli aspektlərdən kompleks tədqiqi və təhlilini tələb edir. İnsan təfəkkürünün başlıca fəaliyyəti olan dil dilçiliyin tədqiqat istiqamətləri və sahələrini müəyyənləşdirir. Ümumi dilçilik özünün inkişafının hazırki mərhələsində filologiya, psixologiya, dil fəlsəfəsi, ədəbi nəzəriyyələr, koqnitiv elm, neyroelm, biolinqvistika, sosiolinqvistika, psixolinqvistika və s. kimi elmlərin qovşağında yerləşir. Üçüncü minilliyin astanasında dil unikal bəşəri-bioloji əsaslara malik fəaliyyət kimi kroslinqvistik nəzəriyyələr müstəvisində tədqiqata cəlb olunur. Eksperimental metod və mexanizmlərlə məşğul olan linqvistlər, koqnitivistlər, neyrobioloqlar, psixolinqvistlər, koqnitiv qrammatiklər, neyrolinqvistlər, süni intellekt mütəxəssisləri arasında intensiv əlaqələrin olması dilçiliyin multidisiplinar xarakterini səciyyələndirir. Bununla yanaşı, bir çox müasir alimlərin iddiasının əksinə olaraq demək olar ki, müasir dilçilik özünün tarixi köklərindən təcrid olunmamışdır. Dilin fonologiya, morfologiya, sintaksis, semantika və bir çox formal elementlərini tənzimləyən qaydalar toplusu hələ yunan, Roma, ərəb, çin, hind, yapon və s. dilçilik məktəblərində işlənib-hazırlanmış və dövrümüzə qədər mürəkkəb təkamül yolu keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası, son dövrlər ölkəmizdə ümumi dilçiliyə dair yazılmış əsərlərdən öz orijinallığına, mövzuların yeniliyinə, zənginliyinə və əhatəliliyinə görə fərqlənir. Geniş həcmli bu tədqiqat işi dilçiliyə dair bir növ ensiklopedik biliklər məcmusudur. Burada lap qədim dövrlərdən tutmuş günümüzə qədər dilçiliyin keçdiyi tarixi yol izlənilir, Azərbaycan dilçiliyində indiyədək toxunulmamış mövzular gündəmə gətirilir, dilçilik tarixinin və nəzəriyyəsinin, koqnitiv elmlərin epistemoloji əsaslarının aydın və maraqlı mənzərəsi yaradılır. Monoqrafiyaya müqəddimə ilə başlayan müəllif dilçiliyin tarixindən danışarkən ənənəvi olaraq qədim hind, yunan, Roma, ərəb dilçiliklərindən savayı, Babil qrammatik ənənəsi, çin və yapon qrammatik ənənəsi, Türk-Azərbaycan qrammatik ənənəsindən də bəhs edir. Əsərdə Antonio Nebrixa, Fransisko, Sançes, Kaspar Şoppe, o cümlədən Por-Royal qrammatikası haqqında dolğun məlumat verilir, XVIII—XIX  əsrlərdə dilçilikdə onomasiologiya istiqamətinin üç nümayəndəsi – E. de Kondilyak, D.Hərris və İ.Adelunqun linqvistik görüşləri yığcam şəkildə xülasə edilir. Frans Bopp, V.Humboldt, A.Şleyxer, H. Şteyntal, A.A.Potebnya, F.Fortunatov, H.Şuxardt, K.Fossler, De Kurtene, F. de Sössür kimi məşhur dilçilərin adları və görüşləri azərbaycanlı oxuculara məlumdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində digər linqvistik nəzəriyyələr, batini və zahiri forma, XX əsr dilçiliyində sosiolinqvistika və psixolinqvistika məsələlərindən savayı, SSRİ-də nəzəri dilçilik, XX əsrin 60-90-cı illərində Rusiyada nəzəri dilçilik məsələlərinə təmas edilir. Amerikan struktur dil­çi­li­yin­dən bəhs edən müəllif bu istiqamətin Edvard Sepir, Leonard Blumfild, Noam Çomski kimi görkəmli