Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: “Brüssel görüşü dövlətimizin Ermənistan üzərində növbəti qələbəsidir”

“Brüssel görüşü dövlətimizin Ermənistan üzərində növbəti qələbəsidir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Brüssel görüşü bir çox baxımdan mühüm əhəmiyyətə malikdir:

“Brüssel görüşünü əhəmiyyətli edən ən mühüm amillərdən biri Brüssel formatının yenidən bərpa edilməsi ilə bağlıdır.

Bildiyiniz kimi, Azərbaycan hər zaman Brüssel formatından, eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin vəziyyətindən razı olub. Tarixə nəzər salsaq görərik ki, buna mane olan yalnız Fransa olub. Hansı ki, artıq Fransanın bu müstəvidəki təxribatlarının qarşısı alınıb. Fransanın özünün də Avropa İttifaqında nüfuzu zəifləyib. Bu isə ölkəmizə imkan verir ki, öz maraqlarını Brüssel formatı və Avropa ittifaqı ilə münasibətlərdə daha uğurla bərpa etsin”.

Cəlil Xəliov qeyd edib ki, Azərbaycan Brüssel görüşündə Ermənistanı bir çox həqiqətləri etiraf etməyə, eyni zamanda mövcud reallığı qəbul etməyə vadar edib:

“Brüssel görüşünün digər bir önəmi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması oldu. Bu görüşdə rəsmi İrəvan liderlərin 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə sadiqliyini təsdiqlədi, Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın isə 86,600 kvadrat kilometr ərazisiyə malik olduğunu etiraf etdi. Bu, dövlətimizin Ermənistan üzərində növbəti diplomatik qələbəsi oldu.

Bundan başqa, Ermənistan Zəngəzur dəhlizinin açılmasının da zəruriliyini təsdiqlədi. Zəngəzur dəhlizinin açıması ideyası Avropa Birliyi tərəfindən də ciddi şəkildə dəstəkləndi. Başqa sözlə desək, Brüssel görüşü Zəngəzur dəhlizinin açılması prosesinə bir qədər də təkan verdi, onun strateji önəmini bir daha ortaya qoydu”.

Polkovnik qeyd edib ki, qarşıdakı Kişinyov görüşündə ermənipərəst Fransanın iştirakı formal xarakter daşıyır və heç bir ciddi önəm kəsb etmir:

 “Bildiyiniz kimi, qarşıda Azərbaycan, Ermənistan, Fransa və Aİ rəhbərlərinin görüşü gözlənilir. Lakin tərəflərin bu tərkibdə bir araya gəlməsi format deyil. Bu, orada keçiriləcək sammit çərçivəsində qeyri-rəsmi bir görüş olacaq. Görüşdə hər zaman Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək nümayiş etdirən Almaniya da iştirak edəcək ki, bu da Fransa faktorunu tamamilə neytrallaşdıracaq. Bir sözlə, Fransanın Kişinyov görüşündə iştirakı heç bir əhəmiyyət kəsb etməyəcək. Azərbaycan Brüssel görüşündə olduğu kimi qeyri-rəsmi Kişinyov görüşündə də öz mövqeyini qətiyyətlə müdafiə edəcək və Ermənistanın diplomatik məğlubiyyəti daha da dərinləşəcək”.

 

2023-05-15 20:10:41
3135 baxış

Digər xəbərlər

Ucar Gənclər Evinin təşkilatçılığı ilə "Anım Günü "ndə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Ucar Gənclər Evinin təşkilatçılığı ilə 27 sentyabr 2021 - ci il tarixində " Anım Günü " ilə əlaqədar olaraq şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib.   Tədbirdə şəhid ailələri, Ucar rayon könüllüləri və Ucar Gənclər Evinin əməkdaşları iştirak edib.   Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!  

