Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad rayon Veteranlar Təşkilatı Müstəqillik Günü münaibətilə tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rayon şöbəsi və "Qarabağ qaziləri" İctimai Birliyi ilə birlikdə 28 May Müstəqillik günü münasibəti ilə tədbir keçirib.

Tədbirdən öncə ölkəmizin müstəqilliyi yolunda və torpaqlarımızın azadlığı uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman açaraq müstəqillik günü ilə əlaqədar ətraflı məlumat verib. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal  Bəyannaməsi imzalamaqla Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. O, vurğulayıb ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

DQİDK-nin rayon şöbəsinin rəhbəri Cavidan Rəşidov, Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Əlövsət Tahirli, şəhər 4 saylı klubun müdiri Xeyrulla Şahbazov, Qırmızı Aypara Cəmiyyəti rayon bölməsinin nümayəndəsi Mirsüleyman Eynullayev, Əmək və Müharibə veteranları Adil Turabov, Mirzəbala Hüseynov, Yusif Əzimov, "Qarabağ qaziləri" İctimai birliyinin sədri Maşallah Əliyev və başqaları çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanımızın daha da çiçəklənməsi naminə həmişə dövlətimizə dəstək olacaqlarını bildiriblər.

Tədbirin sonunda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları" İctimai birliyinə yeni üzv qəbul edilmiş veteranlara vəsiqələr təqdim olunub.

2023-05-28 09:54:53
3456 baxış

Digər xəbərlər

“Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının təqdimatı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rasim Mirzəyevin müəllifi olduğu “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının və eyniadlı bukletin təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif kateqoriyalı veteranlar, ziyalılar, media təmsilçiləri, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak ediblər.   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar, xalqın, dövlətin və ordunun ali amal uğrunda bir yumruq kimi birləşməsi faktı maraqlı təhlil və nümunələrlə əks olunub.   Tədbir giriş sözü ilə layihə rəhbəri, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının müəllifi, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev açıb. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, ordu ilə ciddi həmrəylik sərgilədiyini vurğulayan layihə rəhbəri, 8 Noyabr zəfərinin məhz bu birlik nəticəsində əldə edildiyinə diqqət çəkib. Rasim Mirzəyev qeyd edib ki, cəmiyyətdə vətənpərvərlik ruhunun qorunub saxlanılması, post-müharibə dönəmindən sonra qarşıya qoyulan məqsədlər nail olunması, dövlətimizin hərtərəfli inkişafının təmin edilməsi üçün 44 günlük Vətən müharibəsi dövrünün xalq-dövlət-ordu birliyi bundan sonra da davam etdirilməli, bu birlik və onun önəmi  yeniyetmə və gənclər arasında təbliğ edilməlidir.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik müstəvidə böyük uğurlara nail olduğuna, cəmi 44 gün ərzində xalqımızı qələbəyə qovuşdurduğuna diqqət çəkdi. Cəlil Xəlilov bildirdi ki, məhz dövlət başçısının siyasi peşəkarlığı sayəsində heç bir kənar müdaxilənin təsiri olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün oldu. 44 günlük Vətən müharibəsindəki xalq-dövlət, xalq –ordu birliyindən bəhs edən “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının mühüm təbliğati əhəmiyyətə malik olduğunu vurğulayan Cəlil Xəlilov, veteran təşkilatı olaraq bundna sonra da yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi baxımından işləri davam etdirəcəklərini qeyd edib.   Tədbirdə çıxış edən şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqların məhz xalqın Ali Baş Komandanı, ordusu ilə sərgilədiyi birlik sayəsində, şəhidlərin qanı, qazilərin rəşadəti hesabına azad edildiyinə diqqət çəkib. Nəcibə Axundova qeyd edib ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların bir çoxunun heç vaxt Qarabağı görməyən, bu torpaqlarda olmayan insanlar olması faktı, ölkəmizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun ən böyük isbatıdır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabın böyük qələbəyə, onun səbəb və nəticələrinə həsr olunduğunu bildirən Nəcibə Axundova, milli şüurun möhkəmlənməsi, tarixi həqiqətlərin gənclər arasında təbliği baxımından sözügedən kitabın mühüm əhəmiyyətə malik olduğunu bildirib.   Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Orucov da “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının önəmindən bəhs edib. Kitabın uşaq və yeniyetmələr, gənclər tərəfindən böyük maraqla qarşılanacağını bildirən Sərraf Orucov, kitabın məktəblilər üçün əlavə ədəbiyyat kimi də faydalı olacağını qeyd edib. O, vurğulayıb ki, gələcəkdə də bu kimi təşəbbüslər dəstəklənməli, cəmiyyətdə vətənpərvərlik tərbiyəsi baxımından işlər davam etdirilməlidir.   Tədbirdə çıxış edən ziyalılar, vətəndaş cəmiyyəti institutunun nümayəndələri “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının əhəmiyyətindən danışıb, belə kitablara ciddi ehtiyac olduğunu vurğulayıblar.   Tədbir həm də məktəblilər tərəfindən vətənpərvərliklə bağlı səsləndirilən maraqlı şeirlərlə yadda qalıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.   Məlumat üçün qeyd edək ki, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabı 450,  eyniadlı buklet isə 700 nüsxədə çap edilib və onların bir hissəsi təqdimat mərasimində tədbir iştirakçılarına paylanılıb. Layihə çərçivəsində daha geniş auditoriyada tədbirlərin keçirilməsi nəzərdə tutulur.  