nümayəndələri və onların dilçilik görüşləri haqqında məlumatlar verir, taqmemik yanaşmaya aydınlıq gətirir. Monoqrafiyanın ikinci hissəsində müəllif ümumi və ya nəzəri dilçiliyin izi ilə gedərək sintaksis, semantika və praqmatika, dil fəaliyyəti, dil və nitq, xarici və daxili linqvistika, makrolinqvistik və mikrolinqvistik sahələr, sinxronik linqvistikaya dair təhlil üsullarını nəzərdən keçirir. O, qrammatika haqqında ümumi məlumat verdikdən sonra deskriptiv və preskriptiv qrammatika,  stratifikasiya qrammatikası və ya təbəqəli yanaşma, konstruksiya qrammatikası, rol və istinad qrammatikası, taksonomik əlaqələr, universal qrammatika, prinsiplər və parametrlər nəzəriyyəsi haqqında mövzulara yaxından təmas edir. Burada müəllif vurğulayır ki, parametrik variasiyanın müzakirəsi qrammatik konstruksiya tiplərindəki fərqləri əhatə edəcək şəkildə genişdir. O, multidissiplinar perspektivlərin önəmini vurğulayaraq mürəkkəb anlayış olan məna nəzəriyyələri haqqında maraqlı mülahizələr yürüdür. Mənanın mürəkkəbliyi onun öyrənilməsində birləşən akademik fənlərin mürəkkəbliyindən irəli gəlir. Müəllif mənaya akademik maraq göstərən fənlər kimi fəlsəfə, psixologiya, neyroelm, semiotika və linqvistikanı göstərir. Təqdqiqatın gedişində müəllif sintaksisin tədqiqinə dina­mik şəbəkə yanaşması,avtonomluq anlayışının mürəkkəbliyi, semantizm, komplementarizm və praqmatizm, mənanın şəkil nəzəriyyəsi, tip-token dixotomiyası, Sörl-Derida debatı üzərində dayanır. Monoqrafiyanın üçüncü hissəsində epistemologiya haqqında ümumi məlumat verilir. Müəllif qeyd edir ki, koqnitiv elmlərin inkişafı nəticəsində epistemik koqnisiya mövzusu dövrün aktual mövzularından birinə çevrilmişdir. Bilik problemi insanların lap qədim zamanlardan fikrini məşğul etmişdir. İnsan ağılın necə işləməsini öyrənmək üçün öz ağlından istifadə edən yeganə varlıqdır. Biliyin, yaxud epistemologiyanın tədqiqi fəlsəfə və digər elmlərin öyrənilməsinin əsas sütunlarındandır. Epistemologiya beyini yox, idrakı tədqiq edir. Tədqiqatçılar funksional nöqteyi-nəzərdən qavrayışın, təfəkkürün, yaddaşın, anlamanın, dilin və digər əqli-psixoloji hadisələrin funksiyalarını başa düşməyə çalışırlar. Müəllif belə nəticəyə gəlir ki, epistemologiya – koqnitiv psixologiya, dilçilik, süni intellekt, rasional fəlsəfə və neyrobiologiyanın (neyroelmin) müştərək məhsuludur, yəni fənlərarası elm sahəsidir. Freym nəzəriyyəsi, koqnitiv psixologiya və süni intellekt bölümündə müəllif göstərir ki, freym nəzəriyyəsi süni intellekt sahəsində işlənib hazırlan-mışdır. Qeyd olunur ki, koqnitiv psixologiya və süni intellekt koqnitiv linqvistikanı da əhatə edərək koqnitiv elm adlanan interdisiplinar bir sahənin təşəkkülünü səciyyələndirir. Bu hissədə oxucu Fridrix Bartlett, Marvin Minsky, Rocer Şenk, Robert Abelson və Deyvid Rumelhart kimi məşhur dilçilərlə tanış olmaq imkanı qazanır. Bunun ardınca freym nəzəriyyəsi və koqnitiv linqvistika, koqnitiv psixologiya, süni intellekt, linqvistika, semiotika və ya