Hamısını oxu
Azərbaycanın milli təhlükəsizlik siyasətinin formalaşması və müstəqilliyimizin möhkəmlənməsi Ulu Öndərin adı ilə bağlıdır

1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət kimi vahid prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə başlanıldı. Azərbaycanın milli inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Həmin dövrdən etibarən bu siyasət müstəqil dövlət quruculuğu proseslərinin bütün sahələrini əhatə edərək, milli inkişafın və dövlət idarəçiliyinin əsas vasitələrindən birinə çevrildi. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib. O deyib ki, Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6 ildə, əsasən, təcili və təxirəsalınmaz işlərdən - ölkədə dərin ictimai-siyasi və sosial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşısının alınmasından, vətəndaş qarşıdurmasının dayandırılmasından və ölkə miqyasında dövlət idarəçiliyinin yaradılmasından ibarət idisə, sonrakı illərdə, xüsusən, 1998-ci ildən başlayaraq bu iş dövlətin xarici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardıcıl konseptual siyasi xəttinə çevrilib: “Azərbaycanın milli təhlükəsizliyinin nəzəri əsasları müstəqil dövlətimizin banisi, Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarında öz əksini tapıb. Lakin bütövlükdə ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırması üçün Azərbaycan hökumətinə xeyli vaxt lazım olub. Ulu Öndər Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri də milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyət istiqamətlərinin müəyyənləşdirməsi idi. Ümummilli Lider Azərbaycanın təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı üzündən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi.1993-cü ildə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini Ulu Öndər Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda, gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi”. Cəlil Xəlilov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il iyunun 28-də keçmiş Milli Təhlükəsizlik Nazirliyində milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasimdəki çıxışında təhlükəsizlik orqanlarının qarşısında müvafiq vəzifələr qoyub: “Ümummilli Liderin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu tələblər nəticəsində müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlərin, terror aktlarının və digər ağır cinayətlərin qarşısının alınması istiqamətində əsaslı işlər görüldü. Belə ki, Ulu Öndər Heydər Əliyev “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli Fərmanında Azərbaycanın güc strukturları qarşısında mühüm vəzifələr qoydu. Dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən terror aktları, təxribat, qəsdən adamöldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması, eləcə də digər cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinə və keçmiş Milli Təhlükəsizlik Nazirliyinə ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədilə kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsi tapşırığı verildi. Əhalidə və qanunsuz dəstələrdə olan silah-sursatın yığılması, cinayətkar dəstələrin ləğv edilməsi, pozucu qüvvələrin təxribat aksiyalarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər ölkədə sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə tam zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin peşəkarlığı və yüksək idarəçilik qabiliyyəti sayəsində sabitlik əldə olundu”. Polkovnik qeyd edib ki, Azərbaycan bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. “Bu sahədə üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görüb. Xidmət ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış milli-mənəvi dəyərlərin qorunması, irslə varis arasındakı bağların bərpası istiqamətində də xeyli uğurlar qazanıb. Təhlükəsizlik orqanları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmayıb, həm də sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışıb”, - deyə Cəlil Xəlilov diqqətə çatdırıb.

Hamısını oxu
“Heydər Əliyev İli”nin elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği baxımından əhəmiyyətlidir