Hamısını oxu
Millət vəkili şəhid Murad Əliyevin ailə üzvləri ilə görüşüb

Dünən millət vəkili Soltan Məmmədov şəhid Murad Əliyevin ailəsinə baş çəkib, onlarla həmsöhbət olub.   Veteran.gov.az xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:   “Bu gün Binə qəsəbəsində Vətən müharibəsi şəhidi Murad Əliyevin ailə üzvləri ilə görüşdük. Şəhidimizin əziz xatirəsini yad etdik. Şəhidlərimizin hər birinin həyat hekayəsi bizim üçün örnəkdir. Azərbaycanı güclü edən, bizə qələbə yaşadan qəhrəman və fədakar oğullarımızdır. Ona görə də, dövlətimiz şəhid ailələrini və müharibədə sağlamlığını itirmiş qəhrəmanlarımızı daim diqqətdə saxlayır. Onları dinləmək, ünsiyyətdə olmaq, hər zaman yanında olduğumuzu hiss etdirmək bizim vətəndaşlıq borcumuzdur.   Murad cəmi 19 yaşında Şəhidlik zirvəsinə ucalıb. Bu yaşda tarixin bir parçasına çevrilmək yalnız seçilmiş insanlara nəsib olur.   Murad Hüseyn oğlu Əliyev 13 mart 2001-ci ildə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində anadan olub. 2007-ci ildə Binə qəsəbəsində yerləşən 136 saylı məktəbin birinci sinifinə qəbul olunub. 2016-cı ildə 9-cu sinfi bitirdikdən sonra qəsəbədə yerləşən 101 saylı Peşə Liseyinə daxil olub. 2019-cu ilin aprel ayında hərbi xidmətə çağrılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin iştirakçısı olan Murad Əliyev Füzuli, Cəbrayıl, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.   Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olmasına görə" medalları ilə təltif edilib.   Allah bütün şəhidlərimizə rəhmət eləsin”.  