semiologiya, ağılın fəlsəfəsi, koqnitiv neyroelm, biolinqvistika, elmdə inqilablar və klassik konsept nəzəriyyəsi kimi mövzular tədqiq olunur. Mövzular bir-birini tamamlayır. Kitabın dördüncü hissəsi koqnitiv linqvistikaya həsr olunmuşdur. Koqnitiv linqvistika yeni və çoxşaxəli elmi paradiqma kimi nəzərdən keçirilir. Burada koqnitiv linqvistikanın təşəkkülü, onun koqnitiv elmlərlə əlaqəsi, prototip nəzəriyyə və təsnifatlandırma, radial şəbəkələr və ideallaşdırılmış koqnitiv modellər, klaster modelləri, radial strukturlar və prototip effektlər, dil və təfəkkürdə metonimik modellər, maddiləşdirilmiş realizm və onun fenmomenoloji intensivliyi, konseptuallaşma və ikoniklik, koqnisiya müstəvisində sxem, koqnitiv linqvistikaya skeptik yanaşmalar və digər məsələlər öz izahını tapmışdır. Koqnitiv qrammatika: mental sxemlər və semantik perspektivlər beşinci hissənin ana xəttini təşkil edir. Burada koqnitiv qrammatika anlayışı və qrammatikanın koqnisiyaya münasibəti, dilin maksimalist və minimalist konsepsiyası, semantik-koqnitiv nəzəriyyə kimi güc dinamikası, sxematik sistemlər çərçivəsində güc dinamikası, sintaktik məna və mənanın dinamik konstruksiyası, eyni zamanda fiqur-fon seqreqasiyası və ya asimmetriya problemi, mental reprezentasiyaların fiqur-fon problemi, koqnitiv qrammatikada polisemiyanın dinamik konstruksiyası, koqnitiv sahə, kompleks matrisa və freym semantikası, polisemiyaya linqvo-koqnitiv yanaşma və digər mövzular diqqətlə işlənmişdir. Qrammatik şəbəkə modelləri, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi adlanan altıncı hissə də əvvəlki bölmələr kimi çoxsaylı linqvistik problemlərin tədqiqinə həsr edilmişdir. Müvafiq fəsillərdə və yarımfəsillərdə qrammatik şəbəkə modeli, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi, blend nəzəriyyəsi, kontrfaktiv əsaslandırma və mental modelləşdirmə, qrammatik blendlərin konseptual xüsusiyyətləri metafora daha üstün trop kimi ritorika və koqnitiv linqvistikanın qovşağında, konseptual inteqrasiya və təsnifatlandırma, simpleks şəbəkələr, güzgü şəbəkələr, təksferalı və ikiqatsferalı şəbəkələr, neyron şəbəkələr haqqında qənaətbəxş araşdırmalar aparılmışdır. İ.Abbasov bu monoqrafiyada qədim dövrlərdən tutumuş bu günümüzə qədər ən aparıcı dilçilik istiqamətlərinə təmas etmiş, müasir dilçiliyin aydın mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Linqvistikanı dilin rasional və sistemli bir elmi tədqiqat sahəsi kimi xarakterizə edən müəllif bu sahəni üç dixotomioyaya bölür: sinxronik-diaxronik, nəzəri-tətbiqi və mikrolinqvistik-­makrolinqvistik. Dilin sinxronik təsviri dili müəyyən bir zaman kəsiyində təsvir edir. Diaxronik təsvir dilin tarixi inkişafını və onda baş vermiş struktur dəyişiklikləri ifadə edir. Nəzəri dilçiliyin məqsədi dil strukturunun ümumi nəzəriyyəsinin və ya dillərin təsviri üçün ümumi nəzəri çərçivənin qurulması ilə şərtlənir. Tətbiqi diliçiliyin məqsədi dilin elmi cəhətdən öyrənilməsinin nəticə və üsullarını praktik məsələlərə, xüsusən, dilin