Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik: Müdafiə sənayesi sahəsində birgə istehsal Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını gücləndirəcək

Bakı, 21 fevral, Təhminə Verdiyeva, AZƏRTAC

Prezident İlham Əliyev Türkiyəyə səfəri zamanı iki dövlət arasında bir sıra məsələlərlə yanaşı, müdafiə sənayesi sahəsində birgə hərbi istehsalın da diqqət mərkəzində olduğunu bildirib. Bu, onun göstəricisidir ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq mühüm önəm kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov söyləyib.

C.Xəlilov bildirib ki, Prezident İlham Əliyev qardaş Türkiyəyə səfəri zamanı iki dövlət arasında müdafiə sənayesi sahəsində ortaq istehsalla bağlı fikirlər səsləndirdi, bununla bağlı konkret planlara malik olduqlarını vurğuladı: “Hesab edirəm ki, Azərbaycanla Türkiyənin birgə hərbi istehsalla bağlı atacağı addımlar iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da güclənməsinə, mahiyyət etibarilə yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Bu, həm Azərbaycana, həm də Türkiyəyə imkan verəcək ki, öz müdafiə sənayesini yerli istehsal hesabına daha da gücləndirsin, ordularını daha keyfiyyətli silahlarla, hərbi texnikalarla təmin etsin”.

Polkovnik qeyd edib ki, birgə hərbi istehsal həm Azərbaycanın, həm də Türkiyənin xaricdən silah idxalını da əhəmiyyətli dərəcədə azaldacaq: “Müdafiə sənayesi sahəsində ortaq istehsalın ən mühüm üstünlüklərindən biri də, bunun Azərbaycan və Türkiyənin xarici idxaldan asılılığını azaldacağı ilə bağlıdır. Bu isə müasir dövrümüzdə çox mühüm, hətta həyati bir məsələdir. Birgə istehsal həm Azərbaycan, həm də Türkiyə ordusunun milli silahlarla silahlanmasını təmin edəcək, dünyanın qabaqcıl silah ixracatçılarından asılılığını azaldacaq və ya bu asılılığa son qoyacaq”.

“Bu gün Azərbaycan və Türkiyədə silah istehsalı sürətlə inkişaf etməkdədir. Hazırda hər iki türk dövləti öz daxili tələbatının önəmli bir hissəsini yerli istehsal hesabına təmin etməklə yanaşı, digər ölkələrə də çox sayda silah-sursat, hərbi texnika satır. Birgə hərbi istehsalın reallaşması ilə Azərbaycan və Türkiyənin hərbi ixrac imkanları da artacaq ki, bu da yeni maliyyə mənbəyi olmaqla yanaşı, həm də hər iki dövlətin dünyadakı nüfuzuna müsbət təsir göstərəcək”, - deyə Cəlil Xəlilov əlavə edib.

2024-02-21 14:48:53
4074 baxış

Digər xəbərlər

Ərdoğan BU TARİXDƏ Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi məlum olub. Türkiyə KİV-lərinin məlumatına görə, səfər 9-10 dekabrda baş tutacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək. Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə paradının keçiriləcəyi gözlənilir.

Hamısını oxu
Prezident İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib

Moskva, 8 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. Müxbir: Siz bu günlərdə Amerikanın Azərbaycana qarşı sanksiyaları ilə bağlı çox açıq danışdınız. Məlum olduğu kimi, indi Rusiya minlərlə sanksiyanın təzyiqi altında yaşayır. Sizcə, sanksiyalar siyasətinin prinsipcə hər hansı perspektivləri varmı? Prezident İlham Əliyev: Onun, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusilə də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə. Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik. Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil.

Hamısını oxu
Nərimanov rayonunda Azərbaycan Gənc Rəssamlar Birliyinin üzvləri ilə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, 21 sentyabr 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun Azərbaycan Gənc Rəssamlar Birliyinin rəhbərləri və üzvləri ilə görüşü keçirilib.   Görüşdə Birliyin üzvləri çıxış edərək təşkilatları haqqında geniş məlumat verdilər və qeyd etdilər ki, rəssamlıq təsviri incəsənətin ən qədim növlərindən biri olub. Birliyin üzvləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alan həvəskar rəssamlar və qeyri-ixtisaslar üzrə təhsil alan, lakin rəssamlığa böyük maraqgöstərən gənclərdir.   Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov yeni yaradılan Azərbaycan Gənc Rəssamlar Birliyinin fəaliyyətinə uğurlar arzuladı və qeyd etdi ki, rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan, görmədiyimiz bəzi məqamlarda olan gözəllikləri bizlərə aşılayan gözəl bir sənət növüdür.   Görüşün sonunda Birlik tərəfindən keçirilmiş sərgilərdə iştirak etmiş gənclər sertifikatlar ilə təltif olunmuşlar.  

Hamısını oxu
Yeni il təbriki

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov Azərbaycan xalqını və Veteranlar   Təşkilatının çoxminli üzvlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Təbrikdə  deyilir! Əziz həmvətənlər, hörmətli veteranlar! Birlik, Bütövlük, Həmrəylik hər bir xalqın, dövlətin milli sərvəti tarixi naliyyətidir. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabr ayının 16-da Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 31 dekabr uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi.  Bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin təməli qoyuldu. Artıq 35 ilə yaxındır ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Torpaqlarımızın işğaldan azad olunması milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin dayaqları daha da möhkəmlənərək Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasına böyük töhfələr verilib. Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir. Əziz hənmətənlər, hörmətli veteranlar! Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram. Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti uğurlar  arzulayıram. Bayramınız mübarək olsun!    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  polkovnik   Cəlil Xəlilov    

Hamısını oxu