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüblər

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Allah şəfa versin. Əziz uşaqlar, siz Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız. Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Bildiyiniz kimi, şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir. Eyni zamanda, Qarabağ qazilərinə də dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Siz də əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq və sizin tezliklə burada sağalıb normal həyata qayıtmağınız üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər. Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik. Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşlarımızdır. Ona görə bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir. Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk. Hələ ki gec deyil. Mən bir daha sözümü demək istəyirəm ki, Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki, indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizim torpağımızdır. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün. Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Bilirsiniz ki, Azərbaycan dünyada güclü mövqelərə malikdir. Son illər ərzində biz beynəlxalq təşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərmişik və haqlı olduğumuzu sübut edə bilmişik. Biz bunu sübut etməli idik ki, biz haqlıyıq. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT – bütün bu təşkilatlar bizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər. Biz buna görə minnətdarıq. Bu, məsələnin hüquqi tərəfidir. Tarixi tərəfinə gəldikdə isə, tarixi həqiqət bizim tərəfimizdədir. Hər kəs internetə girib oxuya bilər. Qarabağ xanlığının tarixi ilə əlaqədar materiallar var. Qarabağ xanlığının Rusiya imperiyasına daxil edilməsi ilə əlaqədar məlumatlar var. Kürəkçay sülh müqaviləsi haqqında məlumatlar var. Kürəkçay sülh müqaviləsini bir tərəfdən bağlayan İbrahim Xəlil Xan şuşalı və qarabağlı, - müqavilədə belə də yazılmışdır, - şuşalı və qarabağlı İbrahim Xəlil Xan. Digər tərəfdən çar Rusiyasının generalı imzalamışdır. Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlimə də yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, o vaxt orada erməni əhalisi olmayıb, ondan sonra köçürülüb. Ondan sonra onlar artıq orada yerləşiblər və sonra bizə qarşı ərazi iddiaları qaldırıblar. Ona görə biz tamamilə haqlıyıq. Bizim davamız haqq davasıdır. Biz öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Mənə gələn məlumatlar onu göstərir ki, bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur. Onlar yeni təxribatlar hazırlayır, bizim yaşayış məntəqələrimizi yenə də atəşə tutmaq istəyirlər və bunu davam edirlər. Hər gün mülki əhali arasında itkilərimiz artır. Dünən səhərə olan məlumata görə bizim 10 mülki vətəndaşımız həlak olmuşdur. Bu gün səhər mənə verilən məlumata görə isə həlak olan mülki vətəndaşların sayı 13-ə çatıb. Bu, nə deməkdir? Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülki şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiə edəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son qoyulsun. Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib. Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Mayor Etibar Camalov: Cənab Ali Baş Komandan, cənab Prezident, çox sağ olun. Həqiqətən də Azərbaycan əsgəri düşmənin qarşısını aldı, düşmənə layiqli cavablar verdi. Bu gün də, hər bir insan yenə ön xəttə qayıtmağa hazırdır. Sizin bu qüdrətli sözlərinizdən biz qürur duyuruq. Hər zaman torpağımız, dövlətimiz üçün şam kimi yanmağa hazırıq. Çox sağ olsun həkim kollektivi, bizə çox böyük diqqət göstərir. Çox yaxın bir zamanda bütün döyüşçü yoldaşlarımızla cəbhə bölgəsinə qayıtmağa hazırıq. Çox sağ olun. X X X Sonda xatirə şəkli çəkdirildi.

Hamısını oxu
Polkovnik İlqar Quliyev vəfat edib

Azərbaycanın hüquq-mühafizə orqanının ehtiyatda olan polkovniki, yazıçı, hərbi jurnalist İlqar Quliyev vəfat edib. 69 yaşında Bakıda infarktdan dünyasını dəyişən polkovnik Göyçayda dəfn olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə polkovnik İlqar Quliyevin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Polkovnik qeyd edib ki, İlqar Quliyev hər zaman Azərbaycan dövlətinə sədaqətlə xidmət edib, hansı qurumda çalışmasından asılı olmayaraq,  öz vəzifə borcunu layiqincə yerinə yetirib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, İlqar Quliyevin işıqlı xatirəsi hər zaman xalqın qəlbində yaşayacaq, onun zəngin irsi gənc nəsil üçün ilham mənbəyi olacaq. Məlumat üçün qeyd edək ki, polkovnik İlqar Quliyev bir çox məqalə və kitabların müəllifidir.    

Hamısını oxu