tədrisinin təkmilləşdirilmiş metodlarının işlənib-hazırlanmasına tətbiq etməkdir. Mikrolinqvistika və makrolinqvistika terminləri hələ tam formalaşmayıb. Mikrolinqvistika dilçiliyin əhatə dairəsinə daha dar, makrolinqvistika isə  daha geniş baxışı nəzərdə tutur. Mikrolinqvistik baxışa görə, dillər sosial funksiyasına, uşaqlar tərəfindən dilin mənimsənilməsi tərzinə, nitqin qavranılmasının əsasını təşkil edən psixoloji mexanizmlərə, ədəbi-estetik mühitə və ya kommunikativ funksiyaya istinad etmədən öz-özülüyündə təhlil edilməlidir. Bunun əksinə, makrolinqvistika dilin bütün aspektlərini əhatə edir. Makrolinqvistikanın müxtəlif sahələri terminoloji cəhətdən təsbit edilmişdir: psixolinqvistika, sosiolinqvistika, neyrolinqvistika, antropoloji dilçilik, dialektologiya, riyazi və hesablama dilçiliyi, üslubiyyat  və s. Mikrolinqvistikada olduğu kimi makrolinqvistikanın hər bir hissəsində, prinsipcə, nəzəri aspekt mövcuddur. Ümumiyyətlə, nəzəri, sinxron mikrolinqvistikanı, adətən, struktur dilçilik və çox hallarda nəzəri dilçilik adlandırırlar. Dilin əsas funksiyasının konseptual strukturu dil forması ilə əlaqələndirməkdən ibarət olduğunu söyləyən müəllif qeyd edir ki, qrammatika semantik məzmunu simvollaşdırmaq vasitəsidir. Buna görə də o, müxtəlif mürəkkəblik dərəcələrində ifadələrin formalaşmasına və istifadəsinə təkan verən koqnitiv prinsiplərin təsvirinə xidmət edir. Stratifikasiya qrammatikasının konturunda dil, strukturun bir neçə əlaqəli təbəqələrindən ibarət sistem kimi modelləşdirilir. Məsələn, ingilis dili üçün altı təbəqə qeyd olunur. Hər bir təbəqə stratal sistemlər toplusu baxımından təşkil edilir və hər bir stratifikasiya qrammatikası sistemi dil strukturunun digər təbəqələrdə fəaliyyət göstərən strukturlarından asılı olmur və s. Ümumiyyətlə, mündəricatda göstərilən təxminən 155 fəsil,  paraqraf və yarımparaqrafdan ibarət dərin elmi-linqvistik məzmunlu kitab çox aktual mövzuları əhatə edir. Nəzəri dilçiliklə əlaqədar əksər mövzular Azərbaycan dilçiliyində ilk dəfədir ki, araşdırılıb tədqiqatçıların ixtiyarına verilir. Kitabın ərsəyə gətirilməsində linqvistikanın ən yeni nailiyyətlərini əks etdirən yüzlərlə elmi ədəbiyyatdan istifadə edilmişdir. Həmin ədəbiyyatın, demək olar ki, hamısı son onilliklərdə Qərb elminin nailiyyətlərini əks etdirən fundamental əsərlərdir. İrihəcmli və dərin  məzmunlu monoqrafiya ilk növbədə yerli tədqiqatçılar üçün ana dilində yazılmış ideal mənbədir. Ondan ali məktəb müəllimləri və tələbələr, doktorantlar, dissertantlar, dil nəzəriyyəçiləri, komparativistlər, müx­təlif profilli dilçi-filoloqlar faydalana bilərlər. Beləliklə, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası müasir dilçilik baxımından zəngin araşdırma təqdim edən yüksək məziyyətlərə malik qiymətli əsərdir. Əsər çoxşaxəli linqvistik tədqiqatlar üçün yeni perspektivlər vəd edir. NİZAMİ CƏFƏROV Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi,  filologiya elmləri doktoru, professor

Hamısını oxu