“Heydər Əliyev İli” Ulu Öndərin ideyalarının təbliğinə mühüm töhfə verəcək. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, gənc nəslin Heydər Əliyev ideyalarını mənimsəməsi, bu ideyaları dərk etməsi dövlətimizin və dövlətçiliyimizin inkişafı, işıqlı gələcəyi baxımından olduqca önəmlidir: “Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq 2023-cü ili “Heydər Əliyev İli” elan edib. Bu, bütün xalqın qəlbindən, ürəyindən xəbər verən addımdır. Xalqın Heydər Əliyevə olan sevgisi, ona ehtiramı hər kəsə məlumdur və bu sevgi Azərbaycan xalqı, Azərbaycan dövləti kimi əbədidir. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği, bu ideyaların gənc nəslə daha dərindən aşılanması baxımından olduqca əhəmiyyətlidir. “Heydər Əliyev İli” ilə bağlı həyata keçiriləcək layihələr, tədbir və görüşlər, Ulu Öndərlə bağlı yazılacaq məqalə və kitablar, ərsəyə gətiriləcək sənədli filmlər gənclərə imkan verəcək ki, onlar bu dahi şəxsiyyətin ideyalarını daha dolğun şəkildə mənimsəsinlər. Onun Vətən, xalq, dövlət sevgisindən özləri üçün nəticə çıxarsınlar. Fəaliyyətlərində Heydər Əliyev ideyalarını rəhbər tutsunlar. Azərbaycanda nizami ordunun formalaşdırılması, müstəqilliyimizin möhkəmlənməsi, neftimizin dünya bazarına çıxarılması, dövlətimizin siyasi nüfuzunun yüksəlməsi və sair kimi amillər bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə azərbaycanlı hərbi kadrların yetişdirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi diqqət yetirib. Sovet dönəmində Azərbaycanın bir çox görkəmli ziyalıları məhz Heydər Əliyevin dəstəyi nəticəsində ciddi təzyiq və təhdidlərdən yaxa qurtara biliblər. Gənclərimiz Heydər Əliyevlə bağlı bütün bu faktları bilməli, onların hər biri Vətənə, xalqa sədaqətli və faydalı olmağa çalışmalıdırlar. Biz Heydər Əliyev ideyalarına, onun siyasi kursuna, qoyub getdiyi ənənələrə sadiqliyimizi Vətənimizə xidmətimizlə sübuta yetirməliyik”.

Hamısını oxu
Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri iftixarla xatırlanır

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan aprel döyüşlərindən bir il ötür. Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri hər kəs tərəfindən iftixarla xatırlanır, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilir. Bu döyüşlər Azərbaycan xalqının birliyinin, dəyanətinin, əyilməzliyinin sübutudur. Bu tarixi döyüşlər, eyni zamanda, Azərbaycan xalqının Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bütün dünyaya göstərdi. Bu fikri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov deyib ki, işğalçılara vurulan ağır zərbə onları sarsıdıb. Hətta bir il keçməsinə baxmayaraq, məğlubiyyətin acısı bu gün də Ermənistanın ictimai-siyasi həyatında və hərbi sistemində ciddi çaşqınlıq yaradır. Dolayısı ilə öz məğlubiyyətlərini etiraf etmiş erməni rəhbərliyi döyüşlərdən sonrakı dövrlərdə Azərbaycanın siyasi təzyiqləri ilə üzləşib. İnformasiya müharibəsində də düşməni məğlub etdik. Strateji yüksəkliklərin azad olunması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanması düşmənin həzm edə bilmədiyi məğlubiyyət acısını daha da artırıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli addımlar, imzaladığı sərəncamlar xalqımızın qələbə əzmini, doğma torpaqlara böyük qayıdışa inamını gücləndirib. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, bütün qəbildən olan veteranlara, müharibə əlillərinə kifayət qədər yüksək diqqət və qayğı göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aprel döyüşlərindən sonra yaralılarla, şəhid ailələrinin üzvləri ilə görüşləri bütün cəmiyyət üçün gözəl nümunədir. Erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlığa görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupunun təltif edilməsi onların adlarının əbədiləşdirilməsi yolunda atılmış mühüm addımlardandır. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün dünyada qəbul olunmuş bütün imtiyazlar Azərbaycanda daha yüksək səviyyədə tətbiq olunur. “Cənubi Qafqazda ən güclü olan Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirməyə qadirdir. Əldə edilən nailiyyətlərə və qələbələrə hamı kimi veteranlarımız da sevinirlər. Bu, Ordumuzun, eyni zamanda, xalqımızın və veteranların qələbəsidir. Gənclərimiz arasında vətənpərvərlik hissinin gücləndirilməsi işində daim fəal iştirak edən veteranlarımız həmişə ordumuzun yanındadır. Biz veteranlar qələbəmizə, işğal altındakı bütün torpaqlarımıza tezliklə qayıdacağımıza inanırıq, - deyə ehtiyatda olan polkovnik bildirib.

Hamısını oxu